Tədqiqatın obyekti və predmetinin təyini elmi-tədqiqat işlərində əsas metodoloji mərhələ sayılır. Tədqiqat obyekti – ziddiyyətlərlə dolu olan proses kimi problemli situasiya yaradır. Tədqiqat predmeti – araşdırılan obyektin böyük praktiki və nəzəri əhəmiyyəti olan xassəsidir.
Tədqiqatın məqsədi – işin ümumi şəkildə gözlənilən nəticələrin əldə olunmasına tərəf yönəldilməsidir. Tədqiqatın obyekti və predmeti seçildikdən sonra onun məqsədi təyin edilir. Adətən məqsədlər qısa formada ifadə olunsa da, onun dəqiqliyi ümumi işin axınına önəmli dərəcədə təsir edir. Nəzəri olaraq iddia edilir ki, qoyulan məqsədə çatdıqdan sonra qoyulmuş problem tam həll edilmiş sayılır.
Tədqiqat məsələsi – araşdırma ərəfəsində həlli tələb olunan məsələlərdir.
Əsas anlayışların interpretasiyası – əsas anlayışların izah olunmasıdır. Nəzəri interpretasiya araşdırılan anlayışların xassələrinin və onların digərləri ilə əlaqələrinin məntiqi analizindən ibarətdir.
Elmi fəaliyyətin xüsusiyyətləri. Qoyulmuş elmi problemin həllinə çalışan tədqiqatçıların fəaliyyətinin dəyərləndirilməsində iki fəaliyyət növü fərqləndirilir: fərdi və kollektiv. Fərdi elmi fəaliyyətin aşağıdakı xüsusiyyətləri vardır:
Tədqiqatçı öz fəaliyyəti çərçivəsində işin məqsədini müəyyənləşdirməlidir. Bu planlaşdırılmış tədqiqatın məqsədyönlü aparılması və qoyulmuş vaxt çərçivəsində həll olunması üçün çox vacibdir. Tədqiqat prosesi zamanı qarşıya çıxan hər maraqlı faktı ətraflı araşdırmaq qoyulmuş məqsəddən yayınmaq deməkdir. Çünki, hər yeni hadisə yeni faktlarla əlaqəlidir, onları araşdırmaq zəncirvarı reaksiyaya səbəb olaraq tamam başqa istiqamətə yönələ bilər. Ona görə də, tədqiqatçı qarşıya qoyulmuş məqsəddən kənara çıxmamalıdır.
Elmi-tədqiqat işi digər insanlar tərəfindən artıq görülmüş işlərin bazasında aparılır. Ona görə də, işə başlamamışdan öncə mövcud mənbələr dəqiq öyrənilməlidir.
Tədqiqatçı elmi terminləri öyrənməli və iş prosesinin başa düşülən olması üçün anlayış aparatını qurmalıdır. Söhbət ondan getmir ki, məsələni qəliz dildə yazmaq lazımdır, əksinə ən qəliz məsələlər başa düşülən, sadə dildə yazılmalıdır. Digər tərəfdən, işçi adi dillə elmi dil arasında sərt xətt çəkməlidir, elmi dildə olan terminlərdən düzgün istifadə etməlidir.
Hər bir elmi işin nəticələri mütləq yazılı formada (hesabat, referat, məqalə, dissertasiya, kitab) tərtib olunmalıdır. Bu, onunla bağlıdır ki, tədqiqatçı öz ideyalarını yalnız yazılı şəkildə dəqiq və səlis ifadə edə bilər. Digər tərəfdən, alınmış nəticələri yalnız bu yolla başqaları üçün əlçatan etmək olar. Eyni zamanda tədqiqatçının elmi fəaliyyətinin dəyərləndirilməsi üçün imkan yaranır.
Elmdə kommunikasiya bir elmi cəmiyyət daxilində əldə edilən nəticələrin digərləri ilə müzakirə edilməsi sayəsində yanılma və xətaların vaxtında aşkar edilməsi və hətta korreksiya edilməsi baxımından vacibdir. Əsasən də elmə yeni qədəm qoymuş gənc tədqiqatçıların müəyyən təcrübəyə malik insanlarla əlaqəsi onların işinin effektiv təşkil edilməsində önəmli yer tutur. Şəxsi kontaktlardan əlavə, dövri təşkil olunan elmi konfranslar, simpoziumlar, seminarlar və ya xüsusi elmi mətbuatın köməyindən istifadə oluna bilər. Burada tədqiqatçı bir tərəfdən öz elmi nəticələrini çap etdirir və onları müzakirəyə çıxarır, digər tərəfdən başqalarının işləri ilə tanış olur.