Pedaqogika fənnindən imtahan suallarının cavabları. 1.Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri
Hər bir elm başqalarından öz predmetinin xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, Yer kürəsini və ya təbiəti öyrənən elmlər çoxdur. Lakin bu elmlərin hər biri həmin obyektləri müxtəlif aspektdən tədqiq edir.
Insanı da bir çox elm sahələri öyrənir. Məsələn, psixologiya insan psixikası ilə bağlı prosesləri, anatomiya insan orqanizminin quruluşunu, etika insanlar arasında qarşılıqlı əxlaqi münasibətlərin tənzim edilməsini, estetika insanın gözəlliyə münasibətini öyrənir.
Pedaqogika da insanı öyrənən elmlər sırasına daxildir. Lakin onun predmeti ilə bağlı fərqli yanaşmalar mövcuddur.
1
Ənənəvi olaraq, pedaqogika tərbiyə haqqında elm hesab olunmuşdur. Müasir dövrdə isə təhsil pedaqogikanın predmeti kimi qəbul edilir. Yəni pedaqoq-alimlərin fikrincə, təhsil həm öyrədici, həm tərbiyəedici, həm də inkişafetdirici xarakter kəsb etdiyindən məhz onun pedaqogikanın predmeti kimi qəbul edilməsi daha məqsədəuyğundur.
Lakin daha ümumi şəkildə ifadə etsək, pedaqogika müxtəlif yaş dövrlərində tərbiyə, təhsil və təlimin inkişaf qanunauyğunluqlarını öyrənir. Yəni pedaqogikanın obyekti insan, predmeti isə onun tərbiyəsi, təlimi və təhsilidir.
Təhsil-tərbiyə ictimai hadisələr olduğundan pedaqogika sosial elmlər sırasına daxildir.
Pedaqogikanın bir elm kimi formalaşması böyük çex pedaqoqu Yan Amos Komenskinin adı ilə bağlıdır. Hələ XVII əsrə qədər pedaqogika fəlsəfənin tərkib hissəsi olaraq qalmaqda idi. Yalnız XVII əsrdə Y.A.Komenski özünəqədərki pedaqoji nəzəriyyələri sistemləşdirərək pedaqogikanı müstəqil elm kimi formalaşdırmışdır.
Pedaqogika fənni müəllim hazırlığı sistemində xüsusi əhəmiyyət kəsb edir. Ali pedaqoji təhsilin bakalavriat səviyyəsində pedaqoji kadr hazırlığı ilə bağlı bu fənnin imkanları daha genişdir. Gələcək müəllimlər təlim-tərbiyə texnologiyalarına, şagird nailiyyətlərinin qiymətləndirilməsi və məktəbin idarə edilməsi üsullarına məhz pedaqogika fənninin tədrisi prosesində yiyələnirlər.
Pedaqogika fənninin məqsədi gələcək müəllimlərdə təhsil prosesinin ən zəruri anlayışları, yeni məzmunu, müasir təhsil konsepsiyaları, yeni təlim-tərbiyə texnologiyalarının səmərəli tətbiqi ilə bağlı ilkin bilik və bacarıqlar formalaşdırmaqdır.
Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının reallaşmasında başlıca ağırlıq qüvvəsi müəllimlərin üzərinə düşür.
Bu baxımdan pedaqoji kadr hazırlığında baza fənni kimi “Pedaqogika” fənni aşağıdakı vəzifələri yerinə yetirir:
müasir tələblərə cavab verən çevik təfəkkürlü, demokratik ünsiyyət
üslubuna malik, sağlam əqidəli, nəzəri və praktik cəhətdən hazırlıqlı, səriştəli pedaqoji kadrların hazırlanmasını təmin edir;
gələcək müəllimləri ölkənin təhsil siyasətinin əsas istiqamətləri , təhsil sisteminin quruluşu, təhsildə beynəlxalq əməkdaşlıq məsələləri ilə tanış edir;
gələcək müəllimləri təhsildə məzmun islahatları, yeni
qiymətləndirmə mexanizmi, müasir təlim texnologiyaları, yeni idarəetmə modelləri ilə bağlı biliklərlə silahlandırır;
ali pedaqoji təhsil müəssisələrinin məzunlarında ünsiyyət, əməkdaşlıq və dialoq mədəniyyəti formalaşdırır, onlarda didaktik, təşkilatçılıq, perseptiv, elmi-idraki və s. kompetensiyaların formalaşmasına zəmin yaradır.