1-3. Sağlam ruh və sağlam bədən
Bizə sağlam millət, sağlam xalq lazımdır,
idmana vəsait qoyulma millətin gələcəyinə
sərmayə qoyulması deməkdir.
İlham Əliyev
İnsanın özünü, öz maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağlamlıq lazımdır. Məşhur «sağlam ruh, sağlam bədəndə olar» kəlamı da təsadüfən yaranmamışdır. Doğrudur, bu fikir mütləqləşdirilə bilməz; belə ki, fiziki sağlamlıq mənəvi sağlamlıq üçün hələ kifayət deyil. Lakin bu şərt kafi olmasa da, zəruri şərtdir. Həm də təkcə idmançılar üçün yox, hamı üçün. Təsadüfi deyildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illiyi münasibəti ilə keçirilən təntənəli mərasimdə Heydər Əliyev beynəlxalq miqyasa çıxan böyük idmanla yanaşı kütləvi idmanın – bədən tərbiyəsinin əhəmiyyətini xüsusi qeyd etmişdir: «Bəli, sağlam ruhun olması üçün, insanların daim sağlam olması üçün, millətimizin həyatın bütün sahələrində sağlam olması üçün və bizim ordumuzda sağlam gənclərin olması üçün mən idmanı, bədən tərbiyəsini böyük vasitə hesab edirəm».
Hər bir adam müəyyən mənəvi zənginlik əldə etmək, əxlaqi cəhətdən saf olmaq, yüksək estetik zövqə malik olmaq üçün ilk növbədə fiziki cəhətdən mövcud olmalıdır, həm də kifayət qədər sağlam şəkildə mövcud olmalıdır ki, həmin keyfiyyətləri əldə etmək, yaşatmaq və təkmilləşdirmək üçün mübarizə edə bilsin.
Sağlam bədənin sağlam ruh üçün şərt olması haqqında çox deyilmişdir. Lakin nə üçünsə sağlam ruhun da öz növbəsində bədən sağlamlığı üçün şərt olduğu yaddan çıxarılır. Halbuki, bu tezis fəlsəfi fikir tarixində daha qədim köklərə malikdir. Təsadüfi deyildir ki, Şərq təbabəti ruhu bədən vasitəsilə deyil, bədəni ruh vasitəsilə müalicə etməyə çalışır. Bədənin fiziki enerji ehtiyatları məhdud olduğu halda, mənəvi enerji potensialı çox böyükdür. İnsan təbiətlə ahəngdar əlaqəyə girə bilsə, mənəvi enerjini idarə etmək və istədiyi istiqamətdə yönəltmək sayəsində qeyri-adi güc əldə edə bilər. Lao Tszı təlimində deyilir ki, mənəvi kamillik, dao səviyyəsi əldə edildikdə, «zəif və yumşaq olan, güclü və möhkəm olana qalib gələ bilər».1 Daosizm kimi Yoqa təlimi və digər ənənəvi Şərq təlimləri də ruh və bədənin ahəngdarlığı, vəhdəti prinsipinə əsaslanır.2
Platon deyirdi: «Mən belə hesab etmirəm ki, insanın bədəni qaydasında olduqda o öz-özünə könül xoşluğu yaradır; məncə əksinə, könül xoşluğu bədənin daha yaxşı vəziyyəti üçün şərtdir».3 Ən müasir texnoloji-eksperimental fazaya əsaslanan psixologiyanın və psixoterapiyanın daosizmə, dzen-buddizmə müraciət etməsi də əsla təsadüfi deyil. İnsan ruhunun kosmik enerji ilə əlaqəyə girməsi bədəndə rüşeym halında kodlaşdırılmış strukturun realizasiyası üçün əlavə imkanlar açır. Əksinə, mənəvi səbatsızlıq, ruhun heyvani nəfs səviyyəsinə enməsi, mənfi emosiyalar bədəni gücsüzləşdirir, onu kosmik ahəngdən ayırır, özünüqoruma instinktini və immuniteti, kənar təsirlərə müqavimət qüvvəsini aşağı salır.
Yaradıcılıq planlarını həyata keçirmək üçün insanlar həm mənəvi, həm də fiziki imkanlarını səfərbər etməlidirlər. Lakin fiziki kamilliyə nail olmaq heç də yalnız bundan əməli fəaliyyətdə istifadə etmək üçün deyil. Şəxsiyyətin özünü xoşbəxt hiss edə bilməsi üçün, əldə olunmuş nailiyyətlərdən yüksək dərəcədə faydalana bilməsi, gözəlliyə, ümumi ahəngə qovuşa bilməsi, dünyaya estetik münasibət bəsləyə bilməsi üçün də fiziki sağlamlıq, yüksək fiziki inkişaf səviyyəsi lazımdır.
