AZƏrbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR


 Milli siyasət ətrafında mübarizənin kəskinləşməsi, antiazərbaycan



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix03.02.2017
ölçüsü0,74 Mb.
#7318
1   2   3   4   5   6   7   8

 
2.3. Milli siyasət ətrafında mübarizənin kəskinləşməsi, antiazərbaycan 
qüvvələrin qələbəsi 
 
Azərbaycanda sovet dövlət quruculuğunda geniş dəyişikliklər edilməsinə, 
yeni  iqtisadi  siyasətin  həyata  keçirilməsinə  baxmayaraq  bu  dövrdə  siyasi-iqtisadi 
vəziyyət hələ də normal ahənginə düşə bilmirdi. Bakıda neft hasilatı 1922-1923-cü 
illərdə  əvvəlki  illə  müqayisədə  artmış,  mərkəzdə  və  qəzalarda  bəzi  sənaye 
müəssisələri yenidən işə salınmış, dənli bitkilərin, pambıq və başqa bitkilərin əkin 

sahələri xeyli genişləndirilmişdir. Lakin bütün bunlarla  yanaşı, xalq təsərrüfatının 
bərpası  işində  ciddi  çətinliklər  qalmaqdaydı.  Sənayenin  ləng  inkişafı,  tələbatla 
ayaqlaşa  bilməməsi,  işsizlik  kimi  ağır  problemi  hələ  də  gündəmdə  saxlayırdı. 
1923-cü  ilin  sentyabrında  16.700  işsiz  var  idi.  Xüsusi  kapitalın  ticarətdə  hələ  də 
müəyyən  rol  oynaması  istər-istəməz  sovet  və  kooperativ  ticarəti  sıxışdırırdı. 
Sənaye  malları  ilə  kənd  təsərrüfatı  mallarının  qiymətləri  arasında  böyük 
uyğunsuzluq  olması  sənaye  mallarının  çox  baha,  kənd  təsərrüfatı  mallarının  ucuz 
satılmasından zəhmətkeş kütlə və milli hissli rəhbər işçilər, eləcə də müxalifətçilər 
çox  narazı  qalırdı.  Bu  cür  qeyri-stabillikdə  Rusiyada  Trotskinin  ətrafına  toplaşan 
«fəhlə  müxalifəti»,  «demokratik  mərkəziyyətçilər»,  «sol  kommunistlər»lə  ciddi 
diskussiyalara  başlanılmışdırsa  da,  Azərbaycanda  belə  mübarizəyə  mərkəzdən 
xeyli gec başlanılsa da, geniş və şiddətli aparılırdı. Müxalifətçilərə hər yerdə ciddi 
zərbə  endirirdilər. Bakı təşkilatında  partiyadaxili demokratiyaya  aid 160  yığıncaq 
keçirilmişdir.  Fəhlə  özəklərində  müxalifət  özünə  ciddi  tərəfdar  tapa  bilmirdi. 
Təsadüfi  deyildir  ki,  müxalifətə  səs  verən,  dəstəkləyən  qüvvələr  qulluqçu  və 
ziyalılar idi (67, s.l 19). 
Bu  dövrdə  milli  məsələ  aktuallığı  ilə  seçilir,  xalqının  xoşbəxtliyini 
düşünən  bir  çox  azərbaycanlı  kommunistləri  narahat  edir,  düşündürür,  rəhbər 
dairələrdə  qarşıdurmaya  gətirib  çıxarırdı.  Nəriman  Nərimanovun  Azərbaycandan 
uzaqlaşdırılmasından sonra bu məsələ heç də səngimədi, əksinə daha da dərinləşdi. 
Mövcud  dövlət  idarəçiliyində  aparılan  siyasətdən  narazı  qalan,  çevrilişin 
əleyhinə  olan  partiyaların  üzvləri  sovet-dövlət,  təsərrüfat  və  mədəni  tərbiyə 
müəssisələrində  işləyən  ziyalıların  köməyi  ilə  kütlələr  arasında  milli-
vətənpərvərlik,  özünə  hörmət,  zəhmətinə  qiymət  hissini  aşılayırdılar.  Sinfi 
mübarizənin  artdığı  bir  dövrdə  müsavatçılar,  ittihadçılar  mübarizəyə  qoşuldular. 
Onların  taktikasında  başlıca  məqsəd  kənddə  həyata  keçirilən  tədbirlərə  təsir 
göstərmək, kolxoz və sovxoz quruculuğunda baş verən haqsızlıqlara mane olmaq, 
məktəb və ali təhsil ocaqlarında, ədəbiyyat və incəsənətdə, mətbuat və nəşriyyatda 
milli  idealoji  təsiri  artırmaq,  sağ  təmayülə  meyl  edən  bəzi  kommunistləri  və 
komsomolçuları öz tərəflərinə çəkmək idi. Müsavatçılar və ittihadçılar bu işdə çox 
azlıq  təşkil  edən  antisovet  əhval-ruhiyyəli  kadrlara,  müəllimlərə  böyük  ümidlər 
bağlayırdılar. 
1924-cü  ilin  əvvəllərində  Mirzə  bəy  Xanlarov  və  başqa  milli  ruhlu 
adamlar  tərəfindən  təşkil  edilən  millətçi  və  dini  xarakter  daşıyan  «Azadis» 
partiyası da sovet hökuməti əleyhinə xeyli iş aparmışdı. 
Hakim  milli  siyasət  əhval-ruhiyyəsi  dövlət,  təsərrüfat  və  mədəni-maarif 
işçiləri  arasında,  hətta  partiya  təşkilatlarında  özünü  büruzə  verirdi.  Bəzi  idarə  və 
müəssisələrdə milli kadrlara düzgün münasibət bəslənmir, onların inkişaf edib irəli 
getməsinə  etinasız  yanaşılır,  mane  olunurdı.  Buna  «Qırmızı  Oktyabr»  tütün 
fabrikində,  Binəqədi  avtomobil  təmiri  zavodunda,  Gəncə  dəmir  yol  stansiyasında 

və başqa 100-lərlə  yerlərdə baş verən hadisələri misal göstərmək olardı. Hətta bu 
cür haqsızlıqlar dövri mətbuat səhifələrində də özünə geniş yer tapmışdı. 
Rəhbərlikdə,  eləcə  də  ayrı-ayrı  rayon  partiya  təşkilatlarında  olan  hərc-
mərclik,  qarşıdurmalar  1923-cü  ildə  keçirilən  XII  Ümumbakı  konfransında  (6-12 
iyun 1923) daha geniş müzakirə və söz-söhbətə səbəb oldu. Konfransa sədrlik edən 
Mirzoyan  qeyd  etdi  ki,  artıq  bizim  təşkilatlarda  ixtilaflar,  fraksiyaçılıq,  sərxoşluq 
yox həddindədir. Lakin BK-nın məruzələrinə aid müzakirələrdə ciddi fikir ayrılığı 
yarandı.  Kommunistlərdən  Amas  Səfərov,  Əyyub  Xanbudaqov  çıxış  edərək 
partiyadakı  hərc-mərclikdən,  türklərlə  işin  zəif  olmasından,  sərxoşluqdan  geniş 
danışdılar (146, s.16). 
Konfransda türklərlə iş haqqında da məsələ müzakirə olundu. 
Respublikanın  iqtisadi  və  mədəni  geriliyi,  milli  kadrların  hazırlanması 
işinə  ögey  münasibət,  sənaye  müəssisələrində,  dəmiryol  və  su  nəqliyyatında 
ixtisaslı  rus  fəhlələri  ilə  yanaşı  ixtisaslı  azərbaycanlı  fəhlələrin  zəif  hazırlanması, 
Azərbaycan  dilinin  təəssübkeşliyi  və  b.  məsələlər  ətrafında  mübahisələr  milli 
məsələnin əsas özəyini təşkil edirdi. 
Əyyub  Xanbudaqov
*
  Azərbaycanda  milli  məsələnin  düzgün  həyata 
keçirilməsilə razı olmadığını, respublikadakı mədəni quruculuğun inkişafına, yerli 
əhalinin  savadlandırılması,  vergi  işindəki  nöqsanlara  və  s.  məsələlərə  görə  çox 
narahat olduğunu bildirdi. 
O,  eyni  zamanda  1923-cü  ilin  iyun  ayında  «Bakinski  raboçi»  qəzetində 
dərc  olunmuş  «Quba  qəzasında  xalq  maarifi»,  «Azərbaycanda  bizim  başlıca 
vəzifələrimiz» və s. adlı məqalələrində kommunist təbliğatının yalanına qarşı tez-
tez  çıxış  edirdi.  Onu  milli  kadr  məsələsi,  gənclərin  təhsili,  təhsil  ocaqlarının 
acınacaqlı vəziyyəti, dini və bir çox məsələlər ciddi düşündürürdü. Mətbuatda haqlı 
olaraq  çıxış  edərək  göstərirdi  ki,  «Bizim  bütün  nailiyyətlərimiz  xalqın  ehtiyac 
dənizində bir damladır». 
                                                           
*
Ə. Xanbudaqov  - 1893-cü  ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 
1909-cu  ildən  başlayaraq  Kaspi  donanması  gəmilərinin  birində  matros,  1913-cü  ildə  Bakı  dənizçilik 
məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda 
fəal  iştirak  etməyə  başlayır.  1918-ci  ildə  Kommunist  partiyası  sıralarına  qəbul  edilir.  O,  hümmətçi 
bolşevik  idi.  Azərbaycan  sovetləşəndən sonra  Ə.  Xanbudaqov  Azərbaycan  Fövqəladə  Komissiyasının 
sədri  təyin  edilir.  1921-ci  ilin  mart  ayında  Ə.  Xanbudaqov  RK(b)P  X  qurultayında  iştirak  edir.  Elə 
qurultayda onu Kronştatda başlamış «əks-inqilabi» qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin 
may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində 
üç  nəfərdən  ibarət  yaranmış  səlahiyətli  komissiyanın  tərkibinə  daxil  olur.  1921-ci  ildə  ÜİMİK  üzvü 
seçilir.  Sonralar  o,  Azərbaycan  İstehlak  Cəmiyyətləri  İttifaqının  sədri,  1922-ci  ilin  əvvəlindən  AHİŞ 
sədr müavini, 1922-ci il martında isə AK(b)P MK katibi seçilir (N. Nərimanovun köməkliyi ilə) (14, 
s.47). 
20-ci  illərdə  Ə.  Xanbudaqov  bir  sıra  maraqlı  məqalələr  yazır:  «Təxirə  salınmaz  vəzifə  (respublikada 
statistik  hesabat  işinin  quruluşuna  dair)»,  «Azərbaycanda  bizim  ən  yaxın  vəzifələrimiz»,  «Beş  il 
ərzində», «Təxirəsalınmaz məsələ», «Milli məsələyə dair» və s. 
 

Milli məsələ ətrafında ixtilafların kəskinləşməsi 1924-cü ildə geniş vüsət 
aldı. Bu, xüsusilə Ə. Xanbudaqovun «Milli məsələyə dair» məqaləsinin 1924-cü il 
27 aprel tarixli «Bakinski raboçi» qəzetində dərc olunması ilə daha da kəskinləşdi 
(13, f. 1, s.8, iş 5596, s.20). 
Ə. Xanbudaqov  «Milli məsələyə dair»  məqaləsində  yazırdı:  «XII partiya 
qurultayının qərarlarını düzgün həyata keçirmək üçün sözün əsl mənasında onlara 
hörmət etmək lazımdır. Əks halda biz rus millətinin ayrı millətlərin üzərində ağalıq 
etməsinə  yol  veririk.  Bu  hal  Stalinin  tezislərində  qeyd  olunub.  «Bəzi  milli 
respublikalarda  fəhlə  sinfinin  çox  hissəsi  sovet  hakimiyyətinin  əsas  dayağı  olan 
böyük  rus  xalqına  mənsubdur.  Köhnə  rus  şovinizmi  hələ  aradan  qalxmayıb... 
Burada  böyük  rus  xalqının  mədəniyyətinə  böyük  yer  verilir,  beləliklə  də  qalan 
millətlərin mədəniyyəti aşağı səviyyədə göstərilir (112, 27.04.1924). 
Ə.  Xanbudaqov  «Milli  məsələyə  dair»  məqaləsində  yazırdı  ki, 
«baxmayaraq  ki,  XII  partiya  qurultayından  bir  il  keçir,  Azərbaycanda  milli 
məsələyə  dair  qurultayda  qeyd  olunan  məsələlərin  1/10-i  yerinə  yetirilməyib. 
Makinaçı  məqaləni  yazanda  «onda  biri»  əvəzinə  səhvən  yüzdə  bir  yazmışdı. 
Məqalə  o  cür  də  qəzetdə  dərc  olunur.  Elə  həmin  gün  Xanbudaqov  Kirova  səhv 
barədə  məlumat  verir.  Lakin  Kirov  məsələni  görünür  qəsdən  XIII  Ümumbakı 
partiya konfransına çıxarır. 
1924-cü  il  26  aprel  -  4  may  tarixində  keçirilən  AK(b)P  XIII  Ümumbakı 
konfransı milli məsələni çox ciddi müzakirə edir.
*
 
Ə.  Xanbudaqov,  Mirbəşir  Qasımov,  H.  Cəbiyev  və  b.  kimi  milli  ruhlu 
kommunistlərin üzərinə əsl hücuma keçilir. Ə. Xanbudaqov və onun tərəfdarlarına 
qarşı  hazırlanmış  ssenarinin  aparıcıları  əsasən  azərbaycanlı  kommunistlər  oldu. 
Pleşakovun  sədrliyi  ilə  Konfransın  2  may  1924-cü  il  tarixli  iclası  xüsusilə  milli 
məsələyə həsr olundu. Konfransda R. Axundov çıxışında qeyd edir: «Cəbiyev, siz 
ağzınız  köpüklənərək  qışqırırsınız  ki,  qurtarın  cavanları  şovinizmdən.  Hansı 
şovinizmdən?  Kim  yaradıb  bu  şovinizmi?  Cəbiyev  kimiləri  və  ona  bənzərlər.» 
(147, s.52). 
Həmçinin  R.  Axundov  Ə.  Xanbudaqovun  üzərinə  hücuma  keçir:  «Siz 
yoldaş Xanbudaqov və sizin kimi bir neçələri, o cümlədən M. B. Qasımov kimiləri 
sizin şüurunuzu, fikirlərinizi müdafiə edirlər. Yoldaş Mirbəşir qalsın, o bizim üçün 
təhlükəli deyildir, o sabah üçün lazımdır. Biz onu yenə də Azərbaycan MK dəmir 
yol işinə  yollayarıq. Beləliklə, biz  Qasımovu xilas edə  bilərik. Çünki onun daxili 
hissiyatı  var.  Lakin  qorxulu  Xanbudaqovdur.  Çünki  o,  canı  ilə,  kökü  ilə  fəhlə 
təbəqəsindən deyil (147, s.53). 
                                                           
*
Qeyd:  1926-30-cu  illərdə  Ə.  Xanbudaqov  Azərbaycan  Kənd  Təsərrüfatı  bankının  sədri,  sonralar  isə 
ZSFSR  xalq  komissarlığında  məsul  işlərdə  çalışır.  Onun  axırıncı  vəzifəsi  Azərbaycan  İstehlak 
cəmiyyəti ittifaqı idarə heyətinin sədr müavini olur (146, s.69). 
 

XIII Ümumbakı partiya konfransında  fikir ayrılığına  gətirib çıxaran əsas 
məsələ  Xanbudaqov  və  onun  tərəfdarlarının  türkləşdirmə,  əlifba  siyasəti,  kadr 
siyasəti və s. məsələlər idi. 
Azərbaycanda hazırlıqlı türk kadrlarının işlə təmin olunması çox çətin idi. 
Azərbaycan  Cümhuriyyətinin  kadrlarından  istifadə  etməkdən  söhbət  gedəndə  Ə. 
Qarayev  cavab  verirdi  ki,  biz  bu  ikinci  dərəcəli  ziyalılardan  geniş  istifadə  edə 
bilmərik. Çünki onların tərkibi 10-15% keçmiş pristavlardan, nəzarətçilərdən, cəza 
polis  rəislərindən,  tərcüməçilərdən,  müstəntiqlərdən,  xalq  məhkəmələri 
katiblərindən,  bir  sözlə,  keçmişləri  ləkəli  olan  adamlardan  ibarətdir.  Bunları  biz 
idarələrdə  qulluq  etməyə  buraxa  bilmərik.  Onların  içərisində  türkcə  əla  yazıb 
oxuyan,  dili  yaxşı  bilən  ünsürlər  var.  Lakin  onların  biliyindən  bizim  fəhlə 
kütləsinin ürəyi bulanır. 
Milli  məsələ  ətrafında  ixtilaflar  respublika  partiya  təşkilatının  VI 
qurultayında  (5-9  may  1924)  kəskin  xarakter  aldı.  Xanbudaqova  qarşı  hücum 
gücləndi.  Kadr  siyasəti,  türkləşdirmə,  Azərbaycan  dili  və  s.  yenə  də  məsələnin 
əsasını təşkil edirdi. 
M.  Ə.  Rəsulzadə  «Çağdaş  Azərbaycan  tarixi»  əsərində  milli  məsələ  ilə 
əlaqədar  yaranmış  vəziyyəti  çox  düzgün  qiymətləndirirdi:  «...Kommunizmin  əsas 
əqidələri ilə razılaşmayanlara və partiya intizamına riayət etməyənlərə  «uklonist», 
«sapıntçı» adı verilirdi. 1924-cü ildə Ə. Xanbudaqov Azərbaycan «sapıntçılarına» 
başçılıq etdi və bu cərəyanın istəklərini bu şəkildə formalaşdırdı: 
1.
 
Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq. 
2.
 
Yerli  kommunistləri  sadəcə  yuxarıdan  təqib  olunan  katiblərlə 
rəhbərlərin  idarəsində  və  yalnız  onların  müşavirləri  rolunda  görmək  fikri  və 
adətindən vaz keçiləcək. 
3.
 
Azərbaycan milləti öz-özünü idarə etmək çağına çatmış ikən, moskvalı 
idarəçilər,  yerlilərin  müstəqil  olaraq  çalışmalarına  əngəl  olur  və  bu  çalışmaya 
«yerli millətçilik» damğası vurur. Buna qəti olaraq son qoyulacaq. 
4.
 
İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri, sözdə deyil 
gerçəkdən türkləşdiriləcək. 
5.
 
Azərbaycanı  Rusiyadan  gətirilmiş  köçkünlərlə  məskun  etmək  istəyən 
sovet hakimiyyətinin məskunlaşdırma siyasətinə son qoyulacaq. 
6.
 
Cənubi  Qafqaz  respublikalarında  milli  mədəniyyətlərin  inkişafını 
saxlamaq  üçün  Cənubi  Qafqaz  Sovet  Sosialist  Respublikaları  Federasiyasının 
təşkilati əsası işdə qanunu dəyişəcək (həmin tarixdə adı çəkilən federasiya var idi. 
Bu federasiya sonradan dağıldı) (99, s.95). 
VI qurultayda Xanbudaqova qarşı Mirzoyan, Kirov və b. çıxış edib, onun 
türkləşmə,  milliləşmə  siyasətinin  əleyhinə  çıxdılar.  Arxiv  materialları  içərisində 
«Xanbudaqovçuluq»  adlı  sənəddə  K.  Nikbinin  imzası  ilə  yazılmış  işdə 
Xanbudaqov  bir  millətçi  kimi    verilib.    O,  Xanbudaqovun  hazırladığı  tezisləri, 
«Milli məsələyə dair» məqaləsini XIII partiya konfransı və Azərbaycan K(b)P-nın 

VI qurultayının gedişindəki məsələləri «Xanbudaqovçuluq» adlı sənəddə təhlil edir 
və bütün bu hadisələri millətçilik kimi qiymətləndirir (13, f.456, s.10, iş 141, s.1-
8). 
Xanbudaqov  türk  dilini  Azərbaycanda  yaşayan  bütün  millətlərin 
öyrənməsini  vacib  sayırdı,  türk  dilini  öyrənməyənləri  vəzifədən,  istehsalatdan 
uzaqlaşdırmaq  lazımdır  deyirdi.  Bu  qətiyyət  isə  başqa  millətlərdən  olan  rəhbər 
işçiləri  qane  etmirdi  və  onlar  müqavimət  göstərirdilər.  Kirov  VI  qurultayda  öz 
məruzəsində Xanbudaqovun milli məsələ ilə əlaqədar tərtib etdiyi tezislərə istehza 
ilə  yanaşır,  «türk  fəhləsinin  işə  qəbulunu  yüngülləşdirmək»  bəndini  müzakirəyə 
qoyaraq  deyir:  Bax  mən  rusam,  oxuyuram,  yazıram.  Mən  nə  edim?  Xanbudaqov 
səhvdir. Axı bunun millətçiliyə nə dəxli var? (13, f. 1, s.74, iş 8, s.51). 
Xanbudaqov  azərbaycanlı  fəhlələrin  işlə  təmin  edilməsi  üçün  hər  cür 
tədbirlərə əl atırdı. O, Azərbaycana qonşu respublikalardan gətirilən, hansısa tikinti 
üçün işləyən işçi qüvvəsinin əleyhinə idi. Partiyanın VI qurultayındakı çıxışında bu 
məsələyə  toxunaraq  qeyd  edirdi  ki,  Zaqafqaziya  ölkə  komitəsinin  iclasında 
Orconikidzeyə dedim:  yoldaş Eliavi dəmiryolunun inşasına Tiflisdən 15 dəmiryol 
gözətçisi və 32 başqa işçilər göndərib. Qeyd etdim ki, bizim özümüzdə də işsizlər 
çoxdu.  Onları  buradan  geri  çağırmaq  lazımdır.  Buna  yerli  fəhlələr  öz  etirazlarını 
bildirirlər (13,  f.l, s.74, iş 8, s.257). 
Azərbaycan  dilinin  öyrənilməsinin  vacibliyi  həmişə  milli  məsələnin  ana 
xəttini  təşkil  edirdi.  Sovetləşmənin  əvvəlində  B.  Talıblı,  N.  Nərimanov  və  başqa 
vətənpərvərlər  çıxış  edirdilərsə,  sonralar  bu  ideyanı  Ə.  Xanbudaqov  davam 
etdirirdi.  Çox  təbiidir  ki,  bu  da  qeyri  millətlərdən  olan  vəzifəli  şəxslərlə  fikir 
ayrılığına səbəb olurdu. Acınacaqlı hal idi ki, milli məsələdə öz səhv nöqteyi nəzəri 
ilə hələ əvvəldən tanınmış Ə. Qarayev, M. D. Hüseynov və başqalarının çıxışı VI 
qurultayda ixtilafa gətirib çıxartdı. 
Ə. Qarayev çıxışında Ə. Xanbudaqovu şovinistlikdə günahlandırır, bütün 
günahların  L.  Mirzoyanda  deyil,  Ə.  Xanbudaqovda  olduğunu  isbat  etməyə 
çalışırdı:  «Yoldaş  Xanbudaqov,  əgər  siz  burada  Müsavatçı  rolunu  oynamaq 
istəyirsinizsə  ən  qatı  şovinistsiz,  ayrılın  bizdən.  O  deyir,  türk  fəhlələrini  irəli 
çəkmirik.  Mən  başa  düşmürəm,  o  görmür,  ya  kardır,  ya  da  sarsaqdır.  Burada 
Əmənulla Əzizov, Muxtar Fətəli və b. çıxış etdilər, hansılar ki, marksist fəhlələrdir. 
Xanbudaqov  Zaqafqaziya  ölkə  komitəsinin  plenumunda  çıxış  edirdi  ki,  əgər  rus 
fəhləsi  Azərbaycanda  yaşayırsa,  o  mütləq  türk  dilini  öyrənməlidir.  O  vaxt  M.  Ə. 
Rəsulzadə  hətta,  məsələni  belə  qoymurdu.  Hətta  quduz  menşevik  Noy  Jordaniya 
Gürcüstanı  milliləşdirəndə  belə  məsələ  qoymamışdı.  Yalnız  Xanbudaqov  belə 
məsələ qoyur (13, f.l, s.74, iş 8, s.302). 
Ə.  Qarayev  çıxışının  sonunda  qeyd  edirdi  ki,  «mən  əminəm  ki, 
partiyadaxili  xəstəliyə  dair  keçirilən  Azərbaycan  qurultayı  Bakı  təşkilatı  ilə 
birlikdə  bir  nəticə  qəbul  edib,  bu  məsələnin  qəti  həllinə  qərar  çıxaracaqlar.  Əgər 

