İxtisas : İngilis dili və ədəbiyyatı
Kurs :I
Qrup : 101
Fənn : Dilçiliyə giriş
Müəllim : Cəmil Babayev
Tələbə : Şəms Ağalarzadə
Bakı-2023
Mövzu : Əsas söz düzəltmə üsulları Hər bir müasir dildə bu və ya digər məfhumu ifadə etmək üçün yeni-yeni söz və ifadələr meydana çıxır, dilin lüğət tərkibini inkişaf etdirir. Lüğət tərkibini zənginləşdirən vasitələrdən biri dildə yeni söz yaratmaqdır. Dildəki sözlərin, demək olar ki, əksəriyyəti sözyaratma yolu ilə əmələ gəlmişdir. Deməli, sözyaratma dilin inkişafı və formalaşmasında başlıca vasitədir. Söz müxtəlif mənbələr əsasında bir sıra üsullarla əmələ gətirilir. Sözyaratmanın mənbələri, imkanları, vasitələri, formaları, xüsusiyyətləri və digər cəhətləri ilə məşğul olan dilçilik şöbəsi derivatologiya adlanır.
Derivatologiya, təxminən, Azərbaycan dilçiliyində XX əsrin 60-cı illərində müstəqil şöbə kimi formalaşmışdır. Əvvəllər derivatologiya məsələləri qrammatika və leksikologiyada öyrənilirdi. Bəzi tədqiqatlarda derivatoloji məsələlər qrammatikanın xüsusi hissəsi, bəzi əsərlərdə isə morfologiyanın bir bölməsi hesab olunurdu. Leksikoloqların yaradıcılığında isə sözyaratma hadisəsi tam leksikoloji tədqiqatlara aid edilirdi.
Derivatologiya, demək olar ki, dilçiliyin bütün şöbələri ilə sıx əlaqədədir. Lakin bu əlaqə leksikologiya və qrammatika arasında daha yaxın və möhkəmdir. Belə ki, sözlərin leksik-semantik əlamətləri araşdırılarkən derivatologiya leksikologiyaya daha da yaxınlaşır, bir-birinin ümumi və xüsusi məsələlərinə əsaslanır. Beləcə də sözün morfoloji quruluşu ilə əlaqədar derivatologiya morfologiyaya, sintaktik əlaqələrlə bağlı isə sintaksisə müraciət edir, beləliklə, şöbələrarası əlaqə sıxlaşır və daha da artır.
Söz yaradıcılığı müasir dilçilik elminin müstəqil bir bölməsi hesab edilir. O, bir növ, leksika ilə qrammatika ( morfologiya ) arasında orta mövqe tutur. Söz yaradıcılığı sözlərin əmələ gəlməsi haqqında təlimdir. Dilçilk elminin bu şöbəsində sözlərin əmələ gəlmə üsulları və ya vasitələri öyrənilir. Burada sözlərin həm quruluşundan, həm də yeni sözlərin əmələ gəlməsi qaydalarından bəhs olunur. Sözün qrammatik cəhətdən dəyişməsi, qrammatik mənasının dəyişməsi ilə nəticələnirsə, leksik şəkilçi qəbul etməsi onun leksik mənasını dəyişməyə səbəb olur və başqa yeni söz törədir.
Dildə sözyaratma prosesinin öyrənilməsi bir neçə cəhətdən xüsusi elmi və əməli əhəmiyyətə malikdir.
● Sözyaratma qanunauyğunluqlarının açılması hər bir morfoloji vahidin əlamətlərinin dərindən mənimsənilməsinə kömək edir.
● Hər bir derivatoloji tədqiqat dilin leksik-semantik sisteminin inkişaf qanunlarını daha da aydın aşkar etməyə imkan yaradır.
● Derivatoloji axtarışların nəticələri dilin frazeoloji materiallarının təhlil və tədqiqinə, onun elmi şərhinə imkan yaradır.
● Sözyaratma hadisəsinin öyrənilməsi həmçinin bütün elm sahələrinə dair müxtəlif terminlərin yaradılmasına kömək edir.
Azərbaycan dilində sözyaratmanın nəzəri məsələləri az-çox işlənilmişdir. Lakin dilimizdə gedən sözyaratma prosesinin bütün sahələri hələ tam elmi təhlilini tapmamışdır. Bu sahəni hərtərəfli əhatə etmək üçün dilçilikdə derivatologiyanı geniş mənada götürüb dilin lüğət tərkibinin inkişaf mənbələrini də öyrənmək vacib məsələlərdəndir.
Göründüyü kimi, leksik abreviaturlar söz və ifadənin komponentlərinin müəyyən ünsürlərinin ixtisarı əsasında yaranmışdır. Leksik abreviaturlar bütöv sözlərin ifadə etdiyi anlayışı bildirir. Deməli, leksik abreviaturların əmələ gətirilməsi sözyaratma prosesidir. Leksik abreviaturlardan Azərbaycan dilinin leksik sistemində istifadə olunarkən heç bir anlaşılmazlığa və dolaşıqlığa yol verilmir. Buna görə də abreviatur dilimizin inkişafı üçün faydalı sözyaratma yollarındandır.
