Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti



Yüklə 39,53 Kb.
tarix18.11.2022
ölçüsü39,53 Kb.
#69818
Azərbaycan Respublikası Təhsil Nazirliyi


Azərbaycan Respublikası Təhsil Nazirliyi


Azərbaycan Memarlıq və İnşaat Universiteti

“İctimai Fənnlər” kafedrası


“Azərbaycan tarixi” fənni üzrə
Sərbəst iş
Tələbə : Həsənov Əlirza
Fakultə : Tikinti İqtisad
İxtisas : Menecment
Qrup :
Mövzu: Böyük Səlcuq İmperatorluğu
Müəllim : Zəminə Əsgərova
PLAN
1.Səlcuq türklərinin Kiçik Asiyada möhkəmlənməsi prosesi, onun fonunda baş verən hadisələr
2.Səlcuq bəy,varisləri. Səlcuq dövlətinin əsasının qoyulması, tarixi əhəmiyyəti
3.Dəndənəkan vuruşması- türk etnosunun tarixində rolu
4.Sultan Alp Arslan və Malazgird vuruşması
5.Səlcuq imperiyasının parçalanması və süqut mərhələsi
1. Səlcuqların Kiçik Asiyaya köçünün XI əsrdə başlaması artıq tədqiqatçılar tərəfindən qəbul edilmişdir. Bir çox tədqiqatçılar səlcuq-türk köçlərindən danışarkən ancaq ilk vaxtlar daha çox Şərqi Anadolunu nəzərdə tuturlar, lakin ibn Səidin Qərbi Anadoluda 200 min çadır xalqının, yəni azı bir milyon türkmənin yaşadığı haqqında məlumat verir. Həm də Kiçik Asiyaya axın edən səlcuq, oğuz türkmənlər başı pozuq, sərsəri köçərilər deyildi. Onlar yaylaq və qışlaq arasında köç edən köçərilər olub köç etdikləri yerləri müxtəlif iqlim mövsümləri ilə adlandırırdılar. Köç edən türklər bu yerlərdə kənd salır, şəhərlərə daxil olaraq onu genişləndirirdilər. Bu faktlar bir daha sübut edir ki, səlcuq axınlarının bu mərhələdə baş verməsinə heç bir şübhə yoxdur.
Əgər səlcuq axınları və dövlətin yaranması prosesinə nəzər salsaq belə bir lakonik təsvir vermək mümkün olar. Səlcuqların ilk sultanı Səlcuqun nəvəsi Toğrul bəy (1038- 1063) olmuşdur. Səlcuqlar Toğrul bəyin başçılığı ilə Qəznəvilər dövlətini məğlub etdikdən sonra (1040) işğalcılıq müharibələrinə başladı. Bu hərəkat Sultan Alp Arslanın dövründə (1063-1072) daha da genişləndi və onun varisi Məlik şahın dövründə (1072-1092) başa çatdı. Səlcuqların qərbə doğru hərəkətının qarşısını almağa çalışan Bizans imperiyası Malazgird şəhəri yaxınlığındakı məğlubiyyətindən sonra Kiçik Asiya əyalətlərinin xeyli hissəsini itirdi. Səlcuqlar dövrü orta əsrlər Yaxın Şərqində feodalizmin pozitiv təkamülü kimi səciyyələnir. Bu dövr iqtisadiyyatın və sənətkarlığın inkişafı, şəhərlərin çiçəklənməsi, feodal rentasında pul sistemi-nin rolu, torpaq münasibətlərində kəndlilərin asılı vəziyyətə salınması prosesinin intensivləşdirilməsi ilə xarakterizə olunur. İqta sisteminin güclənməsi nəticəsində feodalların mövqeyinin möhkəmlənməsi, suverenlik və vassallıq münasibətlərinin təkamülü, atabəylər, uclar və şianə (naib) təsisatlarının meydana gəlməsi, hərbi sistemin təkmilləşməsi, türkdilli xalqların formalaşması, türk dilinin geniş yayılması, elm, ədəbiyyat, memarlıq və incəsənətin çiçəklənməsi səlcuqların adı ilə bağlıdır. Səlcuq dövlətinin quruluşu müəyyən mənada universal, ümumiləşmiş və tipoloji formaya çevrilmiş, özündən əvvəl Şərqdə mövcud olmuş dövlət quruluşunun təkmilləşmiş və zənginləşmiş variantı idi. Səlcuqlar X əsrdə meydana gələn Oğuz və digər türk tayfalarının hərbi siyasi birliyinin etnik mənəvi təşkilatıdır. Həzrəti Məhəmməd peyğəmbərin hədislərində deyilir: “Onlar (türklər) 3 dəfə Ərəbistan yarımadasınadək gəlmişlər. Birinci hücumda kim qacdısa xilas oldu, ikinci dəfə kim rastlaşmadısa canını qurtardı, üçüncü dəfə isə heç kimə qismət olmadı və türk istilası başa çatdı”.
Türklər səlcuqlara qədər öz doğma yurdlarından kənarda (müsəlmanlığa qədər) Ön Asiyada məşhur idilər. Kiçik Asiyaya köç edən türklər tədricən şəhərlər salmağa başladılar. Bu şəhərlər əsasən yol kənarlarında, karvansarayların yanında salınırdı. Türklər şəhərlərin həyatına fəal surətdə qatılırdılar. Səlib yürüşləri zamanı türklər bu şəhərləri tərk etsələr də, Konyanın Mərkəz seçilməsi şəhər həyatını yenə davam etməyə imkan verdi. Səlcuq dövründə Kiçik Asiyadakı şəhərlərin və əhalinin sayı atdı. Əvvəllər qalalar içinə yerləşmiş türklər, artıq qaladan kənarda da yaşamağa başladılar. Əhali artıq şəhər içərisində olan camilərə deyil, kənarda tikilən camilərə toplaşmağa başladılar. Məsələn, Ankarada olan Arslanxanə camisinə təxminən 2000 türk əhalisi yerləşirdi. Bu XIII əsrdə təxminən 10000 insan deməkdir. Türklərin kütləvi halda Anadoluda şəhər həyatına qatılmaları onların şəhər həyatı ilə tanış olduqlarından xəbər verir. Araşdırmalar göstərir ki, türklər gəldiyi vaxt Bizansda əhali əsasən qalalarda yaşayır və sayları az idisə, türklər çox qısa zamanda şəhər həyatına girərək, onları genişləndirirdilər. Anadoluda olan şəhər qalaları demək olar ki, türkləşdirilməyə başladı. Təbii ki, bu nəticənin əksinə fikir yürüdənlər də vardır və belələrindən biri də türk tarixçisi Fəruq Sümərdir. O, belə hesab edir ki, XII-XIII əsrlərdə şəhərlərin əsas əhalisinin xristianlar təşkil edir və onlar siyasi həyatda elə bir rol oynamırdılar. F.Sümərin fikrini təsdiqləyən Osman Turan yazır ki, «Səlcuqlar dövründə Konya, Livac, Kayseri şəhərlərinin hər birində 100 minə yaxın əhali yaşayırdı. Səlcuqlar bu şəhərlərdə aparıcı əhali deyildi, lakin onlar inzibati işlərdə orduda rəhbər vəzifələr tutaraq ölkənin və şəhərlərin həyatına mühüm təsir göstərirdilər».
Fəruq Sümər qeyd edir ki, səlcuq türklərin əksəriyyəti kəndlərdə yerləşirdi. Kəndlilərə XIII əsrin ikinci yarısında türk – deyilirdi. «Türk» sözü həm də «kəndli» mənasında işlədilirdi. Osmanlı dövründə, xüsusilə XVI əsrdən etibarən həmin istilah Osmanlı məmur və ziyalıları tərəfindən həmin mənada işlənmişdir. Səlcuqlar dövründə ən güclü tayfalardan biri köçəri türklər olan türkmənlər idi. Türkmənlər Anadoluda monqol hakimiyyətinə qarşı mübarizə aparırdı. Onlar oturaq türklərin əksinə olaraq döyüş ruhuna malik idilər. Qətiyyətlə deyə bilərik ki, türkmənlər olmasaydı Anadoluda monqol hakimiyyəti daha uzun müddət davam edər, ölkə xarici müdaxilələrə qarşı müdafiəsiz qala bilərdi. Türkmənlər hər yerdə, o cümlədən Anadoluda bitməz-tükənməz ehtiyat qüvvəsi rolunu oynayırdılar, Anadoluda və Bizans hüdudlarında toplanmışdılar. Burada türkmən bəyləri «dirlik» sahibi idilər. Türkmənlər Monqol istilaları zamanı daha çox Anadoluya axın etməyə başladı. Monqollar Xorasanı tutduqdan sonra oradakı türkmənlərin çoxu Anadoluya köçdü. Monqol istilası islam dünyasının siyasi və iqtisadi çöhrəsini dəyişdi, istila nəticəsində Mavərannəhr, Xorasan və Azərbaycanda yaşayan türkmənlərin çoxu Anadoluya gəldilər. Anadoluya gələn türkmənlərin bir qismi meşəlik və dağlıq hissələrdə yurd saldılar. Türkmənlər özləri ilə şeyx və dərvişlərini də gətirdilər. Bu dövrdə türkmənlər arasında müsəlmanlıq zəif, qədim türk dini inamları isə güclü idi. Onların Maraş bölgəsindəki meşələrdə yaşayanlarına «ağac ərləri» adı verilmişdi. Uc türkləri səlcuqların səlib yürüşlərindən sonra ələ keçirə bilmədikləri Qərbi Anadolu və Mərmərə bölgəsini asanlıqla fəth etdilər və orada yerləşdilər. Bölgənin türkləşməsi səbəbli XIV əsrdə Anadolunun əksər bölgələrində üstünlük təşkil etdilər. Lakin səlcuqların muzdla tutulmuş məmlüklərdən seçmə ordu təşkil etmələri və dövlətin hərbi vəzifələrini onlara etibar etməsi səbəbli köçəri türklərin içindən çıxmış səlcuq sülaləsi ilə münasibətlər kəskinləşməyə başladı. Orduya sahib olan səlcuq sülaləsi türkmənlərə əhəmiyyət vermədilər. Səlcuqlu dövlətinin başında səlcuq boyundan olanlar dayansa da, Səlcuq dövləti imperiya halına düşdükcə türkmənlər dövlət işlərindən kənarlaşdırılmağa başlandı. Daxildəki türkmənlər Anadoluya, Suriyaya və Qərb uclara göndərildi, türkmənlər dövlət və xanədandan uzaqlaşdırıldı.
Lakin bütün bunlara baxmayaraq Monqol istilaları nəticəsində Türküstanda və İranda yaşayan türkmən qövmünün elatlarının çoxusu Anadoluya gəldi. Səlcuqlar dövründə Anadolunun böyük hissəsi fəth edildi, türk əhalisi qüvvətli mövqe qazandı, ədəbi və rəsmi dil kimi türkcə inkişaf etdi. Osmanlı sülaləsi ortaya çıxdığı zaman artıq Anadoluda türk cəmiyyəti formalaşmışdı. Osmanlılar Qərbdə istilalara başladıqdan sonra türklər Anadolunun hər iki tərəfinə yayıldı, Qərbi Anadolu, Mərmərə zonası, Şərqi Anadolu, qismən də Orta Anadoluda türk oymaqları artdı və oturaq türklər məskunlaşdılar. Səlcuq dövlətinin yaranması Oğuz türklərinin tarixində mühüm bir mərhələni təşkil edir. Bu dövlətin yaranması ilə İslam dünya sında siyasi hakimiyyət oğuzların əlinə keçdi. Anadolu və ona qonşu ölkələr oğuzların vətəni oldu.

2. Səlcuq türkləri Qınıq boyuna mənsubdur. Tarixçi Fəzlullah Rəşidəddinin «Cami ət-təvarix» əsərində Oğuz boylarının siyasi və ictimai mövqelərinə aid tərtib edilmiş cədvəldə qınıqlar ən axırıncı yerdə göstərilmişdir. Səlcuqun atası «dəmir yaylı» ləqəbi daşıyan Dukak olmuşdur. Dukak və oğlu Səlcuq oğuzlar arasında ən tanınmış şəxsiyyətlərdən idi. Səlcuq və onun oğlanları bu nüfuzdan istifadə edərək oğuz elatlarını öz ətrafında birləşdirərək yabqu rütbəsini qazana bildilər. Beləliklə, qınıq tayfalarından olan sərkərdə Səlcuqla Yabqu arasında narazılıq baş verdi. Səlcuq bəy ona tabe olan tayfaların hərbi-siyasi birliyini yaradıb Sır-Dərya sahilindən Cənd şəhərinə gəldi. Şəhərdə əsasən müsəlmanlar yaşayırdılar.


Səlcuqun dörd oğlu olmuşdur, lakin onlardan birinin yeniyetməlik çağında ölməsi söylənilir və adı çəkilmir. Digər üç oğlunun adları İsrail, Mikayıl, Musa idi. Bir çox əsərlərdə İsrailin adının Arslan olduğu bildirilir. Arslan Samani Əbu İbrahimə kömək etməyi boynuna alaraq onunla birlikdə Səmərqənd dağlarına gəlir. Kühək adlanan yerdə Qaraxanlıların subaşisi Təkin ilə qarşılaşırlar və onu məğlub edirlər. İlək xan iqamətgahı Özkəndən Səmərqəndə gəlir. Oğuzlar 1033-cü ilin avqustuda onun ordusunu darmadağın edirlər. Bundan sonra Əbu İbrahim Mavəran nəhrə qayıdır və Buxara valisini məğlub edir. Bu qələbə nəticəsində Əbu İbrahimin ətrafında böyük bir qüvvə toplandı, onların arasında oğuzlar da az deyildi. Əbu İbrahim onların köməyi ilə qüvvətləndi.
Mahmud Qəznəvi 1030-cu ildə vəfat etdi. Onun ölümü oğuz türklərinin tarixində yeni mərhələnin başlanğıcını qoydu. Çünki Mahmud Qəznəvi oğuz türklərinin hərəkət və qabiliyyətlərinin qabağını ala biləcək və onlardan gələcək təhlükəni önləyəcək qüdrətli bir hökmdar idi. Oğlu və xələfi Məsud isə eyni qüdrəti nümayiş etdirmədi, oğuz türklərinin böyük bir dövlət qurmasına mane ola bilmədi. Mahmud Qəznəvinin ölümündən sonra oğlu Məhəmməd taxta çıxarıldı. İsfahanda olan Məsud qardaşının hökmdarlığını tanımadı və taxtı əldə etmək üçün Reydən Xorasana yürüş etdi. Ordunun sayını artırmaq üçün Məsud oğuz bəylərindən Yağmuru xidmətə götürdü. Asanlıqla hökmdar olunca Yağmurun xahişi ilə Balaxandakı oğuzların Xorasana qaytmasına icazə verdi, oğuzların bəyləri Qızılı, Köktaşı və Bukakı öz xidmətinə qəbul etsə də, bəylərin üstünə öz adamlarından Xumar-Tahı rəis təyin etdi. 1031-ci ildə oğuzların xalqa zülm etdiyi barədə Səraxs və Abivərdlərdən şikayətlər gəldiyindən Əbu Səd Əbdusun komandanlığı altında Məsud ordu yolladı. Oğuzlar Fəravədə bu ordu ilə qarşılaşdılar. Çox sayda adam həlak oldu. Sultan Məsud 1031-ci ildə öz əmiri Taş-Fəraşı Rey valiliyinə təyin etdi. Ona verdiyi tapşırıqlar arasında oğuzların başçıları Yağmur, Qızıl, Buka və Köktaşın yaxalanması əmri də var idi. Oğuzları yenə Xumar-Taş idarə edəcək və onlar Reydə dövlətə xidmət edəcəkdilər. Ancaq həqiqətqə çox ağıllı və dərrakəli vəzir olan Xacə əbu ün-Nəsr Əhməd hökmdarın bu qərarına açıq şəkildə etiraz etsə də, Məsud ona qulaq asmadı. Ölkədə səlcuqlar təqib olunmağa başladı. Onların əkin sahələri və otlaqları əllərindən alındı. Vergilərin həcmi artırıldı. Bunun nəticəsində 1031-ci ildə Xorasanda güclü üsyan baş verdi. Üsyanda fəal iştirak edən Balkan oğuzları 1034-cü ildə Xorasanı ələ keçirə bildilər.