Xanbudaqov  bundan  sonra  bu  işə  qarşı  çıxsa  onu  nəinki  biz  işdən  çıxarar,  hətta 
başını bədənindən ayırarıq» (13, f.l, s.74, iş 8, s.303). 
Ə.  Xanbudaqovu  millətçilikdə,  şovinizmdə  günahlandırırdılar.  O,  bütün 
bunlara  VI  qurultaydakı  çıxışında  cavab  verirdi  ki,  «Azərbaycanda  milli  məsələ 
olub, indi də var. Ancaq heç bir zaman onun indiki kimi (XIII Ümumbakı partiya 
konfransını  və  VI  qurultayı  nəzərdə  tuturdu  -  R.B.)  rəngi  yox  idi.  Xanbudaqov 
qeyd edirdi ki, mənim tərəfimdən heç zaman rus, fars və b. millətlər haqda məsələ 
qoyulmayıb,  sadəcə  türkləşmə  haqqında  olub.  Türkləşmə  Azərbaycanda  tam 
aparılmayıb.  O,  fakt  gətirir:  «Mədən  ittifaqı  və  BK  qərar  qəbul  ediblər.  Mən 
oxuyum  görün,  orada  türklərə  necə  münasibət  var:  «Aşağıdakı  əsas  qrupu  təşkil 
etmək:  Təklif  olunsun  Nikitinə,  Ağaverdiyevə,  Qutinə,  idarə  heyətinə  aşağıdakı 
qrup əsasında: Nikitin, Ağaverdiyev, Qutin, Yaroslavski, Aparin, Leyman, İvanov 
və b. bir rus yoldaş. Qərarda dərhal gözə çarpır. Bəs hanı türk fəhlələri? Niyə onlar 
cəlb olunmur?» (13, f.l, s.74, iş 8, s.256). 
Xanbudaqov  öz  çıxışında  türk  dilinə  qarşı  ögey  münasibətə  toxunaraq 
göstərirdi ki, 3 dekret verilməsinə baxmayaraq, indiyənə kimi, ancaq bunlar kağız 
üzərində  qalıb,  heç  bir  iş  görülməyib.  Türk  dili  istifadə  olunmur,  öyrənilmir. 
Həmçinin  Xanbudaqov  kitablar  haqqında  qeyd  edirdi  ki,  bizim  ədəbiyyat  çox 
yoxsuldur. Bakı nəşriyyatı minlərlə kitab satır, belə etmək olar ki, türk nəşriyyatına 
müəyyən  məbləğdə  pul  ayrılsın,  kitablar  türk  dilinə  tərcümə  olunsun.  Lazımi 
kitablar  olsun.  Beləliklə  də  kitabxanalarımız  zənginləşsin.  Bundan  başqa 
Xanbudaqov  Azərbaycanın  ucqar  rayonları  ilə  əlaqə  saxlayır,  onların  geriliyi, 
savadsızlığı  onu  daim  narahat  edir  və  bu  barədə  daim  ciddi  məsələ  qaldırırdı. 
Məsələn,  Lənkəranda  230.000  əhali  yaşadığı  halda,  45  yoxsul  məktəb  vardı. 
«Tədris  işlərinə  fikir  verilmir.  Bəs  nə  üçün  bu  haqda  danışmırsınız?  Siz  yalnız 
mərkəzi götürürsünüz». Həmçinin o çıxış edən  yoldaşların  yerli şovinizmi tənqid 
etməsinin  əleyhinə  çıxır  və  göstərirdi  ki,  «Diqqətin  9/10-nu  rus  şovinizminə 
yetirmək lazımdır. Yerli şovinizm o qədər əhəmiyyət kəsb etmir» (13, f.l, s.74, iş 8, 
s.257-258). 
Ə.  Xanbudaqov qonşu Gürcüstanla  müqayisədə  göstərirdi ki,  «şəhər icra 
hakimiyyətində  36  nəfərdən  27-si  gürcüdür.  Bundan  başqa  o  göstərirdi  ki,  Tiflis 
sovetində 43% gürcü, 17% erməni, 27% rus və 2% yəhudi. Biz bunu heç vaxt deyə 
bilmərik ki, hamısı türk olsun. Bu yalandı, hansı ki, siz yayırsınız» (13, f.l, s.74, iş 
8, s.258). 
VI  qurultayda  L.  Mirzoyan  Ə.  Xanbudaqovun  haqlı  narazılığına  və 
tələblərinə  qarşı  çıxır,  öz  mənfur  niyyətlərini  ört-basdır  etməyə  çalışır: 
«Xanbudaqov  deyir  ki,  qəzalar  inciyir,  onların  hər  şeyini  əllərindən  alırıq.  Lakin 
Xanbudaqov bunu deməyə də bilər. O bunu deməklə qərəzçilik toxumu səpir, fəhlə 
sinfi ilə Azərbaycan kəndliləri arasında narazılıq yaradır» (13, f.l, s.74, iş 8, s.285) 
Təbiidir  ki,  Ə.  Xanbudaqova  xalq  rəğbət  bəsləyirdi:  Həmişə  o,  xalqın 
içərisindəydi.  Onu  yerlərdə  də  çox  hörmətlə  qarşılayırdılar.  Bütün  fikirlərinə 

tərəfdar  çıxırdılar.  Lakin  bu  onu  istəməyənlərə  xoş  gəlmirdi.  Belə  söhbət 
yayılmışdı ki, Azərbaycanda Xanbudaqovun başçılıq etdiyi millətçi qrup fəaliyyət 
göstərir.  Xanbudaqov  isə  bunu  VI  qurultayda  qəti  təkzib  edib  deyirdi:  «Burada 
mənim əleyhimə çıxış edənlərin bir çoxunu oğurluq üstündə işdən çıxarmışam. Nə 
üçün mənim yanıma gələnləri təmayülçülər adlandırırlar. 
Əgər  rus  yoldaşlar  kiminsə  yanına  yığılırsa,  onları  kef  yoldaşı 
adlandırmaq lazımdır» (13, f.l, s.74, iş 8, s.63). 
Partiyada  yaranmış  ixtilaflar,  daxili  intriqa  nə  qədər  ört-basdır  edilsə, 
xalqdan  gizlədilsə  də,  yenə  də  geniş  kütləyə  gedib  çatırdı.  İstər-istəməz  hamı 
qurultaydakı, konfrans, plenumlardakı çəkişmələrlə maraqlanırdı. VI qurultayda L. 
Mirzoyan  kinayə  ilə  bu  məsələyə  toxunurdu:  «İndi  kəndin  və  qəzanın  harasına 
gedirsənsə, hər yerdə söhbət yalnız Ə. Xanbudaqovdan gedir. Afərin Xanbudaqov, 
vəssalam.  Bu  kimin  nəyinə  lazımdır,  kimdir  Xanbudaqovu  tərifləyənlər? 
dükanbazlar,  alverçilər,  dəllallar.  Bunlar  bizim  sinfi  düşmənlərimizdir.  Belə 
həqiqət var, deyərlər düşmən səni tərifləyirsə deməli sən heç nəyə layiq deyilsən. 
Nə vaxta qədər ki, burjuaziya, dükanbazlar, daim Xanbudaqovu tərifləyirlər, onda 
Xanbudaqova demək lazımdır ki, «Yoldaş Xanbudaqov sizin mövqeyiniz səhvdir» 
(13, f.l, s.74, iş 8, s.285). 
Nərimanov, Xanbudaqov kimi azərbaycanlı kommunistlər çox təəssüf ki, 
bir-birlərini  vaxtında  başa  düşmədilər,  bir-birlərinə  vaxtında  arxalanmadılar. 
Sovetləşmənin əvvəllərinə nəzər salsaq, o illərdə N. Nərimanov köməksiz idi. Onu 
nə yolla olur olsun təkləməyə çalışırdılar. Müəyyən mənada buna nail də olunurdu. 
Vaxtilə N. Nərimanovun üzünə ağ olanlar sonralar vaxt gələcəkdir ki, öz səhvlərini 
başa  düşəcəkdilər,  Nərimanov  kimi  tək  qalmaq,  unudulmaq  onların  da  qismətinə 
düşəcəkdir.  M.  Ə.  Rəsulzadə  yazırdı:  «Azərbaycanın  sovetləşdirildiyi  ilk  gündən 
başlayaraq  müsavatçılıq  və  pantürkizmə  qarşı  amansız  mübarizə  aparan  Ruhulla 
Axundov «pantürkizmin zəhərli bir nümayəndəsi və «müsavat» partiyasının zavallı 
bir  agenti  kimi  günahlandırıldı.  Sovet  dərsliklərinə  panturanist  və  panislamist 
fikirlərini soxuşduran  «Türkiyə  agentləri»ni ciddi-cəhdlə  üzə çıxarmağı özü  üçün 
böyük  bir  hünər  sayan  Əliheydər  Qarayev  «Müsavat»  partiyası  ilə  beynəlxalq 
faşizmin  «soysuz  bir  uşağı»  kimi  ifşa  edildi.  Milli  Azərbaycan  hökumətinə  qarşı 
konspirasiyası  ilə  məşhur  olan  Azərbaycan  İnqilab  Komitəsinin  keçmiş  üzvü, 
1920-ci  ildə  Gəncə  üsyanının  yatırılması  tapşırılmış  baş  komisar  Həmid  Sultanov 
inqilabi  məhkəmənin  qərarı  ilə  Azərbaycanı  Sovetlər  birliyindən  ayırmaq  istəyən 
silahlı üsyan qüvvələrinin başçısı olduğu üçün ölüm cəzasına məhkum edildi: eyni 
zamanda  o  yabançı  bir  dövlətə  cəsusluq  etməkdə  də  günahlandırıldı.  Onunla 
birlikdə «sapıntçı» kommunistlərin bir çoxu da cəzalandırıldılar» (99, s.101-102). 
N.  Nərimanov  «Ucqarlarda  inqilabımızın  tarixinə  dair»  İ.  V.  Stalinə 
məktubunda  Xanbudaqovu  fırıldaqçı  adlandırır,  onun  apardığı  mübarizəni  təhlil 
edərək yazırdı: «Bu və başqa nitqlərində artıq yoxlanılmış mənbələrdən görünür ki, 
Mirzoyanın  son  vaxtlar  vəzifədən  atdığı  agent  qohumlarının  mənafeyini  müdafiə 

