Elmi işin mərhələləri. İşin mövzusunu tədqiqat predmeti təyin etdiyindən, ilk növbədə tədqiqatın obyekti və onun predmeti müəyyənləşdirilməlidir.
Mövzunun seçilməsinin ən vacib meyarı onun aktuallığı sayılır. Mövzunun aktuallığı dedikdə, onun cəmiyyət üçün əhəmiyyəti başa düşülür, yəni qeyd olunan sahələrin tələbatını ödəmək üçün qarşıda duran məsələlərin həllində bu mövzunun vacibliyi nəzərdə tutulur.
Mövzunun yeniliyi yeni, tədqiq olunmamış obyektlərin araşdırılması və ya məlum obyektlərin qeyri-ənənəvi nöqteyi-nəzərdən, qeyri-ənənəvi metodlarla tədqiqi ilə təmin olunur.
Mövzunun perspektivliyi onun gələcəkdə daha geniş şəkildə araşdırılması imkanlarını əhatə edir.
Magistrantın seçdiyi mövzu onun təhsil aldığı sahənin əsas inkişaf istiqamətinə, eyni zamanda ali məktəbin məşğul olduğu elmi istiqamətə uyğun gəlməlidir. Elmi istiqamət deyəndə, vaxtaşırı bu və ya digər elmi problemlərin həllinə çalışan ali məktəb kollektivinin məşğul olduğu elmi-tədqiqat sahələri başa düşülür. Elmi istiqamət müxtəlif elmi problemlərə bölünür. Hər bir elmi problem bir çox mövzulardan ibarətdir. Mövzu elmi-tədqiqatın müəyyən sahəsini əhatə edən elmi tapşırıq olub, bir çox elmi suallara əsaslanır. Elmi sual dedikdə nisbətən kiçik elmi məsələlər nəzərdə tutulur. Verilmiş mövzu üzrə araşdırma fərdi və ya kollektiv şəkildə, elmi işçilər qrupu tərəfindən icra olunur.
Magistrant tərəfindən seçilmiş mövzu, onların gələcək praktiki işlərində ixtisaslaşmış şəkildə tətbiqinə imkan verən metodlar arsenalına və təhsilin profilinə uyğun gəlməlidir. Ancaq bu, o demək deyil ki, tədqiqat prosesində mövzu əsas ixtisas fənninin sərhədindən kənara çıxa bilməz. Əksinə, magistrant mövzunun seçilməsi zamanı tədqiqatın aparılmasındakı sualları həmçinin qarışıq fənlərdən tərtib edə bilər. Seçilmiş mövzunun tədris olunan fənnə uyğun olması tələbi, tələbənin tədqiqat nəticəsində əldə etdiyi nəticələri kurs və buraxılış işlərində, hesabatlarda istifadə edə bilmə şərtindən irəli gəlir.