2.2 Mübarizə aparan tərəflərə münasibətdə mərkəzin antiazərbaycan
mövqeyi, N. Nərimanovun Azərbaycandan
uzaqlaşdırılması
1922-ci ildə Azərbaycan rəhbərliyində vəziyyət gərginləşmişdi. N.
Nərimanovun əleyhdarları (sol qrup) BK-nın himayəsi altında daha da fəallaşmışdı.
Onlara Nərimanov kimi xalqını düşünən bir rəhbərin olması heç cürə sərf etmirdi.
1921-ci il noyabrın 2-də Q. Orconikidze Bakıdan Leninə və Stalinə teleqram
vurmuşdu: «Nərimanov hələ yoxdur, lakin buradakı yoldaşları MK-nın qərarı ilə
tanış etmişəm, burada olmadığım müddətdə iş yoğunlamışdır, indi Nərimanovun
götürülməsini açıq-aşkar tələb edirlər. MK direktivlərinin yekdilliklə, hətta
müzakirəsiz qəbul edilməsi hiyləgər manevrdən başqa bir şey deyildir. Bir neçə
başqa işçi də götürülməsə, qalmaqal davam edəcəkdir. Nərimanovun məsələsində
Axundova və Hüseynova inanmaq olmaz. Qarşıya Nərimanovu devirmək vəzifəsi
qoyulmuşdu... Partiyada aparılan təmizləmə ilə əlaqədar olaraq Nərimanovun
qrupu mühasirəyə alınmışdır... Hüseynovu, Axundovu Moskvada uzun müddət
saxlamaq lazımdır...» V. İ. Lenin teleqramın üstünə yazmışdı: «Məxfi Molotov
yoldaşa. Siyasi Büronun bütün üzvlərinə oxutdurmalı 19.XI Lenin» (13, f.268,
s.26, iş 32, s.144).
N. Nərimanov Stalinə məktubunda yazırdı: «Özünün «Qafqaz» siyasətinin
inkişafına mane olan hər şeyi məhv etmək üçün Serqoya məni Azərbaycandan
uzaqlaşdırmaq lazım idi. O, məsləhət üçün Mirzoyana müraciət etdi, Mirzoyan
dedi: «Bizə ancaq sənin razılığın lazımdır və Nərimanov burada olmayacaq».
Serqo dedi: işində ol» (90, s.56).
L. Mirzoyan Ə. Qarayev və M. D. Hüseynovla birlikdə bütün qüvvələrini,
N. Nərimanovun uzaqlaşdırılmasına yönəldirlər. Onu Moskvada yüksək vəzifəyə
keçməsi adı ilə çıxarırlar. Nərimanov yazırdı: Mirzoyan və Serqo şadlıq edirlər:
məni çıxartdılar və heç bir şey olmadı, Azərbaycanda nəinki üsyan yoxdu, hətta
heç kim Nərimanovun adını çəkməyə cəsarət etmir (90, s.58).
1922-ci il martın 12-də N. Nərimanov Zaqafqaziya Sovet Sosialist
Respublikaları Federativ İttifaqı Sovetinin üzvü seçildi. Martın 2-də Sovetin birinci
iclasında Rəyasət Heyətinin tərkibinə daxil oldu.
N. Nərimanov İttifaq sovetinə daimi işə keçməsi ilə əlaqədar olaraq,
həmin ilin mayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə
Q. M. Musabəyov təsdiq olundu. Nərimanov yazırdı: «Partiya qaydası ilə XKS
sədri yoldaş Musabəyovu seçmək təklifi elan edildikdə yerlərdən səslər eşidildi:
«Bəs Nərimanov? Onlara cavab verdilər ki, Nərimanov İttifaq Sovetinin sədri
seçilmişdir, o dəqiqə onların agentləri bu qərarla razı olmayanları dilə tutub
sakitləşdirməyə başladılar ki, indi Nərimanov hər üç respublikanın başçısı sayılır.
Məgər bu yalan deyil?» (90, s.42).
N. Nərimanov 1922-ci il martın ortalarında Moskvada olmuş, 1922-ci il
mayın 28-də Genuya konfransından Zaqafqaziyaya qayıtmışdır. İyulun 6-dan
dekabrın 5-dək beş ay ərzində Nərimanov İttifaq Sovetinin sədrlərindən biri kimi
Zaqafqaziya dövləti hakimiyyətinin ali icra və sərəncam orqanının fəaliyyətinə
rəhbərlik etmişdir. O, RK(b)P MK-ya, İ. V. Stalinə göndərdiyi məktubda yazmışdı:
«Tiflisdə yaşayarkən, guya ali hakimiyyət kimi çox tez-tez mənə ASSR Xalq
Komissarları Sovetindən və onun ayrı-ayrı üzvlərindən şikayətlə müraciət
edirdilər, lakin mən hər dəfə izah etməli olurdum ki, bəzi məsələlərə toxunmağa
mənim hüququm yoxdu və i. a.
Bu halda mən ya gərək özümü dartıb üç respublikanın başçısı kimi
göstərməli və amansız yalan danışmalı, yəni vəd verib lakin heç bir iş görməməli,
ya da olduğunu deməməliyəm». (90, s. 42).
N. Nərimanovun xalq kütlələri arasında olan nüfuzu ilə idarəetmədəki
səlahiyyətləri arasında tərs mütənasiblik vardı. Birinci nə qədər yüksəkdə
dayanırdısa, digəri o qədər məhdud idi. Mərkəzin planında o, təlimatlandırılmış
icraçı kimi qiymətli sayılırdı (33, s. 34).
1923-cü il martın 19-23-də Zaqafqaziya Kommunist təşkilatlarının II
qurultayı keçirildi. Partiya quruculuğu haqqında məruzəçi L. Mirzoyan idi. O,
məruzəsində əsas yeri partiyanın sosial tərkibi, ziyalılar, kommunistlərin tərbiyəsi
məsələlərinə vermişdi. Kəndlilərə xor baxmaq meyli də aydın görünürdü. L.
Mirzoyan diyarın partiya təşkilatlarına dedi-qodu, dəstəbazlıq, şəxsi çəkişmələr,
intriqaçılıq və digər mənfi halların mövcud olmasından danışarkən bildirdi ki, guya
bunun başlıca səbəbi kəndlilərin geniş axınla partiyaya gəlməsi ilə əlaqədar olaraq
partiyanın sosial tərkibinin pisləşməsidir.
