OXU DƏRSLƏRİNDƏ ƏDƏBİ TƏLƏFFÜZ VƏRDİŞLƏRİNİN YARADILMASI ÜZRƏ İŞİN MƏZMUNU
Oxu prosesində söz, ifadə və cümlələrin mahiyyətini başa düşmədən təsvir olunan hadisəni, hekayənin məzmununu dərindən mənimsəmək, hər hansı personajın xarakterini duymaq, anlamaq olmur. Təlimin qarşısında duran başlıca vəzifələrdən biri də oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üzrə iş aparmaqdan ibarətdir.
Təcrübə göstərir ki, bu işə birinci sinifdən başlanılır. Onun xüsusi sistemlə, düşünülmüş planla müntəzəm aparılması, şagirdlərin lüğət ehtiyatının yaş və bilik səviyyələrinə uyğun artırılması, zənginləşdirilməsi, oxu dərslərində ədəbi tələffüz vərdişlərinin mənimsədilməsi, eyni söz və ifadənin müxtəlif kontekstdə işlədilməsi, qazandıqları mənaların müqayisəsi, fərqləndirilməsi, müvafiq mətnlərdə nöqtələrin əvəzinə lazım gələn dilin sadə təsvir vasitələrinin (məcazların) artırılması üzrə işlər aparılmalıdır. İfadəli oxu və rabitəli nitq prosesində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi və dilin ifadə vasitələri üzrə məşqlərə də yer verilməsi zəruridir. Bu, təlimin keyfiyyətinin yüksəldilməsinə təkan verir, oxu dərslərində şagirdlərin ədəbi tələffüz vərdişlərini və təfəkkürünü inkişaf etdirir, həmçinin bədii oxu materiallarının şüurlu mənimsənilməsini təmin edir.
İfadəli oxu prosesində mətnin bitkin məzmunu, ayrı – ayrı obrazların hərəkəti, baş verən hadisələr məntiqi ardıcıllıqla verilir. İfadəli oxu prosesində canlı ifadə vasitələrinin köməyi ilə obrazların xarakteri, onların məqsədi açılır. Başqa sözlə, əsər haqqında dinləyicidə bitkin təsəvvür yaranır. Bu zaman şagirdlərin hissləri, fantaziyası hərəkətə gəlir, oxunan mətnin müxtəlif duyğularla qavranılması mətnin şüurluluğuna təsir edir. Şüurluluq və ifadəlilik oxu prosesində qarşılıqlı əlaqədədir. Yəni şüurlu oxunmayan mətni şərh etmək, ifadəli oxunmayan mətni də şüurlu mənimsəmək mümkün deyildir. İfadəli oxu yalnız ədəbi tələffüz qaydalarını gözləməklə, onlara əməl etməklə aparılan oxudur. İfadəli oxu mətnin şifahi nitqdə ahəngdar, bədii şəkildə meydana çıxmasıdır.
Mətndəki kədər, sevinc, kinayə, istehza, zarafat, təəccüb, qorxu, səmimiyyət və s. kimi həyəcanlı hisslər özünü ifadəli oxu prosesində əks etdirir. I-IV siniflərdə ana dili dərslərinin qarşısında duran əsas tələblər şagirdlərə şüurlu, ifadəli oxu vərdişləri aşılamaqdan ibarətdir. Bunun üçün müəllim özü ifadəli oxu bacarığına malik olmalı, mətnin məzmununu oxu prosesində açmağı, obrazların təsvirini, daxili aləmini, xarakterini, bir-birinə münasibətini sözün və səsin gücü ilə şagirdlərin gözləri önündə nümayiş etdirməli, məzmunun şüurlu şəkildə mənimsənilməsinə, dərk olunmasına xidmət etməlidir. Başqa sözlə, oxunun şüurluluğundan, ifadəlilikdən bir vasitə kimi istifadə edilməlidir.
H.İ.Şlyapin göstərir ki, ifadəli oxu əsl yaradıcılıqdır. O bütün hisslərin ahəngdarlığını tələb edən kompleks prosesdir.
İbtidai siniflərdə şagirdlərin ifadəli oxu üzrə ilkin vərdişlərə yiyələnmələri müəllimin özünün bu vərdişə nə dərəcədə yiyələnməsindən və şagirdlərə necə nümunə olmasından asılıdır. Müəllimin gözəl, ifadəli, canlı oxusu şagirdlərə böyük sevinc gətirir, onların zövqünü oxşayır, ruhunu canlandırır. Belə müəllimin şagirdləri də oxunun çətinliklərinə yiyələnməyə, oxunmuş materiala öz münasibətini bildirməyə alışırlar. İfadəli oxu vərdişlərinin yaradılması müəllimdən səbrli, qətiyyətli olmağı, müntəzəm və sistemli iş aparmağı tələb edir. Emosional ifadəli nitqə birdən – birə yiyələnmək mümkün deyildir. Bunun üçün ilk növbədə nitq texnikası üzrə iş aparılmalıdır.
“Nitq texnikası” anlayışına oxu və danışıq prosesində tənəffüs, səs, diksiya, tembr, vurğu, fasilə və s. daxildir. Bütün bu deyilənlərdən məlum olur ki, həm müəllimin nümunəsi, həm bədii emosional – obrazlı ifadələrin mənasının açılması, nitq texnikasının inkişaf etdirilməsi, söz ustalarının nümunəsi, təlim – texniki vasitələrdən, İKT-dən istifadə üzrə işlər ifadəli oxu üzrə bacarıq və vərdişlərin yaranması və inkişafına şərait yaradır.
Son zamanlara qədər bəzi müəllimlər ədəbi tələffüz vərdişlərinin inkişafı üzrə işlər dedikdə ancaq orfoepik vərdişlər üzrə işləri nəzərdə tuturdular ki, bu da işin tam birtərəfli şəkildə getməsinə səbəb olurdu.
Ədəbi tələffüz vərdişlərinin inkişafı üzrə işlər dedikdə burada, şübhəsiz, orfoepiya üzrə işlər mühüm əhəmiyyət kəsb edir, lakin ədəbi tələffüz üzrə işlər əsas yerlərdən birini tutur. Ədəbi tələffüz üzrə işlər daha geniş məzmuna malikdir. Buraya həm orfoepiya üzrə aparılan işlər, həm də intonasiya: diksiya, melodika, səsin gücü, tembr, vurğu, fasilə, ritmik bölgülər, nitqin sürəti və tonu üzrə işlər daxil edilir. Şifahi nitqin anlaşıqlı olmasında intonasiya, fasilə və cümlələrin ritmik bölgülərinin mühüm rolu vardır. Buna görə də Azərbaycan dili və oxu dərslərində, habelə sinifdənkənar ünsiyyət prosesində intonasiya, fasilə və cümlələrin ritmik bölgüləri üzrə işə xüsusi diqqət yetirilməlidir.
Şübhəsiz, hələ ibtidai məktəbin birinci sinfindən bu məsələlərlə bağlı praktik işlər gedir. İbtidai siniflərdən başlanmış bu praktik işlər sonrakı siniflərdə də davam etdirilir. Lakin intonasiya, fasilə və cümlələrin ritmik bölgüləri üzrə nəzəri-praktik işlər ancaq sintaksis bölməsinin tədrisi ilə başlanır.
Cümlənin intonasiyası danışanın məqsədinin dəqiq anlaşılmasına imkan verir. Danışanın məqsədindən asılı olaraq eyni məzmunlu, eyni sözlərin birləşməsindən ibarət olan cümlə həm sual intonasiyası, həm də adi intonasiya ilə deyilə bilər. Əgər müəllim hər hansı bir məsələni öyrənmək məqsədini izləyirsə, cümləni sual intonasiyası ilə ifadə edir. “Sən gedirsən?”, “Sən gedirsən.”, “Sən gedirsən!” cümlələrində məqsəd ancaq intonasiya vasitəsilə ifadə olunur.
İbtidai siniflərdə cümlənin məqsəd və intonasiyaya görə növlərini öyrədən müəllim təkcə bu növlərin nə olduğunu anlatmaqla işini bitmiş hesab etməməlidir. Məsələn, sual və ya həyacan ifadə etməyin bu və ya digər vasitələrini bu vasitələrlə ifadə etməyin incə fərqlərini şagirdlərə anlatmaq lazımdır ki, onlar dilimizin bu rəngarəng vasitələrindən bacarıqla istifadə edə bilsinlər.
Azərbaycan dilində sual cümləsi yalnız sual intonasiyası ilə ifadə edildiyi kimi, sual əvəzlikləri, sual ədatları vasitəsilə də ifadə oluna bilir. Əmr və nida cümlələrinin ifadə olunmasında müxtəlif vasitələr mövcuddur. Bütün bunları təkcə praktik yolla çatdırmaq kifayət deyildir. Belə məsələlərin öyrədilməsində görkəmli söz ustalarının lent yazılarını praktik olaraq təhlil etmək daha faydalı olar.
Bəzən məktəblərimizdə nöqtə və vergül haqqında məlumat verərkən bunlar fasilənin azlığı və çoxluğu ilə fərqləndirilir. Vergül işarələri cümlənin elə ritmik bölgülü yerində qoyulmuş olar ki, buradakı fasilə nöqtə qoyulmuş yerdən çox ola bilər və ya ritmik bölgüdən asılı olaraq nöqtə və ya vergül işarəsi olmayan yerdə daha çox fasilə zəruri ola bilər.
Bütün bunları nəzərə alaraq, cümlələrin ritmik bölgüləri ilə işlərə xüsusi diqqət yetirilməlidir. Hər bir söz tələffüz zamanı hecalarla deyildiyi kimi, cümlələr də xüsusilə çox sözlü cümlələr ritmik bölgülərlə-sintaqmlarla deyilir. Bu ritmik bölgülər böyük və kiçik fasiləli ola bilər. Məsələn: “Mən məktəbdən gəlirəm” cümləsində kiçik fasiləli bir ritmik bölgü vardır (mən sözündən sonra). Həmişə yoldaşlarına qayğı ilə yanaşan Əhməd Nərimana qoşulduqdan sonra laqeydləşdi. Bu cümlədə isə Əhməd və sonra sözlərindən sonra ritmik bölgülər tamamlandığı üçün daha böyük fasilə edilir. İbtidai siniflərdə ritmik bölgülər üzrə iş yalnız müəllimin nümunəsinə istinad etməklə praktik şəkildə aparılır.
Sintaqmların, ritmik bölgülərin ünsiyyət üçün əhəmiyyətini anlamaqda da görkəmli söz ustalarımızın lent yazılarını təhlil etmək daha çox fayda verə bilər. Bunun üçün xarakterik parçalar seçilməli və müəllimin özü belə təhlilə nəzəri və praktik cəhətdən hazır olmalıdır. Yadda saxlamaq lazımdır ki, təhlil üçün təkcə hər cəhətdən düzgün nitq parçaları deyil, səhv nitq parçaları da seçilməlidir.
Şifahi nitqin dəqiq, aydın, anlaşıqlı və təsirli olmasında vurğu da böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi, vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğu. Heca vurğusu haqqında nəzəri-praktik məlumat fonetikanın tədrisi ilə əlaqədar verilir. Çox vaxt müəllimlər vurğunun öyrədilməsinə həsr etdikləri dərs saatından səmərəli istifadə edib praktik əhəmiyyətli olan bəzi məsələləri şagirdlərə çatdırmırlar. Bəzən isə izah “Azərbaycan dilində vurğu əsasən sözün son hecasının üzərinə düşür” şəklində tamamlandığı üçün şagirdlər bir çox sözlərin vurğusunu düzgün müəyyənləşdirə bilmirlər. Vurğuya həsr edilmiş dərs saatında sözün mənasını dəyişməkdə vurğunun rolu barədə şagirdlərə praktik məlumat verildiyi kimi, Azərbaycan dilində vurğu qəbul etməyən söz hissəcikləri də öyrədilməlidir. Belə olduqda nəzərdə tutduğumuz şəkilçili sözlərin vurğu cəhətdən düzgün tələffüzünün bünövrəsi qoyulmuş olar.
Dilimizə başqa dillərdən keçmiş bəzi sözlərin vurğusunu müəyyənləşdirməkdə şagirdlər çətinlik çəkirlər. Buna görə də yaxşı olar ki, belə sözlər əyani vasitələrin köməyi ilə nümayiş etdirilsin.
Məntiqi vurğu haqqında praktik məlumat yuxarı sinifdə sintaksisin tədrisi ilə əlaqədar verilir. Danışanın məqsədinin müəyyənləşdirilməsində məntiqi vurğunun rolu vardır. Məntiqi vurğu haqqında məlumat cümlə üzvlərinin sıralanması və sintaqmlardakı fasilələrlə əlaqədar şəkildə öyrədilsə, oxu dərslərində daha yaxşı müvəffəqiyyət əldə edilər. Müəllim məntiqi vurğudan danışarkən həyəcanlı vurğu haqqında ötəri məlumat verməli, sonra bu məlumatı, yeri gəldikcə, oxu dərslərində dərinləşdirməlidir.
Vurğunun şifahi nitqdəki rolunu şagirdlərə əyani şəkildə çatdırmaq üçün görkəmli söz ustalarının xarakterik lent yazılarını sinifdə təhlil etmək çox faydalıdır.
Ədəbi tələffüz vərdişlərinin inkişafı üzrə işlər müntəzəm aparılmalıdır. Şagirdlərə ədəbi tələffüz vərdişlərini bir neçə günə və bir neçə oxu materiallarının oxusu ilə mənimsətmək həll edilə bilən məsələ deyildir. Belə ki, oxu prosesində ədəbi tələffüz vərdişlərinin inkişaf etdirilməsi üzrə işlə kifayətlənmək olmaz, bu zaman bütün siniflə xarakterik çalışmaların aparılması vacibdir. Məktəb təcrübəsi göstərir ki, təkcə sagirdləri çoxlu oxutmaqla, danışdırmaqla iş bitmir, şagirdləri bədii mətnləri şərti işarələrlə qeyd etməyə alışdırmaq lazımdır. Bunun üçün şagirdlər durğu işarələrinin işlənmə məqamlarını bilməlidirlər.
Ümumiyyətlə, ibtidai siniflərin(I-IV siniflər) “Azərbaycan dili” dərsliklərində verilən oxu materialları (bədii və elmi-kütləvi mətnlər) ədəbi tələffüz vərdişlərinin mənimsədilməsi üçün geniş imkanlara malikdir.
Dostları ilə paylaş: |