etmək məqsədilə Xanbudaqov birdən-birə milli məsələnin belə bir qoyuluşunu irəli 
sürdü: xristian və yəhudiləri qovmaq və onların yerinə müsəlman fəhlələri qoymaq 
zəruridir.  O,  AKP  MK  katibi  olanda  deyirdi  ki,  Azərbaycanda  milli  məsələ  üzrə 
12-ci  qurultay  tərəfindən  qoyulan  işin  yüzdə  biri  həyata  keçirilməyib.  Və  maraqlı 
burasıdır  ki,  onun  qohumları  və  agentləri  işdən  qovulmağa  başlayanda  o,  həmin 
andan bütün bunlar haqqında kəskin danışmağa və məsələ qaldırmağa başlayır. O, 
nəinki  bu  barədə  yazır,  hətta  rayonunda  məsul  türk  işçiləri  və  fəhlələri  arasında 
gizli  iş  aparır.  Qəzalara  göndərilmiş  məsul  işçilər  AKP  MK  katibi  Ə. 
Xanbudaqovun  göstərişləri  üzrə  fəaliyyət  göstərirlər;  onlar  yerli  işçilərə  deyirlər: 
biz mərkəzdə birləşmişik, Mirzoyan və Kirovu yıxmalıyıq və i.a. Yerli işçilərin bir 
hissəsi razı olur, digər hissəsi yox. Və bu axırıncı hissə gizli iş aparanların adlarını 
konfransda  açıb  bildirir.  Və  bu  işə  kim  cəlb  edildi.  Xanbudaqov,  Cəbiyev,  M. 
Quliyev,  Rəhim  Hüseynov,  Cahangir  Nağıyev  (eserlər)  M.  D.  Hüseynov 
(müsavatçı)  və  bir  də  Ağayev  qardaşları  qrupu,  bunlar  çoxdan  fırıldaqçılar  kimi 
məlumdur,  lakin  onlar  hər  yerdə  mənə  qarşı  çıxış  etdikləri  üçün  Mirzoyan 
tərəfindən  partiyada  saxlanılmışdılar.  Bu  o  adamlardır  ki,  onlar  haqqında 
konfransda  və  partiya  qurultayında  açıq  danışılmışdır.  Lakin  bu  gizli  işin  qalan 
iştirakçıları  (Qarayev,  Musabəyov,  Dadaş  və  b.)  təhlükəni  hiss  edib,  məharətlə 
vəziyyətdən  çıxmış  və  beləliklə,  hələlik  Mirzoyanın  cəzasından  qaça  bilmişlər» 
(90, s.58). 
N.  Nərimanov  ilə  Xanbudaqov  arasında  ziddiyyətləri  təbiidir  ki, 
yaradanlar  var  idi.  Azərbaycan  xalqının  milli  ruhda  olan  kommunistlərini  mütləq 
bir-birindən  uzaqlaşdırmaq  mirzoyanların,  stalinlərin  düşünülmüş  planı  idi. 
Sonrakı peşmançılıq fayda verməz deyərlər. Belə sonradan peşman olanlardan biri 
də Ə. Xanbudaqov idi. (hansı ki, o vaxtilə Nərimanova deyil, Mirzoyana arxalanır, 
qurultayda  təəssüflə  etiraf  etdiyi  kimi  Mirzoyanı  özünə  «ata»  sayırdı  -  R.B.). 
Xanbudaqov kimi Mirzoyanın hiyləsinə aldanan, sonradan bunu başa düşənlər çox 
idi.  H.  Cəbiyevin  L.  Mirzoyana  1926-cı  ildə  yazdığı  məktubu  buna  misaldır: 
«...Açıq  danışdığımız  üçün  heç  birimiz  inciməməliyik.  Sən  Ruhullanı  aldatdın. 
Vaxtilə sən məni də aldatmışdın. Ruhulla sənə etibar edib inanmışdı. O, möhkəm 
əqidəli  inqilabçıdır.  Biz  heç  kimə  imkan  verməməliyik  ki,  bizim  ümumi  işimizi 
ləkələsin, bunu ancaq sən edə bilərdin. 1920-22-ci illərdə vaxtilə sənə  yaxın olan 
adamları  özündən  uzaqlaşdırdın  (Napaleon  kimi)  ...Sənin  qeyri  səmimi  olan 
mövqeyin 1924-25-ci illərdə məni fiziki cəhətdən sındırdı və məni xəstəliyə düçar 
etdi» (13, f.l, s.122, iş 152, s.75). 
Ə.  Xanbudaqov  artıq  başa  düşmüşdü  ki,  Azərbaycanı  düşdüyü  bu  çətin 
vəziyyətdən  yalnız  N.  Nərimanov  xilas edə  bilər və  Nərimanov kimi vətənpərvər 
şəxslərin ətrafında birləşmək lazımdır. Ancaq N. Nərimanov ona inanmırdı. Bunu 
onun  vaxtı  ilə  Stalinə  yazdığı  məktubdan  da  aydın  görmək  olar.  O,  Stalinə 
məktubuna  əlavədə  yazırdı:  «yeri  gəlmişkən  həmin  bu  Xanbudaqov  son  vaxtlar 
dəfələrlə başqa yoldaşların vasitəsilə mənə çatdırdı ki, guya mən həddən artıq açıq 

fəaliyyət  göstərirəm  və  onların  (eserlərin)  uğrunda  mübarizə  apardıqları  işi 
korlayıram.  Mən  cavab  verdim:  Mənim  partiyadan  gizli  heç  bir  sirrim  yoxdu  və 
gələcəkdə də belə  hərəkət edəcəyəm. Keçən yaz Xanbudaqov Moskvada olarkən, 
S. M. Əfəndiyev vasitəsilə məndən xahiş etmişdir ki, hansısa bir söhbət üçün onu 
qəbul  edim.  Mən  Əfəndiyevə  rədd  cavabı  verib  dedim:  O,  fırıldaqçıdır,  mənim 
onunla heç bir işim ola bilməz. Üçüncü dəfə S. M. Əfəndiyev məni razı sala bildi 
və  dedi:  Ona  qulaq  asmaq  lazımdır,  bəlkə  öz  səhvlərindən  peşman  olub,  mən 
yoldaş Əfəndiyevə güzəştə getdim. Onu qəbul etməyə razılıq verdim. Əfəndiyevin 
yanındaca  onu qəbul etdim.  O, hələ  oturmamış  mən onu  bu sözlərlə  qabaqladım. 
Mənim partiyadan gizli sirrim yoxdu və sənin bütün bunları Serqo Orconikidzeyə 
çatdıracağını  bilməyimə  baxmayaraq,  mən  açıq  danışmağa  öyrənmişəm.  O,  bu 
sözdən incidi və heç bir şey demədən çıxıb getdi» (90, s.57). 
Belə  vəziyyət,  bir-birlərinə  bu  cür  inamsızlıq  sonralar  onların  hər  ikisi 
üçün çox faciəli oldu, həm də bu inamsızlığı yaradırdılar da. 
Bununla belə Ə. Xanbudaqov öz mübarizəsini davam etdirirdi. Bir neçə il 
keçdi.  20-ci  illərin  axırlarında  Xanbudaqov  1923-cü  ildəkindən  daha  çətin 
mübarizəyə,  stalinizmə,  totalitar  dövlət  quruluşuna,  ölkədə  baş  alıb  gedən 
haqsızlıqlara və əyintilərə qarşı kəskin mübarizəyə girişməli oldu. 
1927-ci  ildə  İosif  Stalini  açıq-açığına  tənqid  etmək,  bu  azmış  kimi,  hələ 
üstəlik də Stalinin başçılıq etdiyi Mərkəzi Komitənin həm siyasi, həm də təşkilati 
xəttini və işini yarıtmaz qiymətləndirmək çox cəsarətli və həm də riskli bir iş idi. 
Ə.  Xanbudaqov  bununla  özünü  təqiblərə  məruz  qoydu.  Çəkinməyərək,  Stalinin 
«atəşi sola» cəmləşdirmək şüarının əsas məqsədini dərindən duymuş, onun ölkənin 
həm  xarici,  həm  də  daxili  siyasətinə,  partiyanın  özünə,  xalqa  böyük  ziyan 
vuracağını  görmüş  və  məhz  bunlara  görə  də  Stalini  haqlı  olaraq  tənqid  etmişdi. 
Doğrudur,  bu  mübarizədə  əksəriyyət  onu  müdafiə  etmədi.  Ancaq  bu  böyük 
əksəriyyət  az  sonra  Xanbudaqovun  haqlı  olduğunu  öz  acı  həyat  təcrübələrində, 
həyatlarında gördülər. 
Ə.  Xanbudaqov  isə  öz  mübarizəsini  təklikdə  davam  etdirirdi.  Ona 
«trotskiçi»  damğası  vurdular,  sonralar  müxtəlif  vəzifələrdə  işləyəndə  də, 
Azərittifaqın  sədr  müavini  vəzifəsində  çalışanda  da  daim  nəzarət  altında  oldu. 
Ancaq haradasa bilirdi ki, repressiyalar ondan da yan keçməyəcəkdir (Xanbudaqov 
SSRİ Ali məhkəməsi hərbi kollegiyasının 1938-ci il 12 oktyabr tarixli hökmü ilə və 
23  iyul  tarixli  qərarı  ilə  güllələnməyə  məhkum  edilir.  1958-ci  ildə  iş  cinayət 
tərkibli olmadığından ona bəraət verilir.) (13, f.12, s.l, iş 523, s.1). Bütün bunlara 
baxmayaraq,  çox  vaxt  öz  mübarizəsində  tək  qalsa  da,  apardığı  mübarizə  təsirsiz 
qalmadı, Ə. Xanbudaqovun çıxışları Azərbaycan kommunistlərı arasında müəyyən 
bir  hərəkata  səbəb  oldu.  Bu  hərəkat  Moskvanın  zorakı  tədbirləri  ilə  nəticələndi. 
Xanbudaqov  repressiyanın  qurbanı  olduqdan  sonra  Azərbaycanda  partiya 
rəhbərliyinə  Moskvadan  təyin  olunan  yabançı  adamlar  göndərildilər.  Onlar 
partiyanı Ə. Xanbudaqov tərəfdarlarından təmizlədilər (99, s.95). 

M.  Ə.  Rəsulzadə  yazırdı:  «Siyasət  adamlarından  sonra  ədəbiyyata, 
incəsənətə,  elmə  mənsub  olan  bütün  görkəmli  şəxsiyyətləri  eyni  şiddət  və 
töhmətlərlə  təmizlədilər...  Yeni  sovet  konstitusiyasının  qəbulundan  və  rus 
hərflərinin  tətbiqindən  sonra  Azərbaycan  bolşevik  terrorunun  yeni  bir  mərhələsi 
başlandı. Məmləkətin həyatında az çox rolu olan adamlar aradan götürüldü. Sovet 
«Azərbaycanının yubileyi qeyd olunduğu gün, məsələn, «tarixi günün qəhrəmanı» 
kimi  öyüləcək  yerli  bir  ad  tapılmadı.  İlk  Azərbaycan  İnqilab  Komitəsinin  sədri 
doktor  N.  Nərimanovun  adı  belə  çoxdan  ölüb  getməsinə  baxmayaraq,  «milli 
sapıntçı xainlərin hamisi kimi» ifşa edildi (99, s.102). 
Sənədlərin  araşdırılması  belə  fikir  söyləməyə  əsas  verir  ki,  artıq  20-ci 
illərin  ortalarından  etibarən  bolşevik  üsul-idarəsindən  nəinki  təkcə  xalq,  hətta  bu 
rejimin  qurulmasında  yaxından  iştirak  edən,  vaxtilə  sosializm  ideyalarına  son 
dərəcə  aludə  olmuş,  illiuziyalara  qapılmış  çox  rəhbər  azərbaycanlı  kommunistlər 
də  narazı  qalaraq,  aldandıqlarını  başa  düşmüşdülər.  Bunu  N.  Nərimanovun 
silahdaşlarından Əhməd Əhmədovun
*
, B. Talıblının, M. Qədirlinin, T. Şahbazinin 
və b. arxivdə toplanmış  yazılı ifadə və məktublarından aydın görmək olar. Onlar, 
N.  Nərimanovun  ölümündən  az  qabaq  siyasi  baxışlarının  dəyişməsi  haqqında  çox 
maraqlı  fikirlər  söyləyirlər.  Məsələn,  Ə.  Əhmədov  N.  Nərimanovun  1925-ci  ilin 
martında ölümündən az qabaq Bakıya gəlişi haqqında yazır: «Həmişə olduğu kimi 
təmayülçü  rəhbərlər  Qədirli,  Şahbazi,  Abdulbaği  Məmmədzadə,  Əhmədov, 
Mahmudbəyov,  Muxtar  Hacıyev  və  b.  onun  başına  yığışıb  hazırki  siyasi  vəziyyət 
və gələcək planlar haqqında söhbət aparırlar. Belə qəti fikrə gəlirlər ki, Moskvanın 
Azərbaycanda  yeritdiyi  siyasət  Azərbaycan  xalqının  mənafeyinə  ziddir.  Onlar 
hesab  edirdi  ki,  Rusiyanın  siyasəti  nəinki  Azərbaycanda,  bütün  Şərqdə  iflasa 
uğrayır.  Əhmədov  deyirdi  ki,  indi  bizə  heç  kim  inanmır,  elə  başa  düşürlər  ki, 
«qırmızı  imperializm»  siyasəti  yeridirik.  N.  Nərimanov  və  Qədirlinin  fikrincə 
vəziyyətdən çıxmaq üçün hakimiyyət «təmayülçü»lərin əlinə keçməlidir. Ancaq bu 
çox  çətindir.  Çünki,  mərkəz  ancaq  vahid  böyük  rus  siyasəti  tutur.  Onlar  bizim 
hakimiyyətə gəlməyimizi heç eşitmək istəmirlər. N. Nərimanovun təkcə ümidi ona 
idi  ki,  Mərkəzdə  əgər  xarici-daxili  çətinliklər  əmələ  gələrsə,  böhran  yaranarsa, 
                                                           
*
Qeyd:  Azərbaycan Respublikası Mərkəzi Dövlət Siyasi Par. və  İct. Hər. arxivinin sənədlərinə əsasən 
1900-cü ildə anadan olmuş Əhmədov Əhməd Baxış oğlu haqqında aşağıdakılar müəyyən edildi: 1918-
19-cu  ildə  mətbəədə  korrektor;  1920-21-ci  il  hərbi  məktəbdə  hərbi  komissarın  köməkçisi;  1921-22-ci 
ildə 26-lar adına 1-ci atıcı alayı hərbi komissarı; 1922-23-cü ildə Qaubitsa (top) batereyası; 1923-24-cü 
ildə  Azərbaycan  diviziyası;  1924-25-ci  ildə  AKb/P  MK-sı  təlimatçı;  1925-27-ci  ildə  Partiya  tarixi 
institutunda  elmi  işçi;  Ə.  B.  Əhmədov  1916-17-ci  ildə  sosioloq-inqilabçı  (eser),  1917-19-cu  illər  sol 
sosial inq., 1919-cu ildən əvvəl Hümmət, sonra isə Kommunist partiyasının üzvü oldu. 1927-ci ildə Ə. 
B. Əhmədov Az.BSİ (AzQPU) tərəfindən həbs edilməsi ilə əlaqədar işdən çıxarılır və onun elmi işinin 
nəşri dayandırılır. AK/b/P təftiş komissiyası Par. Kom-sının 1928-ci il 21 mart tarixli iclasının qərarına 
əsasən həbsdə olan Əhmədov Əhməd Baxış oğlu 1925-ci ildən qeyri-leqal Müsavat Partiyasının xeyrinə 
fəaliyyət göstərdiyi, Balaxanı kəndində müsavat özəyi yaratdığına görə AK/b/P sıralarından xaric edildi. 
1928-ci ildə güllələnmışdi. (13, f.l, s.122, iş 153,v.3-7). 
 

yalnız  bu  yolla  əsl  hakimiyyəti  biz  öz  əlimizə  ala  bilərik.  Əhmədovun  dediyinə 
görə,  Nərimanov  özü  etiraf  edirdi  ki,  bu  millətlər  əldə  olunmuş  nailiyyətlərə, 
diktaturanın yaratdığı çətin rejimdən qorunmaq üçün, məhv olmamaq naminə, bu 
inkişafa çatıblar. Əhmədov qeyd edirdi ki, siz (yəni N. Nərimanov) hesab edirsiniz 
ki,  SSRİ-də  heç  bir  sosializmdən  söhbət  gedə  bilməz.  Ona  görə  ki,  Rusiyada 
sosializm  qurmaq  üçün  heç  bir  şərait  yaranmayıb.  Siz  dünya  inqilabı  ideyasına 
artıq  inanmırsınız.  Onda  daha  sizin  kommunizmdən  nə  qalır?  Əgər  siz  özünüzü 
kommunist hesab edirsinizsə, onda siz özünüz-özünüzü aldadırsınız.» (13, f.12, s.l, 
iş 152, s.29-30). 
Əhmədov  onlara  sübut  etməyə  çalışırdı  ki,  «mənim  Rusiyadakı 
kommunizm  ideyalarına  inamım  itib.  Əvvəl-axır  bu  quruluş  dağılacaqdır. 
Marksizmlə  leninizm  arasında  ümumi  bir  şey  yoxdur.  Rusiyanın  təcrübəsindən 
məlum oldu ki, sosializmə keçid birinci növbədə möhkəm iqtisadi-mədəni bazanın 
möhkəmliyində  mümkün  ola  bilər.  Amma  Rusiyada  bu  hələ  görsənmir.  İkinci, 
sosializmə  demokratiya  yolu  ilə  gəlmək  olar.  Diktatura  və  vətəndaş  müharibəsi 
yolu  ilə  yox.  Biz  gördüyümüz  diktatura  deyil,  tarixdə  analoqu  olmayan  bir 
irticadır.» (13, f.12, s.l, iş 152, s.33). 
Əhmədovun  yazdığına  görə  onlar  bir  çox  vacib  məsələlər  ətrafında  - 
bolşevik rejiminin hansı tərəfdən dağılmasının mümkünlüyü, diktatura rejimindən 
demokratiya rejiminə keçməyin yolları, kominternin rolu və s. məsələlər barəsində 
diskussiyalar aparmışlar. 
N.  Nərimanov  Moskvaya  qayıdandan  az  sonra  onun  acı  və  müəmmalı 
ölüm  xəbəri  bütün  vətənpərvər  azərbaycanlıları,  o  cümlədən  onun  silahdaşlarını 
çox  sarsıtdı,  onlara  böyük  zərbə  vurdu,  beləliklə  də  «təmayülçülərin»  bazası 
dağıldı  (N.  Nərimanovun  bu  fikirlərini  mərkəz  artıq  hiss  etmişdi,  ona  görə  də 
Nərimanov kimi bir rəhbərin həyatda qalması onlara sərf etmirdi - R.B.). 
«Təmayülçü»  hakimiyyətin  tərkibi  haqqında  Ə.  Əhmədov  bildirirdi  ki, 
xarici  və  daxili  çətinliklər  yarandıqda,  Moskva  əgər  Azərbaycanın  taleyini, 
hakimiyyətini  təmayülçülərə  verərsə,  onlar  aşağıdakı  tərkibdə  hakimiyyəti  təşkil 
etmək,  «İctimai-etimad»  adlı  hökumət  qurmaq  istəyirdilər.  Qədirli,  T.  Şahbazi, 
Kazımov,  Teymur  Əliyev,  Talıblı,  D.  Bünyadzadə,  Abdulbaqi  Məmmədzadə,  Ə. 
Əhmədov,  Cəmil  Vəzirov,  Əyyub  və  Mahmud  Xanbudaqovlar  və  b.  (N. 
Nərimanovun ölümündən sonra)... 
Xalq  Komissarlar  Sovetinin  sədri  M.  Qədirli,  partiya  aparatına  gəldikdə 
isə AK(b)P MK-nın baş katibi S. M. Əfəndiyev, AK(b)P-nın katibi Həbib Cəbiyev 
(əgər o tam təmayülçü platformasını qəbul etsə), əks təqdirdə  AKP BK  katibi D. 
Bünyadzadə  ya  da  T.  Şahbazi  olmalı  idi.  (O  rəhbər  işçilər  ki,  özlərinə  ləkə 
salmamışdılar,  təmayülçülərə  qarşı  mübarizə  aparmamışdılar  -  R.B).  Vacib 
vəzifələri  təmayülçülər  tutmalı  idilər.  Milli  baxışlı  kommunistlərin  düşmənlərini 
Moskvaya qovmaq nəzərdə tutulurdu. Onların planlarında sonralar Moskva ilə yeni 
əlaqələr  yaratmaq,  Zaqafqaziya  Federasiyasının  ləğvi,  milli  ordu  yaratmaq  və  s. 

kimi mühüm işlər öz əksini tapmışdı. Təmayülçülərin planları demək olar ki, kor-
təbii idi. Hətta onlar ermənilərlə qardaşlıq münasibəti haqqında da öz planlarında 
qeyd edirdilər (13, f.12, s.l, iş 152, s.49-50). 
N.  Nərimanovun  oğluna  bitməmiş  məktubunda  yazdığı  kimi:  «Bəlkə  də 
sən  bu  sətirləri  oxuyan  vaxt  bolşevizm  olmayacaq.  Ancaq  bu  o  demək  deyil  ki, 
bolşevizm  lazım  deyil.  Bu  ona  dəlalət  edəcək  ki,  biz  onu  qoruya  bilməmiş,  ona 
lazımi qiymət  verməmiş, işimizə  pis yanaşmışıq... Açıq demək lazımdır: biz  əldə 
etdiyimiz  hakimiyyətdən  o  qədər  təkəbbürlü  olmuşuq  ki,  boş  işlərlə  və 
çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq» (99, s.65). 
Partiyadaxili  ixtilafların  dövlət  idarəçiliyinə  və  quruculuğuna  mənfi 
təsirləri çox idi. Bu sağlam rəqabətdən çox, şəxsi intriqalara, çəkişmələrə daha çox 
sirayət  edirdi.  Lakin  bu  quruluşun  özünəməxsus  müsbət  dəyərləri  də  var  idi. 
Obyektivlik  baxımından  onlara  da  diqqət  yetirilməlidir.  Ancaq  bir  faktla  tam 
razılaşmaq  lazımdır  ki,  iqtisadiyyatı  zəif  olan  bir  ölkədə  yeni  quruluşun  müsbət 
nəticələrindən danışmaq çətin idi. 
Azərbaycanda,  milli baxışlarına  və  mübarizliyinə  görə  seçilən Böyükağa 
Talıblının  Ruhulla  Axundova  yazdığı  məktubda,  rəhbərlikdə  olan  siyasi  ab-hava 
çox  aydın  əks  olunmuşdu.  Həmin  məktubun  qısaca  məzmunu  belə  idi:  «...çox 
güman  ki,  mənim  ilk  məktubumdan  narazı  olmağımı  anlamısan.  Bir  dəfə 
Myasnikov mənə dedi: «Nə olub sənə, niyə hay-küy salırsan? İndi ki, Nərimanov 
bütün  Sovet  İttifaqında  rəhbərlik  edir.  Nədən  narazısan?»  Mən  dedim:  «Bəli  düz 
buyurursunuz. 
Onun 
«rəhbərliyi»  Hüseynovun  Tiflisdə,  Musabəyovun 
Azərbaycanda  «rəhbərliyinə»  bənzəyir.  Məni  narahat  edən  ayrı  sualdır  -  indiki 
zamanda türk kommunistlərinə qeyriləri nə cür baxırlar? Heç olmasa onlardan bir 
nəfər hörmətlə qarşılananı varmı?... 
Məhz  bu  laqeydliyin  nəticəsində  mövcud  olan  acınacaqlı  vəziyyət 
mümkün olub, yerli inqilabçılar öz simalarını dəyişərək, insan ləyaqətini ləkələyən 
bir  mövqe  tutublar.  Vəzifə  və  rəhbərlik  mənbələri  milli  mənafelərdən  uzaq  olan 
manqurtların  əlində  olduğuna  görə,  yerli  yoxsul,  türk  kommunistləri  vəzifə  əldə 
etmək  üçün  yaltaqlanıb  hər  cür  xidmətlər  göstərib  «xozeynin»  xoşuna  gəlməyə 
çalışırlar. 
Belə  vəziyyəti  görərək  mən  düşünürəm:  heyif  hədər  keçən  günlərdən 
cəhalətə  sərf  edilib,  yerdə  qalanı  isə  peşmançılığa.  Vəzifə  pillələri  ilə  qalxaraq, 
mən  Qafqazda  keçirilən  siyasətə  cavabdeh  olan  şəxslərin  əsl  qatı  millətçi 
olduqlarının  şahidiyəm.  O  şəxslər  ki,  Azərbaycanda  özlərini  millətpərvər  kimi 
qələmə veriblər. Tiflisdə və İrəvanda ən qatı millətçi olduqlarını aşkar etdilər və bu 
yolla irəliləyirlər. Bizimkilər isə siyasətlərini onların tələbatlarına uyğunlaşdırırlar. 
Sərhəd  komissiyalarında,  ticarət  komissiyalarında,  maliyyə  idarələrində  və 
hamısında  azərbaycanlı  nümayəndələr  yalnız  «pərdə»  rolunu  oynayırlar.  Bütün 
Zaqafqaziyada vəziyyət o yerə gəlib çıxıb ki, türk kommunistlərinin vəzifəsi yalnız 

hazırlanmış qanun layihələrinə  və  qərarlarına  imza qoymaqdan ibarətdir, o da  ki, 
ona görə ki, siyasi tələblərə uyğun olaraq «müsəlman imzası» lazımdır... 
Bu  günkü  məktubumu  onunla  tamamlayıram  ki,  Azərbaycanda  inqilabi, 
siyasi  və  ictimai  tərbiyə  düzgün  yoldan  ayrılaraq,  cəsarətli  qəhrəmanlar 
yetişdirmək  əvəzinə,  yaltaqlar,  riyakarlar,  manqurtlar  və  s.  nalayiq  kadrlar 
yetişdirmək yolu ilə gedir. Hörmətlə B. Talıblı. 27.01.24» (13, f.l,  s.122, iş 571, s. 
58.). 
Türk  diplomatının  qısa  müddətli  müşahidə  nəticəsi,  -  «...faktiki  olaraq 
Azərbaycanın bütün siyasətinə onu qətiyyən tanımayan və onunla heç bir yaxınlığı 
olmayan Orconikidze rəhbərlik edir», - M. Ə. Rəsulzadənin qənaəti, - «məmləkəti, 
guya  ki,  Azərbaycanın  Kommunist  partiyası  idarə  edirdi...  İmzanı  nərimanovlar, 
əliheydərlər  atırdısa  da,  hökmləri  mikoyanlar,  çorayevlər  və  solovyovlar  yazırdı» 
(33, s.121). 
20-ci  illərdə  Azərbaycanda  sovet  üsul-idarəsinin  dövlətçilik  siyasətindən 
nəinki  rəhbərlikdə  milli  ruhlu  kommunistlər,  eyni  zamanda  zəhmətkeş  fəhlələr 
arasında  xüsusi  ilə  seçilən  Bakı  müxalifətçiləri  də  narazılığa  və  mübarizəyə 
başlamışdılar.  Bakı  müxalifətçilərinin  sovet  hökuməti  və  hegemon  partiya  olan 
kommunist  partiyasının  apardığı  özbaşınalığa  qarşı  fəaliyyəti  genişlənmişdi.  Belə 
ki,  Mərkəzdən  Trotski  və  Zinovyevin  bilavasitə  rəhbərliyi  ilə  Zaqafqaziyada 
müxalifətçi mərkəz yaradılmışdı. Bu mərkəzə Gürcüstan müxalifətçilərinin başçısı 
Mişa  Okuçava  rəhbərlik  edirdi.  Həmin  mərkəzə  Bakı  müxalifətçilərindən  Qrişik, 
Məmmədlinski, Şebarşov daxil idi. 
Mübarizənin  kəskinləşdiyi  bir  vaxtda  Azərbaycanda  müsavatçılar, 
ittihatçılar, qolçomaqlar da mübarizəyə qoşuldular. 
«...1924-cü  ilin  əvvəllərində  Mirzəbəy  Xanlarov  və  başqaları  tərəfindən 
təşkil  edilən  burjua  -  millətçi  və  dini  xarakter  daşıyan  «Azadis»  partiyası  da 
əksinqilabı  iş  aparırdı.  Lakin  1929-cu  ilin  axırlarında  həmin  partiya  onun  fəal 
üzvlərinin  həbs  edilməsi  yolu  ilə  ləğv  edildi.  Beləliklə,  sinfi  mübarizənin 
kəskinləşdiyi  bir  zamanda  müsavatçılar,  ittihatçılar,  qolçomaqlar,  ruhanilər  bir 
sözlə,  bütün  əksinqilabçılar  birləşib  sovet  hakimiyyətinə  qarşı  vahid  cəbhə  təşkil 
etmişdilər» (67, s.138). 
Bakı  müxalifətçilərinin  ilk  fəaliyyəti  1926-cı  ilin  axırları  və  1927-ci  ilin 
əvvəllərindən başlanır. Zinovyev Bakı müxalifətçilərinin başçısı Məmmədlinski ilə 
söhbət  edərkən  Bakı  müxalifətçilərinə  Əyyub  Xanbudaqovun  millətçi  qrupu  ilə 
birləşməsini  ona  məsləhət  görmüşdü...  Zinovyev  Məmmədlinskiyə  göstəriş 
vermişdi ki, plenum və qurultaydakı diskussiyaya ciddi hazırlaşsınlar və mümkün 
qədər  rəhbər  işçilərdən  bir  neçəsini  öz  tərəflərinə  çəksinlər.  Azərbaycan 
müxalifətçiləri  tərəfində  rəhbər  işçi  yox  idi.  Əyyub,  Mahmud  və  Nəbi 
Xanbudaqovlar  müxalifətçilərlə  birləşərək  Bakı  təşkilatında,  xüsusilə  Bayıl-
Bibiheybət  rayonunda  böyük  fraksiyaçı  iş  aparmış,  Bayıl  -  Bibiheybətdə, 

Balaxanıda  müxalifətçi  dərnəklər  təşkil  etmiş  və  diskussiya  zamanı  xüsusi 
canfəşanlıq göstərmişdilər (67, s. 111). 
Bakı  müxalifətçiləri  Moskvadan  gətirilən  sovet  hökuməti  əleyhinə 
ədəbiyyatı  geniş  yayır,  gizli  yığıncaqlar  keçirir,  mübahisəyə  hazırlaşır,  partiyaya 
yad olan, dövlət siyasətindən narazı olan adamlardan istifadə  edirdilər. 1927-ci  il 
dekabrın  1-də  AK(b)P  BK-da  keçirilən  müşavirədə  Bakıda  mübahisəyə  yekun 
vuruldu.  Mübahisə  noyabrın  12-dən  ayın  axırınadək  davam  etmişdi  (67,  s.116). 
AK(b)P-nin  VIII  qurultayında  (noyabr  1927-ci  il)  Azərbaycan  partiya  təşkilatı 
müxalifətə  qarşı  güclü  hücuma  keçdi.  Bakı  müxalifətçiləri  ideya  və  təşkilatca 
darmadağın edildi. 
Beləliklə  də,  hələ  20-ci  illərdə  Azərbaycanın  dövlətçilik  siyasətində 
aparılan  birmənalı  siyasət,  xalqın  və  bir  çox  azərbaycanlı  rəhbər  işçilərin 
mübarizəsinə səbəb olmasına  baxmayaraq, antiazərbaycan  qüvvələrin qələbəsi ilə 
başa  çatdı.  N.  Nərimanov,  Ə.  Xanbudaqov  və  b.  milli  ruhlu,  xalqını  düşünən 
kommunistlərin aqibəti təbii idi,  lakin vaxtilə onlara  qarşı  mirzoyanlar tərəfindən 
ələ  alınmış  R.  Axundovun,  Ə.  Qarayevin,  H.  Sultanovun  və  b.  «beynəlmiləlçi» 
kommunistlərin taleyi də son dərəcə acınacaqlı oldu.  «Pantürkist»,  «panislamist», 
«xarici  dövlətə  işləyən  casus»  və  sair  kimi  ağır  ittihamlarla  damğalanaraq  ya 
güllələndilər, ya da «millətçi» damğası vurularaq sürgün edildilər. 
 
Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin