5.Torpaqların oksidləşmə-reduksiya rejiminin tipləri və onların səciyyəvi xüsusiyyətləri. Torpaqların oksidləşmə-reduksiya rejimi dedikdə, torpaq profilində torpaqəmələgəlmənin illik tsiklində oksidləşməreduksiya proseslərinin nisbəti başa düşülür. Torpaqların oksidləşmə-reduksiya rejiminin aşağıdakı tipləri fərqləndirilir:
1) oksidləşmə vəziyyətinin mütləq hakim olduğu torpaqlar – bozqır, yarımsəhra və səhra zonasının avtomorf torpaqları (qara, şabalıdı, boz-qəhvəyi, qonur yarımsəhra, boz, boz-qonur və s.)
2) oksidləşmə vəziyyətinin mütləq hakim olduğu, lakin ayrı-ayrı rütubətli illərdə və fəsillərdə reduksiya proseslərinin özünü göstərdiyi torpaqlar (tayqa-meşə, rütubətli subtropik, enliyarpaq-meşə zonalarının avtomorf torpaqları);
3) oksidləşmə-reduksiya rejimi kontrastlı olan torpaqlar (müxtəlif zonalarının yarımhidromorf torpaqları). Müvəqqəti izafi nəmlik rejiminə malik torpaqlar oksidləşmə-reduksiya proseslərinin daha kontrastlı dinamikası ilə səciyyələnir. Bu cür torpaqlar podzollu, çimli-podzollu, qonur-meşə, şorakətli torpaqlar arasında geniş yayılmışdır.
4) reduksiya rejimi dayanıqlı torpaqlar (bataqlı və hidromorf şoranlar). OR potensialının göstəricisi üzvi maddələrlə zəngin, nəmlənmənin böyük ölçülərdə tərəddüd etdiyi və mikrobioloji proseslərin intensiv cərəyan etdiyi yuxarı horizontlarda daha çox dəyişkəndir. Üzvi maddələrlə kasıb, mikrobioloji proseslərin inkişafının zəif getdiyi və ona görə də oksigen sərfinin intensiv olmadığı aşağı horizontlar potensialın daha yüksək göstəricisi ilə səciyyələnir.
Qrunt suyunun təsiri altında bataqlaşmaya məruz qalmış mineral torpaqlarda ən az potensial adətən aşağı horizontlarda müşahidə edilir. Oksidləşmə-reduksiya prosesləri torpaqəmələgəlmə prosesinə və torpaq münbitliyinə böyük təsir göstərir. Bitki qalıqlarının çevrilməsi, üzvi maddələrin toplanma tempi və tərkibi, elə bu səbəbdən də torpaq profilinin formalaşması oksidləşmə-reduksiya prosesləri ilə əlaqədardır. İzafi nəmlik və OR potensialının aşağı göstəricisi bitki qalıqlarının parçalanmasını zəiflədir, üzvi maddələrin daha fəal və mütəhərrik formalarının yaranmasına, humin turşuların fulvoturşulara çevrilməsinə təsir göstərir. Azot, kükürd, fosfor, dəmir və manqan birləşmələrinin torpaqda çevrilməsi də oksidləşmə-reduksiya prosesləri ilə əlaqədardır. Nitrifikasiya prosesləri üçün optimal şərait Eh = 350-500 mV hesab edilir, ondan aşağı göstəricidə denitrifikasiya prosesləri inkişaf edir. Oksidləşmə-reduksiya potensialının 200-250mV-ə, kobud humuslu podzollu torpaqlarda 350-400mV kimi aşağı düşməsi iki valentli dəmir oksidinin və mütəhərrik Mn2+ yaranmasına gətirib çıxarır.