Torpaqda üzvi maddələrin təsnifatı və nomenklaturası. Torpağın üzvi hissəsinə kimyəvi tərkibcə və quruluşca müxtəlif siniflərə aid olan birləşmələr daxildir. Bunların içərisində ən əhəmiyyətli hesab edilən spesifiki maddələr və eləcə də liqninlər, flavonoidlər, zülallar, sulukarbonlar, lipidlər, mumlar, qətranlar və nuklein turşularıdır. Bunlardan başqa torpaqda həmişə sadalanan qrupların transformasiya məhsulları və çoxlu sayda aşağımolekullu maddələr, sulukarbonlar, spirtlər, turşular və .s fəaliyyət göstərirlər.
Torpağın üzvi maddələrinin tərkibi istər ayrı-ayrı birləşmələrin kəmiyyətinə görə, istərsə də birləşmələrin qruplarına görə çox dinamikdir. Torpağın üzvi hissəinin tərkibi torpaqəmələgətirən amillərlə qanunauyğun sürətdə əlaqəlidir.
Torpağın üzvi maddələrinin bir neçə təsnifat növləri mövcuddur. Məsələn, funksional əlamətlərə görə təsnifat təklif olunur. Burada torpaqəmələgəlməsində və münbitliynin yaranmasında iştirak dərəcəsinə görə bütün üzvi maddələr iki qrupa bölünür. Birinci qrupa aid olan maddələr davamsızdır və torpaqda qeyri-sabitdir. Ekoloji vəziyyətdən asılı olaraq onların miqdarı çox tez dəyişə bilir. Yəni onların toplanmasında və dinamikasında hava şəraiti, aqrotexnika, meliorasiya və torpaqğın kimyəvi çirklənməsi çox tez təsir edə bilir. Bu qrupa qeyri-spesifki birləşmələr : bəzi sulukarbonlar, polipeptidlər, sadə turşular, lipidlər, xlorofillər, müxtəlif piqmentlər aiddir. Bütün bu maddələr torpağın müasir vəziyyətini xarakterizə edir və torpaqda konkret biokimyəvi situasiya haqqında təsəvvür yaradır. Bunlar birinci növbədə mikroorqanizmlər tərəfindən istifadə edilir, qida elementləri ehtiyatı və enerji mənbəyi rolunu oynayırlar.
İkinci qrupu bioloji və termodinamiki əhəmiyyət daşıyan nisbətən davamlı maddələr təşkil edir. Bura humin turşuları, huminlər, fulvoturşuları, liqninlərin bir hissəsi və bəzi polisaxaridlər aiddir. Bu maddələr torpağın davamlı, tipik əlamətləri olub, torpaqda uzun müddət saxlanıla bilirlər. Məsələn, tarixi qoyulmuş radiokarbon metodlarının məlumatlarına görə humin turşularının torpaq profilində orta hesabla qalma müddətdi yüzlərlə və min illərlə ölçülür.