Xəbər bülleteni № 26
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az
Mart 2016
Azərbaycan-Qətər sənədləri imzalanıb
09.03.2016
Prezident İlham Əliyev martın 8-i Bakıda Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlər keçirib. Geniş tərkibli görüşdə çıxış edən İlham Əliyev deyib ki, iki ölkənin mükəmməl siyasi münasibətləri var: “Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq. Bu sahədə çox imkan mövcuddur. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir. Yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur”.
Görüşdə energetika, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub, üçüncü ölkələrdə birgə investisiya qoyuluşu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra təkbətək görüş olub. Bunun ardınca Azərbaycan-Qətər sənədləri imzalanıb:
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”.
Torpaqların uçotu: yeni qaydalar təsdiq edilib
09.03.2016
Dövlət başçısı İlham Əliyev Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlərə fərman verib. Martın 7-də imzalanmış fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” təsdiq edilib (Sənəd).
Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtibini 2020-ci ilədək təmin etmək tapşırılıb.
Nazirlər Kabineti dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair tədbirlər planını bir ay müddətində təsdiq etməlidir.
Hökumətə “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün dövlət proqramı”nın layihəsini iki ay müddətində hazırlamaq; torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını üç ay müddətində təsdiqləmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə bələdiyyələrin vəsatətlərinə baxılması qaydasına dair təkliflərini üç ay müddətində prezidentə təqdim etmək də həvalə olunub.
Dollar 1 manat 62 qəpiyi, avro 1 manat 78 qəpiyi ötüb
09.03.2016
Martın 9-da Azərbaycan manatının xarici valyutalara məzənnəsi dəyişib. Transparency.az xəbər verir ki, ABŞ dollarının rəsmi kursu 1,6105 manatdan 1,6228 manata yüksəlib.
Avronun satış kursu da artıb. Martın 7-də Mərkəzi Bankın 1,7699 manata təklif etdiyi avro bu gün 1,7807 manata satılır.
Rusiya rublunun rəsmi məzənnəsi isə 0,0223 manatdan 0,0224 manata qalxıb.
Neftin qiyməti yenə yüksəlib
09.03.2016
Dünya birjalarında neftin qiyməti yenə yüksəlib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,39 dollar bahalaşaraq 36,69 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 39,82 dollar olub.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,22 dollar bahalaşaraq 40,57 dollara təklif olunur. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 15 dollar 57 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.
Transparency.az bildirir ki, Azərbaycan neftinin indiki qiyməti 1 il əvvəlki qiymətdən təqribən 20 dollara yaxın aşağıdır. 2015-ci il martın 10-da “AzəriLayt” markalı neftin bir barreli London birjasında 60,96 dollara satılıb.
İş yeri statistikası açıqlanıb
09.03.2016
2014-2015-ci illər ərzində Azərbaycanda ümumilikdə 243,2 min olmaqla 196,2 min daimi iş yeri yaradılıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə ölkədə 115,9 min yeni daimi iş yeri açılıb. Onların 66 faizi regionların payına düşüb. Bu dövrdə yaradılmış iş yerlərinin 75,5 faizi qeyri-dövlət sektorundadır.
Daimi iş yerlərinin 11,3 faizi yeni, 10,4 faizi mövcud, 0,6 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb. İş yerlərinin 77,7 faizini fərdi sahibkarlıq subyektləri açıb.
Putini Avropaya buraxmamaq təklif olunur
09.03.2016
Avropa Parlamentinin 57 deputatı Rusiya prezidenti Vladimir Putinə sanksiyalar tətbiq etməyə çağırıb. Transparency.az-ın məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogeriniyə ünvanlanan çağırışda Rusiya prezidentinə və daha 28 məsul şəxsə viza qadağası tətbiq etmək, onların bank hesablarını dondurmaq və əmlaklarına həbs qoymaq təklif olunur.
Sanksiya təklifi Ukrayna vətəndaşı Nadejda Savçenkonun işi ilə bağlıdır. Rusiyanın hüquq mühafizə orqanları Nadejda Savçenkonu həbs edib. O, rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin Ukrayna ərazisində öldürülməsində iştirakda ittiham olunur. İqor Kornelyuk və Anton Voloşin 2014-cü ilin yayında Ukrayna ordusunun mina atəşi ilə ölüblər. İstintaq iddia edir ki, Luqansk vilayətində rusiyalı jurnalistlərin koordinatını Silahlı Qüvvələrə o zaman Ukrayna ordusunun sərəncamında olan Nadejda Savçenko verib. Nadejda Savçenko Rusiyanın Rostov vilayətində mühakimə olunur. Prokuror ona 23 il iş istəyib.
