Sual 3. Dialektikanın qanunları Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə və əksinə keçməsi qanunu. Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə qarılıqlı keçməsi gerçəkliyin ən
ümumi, obyektiv qanunlarından biridir. Bu qanunun mahiyyətini və fəaliyyət
mexanizmini başa düşmək üçün "keyfiyyət", "xassə", "kəmiyyət", "ölçü", "sıçrayış" və
s. anlayışları bir-birindən fərqləndirmək və mənimsəmək lazımdır.
Məlumdur ki, gerçəklikdə çoxsaylı predmet və hadisələr vardır. Onlar nə qədər
çox, bir-birinə bənzər və mürəkkəb olsalar da, əsasən biz onları qarışdırmır, bir-birindən
fərqləndiririk. Ona görə ki, onların hamısının spesifik, ancaq özünəməxsus fərqləndirici
xüsusiyyətləri, xassələri, keyfiyyətləri vardır, məsələn, metallardan dəmir, polad, mis,
qızıl və s. metal kimi ümumi xassələrə malik olsalar da, onların hər birinin ayrılıqda
özünəməxsus atom çəkisi, elektriki keçirmə qabiliyyəti, hava və rütubətə davamlılığı
xassəsi, istilik keçirmə xüsusiyyətləri və s. vardır. Predmet və hadisələri bir-birindən
fərqləndirmək imkanı verən əsas cəhət onların özünəməxsus xassələrinin, ən başlıcası
isə keyfiyyətlərinin olmasıdır.
Keyfiyyət - predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet deyil, məhz həmin predmet edən, saysız-hesabsız başqa predmetlərdən fərqləndirən ən başlıca cəhətdir, bütün mühüm xassələrin, qabiliyyət və cəhətlərin məcmusudur. Keyfiyyət, necə deyərlər, predmetin müəyyənliyi, mənliyidir. Keyfiyyətini itirdikdə
cisim daha mövcud halını da itirmiş olur, başqa keyfiyyətə keçmiş, çevrilmiş olur.
Bütün predmet və hadisələrin öz keyfiyyəti olmasaydı onda biz canlını cansızdan, insanı
başqa canlılardan, təbiətdəki müxtəlif maddələri və cəmiyyət hadisələrini bir-birindən
fərqləndirə, ayırd edə bilməzdik.
Məhz bu cəhətlərinə görə Hegel qeyd edirdi ki, keyfiyyət predmetin özüdür, onu
təşkil edən cəhətdir, onsuz predmet özü mövcud olmazdı. Predmet öz keyfiyyəti ilə
mövcuddur. Keyfiyyətini itirdikdə cismin yaşaması dayanır, daha köhnə halında mövcud
ola bilmir.
Keyfiyyət xassələrdə təzahür edir, xassə predmet və hadisələrin başqaları ilə
qarşılıqlı münasibətlərində meydana çıxır.