Bu fikri qətiyyətlə pisləyən İ. B. Yujak açıq danışdı: «Dedi-qodu hər
şeydən əvvəl yuxarı dairələrin boğuq ab-havasından doğur, mən bunu bürokratizm
ab-havası adlandırardım. Son 2-3 ildə quruculuğun müxtəlif sahələrində bizim
yuxarı dairələrin tərkibini yoxlayanda, ancaq vaxtaşırı aparılan yerdəyişmələrin
şahidi olursan, təzə işçilərə rast gəlmirsən». N. Nərimanov da dedi-qodunun
pozucu təsiri məsələsinə toxunaraq qeyd etdi ki, bunun başlıca səbəbi mərkəzin
direktivlərini və ideyalarını başa düşməməkdən, partiyanın Mərkəzi Komitəsinin
qərarına müxtəlif tərzdə yanaşmaqdan ibarətdir (13, f.268, s.26, iş 32, s.157-158).
Zaqafqaziya kommunist təşkilatlarının II qurultayında İ. V. Struanın və R.
A. Axundovun çıxışları yenə də Nərimanova qarşı idi. Nərimanovu necə olursa
olsun, təqsirləndirməyə çalışan Strua keçmişin hadisələrinə qayıdaraq bildirdi ki,
«Bakı çəkişməsində» Nərimanov yox, o biri yoldaşlar haqlı idilər.
R. Axundov öz çıxışını əsasən N. Nərimanovun və F. Maxaradzenin
dediklərinin tənqidinə həsr etdi. Mərkəzin direktivinin başqa birisinin yox, məhz
Nərimanovun başa düşmədiyini istehzalı ifadələrlə sübuta yetirməyə çalışdı.
Yoldaşların geri çağırılması məsələsini yenidən qaldıraraq bildirdi ki, bu iş
Nərimanovun «şəxsi diktaturasını» möhkəmləndirmək üçün görülmüşdür.
Mirzoyanın və onun digər tərəfdarlarının nöqteyi-nəzərini ifadə edən Axundovun
çıxışı yeni iqtisadi siyasətin siyasi məzmunu ətrafında idi. Yeni iqtisadi siyasətin
mahiyyəti fəhlə sinfinin kəndlilərlə ittifaqı və bu ittifaqı möhkəm iqtisadi təməl
üzərinə qoymaqdan ibarət idi. YİS-in Lenin konsepsiyasına zidd olaraq çıxışda
kəndlilərə etimadsızlıq ifadə edilirdi. Əhalisinin əsas qismi kəndlilərdən ibarət olan
Qafqazda bu xətt xüsusilə təhlükəli idi (13, f.268, s.26, iş 32, s.160).
R. Axundov gənc kommunistləri partiya veteranlarına qarşı qoyurdu:
«qocalara bizim hörmətimiz var, lakin onlar xırda burjua millətçiliyinə meyl
eləyəndə, icazə verin, biz tabe olmayaq, nəinki tabe olmayaq, hətta onların özlərini
partiyanın ümumi iradəsinə tabe olmağa vadar edək. Əks təqdirdə biz partiyanı
dağıdar, bir ovuc ötkəm diktatorlar yaradarıq».
N. Nərimanov qurultaydan sonra RK(b)P MK-ya göndərdiyi məktubda
yazırdı: «...Partiyada yuxarıdan və aşağıdan parçalanma gedir. Yuxarıda gedən
parçalanma mərkəzin direktivlərini hərəsi bir cür başa düşən məsul işçilər arasında
gedir, aşağıdan parçalanma ona görədir ki, sollar adlananların diktaturası gənc
kommunistlər arasında casusluğu, bəzən biabırçılıq dərəcəsinə çatan intriqanı
qızışdırır. Biz canının qorxusundan deyil, vicdanının hökmü ilə işləyə bilən cəsur,
dürüst və vicdanlı qəhrəmanlar tərbiyə etməkdənsə, qorxaqlar, yalançılar və
satqınlar yetişdiririk» (13, f.268, s.26, iş 32, s.160).
V. Lenin milli siyasətini ən ciddi şəkildə, RK(b)P X və XII qurultaylarının
göstərişlərini ardıcıl surətdə yerinə yetirməyə çalışan N. Nərimanov V. İ. Lenini
çox təşvişə salmış «Gürcüstan münaqişəsi» məsələsindən də yan keçə bilməzdi.
N. Nərimanov Gürcüstan partiya təşkilatının görkəmli rəhbərlərinin
rüsvay edilməsini, «millətçilik təmayülündə» ittiham olunmasını, vəzifədən
götürülməsini İ. Stalinin və onun xəttini müdafiə edən Q. K. Orconikidzenin
özbaşınalığının və böyük dövlətçilik siyasətinin təzahürü kimi qiymətləndirir, Q.
K. Orconikidzeni «Stalinin yanında «general-qubernator» adlandırırdı.
V. İ. Lenin məxfi məktubunda L. D. Trotskiyə belə müraciət etmişdir:
«Sizdən çox xahiş edirəm ki, gürcü işinin partiya MK-sında müdafiəsini öz
üzərinizə götürəsiniz. Hazırda bu iş Stalin və Dzerjinskinin «təqibi» altındadır və
mən onlann qərəzsizliyinə bel bağlaya bilmərəm. Hətta tamamilə əksinə». P. Q.
Mdivaniyə, F. İ. Maxaradzeyə və digər gürcü yoldaşlara məxfi müraciətində isə
(bu V. İ. Leninin diktə etdiyi son sənəd idi) göstərilmişdi: «Bütün qəlbimlə sizin
işinizi izləyirəm. Orconikidzenin kobudluğu və Stalinlə Dzerjinskinin buna göz
yummaları məni hiddətləndirmişdi». Bu məsələdə N. Nərimanovun fikri V. İ.
Leninin rəyinə uyğun gəlirdi. «Gürcüstan münaqişəsi» SSR İttifaqının təşkili
ərəfəsində xüsusilə şiddətlənib son dərəcə kəskin şəkil aldı. Qafqazın görkəmli
partiya xadimləri münaqişəni söndürmək üçün var qüvvələri ilə çalışırdılar,
tərəflərin hamısını qane edib ehtirasları yatıra bilən təkliflər hazırlamışdılar. Bu öz
ifadəsini 1922-ci il 24 iyul tarixli «Zaqafqaziya Federativ İttifaqının əsasları»nın
on bir bəndində tapmışdı. Sənədi A. F. Myasnikov, N. Nərimanov, P. Q. Mdivani
və S. M. Kirov imzalamışdılar (13, f.268, s.26, iş 32, s.162).
