Mövzu 4 : Azərbaycan dilində nitq etiketi
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s. davranış qaydaları “etiket” adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da “etiket” deyilir. Xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir. Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn rəngarəng ifadələr tez-tez işlədilir.
Hər bir xalqın öz milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq, müraciət, görüşmə, ayrılma, təbrik və s. formaları, ifadələri olur ki, onlara nitqetiketləri, yaxud nitqyarlıqları deyilir.
1) Müraciət etiketləri
Xanım! Cənab! Müəllim! Oğlum! Qızım! Əmi! Dayı! A bala! Qardaşoğlu! Bacıoğlu! Qardaş! Əzizim! Qadası! Dərdin alım! Başına dönüm!
Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “siz” deyə müraciət olunur.
Müraciət etiketləri iki yerə ayrılır:
rəsmi müraciət: Cənab prezident! Vətəndaş hakim!
qeyri-rəsmi müraciət: Oğlum! Qadan alım!
2) Görüşmə etiketləri
Salam! Salam-əleyküm! Əleyküm-salam! Xoş gördük! Gün aydın! Sabahınız xeyir! Axşamınız xeyir! Xoş gəlmişsiniz!
3) Ayrılma etiketləri
Xudahafiz! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Gecəniz xeyrə qalsın! Xeyrə qənşər (qabaq, doğru) gedin! Uğur olsun! Yaxşı yol! Görüşənə qədər!
4) Təbrik etiketləri
Təbrik edirəm! Gözünüz aydın! Mübarəkdir!
Mübarək olsun! (hamısının cavabında: Sağ olun!)
5) Alqışlar
Allah sizə kömək olsun! Yastığınız yüngül olsun! Allah rəhmət eləsin! Görüm neylim, necə eliyim deməyəsiniz!..
6) Qarğışlar
Allah öldürsün! Allah evini yıxsın! Gözün tökülsün!..
7) Söyüşlər
Səni yerə soxum! Üzünə tüpürüm!..
Elə nitq etiketləri vardır ki, əsrlər, minilliklər boyu sabit qalır, elələri də vardır ki, müəyyən dövrdə, mərhələdə işlənib sonra ünsiyyətsən çıxır. Məsələn, son illərə qədər fəal işlənən Yoldaş! Vətəndaş! müraciət formalarıı artıq qeyri-fəaldır. Halbuki son illərə qədər, demək olar ki, işlənməyən cənab sözü artıq geniş miqyasda yayılmışdır.
Nitq etiketlərindən yerli – yerində istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir, səmimi münasibət yardır.
Mövzu 5 : Kommunikasiya prosesində nitqin keyfiyyətinə verilən tələblər
Gözəl nitq insan nüfuzunun, insan avtoritetinin əsas göstəricilərindən biridir. Düzgün,aydın, məntiqli, yığcam danışmaq hər bir natiqin əsas vəzifəsidir.Bu sıralanmada çox zaman nitqin düzgünlüyünü ön plana çəkirlər. Ritorun nitqi elmi cəhətdən düzgün olmalı, faktlar, rəqəmlər təhrif olunmadan, dəqiqliklə verilməlidir.Belə olduqda natiq inamla danışır və sözləri təsirli olur.
Nitqin aydınlığına iki aspektdən yanaşmaq olar. 1) Ritorun toxunacağı məsələlər ilk növbədə onun özü üçün aydın olmalıdır.2 ) Natiq aydın danışmalı, sözləri düzgün, səsləri öz məxrəcinə uyğun tələffüz etməlidir və lazımsız əlavələrə yer verməməlidir.Auditoriyanı özünə cəlb edən ilk növbədə gözəl səs tonu, aydın tələffüz, yerli-yerində edilən fasilələrdir.Fikrin düzgün olub-olmaması, təbii ki, natiqin öz nitqinə nə dərəcədə məsuliyyətlə yanaşmasından və hazırlığından asılıdır.
Nitqə verilən başqa bir tələb onun məntiqli olmasıdır. Ritorun nitqinin effekti bundan çox asılıdır.Bildiyimiz kimi, “məntiq” , “nitq” sözləri ərəb mənşəlidir və eyni köklüdür. Məntiqin nitqlə əlaqəsi o qədər möhkəmdir ki, hətta XIX əsr Avropa dilçiliyində dil qanunlarını məntiqlə eyniləşdirən “məntiqizm” cərəyanı yaranmışdı. Məntiqi cəhətdən düzgün qurulan nitqdə mülahizə və mühakimələr dəqiq, konkret və tam olur, dinləyicini razı salır.
Nitqin şərtlərindən biri də onun yığcamlığıdır. indiki vaxtda hər bir sahədə lakoniklik, konkretlik ön plana çəkilir
Nitqin keyfiyyətinə verilən başqa bir tələb nitqin təmizliyidir. Hər dövrün tələbinə uyğun olaraq, dilimizə daim müxtəlif dillərdən sözlər keçir və dilimizin lüğət tərkibində özünə yer eləyir. Hər zaman bununla mübarizə aparan ziyalılarımız olub və dilin təmizliyi uğrunda çalışıblar.Lüğətimizdə olan ərəb, fars, rus-avropa mənşəli sözlər tariximiz haqqında bizə dəqiq məlumat verir.Hal-hazırda isə dilimizin lüğət tərkibində özünə yer eyləyən türk və ingilis mənşəli sözlər var.
Nitqin keyfiyyətinə verilən tələblərin sırasında biz nitqin münasibliyini xüsusi qeyd etməliyik.Nitqin məzmunu, lüğət tərkibi, hətta nitqin səs mədəniyyəti belə auditoriyaya uyğun olmalıdır. Əsl natiq sözün çəkisinə, məna tutumuna diqqət yetirir. Elə ifadə var ki, onu bir auditoriyada işlədərsən birmənalı qarşılanar, başqa bir audiotoriyada isə həmin fikir tamamilə başqa reaksiya doğurar. Ona görə də, natiq auditoriyanın səviyyəsini, tərkibini, yaş xüsusiyyətini nəzərə almalıdır.Əks halda istənilən effekt əldə edilməz.
Nitqin keyfiyyətlərindən biri də onun zənginliyidir.Zəngin nitqə yiyələnməyin yolu, mən deyərdim ki, ilk öncə valideyn övlad münasibətindən başlayır. Hələ ailədə ana övladı ilə danışıq prosesində onu böyük kimi dindirərsə, müəyyən qədər fikirlərinə əhəmiyyət verərsə, bu uşağın özünə inamını artırar. Daha sonra bu proses bağçada, məktəbdə davam etdirilməlidir ki, burada da müəllimin pedaqoji hazırlığı onun köməyinə çatır. Nitqin zənginləşməsinə kömək edən amillərdən biri də mütaliədir.
Nitqin ifadəliliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə şərtlənir. İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə onun ifadəlilik imkanlarını duyub qiymətləndirməklə əlaqədardır. Adi sözlərdən qurulmuş epitet, metafora, metonimiya, sinekdoxa və məcazlar ifadəliliyi, bədiililiyi gücləndirən vasitələrdir.Nitq düzgün, dəqiq, təmiz, məntiqi olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır. Ünsiyyətin yaranmasında ifadəlilik kateqoriyası böyük əhəmiyyət kəsb edir.İfadəlilik dilin əsas kateqoriyalarından biridir və geniş diapazona malikdir. Bu genişlik həm onun əmələgəlmə mənbələrinin rəngarəngliyindən, həm də təzahüretmə xarakterinin mürəkkəbliyindən irəli gəlir.
Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlığı gözlənilməklə materialın alçaq tondan başlayaraq, uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlbetmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur.
Dostları ilə paylaş: |