Elmi problemin qoyulması tədqiqatın empirik və nəzəri mərhələləri arasında birləşdirici bənd rolunu oynayır.
Tədqiqatçılar iş prosesində hər şeydən öncə praktiki problemlərin həlli ilə məşğul olurlar və əldə olunan nəticələr sonralar nəzəriyyənin inkişafına yönəldilir. Elmi-tədqiqat işləri təkcə problemin qoyulması ilə bitmir, burada problem daimi diqqət mərkəzində olur. Elmi işin səviyyəsi qoyulan problemin aktuallığı ilə ölçülür və həm obyektiv, həm də subyektiv amillərdən asılıdır. Hər bir elmi problem adi sualdan onunla fərqlənir ki, burada cavab sadəcə məlum informasiyalar əsasında tapılmır.
Elmdə problem əsasən situasiyalarda mövcud nəzəriyyələrlə izah oluna bilməyən yeni faktların kəşfi ilə ortaya çıxır. Elmi problemi çox vaxt haqlı olaraq “bilməməzliyin fərqləndirilməsi” kimi xarakterizə edilir. Həqiqətən hər hansı bir hadisə haqqında biliklər məlum olmadıqda, biz heç bir problemin olmasını dərk etmirik. Problemlər, bizim biliklərimizdə yalnız elmin və texnikanın inkişafı sayəsində doldurula biləcək boşluğun olmasını anlamaqla birlikdə meydana çıxır.
Beləliklə, elmi problem – elmi-praktiki araşdırılması vacib olan elmi biliyin forması olub, tərkibində insanlara məlum olmayan faktlar daşıyır. Problemdə onun empirik və nəzəri tərəfləri birləşir. Problemin məlum faktlar əsasında düzgün qoyuluşu onun uğurlu həlli üçün ilkin şərtdir.
Problemin formulə edilməsi zamanı yalnız onun elmin inkişafındakı rolunun qiymətləndirilməsi kifayət deyil. Həmçinin, burada onun həlli üçün texniki vasitələrin olması zəruridir. Yəni, elm qarşısında istənilən problem qoyula bilməz, əks halda o həll olunmayan problemlərə aid edilir.
Problemin qoyulmasından öncə ilkin tədqiqatların aparılmasına ehtiyac vardır. İlkin araşdırmalar problemin konkretləşdirilməsində və onun həlli yollarının seçilməsində önəmli yer tutur. Elmi problemin belə işlənməsi bir neçə pillədə aparılır. İlkin olaraq alınmış yeni faktlar və hadisələr məlum nəzəriyyələr çərçivəsində izah edilir. Faktların çoxluğu yeni nəzəriyyələrin işlənməsinə tələbat yaradır. Növbəti addımda problemin həlli yolları və ideyaların ilkin analizi və qiymətləndirilməsi aparılır. Əslində burada problemin həlli üçün vacib olan hipotezin heç bir həll yolu göstərilmədən əsaslandırılması baş verir. Qoyulan problemin növü və həlli onun məqsədinin, həmçinin digər problemlərlə əlaqəsinin aşkarlanmasına yol açaraq konkret halda həll yolunu düzgün qiymətləndirməyə imkan yaradır. Mövcud nəzəriyyələr və empirik məlumatlar kifayət qədər olmadıqda problemin həllinə məhdudiyyətlər qoyulur. Qoyulmuş problemin ilkin təsvirinin dəqiqləşdirilməsi məlum nəzəriyyələrin, həll yollarının və məqsədlərin düzgün qiymətləndirilməsindən sonra mümkün olur.