Avropa Parlamentinin deputatları Federika Mogeriniyə ünvanlanan çağırışda Nadejda Savçenkonun qanunsuz tutularaq Rusiyaya aparıldığını, saxta ittihamlarla məhkəmə qarşısına çıxarıldığını bildirir. Onlar Rusiya prezidenti Vladimir Putinin, Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikovun, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin, Luqansk separatçılarının lideri İqor Plotnitskinin, bəzi müstəntiqlərin, hakimlərin və başqa şəxslərin Avropa İttifaqının 28 ölkəsinə səfərlərini qadağan etmək, onların bank hesablarının və əmlaklarının üzərinə həbs qoymaq təklifi irəli sürür.
2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.
24 banka 50 milyon ABŞ dolları satıldı
09.03.2016
Martın 9-da Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Rəsmi məlumata görə, 24 bank Dövlət Neft Fondundan 50 milyon ABŞ dollar alıb.
Transparency.az bildirir ki, Dövlət Neft Fondu bu il hərraclarda ümumilikdə 1 milyard 71 milyon 46 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satıb. Hərraclarda üst-üstə 1 milyard 756 milyon 534 min ABŞ dolları alınıb.
21 dekabrdan bəri: manatın kursu son iki ay yarımda necə dəyişib?
09.03.2016
Transparency.az manatın kursunun son iki ay yarımda necə dəyişdiyinə nəzər salıb.
Ötən il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olub. Həmin gündən bəri kurs belə dəyişib:
22 dekabr – 1,5511 manat
23 dekabr – 1,5523
24 dekabr – 1,5528
25 dekabr – 1,5540
28 dekabr – 1,5561
29 dekabr – 1,5578
30 dekabr – 1,5594
5 yanvar – 1,5610
6 yanvar – 1,5626
7 yanvar – 1,5626
8 yanvar – 1,5642
11 yanvar – 1,5642
12 yanvar – 1,5685
13 yanvar – 1,5682
14 yanvar – 1,5706
15 yanvar – 1,5706
18 yanvar – 1,5870
19 yanvar – 1,6028
21 yanvar – 1,6028
22 yanvar – 1,6028
25 yanvar – 1,6054
26 yanvar – 1,6052
27 yanvar – 1,6050
28 yanvar – 1,6028
29 yanvar – 1,6008
1 fevral – 1,5972
2 fevral – 1,5940
3 fevral – 1,5894
4 fevral – 1,5858
5 fevral – 1,5853
8 fevral – 1,5819
9 fevral – 1,5787
10 fevral – 1,5702
11 fevral – 1,5659
12 fevral – 1,5745
15 fevral – 1,5711
16 fevral – 1,5679
17 fevral – 1,5675
18 fevral – 1,5644
19 fevral – 1,5635
22 fevral – 1,5604
23 fevral – 1,5612
24 fevral – 1,5593
25 fevral – 1,5624
26 fevral – 1,5624
29 fevral – 1,5655
1 mart – 1,5687
2 mart – 1,5764
3 mart – 1,5843
4 mart – 1,6019
7 mart – 1,6105
9 mart – 1,6228.
Naxçıvanın 56 ölkə ilə ticarət əlaqələri var
09.03.2016
Naxçıvan Muxtar Respublikasının dünyanın 56 ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İxrac edilən malların alıcıları olan ölkələr arasında Türkiyə, Türkmənistan, İran, İsrail, Rusiya, Gürcüstan ön sıralarda yer alır.
AZƏRTAC xəbər verir ki, Naxçıvanın əsas ixrac məhsullarına məşhur mineral suları, təbii duzu, vafli məmulatlarını, çay, emal olunmuş ət və meyvə məhsullarını, qazlı və spirtli içkiləri, meyvə şirələrini, tikinti materiallarını, xam dəri, plastik və metal məmulatlarını, mebel, metal örtüklər, panel radiatorları misal göstərmək olar.
Muxtar respublikada istehsal olunan sement, travertin daş məmulatları, meyvə şirələri, vafli məmulatları Gürcüstana, yarımfabrikat dəri, mineral sular Türkiyə, İran və MDB ölkələrinə, “NAZ-Lifan” avtomobilləri Belarusa ixrac olunur.