Sultan Məsud 1035-ci ilin mayında Cürcanda olduğu zaman Səlcuqlar Xorasana yürüş etdi. Onlar Arslan Yabqudan sonra Səlcuqlara tabe olmaq istəməyərək bir hissəsi Balkan oğuzları, digər hissəsi isə İraq oğuzları ilə birləşdilər. Mavərannəhrdə qalan Səlcuq ailələri Arslan Yabqunun Mavərannəhr hökmdarı Əli Təkinlə dostluq əlaqələrini daha da möhkəmləndirdi. Ağıllı, uzaqgörən Əli Təkin Səlcuqların onun üçün dayaq olduğunu bilirdi. Səlcuqlara gəlincə, onlar da düşmənlərinə qarşı mübarizədə Qaraxanlıların köməyindən istifadə edirdilər. 1035-ci ilin qışında Əli Təkin öldü. Onun ölümü ölkədə daxili vəziyyətin dəyişməsinə səbəb oldu. Onun oğlanları yaşca çox kiçik olduğundan hakimiyyət sərkədə Konuşun (Tonuşun) əlinə keçdi. Konuşun hakimiyyət başına keçməsi səlcuqlar arasında ciddi narazılığa səbəb oldu. Bu səbəbdən də, Nur bölgəsində qala bilməyəcəklərini yəqin edərək Xarəzmşah Harunun yanına köçdülər. Səlcuqların qüvvələrindən istifadə edərək Xorasanı ələ keçirmək niyyətində olan Xarəzmşah səlcuqları böyük hörmətlə qarşıladı. Səcuqların Xarəzmə gəlmələrindən xəbər tutan Cənd hökmdarı şah Məlik böyük ordu ilə Xarəzm üzərinə yeridi. Şah Məliyin silahlı qüvvələri 1034-cü ilin oktyab-noyabr aylarında səlcuq qoşunlarına ağır zərbə vurdu. Qaynaqların verdiyi məlumata görə, səlcuqlar döyüşdə 7-8 min nəfər itki verdiyindən Ceyhun çayını keçərək Həməkənd yaxınlığında düşərgə saldılar. Böyük itki vermələrinə baxmayaraq ruhdan düşməyən səlcuqlar qısa müddətdə qüvvələrini səfərbərliyə alaraq güclü silahlı qüvvə yarada bildilər. Oğuz yurdunun müxtəlif bölgələrindən axışıb gələn adamlar səlcuqların silahlı qüvələrinə həvəslə qoşuldular. Belə bir dövrdə Xarəzmşah Harun Qəznəvi dövlətinin vəziri tərəfindən təşkil olunmuş qəsd nəticəsində öldürüldü. Onun yerinə qardaşı İsmayıl keçdi. Vəziyyəti dəyərləndirən səlcuqlar 1035-ci ilin mayında Xorasana köçdülər. Ceyhun çayını keçən səlcuqlar Mərv yolu ilə Nəsəyə gəldilər. Səlcuqların 20 min nəfərlik süvari dəstəsi var idi. Bu dəstənin tərkibinə daxil olan türkmənlərin ən nüfuzlu hissəsi yınallılar adlanırdı. Oğuz Yabqu dövlətinin ən nüfuzlu şəxslərindən biri yınal titulunu qəbul edirdi. Səlcuqlar Yabqu dövlətini davam etdirdikləri üçün onların dövlətində də Yınal adlanan bir şəxs Yusif Yınalın oğlu İbrahim Yınal idi. İbrahim Yınal oğuz türklərinin hakimi idi. Səlcuqun yeganə sağ qalan oğlu Musa «Bəyqu» Yabqu titulunu daşıyırdı. Musa Yabqunun oğlu Yusif də əvvəlcə səlcuq oğuzlarının başçısı kimi İnanc Yabqu rütbəsini daşıyırdı. Musa Yabqu, Məhəmməd Toğrul bəy və Davud (Çağrı bəy), Xorasanın divan rəisi Suriyaya məktub göndərib Sultana xidmət etmək arzusunda olduğunu bildirərək bunun müqabilində Nəsa və Mərv vilayətini onlara verilməsini xahiş etdi, həmçinin Balkan dağından, Dehistandan, Xarəzm sərhədlərindən və Ceyhun çayı tərəfdən gələcək axınların qarşısını alacaqlarına, İraq və Xarəzm türkmənlərini qovacaqlarına söz verirdilər. Səlcuqların Xorasana gəlişi böyük narahatlığa səbəb oldu. Onları Xorasana buraxmamaq üçün 17 min nəfərlik qüvvə çıxarıldı. Orduda Qəznəvi ordusunun filləri də vardı. 1038-ci il iyulun 19-da hər iki ordu arasında Nəsa yaxınlığında ağır döyüş baş verdi. Qəznəvi ordusu ağır məğlubiyyətə uğradı. Ölən və yaralananların sayı – hesabı yox idi. Nəsa döyüşü səlcuqlara maddi və mənəvi imkanlar yaratdı. Qəznəvi dövləti Dehistanı Çağrı bəyə, Nəvanı Toğrul bəyə, Fəvarəni Musa Yabquya verdi. Bunun əvəzində onlar sultana tabe olmalı idilər. Lakin səlcuqlar sülhün şərtlərinə əməl etmədilər. Onlar sülh bağlanarkən Qəznəvi elçilərinin gətirdikləri qiymətli hədiyyələri qəbul etməyərək ayaq altına atdılar. Səlcuqların bu qələbəsindən sonra bir çox oğuz elatları Suriyaya axışıb getdilər. İraq oğuzlarının bir hissəsi səlcuqlara tabe oldular. Yağmurlu və qızıllı oğuzları ilə Balkan türkmənlərinin bir hissəsi köçüb İsfahan hakimi Əlaüddövlənin himayəsinə sığındılar. Lakin çox çəkmədi ki, bu tayfalar İraq oğuzları ilə birləşdilər. İraq türkmənləri Rey vilayətinin hakimi oldu. Səlcuqların Xorasana gəlişi Balkan və Ceyhun istiqamətindən türkmənlərin bu yerlərə kütləvi axınına səbəb oldu. Səlcuqlarla Qəznəvi dövləti arasında sülh bağlandıqdan sonra türkmənlər yenidən 15 min nəfərlik ordu yaradaraq 1036-cı ilin fevralında səlcuqların üzərinə yeridilər. Noyabr ayında səlcuqlar Qəznəvi dövlətinin yanına elçi göndərərək Mərv, Səraxs və Bavərdə şəhərlərini tələb etdilər. Qəznəvi hökmdarı elçilərə rədd cavabı verdi. Beləliklə, münasibətlər daha da kəskinləşdi. Məsud səlcuq axınlarının qarşısını almaq əvəzinə qüvvə əldə etmək üçün Hindistana getdi. Səlcuqların uğurlu döyüşlərindən xəbər tutan İraq oğuzları hərəkətə gəldilər. Onlar əvvəlcə Xorasan istiqamətindən Rey vilayətinə hücuma keçdilər. Vəziyyətin ağırlaşdığını görən Qəznəvi valisi Taş-Fəraş ona köməyə gələn Əbu Səhl Həmdəvi ilə oğuzlara qarşı döyüşə hazırlaşdı. Taş 3 min süvari dəstə və fillərlə oğuzların qarşısına çıxdı. Onun ordusuda xeyli kürd döyüşçüləri də var idi. Oğuzların süvari dəstəsi 5 min nəfər idi. Bu vuruşmada Rey valisi Taş məğlub oldu. Oğuzlar Əbu Səhl Həmdəvinin və reylilərin silahlı qüvvələrini darmadağın etdilər.
