İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir.Dünyada ilk dəfə Bakıda 1848-ci ildə neftin sənaye üsulu ilə hasilatı Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. XIX əsrin ikinci yarısında neft hasilatının əhəmiyyətli dərəcədə artması sənayeləşmə prosesinə təkan vermiş, bu da öz növbəsində respublikada neftlə əlaqəli infrastrukturun və sənaye sahələrinin yaranması ilə nəticələnmişdir.
XX əsrin ortalarından etibarən sənayeləşmə prosesi regionlara nüfuz etmiş və yeni sənaye şəhərlərinin əsası qoyulmuşdur. Sovet İttifaqının süqutu ilə başlayan və müstəqilliyin ilk illərində davam edən böhran şəraitində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayedə də tənəzzül yaşanmış, bir tərəfdən planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, digər tərəfdən Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində sənaye istehsalının həcmi və çeşidi kəskin azalmışdır.

Ölkədə siyasi-iqtisadi sabitliyin bərqərar olması ilə 1997-ci ildən başlayaraq sənaye istehsalında artım müşahidə edilmişdir. Müstəqillik dövründə sənayenin inkişafında ilk növbədə neft-qaz sektoruna cəlb edilən xarici investisiyalar həlledici rol oynamış, bu sahənin inkişafı istər birbaşa, istərsə də dolayısı ilə sənayenin digər sahələrinin yenidən canlanmasına təkan vermişdir.