GİRİŞ
Problemin qoyuluşu.
İyirminci əsrdən başlayaraq turizm sektoru bütün dünyada ən sürətlə inkişaf edən
sahələrdən birinə çevrilmişdir. Ümumdünya Səyahət və Turizm Şurasının (World Travel &
Tourism Council-WTTC) məlumatına əsasən 2005-ci ildə qlobal miqyasda turizm
xidmətlərinin ümumi həcmi təxminən 6,2 trilyon ABŞ dolları təşkil etmişdir ki, bu da dünya
ölkələri üzrə ümumi buraxılışın 10,6 faizinə bərabərdir. Həmçinin sektorda məşğul olanların
sayı 221 milyon olmaqla, bütün dünya üzrə işləyənlərin ümumi sayının 8,3 faizini təşkil edir.
2015-ci il üçün optimist proqnozlara əsasən turizm sektorunun dünya üzrə ümumi buraxılışda
və işləyənlərin sayında payının müvafiq olaraq 11,3 faiz və 8,9 faiz civarında olması
gözlənilir. Turizm sektorunun iqtisadi artımın əldə olunmasında mühüm rolunun olmasını
nəzərə alaraq, turizmin və onunla əlaqədar sahələrin, ələlxüsus onun rəqabətqabliyyətliliyi
məsələlərinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
Turizm sektorunun rəqabətqabiliyyətliliyinə iki perspektivdən–daxili və beynəlxalq
nöqteyi-nəzərələrdən baxıla bilər. Ölkə daxili perspektivlər baxımından rəqabətqabiliyyətli
turizm sektoru yerli nəqliyyat (daşımalar), otel və mehmanxana, restoran, mədəni-kütləvi
tədbirlər (asudə vaxtın təşkili) və ticarət sektorlarına fayda gətirməklə sosial, mədəni və
siyasi əhəmiyyət daşıyır və iqtisadiyatda aşağıdakı kimi qruplaşdırılması mümkün olan
müsbət təsirlər formalaşdırır:
Tələbin ödənilməsinin və onun artımının mühüm mənbəyi kimi;
Dayanıqlı iş yeri imkanları yaratmaqla iqtisadiyyatın bütün səviyyələrində
məşğulluğun təminatçısı kimi;
Kiçik və orta ölçülü müəssisələr üçün biznesin təşkili imkanlarından yararlanmağa
mühüm vasitə kimi;
Əldə olunmuş maliyyə və iqtisadi faydaların iqtisadiyyatın müxtəlif sektorları və
səviyyələri, xüsusilə regional səviyyədə paylaşdırılmasına imkan yaradır;
Hökumətin bəyan etdiyi iqtisadi və fiskal hədəflərin əldə olunmasına töhfə verir;
Dövlət və özəl sektor arasında əməkdaşlığın sürətləndirilməsində mühüm təsirlərə
malikdir.
Bu baxımdan bir çox dünya ölkələrində turizm sektoru iqtisadi fəallığın, məşğulluğun,
vergi və valyuta daxilolmalarının təmin olunmasının mühüm mənbəyi qismində nəzərdən
keçirilir. Təsadüfi deyil ki, bir çox inkişaf etməkdə olan ölkə və regionlar turizmin
iqtisadiyyata təsirlərinin artan rolunu diqqətdə saxlayaraq ölkə daxili və xarici potensial
turistlər üçün sektorun cəlbediciliyinin yüksəldilməsi məqsədilə onun inkişafına əhəmiyyətli
resurslar yönəldirlər.
Məhz, qeyd etdiyimiz xarici mühit şərtləri iqtisadi tərəqqi əldə etmək istəyən bütün
ölkələr kimi zəngin mədəni-tarixi irsə, qədim sənətkarlıq ənənələri, unikal təbii şərait və digər
sərvətlərə malik olan ölkəmizdə turizm sektorunun rəqabət üstünlüklərinin qorunmasını və
daha da artırılmasını, onun rəqabətqabiliyyətliliyinin tədqiq edilməsini və Azərbaycanın
turizm potensialından səmərəli istifadə olunmasının zəruriliyi sektorun rəqabət-
qabiliyyətliliyinin yüksəldilməsinə dair tədqiqat mövzusunun aktuallığını əsaslandırır.
Dostları ilə paylaş: