3.Torpaqlar tərəfindən fosfatların kimyəvi birləşdirilməsi. Məlum olduğu kimi, torpaqların fosfat turşusunu udmaq qabiliyyəti çox böyükdür. F. Berin (1942) hesablamasına görə torpaqların fosfat turşusunu udmaq qabiliyyəti o qədər çox böyükdür ki, onu təmin etməkdən ötrü 1 hektara 5-dən 10 tona qədər P2O5 vermək lazımdır. XX əsrin əvvəllərində superfosfatın böyük torpaq kütləsi ilə qarşılıqlı təsirdə olmaması və deməli, fosfat turşusunun kimyəvi birləşməsinin azalması üçün onu yerli şəraiti nəzərə alaraq tətbiq etmək tövsiyə edilirdi. Məsələn,turş torpaqlarda suda həll olan kalsium-fosfatların hesabına, əsas dəmir və alüminium-fosfatlar əmələ gəlir. Bunun qarşısını almaq üçün torpağın əhənglənməsi əsas tədbirlərdən biri sayılır. Çünki, əhəng biryarım oksidli fosfatların kalsium və maqnezium-fosfat duzlarına keçməsinə imkan yaradır. Həmçinin, əhəng uzun müddət təsir etməsi ilə fəqlənir və bu təsir on ildən sonra qurtarmır. Bitkilər tərəfindən fosfat ionlarn mənimsənilməsindən ötrü ən əlverişli torpaq reaksiyası zəif turş reaksiyadır (pH təqribən 6-6,5). Fosforlu gübrələrin zəif təsir göstərməsinin səbəblərindən biri də, bitkilərdən ötrü azot və kaliumun çatışmamazlığı ilə izah olunur. PK-un tətbiqi tez bir zamanda fosfatların bitkilər tərəfindən mənimsənilməsini gücləndirir. Həddən artıq fosfatlaşmış torpaqlarda uzun müddət ərzində verilmiş gübrələrdən toplaşmış asan mənimsənilən fosfor bitkilər tərəfindən istifadə olunub qurtarmayınca fosfat tətbiq etməyə ehtiyac yoxdur. Çünki, sistematik olaraq yüksək dozalarda (məhsulla aparılan fosforun miqdarından bir neçə dəfə artıq) fosforlu gübrələrin verilməsi zamanı torpaqda o qədər çox mənimsənilə bilən fosfatlar toplana bilər ki, o zaman yeni verilən fosforlu gübrələr artıq təsir təsir göstərə bilməz. Torpağın həddən artıq fosfatlaşması torpaqda xeyli miqdarda fosfatların istifadə olunmayan halda bərkidiyini bir daha sübut edir və gübrələrin tətbiqindən ötrü torpaqların aqrokimyəvi analizinin aparılmasının vacibliyini göstərir. Sitrus və çay bitkisi altı torpaqlara fosforiti parçalanmasından ötrü istifadə etmək üçün superfosfat əvəzinə fosforit unu verilsin. Superfosfat vermək lazım gələrsə onu yalnız cəgəaralarına lent şəklində verməklə və üzvi maddələrinin minerallaşması üçün düzgün becərmə tətbiq edilməklə torpağa qarışdırılmalıdır.
Torpaqda fosfatların dinamikasına gil mineralları, biryarım oksidləri və mühitin reaksiyasından əlavə üzvi maddələr, rütubət və temperatur da təsir göstərir. Natrium- humat torpaqda kalsium-fosfat fosforunun mütəhərrikliyini artırır.
Torpağın turş mühitində bir çox üzvi turşular (çaxır, limon, malein, malon, süd və oksalat turşuları) alüminium və dəmir kationlarını birləşdirməklə fosfat ionların çətin həll olan və bitkilər tərəfindən pis mənimsənilən birləşmələrə keçməsinə mane olur.
Beləliklə, aparılan tədqiqatlardan belə bir nəticəyə gəkmək olar:
peyin çürüntüsünü superfosfatla və ya tam mineral gübrə ilə qatışıq halda tətbiq edilməlidir. Bu üsulla gübrələrin tətbiqi zamanı fosforun və digər qida maddələrinin effektliliyini xeyli yüksəldir.
peyin çürüntüsü çoxtərəfli təsir göstərir. Peyin fosfat-ionların torpaq hissəcikləri tərəfindən (xüsusilə biryarım oksidlər tərəfindən) kimyəvi birləşməsini azaldır.
peyin çürüntüsündə adsorbent xüsusiyyət olduğundan torpağa verildikdə torpağın buferliyini yüksəldir.
peyin çürüntüsü ammonyak və kalium duzlarının fizioloji turşuluğunun zərərliyini azaldır.
peyin çürüntüsü bitkilərdən ötrü qida elementləri (makro və mikro elementlər) mənbəyidir.
Qurumuş torpağı intensiv və sürətlə isladan zaman torpaq aqreqatlarının güclü dağılmasına səbəb olur. Bu zaman torpaq strukturunun daxili səthlərində əvvəllər dinamik olmayan fosfor birləşmələri məhlula keçir. Bu həmçinin torpağın üzvi maddələrinin mütəhərrikliyinin də yüksəlməsinə səbəb olur.
Torpağın qranulometrik (mexaniki) tərkibi də fosfatların dinamikasına təsir göstərir. Belə ki, 0,01mm-dən iri olan hissəciklər fosfatları udmur.