Əbu Səhl bir bölük əsgərlə şəhərin ətrafında yerləşən Təbərək qalasına çəkildi, Sultan Məsud Əbu Səhlə kömək edə bilmədi. Bu böyük qələbədən sonra oğuzlar Azərbaycan üzərinə hücum etdilər. Bu hadisə Orta Asiya, İran və Əfqanıstanda qəznəvilərin əleyhinə çıxışların güclənməsinə səbəb oldu. Səcuqların hərəkatına oğuzlar, qıpçaqlar və qarluqların böyük hissəsi qoşuldu. Üsyançılar Amu-Dərya sahillərindən Xorasana doğru irəlilədilər. Hərəkata Musa, Toğrul və Çağrı bəy başçılıq edirdi. Müqavimət hərəkatının qarşısını almaq üçün Sultan Məsud 17 min nəfərlik silahlı qüvvə göndərdi və ağır məğlubiyyətə uğradı. Sultan Məsud səlcuq axınının qarşısını almaq üçün yenidən qüvvə toplamağa cəhd etdi. 1038-ci ildə Qəznəvi sərkərdəsi Sübati Xorasan ətrafında səlcuqlara qarşı yenidən döyüşə başladı. İyunun əvvəllərində Sultan Məsud 1039-cu ilin iyulunda Təlxab deyilən yerdə səlcuqlarla yenidən döyüşə girdi. Lakin onun bu cəhdi də uğursuzluqla nəticələndi, səlcuqlarla sülh bağlamağa məcbur oldu. Lakin əldə olunmuş sülh uzun sürmədi. Sultan Məsud yenidən hərbi hazırlıq görməyə, silahlı qüvvələrinin sayını artırmağa başladı.
3.1040-cı il mayın 24-də Səraxsla Mərv arasında Dəndənəkanda Qəznəvi sultanı Məsudun orduları üzərində çalınan qələbə səlcuqlar üçün İrana və İraqa yol açdı. Deyləm sülaləsi Buveyhilər və Kakuveylilər hakimiyyəti altında olan əyalətlər bir birinin ardınca yeni dövlətə tabe edildi. Nişapur yeni dövlətin paytaxtı elan edildi. Dəndənəkan döyüşündən sonra Toğrul özünə qarşı üç böyük qüvvənin-Qəznəvilərin, Xarəzm və Qaraxanlıların birləşdiyini görüb öz tayfasını və köçlərini şimala-şimal oğuzlarının torpaqlarına apardı. Volqa və Yayik çayları arasındakı torpaqlar hələ IX əsrdən kimaklarla birgə peçeneqləri buradan qovan oğuzlara məxsus idi. Kimakların və qıpçaqların müntəzəm təzyiqlərinə məruz qalan oğuzlar 1045-ci ildə güclü yardım aldılar. Böyük döyüş təcrübəsinə yiyələnmiş və yaxşı təşkilatlanmış səlcuqlar istedadlı sərkərdə Toğrulun başçılığı ilə oğuzlarla birləşməyə can atırdı. Oğuzları tapmağa ümid edən Toğrul qıpçaqlarla Yayikdə üzüzə gəldi. İki dəfə qıpçaqlarla döyüşə girən oğuzlar öz torpaqlarını qorudular və Toğrula Volqa çayını keçməsinə imkan vermədilər. Volqa oğuzları arasında hərci-mərclik hökm sürürdü. Döyüşlərdə qalibiyyətlər qazanan qıpçaqlar tez-tez Volqanı keçib Dona qədər yürüş etdiyindən oğuzların bir hissəsi Dnepr çayına tərəf köç etdi. Lakin geri çəkilməyin mümkünsüzlüyünü anlayan Toğrul ətrafda gözəl otlaqların və onları qorumaq üçün kifayət qədər qüvvəsinin olduğunu görüb müqavimət göstərmək qərarına gəldi. Toğrul bir neçə döyüşdə Səlcuqların qüvvəsi ilə Volqanı keçən qıpçaqları məğlub etdkdən sonra oğuzlar onun ətrafında birləşərək Toğrulu öz xanları kimi tanıdılar. Toğrul 10 il ərzində (1045-1055) Volqa və Terek çaylarında məskunlaşmış xəzərlərin tör-töküntülərini, Kuban ətrafı peçeneqləri və Don alanlarını, Belaya Veji, Sudroş və Balin şəhərləri ilə birgə özünə tabe etdi. Bu zaman Sır Dərya yabqusunun dövləti qıpçaqlar tərəfindən tamamilə darmadağın edildi, oğuzların bir hissəsi Manqışlaqdan keçərək Volqa çayına gəlib Toğrulun tayfa birliyini daha da qüvvətləndirdilər. Toğrul qıpçaqlara qarşı müqavimət təşkil etməyə müvəffəq oldu. Oğuz əyanlarının Volqa Bulqariyasının çoxları ilə qohumluq əlaqələri olmasından və eyni dinə itaət etməsindən istifadə edən Toğrul onlarla ittifaq bağladı. Öncə Toğrul hərbi istehkamların qurulması işinə başladı. Bulqarlar hərbi qalaların tikintisi üçün tikinti materlı-taxta göndərməyə başladılar. Oğuzlar hərbi-müdafiə istehkamlarının tikintisi ilə tanış idilər. Onlar Sır-Dəryada güclü qalalar tikmişdilər. Bu qalaların ətrafında dərin xəndəklər qazılır və asma körpülər qoyulurdu. Qalalarda gözətçi bürcləri vardı və orada oxatanlar və nizəatanlar dəstəsi yerləşdirilirdi. Səlcuqlar oğuzların döyüş taktikasını təkmilləşdirərək ordunu ağır döyüş ləvazimatı ilə yüklənmiş atlarla gücləndirdilər. 1040-cı ildə onlar Dəndənəkan döyüşündə fillərdən istifadə edərək hücumdan əvvəl qarşı tərəfdə dəhşət yaratmaq və düşməni pərənpərən salmaq taktikasından yararlanmışdılar. Tarixçi Məkrisi qeyd edir ki, X əsrdə oğuz xanları Yayik çayında taxtadan düzəldilmiş qalalara və istehkamlara malk idilər. Qalalar və istehkamlar sistemli, mobil və yaxşı təşkil edilmiş vahid komandanlığa tabe olub, ordu ilə əlaqələrin düzgün təşkili nəticəsində Volqa düzlərində qıpçaq hücumlarının qarşısı alınmışdı. Toğrul bir neçə dəfə Volqanı keçməyə can atan qıpçaqları darmadağın etmişdi.
Sultan Toğrul bəyin başçılıq etdiyi səlcuq qoşunları XI əsrin ortalarında İrandan keçərək Azərbaycana daxil oldular. Toğrul bəy Azərbaycanı özünə tabe etdikdən sonra Ərməniyyə üzərinə hücum etdi, şəhər və kəndləri qarət edərək Reyə qayıtdı. Səlcuq qoşunları 1055-ci ilin yazında Bağdadı tutdular. 1063-cü ildə Bağdaddan paytaxt Reyə dönərkən xəstələnən Sultan Toğrul bəy 1063-cü il sentyabrın 4-də 70 yaşında vəfat etdi, Reydəki türbəsində dəfn edilmişdir. Orta Asiyanı, İranı, İraqı, Suriyanı, Misiri işğal edən səlcuqlar Azərbaycana hücum etdi. O zaman Orta və Qərbi İranın bütün bögələri İsfahan və Həmədan hökmdarlarının, kürdlərin hakimiyyəti altında idi. Bu hökmdarlar oğuzların Azərbaycan üzərinə yürüşündən xəbər tutaraq Reyə gəldilər.
XI əsrin 40-cı illərində Səlcuq qoşunları İranın sərhədlərinə yaxınlaşdı. Toğrul bəyin qoşunları 1049-cu ildə Kirmanı ələ keçirdi. 1050-cı ildə Toğrul paytaxtı Ġsfahana köçürdü. Ölkə formal olaraq xəlifəyə tabe olsa da, əslində bütün hakimiyyət Toğrul bəyin əlində cəmləşdi. Belə bir vəziyyət şiələrin böyük narazılığına səbəb oldu. Şiə Buveyhilərin qarşısını ala bilməyən xəlifə Toğul bəyi Bağdada dəvət etdi. Toğrul bəy 1055-ci il yanvarın 17-də böyük təntənə ilə qarşılandı. Səlcuqların qarşısını ala bilməyəcəyini hiss edən şiə Buveyhilər şəhəri tərk etdilər. Beləliklə, 120 il davam edən Buveyhi dövləti aradan qaldırıldı. Toğrul bəy Abbasi xəlifəsini öz hakimiyyəti altına aldı. Bununla sünni islam dünyasının qorunmasını təmin etdi. Toğrul bəy xəlifəni qorumaq haqqında verdiyi sözü tutdu. Buidlər nəslindən olan baca rıqsız xəlifə əl-Qaim fars hakimi Əl-Malik tərəfindən göndərilən Bəsasirə əsir düşərkən Toğrul Xəlifəni azad etmək məqsədilə Bağdada yürüş təşkil etdi. Bu dəfə də taleh onun üzünə güldü. Bağdad tezliklə tutuldu. Toğrul bəy Bağdadda olarkən müstəqillik arzusunda olan İbrahim Yınal baş qaldırsa da, Toğrul bəyin silahlı qüvvələri Rey şəhərində İbrahim Yınalın qoşunlarını darmadağın etdi. Toğrul bəyin Reydə olmasından xəbər tutan Buveyhi valisi Bağdada daxil odlu. Xəlifə tutularaq Bağdad şəhərinin yaxınlığındakı həbsxanaya salındı. Bu hadisədən xəbər tutan Toğrul bəy dərhal Bağdada qayıdaraq Buveyhi valisi Bəssasirin qüvvələrini məğlub edib Abbasi xəlifəsini hakimiyyət başına gətirdi. Buna qarşılıq olaraq 1058-ci ildə xəlifə Toğrulu mükafatlandırdı.Toğrulun çiyninə xələt ataraq onu təmtaraqlı taxta əyləşdirib «ġərqin və Qərbin hakimi» adlandırdı. Xəlifə Toğrulun qardaşı qızı, Alp Arslanın bacısı Xədicə xatunla evləndi. Toy Bağdadda böyük səs-küylə qeyd olundu. Toğrul 1063-cü ildə təxminən 70 yaĢında dünyasını dəyiĢəndə onun övladı olmadığı üçün hakimiyyət başına Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Aslan öz tərəfdarlarının köməyi ilə Reyə gələrək Əmir sultanı və onun yaxın köməkçisi olan Kutalmışın silahlı qüvvələrini məğlub edərək hakimiyyəti ələ aldı. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun hakimiyyəti dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi.
4. Alp Arslanın Səlcuq taxtına sahib olması ilə Kiçik Asiya üzərinə yürüşün yeni mərhələsi başlandı. O hakimiyyətinin ilk günlərindən ordunun qüvvətləndirilməsinə fikir verməyə başladı. Ən bacarıqlı sərkərdələr orduya cəlb olundu. Alp Arslan Toğrul bəyin siyasətinin davamı kimi Şirvanı və Gürcüstanı işğal edərək1064-cü ildə Bizansın ən güclü qalalarından biri olan Anini mühasirəyə aldı. Qala Bizans qoşunları tərəfindən möhkəm müdafiə olunurdu. Şəhər qarşı tərəfdən Arpaçayla əhatə olunmuş, qalan tərəfdən isə içərisi su ilə doldurulmuş dərin xəndəklə əhatə olunmuşdu. Alp Arslan su doldurulmuş xəndəyin ətrafna taxtadan hündür qüllə tikilməsi üçün əmr verdi. Qısa müddətdə tikilən qüllədə mancanaqlar qoyuldu. Qala divarlarını dağıtmaq üçün həmin mancanaqlardan istifadə olundu. Qalanın dağılmış hissələrindən türk əsgərləri şəhərə daxil oldular. Beləliklə, qala türk qoşunları tərəfindən alındı. Alp Arslanın bu qələbəsi bütün islam dünyasının böyük sevincinə səbəb oldu. Ani şəhərinin tutulması ilə türk qoşunlarının Qərbə doğru irəliləməsinə şərait yarandı. Türk qoşunları Anadoluya daxil oldular.
Böyük Səlcuq sultanı Alp Arslan 11-ci əsrin 60-cı illərində türk müttəfiqlərinin Anadoluya doğru köç etmələrinə icazə verdi, türklər şəhərlərdə və digər yerlərdə yerləşdilər. Alp Arslan 1067-ci ildə Heratda və Sivasda bizans ordusu üzərində qələbə qazanaraq Qeysəriyyəyə hücum etdi. 1068-ci ildə birbaşa Bizans üzərinə yürüş etməyi qərara aldı. 1069-cu ildə Konya alındı. 1070-ci ildə türklər Alp Arslanın başçılığı altında müasir Misirin bir hissəsi olan Malazgirddə (Bizans dilində ManzigirtMalazgird) və Erçiş qalalarının ələ keçirdi, Diyarbəkr alındı. Bizansın tabeliyindəki Urfaya hücum müvəfəqiyyətsizliklə nəticələnsə də, türk bəylərindən Afşinin köməyi ilə Hələb alındı.
Alp Arslan Hələbdə olarkən türk atlı birliklərinin bir qisminə və Akınçı bəylərinə Bizans şəhərlərinə hücumlar etməsinə icazə verdi. Türklərin yürüşü Bizans imperatorluğunun böyük təşvişinə səbəb oldu.Roman Diogen böyuk ordu toplayıb 1071-ci il martın 13- də Konstantinopoldan yola düşdü. Ordunun sayının 200.000 nəfər olduğu təxmin edilir. Bəzi erməni müəllifləri (məsələn, Matta) Bizans ordusunun hətta bir milyon nəfər olduğunu iddia edir. Roman Diogen ordunu 2 böyük hissəyə böldü, bir hissəsini irəliyə, digərini isə Malazgirdə göndərdi. Onun irəliləməsindən xəbər tutan Alp Arslan Misirdəki işlərini, o cümlədən Yerusəlimi tutmağı vassalı Atsız ibn Avana tapşıraraq ordunun hazırlıqlı hissələri ilə birlikdə Roman Diogenlə qarşılaşmaq üçün şimal istiqamətinə üz tutdu. Diogenə bu xəbər Alp Arslan yaxınlıqda olarkən çatdı. Roman Diogen irəliyə göndərdiyi hissələrlə birləşməyə imkan tapa bilmədi, kəşfiyyat məlumatı toplamadan irəliləməyə başladı. Bizans ordusunun tərkibi qarışıq idi. Orduda franklar, normanlar, slovaklar, ermənilər, abxazlardan ibarət muzdlu döyüşçülər, slavyan, qot, alman, frank, gürcü, uz, peçeneq və qıpçaq əsgərləri var idi. Bizans ordusu əvvəlcə Sivasda dincəldi. Sivasın yerli sakinləri imperator Diogenə ermənilərin özbaşınalıqlarından şikayət etdilər. Şikayətlərin həqiqətə uyğun olduğunu yəqin edən Diogen erməni məhəllələrini dağıtdırdı, ermənilər cəzalandırıldı. 1071-ci ilin iyul ayında Bizans qoşunları Ərzuruma daxil oldu. Ordunun hərəkəti ilə əlaqədar ordu sərkərdələr arasında fikir ayrılığı əmələ gəldi. Bəzi generallar Diogenə səlcuqlu bölgəsinə irəliləməyə və Alp Arslanı qəflətən yaxalamağı təklif etdilər. Nikeforos Bryenos da daxil olmaqla generalların bir hissəsi olduqları yerdə gözləməyi və mövqelərini gücləndirməyi təkid edirdilər. Nəhayət, ordunun irəliləməsinə qərar verildi. Bizans imperatoru böyük ordu ilə Malazgirt üzərinə yeridi. Alp Arslanın ordusu bu zaman Suriyada idi. O, buradan Misir üzərinə hücum etmək üçün hazırlıq işləri görürdü. Bizans elçiləri Şama (Dəməşqə) Alp Arslanın yanına gələrək Bizans imperatorunun tələblərini ona bildirdilər. İmperator Ərçiş, Əhlət, Malazgird və Mən biçin geri qaytarılmasını tələb edir, əks halda döyüşə başlayacağını bildirirdi. Əslində Bizans qoşunları həmin dövrdə hərbi əməliyyata başlayaraq sürətlə irəliləməkdə davam edirdi. Sultan imperatorun tələblərinə rədd cavabı verdi. Bizans qoşunları Sivasa gəldi. İmperator İran ərazisinə girmək, orada sultanın ordusu ilə döyüşə başlamaq qərarına gəldi. Türk qoşunları bu zaman Ərzurumda yerləşirdi. Sultanın əmri ilə Əhlətə 30 min nəfərlik silahlı qüvvə göndərildi. Ordunun böyük bir hissəsi Malazgirdə tərəf irəlilədi. Bizans qoşunları yol boyu şəhər və kəndləri qarət edir, yerli türkləri kütləvi şəkildə qılıncdan keçirirdilər. Bizans imperatorunun Əhlətə göndərdiyi ordu türk silahlı qüvvələri ilə döyüşə girdi. Türk sərkərdəsi Əmir Sunduk qəflətən hücuma keçərək Bizans qoşunlarını mühasirəyə aldı və darmadağın etdi. Əmir Sunduk Bizans qoşunlarının qələbə rəmzi olan «Böyük qızıl xaçı» ələ keçirirərək Alp Arslana göndərdi. «1071-ci ildə tarixi Malazgird döyüşündə qüdrətli Bizans imperatorunu məğlub edən Alp Arslan qızıl xaçı Bağdada aparıb xəlifənin ayaqları altına atandan bəri min ildir ki, xaç dünyası Avropa bunu türklərə bağışlamır, onu özlərinə əbədi düşmən sayırlar». Diogen Alp Arslanın uzaqda olduğunu, yaxud da gəlməyəcəyini düşünərək Malazgirdi və hətta Malazgird yaxınlığındakı Əhlət qalasını tezliklə geri alacağına ümid etdiyindən Van gölünə doğrü irəliləyərək öndəki qüvvələrini Malazgirdə döndərdi. Alp Arslan da 20-30 minlik qoşunla Malazgirdə doğru yola çıxdı. Kəşfiyyatçıların verdiyi məlumata əsaslanan Alp Arslan Bizans imperatorunun İsfahana girmək və Böyük Səlcuq dövlətini yıxmağı hədəf seçdiyini qətiləşdirdi. Avqustun 26-da səhər çadırdan çıxan Alp Arslan Malazgirdlə Əhlət arasındakı Malazgird düzənliyində öz ordularından 7-8 km aralıda, düzənliyə yayılmış düşmən ordularını gördü. Döyüşə başlamazdan əvvəl Alp Arslan Bizans imperatorunun yanına elçi göndərdi. Elçilər heyətinə Alp Arslanın ən çox inandığı Sav Təkin başçılıq edirdi. Alp Arslan məktubunda Bizans ordusunun geri dönməsini, böyük savaş olmamasını və qan tökmək istəmədiyini bildirirdi.
Bizans imperatoru türk elçisini istehza ilə qarşıladı. O, Alp Arslanın döyüşə girməkdən çəkindiyini güman edərək elçilərin təklifini rədd etdi. İmperator «Həmədanın soyuq olduğunu eşitmişik. Biz İsfahanda, heyvanlarımız isə Həmədanda qışlayacaq» bidirəndə təhqiramiz sözlərə dözməyən Sav Təkin «Atların Həmədanda qışlayacağı doğrudur, amma sənin harada qışlayacağını bilmirəm» cavabını vermişdi. Gələn elçilər xristian olmaları üçün dilə tutuldu, məqsədlərinə nail ola bilmədikləri üçün əllərinə xaç çəkilərək geri qaytarıldı. Düşmən ordusunun böyüklüyünü başa düşən Alp Arslan savaşda məğlub olacağını yəqin etdi. Qədim türk adəti üzrə ağ paltar geydi. Atının quyruğunu bağlatdı. Başçılarının döyüş meydanından qaçmaması əsgərlərin döyüş ruhunu yüksəltdi.
Hər iki sərkərdə yaxşı başa düşürdü ki, uduzmaq onların məhv demək idi. Alp Arslan döyüşü uduzsa, atalarından qalan mirası və böyük Səlcuqlu dövlətini, Diogen uduzardısa dövlətin gücünü, nüfuzunu və torpaqları itirəcəkdi. Roman Diogen ordusunu Bizans əsgəri qaydalarına əsasən düzmüşdü. Bizans ordusu bir neçə hissəyə bölünmüşdü. Sağ cinahda general Alyantiessenin döyüşçüləri yerləşmişdilər. Bu döyüşçülər əsasən Uzlardan ibarət idi. Sol cinahda general Breyinninosun ordusu yerləşirdi. Burada peçeneqlər çoxluq təşkil edirdi. Ortada dərinlikdə çoxlu zirehli piyadalar və onların sağ və sol qollarında süvarilər dayanmışdı. Cəbhənin mərkəzi hissəsinə imperatorun özü, arxada yerləşən gözətçi dəstələrə oğlu Androks, Kappadokiyalı general Alyattes sağ qanada başçılıq edirdi. Bizans ordusunun girişində böyük bir ehtiyat ordusu dayanmışdı və onlar xüsusilə nüfuzlu adamların özəl ordularının mənsubları idilər. Arxa ehtiyat komandanı gənc Andronikos Doukas idi. Əlbəttə, Roman Diogenin sonuncu təyinatı bir az çaşdırıcı idi, çünki gənc sərkərdə əvvəlki imperatorun qohumu Yanis Doukasın oğlu idi. Onlar açıqca Diogenin imperator olmasının əleyhinə çıxmışdılar. Səlcuq ordusu Erzen və Bitlis yolundan Malazgirdə girən zaman Alp Arslan sərkərdələri ilə savaş taktikasının müəyyənləşdirmək üçün SavaĢ Məclisi çağırmış, «Hilal taktikası» nı sərkərdələri ilə razılaşdırmışdı.
Döyüş türk ordularının hücumu ilə başladı. Türk ordusunun atlı dəstələrinin böyük coşqunluqla hücumu bizanslıların xeyli əsgər itirməsi ilə nəticələndi. Bizans ordusu müvəqqəti də olsa sıralarını qoruya bildi. Alp Arslan çaşdırıcı geri çəkilmə əmri verdi və ordu arxada gizlədilən kiçik dəstələrə doğru çəkilməyə başladı. Bu dəstələrdəki əsgərlərin sayı az olsa da, aypara formasında dayanmışdılar. Türklərin sürətlə çəkildiyini görən Roman Diogen onların güclərinin tükəndiyini zənn edərək yaxalamaq üçün ordusuna hücum əmri verdi. Yüngül zirehli türklər sürətlə geri çəkilərək, ağır zirehli Bizans süvarilərindən uzaqlaşdılar. Bizans ordusu türkləri təqib etməyə başladı. Yan tərəflərdə pusqu qurmuş türk oxçuları onları vurmağa başlasalar da, bizanslılar hücumu davam etdirdilər. Türkləri qovaraq yaxalaya bilməyən Bizans ordusu zirehlərin ağırlığından yoruldu. Lakin bunu anlamayan (bəlkə də aldadıldığını qəbul etməyən) Diogen türkləri təqib etməkdə davam etdi. Nəhayət, hücum edən türk oxçularını görən Diogen geri çəkilmə əmri verdi. Artıq gec idi, geri çəkilən yollar bağlanmışdı. Türk ordusunun əsas qüvvələrinin hücumu Bizans ordusunda çaşqınlıq yaratdı. Qaçmağa üz tutan generalları görən əsgərlər zirehlərini atıb qaçmağa başladılar. Afşin, Bey, Artuk bəy, Kutalmışoğlu Süleyman şah kimi səlcuqi sərkərdələr tərəfindən verilən əmrlərdən cürətlənən türk kökənli uzlar, peçeneqlər və qıpçaqların süvari dəstələri soydaşlarına qoşuldular. Nəticədə Bizans ordusu gücünün önəmli bir hissəsini itirdi. Sivasda soydaşlarına edilən acının əvəzini çıxmaq istəyən erməni əsgərləri hər şeylərini ataraq savaş meydanından qaçanda Bizans ordusunun içindəki vahimə daha da artdı. Ordusuna başçılıq etmək imkanı olmadığını görən Diogen yaxın dəstələrlə qaçmağa cəhd etsə də, bunun imkansız olduğunu başa düşdü. Bizans ordusunun böyük bir bölümü hava qaralanadək məhv edildi. Qaçmayıb sağ qalanlar təslim oldular. İmperator çiynindən yaralı halda ələ keçirildi.