Ədliyyə Nazirliyi ilin ən populyar adlarını açıqlayıb
09.03.2016
Ədliyyə Nazirliyi 2016-cı ilin geridə qalan dövründə Azərbaycanda doğulmuş uşaqlara ən çox hansı adların qoyulduğunu açıqlayıb. Novator.az-ın məlumatına görə, ən populyar adlar siyahısına Yusif adı başçılıq edir: 382 uşağa Yusif adı verilib. İkinci yerdə Zəhra adı (311 uşaq), üçüncü yerdə Nuray adı (285) dayanır.
İlk onluqda Hüseyn (261 uşaq), Əli (248), Zeynəb (224), Aylin (211), Ömər (198), Ayan (177), Məryəm (166) adları da yer alır.
Ən azı 100 dəfə qoyulmuş digər populyar adların siyahısı belədir:
Mələk – 164
Murad – 152
Tunar – 148
Ayxan – 142
Məhəmməd – 139
Uğur – 139
Səma – 135
Dəniz – 126
Mədinə – 118
İbrahim – 111
Xədicə – 111
Kənan – 110
Leyla – 110
Gülay – 106.
Büdcədəki valyuta xərcləri manatı xərcə salır
09.03.2016
Manatın devalvasiyası dövlət büdcəsində tək gəlirləri yox, xərcləri də artırıb. İqtisadçı ekspert Rövşən Ağayev bu fikirdədir.
Novator.az-ın məlumatına görə, Rövşən Ağayev bildirir ki, devalvasiya büdcənin valyuta ilə planlaşdırılan xərclərinin artmasını qaçılmaz edib: “Builki büdcənin ilkin variantı hələ 5-6 ay qabaq tamamlanmışdı və xərclər 1 dollar=1,05 manat məzənnəsi ilə hesablanmışdı. Ötən il dekabrın 21-də daha bir devalvasiya oldu və valyuta ilə ödənən xərclər 1 dollar=1,6 manat məzənnə əsasında proqnoz edildi. Nəticədə beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqları 16 milyon manat; xaricdəki diplomatik nümayəndəliklərin xərcləri 34 milyon; xarici dövlətlərə veriləcək kreditlər üzrə xərclər 37 milyon manat; büdcə hesabına ödənəcək xarici borclar (əsas və faiz borcları) təxminən 500 milyon manat artdı.
Üstəlik, manatın məzənnəsinin il ərzində dəyişməsi nəticəsində büdcədə əlavə xərclərin yaranacağı gözlənir və bunun üçün 316 milyon manat nəzərdə tutulub. Bir sözlə, devalvasiya büdcə üçün təxminən 2,2 milyard manat əlavə gəlir yaratmışdı, amma onun təxminən yarısını sonradan geri alır”.
Ünvanlı sosial yardımın orta aylıq məbləği 151 manat 31 qəpikdir
09.03.2016
Fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 119 275 ailəni (514149 nəfəri) ünvanlı dövlət sosial yardımı ilə təmin edib. Rəsmi məlumata görə, hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 151 manat 31 qəpik olub.
Yardım alan ailələrdə ailə üzvlərinin 47,8 faizi yaşı 18-dək ailə üzvlərindən, o cümlədən 16781 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarətdir. Həmin ailələrdə 1 yaşadək olan 6362 nəfər ailə üzvünün hər birinə görə aylıq sosial müavinət də ödənilib.
Ünvanlı dövlət sosial yardımı alan ailələrin 28,3 faizi tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Pensiya məbləği: bizdə və xaricdə
09.03.2016
2015-ci ilə aid rəsmi hesabata əsasən, Azərbaycanda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196 manatı ötüb. Transparency.az bildirir ki, bu, Cənubi Qafqazda ən yüksək göstəricidir.
Qonşu Rusiyada əmək pensiyasının keçənilki orta aylıq məbləği 13 min 900 rubl göstərilir. Bizim pulla hesablayanda (100 rubl= 2 manat 24 qəpik) bu, 311 manatdan bir qədər çoxdur.
2015-ci ildə əmək pensiyasının orta aylıq məbləği Ermənistanda 127 manata yaxın, Gürcüstanda 76 manatdan bir qədər çox həcmdə qərarlaşıb.
Ukraynada ötən il əmək pensiyaçıları orta hesabla 66 manat alıblar. Belarusda orta aylıq pensiya 222 manatı, Qazaxıstanda 317 manatı keçib.
Ötən il Latviyada pensiyaçılara orta hesabla 425 manatdan, Litvada 310 manatdan bir qədər çox verilib.
Yunanıstanda orta əmək pensiyasının məbləği 727 manatı, Bolqarıstanda 177 manatı ötüb.
Almaniyada əmək pensiyaçıları orta hesabla ayda 1777 manata yaxın, ABŞ-da 1523 manatdan bir qədər çox alıblar.
Finlandiyada isə orta pensiya məbləği ötən il 2516 manata yaxın olub.
“Azəryolservis”in adı dəyişdirildi, “Xəzər Dəniz Gəmiçiliyi”nin səlahiyyəti artdı, Təhsil üzrə Komissiya ləğv olundu
10.03.2016
Prezident İlham Əliyev “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmasına fərman verib. Fərmana əsasən, “Azəravtoyol” avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.
Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi Nazirlər Kabinetinə həvalə olunub. Sədrin və sədr müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, qurumun yenidən təşkili və ləğvi Azərbaycan prezidentinin səlahiyyətindədir.
Transparency.az bildirir ki, ötən il dekabrın 28-də “Azəryolservis” Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmış, Saleh Ərşad oğlu Məmmədov quruma sədr təyin olunmuşdu.
İlham Əliyevin digər fərmanı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti artırılıb. Yeniliyə görə, cəmiyyətin idarə, filial və nümayəndəliklərinin yaradılması, ləğvi, törəmə hüquqi şəxslərin yaradılması, yenidən təşkili, ləğvi qurumun öz səlahiyyətinə keçir. İndiyədək bu səlahiyyət Nazirlər Kabinetində idi.
Dövlət başçısının martın 9-da imzaladığı başqa bir sənədlə Prezident yanında Təhsil üzrə Komissiya ləğv olunub. 2005-ci il mayın 30-da yaradılmış komissiyaya Ramiz Mehdiyev rəhbərlik edirdi.
Manat dəyər itirir
10.03.2016
Martın 10-da Azərbaycan manatı əksər xarici valyuta qarşısında ucuzlaşıb. ABŞ dollarının rəsmi məzənnəsi 1,6315 manat olub. Ötən gün kurs 1,6228 manat idi.
Avronun satış kursu 1,7807 manatdan 1,7907 manata qalxıb.
Martın 9-da 0,0224 manata satılan Rusiya rublu isə indi 0,0230 manata təklif olunur.
Transparency.az xəbər verir ki, digər valyutaların rəsmi məzənnəsi belə müəyyənləşib:
1 gürcü larisi – 0,675 manat
1 ingilis funt sterlinqi – 2,3164 manat
1 İsveçrə frankı – 1,6356 manat
1 türk lirəsi – 0,5635 manat.
IV Qlobal Bakı Forumu işə başlayıb
10.03.2016
Martın 10-u paytaxtda “Çoxqütblü dünyaya doğru” mövzulu IV Qlobal Bakı Forumu işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilən foruma 53 ölkədən 300-dən çox nümayəndə qatılıb.
İki gün davam edəcək forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə ediləcək. Enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində iştirak edən prezident İlham Əliyev tədbirdə nitq söyləyib.
Vizasız səfər reytinqi açıqlanıb
10.03.2016
“The Henley & Partners” konsaltinq firması Viza Məhdudiyyətləri İndeksini açıqlayıb. Azadliq.org xəbər verir ki, indeksə görə, Almaniya vətəndaşlarının 177 ölkəyə vizasız səfər etmək imkanı var.
2006-cı ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatları əsasında hazırlanan reytinqdə ikinci yeri İsveç tutur. İsveç vətəndaşları 176 ölkəyə vizasız səfər edə bilir.
Üçüncü yeri Finlandiya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya bölüşürlər. Bu ölkələrin pasportları ilə 175 ölkəyə vizasız səfər etmək olur.
Reytinq cədvəlində 75-ci yeri tutan Azərbaycanın vətəndaşları 62 ölkəyə vizasız gedir. Ancaq Azadliq.org Wikipedia-ya istinadla bildirir ki, reallıqda Azərbaycan vətəndaşlarının vizasız səfər etdiyi ölkələrin sayı 29-dur.