Fiziki kamilliyə nail olmaq heç də asan məsələ deyil; onun əldə olunması bir sıra ciddi şərtlərin ödənilməsini tələb edir. Böyük Sovet Ensiklopediyasında bu şərtlər belə səciyyələndirilir: «İnsanın fiziki inkişafı, bioloji (varislik, funksional və struktur əqaləri, bədəndə kəmiyyət və keyfiyyət dəyişmələrinin ardıcıllığı və s.) və sosial (həyatın maddi və mədəni səviyyələri, maddi və mənəvi sərvətlərin bölgüsü və istifadəsi, tərbiyə, əmək fəaliyyəti məişət və s.) amillərlə şərtlənir. Fiziki inkişaf səviyyəsi əhalinin sosial sağlamlığının əsas göstəricilərindən biridir».1
İnsanın fiziki aspektdə inkişafını öyrənərkən belə bir cəhətə xüsusi fikir vermək lazımdır ki, fiziki kamillik yalnız dar mənada fiziki tərbiyə vasitəsi ilə əldə edilə bilməz. Fiziki tərbiyə bilavasitə bu məqsədə xidmət edən, istiqamətlənmiş, məqsədyönlü fəaliyyətdir və müəyyən fiziki hərəkətlərin icra olunmasını, gimnastika, idman oyunları və s.-i əhatə edir.
Fiziki tərbiyə, şübhəsiz ki, ümumi fiziki inkişafın təmin olunmasında, fiziki kamilliyin əldə edilməsi prosesində mühüm rol oynayır. Lakin fiziki inkişafa bundan başqa və ilk növbədə fiziki sağlamlığın təmin olunmasında mühüm yer tutan gigiyena, müxtəlif profilaktik tədbirlər, iş və məişət şəraitinin sağlamlıq üçün təhlükəli ola biləcək cəhətləri və s. bu kimi sosial hadisələr daxildir.
Bəzən fiziki inkişaf anlayışı altında bir sıra zahiri əlamətlərin, göstəricilərin kəmiyyətcə artımı nəzərdə tutulur ki, bu da həmin anlayışın əsl mahiyyətini kölgədə qoyur.
Fiziki sağlamlığın adamın özü ilə, mövcud ictimai-iqtisadi şəraitlə bağlı olan cəhətlərindən başqa, elə qlobal aspektləri də vardır ki, bunlar yalnız ümumbəşəri tərəqqi, cəmiyyət-təbiət münasibətləri miqyasında həll oluna bilər. Bu miqyasda elmi-texniki tərəqqinin də bir qlobal hadisə kimi təsir dairəsi genişdir və ona görə də, bu problem üzərində ətraflı dayanmağa ehtiyac vardır.
İnsanın hərtərəfli inkişafı prosesində fiziki tərbiyə istiqaməti ilə əlaqədar olan mühüm məsələlərdən birincisi müasir texnikanın və sənayenin təsirilə ətraf mühitin, insanla həmahəng olan təbiətin dəyişdirilməsi və bunun nəticəsində insan sağlamlığına dəyən zərərdir.
Elm və texnikanın inkişafı, bir tərəfdən, fiziki sağlamlığın qorunması və bərpası üçün geniş imkanlar açırsa, təbabətin və əczaçılığın sürətli inkişafına səbəb olursa, digər tərəfdən də, əgər xüsusi profilaktik tədbirlər görülməzsə, bir sıra istiqamətlərdə sağlamlıq üçün təhlükələr törədir. Bu problem ilk növbədə ekoloji aspektdə təzahür edir. Belə ki, elmi-texniki nailiyyətlər əvvəllər təbiətdə olmayan (həmin şəkildə olmayan) elə hadisələr yaranmasına gətirir ki, bunlar daha insan ilə təbiət arasında əsrlər boyu formalaşmış ümumi ahəngə uyğun gəlmir və yeni şəraitin insan sağlımlığı üçün nə dərəcədə əlverişli olması şübhə altına alınır. Lakin ətraf mühitin insan sağlamlığı üçün təhlükəli istiqamətdə dəyişilməsi elmi-texniki tərəqqinin labüd nəticəsi sayıla bilməz. Hər şey mümkün ekoloji böhranın irəlicədən nəzərə alınıb-alınmamasından, dəyişdiricilik fəaliyyətinə hansı mövqedən yanaşmaqdan asılıdır. Müasir dövrdə təbiətə təsir edə biləcək istənilən iri miqyaslı quruculuq fəaliyyəti əvvəlcə ekoloji ekspertizadan keçməli, mühiti korlaya bilən, insan sağlamlığına ziyan verə bilən amillər layihədən çıxarılmalı və ya konpensasiya edilməlidir. Lakin əgər sifarişçi, sahibkar ekoloji amili nəzərə almırsa, bunun ziyanı ətrafda yaşayan əhaliyə dəydiyindən insanların öz hüquqlarını müdafiə etmək üçün heç olmazsa elementar ekoloji bilikləri mənimsəmələri lazımdır. Ancaq ekoloji maarifləndirmə işi sayəsində əhali ətraf mühitin qorunmasının əsas təminatçısına çevrilə bilər.
İkincisi, bu təhlükə istehsalatın yüksək səviyyədə mexanikləşdirilməsi, avtomatlaşdırılması və texniki inteqrasiya sayəsində dar ixtisaslaşmanın sürətlənməsi ilə əlaqədar olaraq psixoloji-emosional səpgidə təzahür edir. Q.İ.Sareqorodsevin yazdığı kimi, həddindən artıq ixtisaslaşmış əmək bədənin müəyyən orqanlarının və müəyyən əzələlərin ifrat yüklənməsinə, digər hissələrin isə fəaliyyətsiz qalmaına səbəb olur ki, bu da orqanizmin daxili orqanının nizamını pozur. «Eyni hərəkətlərin yeknəsəq təkrarı yorğunluq yaradır. Əzələlərin, əsəb hüceyrələrinin ancaq bir qismi fəaliyyətdə olur ki, belə vəziyyət son nəticədə əsəb gərginliyinə gətirir».1 Dar ixtisaslaşma və yeni texnikanın tətbiqi zamanı insanın fiziki inkişafı üçün zəruri olan şərtlərin nəzərdən qaçırılması nəticə etibarilə istehsalatın özünə də ziyan vurmuş olur, çünki insan nə qədər sağlam və gümrah olarsa, onun bir məhsuldar qüvvə kimi səmərəsi də o qədər yüksək olar. İş zamanı müəssisələrdə fəaliyyətin spesifikasına uyğun olaraq müəyyən fiziki hərəkətlərin icra edilməsi, gimnastika üçün fasilə verilməsi çox vacibdir. Bu həm yeknəsək fiziki işlə məşğul olan adamlara, həm də oturaq işlə məşğul olanlara aiddir. Bu baxımdan müəssisələrdə idman salonlarının və ya məşq avadanlıqlarının olması vacibdir.
Müasir texniki inkişaf şəraitində, vaxtında lazımi tədbirlər görülmədikdə, insanın fiziki inkişafı üçün mənfi nəticələr verə biləcək hadisələrdən biri də zehni əməyin nisbi payının getdikcə daha çox dərəcədə artmasıdır. Zehni və fiziki əmək arasındakı ziddiyyətin həll edilməsi, məlum olduğu kimi, ağır fiziki əməyin aradan götürülməsi və fəhlələrin kor-təbii mexaniki hərəkətlərinin düşünülmüş, dərk olunmuş hərəkətlərlə əvəz olunmasını nəzərdə tutur. Lakin müasir texnikanın tətbiqi – avtomatlaşma sayəsində ağır fiziki əməyin azaldılması üçün mürəkkəb texniki qurğuları idarə etmək vərdişləri qazanılmalıdır ki, bu da yalnız müvafiq aspektdə zehni fəaliyyətin artırılması sayəsində mümkündür. Digər tərəfdən də, mürəkkəb qurğulardan istifadə olunması diqqət və məsuliyyətin artırılmasına, əsəblərin gərginlik altında olmasına səbəb olur.
Fiziki əməyin zehni əmək tərəfindən sıxışdırılması ağır fiziki əməyi aradan qaldırmaqla zəhmətkeşlərin fiziki inkişafı üçün əsasən müsbət amil kimi çıxış edir. Həm də bununla yanaşı, optimal nisbət gözlənilmədikdə bu hadisə fiziki inkişaf üçün zərərli də ola bilər. Psixoloji-emosional gərginliyin artması ilə əlaqədar olaraq əsəb xəstəliklərinin yaranması üçün şərait yaranır. Bununla yanaşı, oturaq əmək tərzinin üstünlük təşkil etməsi də, sağlamlığa mənfi təsir göstərir.
Elmi-texniki nailiyyətlərdən düzgün istifadə etmək və insanın fiziki inkişafı üçün təhlükəli ola biləcək nəticələri istisna edə bilmək üçün yeni texnikanın tətbiqi zamanı təkcə iqtisadi səmərəni deyil, həm də insanın sağlamlığını şərtləndirən amilləri nəzərə almaq lazımdır. Bu baxımdan, hər bir yeni texniki qurğunu, yeni istehsal şəraitini sınaqdan keçirərkən təkcə texnik, mühəndis və iqtisadçıların deyil, həm də həkimlərin, sosial gigiyena üzrə mütəxəssislərin mülahizələrinin nəzərə alınması haqqında təklif, bizcə, tamamilə haqlı təklifdir. Digər tərəfdən, dar ixtisaslaşma, əqli əməyin nisbi payının artması, oturaq əmək tərzinə keçid, məsuliyyət hissinin, diqqətin, psixoloji-emossional gərginliyin artması, əmək prosesindəki monotonluq və s.-in təsirini kompensə etmək üçün fiziki tərbiyənin imkanlarından geniş istifadə edilir.
İnsanın fiziki aspektdə inkişafına həsr olunmuş əsərlərin çoxunda məhz fiziki tərbiyənin rolundan, idmanın kütləviləşdirilməsi və s.- dən bəhs edilir. Ona görə də, biz bu məsələ üzərində ətraflı dayanmayıb, yalnız ədəbiyyatda az diqqət verilən bir cəhəti qeyd etməklə kifayətlənəcəyik. Bu cəhət ixtisas və əmək şəraitindən asılı olmayaraq, hamı üçün ümumi olan fiziki tərbiyə üsulları ilə yanaşı, haradasa əmək fəaliyyətini tamamlayan, əməyin spesifik xüsusiyyətlərini nəzərə alan ixtisaslaşmış fiziki tərbiyə üsullarından işlənib hazırlanması və həyata keçirilməsindən ibarətdir. İlk növbədə nəzərə alınmalıdır ki, müasir elmi-texniki inqilab şəraitində elmi işçilərin, ancaq zehni əməklə məşğul olan adamların sayı getdikdcə artır. Belə adamların fiziki inkişafının normal gedişi üçün fiziki tərbiyə üsulları kompleks şəkildə tətbiq olunmalı, ən müxtəlif idman növlərindən istifadə edilməlidir. Peşə fəaliyyətində fiziki komponent sıfıra yaxın olduqda bu sahədə bütün boşluq fiziki tərbiyə (və qismən məişət fəaliyyəti) hesabına doldurulur. İstehsalatda, xüsusən kənd təsərrüfatında çalışan zəhmətkeşlərin peşə fəaliyyətində fiziiki komponent üstünlük təşkil etdiyindən onların ahəngdar surətdə inkişaf etməsi üçün istər asudə vaxtda, istərsə də iş vaxtında zehni-mənəvi komponentin payını artırmaq üçün xüsusi tədbirlər görülür. Bununla yanaşı həmin adamların iş zamanı etdikləri fiziki hərəkətlər bircəhətlidir və bütün bədən əzələlərinin, orqanlarının intensiv fəaliyyəti mümkün deyil. Əksinə, bəzi üzvlərə gərginlik düşdüyü halda, başqaları fəaliyyətsiz qalır. Fiziki inkişafın ahəngdarlığını təmin etmək üçün peşə fəaliyyətinin ixtisaslaşmış fiziki tərbiyə ilə birləşdirilməsi mühüm tələb kimi qarşıya qoyulur.
Peşə fəaliyyətinin spesifikasından asılı olaraq asudə vaxtda fiziki tərbiyənin yerini və formasını da elmi təhlil əsasında müəyyənləşdirməyə ehtiyac vardır. Bu işdə sosioloji və tibbi-gigiyenik tədqiqatların xüsusi əhəmiyyəti vardır.
Fiziki kamillik dərəcəsi hansı meyarla ölçülür? İnsanın hansı fiziki halının yaxşı, hansının pis olmasını müəyyənləşdirmək üçün elə bir xüsusi etalon – ideal model yoxdur. Antik dövrdə və intibah mərhələsində qismən hələ bu günə qədər rəssamlar və heykəltəraşlar nümunəvi insan bədəninin obrazını yaratmağa çalışıblar. Lakin bu əsərlərdən hər hansı birini ideal nümunə kimi götürmək mümkün deyil. Qədim Spartalılar fiziki cəhətdən möhkəm, dözümlü, güclü adamlar yetişdirmək üçün ən müxtəlif fiziki tərbiyə vasitələrindən istifadə edirdilər. Lakin Afinalılarla görüşdə bu üstünlük özünü real şəkildə göstərə bilmədi. Çünki onlar da başqa üstünlüyə – hərtərəfli inkişafa, ahəngdarlığa malik idilər.
