Maddə 63. Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi 1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən
işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək
müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu
işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin
70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.
2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun
müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər
struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə
əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin
56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri
dəyişdirilə bilər.
3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən
tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq
səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq
fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək
müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya
işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin
sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin
və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir.
Qeyd: Bu maddənin 3-cü hissəsində «əmək müqavilələrinin kütləvi şəkildə ləğv
edilməsi» dedikdə, müvafiq müəssisəyə mülkiyyət hüququ yaranan gündən üç ay
ərzində eyni zamanda və ya ayrı-ayrı vaxtlarda işçilərin ümumi sayı:
100 nəfərdən 500 nəfərədək olduqda onların 50 faizindən çoxunun;
500 nəfərdən 1000 nəfərədək olduqda onların 40 faizindən çoxunun;
1000 nəfərdən artıq olduqda onların 30 faizindən çoxunun yeni mülkiyyətçi və ya
onun təyin etdiyi işəgötürən tərəfindən bu Məcəllənin 70, 73 və 75-ci maddələrində
müəyyən edilmiş əsaslarla əmək müqavilələrinin ləğv edilməsi başa düşülməlidir.