Dünya tarixi üçün dönüş nöqtəsi olan Malazgird döyüşündə məğlub imperator Diogen razılaşmaya əsasən azad olunmaq üçün 1.500.000 dinar verməyi, vergi olaraq hər il 360.000 dinar ödəməyə razı oldu. Antakya, Urfa, Əhlət və Malazgird torpaqları türklərə verildi. Konstantinopola doğru yola çıxan imperator Tokatdan topladığı 200.000-dək dinarı özü ilə birlikdə gələn türk əsgərlərinə verdi. Alp Arslan Diogenin qızlarından biri ilə evləndi. Sultan Diogenə hədiyyələr və 200 nəfərlik bir dəstə verərək azad etdi. Bizans sarayında IV Roman Diogenin məğlub olduğunu və öldüyünü zənn edərək onun 20 yaşlı götürmə oğlu VII Mixail Dukas imperator elan edildi, həqiqətdə isə dövləti Romanın qatı düşməni İohann idarə edirdi. Mixail Dukas Romen Diogeni hiylə ilə ələ keçirərək gözlərini çıxartdı. Kor edilən Romen Diogen bir müddət sonra öldü. Müxalifət onun xanımından ərini hakimiyyətdən məhrum etməyi tələb etdi. Bundan imtina edən imperatriçanın saçını qırxaraq monastra göndərdilər. Mixail Perepinas yeni imperator elan edildi. Lakin yeni Bizans imperatoru mübarizə aparmağa qadir deyildi. Onun müharibə edəcək silahlı qüvvələri yox idi. Beləliklə, Anadolunun qapıları türklər üçün açılmış oldu. Malazgird döyüşündən sonra Sultan Alp Arslanın şöhrəti dünyanın hər yerinə yayıldı. Tarixçilərin «Səlcuq qartalı», «Adil Sultan», «Fateh atası» adlandırdıqları Sultan Alp Arslan Malazgird qələbəsindən sonra uzun müddət yaşamadı, 1072-ci ildə öldürüldü. 1071-ci ildə Malazgird döyüşündən sonra Malazgird və Antioxiya qalalarının itirilməsi ilə nəticələnən sülh sazişini IV Roman Diogenin ölümündən sonra Bizans ləğv etdi. Səlcuqlara qarşı göndərilən Bizans ordusu 1073-cü ildə məğlub edildi. Tezliklə Bizans ordusunda üsyan başladı, ölkəni vətəndaş müharibəsi bürüdü. Türklər sürətlə Kiçik Asiyanın içərilərinə doğrü hərəkət etməyə başladılar. Yeni imperator III Nikifor 1077-ci ildə Bizans ordusuna komandanlıq etməyi sərkərdə Aleksey Komninə tapşırdı. Bizansla növbəti qarşılaşma Nikey şəhəri yaxınlığında oldu. Bizans ordusu Malazgirtdə məhv edildiyi üçün, türklər ciddi bir müqavimətlə qarşılaşmadılar. Malazgirtdən keçən iki il ərzində axınçılar Egey və Mərmərə sahillərinə, İsküdərəyə qədər bütün Anadolunu ələ keçirdilər. Əvvəlki türk axınları qənimət əldə etdikdən sonra öz əvvəlki yaşadıqları yerlərə-Hələb və Əhlətə dönürdülərsə, Malazgirt savaşından sonra onlar Anadoluda qaldılar. Türklər Anadolunu fəth etməyə və yurd yerinə çevirməyə başladılar. Malazgirtdən sonra Anadoluda türk dövlətlərinin qurulması yeni bir mərhələnin başlanğıcı oldu. Kiçik Asiyada türklərin çoxalması Malazgirt döyüşü ilə daha yüksək mərhələyə daxil oldu. Yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Səlcuqlar Malazgirt döyüşündən sonra Kiçik Asiyaya, o cümlədən Şərqi Anadoluya sahib oldular. Lakin bir çox rus və gürcü tarixçiləri bu dönüşü və müvəffəqiyyəti qəbul eməyərək bildirirlər ki, Malazgirt döyüşündən sonra səlcuqların müvəffəqiyyəti və məskunlaşması Bizansdakı qarmaqarışıqlıq və yunanların Şərqdə olan şəhər və kəndləri tərk edərək getməli ilə əlaqəlidir.
Beləliklə, səlcuqlarla müharibə tam başqa məqsədə xidmət edirdi. Yunan kilsəsini Romanın təsir dairəsinə qaytarmaq, katoliklərin təsir dairəsini genişləndirmək və ən əsası yunan-pravoslav kilsəsinin var-dövlətinə sahib olmaq başlıca məqsəd idi. Əhalinin öz yaşadıqları əraziləri tərk edərək getməsi və boş olan yerlərin müqavimətsiz səlcuqlar tərəfindən tutulması fikri həqiqətə uyğun deyil. Belə yanaşma həm XVII-XIX əsr qərb tarixçiləri tərəfindən, həm də müasir dövrdə səlib yürüşləri haqqında yazan tarixçilər tərəfindən dəstəklənir.
5.Səlcuq dövlətində daxili iqtisadi əlaqələr zəif olsa da, hərbi-siyasi birlik, sultan və dövlət xadimlərinin şəxsi nüfuzu güclü idi. Buna görə də, Sultan Məlik şah və onun vəziri - görkəmli dövlət xadimi Nizamülmülkün ölümündən sonra mərkəzdənqaçma cəhdləri gücləndi. Sultan Mahmud (1092-1094) və Börküyarığın hakimiyyəti dövründə Səlcuq dövləti tədricən tənəzzülə uğradı. Dövlətin ayrı-ayrı əmirlər arasında parçalanması təhlükəsi yarandı. XII əsrin əvvəllərində Səlcuq dövləti Börküyarıq və qardaşı Sultan Məhəmməd (1105-1118) arasında rəsmən bölündü. Suriya məliyi Tutuş qardaşı oğlu Börküyarığa qarşı çıxdı. Qardaşlar və qohumlar ara sında başlanan narazılıqlar və qarşıdurmalar xristian dünyasının hücumuna imkan yaratdı. 1105-ci ildə Börküyarıq öldü və yerinə qadaşı Təpər keçdi. 13 il hakimiyyətdə olan Təpərin başı xaçlılarla mübarizəyə və məzhəb qovğalarına qarışdı. Təpərdən sonra Xorasan məliyi Səncər özünü sultan elan etdi və 1157-ci ilə qədər hakimiliyi sürdü. Sultan Məhəmməd Səlcuq dövlətinin bütün ərazisi üzərində özünün suverenliyini bərpa etməyə nail olsa da, böyük Sultan Səncərin (1118-1157) zamanında Səlcuq dövlətinin ərazi bütövlüyü yenidən pozuldu. Onun dövründə Səlcuq dövləti nominal mövcud oldu. Səncərin real hakimiyyəti və faktiki suverenliyi Xorasan və bir sıra qonşu vilayətlərlə məhdudlaşdı. Səlcuq dövlətinin ərazisində sonralar Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. İraq və Xorasan Böyük Səlcuqlular dövlətinin mərkəzi kimi idi. Tutuş Börküyarığın əlində olan İran ərazilərini ələ keçirmək üçün oa hücum etdi və 1095-ci il fevralın 26-da Reydə Börküyarıq və Tutuş ararsında olan döyüşdə Tutuş məğlub oldu və həyatını itirdi. Beləliklə, Börküyarıq tək sultan oldu, ancaq zamanzaman qardaşlarının və onların varislərinin təhdidləri ilə qarşılaşdı. Bundan sonra Böyük Səlcuqlu dövləti üç hissəyə - İran, İraq və Orta Asiyaya bölünməyə başladı. İran, Iraq və Orta Asiyanın bir qısmı Börküyarığın sultanlığı altında qaldı. Tutuşun iki oğlunun idarəsi altında Suriyada Şam və Hələb Məliklyi, Kutalmışoğlu Süleyman şahın yaratdığı və oğlu II Qılınc Arslanın hökmranlığı altında Anadolu Səlcuqlu dövləti yarandı. 1097-ci ildə Sultan Börküyarıq 12 yaşında olan qardaşı Əhməd Səncəri Xorasan valiliyinin mərkəzi olan Mərvdə taxta oturtdu. Bundan sonra Əhməd Səncər 1097-1118-ci illərdə 20 il Xorasanı idarə etdi. Əhməd Səncər Xorasan valisi olarkən 1102-ci ildə Qaşqardan irəliləyən Əbrail Arslan xanı Termez yaxınlığında məğlub etdi.