İnsanın istər xarici, istərsə də daxili fiziki göstəriciləri üçün əsas meyar onun fəaliyyəti, ictimai funksiyasıdır. Elə fiziki vəziyyət üstün sayıla bilər ki, o, insanın öz ictimai funksiyasını icra etməyə daha çox imkan vermiş olsun. Başqa sözlə, fiziki inkişafın dəyəri onun əməli fəaliyyətində bir vasitə kimi təzahüründə aşkara çıxır. Fiziki inkişaf o zaman insanın əməli fəaliyyətində mühüm rol oynaya bilir ki, o, digər aspektlərdəki inkişafla paralel, həmahəng şəkildə həyata keçsin. Sağlam həyat tərzi, bədənin fiziki inkişafı sağlam emosional psixoloji durumla tamamlanmış olsun.
Müasir şəraitdə insanların fiziki sağlamlığı üçün ən böyük təhlükə əsəb gərginliyi, streslərdir. Bütün başqa xəstəliklər də çox vaxt mənfi emosiyaların təsiri ilə yaranır. Son dövrlərdə Qərb alimləri bu vəziyyətdən çıxış yolu axtararkən belə qənaətə gəliblər ki, sağlamlığın bərpa olunması üçün insan öz mənəvi enerji ehtiyatlarından istifadə etməyi öyrənməlidir. Bütün dərdlərin əlacı insanın özündədir. Biz çox vaxt kənardakı hadisələri öyrənir və hətta onları idarə edirik. Bədəndə gedən poseslər isə kortəbii cərəyan edir. Halbuki, bədənin əsas tənzimləyicisi nəfsdir. Bu qənaət əslində Şərqdə min illər bundan əvvəl intişar tapmış tərbiyə sisteminin necə də səmərəli olduğunu göstərir. İndi məlum olur ki, daosizmin və buddizmin bazasında yaranmış müxtəlif fiziki-mənəvi təlimlər məhz insanın öz ruhuna sahib olması və onun köməyi ilə öz bədənini idarə etməsinə əsaslanmışdır. Bu baxımdan, indi Qərbdə yoqa təliminin geniş yayılması heç də təsadüfi deyildir.
Bizcə, müasir dövrdə fiziki tərbiyədən daha çox sağlamlığın qorunmasından söhbət getməlidir. Yəni bədən özü genetik olaraq sağlam inkişaf proqramına malikdir. Bizim məqsədimiz bu sağlamlığı pozan amilləri aşkar etmək və aradan qaldırmaqdan ibarətdir. Bədənin mühitlə optimal qarşılıqlı əlaqə normalarının müəyyənləşdirilməsi, onun əlavə yüklənmədən qorunması üçün şərtdir. İnsanın nə ilə nəfəs alması, nə ilə qidalanması və hansı lokal iqlim şəraitində olması, habelə orqanizmin müxtəlif hissələrinin hərəkət dinamikasının hüdudları da genetik səviyyədə kodlaşdırılmışdır. Necə ki, biliklərin öyrədilməsi insanın genetik əqli potensialına uyğun surətdə həyata keçirilməlidir, eləcə də fiziki tərbiyə hər bir konkret orqanizmin xüsusiyyətlərinə və potensialına uyğun aparılmalıdır. Bir sözlə fiziki tərbiyə əslində cismani potensialın realizasiyasından ibarət olmalıdır. Bu problemi optimal surətdə həll etmək üçün isə sağlam həyat tərzinin əsasları öyrənilməlidir. Valeologiya elmi məhz bu ehtiyacdan yaranmışdır. Valeologiyanın mərkəzi problemi şəxsin fərdi inkişafı prosesində sağlamlıq mədəniyyətinin təlqini, tərbiyəsidir. Burada məqsəd insanın sağlamlıq ehtiyatlarının inkişaf etdirilməsi və bunun üçün sağlam həyat tərzinin hüdudlarının müəyyənləşdirilməsindən ibarətdir. Sağlamlıq ehtiyatı müxtəlif adamlarda müxtəlif olur. Bədənin müxtəlif orqanlarının və əzələlərinin yüklənmə imkanları da müxtəlifdir. Ona görə, müəyyən bir idman növü ilə məşğul olarkən də əvvəlcə bədənin genetik potensialı üzə çıxarılmalı və həkətlər bu potensiala uyğun olaraq hüdudlanmalıdır. Artıq ət dərd gətirdiyi kimi, artıq hərəkət də dərd gətirər. Burada böyük Nizaminin
Dostları ilə paylaş: |