Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fakültə: Tarix və Coğrafiya
İxtisas: Tarix-Coğrafiya müəllimliyi
Tədris: II
Qrup: TCM1803B
Fənn: Azərbaycan Tarixi-2
Fənn müəllimi. prof. Xəqani Məmmədov
prof.khagani.mammadov@gmail.com
Tələbə: Babayev Cavid. babayevcavid40@gmail.com
İMTAHAN TAPŞIRIĞI
Xanlıqların sosial-iqtisadi həyatı. İdarəetmə sistemi
1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda İran əsarəti sona çatdı. İran əsarəti sona çatdıqdan sonra ölkəmizdə Qarabağ, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Dərbənd, Təbriz, Urmiya, Ərdəbil, Maku, Marağa, Xoy, Quba, Bakı, Lənkəran, İrəvan və s. xanlıqlar meydana gəldi. Bunlardan əlavə, Azərbaycanda daha kiçik feodal qurumları - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultan-lıqları, Qarabağda isə Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq və Xaçın məlikləri var idi.
XVIII əsrin ikinci yarısında, əvvəlki dövrlərdə olduğu kimi, eyni feodal mülkiyyət formaları mövcud idi. Lakin bu baxımdan dövrün səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, xanlıqlarda dövlət torpaqları ilə xan ailəsinə məxsus torpaqların birləşdirilməsi müşahidə olunurdu. Bu torpaqlar xan və onun ailəsinin başlıca gəlir mənbələrindən sayılırdı. Xanlıqlar dövründə mülk, vəqf və camaat torpaq mülkiyyəti formaları da mövcud idi. XVIII əsrin ikinci yarısında şərti torpaq mülkiyyət forması kimi tiyul geniş yayılmışdı. Bu dövrdə də tiyul xanlar tərəfindən müəyyən şəxslərə vəzifəyə və xidmətə görə verilirdi. Əvvəllər olduğu kimi, Azərbaycan xanlıqlarında feodallar və kəndlilər əhalinin əsas siniflərini təşkil edirdilər.
Xan, bəy, sultan və məliklərdən, habelə torpaq sahiblərindən əlavə, feodal zümrəsinə ruhanilər, yaımköçəri tayfaların başçıları olan elbəyilər də daxil idi. Xidmət müqabilində yarımoturaq, bəzən isə oturaq kəndlilərlə birlikdə torpaq alan elbəyilər eyni zamanda torpaq sahiblərinə çevrilirdilər. Elbəyilər xan qarşısında hərbi mükəlfiyyət daşıyırdılar.
Ruhani zümrəsi iki dərəcəyə -ali və aşağı dərəcələrə bölünürdü. Kəndli sinfi əsasən rəiyyət və rəncbərdən ibarət idi. Kəndlilərin əksəriyyətini təşkil edən rəiyyət divan, mülk və vəqf torpaqlarında yaşayırdı. Rəiyyətin bir qismi kənd icmasının onlar üçün ayırdığı torpaqları becərir və kimin torpağında yaşamasından asılı olaraq feodallara, yaxud xəzinəyə əsas vergi kimi məhsul rentası ödəyirdi. Ən ağır vəziyyətdə yaşayan kəndli rəncbər idi. Öz torpağı olmayan rəncbər xanın və digər feodalların mülklərində işləyərək yığılan məhsulun müəyyən hissəsini - adətən, 3/1-ni alırdı. Rəncbərlərin sıralarının artmasının mənbələri müxtəlif idi. Adətən, aclıq və məhrumiyyətlərə məruz qalan rəiyyət özünün kiçik torpaq sahəsini feodala satmağa məcbur olur və beləliklə, rəncbərə çevrilirdi. Rəncbərlərin sayı həmçinin əsirlərin və digər xanlıqlardan qaçmış kəndlilərin hesabına da artırdı. Maldarlıq təsərrüfatı ilə məşğul olan elatlar da kəndli sinfınə məxsus idi. Onlar yarımköçəri həyat tərzi keçirməklə birbaşa tayfa başçılarından asılı vəziyyətdə olurdular.
Günəşli günlərin çoxluğu və münbit torpaqlar Azərbaycanda müxtəlif bitkilər, o cümlədən kətan, küncüd, buğda, arpa, çəltik və s. yetişdirmək üçün əlverişli şərait yaradırdı.
Ölkə iqtisadiyyatında mühüm yer tutan ipəkçilik Şamaxı, Şəki, Qarabağ, Talış, Naxçıvan və digər xanlıqlarda inkişaf etmişdi. Kənd təsərrüfatında arıçılıq, üzümçülük, bostançılıq, xüsusilə bağçılıq müəyyən rol oynayırdı. Bunlar əsasən Qarabağ, Təbriz, Marağa, Gəncə, Şəki, Quba, Urmiya, Naxçıvan və s. xanlıqlarda yayılmışdı. Quba, Bakı və digər Xanlıqlarda əhali əkinçiliklə məşğul olurdu. Abşeron həmçinin özünün ətirli zəfəranı ilə məşhur idi. Burada bostançılıq da inkişafda idi. Talış xanlığında çəltik və şəkər çuğunduru yetişdirilirdi. Xəzər dənizi və Kür çayı sahillərində yaşayan əhali balıqçılıqla məşğul olurdu. Kənd təsərrüfatının mühüm sahələrindən biri də maldarlıq idi. Maldarlıqla əsasən yarımköçəri həyat sürən tayfalar məşğul olurdular. Qışlaqlarda və yaylaqlarda xırda və iribuynuzlu mal-qara bəslənilirdi.
Azərbaycan xanlıqlarında əsas vergi malcəhət idi. İndi müxtəlif xanlıqlarda onun həcmi 1/10-lə 1/3 arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən "çöpbaşı" adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan "bağbaşı” adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Bayram günlərində rəiyyət "hədiyyə" olaraq feodala bayramlıq gətirməli idi. Kəndlilərdən toy pulu da alınırdı. Hər bir kəndli həyətindən "otaqxərci" deyilən vergi də yığılırdı. Kəndli xanın atları üçün arpa verməli idi. Bu vergi "at arpası" adlanırdı.
Rəiyyət tez-tez öz hesabına xanın muzdlu əsgərlərini də saxlamalı olurdu. Bu mükəlləfıyyət "dişkirəsi" adlanırdı. Kəndli feodalın xeyrinə olaraq bir sıra mükəlləfiyyətlər - biyar və əvrəz yerinə yetirməli idi. Biyar ildə 3 gündən 6 günədək, əvrəz isə 2 gün olurdu. Kəndlilərin gəlirinin çox hissəsi müxtəlif vergi və mükəlləfıyyətlərin ödənilməsinə sərf olunurdu. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da vergilərin toplanması qarət xarakteri daşıyırdı. Xanlıqlarda vergilərin toplanması üçün xüsusi qayda yox idi. Bu isə başda darğa olmaqla vergi toplayanların özbaşınalığı üçün əlverişli şərait yaradırdı.
XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində Təbriz, Şamaxı, Naxçıvan, Ərdəbil, Dərbənd, Bakı, Maku, Urmiya, Xoy, Əhər, Gəncə, Şəki kimi qədim şəhərlərlə yanaşı, Yeni Şamaxı kimi təzə şəhərlər də meydana gəldi. XVIII əsrin ikinci yarısında adları çəkilən şəhərlərin hamısı bu və ya digər xanlıqların mərkəzi idi. Həmin şəhərlər əsas etibarilə qala divarları ilə əhatə olunmuşdu. Azərbaycanda tez-tez baş verən feodal ara müharibələri və xarici işğalçıların basqınları zamanı şəhərlərə ciddi ziyan toxunurdu.
Zəngin təbii sərvətə malik Azərbaycan torpağında tarix boyu sənətkarlığın, demək olar ki, bütün sahələrinin inkişafı üçün əlverişli şərait olmuşdur. Lakin siyasi hadisələr, qonşu dövlətlərin arasıkəsilməyən basqınları ölkədə sənətkarlığın tam mənada inkişafına maneçilik törədirdi. Bəzi hallarda yerli feodallar idarə etdikləri ərazidə zəngin faydalı qazıntı yataqlarının mövcud olduğunu bildikləri halda, qonşu feodalların basqınından ehtiyatlanaraq həmin yataqlardan istifadə etmirdilər. Beləliklə, ölkənin təbii sərvətləri istifadəsiz qalırdı.
Qarabağ və Naxçıvan xanlığında az miqdarda gümüş, mis, qurğuşun və s. hasil olunurdu. Daşkəsəndə dəmir və mis mədənləri şöhrət tapmışdı. Naxçıvanda kükürd, Gəncədə isə mis və zəy daşları əldə edilirdi. Cənubi Qafqazın bir çox yerlərinə Bakıdan və Naxçıvandan duz aparılırdı.
Azərbaycan xalçaçılarının məhsulları xarici bazarda yüksək qiymətləndirilirdi. Şamaxı xanlığının üç iri kəndi - Basqal, Müci və Lahıc bir növ sənətkarlıq mərkəzlərinə çevrilmişdi. Bu kəndlərin sənətkarları tərəfindən hazırlanan mallar bazarlarda böyük şöhrət tapmışdı. Basqal və Mücidə müxtəlif ipək parçalar, kəlağayılar istehsal edilir, Lahıcda isə mis avadanlıqları, həmçinin müxtəlif silahlar o cümlədən tüfəng, xəncər və s. hazırlanırdı. Lahıcın məhsulları həm keyfiyyət, həm də kəmiyyət etibarilə heç də o dövrün mərkəzi şəhərlərində istehsal olunan məhsullardan geridə qalmırdı. Adi şəhərlərdəki sənətlərin, demək olar ki, bütün növləri burada mövcud idi. Lakin Lahıc inzibati mərkəz deyildi, əhalisi çox az, sahəsi isə şəhərə nisbətən kiçik idi. Təbriz, Ərdəbil, Xoy, Şəki, Qarabağ, Urmiya, Gəncə və digər xanlıqlarda da müəyyən iqtisadi canlanma müşahidə olunurdu.
Yuxarıda göstərilən faktlar XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında sənətkarlığın inkişafı üçün əlverişli zəmin olduğunu bir daha sübut edir.
Əvvəlki dövrlərdə olduğu kimi, XVIII əsrin ikinci yarısında da Azərbaycanda ticarət əməliyyatı həm karvan yolları, həm də Xəzər dənizi vasitəsilə aparılırdı. Karvan yolu ilə ən qızğın ticarət Şimal istiqamətində-Bakı-Dərbənd-Tərki-Qızılyar-Həştərxan; Cənub istiqamətində isə Bakı-Şamaxı-Cavad-Lənkəran-Rəşt marşrutu ilə aparılırdı. Volqa-Xəzər ticarət yolunda isə Bakı limanı xüsusi əhəmiyyət kəsb edirdi. Bu yolla həm Rusiyaya, həm də Rusiyanın çayları vasitəsilə Qərbi Avropa ölkələrinə, xüsusilə İngiltərə və Hollandiyanın bazarlarına çıxmaq olurdu. Karvan yollarında Şamaxı şəhəri də mühüm rol oynayırdı. Buradan tacirlər karvan vasitəsilə Bakıya, yaxud Qobustan düzü ilə Şabrana, oradan isə dənizlə Həştərxana, Volqa ilə Moskvaya və uzaq ölkələrə mal aparırdılar.
Karvan yolları və dəniz yolu təkcə tranzit ticarətə xidmət etmir, yerli şəhərləri də bir-biri ilə birləşdirirdi. Ticarətin aparılması və inkişafında ölkə daxilindəki körpülər, karvansaralar və ovdanlar da əhəmiyyətli rol oynayırdı. Körpülər, adətən, çayların dar keçidlərində tikilirdi. Ticarət yolu ağzında olan körpülərin yaxınlığında isə karvansaralar yerləşirdi.
Çoxlu qazanc götürmək və ticarəti inkişaf etdirmək məqsədi güdən yerli hakimlər karvansaraları özləri üçün münasib yerlərdə, əsasən karvan yollarında tikdirirdilər.