1105-ci il fevral ayının 26-da Börküyarıq öldü. O, Sultan olmaq üçün özünə varis kiçik oğlu Müəzzin Məlik şahı təyin etmişdi. O, II Məlik şah olaraq Səlcuqlu sultanı oldu. Ancaq iqtidar olan əmisi Məhəmməd Təpər qohumunu taxtdan endirərək Böyük Səlcuqlu sultanı kimi dövləti idarə etməyə başladı. Məhəmməd Təpər 4 aprel 1118-ci ildə vəfat edəndən sonra sultanlıqda anarxiya başladı. Məhəmməd Təpərin yerinə İraqda olan oğlu II Mahmud Böyük Səlcuqlu sultanı elan edildi. O, taxta keçdiyi zaman əmisi Sultan Səncər Xorasanda məlik idi. Səncər Mahmudu taxtdan endirdi və himayəsinə aldı. Mahmud mərkəzi Həmədan olan İraq Səlcuqlu dövləti sultanlığına gətirilərkən Səncər böyük Sultan kimi 1119-cu ildə Mərvdə taxtda oturdu. Xorasan valisi olan Əhməd Səncər qohumu II Mahmudun sultan olmasını və ondan asılı olaraq Xorasanı idarə etməsini qəbul etmədi və mübarizəyə başladı. Xorasanda Əhməd Səncər sultan elan edildi. Səncər Xorasan ordusu ilə II Mahmudun üzərinə yeridi. Onlar arasındakı müharibədə Səncər qalib gəldi. II Mahmud əvvəlcçox yaxşı müdafiə olunan Saveh şəhərinə qaçdı. Ancaq əmisi Səncər ilə razılığa gəlməsinin vacib olduğunu anladı, əvvəlcə vəzirini Səncər ilə müzakirələrə göndərdi, sonra Səncərin hüzuruna çıxdı. Razılaşmaya görə, II Mahmud Səncərin böyük Səlcuq sultanı olduğunu qəbul etdi. Sultan Səncər də II Mahmudu İraq, Azərbaycan və Qərbi İrana sultan təyin etdi. II Mahmud hakim olduğu ərazilərdə xütbələrdə öz adının Səncərdən sonra elan edilməsini qəbul etdi. Çağrı bəy, Alp Arslan, Arslan Ģah, Toğan Ģah, Arslan və Arqun Xorasan Səlcuq dövlət sultanları (1040-1118) olmuĢdur. Beləliklə, II Mahmud 1118-ci ildə sonradan İraq Səlcuqlu dövləti adı verilən dövlətin sultanı oldu. Ancaq Sultan Səncər 1157- ci ildə öldükdən sonra İraq Səlcuqlu dövləti müstəqil oldu. Bağdadda olan Abbasi xəlifəsi Müstarşid Sultan Səncərə Əmiri-Möminin (Möminlər əmiri) ünvanını verdi. 1128-ci ildə Xarəzmşahlar dövlətində Atsız Xarəzmşah atası Qütbəddin Məhəmmədin yerinə keçdi. Atası zamanında Xarəzmşahlar dövləti Böyük Səlcuqlu dövlətinin vassalı idi. Amma Atsız Xarəzmşahın müstəqil dövlət olmasını istəyirdi. Atsızın ilk fəaliyyəti Xəzər dənizi və Aral gölü arasındakı müsəlmanlığı qəbul etmiş qıpçaq və oğuz yarımköçəri türklərinə qarşı döyüşmək oldu. Atsız əvvəlcə Xarəzmşah Sultan Əhməd Səncərə çox sadiq bir hökmdar kimi görünməyə başladı. Sultan Səncərin 1130-cu ildə Ceyhun dənizini keçib Mavərannəhrdə (Səmərqənddə) illik təzminatı ödəməyən şəhər valisi üzərinə səfər etdi. Bu səfərə Xarəzmşah Atsızın ordusu da qatıldı. Sutan Səncər Səmərqənd valisini əvvəlcə vəzifədən kənar etdi və yerinə bir köləsini qoydu. Vali sonradan Səncərdən üzr istədi və təkrar valiliyə qaytarıldı. 1133-cü ildə Sultan Səncər Xarəzmşah Atsızın ordusu ilə birlikdə təkrar Mavərannəhrə hücum etdi. Xarəzmşah Atsız bu səfərdə Aral gölü və Ceyhun dənizi arasında yaşayan qıpçaqlara qarşı döyüşdə böyük əsgəri şücaət göstərdi. Bu ərazinin çox yaxşı qorunan Cənd qalasını ələ keçirdi. 1153-cü ildə Əhməd Səncər oğuz boyları arasında razılaşma olmasına baxmayaraq illik 20 min qoyun təzminatı vermədikləri üçün səfərə çıxdı. Ancaq oğuz müttəfiq ordusu ilə etdiyi müharibə də uduzub müttəfiqlərinə əsir düşdü. Oğuz ittifaqı Xorsanı ələ keçirdi. Sutan Səncər əsir kimi oğuz ittifaqının əsarətində qalmağa məcbur oldu. Xorasan çətin günlərdə əhalisinin xeyli hissəsini itirdi. Əvvəlki əhali sayına çatmaq üçün 40 il lazım gəldi. Sultan əsirlikdə olarkən qadını Türkan xatun onun yerinə hakimiyyəti idarə etməyə çalışdı. Oğuzlar Sultan olaraq Əhməd Səncərin qohumu Dimitrinin qızı Rusudan olan köhnə Qaraxanlılar hökmdarı Mahmud xanı sultan elan etdi. Ancaq Səlcuq ordusunun önəmli hissələri Mahmud xanı qəbul etmədi. Bu dəfə Mahmud xan oğuzlara qarşı çıxdı. Xarəzmşah Atsız oğuzların ittifaqına qatılmayaraq səlcuqlara sadiq qaldı. Mahmud xan Xarəzmşah Atsız ilə ittifaq bağladı. Atsızın vasitəçiliyi ilə səlcuqlu ordusundan Xorasana qayıtmayanların məsələlərini müzakirə etdilər. Ancaq digər Xarəzmşahlar bu fürsətdən yararlanmağı lazım bildilər. 1154-cü ildə Xarəzmşah Atsızın qardaşı İnal Təkininin rəhbərliyi altında Xarəzmşah ordusu Xorasana talançı hücum etdi, xeyli ərazi qarət edildi. Türkan xatun 1156-cı ildə dünyasını dəyişdi. Bundan sonra Sultan Səncər əsarətdən qaçdı. Hakimiyyəti təkrar ələ alaraq Xorasan hakimliyini yenidən ələ keçirdi, Xarəzmşah Atsızdan yenidən onun hakimiyyətini qəbul etməsini istədi. Oğuz ittifaqı ordusunun təkrar hücumlarına məruz qalmamaq üçün Gurlular və Bavandilər ilə razılaşma əldə etdi. 1156-cı ilin əvvəllərində Səncər özünü əsir alan oğuzlara qarşı səfərə çıxdı. Xarəzmşah Atsız Sultan Səncərin bu səfərinə tabe bir dövlətin rəhbəri kimi qatılmalı idi.Sultan Səncərin arvadı Türan xatunun iki qız uşağı qalmışdı və onlar qohumları olan II Mahmud ilə evlənmişdilər. Xarəzmah Atsızın varisi olan II Arslan da vəfat etmişdi. 1157-ci il may ayının 8-də Sultan Səncər dünyasını dəyişdi. Mərvdəki türbəsində dəfn olundu.

ƏDƏBİYYAT SİYAHISI


1. E. Məmmədov “Səlcuqlar” Bakı 2015
2. Muxtarova Ə. Türk xalqları tarixi. Bakı, 2009
3. Kafasoğlu İ. Səlcuqların tarixi. İstanbul, 1992
Yüklə 39,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin