İstehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması yolları İstehsal əsas fondlarından istifadənin yaxşılaşdırılmasının iqtsadi əhəmiyyəti olduqca böyükdür. Onlardan səmərəli istifadə olunduqda məhsul buraxılışı artır və beləliklə, məhsul vahidi istehsalına sərf edilən maddiləşmiş əməyin miqdarı (konkret olaraq istehsal əsas fondlarını təmsil edən amortizasiyanın məbləği) azalır. Məlumdur ki, istehsal ǝsas fondlarına hesablanan amortizasiya ayırmaları istehsal həcmindən asılı deyil və istehsal əsas fondlarının ömür müddətinə görə hesablanır. Bu baxımdan onlardan səmərəli istifadə məhsul vahidinə düşən amortizasiya ayırmalarının azalmasına səbəb olur. Nəticədə, məhsulun maya dəyəri aşağı düşür, əmək məhsuldarlığı artır. Bu hal fondtutumlu sahələr üçün məsələn, neft hasilatı üçün daha səciyyəvidir.
Əsas fondların həcminin sabit qaldığı şəraitdə onlardan istifadəni yaxşılaşdırmaqla məhsul istehsalının artırılması yeni əsas fondlar yaratmadan (əsaslı tikinti yolu ilə) istehsalın genişləndirilməsinə bərabər hesab olunur. Buradan belə bir nəticə çıxır ki, əsas fondlardan istifadənin yaxşılaşdırılması yeni əsas fondların yaradılmasına tələbatı azaltdığına görə əsaslı vəsait qoyuluşlarına qanaət etməyə imkan yaranır.
Əsas fondlardan istifadənin yaxşılaşdırılması onların dövriyyəsinin sürətlənməsi deməkdir. Nəticədə, il ərzində əsas fondların vahidindən alınan məhsulun miqdarı artır ki, bu da istehsal gücünün nisbi mənada genişləndirilməsi deməkdir. Bununla yanaşı, əsas fondların dövriyyəsinin sürətlənməsi onların fiziki köhnəlməsinin tezləşməsinə səbəb olur və nəticə etibarilə əsas fondların təzələnməsi tempini artırır.
Istehsalın inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə istehsal əsas fondlarının yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. Əsas fondlardan istifadə səmərəliliyinin artırılması amilləri maddiləşmiş əməyə qənaət, əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsi, istehlakçıya xidmətin həcmcə artırılması, miqyasca genişləndirilməsidir.