Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə96/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   92   93   94   95   96   97   98   99   ...   161
t.kimya, 1,3

Al2O3 əsasən korund mineralının tərkibində rast gəlinir. O, bərkliyi və turşulara qarşı davamlılığı ilə digər minerallardan fərqlənir. Tərkibində Cr, Mn, Fe, Ti və s. olması ona qırmızı, göy və qaramtul rənglər verir. Müxtəlif çalarlı rəngdə olması onu qiymətli daşlar (sapfir, rubin, topaz və s.) sırasına salmışdır.
Torpaqda daha geniş yayılmış minerallardan biri də gibbsit (hidrargillit) – Al (OH)3 . Bəzən formulası Al2O3. 3H2O kimi də yazılır. Torpaqda kristal və amorf formasında olur.
Gibbsitlə bir yerdə lakin ondan asılı olmayan alüminiumun başqa bir birləşməsi bemitdir - ᵞ AlOH. Alüminiumun növmüxtəlifliyi də vardır ki, onun da ümumi tərkibi [n SiO2.m Al2O3 ] . H2O bu şəkildə olmaqla allofanoid adlanırlar.
2.Gilli mineralların əmələ gəlməsində alüminium birləşmələrinin rolu.
Gilli minerallar törəmə alümosilikatlardan ibarətdir. Onların ümumi kimyəvi düsturu belədir: nSiO2Al2O3·mH2O. Bu birləşmələrdə SiO2:Al2O3 molyar nisbəti 2-5 arasında dəyişir. Gilli minerallar ilkin mineralların (hidrooksidlərin, duzların) aşınma məhsullarının sintezi nəticəsində yaranır. Bundan başqa onlar biogen yolla bitki qalıqlarının minerallaşmış məhsullarından yarana bilər. Daha geniş yayılmış gilli minerallara montmorilonit, kaolinit, hidroslyuda, xlorid qrupundan olan minerallar aid edilir. Bu minerallar təbii gillərin tərkibinə daxil olduğu üçün gilli minerallar adlanır.
Gilli minerallar üçün bəzi ümumi xassələr səciyyəvidir:
- laylı kristal quruluş,
-yüksək disperslik və uduculuq qabiliyyəti,
-tərkibində kimyəvi bağlı suyun olması.
Lakin hər mineral qrup spesifik xassələrə malik olub, münbitlik üçün müxtəlif əhəmiyyət kəsb edir. Torpaq və süxurlarda daha geniş yayılmış törəmə mineralların tərkibi, ilkin minerallarda olduğu kimi, böyük deyildir. Törəmə minerallar arasında bəsit duz mineralları, hidrooksid və oksid mineralları və gil mineralları fərqləndirilir. Hidrooksid və oksid mineralları – ilkin mineralların aşınması nəticəsində silisium, alüminium, dəmir və manqanın amorf formasında yaranmış hidrooksidləridir. Onlar ilkin mineralların hidrotasiya olunmuş yüksək molekulyar gel formasında olur və tədricən dehidrotasiyaya və kristallaşmaya məruz qalaraq kristal strukturun oksidlərini və hidrooksidlərini yaradır. Kristallaşmaya yüksək temperatur, donma, quruma, torpağın oksidləşmə şəraiti səbəb olur.
Silisium hidrooksidi (SiO2·nH2O) vaxt keçdikcə bərk gel formasına – opala (SiO2·nH2O) çevrilir. Bu zaman onun tərkibində su 2-30 % arasında dəyişir. Sonra tərkibindəki suyu itirərək xalsedon və kvarsın kristal formasına çevirilir.
Biryarım oksidlərin hidratları (Al2O3·nH2O, Fe2O3·nH2O) kristallaşaraq törəmə minerallar yaradır:
bemit (Al2O3·H2O), hibbsit (Al2O3·3H2O (və ya Al(OH)3), hematit (Fe2O3), hetit (Fe2O3·H2O), hidrohetit (Fe2O3·3H2O). Əksər torpaqların tərkibində bu minerallar az da olsa vardır. Hetit və hibbsit ferralit torpaqların tərkibində daha çoxdur. Mineralların kristallaşma dərəcəsi onların həll ola bilmə qabiliyyətini müəyyən edir: kristallaşma nə qədər yüksək olarsa, həll olma bir o qədər aşağı olacaqdır. Biryarım oksidlərin hidratlarının həll olma qabiliyyətinə mühitin reaksiyası da böyük təsir göstərir. Məsələn, pH< 3 –də isə üç valentli dəmir ion formasına keçir. Yüksək dispersli amorf birləşmələrə həmçinin humus maddələri, vulkan tufları, allofan (Al2O3· SiO2·n H2O) aid edilir. Montmorilonit qrupu minerallarına- montmorilonit və onun növmüxtəliflikləri – nontronit, beydellit, saponit və başqaları daxildir. Bu mineralların düsturu 4SiO2·Al2O3·nH2O, tərkibində SiO2:Al2O3 molekulyar nisbəti isə 4-ə bərabərdir. Montmorilonit və onun qrupuna aid edilən minerallar yumşaq süxurlarda və torpaqda (ferralit torpaqlardan başqa) geniş yayılmışdır. Ferralit torpaqlarda onlar ya cüzi miqdarda, ya da tamamilə yox dərəcəsindədir. Bu minerallar iki lay silisiumoksigen tetraedrdən və onlar arasında bir oktaedr laydan ibarət üçlaylı (2:1) kristallik quruluşa malikdir. Bu üçlaylı bağlama kristallarda növbələnərək onlara laylı struktur forma verir. Mineralların kristal qəfəsi mütəhərrikdir. Bağlamalar arasında rabitə zəifdir. Bağlamalar arası fəzaya su asanlıqla daxil ola bilir. Bu zaman minerallar çox şişir. Udulmuş suyun miqdarından asılı olaraq bağlamalar arasındakı məsafə iki qat arta bilər. Bağlamalar arasındakı böyük məsafə mübadilə olunan əsasların sərbəst daxil olmasına şərait yaradır. Montmorilonit qrupundan olan minerallar daha yüksək disperslik xassəsinə malikdirlər. Onların tərkibində kolloid hissəciklər 60%, 0,001 mm-dən kiçik hissəciklər isə 80% təşkil edə bilər. Xüsusi quruluşu və dispersliyi kationların yüksək udma tutumunu müəyyən edir. Montmorinolitin udma tutumu 100 qram torpaqda 80-120 milliqram-ekvivalentdir (m-ekv). Bu qrupdan olan mineralların su-fiziki xassələri az əlverişli hesab olunur. Onların tərkibində bitkinin mənimsəyə bilmədiyi böyük miqdarda su vardır. Montmorinolitdə maksimal hiqroskopiklik 30% -ə çatır. Bu mineral nəm halında şişir, quru halında bərkiyir və çatlayır, əhəmiyyətli dərəcədə yapışqanlığa, zəif sukeçiriciliyə malikdir, qaysaq əmələ gətirir. Bu minerallar humin turşuları ilə birləşərək suyadavamlı aqreqatlar yaradır. Ona görə də montmorinolit qrupundan olan minerallarla zəngin torpaqlarda humusun yüksək miqdarı fonunda su-fiziki xassələr xeyli yaxşılaşır. Koalinit qrupu minerallarının (kaolinit, qalluazit, dikkit, nakrit) düsturu 2SiO2·Al2O3·nH2O, tərkibində SiO2:Al2O3 molyar nisbəti isə 2-ə bərabərdir. Bu qrupdan olan minerallara yumşaq aşınma qatında və torpaqlarda az miqdarda təsadüf olunur. Bu minerallar, xüsusən də kaolinit ferralit torpaqlarda daha çox müşahidə olunur. Kaolinitin və onun qrupundan olan digər mineralların kristal qəfəsi iki laylıdır (1:1); bir lay silisiumoksigen tetraedrdən, digər lay isə alüminium hidrooksil oktaedrdən ibarətdir. Kaolinit şişmir, belə ki, bağlamalar arası rabitə güclü olduğundan suyun bu fəzaya daxil olması çətinləşmişdir. Bağlamalar arası məsafə daimidir. Kaolinitin tərkibində qələvi-torpaq əsasları azdır və dispersliyi yüksək deyildir. Udma tutumu 100 q. torpaqda 20 m-ekv-dən yüksək deyildir. Torpaqda kaolinitin çoxluğu onun əsaslarla zəngin olmadığını göstərir. Gilli mineralların kimyəvi tərkibində (V.A.Kovdaya görə) SiO2; Al2O3; Fe2O; FeO; MgO; CaO; Na2O və K2O ibarətdir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin