7.7. Firmanın gəliri və mənfəəti. Mənfəətin formaları
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir firma əmtəə və xidmətin istehsalına çəkdiyi xərclərin müqabilində müəyyən məbləğ gəlir əldə edir. Gəlir – firmanın fəaliyyətinin ən mühüm göstəricisi olub pul formasında bütün daxilolmaların məcmusundan ibarətdir. Gəlir firmanın bütün fəaliyyətinin nəticəsində yaranır. Firmanın işinin son nəticəsi istehsal edilmiş və reallaşdırılmış, yəni haqqı ödənilmiş məhsullardır.
Xərclərin növlərinə görə gəlirlər müxtəlif olur:
Ümumi gəlir – müəyyən miqdar əmtəənin satışından əldə olunan pulun miqdarıdır. Onun məbləği əmtəələrin qiymətlərinin həmin əmtəələrin kütləsinin hasilinə bərabərdir:
ÜG = ƏxQ
Orta gəlir – ümumi gəlirin məhsul vahidinin miqdarına nisbətinə bərabərdir.
Yəni
Hər bir firmanın məqsədi öz fəaliyyətinin nəticəsi olaraq mənfəət əldə etməkdir. Mənfəət – firmanın əmtəə (xidmət) satışından əldə etdiyi gəlirin istehsal xərclərindən artığıdır. Yaxud əmtəələrin topdansatış qiyməti ilə istehsal xərcləri arasındakı fərqdir.
Mənfəətin iki mühüm funksiyası vardır:
Mənfəət firmanın pul yığımının (maliyyəsinin) həcmini xarakterizə edir;
Mənfəət firmanın istehsal və sosial inkişafına xərclərin maliyyələşdirilməsinin başlıca mənbəyidir.
Mənfəət həm də büdcə gəlirlərini vergi mexanizmi vasitəsilə, formalaşdıran əsas mənbədir.
Firmanın fəaliyyətinin əsas prinsipi mənfəəti maksimum səviyyəyə çatdırmaqdır. Bu səbəbdən də mənfəət istehsalın effektivliyinin əsas göstəricisi hesab olunur.
Təsərrüfat subyektlərinin səviyyəsinə uyğun olaraq mənfəətin müxtəlif növləri mövcud olur. Bunlara aiddir: ümumi (balans) mənfəəti; məhsulun reallaşdırılmasından mənfəət; reallaşdırılmamış əməliyyatlardan mənfəət; xalis mənfəət.
Ümumi (balans) mənfəəti - firmanın əldə etdiyi bütün mənfəətlərinin cəmidir.
Məhsulun reallaşdırılmasından mənfəət – məhsulun reallaşdırılmasından əldə edilmiş gəlirlə məhsulun istehsal xərcləri (əlavə dəyər vergisiz və aksizlərsiz) arasındakı fərq kimi meydana çıxır.
Reallaşdırılmamış əməliyyatlardan mənfəət. Bu firmanın satışdan kənar yollarla əldə etdiyi mənfəətdir. Buraya 1) başqa firmaların fəaliyyətində payçı kimi iştirakdan; 2) əmlakın icarəyə verilməsindən; 3) firmaya məxsus səhmlərdən, istiqrazlardan və digər qiymətli kağızlardan əldə olunan gəlirlərdən; 4) məhsulun istehsalı və reallaşdırılması ilə bağlı olmayan gəlirlər; məsələn, sanksiyalara görə ödəmələr və s. daxildir.
Xalis mənfəət – ümumi mənfəətdən vergilər və digər məcburi ödəmələr çıxıldıqdan sonra yaranır, yəni yerdə qalanıdır. Hər bir təsərrüfatçı subyekt xalis mənfəətdən istifadə qaydalarını özü müəyyən edir.
Firmanın məsrəflərinin effektivliyini rentabellik göstəricisi ilə müəyyən edirlər. Ümumi şəkildə rentabellik mənfəətin birdəfəlik və cari məsrəflərə nisbəti kimi müəyyən edilir.
İstehsalın rentabelliyi və Məhsulun rentabelliyi anlayışları fərqləndirilir. İstehsalın rentabelliyi – firmanın vəsaitindən nə dərəcədə səmərəli istifadə edildiyini göstərir və illik mənfəətin əsas fondların orta illik dəyəri və dövriyyə vəsaitlərinin məbləği cəminin faizlə nisbətinə bərabərdir.
Məhsulun rentabelliyi – cari məsrəflərin nə dərəcədə səmərəli olduğunu göstərir. Məhsulun rentabelliyi əmtəəlik məhsulun reallaşdırılmasından alınmış mənfəətin məhsul istehsalına çəkilən xərclərə nisbəti ilə müəyyən edilir.
Dostları ilə paylaş: |