O zaman Azərbaycanda da Gürcüstandakına bənzər vəziyyət yaranmışdı.
Azərbaycanda da sovet hakimiyyəti qurulandan az sonra Q. K.
Orconikidze İ. V. Stalinin ortaya atdığı və zorla qəbul etdirməyə çalışdığı
«muxtariyyətləşmə» ideyasını - yeni meydana gələn müstəqil sovet respublikalarını
muxtar qurumlar kimi RSFSR-in tərkibinə daxil etmək təklifini irəli sürdü.
Bu təklifə Azərbaycan, Ermənistan KP MK-ləri qeyd şərtsiz razı oldular.
Belarusiya KP MK-sı müqavilə münasibətlərinin saxlanmasına tərəfdar çıxmışdır.
Gürcüstan KP MK isə sentyabrın 15-də Stalinin layihəsini tamam rədd etmişdir.
Ukrayna K(b)P MK isə layihəni müzakirə etməyə macal tapmamış və ona yenidən
baxılması məsləhət görülmüşdü.
V. İ. Lenin 1922-ci ilin sentyabrın 26-da Siyasi Büro üzvləri üçün
Kamenevə yazdığı məktubda bildirirdi ki, «...məsələ son dərəcə mühümdür.
Stalində bir qədər tələsməklik meyli vardır. Siz gərək yaxşı düşünəsiniz»... O
həmçinin məktubda «muxtariyyətləşməni» millətlərin hüquqlarını tapdalayan səhv
ideya kimi tənqid etmişdir. O, layihənin RSFSR-ə «daxil olmaq» sözünün əvəzinə
«RSFSR ilə birlikdə rəsmən sovet Respublikaları ittifaqında birləşmək» sözlərini
yazmağı təklif etmişdi. Onun fikrincə, respublikalar elə formada birləşməlidirlər ki,
orada birləşən xalqların suveren hüquqlarına xələl toxunmasın, onların bərabər
hüquqluluğu təmin edilmiş olsun. Bu məqsədlə o, bərabər hüquqlu müstəqil
respublikaların könüllü birləşməsi formasını irəli sürmüşdü. O, ittifaq
müqaviləsində ittifaqdan təkbaşına çıxmaq hüququnu və tərəflərin səlahiyyətinin
müəyyən edilməsini göstərməyi çox vacib saymışdı (42, s.82)
Bu da əslində deklarativ xarakter daşıyırdı. ZSFSR-in yaranması 1922-ci
il dekabrın 10-da çağırılmış I Zaqafqaziya sovetlər qurultayı ilə başa çatdırıldı.
Qurultayda ZSFSR-in yaranması rəsmiləşdirildi. Zaqafqaziya MİK seçildi.
ZSFSR-in yaranması süni surətdə Qafqazı parçalamaq, RK(b)P MK Qafqaz
bürosunun iş üslubunu Zaqafqaziya respublikalarına köçürmək, birləşmək adı
altında onların suveren hüquqlarını tapdalamaq idi.
ZSFSR-in yaranması ilə Azərbaycanın zəngin ehtiyatları hesabına
Gürcüstan və Ermənistan iqtisadiyyatı bərpa edilib dirçəlmişdi. 1936-cı ildə
ZSFSR ləğv edilənə qədər bu, davam etmişdi.
1922-ci il yanvarın, 9-da N. Nərimanov V. Leninə yazdığı məktubda
birləşməyə öz münasibətini bildirmişdi: «Mən Kavbüronun iclaslarında həmişə
deyirdim: Birləşmək lazımdır, ancaq tələsmək lazım deyildir.
Azərbaycan ta qədimdən indiyənə qədər bütün sovet respublikalarına
münasibətdə beynəlmiləlçiliyi sübut etdi və edir. Öz varlığını bütün respublikaların
varlığı hesab edir, o bunu sözlə yox, işlə sübut etdi. Ermənistanın xeyrinə o
ərazisindən imtina etdi. O vaxt ki, bunu siyasi cəhətdən etmək olmazdı. Buna
baxmayaraq, heç bir sovet respublikası bizə heç nədə güzəşt etmək istəmir.
Kav.Büro bir qərar verir, bunu yalnız Ermənistan ya Gürcüstan pozur. Bu
respublikaların heç biri bunu etmək istəmir. Azərbaycan ümumi işin xətrinə
qurbanlar verir. Başlıca anlaşılmazlıqlar bunlardı. Sözsüz, partiya qayda-qanunları
ilə biz hər şeyi etdik. Mərkəzdə əgər yoldaş Serqonun səyinə rəğmən birləşmə
məsələsi həll olunubsa, ədalətlə düşünmək lazımdır, İttifaq Sovetinin mərkəzi Bakı
olmalıdır, Tiflis yox. Bu, məsələni bir qədər yüngülləşdirər» (13, f.609, s.l, iş 71,
s.67-68).
N. Nərimanov RK(b)P MK-ya göndərdiyi məktubda Zaqafqaziya partiya
təşkilatlarında milli siyasətin həyata keçirilməsində əyintiləri aradan qaldırmaq,
siyasi ab-havanı sağlamlaşdırmaq üçün bir sıra tədbirlər görməyi təklif etdi. Bunun
üçün o, hər şeydən əvvəl «Serqo Orconikidzeni dəstəsi ilə birlikdə Zaqafqaziyada
işdən götürməyi, partiyaya 1917-ci ildən əvvəl daxil olan qocaman partiyalı
yoldaşların əksəriyyətini Azərbaycan və Gürcüstan mərkəzi komitələri üzvlüyünə
qəbul etməyi» zəruri sayırdı. O, Bakı Partiya Komitəsinə seçkilərdə də eyni
tədbirlər görməyi, onun tərkibini fəhlələr hesabına artırmağı təklif edirdi. Yazırdı
ki, Orconikidzeni Zaqafqaziyada saxlamaq köhnə siyasəti davam etdirmək demək
olar, beləliklə, partiyanın XII qurultayının milli məsələyə dair qərarı Zaqafqaziya
respublikalarında lazımi təsir bağışlamaz (13, f.268, s.26, iş 32, s.162).
N. Nərimanovun «milli təmayüllü» siyasəti «Nərimançılıq» adlanırdı.
«1920-ci illərdən başlayaraq doktor Nəriman Nərimanovun Komissarlar Şurasının
sədri olduğu zamanlarda «Nərimançılıq» adı altında millətçi bir qrupun meydana
çıxdığını eşitməyən az idi.» M. S. Ordubadi bu ideyanın nədən ibarət olduğunu
belə müəyyənləşdirirdi: «Onun bütün bəhsləri özünün təzə bir əqidə müəssisi
olduğunu göstərirdi.» O, bu əqidəni belə açırdı: «Nərimançılıq deyirdi ki, xalqların
irq və adətləri müxtəlif olduğu kimi düşüncə və zehniyyətləri də bir-birindən
ayrıdır.» N. Nərimanovun sinfi mübarizəyə öz baxışının olduğu qeyd olunurdu:
«Nərimançılıq» eyni zamanda siniflərin tövsiyyə etmək məsələsini kommunizm ilə
burjuaziyanı barışdırmaqla həll etmək istəyirdi. «Nərimançılıq» sosializm və
kommunizmə sinfi mübarizə yolları ilə deyil, barışdırıcılıq yolları ilə getməyi
tövsiyə edirdi. Nəriman öz nəzəriyyəsi ilə sovet üsul-idarəsindən razı qalmayanları
da öz tərəfinə çəkirdi».
N. Nərimanov Azərbaycandan uzaqlaşdırılandan sonra «sol» qrup
tamamilə qol-qanad açdı. Nərimanovun məsləkdaşlarına divan tutuldu. Bir qismi
siyasi cəhətdən «öldürüldü», partiyadan çıxarmaq hədəsi ilə büsbütün
simasızlaşdırıldı, digər qismi isə gizli fəaliyyətə keçməyə məcbur edildi.
L. Mirzoyan AK(b)P Bakı Komitəsinin katibi seçildikdən sonra sollar öz
mövqelərini möhkəmləndirdilər. N. Nərimanov və onun tərəfdarlarına qarşı
mübarizəni gücləndirdilər. Onlar Stalinin hədsiz mərkəzləşdirmək, inzibati-amirlik
metodlarını geniş yaymaq xəttini canfəşanlıqla yeridirdilər.
Nəriman Nərimanov Azərbaycandan uzaqlaşdırıldı. Nərimanov kimi tarixi
şəxsiyyətlərin ətrafında mübahisələrin olması təbiidir. O, kommunizm ideyalarına
inanaraq azəri türklərinin, Şərq xalqlarının azadlığını bu ideyalarda görür və bu işin
həyata keçirilməsində milli, dini, etnik, ümumən yerli xüsusiyyətləri ciddi şəkildə
nəzərə almaqla var qüvvəsi ilə çalışır, azad və xoşbəxt cəmiyyət quruculuğu
yolunda milli-mənəvi dəyərlərin qorunub daha da inkişaf etdirilməsi uğrunda
daima mübarizə aparırdı. Bu da onun düşmənlərini - daşnakları və onların
havadarlarını razı sala bilməzdi. Odur ki, müxtəlif bəhanə, böhtan, hiylə ilə
Nərimanovu Azərbaycandan qismən uzaqlaşdırmağa, onun doğma xalqla mənəvi
əlaqələrini kəsməyə çalışır, məqsədlərinə müəyyən məqamlarda nail olsalar da,
onu xalqdan tamamilə ayıra bilmirdilər.
N. Nərimanovun milli təmayüllü kommunist ideologiyasının platforması
təxmini doqquz maddədən ibarət idi.
l.Azərbaycan bütün qəzalarla müstəqil olmalı və SSRİ-yə müstəqil dövlət
kimi daxil olmalıdır.
2.Orta sinfə, yəni orta burjua sinfinə maksimum güzəştə getmək lazımdır.
3.Dövlət idarələri tam milliləşdirilməlidir, yəni məsul vəzifələrdə çalışan
dövlət məmurlarının əksəriyyəti milliyətcə azərbaycanlı olmalıdır.
4.Azərbaycan dili dövlət dili elan olunmalı və tam hüquqla fəaliyyət
göstərməlidir.
5.Hərbi qulluq əhalinin tam imkanları əsasında keçirilməlidir.
6.Bütün partiya və dövlət siyasəti Azərbaycanın milli adət-ənənələri ilə
uzlaşmalıdır.
7.Din məsələlərində maksimum ehtiyatlı rəftar edilməlidir.
8.Azərbaycanın iqtisadi imkanlarına və milli sərvətlərinə tam və müstəqil
şəkildə sərancam verilməli, lazım bilindikdə başqa «qardaş respublikalara» yardım
göstərilməlidir.
9.Şərq xalqlarının milli-azadlıq hərəkatına kömək edilməlidir. (13, f.12,
s.l, iş 452, s.11-26).
N.
Nərimanova yaxından bələd olan «Müsavat» partiyasının
ideoloqlarından M. B. Məmmədzadənin 1923-cü ildə «Yeni Qafqaziya» mühacir
jurnalında dərc etdirdiyi «Azərbaycanda vəziyyət» məqaləsi N. Nərimanovla onun
rəqibləri arasında gedən ideya, siyasi və mənəvi, psixoloji mübarizə barədə
müəyyən təsəvvür yaradır. Məqalədən məlum olur ki, M. B. Məmmədzadə mayın
15-də Bakıdan Ənzəliyə gəlmiş olan səlahiyyətli bir nəfərlə görüşür.
Azərbaycandakı vəziyyətlə tanış olduqda o, xəbər verir ki, doktor Nərimanov,
sabiq Azərbaycan Komissarlar Şurasının rəisi hal-hazırda Müttəhid Şura
Cümhuriyyətləri Mərkəzi İcraiyyə Komitəsi divani rəyasət əzası, xəstə olduğundan
3 aylıq bir məzuniyyətlə Bakıya gəlmişdir və qəribədir ki, Moskvanın bir sadə
uşağını təntənə ilə qarşılayan Bakı bolşevikləri Nərimanovun gəldiyini qəzetdə
belə qeyd etməmişdilər. Nərimanovla kimsə görüşmür, görüşmək istəmir...
Nərimanov pək yorğun və cismən olmasa da, ruhən xəstədir. O, bütün işlərdən
naümüd və hər şeyə laqeyddir (29, 3.07.1996).
Araşdırmalar göstərir ki, N. Nərimanov xalqdan uzaqlaşdırılsa da, xalq
onu unutmamış, ona ən böyük dərdini, sirrini belə deməyə cəsarət etmişdi.
