Auditorlar palatası
Azərbaycan Respublikası Auditorlar Palatası Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” 1994-cü il 16 sentyabr tarixli 882 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır.Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.Auditorlar Palatası aşağıdakı funksiyaları yerinə yetirir:
Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir;
Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir;
sərbəst auditorların və auditor təşkilatlarının uçotunu aparır;
auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir;
auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komisiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir, imtahan haqqını müəyyən edir;
təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatlarına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir;
auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;
audit aparılmasına dair təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır;
auditor xodməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir, milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyələr hazırlayır;
peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına qarşı sifarişçilərin iddialarına respublikanın qanuvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir;
sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir;
sərbəst auditor, auditor təşkilatı, sərbəst xarici auditor və xarici auditor təşkilatının filialı və (və ya) nümayəndəliyinin maliyyə-təsərrüfat fəaliyyətinin "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir;
təkrar audit həyata keçirir;
dövlət müəssisələrinin özəlləşdirilməsi və ya başqa məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir;
auditor xidməti göstərən şəxslərə münasibətdə öz səahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir.
Dostları ilə paylaş: |