Su anbarı hövzəsi və ona perimetri boyu birləşən suayrıcı ərazilər, həmçinin bəndin ərazisi, bütövlükdə Məhsuldar qat çöküntülərinin üzərində yerləşir. Lakin axtarış aparılan ərazinin bənd oxundan 1000-1200 m aşağı, aşağı byefdə, Üst Pliosen Ağcagil mərtəbəsinin çöküntülərinə rast gəlinir. Belə bir hal yuxarı byefdə də müşahidə olunur. Burada su hövzəsinin hüdudlarında, Məhsuldar qatın qurtaracağında, iri qaya parçası, bloklar, qırıntılar (3-15 m3 və daha böyük) şəklində Pont mərtəbəsindən (N1 3 b) əmələ gələn komqlomeratlara, qravelitlərə və iri dənəli qumdaşlarına, ən çox da onların daha xırda qırıntılarına (1 m3 -a qədər) rast gəlinir ki , onlar da cənuba doğru gələcək su anbarını bəzi yerlərdə 0.2-0.4 km məsafədə əhatə edir.