Xanlıqlar dövründə zərb olunan pulların sabit qiyməti yox idi. Ölkənin daxili vəziyyətindən asılı olaraq, yerli hakimlər pul vahidlərinin qiymətini artıra, yaxud aşağı sala bilərdilər. Belə bir vəziyyətin mövcud olması şəhərlərdə pul dövriyyəsinə, eyni zamanda ticarətin normal şəkildə aparılmasına ciddi maneə törədirdi.
Hər bir xanlığın pulu o xanlıqda əsas pul hesab olunurdu. Lakin bundan əlavə, həmin xanlıqda digər xanlıq və ölkələrin də pulları dövr edirdi. XVIII əsrdə Azərbaycanda müxtəlif ölkələrin, hətta Hollandiyanın pulu da işlənilirdi. Onu da qeyd etmək lazımdır ki, bir xanlığın pulu başqa bir xanlığa keçdikdə öz dəyərini xeyli itirirdi. O dövrün səyyahı, Azərbaycanın bir çox şəhərlərində olmuş S.Qmelin yazır ki, "...bir xanlıqdan başqa bir xanlığa keçdikdə pulun dəyərsiz olması o saat üzə çıxır". Bəzi şəhərləri istisna etməklə, demək olar ki, Azərbaycanın şəhərlərində zərb olunan pullar İrandakı kimi "abbası" adlanırdı. Ümumiyyətlə, Azərbaycan şəhərlərindəki pul vahidləri əsasən İranda işlənilən pul terminlərinə uyğun gəlirdi: abbası, tümən, qran, şahı və s.
XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında pul sistemi kimi çəki və ölçü vahidləri də müxtəlif idi. Demək olar ki, hər bir xanlığın özünəməxsus uzunluq ölçüsü və çəki daşları vardı. Bu isə xüsusilə gəlmə tacirlərlə yerli əhalinin alverinə ciddi maneçilik törədir, hərc-mərcliyə, narazılığa səbəb olurdu. Alıcı və satıcıların özünəməxsus ölçüsü vardı; necə deyərlər, alver vaxtı hərə öz arşını ilə ölçürdü.
XVIII əsrdə xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlamışdı. Bu zümrənin başında dövlətin başçısı xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçirdi. Həmin hüquq hər dəfə xan tərəfindən təsdiq edilməli idi. Ali zümrənin əsas hissəsini geniş torpaq sahələrinə sahib olan bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu idilər. Bəylərin mülki hüququ irsi idi. Onlar kəndlilər üzərində inzibati hakimiyyətə malik olub, xanın qarşısında istənilən xidmətə hazır idilər. Qazax, Şəmşəddil və Borçalıda bəy hüququna malik olan və kəndləri idarə edənlər ağa adlanırdılar, Bəylər xanlıqda böyük siyasi qüvvə idilər. Xanın hakimiyyətinin möhkəmliyi xeyli dərəcədə bu zümrədən asılı idi. Bununla bərabər, xanlar bəylərin iqtisadi və siyasi cəhətdən güclənməsinə ehtiyatla yanaşır, buna imkan verməməyə çalışırdılar.
Xanlıq hakimiyyət sistemi təkhakimiyyətliliyə əsaslanırdı. Onu qeyri-məhdud qanunverici, məhkəmə və icra hakimiyyətinə malik olan xan idarə edirdi. Şəki, Şirvan, Quba və Qarabağda xanın yanında məşvərətçi səslə divan və ya xan şurası fəaliyyət göstərirdi. Divanın, yaxud şuranın mövqeyi bəzən xanın çıxardığı qərara təsir göstərə bilirdi.
İdarəetmə sistemində saray məmurları geniş yer tuturdu. Onların içərisində vəzirin rolu daha böyük idi. "Sərkərəli"-maliyyə işlərinə baxır, "Eşik ağası"-xanın şəxsi təsərrüfatını idarə edir, "Sandıx ağası" isə xəzinədar vəzifəsini icra edirdi.
Maliyyə fəaliyyətinin əsasını pul sisteminin yaradılması, onun tənzimlənməsi, vergilərin toplanması təşkil edirdi. Bu sahədə naib, yasavul, kətxudalar və xanın təyin etdiyi sərkərlər əsas rol oynayırdılar.
Natural vergilərin yığılması ilə darğalar məşğul olurdular. Asayiş xidməti xanın buyruqlarının vaxtında yerinə yetirilməsinə kömək edir, cəza tədbirlərini icra edirdi.
Xan qoşununun əsas hissəsini elatlardan toplanan maaflar təşkil edirdi. Müharibələr zamanı qoşunun daimi hissəsi yeni silahlı qüvvələr hesabına artırılırdı. Döyüşçülərin silahlandırılması və xərci əhali hesabına ödənilirdi.
Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Mahalların idarəsi ilə iri torpaq sahiblərindən təyin olunan mahal bəyləri və naibləri məşğul olurdular. Bu vəzifə irsi olsa da, hər dəfə xan tərəfindən təsdiq edilməli idi. Mahallar kəndlərə bölünürdü. Kəndlər yüzbaşı və kətxudalar tərəfindən idarə olunurdu.
Xanlığın idarəetmə sistemində çalışanlar maaş almırdılar. Onların xidməti xəzinə üçün toplanan vergi hesabına ödənilirdi. Xanlığın idarə olunmasında məhkəmə orqanlarının böyük rolu vardı. Burada başlıca yeri şəriət məhkəməsi tuturdu. Bununla yanaşı, bu sahədə xanın müstəsna hüququ vardı. Bəzən mahal naibləri də hakim vəzifəsini yerinə yetirirdilər.
Xanlığın idarə sistemi bütövlükdə xanın qeyri-məhdud hakimiyyətinin qorunmasına, onun iradəsinin sözsüz yerinə yetirilməsinə əsaslanırdı.
Şəhərlərin inzibati cəhətdən idarə olunmasını asanlaşdırmaq məqsədilə xanlar şəhərləri məhəllələrə bölürdülər. Hər bir məhəllənin kətxuda və ya şəhər bəyi simasında ağsaqqalı - başçısı var idi. Onlar vergi toplayır, naiblərin, xanların sərəncamını yerinə yetirirdilər.
Şəhər idarəsində polis vəzifəsini darğalar icra edirdilər. Onlar eyni zamanda şəhər və bazarda qayda-qanun yaratmalı idilər. Şəriət qanunlarını müdafiə etmək üçün darğaya böyük səlahiyyətlər verilmişdi. Əgər kimsə zorakılıqda, ədalətsizlikdə və ya nalayiq hərəkətlərdə təqsirləndirilsəydi, darğa onu özü bildiyi kimi cəzalandıra və ya cərimə edə bilərdi. Darğaları öz vəzifələrini layiqincə yerinə yetirməyə həvəsləndirmək məqsədilə xanlar xüsusi olaraq "darğalıq" adı ilə vergi də müəyyən etmişdilər.
Şəhərlərdə cinayət və mülki məsələlərə üç növ məhkəmədə baxılırdı: məhkəmeyi-şəriyyə, məhkəmeyi-ali və əsnaf məhkəməsi.
Bu məhkəmələrdən ən iş güzarı məhkəmeyi-şəriyyə idi. Həmin məhkəmədə cinayətkarların işinə baxılır, talaq verilir və irsi mübahisələr həll olunurdu. Məhkəmeyi-şəriyyədə rəsmi olaraq hakim qazı idi.
Məhkəmeyi-ali gec-gec və fövqəladə hadisələr zamanı çağıılırdı. Bu məhkəmə bilavasitə xana tabe idi. Burada əsas etibarilə canilərin və digər cinayətkarların işlərinə baxılırdı.
Əsnaf məhkəmələrinin başında ustabaşı dururdu. Burada nisbətən yüngül məsələlər həll olunurdu: sənətkarlarla usta, yarımusta və şagird arasındakı mübahisələr, əsnaf qayda-qanununun pozulması, yerli əhalinin ustalardan şikayətləri və s.
Xanın hüququnun hüdudsuz olmasına baxmayaraq, çox zaman məhkəmələrdə ali silkin üzvlərinə güzəştə gedilir və mübahisə əksər hallarda onların xeyrinə həll edilirdi.
Dostları ilə paylaş: |