Nərimanova göndərilmiş məktubların biri bunu daha aydın sübut edir ki, təqiblər,
repressiyalar 25-ci ilə qədər və sonralar da davam edir. Məktub 1925-ci il fevralın
15-də yazılmışdır: «...Daim qorxu halında yaşamaqdansa, birdəfəlik ölmək
yaxşıdır. Mənim heç bir günahım yoxdur və heç kimin işinə qarışmamışam. Mən
siyasi bitərəfəm, sovet hakimiyyətinə qarşı özümü sadəlövh aparmışam. Ölümün
qarşısında bunu deyirəm. Əxlaqi cəhətdən mən təmizəm. Hər kəsin üzünə cəsarətlə
baxa bilərəm...
Nə qədər ki, Baqdasarovlar və Roxlinlər bizimkilərə rəhbərlik edəcək...
Azərbaycanda necə ki, ikiüzlü maskalar var, hələ çox əziyyət çəkiləcək və gizli
olaraq milli düşmənçilik ömür sürəcək. Püşk atıb mən ölümü seçmişəm. Zeyvər.
16 fevral 1925» (13, f .609, s.l, iş 89, s.188).
N.
Nərimanov yorulmuşdu: mövqeyini, prinsiplərini anlatmaq,
təsdiqləmək,
səylərinin
nəticəsizliyindən,
siyasi
dartışmaların
mənəvi
zərbələrindən və nəhayət, məhrumiyyətlərə dözərək həyatını sərf etdiyi, bir çox
dəyərlər bahasına üstünlük verdiyi amalının gerçəkləşmək şansının itirildiyi və bu
prosesin qarşısını almaq iqtidarında olmadığını dərk etməkdən (47, 13.04.1990).
N. Nərimanov səhhəti ilə bağlı Bakıya dönmək, vəzifəsindən azad
olunmaq, ailəsini saxlamaq üçün Bakıda ədəbi işlə məşğul olmağa icazə istədi.
Məktub Stalinə yazılmışdı.
N. Nərimanovun qəfil ölümü bütün vicdanlı, əqidəli insanlara çox böyük
təsir etdi. O dövrün mətbuatını izlədikdə çox təəssüf ki, onun ölümünün
Azərbaycan mətbuatında soyuqqanlı qarşılandığı görünür. Myasnikovun vəfatı
barədə bir neçə nömrədə («Bak. Raboçi» qəzetində - R.B), Nərimanovun vəfatı
haqqında isə 1 nömrədə material verilmişdi. Onun rəqibləri Orconikidze, Kirov öz
maskalarını gizlədərək, alovlu nitqlər söyləyirdilər. Orconikidzenin çıxışı buna
misaldır. «Yoldaş Nərimanov bizim partiyanın Şərqdə olan ən böyük
şəxsiyyətidir... Bizlər üçün sözsüz ki, yoldaş Nərimanov Zaqafqaziyada yorulmaz
mübariz kimi tanınmışdır. Azərbaycanda Nərimanov yoldaş bizim partiyanın ən
yaxşı bayraqdarı olmuşdur. Müsavat dövrünün ağalığı vaxtı Nərimanov Şərqin
simvolu idi» (112, 22.03.1925).
20-ci illərdə Azərbaycan rəhbərliyində daxili-siyasi çəkişmələrdə
mübarizə aparan tərəflərə mərkəz birtərəfli yanaşırdı.
N. Nərimanov Stalinə yazmış olduğu tarixi məktubunda göstərirdi ki:
«Ucqarlarda milli təmayül mərkəzin özü və ya onun işçiləri tərəfindən yaradılır.»
Bu, çox ciddi və yerində vurğulanmış irad idi. Moskvadan göndərilmiş vəzifəli
kommunistlər yerli şəraiti və milli xüsusiyyətləri nəzərə almayaraq, idarəçilikdə
hazırlıqları və təcrübələri olmadıqları üçün «ya işi korlayır, ya da həmin
respublikada öz vəziyyətlərini möhkəmləndirmək üçün «milli təmayül» uydururlar
və işlə deyil, xəbər gəzdirməklə məşğul olurlar. «Solların» mənşəyi də bundan
başlayır.
Çox təəssüflər olsun ki, bu, mərkəz tərəfindən təsdiq edilir.
Beləliklə, işimiz üçün fəlakətli olan yerli işçilərlə mərkəzçilər arasında
süni surətdə mübarizə yaradılır. İkinci hadisə göstərir ki, Mərkəz müəyyən sahəni
özünə tabe edərək, nəinki heç bir şey vermir, hətta həmin Respublikanın axırıncı
tikəsini belə əlindən alır» (90, s.37-38).
Nəriman Nərimanov 1924-cü il mayın 27-də «Ucqarlarda inqilabımızın
tarixinə dair (İ. V. Stalinə məktub)» adlı tarixi məktubuna əlavəsində daha bir çox
vacib məsələlərə də toxunur: erməni «yoldaşlar» və rus şovinistləri Bakı
təşkilatının rəhbərləri cinayətkar siyasət həyata keçirir, keçmişlərindən qorxan
müsəlman işçilərin qüvvəsindən istifadə edərək öz məqsədlərinə - partiyanı
parçalamağa nail olmaq üçün solluq oyunu oynayırlar.
Bir il keçdikdən sonra, son dərəcə dəqiqliklə qabaqcadan dediklərimiz
həyata keçdi.
Biz öz məruzələrimizdə həmişə deyirdik ki, türk fəhlələri arasında iş
aparılmadığı üçün və onlara yanlış münasibət üzündən türk və rus fəhlələri
arasında antoqanizm genişlənir. Onların ölkənin idarə edilməsində və s. rus
fəhlələri ilə birlikdə şüurlu surətdə iştirak etmələri üçün türk fəhlələrinin inkişaf
səviyyəsini yüksəltmək zəruridir.
Məruzədə mən birbaşa göstərirəm ki, bu məlum proqram üzrə məlum
şəxslər tərəfindən həyata keçirilir ki, onlar nəyin bahasına olursa olsun,
Azərbaycanı simasızlaşdırmaq, öz miskin məqsədləri üçün onu gücdən salmaq
istəyirlər. Bu məqsədə nail olmaq üçün onlar özləri çıxış etməyib, Azərbaycandan
olan türkləri Azərbaycanın mənafeyini müdafiə edənlərə qarşı çıxış etməyə məcbur
edirlər. İş «parçala və hökm et» şüarı altında getmiş və gedir» (90, s.55-56).
N. Nərimanovu narahat edən bütün məsələlərə mərkəz birtərəfli yanaşır,
bəzi məsələlərdə açıq-aşkar qeyri-obyektiv mövqe tuturdu. Mərkəzin mübarizə
aparan tərəflərə etinasız mövqe tutması 1923-cü ildə Azərbaycana Y.
Yaroslavskinin başçılığı altında göndərilmiş komissiyanın mövqeyində də öz
əksini tapmışdı. N. Nərimanovun milli məsələ haqqında məruzəsinin ətrafında
Mərkəzi Partiya Yoxlama Komissiyasının materialları, Bakı özək partiya
təşkilatlarının qəbul etdikləri protokolları, onların milli məsələ haqqında
qətnamələri, Mərkəzi Yoxlama Komissiyasının gəlməsinin məqsədi və səbəbləri
ilə tanış olduqda bunu bir daha aydın görmək olur
Yoxlama Komissiyası 1923-cü ilin iyulunda Bakı partiya, komsomol
özəklərində, zavodlarda, fəhlə yığıncaqlarında olmuş və N. Nərimanovun Mərkəzə
məktubu ilə əlaqədar araşdırma aparmış və yeni təşkilatlarda yoxlamalar
keçirmişdir.
Komissiyanın sədri Y. Yaroslavski bildirir ki, gəlişimizin məqsədi yerli
təşkilatların yoxlanılmasıdır. O, qeyd edirdi ki, N. Nərimanov yerli təşkilatları
təqsirləndirməkdən başqa, partiyanın Mərkəzi Komitəsini də ittiham edir. Xalq
Xarici İşlər Komissarının mövqeyini pisləyir və göstərir ki, Kominternin də
mövqeyi düzgün deyil. O, Şərq məsələsində yalnız özünü haqlı sayır. Onun
ərizəsinin bu tərəfinə biz burada toxunmayacağıq. N. Nərimanov öz məktubunda
yerli rəhbər işçiləri milli məsələdə səhvlərə və əyintilərə yol verməkdə
günahlandırır ki, onlar milli məsələyə əks-partiya, şovinist mövqeyilə yanaşırlar,
türklər ruslar, ermənilər, yəhudilər tərəfindən hər cürə sıxışdırılırlar. O, iddia edir
ki, türkləri ona görə sıxışdırırlar ki, onlar N. Nərimanovun tərəfdarıdırlar. Bütün
bunların da nəticəsində bir çox türk kommunistlər partiya sıralarından çıxmışlar.
Onlar öz partiya biletlərini özləri gətirib təhvil veriblər (13, f.609, s.l, iş 117, s.l).
Y. Yaroslavski Komissiyanın qarşısında qoyduğu məqsədlərdən danışaraq
bildirdi ki, biz çalışacağıq ki, bir neçə iri istehsalat özəklərinin işlərini yoxlayaraq,
müəyyən edək ki, onların milli məsələ ətrafında müzakirələri, milli məsələ
barəsində ixtilafları, milli cəhətləri bəhanə edərək partiya sıralarından qanunsuz
çıxarma hadisələri, millətçilik kəmiyyətinə görə sıxışdırmalar olubmu? Hal-hazırda
Bakı Komitəsinin özəklərə münasibəti necədir? Özəklərlə BK arasında ixtilaflar
varmı və hansı məsələlər üzərindədir? BK-nın köhnə tərkibə münasibəti, L.
Mirzoyanla N. Nərimanov arasında ixtilaflar necə olub? Özəklərin say hesabı,
artımı və ya əskilməsi hiss olunurmu? Özəklərdə dini məsələyə necə baxırlar,
bitərəflərin kommunist partiyasına münasibəti necədir kimi suallara obyektiv
qiymət vermək (13, f.609, s.l, iş 117, s.2).
Əslində Mərkəzdən gələn Yoxlama Komissiyası özəklərin işlərinə
baxandan sonra, raykomların istehsalat özəklərinin məsul işçiləri və nümayəndələri
ilə görüşüb yığıncaqlar keçirməli, sonra şəhər partiya komitəsinin işinə obyektiv
baxmalı və daha sonra ümumşəhər partiya komitəsinin iclasını çağırmalı, orada
Mərkəzi Yoxlama Komissiyasının işinin nəticələrini və eyni zamanda bu sahədə
komissiyanın gələcək işinin əsas istiqamətlərini bəyan etməliydi. Ancaq
hadisələrin gedişi göstərdi ki, Mərkəzin və yerli qeyri azərbaycanlı rəhbərlərin
marağı və mənafeyi baxımından hadisələrə qeyri-obyektiv yanaşılır. N.
Nərimanovun məktubunda göstərilən reallıqdan bacardıqca uzaqlaşmağa çalışılırdı.
Hadisələrə qeyri obyektiv yanaşılması hər şeyin kağız üzərində qalmasına
gətirib çıxartdı. Protokolların materillarından məlum oldu ki, çıxış edən
müsəlmanlar öz vəzifələrindən, partbiletlərindən qorxaraq həqiqəti gizlətməyə
çalışmış, Nərimanovun, Sultan Qaliyevin və b. əleyhinə böhtanlar yağdırmaqdan
belə çəkinməmişlər.
1923-cü il iyulun 10-da Lenin adına toxuculuq fabrikində keçirdiyi iclasda
Y. Yaroslavski sanki yığıncaq iştirakçılarının diqqətini Nərimanova və onun
məktubunun əleyhinə yönəltmək məqsədilə Sultan Qaliyevin işi haqqında uzun-
uzadı geniş məlumat verərək göstərir ki, o, milli xalq komissarlığının üzvü idi, ona
böyük etimad göstərilmişdi. O, isə gizli təşkilat düzəltdi və gizli məktublarla
basmaçı rəhbərliklərlə əlaqə yaratdı. Bizim partiyanın üzvü ola-ola partiya işini
eşələməyə başladı. Biz onu cəzalandırdıq, partiya sıralarından çıxardıq. O, özünü
onunla təmizə çıxarmaq istəyir ki, guya o partiyada olan siyasətdən razı deyil. Bəzi
yoldaşlar guya milli məsələyə düzgün baxmırlar. Türk fəhlələrinə lazımi nəzər
diqqət yetirilmir, onlar partiya işinə cəlb olunmurlar və s. (13, f.609, s.l, iş 117,
s.7).
Əvvəlcədən öyrədilmiş bir çox adamlar, mənsəbpərəstlər Nərimanova
qarşı çıxış etdilər. Məsələn, həmin iclasda çıxış edən fabrik komitəsinin sədri Əsəd
Əliyev deyirdi: «Mən Aşumov Molla Babadan başlamaq istəyirəm. Bizdə elə
hallar olmayıb ki, fəhlələr öz partiya biletlərini cırıb tullasınlar. Əgər ki, türk
partiyaya qəbul olubsa, o, məqsədlə, şüurla girib, heç bir şöhrətpərəstlik naminə
yox, ona görə o, partbiletini asanlıqla tullaya bilməz. Molla Baba partiyadan
çıxarılanda mənim yanıma gəlib dedi ki, Nərimanovu Azərbaycandan çıxarırlar.
Bütün Azərbaycan məğlub olacaq. Nərimanovun getməsinə yol verilməməlidir.
Mən düşündüm ki, əgər çıxarırlar belə də olmalıdır. Burada bizim etirazımızın nə
faydası var. «Şaxsey-vaxsey olanda Molla Baba yolundan çıxdı və «şaxsey-
vaxseyin» rəhbəri oldu (13, f.609, s.l, iş 117, s.8).
Toxucular ittifaqının sədri Piriverdiyev də qərəzli və yaltaq çıxışında
Nərimanovun əleyhinə deyirdi: «Nərimanovun vaxtında heç bir iş görülmürdü,
yalnız intriqalar, ixtilaflar mövcud idi. İntriqalar bütün vaxtları alırdı. Nərimanov
ona qarşı duranlara amansız olurdu, qəzalara göndərərək öz nöqteyi nəzərindən
uzaqlaşdırırdı. Nərimanov deyir ki, fabrik, zavodda türklər yoxdu. Bu, düz deyil.
Bizim fabrik zavod komitələrində 95% türk var. Biz Axundovu, Orconikidzeni,
Qarayevi tanıyırıq. Onlar sovet hakimiyyətini təşkil etdilər. Nərimanov gedəndən
az sonra nəfəs almaq asanlaşdı. Biz normal işə başlayırıq, partiya sağlamlaşdı» (13,
f.609, s.l, iş 117, s.9).
Əlbəttə, N. Nərimanovun yoxluğundan istifadə edən mirzoyanlar, «sol»
qrupunun nümayəndələri hakimiyyəti öz əllərində necə cəmləşdirmişdilərsə, artıq
onların qarşısında duracaq qüvvə yox idi, ixtilaflar da olmayacaqdı.
Qara şəhərin 10-cu zavod qruplarının 1923-cü il 11 iyul tarixindəki
iclasında Nərimanovun ərizəsi ilə əlaqədar milli məsələyə dair aşağıdakı qətnamə
qəbul edilmişdi: iclas Bakı Komitəsinin işini bəyənir, N. Nərimanovun ərizəsini
pisləyir, türklərin sıxışdırılması haqqında sözlər düz deyil, türklər, ermənilər, ruslar
və ayrı-ayrı fəhlələrin arasında qardaşlıq həmrəyliyi yaranıb, partiya indi xalq
təsərrüfatının bərpa olunması, dirçəldilməsi ilə məşğul olmalıdır, partiya
imperializmlə mübarizə aparanlara mane olanları pisləyir. Molla Babanın və
Ələkbərin partiyadan çıxarılmasını, onların əks hərəkətlərinin zərərliliyinin
yoxlanmasını partiya təşkilatlarına tapşırır (13, f.609, s.l, iş 117, s.16).
Burdan da aydın görünür ki, N. Nərimanovu müdafiə edən fəhlələrin
aqibəti bu cür olurdu.
N. Nərimanovun məktubu ilə əlaqədar Mərkəzdən gələn Yoxlama
Komissiyası komsomol özəklərinin birgə iclasında da bu məsələyə baxdı. Digər
iclas protokollarından göründüyü kimi, burada da çıxış edənlər Abdinov, Ağacan,
Kaminski və b. o cümlədən, rayon istehlak özəklərinin Balaxanı, Sabunçu və
Ramanadakı birgə iclaslarında Ağa İbrahimov (ərzaq komitəsinin sədri), Əmənulla
(zavkomun sədri), Mehbalı Novruz (Az.MİK rəyasət heyətinin üzvü), Muxtar
Fətəli, Mahmudov, Zemlyanski və b. çıxışlarında günahı Nərimanov, Molla Baba,
Şirvani və b. üzərinə yıxdılar və BK-nın mövqeyini bəyəndiklərini, türklərə qarşı
heç bir diqqətsizliyin olmamasını, bütün qazanılmış uğurların Orconikidze, R.
Axundov, M. D. Hüseynovun zəhməti bahasına başa gəldiyini və onların tanınmış,
etibarlı rəhbər işçilər olduğunu vurğuladılar.
N. Nərimanovun məktubunda yazılanların hamısı böhtan hesab edilir,
Mikoyan, Mirzoyan, Sarkis və onların icraçıları kimi fəaliyyət göstərən R.
Axundovun, M. D. Hüseynovun və b. rolu şişirdilir, təriflənirdi.
Ümumbakı özəklərinin konfransı RK(b)P MK və MY Komissiyasının
məruzələrini dinlədi, Bakı təşkilatlarının, MK-nın milli məsələyə dair gördükləri iş
haqqında belə bir nəticəyə gəldi: «Komissiya tərəfindən, verilən özəklərin işini
yoxlayaraq yerli şəraitin nəzərə alınması barədə işləri tamamilə qənaətbəxş hesab
edirik.
Konfrans təsdiq edir ki, türk fəhlələrinin partiya, sovet işlərinə irəli
çəkilməsi güclənib. Əvvəlkilərdən fərqli olaraq türk fəhlələri, erməni, yəhudi, rus
fəhlələri ilə birləşib çiyin-çiyinə çalışır. N. Nərimanovun məktubunda göstərilən,
Bakı Komitəsinə və onun fəal işçilərinə qarşı olan yersiz ittihamlar tamamilə
əsassızdır, uydurmadır. Konfrans N. Nərimanovun çıxışını partiya sıralarında
dağınıqlıq və qatma-qarışıqlıq yaradan, partiyaya zidd bir akt hesab edir, N.
Nərimanovun yazdığı məktub düzgün deyil, yalnız inqilabın düşmənlərinin xeyrini
güdən və sovet hökumətinə zidd, əksinqilabi bir silahdır. Konfrans Nərimanovun
ərizəsini həqiqətə uyğun hesab etmir, Nərimanovun mövqeyini kütlələrdən
uzaqlaşma kimi qiymətləndirir. Konfrans belə çıxışı pisləyir və onu partiyanı
dağılmağa çağıran bir çıxış hesab edir. RK(b)P və MK-dan xahiş olunsun ki,
Nərimanovu cəzalandırsınlar, həmişəlik olaraq bu zidd hərəkətə son qoyulsun»
(13, f.609, s.l, iş 117, s.29).
AzK(b)P-nın məsul işçilərinin iclası və Yoxlama Komissiyası da
Nərimanovun məktubu ilə əlaqədar təxminən elə bu cür qərar qəbul edərək
bildirdi:
«Nərimanovun çıxışı əslində partiyaya ziddir, partiyanın dağılması üçün
bir əsasdır. AK(b)P məsul işçilərinin bir çoxlarının onun tərəfində çıxış etməsi
açığı millətçilik, öz marağını partiyanın marağından yüksək tutmaq və eləcə də
fəhlə sinfindən yüksək tutmaqdır. İşin həqiqi olub-olmamasını yoxlayan komissiya
bir daha aydınlaşdırmışdı ki, məsul işçilərin ünvanına yağdırılan böhtanlar yalandır
və komissiya qərara gəlir ki, belə yaramaz hərəkətlərə həmişəlik son qoymaq
lazımdır. N. Nərimanovun nitqi başdan-ayağa səhvdir, antimarksist xarakter daşıyır
və savadsız bir sənəddir. Nərimanov tərəfindən yağdırılan bütün böhtanlar
əsassızdır, bu, obyektiv olaraq düşmənlərin əlinə imkan verməkdir. Biz partiya
üzvlərini kominternin ətrafında sıx birləşməyə çağırırıq» (13, f.609, s.l, iş 117,
s.31).
Əvvəlcədən düşünülmüş və hazırlanmış bu yığıncaqların qərarlarını və
təşkilatlarda keçirilən yoxlamaların nəticələrini ümumiləşdirərək, Yoxlama
Komissiyası Mərkəzin, xüsusilə də Stalinin və Orconikidzenin tapşırığı ilə
Nərimanovun mövqeyini qərəzliliklə pisləyib təhrif edən və onu gözdən salan bir
fikir, qərar ümumiləşdirdi.
Komissiyanın qərarında deyilirdi: «Komissiya ümumiyyətlə və tamamilə
N. Nərimanovun RK(b)P MK-nə yazdığı məktubunu əsassız hesab edir. O,
məktubu ilə bütün, AK(b)P MK və BK məsul işçilərinə, eləcə də bütün kommunist
təşkilatının üzvlərinə böhtan atır və təhqir edir. Komissiya rəqəmlərlə və başqa
materiallarla tanış olandan, bəzi məsul işçiləri və eləcə də sıravi partiya üzvlərini
sorğu-sual edəndən sonra, Bakı təşkilatlarında olan istehsalat özəklərinin
ərizələrini və çağırışlarını dinləyəndən sonra, Bakıda olan rəhbər orqanları, partiya
orqanları və eləcə də Azərbaycanla bağlı Nərimanovun bütün böhtanlarını rədd
edir. Komissiya eyni zamanda türk fəhlələrinin və kəndlisinin sayılmaması,
sıxışdırılması fikrini rədd edir. Azərbaycanda milli-siyasət qurultayların qərarları
əsasında qurulub və işgüzarlıqla həyata keçirilir. Komissiya xüsusilə Bakı
təşkilatlarının işinə müsbət qiymət verir...» (13, f.609, s.l, iş 117, s.33).
Y. Yaroslavskinin başçılığı ilə Mərkəzi Yoxlama Komissiyasının
mövqeyi, apardığı siyasət qeyri obyektiv idi. Təbiidir ki, qısa bir müddətdə bu cür
ciddi məsələyə tam aydınlıq gətirmək olmazdı.
Komissiyanın heç belə bir fikri də yox idi. Odur ki, Nərimanovun
tərəfdarlarından heç kimlə söhbət aparılmadı. Əsas məqsəd Nərimanovun haqsız
olduğunu göstərməklə, onun Azərbaycandan uzaqlaşdırılmasına nail olduqdan
sonra, Mirzoyan, Sarkis, Orconikidze, Kirov kimilərinə Azərbaycanda sərbəst
hərəkət etmək üçün yol açmaq idi. Komissiya da, onu təşkil edənlər də, onlara
xidmət edənlər də öz məqsədlərinə nail oldular.
N. Nərimanovun İ. Stalinə yazdığı tarixi məktubu çox qiymətli bir sənəd
olmaqla yanaşı, həm də 1920-1923-cü illərdə siyasi vəziyyəti daha dərindən və
yaxşı başa düşməyə, həm də dövrün ruhunu, ab-havasını hiss etməyə imkan verir.
Nərimanovun mövqeyinin, onun Mərkəzə yazdığı xəbərdarlıq məktublarının, bu
məktublarla əlaqədar olan çoxlu digər sənədlərin, arxivlərdə uzun illər
tədqiqatçılardan gizli saxlanılaraq və yalnız indi, son 10-15 ildə aşkara çıxarılması
mümkün olmuş, bu materialların öyrənilməsi tədqiq olunan illərdə Azərbaycan
rəhbərliyində gedən mübarizənin mahiyyətini, Nərimanov üçün yaradılan çıxılmaz
vəziyyəti, Mərkəzin anti-azərbaycan, şovinist siyasətini başa düşməyə və
sənədlərin dili ilə açıb göstərməyə, yeridilən açıq-aşkar hakim millətçilik, şovinist
siyasətin bünövrəsinin məhz o illərdə qoyulduğunu başa düşməyə, tariximizi
olduğu kimi obyektiv öyrənməyə kömək edir. Həmin sənəd sovet cəmiyyətinin
həyatında stalinizmin sonralar əmələ gətirdiyi fəlakətlərin səbəblərini
aydınlaşdırmağa bilavasitə kömək edir. Nərimanov istəyirdi ki, (bu məktubu
yazmaqla) Azərbaycanda partiya quruculuğu və milli siyasət sahəsində buraxılan
səhvlərə diqqəti cəlb etsin və həmin səhvlər gələcəkdə təkrarlanmasın. Sonrakı
hadisələr göstərdi ki, N. Nərimanov yanılmamış, hələ 1920-ci illərdə hiss edilən
əyintilər getdikcə dərinləşmiş, dövlət siyasətinə çevrilmiş və cəmiyyətə böyük
fəlakətlər gətirməklə yanaşı, nəticə etibarı ilə sovet cəmiyyətinin özünün məhvinə
səbəb olmuşdu.
Dostları ilə paylaş: |