“Cənub Qaz Dəhlizi” istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi hazırlıqlarına başlanıb
10.03.2016
“Şahdəniz 2”, “Cənub Qaz Boru Kəməri”, Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” şirkətinin buraxacağı istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin 7 mart 2016-cı il qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün Citi Bank, UniCredit, JP Morgan bankları səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycanın maliyyə məsləhətçisi rolunda çıxış edir.
Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, “Cənub Qaz Dəhlizi” şirkətinin və Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 10-16 mart arası dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu-York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur.
Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.
Sinqapur bahalı şəhərlərin birincisidir
10.03.2016
Böyük Britaniyanın “Economist İntelligence Unit” Elmi-Tədqiqat Mərkəzi ən bahalı şəhərlərin reytinqini açıqlayıb. Novator.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, əvvəlki iki ildə reytinq cədvəlinə başçılıq etmiş Sinqapur yenidən dünyanın ən bahalı şəhəri seçilib.
Ən bahalı şəhərlərin reytinq cədvəlində ikinci yerdə Sürix, üçüncü yerdə Honkonq qərarlaşıb.
“Economist İntelligence Unit” məruzəni hazırlayarkən ərzaq, geyim, ev avadanlığı, kosmetika, kirayə, nəqliyyat, məktəb və uşaq bağçası xərclərinin daxil olduğu 160 mal və xidmətin dəyərini nəzərə alıb.
Manat nə vaxtadək ucuzlaşacaq?
10.03.2016
Bu ay manat dollar qarşısında hər gün dəyər itirib: martın 1-də rəsmi məzənnə 1,5687 manat, 2-də 1,5764 manat, 3-də 1,5843 manat, 4-də 1,6019 manat, 7-də 1,6105 manat, 9-da 1,6228 manat olub. Martın 10-da isə rəsmi məzənnə 1,6315 manata qalxıb.
İqtisadçı ekspert Qubad İbadoğlu yazır ki, manatın məzənnəsi sərbəst dönərli valyutalara nəzərən gerçək dəyərinə çatmayınca sabitləşməyəcək. Transparency.az-ın məlumatına görə, ekspert Mərkəzi Bankın üzən məzənnə rejimini imitasiya etdiyini bildirir: “Mərkəzi Bank üzən məzənnə siyasətinə tam keçidi təmin etmək üçün eksperiment aparır. İlk vaxtlar üzən məzənnəyə keçidə cəhd edən qurum sonra geri çəkilərək bir müddət manatı cüzi də olsa bahalaşdırdı. Hazırda isə əks proseslərə rəvac verir, dəyişiklikləri dəyərləndirir, valyuta bazarı iştirakçılarının və əhalinin davranışını öyrənməyə çalışır.
Hazırkı siyasət bir müddət davam edəcək və manat yenə də ucuzlaşıb öz gerçək dəyərinə yaxınlaşacaq. Onun gerçək dəyərini alıcılıq qabiliyyətinin paritetləri əsasında müəyyənləşdirmək mümkündür. Şübhəsiz ki, Mərkəzi Bank belə bir hesablama aparıb və manatın ABŞ dollarına nəzərən gerçək dəyərini müəyyənləşdirib. Rəsmilər də başa düşür ki, manatın sabitləşməsi və ona olan inamın bərpası yalnız həmin nisbət təmin olunanda mümkündür”.
Ekspert əlavə edir ki, milli valyutanın real səviyyəsinə çatmaq üçün qısa, orta və uzun müddətli yanaşmalar mövcuddur: “Qısamüddətli yanaşma üzən məzənnəyə tam keçidlə təmin edilir və bu zaman məzənnə bazar iştirakçılarının milli və xarici valyutaya olan tələb və təklifi əsasında satış əməliyyatları ilə tarazlaşdırılır. Bu zaman Mərkəzi Bank müstəsna hallarda məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq üçün valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini hamarlaya bilər.
Ortamüddətli yanaşma hazırda tətbiq olunur. Belə ki, manatın məzənnəsi Mərkəzi Bankın valyuta bazarında satış əməliyyatlarına aktiv müdaxiləsi ilə hərdən ucuzlaşdırılmaqla, hərdən də bahalaşdırılmaqla hədəfə yaxınlaşdırılır.
Uzunmüddətli yanaşma isə təsbit edilmiş məzənnə rejimi ilə milli valyutanın xarici valyutaya qarşı aylarla dəyişməz saxlanılması və bir müddətdən sonra devalvasiya aparılmasıdır. Bu yanaşma valyuta ehtiyatları kifayət qədər olanda həyata keçirilir. Hazırda Mərkəzi Bankın belə imkanı olmadığından əvvəllər tətbiq olunan həmin yanaşma gündəmdə deyil.
Hesab edirəm ki, ortamüddətli dövrdə Mərkəzi Bank manatı sərbəst dönərli valyutalara nəzərən ucuzlaşdıracaq, onu tam üzən məzənnə rejiminə keçidə hazırlamaqla məşğul olacaq. Çünki başqa alternativ qalmayıb. Qarşıda ölkənin iş təqvimində ən uzun tətilin gəldiyini, xaricə səfərlərin çoxalacağını və valyutaya olan tələbin artacağını nəzərə alsaq, bayramqabağı günlərdə manat ucuzlaşmaqda davam edəcək”.
52 sahibkara 580 min manat güzəştli kredit verilib
10.03.2016
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu martın 10-da Xaçmaz rayonunun Arzu qəsəbəsində keçirilən işgüzar forumda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verib. Məlumata görə, kreditlər əsasən heyvandarlıq, bağçılıq, quşçuluq, fındıq emalı, arıçılıq, plastik qapı-pəncərə istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək, layihələrin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 130 investisiya layihəsinin maliyyələşdirilməsinə 154 milyon manat güzəştli kredit verilib, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Xəbəri AZƏRTAC yayıb.
Ötən ay vergi orqanlarına 10 mindən çox müraciət daxil olub
10.03.2016
Bu ilin fevralında vergi orqanlarına 10 min 176 müraciət daxil olub. Vergilər Nazirliyinin hesabatına görə, müraciətlərdən 97,6%-i ərizə, 2,1%-i şikayət, 0,3%-i təklifdir.
Müraciətlərin 55%-i müxtəlif arayışların alınması, 15,1%-i kameral vergi yoxlamaları, 7,3%-i vergi borcları, 2,2%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,9%-i operativ vergi nəzarəti (o cümlədən nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.
Müraciətlərin 75,7%-i müsbət həll edilib.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7% azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3% az olub.
Hesabat dövründə vergi orqanları ümumilikdə 394 vətəndaşı qəbul edib.
Putin Yaqub Eyyubova mükafat verdi
10.03.2016
Martın 10-da Rusiya prezidenti Vladimir Putin Kremldə yerli və xarici vətəndaşlara dövlət mükafatları təqdim edib.
Novator.az xəbər verir ki, Rusiya prezidentinin mükafatlandırdığı adamlar arasında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov da var.
Vladimir Putin Yaqub Eyyubova “Dostluq” ordeni verib. Təltif Yaqub Eyyubovun “dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfəsi” ilə əsaslandırılıb.
Yaqub Eyyubov 1945-ci il oktyabrın 24-də Mingəçevir şəhərində anadan olub. İnşaat mühəndisi, texnika elmləri doktoru, professordur. 1999-2003-cü illərdə baş nazirin müavini işləyib. 2003-cü ildən baş nazirin birinci müavinidir.
Xamneyi varisin seçilməsi üçün Üləmalar Məclisinə müraciət edib
10.03.2016
Martın 10-da İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyi onun yerinə varisin seçilməsi üçün Üləmalar Məclisinə müraciət edib.
Novator.az-ın məlumatına görə, 76 yaşlı Xamneyi bildirib ki, Üləmalar Məclisi dini rəhbər postuna xələf seçməli və həmin şəxs vaxtı gələndə onu əvəz etməlidir.
İranda dini rəhbər dövlət başçısı deməkdir. Dini rəhbəri Üləmalar Məclisinin öz üzvləri arasından seçmək hüququ var. 88 nəfərlik Üləmalar Məclisinin son tərkibi ötən ay formalaşdırılıb. Bu qurumun səlahiyyət müddəti 8 ildir. Dini rəhbər isə faktiki ömürlük seçilir.
Ayətullah Əli Xamneyi 1989-cu ildən, İran islam inqilabının lideri ayətullah Xomeyni vəfat edəndən ölkənin dini rəhbəridir.
Xamneyi 1981-ci ilin oktyabrından 1989-cu ilin avqustunadək İranın prezidenti olub. Əslən azərbaycanlıdır.
Sökülən evin əvəzində pul ödənməsi qadağan olunmalıdır
10.03.2016
Ölkədə korrupsiya əleyhinə mübarizə dövlət təhlükəsizliyi məsələsinə çevrilib. Bu mənfi halların qarşısını almaqdan ötrü “Elektron hökumət”, “ASAN xidmət” və şəffaflığı artıran digər institusional tədbirlər həyata keçirilir. Lakin dövlət başçısının da çıxışlarında vurğuladığı kimi, bütün vətəndaşların, ictimaiyyətin fəal köməyi olmadan bu bəlanın kökünü kəsmək çox çətindir.
Bir jurnalist olaraq və korrupsiya ilə bağlı prosesləri müşahidə edərək vacib bir sahəyə diqqəti cəlb etmək istəyirəm. Məlumdur ki, Bakıda müəyyən tikinti və söküntü işləri aparılır və bu zaman vətəndaşların hüquqları əksər halda təhdid, zərbə altına salınır. Araşdırmalar göstərir ki, bu halları bir qayda olaraq “bulanıq suda balıq tutmaq” istəyən dələduz-mafioz dəstələri törədir. Bu möhtəkir və dəllalların ucbatından isə cəmiyyətdə narazılıq yaranır, dövlətə inam sarsıdılır və araqarışdıran qüvvələrə meydan açılır.
Korrupsiya mənbəyi olan bu sahəni təmizləməyin ən məqbul yolu qanunvericiliklə tənzimləmədir. Qanun aktının tələbləri:
1. istənilən tikinti barədə informasiya (binanın eskizi və təyinatı haqda) ən azı 3 ay əvvəldən KİV-də ictimaiyyətə təqdim edilməli;
2. tikintinin sifarişçisinin və podratçı şirkətin kimliyi bilinməli;
3. evi sökülməyə məruz qalan vətəndaşa tikiləcək binada icbari olaraq: ən azı 2 otaqlı mənzil; sökülən evin sahəsi 80 kvadratmetrdən artıqdırsa, 3 otaqlı, 100 kvadratmetrdən metrdən artıqdırsa, 4 otaqlı mənzil verilməsi təsbit olunmalıdır;
4. sökülən mənzilin əvəzinin pulla ödənilməsi qadağan edilməlidir. (Bu, möhtəkirliyə son qoyar. Kim istəsə aldığı mənzili özü sonra satıb pula çevirə bilər. Bundan əlavə, pulun dəyəri dəyişkəndir, 2 il əvvəl 1500 manat 1800 dollara bərabər idi, indi cəmi 900 dollara bərabərdir).
Söküntü dövlət layihələri çərçivəsində aparılarsa, əvvəlcədən həmin rayonun sərhədləri daxilində yaşayış binası inşa edilərək köçürülən vətəndaşlara paylanmalıdır (yuxarıdakı normativlər nəzərə alınmaqla). Bu halda dövlət də qazana bilər. Azərbaycanda tikilən evin bir kvadratmetri 400-450 manata başa gəlir (ən keyfiyyətli materiallar işlənsə belə). Deməli, hər kvadratmetr üçün 1500 manat ödəmək lazım gəlməz; əksinə, dövlət xeyli qənaət etmiş olar (iki-üç dəfə!). İnşaat sənayesi genişlənər, iş yerləri daha da artar və s.
Azərbaycanda dövlət vətəndaşa qayğı göstərir: yüz minlərlə qaçqın-köçkünə, şəhid ailələrinə, əlillərə, yetimlərə, Kür çayı daşqınından və Zaqatalada zəlzələdən ziyan çəkənlərə, jurnalistlərə və başqa kateqoriyadan olan insanlara ev tikib pulsuz hədiyyə edir. Lakin “söküntü fəlakəti” qurbanlarına məmləkətimizdə heç bir sayğı-qayğı yoxdur. Onları da hansısa “məzlumlar ” kateqoriyasına salmaq ədalətli olmazmı?
Yuxarıda qeyd olunan təkliflər Milli Məclisdə qanuna çevrilsə, neçə ildir cəmiyyətdə ciddi gərginlik və narazılığa səbəb olan söküntü problemi tam və birdəfəlik aradan götürülər. Yetər ki, dövlətin mənafeyini qorumağa istək olsun.
Dostları ilə paylaş: |