Söz yaradıcılığı prosesinin leksika və qrammatika ilə əlaqəliliyi yeni sözlərin müxtəlif üsullarla əmələ gəldiyini göstərir. Bunları ümumiləşdirsək söz yaradıcılığı prosesində aşağıdakı tipik üsulların olduğunu göstərmək olar:
morfoloji ,
sintaktik,
sintaktik,
semantik üsullar
Müasir Azərbaycan ədəbi dilində leksik sözyaratmanın xüsusi qrupunu ixtisarlar – abreviaturlar vasitəsilə yaranan sözlər təşkil edir. Abreviatur geniş anlayışdır. Buna görə də bütün abreviaturlar dildə leksik sözyaratma prosesinə aid edilmir. Məlumdur ki, həm yazılı, həm də şifahi ədəbi dildə müəyyən qrup sözlər ixtisar formasında işlənilir. Bu ixtisarlar – abreviaturlar iki formadadır:
a) qrafik abreviaturlar,
b) leksik abreviaturlar.
Bunlardan qrafik abreviaturlar ixtisarla yazılır, lakin bütöv şəkildə oxunur. Məsələn: k. – kənd, qəp. – qəpik, prof – professor, dos. – dosent, yol. – yoldaş və s. Göründüyü kimi, qrafik abreviaturlar yaradılmış söz deyildir.
Yazılı və şifahi dildə eyni ilə işlənə bilən söz və söz birləşməsinin ixtisarı leksik abreviatur adlanır. Məsələn: ADPU (Azərbaycan Dövlət Pedaqoji Universiteti), TEC (Tələbə Elmi Cəmiyyəti), ASE (Azərbaycan Sovet Ensiklopediyası), ABŞ (Amerika Birləşmiş Ştatları) və s.
Azərbaycan dilində semantik yolla söz yaradılması başqa dillərdə olduğu kimi, semantik hadisələr əsasında əmələ gələn sözlər müşahidə olunur. Dildə bu və ya digər omonimin daxili imkanlar əsasında yaranması semantik hadisənin nəticəsidir və bu vasitə ədəbi dilin lüğətini daha da zənginləşdirir. Məsələn, ümumi adın xüsusiyə keçməsi əsasında zahid sözündən Zahid xüsusi şəxs adı; mənanın genişlənməsi əsasında var, cah-calal mənasını bildirən dövlət sözündən iqtisadi-siyasi mənalı dövlət sözü; adi sözün termin kimi işlənməsi nəticəsində üz, camal mənasını bildirən sifət sözündən əlamət və keyfiyyət bildirən nitq hissəsinin adı olan sifət omonimi meydana çıxmışdır.
Dilimizdə semantik yolla omonim sözlərin əmələ gəlməsinin tarixi çox qədimdir. Belə ki, “omonimlərin hesabına dilimizin lüğət tərkibinin zənginləşməsi onun ən qədim, ilk təşəkkülü dövrlərindən başlamış davam edən hadisələrdən biridir.
Dilin lüğət tərkibinin zənginləşməsində söz və ifadələrin mənalarının dəyişdirilməsi də əsas vasitələrdən biridir. Dünyada hər bir anlayışı ayrı-ayrı xüsusi sözlə ifadə edənheç bir dil yoxdur və ola da bilməz. İnkişafla əlaqədar olaraq meydana çıxan yeni-yeni anlayışların ifadəsi üçün çox zaman yeni söz axtarılmayıb, dildəki mövcud sözün mənası dəyişdirilməklə bu və ya başqa məfhum ifadə olunur. Bu məqsədlə sözlərin mənalarının dəyişdirilməsi iki cür olur:
● sözün mənası tamamilə dəyişir. Belə hallarda köhnə sözə yeni məna verilir;
● mövcud sözün əsas mənası mühafizə edilərək onun semantik dairəsi genişlənir və qismən dəyişiklik edilir. Burada da söz yeni məna qazanır, başqa şəkildə desək, dildə məna cəhətdən yeni söz yaranır. Məhz elə buna görə də sözün mənasının istər tam, istərsə də qismən dəyişilməsinə semantik söz yaradıcılığı kimi baxmaq lazımdır.
Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibindəki sözlərin bir qismi, o cümlədən hazırda dilimizdə çox geniş şəkildə işlənən zəhmət, iclas və s. kimi onlarla sözün qədimdə ifadə etdikləri mənalar dəyişmiş və yeni məna kəsb etmişdir. Sözün yeni məna kəsb etməsi hadisəsi dilimizin daxili semantik qanunlarına əsasən və birdən-birə deyil, tədrici yolla baş vermişdir. Bu hadisə nəticəsində dilimizin lüğət tərkibi kəmiyyətcə yox, keyfiyyətcə zənginləşmişdir.
Müasir Azərbaycan ədəbi dilində morfoloji yolla söz yaradıcılığı son dərəcə mürəkkəb bir proses olduğu üçün bunun çox müxtəlif formaları vardır. Morfoloji yolla sözlər, əsasən, sözdüzəldici şəkilçilər (leksik şəkilçilər) vasitəsilə yaradılır. Bunlardan bir neçəsini nəzərdən keçirək. -lıq, -lik, -luq, -lük şəkilçisi. Bu şəkilçinin köməyi ilə dilimizdə vəzifə, peşə, kəmiyyət, keyfiyyət, əşya və s. mənalar bildirən yeni sözlər yaranmışdır; məsələn:
● vəzifə bildirən: rektor-luq, nazir-lik, katib-lik, sədr-lik və s.
● peşə bildirən: müəllim-lik, aqronom-luq, mühəndis-lik və s.
●kəmiyyət bildirən: az-lıq, çox-luq və s.
● keyfiyyət bildirən: yaxşı-lıq, pis-lik və s.
● əşya adı bildirən: göz-lük, baş-lıq, əl-lik və s. -ma, -mə şəkilçisi.
Dilimizdə bu şəkilçi vasitəsilə, əsasən, aşağıdakı qrup yeni sözlər əmələ gəlmişdir; məsələn:
● əşya adı bildirən sözlər: düy-mə, dol-ma, süz-mə, çək-mə, qovur-ma, yar-ma və s. ● termin bildirən sözlər: qoş-ma, deyiş-mə, yanaş-ma, uzlaş-ma və s.
● qarşılıqlı iş adı və əlamət bildirən sözlər: vuruş-ma, döy-mə (ət), hör-mə (don) və s. -ar, -ər şəkilçisi. Bu şəkilçi vasitəsilə müxtəlif mənalı bir sıra yeni sözlər yaranmışdır; məsələn:
● əşya adı bildirən sözlər: aç-ar, kəs-ər və s.
● hal-vəziyyət və hərəkət bildirən sözlər: göy-ər(mək), boz-ar(maq), ot-ar(maq) və s.
Müasir Azərbaycan dilində morfoloji yolla, yəni şəkilçilər vasitəsilə yeni sözlər yaradılması digər yollara nisbətən daha məhsuldar xarakter daşıyır. Bu, dilimizdəki sözdüzəldici şəkilçilərin çox zəngin olması ilə əlaqədardır. Müasir Azərbaycan ədəbi dili morfoloji yolla yeni söz yaratmaq üçün çox geniş imkanlara malikdir. Hazırda yeni sözlər yaratmaq üçün yüzdən artıq şəkilçidən istifadə olunur. Bunlardan, təxminən, qırxı isim düzəldən şəkilçidir.
Dilin sintaktik imkanları əsasında əmələ gələn yeni sözlər sintaktik yolla yaranan sözlər adlanır. Bu yolla yeni söz yaradılarkən iki və daha artıq sözün birləşməsindən istifadə edilir; məsələn: qaranquş (ikisözlü), əlüzyuyan (üçsözlü). Sintaktik yolla iki sözün birləşməsindən ibarət yeni sözlər yaradılması dilimiz üçün daha xarakterikdir.
Qeyd etmək lazımdır ki, dilimizdə sintaktik yolla sözlər yaradılması prosesinə də çoxdan başlanmışdır. Bu yolla Azərbaycan dilində xeyli miqdarda yeni söz yaradılmış və bunların vasitəsilə dilimizin lüğət tərkibi daha da zənginləşmişdir.
Müasir Azərbaycan ədəbi dilində sintaktik yolla yeni söz yaradılmasının iki üsulu vardır:
1. Leksik-sintaktik üsulla söz yaradılması. Bu qayda ilə yaranan sözlərdə heç bir morfoloji vasitədən istifadə olunmur. Burada ancaq leksemlər – leksik vahidlər birləşərək sintaktik əlaqə əsasında yeni söz əmələ gətirir; məsələn: İstisu, ağciyər, qayınata, şəkərçörək, şüşəbənd, beşdaş və s.
2. Leksik-qrammatik üsulla söz yaradılması. Bu üsulla əmələ gələn sözlərdə istər leksik, istərsə də qrammatik şəkilçilərdən istifadə olunur. Belə ki, sözlər birləşdirilərkən komponentlərə bu və ya digər şəkilçi qoşularaq sintaktik əlaqə əsasında yeni söz yaranır; məsələn:
a) ahəngə görə -ı,-i,-u,-ü şəkilçisinin artırılması ilə: dəvəquşu, quşotu, suiti, ayaqqabı, qarğıdalı və s.
b) birinci komponentə -dan,-dən sözdəyişdirici, ikinci komponentə isə -ma,-mə sözdüzəldici şəkilçisinin artırılması ilə: anadangəlmə, göydəndüşmə və s.
c) ikinci komponentə (feillərə) -an,-ən şəkilçisinin artırılması ilə: uzaqgörən, ağacdələn, taxıldöyən və s. Bunlardan başqa, morfoloji-sintaktik üsulla söz yaradılması prosesində digər morfoloji vasitələrdən də istifadə olunur; məsələn: günəbaxan, südəmər və s.
Hazırda sintaktik yolla söz yaradılması dilimizin lüğət tərkibinin zənginləşməsində xüsusi rola malikdir.