“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası
Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında”
Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası
Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2014-
cü il oktyabrın 16-da Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
№ 1127-IVQ
Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası
Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və
Tacikistan Respublikası Hökuməti,
karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının
alınması sahəsində əməkdaşlığın əhəmiyyətini dərk edərək,
Tərəflər arasında ticarət əlaqələrinin inkişafı və kommersiya müqavilələrinin həyata
keçirildiyi zaman öz ölkələrinin ərazilərini karantin tətbiq edilən zərərli orqanizmlərin daxil
olmasından və yayılmasından qarşılıqlı olaraq qorumaq maraqlarından çıxış edərək,
bitki karantini sahəsində əməkdaşlığı davam etdirmək və genişləndirmək, dövlət
karantin tədbirlərinin əlaqələndirilməsini təmin etmək istəyini rəhbər tutaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişdə istifadə edilən terminlər Tərəflərin milli qanunvericiliklərinə riayət etmək
məqsədi ilə aşağıdakı mənaları daşıyır:
“zərərli orqanizm” - bitki və bitkiçilik məhsullarına zərərli olan bitkilərin, heyvanların və
patogen agentlərin istənilən növü, növün dəyişmiş forması və ya biotipi;
“karantin tətbiq edilən zərərli orqanizm” - təhlükəyə məruz qalmış ərazidə hələlik mövcud
olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış, rəsmi mübarizə obyektinə
çevrilmiş və həmin ərazi üçün potensial iqtisadi əhəmiyyətə malik zərərli orqanizm;
“bitkilər” - toxum və genetik material daxil olmaqla, canlı bitkilər və onların hissələri;
“bitkiçilik məhsulları” - emal olunmamış bitki mənşəli material (dən də daxil olmaqla),
habelə öz təbiətinə və ya emal üsuluna görə zərərli orqanizmlərin introduksiyası və
yayılması təhlükəsini yarada bilən emal olunmuş məhsullar;
“karantin nəzarətində olan material” - xüsusilə beynəlxalq yükdaşımalar zamanı zərərli
orqanizmlərin məskunlaşmasına və ya yayılmasına şərait yaradan, fitosanitar tədbirlərinin
aparılmasını tələb edən istənilən bitki, bitkiçilik məhsulu, saxlanma yeri, qablaşdırma
materialı, nəqliyyat vasitəsi, konteyner, torpaq və hər hansı digər orqanizm, obyekt və ya
material.
Maddə 2
Bu Sazişin müddəalarının həyata keçirilməsi və əlaqələndirilməsi üçün Tərəflərin
səlahiyyətli orqanları aşağıdakılardır:
Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti,
Tacikistan Respublikası tərəfindən - Tacikistan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinin Bitki Karantini və Fitosanitariya üzrə Dövlət Müfəttişliyi Xidməti.
Maddə 3
Tərəflər milli qanunvericiliyə uyğun beynəlxalq fitosanitar və ya təkrar ixracat
fitosanitar sertifikatları verilən karantin nəzarətində olan məhsulların, materialların və
obyektlərin qarşılıqlı razılaşdırılmış siyahılarını mübadilə edirlər.
Tərəflər bu Sazişin ayrılmaz hissəsi olan karantin tətbiq edilən zərərli orqanizmlərin
siyahılarına (əlavə 1 və 2)
[1]
müvafiq olaraq, qüvvədə olan milli qanunvericiliyə uyğun, öz
ölkələrinin ərazilərinə karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının qarşısının
alınması üçün bütün lazımi tədbirləri görəcəklər.
Tərəflərin səlahiyyətli orqanları karantin tətbiq edilən zərərli orqanizmlərin
siyahılarına gələcəkdə əlavə və ya dəyişikliklər edə bilərlər.
Əlavə və ya dəyişikliklər barədə digər Tərəfin səlahiyyətli orqanları məlu-
matlandırılacaq.
Əlavə və ya dəyişikliklər bu barədə məlumatın alındığı andan dərhal sonra qüvvəyə
minir.
Maddə 4
Tərəflər bir ölkədən digər ölkəyə göndərilən karantin nəzarətində olan materialların
idxal, ixrac və tranziti üzrə milli qanunvericilikləri ilə təsdiq edilmiş fitosanitar qaydalarına
riayət etməyi öhdələrinə götürürlər.
Maddə 5
Tərəflər bitki karantini sahəsində səmərəli əməkdaşlığı təmin etmək məqsədi ilə
qüvvədə olan milli qanunvericiliyə müvafiq olaraq aşağıdakı öhdəlikləri üzərlərinə
götürürlər:
- bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə karantin
nəzarətində olan materialların idxalı, ixracı və tranziti zamanı karantin tətbiq edilən zərərli
orqanizmlərin daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək;
- Azərbaycan Respublikasının və Tacikistan Respublikasının ərazilərində bitki
karantini tədbirlərini tənzimləyən qayda və əsasnamələrin mübadiləsini həyata keçirmək;
- Tərəflərin dövlətlərinin ərazilərində karantin tətbiq edilən zərərli və digər xüsusi
təhlükəli orqanizmlərin qeydə alınması və yayılması barədə məlumat mübadiləsi aparmaq.
Maddə 6
Bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə idxal edilən
karantin nəzarətində olan materialların hər yük partiyası ixrac edən ölkənin milli
qanunvericiliyində nəzərdə tutulmuş qaydada milli bitki mühafizəsi təşkilatı tərəfindən
verilən fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatı ilə müşayiət edilməlidir. Sertifikat
karantin nəzarətində olan materialların idxal edən Tərəfin müəyyən olunmuş fitosanitar
normalarına cavab verməsini təsdiq etməlidir. Bitki və bitkiçilik məhsullarının idxalı milli
qanunvericiliyin müddəalarına müvafiq olaraq verilən idxalçı dövlətin idxal karantin icazəsi
ilə tənzimlənir.
Tərəflərin səlahiyyətli orqanları milli və beynəlxalq tələblər ilə müəyyən edilən
karantin nəzarətində olan materialların ayrı-ayrı partiyalarının idxalı zamanı bu cür
materialların fitosanitar vəziyyətinə dair əlavə şərtlər qoymaq (zərərsizləşdirilmə, yeni tara,
kənar qarışıqların və torpağın olmaması, yuyulma, hermetiklik və s.) hüququnu özlərində
saxlayırlar.
Karantin nəzarətində olan materialların tranziti Tərəflərin dövlətlərinin milli
qanunvericiliyinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq həyata
keçirilir.
Maddə 7
Fitosanitar karantin nəzarətində olan məhsulların, materialların və obyektlərin
Tərəflərdən birinin dövlətinin ərazisindən ixracı zamanı qablaşdırma materialı kimi 15
nömrəli Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standarta (İSPM 15) uyğun olaraq xüsusi
işləmədən keçmiş ağacdan olan qablaşdırma materialları tətbiq ediləcəkdir. Karantin tətbiq
edilən zərərli orqanizmlərin daşıyıcıları ola bilən digər bitkiçilik məhsullarından (quru ot,
küləş, püfə, yarpaq) əlavə qablaşdırma materialı kimi, Tərəflərin qabaqcadan razılığı
olmadan istifadə edilməyəcəkdir.
Tərəflərdən birinin dövlətinin ərazisindən digər Tərəfin ərazisinə karantin nəzarətində
olan materialların daşınmasında istifadə olunacaq nəqliyyat vasitələri əsaslı təmizlənməli və
zərurət yarandıqda zərərsizləşdirilməlidir.
Maddə 8
Fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildiyi
halda, karantin nəzarətində olan material ixracatçı ölkəyə geri qaytarılmalı və ya
zərərsizləşdirilməlidir, əgər zərərsizləşdirmənin nəticələri qənaətbəxş deyilsə, onda yük
sahibinin hesabına emal edilməli və ya müvafiq sənədlərin rəsmiləşdirilməsindən sonra
məhv olunmalıdır.
Məhsul, material və obyektlər fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatı ilə
müşayiət olunmadıqda geri qaytarılmalıdır, onların geri qaytarılması mümkün olmadıqda,
aparılmış karantin ekspertizaları və laboratoriya analizlərinin nəticələri əsasında
zərərsizləşdirilə, emal edilə, dövlət mülkiyyətinə təhvil verilə və ya milli və beynəlxalq
fitosanitar normalarına və qanunvericilik qaydalarına riayət edilməklə məhv edilə bilər, hər
bir ayrı halda Tərəflərin səlahiyyətli orqanları bu barədə 13 nömrəli Fitosanitar Tədbirləri
üzrə Beynəlxalq Standartın (İSPM 13) tələblərinə uyğun olaraq məlumatlandırılmalıdır.
Maddə 9
Bu Sazişin həyata keçirilməsi ilə bağlı praktiki məsələlərin həlli üçün Tərəflərin
səlahiyyətli orqanları, zərurət olduqda, birgə görüşlər təşkil edirlər.
Maddə 10
Tərəflər, qarşılıqlı razılıq əsasında, bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan və
ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edə bilərlər. Qeyd
olunan protokollar bu Sazişin 13-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 11
Bu Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı fikir ayrılıqları Tərəflər arasında
məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 12
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən
irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
Maddə 13
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirilməsi barədə Tərəflərin diplomatik kanallarla sonuncu yazılı bildirişinin alındığı
tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu müddətin bitməsinə ən
azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı
şəkildə məlumat verməzsə, onun qüvvəsi, avtomatik olaraq, növbəti beşillik müddətlərə
uzadılacaqdır.
Düşənbə şəhərində 16 oktyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, tacik və rus
dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki
mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
Tacikistan Respublikası
Hökuməti adından
Hökuməti adından
(imza)
(imza)
Dostları ilə paylaş: |