Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) üzrə oxu təliminin məzmunu



Yüklə 453,07 Kb.
səhifə4/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) üzrə oxu təliminin məzmunu

Qədim tarixə, zəngin mədəniyyətə, köklü mənəvi dəyərlərə malik xalqımız bəşəriyyətin təşəkkül dövründən bu günədək maddi-mədəniyyət nümunələri ilə bərabər, mənəvi tərəqqisi ilə də dünya xalqları arasında özünəməxsus yer tutur. Tarixi, maddi-mənəvi irsimizin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində isə kitab oxumağın çox böyük rolu vardır. İnsanlar həyatı həm yaşayaraq, həm də oxuyaraq öyrənirlər.


Oxu - hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya, əlaqə fəaliyyətidir. Bu kommunika­siyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. İbtidai siniflərdən başlayaraq şagirdlər oxu təlimi prosesində oxucular kimi yetişirlər.
Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütöv­lüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağı da mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır [46].
Mütaliə mədəniyyəti isə şəxsiyyətin informasiya mədəniyyətinin bir komponentidir. Mütaliə özündə “kitaba sevgi”, “oxuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” və “yaradıcı oxu” kimi anlayışları birləşdirir.
K.D.Uşinskinin ardıcıllarından biri olan V.A.Flerovanın fikrincə, oxu dərslərinin başlıca prinsipi uşaqlara oxuyub düşün­məyi, oxuyub hiss etməyi, oxuyub yaşamağı öyrətməkdir.
Birinci sinifdə hərflərdən hecalar, hecalardan sözlər düzəldərək ilk dəfə oxu texnikasına yiyələnməklə bağlı hər kəsin bir çox təsəvvür və xatirələri vardır. Oxu təlimi həm də anlayaraq, düzgün, sürətli və ifadəli oxu vərdişləri qazandırır, məzmunu nəql etmə, təhlil etmə, ona öz münasibətini bildirmə, mətndə verilənləri həyatla əlaqələndirmə və s. kimi bacarıqlar formalaşdırır. Oxu təlimi təhsilin əsas funksiyalarından biridir. Oxu şagirdlərin söz ehtiyatını zənginləşdirir, nitqini (şifahi və yazılı), özünüifadə bacarıqlarını inkişaf etdirir. Ən əsası Azərbaycan dilinə yüksək səviyyədə yiyələnmə baş verir.
Azərbaycan Respublikasının yeni Kostitusiya layihəsi müzakirə olunarkən Azərbaycan prezidenti Heydər Əliyev “Dövlət dili milli-mənəvi sərvətimizdir” adlı nitqində demişdir:
“... Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür”[5, s.2].
Yazıçı, müəllim, ictimai xadim Abdulla Şaiqin söylədiyi kimi: “Dilimiz olduqca gözəl, və məntiqə müvafiq dildir” [4, s.128].
O cümlədən “Dil mədəniyyətin açarıdır. Dil hər zaman xalqların ictimai, siyasi və mədəni həyatında böyük yer tutmuş və tutmaqdadır” [4, s.389].
Dövlət dilinin tədrisində yüksək nəticəyə nail olmaq bu sahədə işləri gücləndirmək ibtidai siniflərdən başlanır. Məhz bu dövrdən başlayaraq bütün səviyyələrdə Azərbaycan dilinin inkişafını, yad təsirlərdən qorunmasını diqqət mərkəzində saxlamaq lazımdır.
Azərbaycan dilinin bütün incəlikləri ilə tədrisi qayğısına qalmaq müəllimlərin şərəfli vəzifə borcudur. Bu işdə ibtidai sinif müəllimlərinin də böyük məsuliyyəti vardır.
İbtidai siniflərdə “Azərbaycan dili” dərsliyi özündə oxu, yazı və dil qaydalarını birləşdirir. Bu bölmələr tədris prosesində bir-biri ilə sıx şəkildə əlaqələndirilir. Çox da sadə olmayan bu məsələləri ibtidai sinif müəllimləri həyata keçirirlər. Onlar “Azərbaycan dili” fənnin daha yaxşı öyrənilməsinə xidmət göstərən oxu texnikasını, oxu mətnlərinin düzgün, rəvan, şüurlu, ifadəli oxusunu, yazı və dil qaydalarını şagirdlərə öyrədirlər. Həmçinin yalnız ana dili müəllimləri yox, digər fənn müəllimləri də öz fənləri üzrə şagirdlərə oxumağı, yazmağı öyrətməli, bunun vacib bir məsələ olduğunu qəbul etməlidirlər.
Azərbaycan dili fənni şagirdlərə sözlərin fonetik, orfoq­rafik, orfoepik, leksik normaları və qrammatik quruluşu haq­qında ilkin anlayışlar verir. Eyni zamanda şagirdlərin rabitəli nitq vərdişlərinə yiyələnmələrinə zəmin yaradır. Oxu təlimi ibtidai siniflərdə ədəbiyyat kursunu sadə şəkildə öyrədir, şagirdlərin oxu vərdişinə və nitq inkişafına zəmin yaradır. İbtidai siniflərdə oxu vərdişlərinin: düzgün, rəvan, şüurlu və ifadəli oxunun tələbləri əsas şərt olaraq qarşıya qoyulur. Bu oxu vərdişlərinin tələbi şagirdləri ucadan, rəvan, aydın, ahəngdar oxumağa hazırlayır, şifahi nitqin zənginləşməsinə şərait yaradır. Mövzunun ideya istiqamətini düzgün anlamağı öyrədir, söz ehtiyatını zənginləş­dirir və şagird təfəkkürünü inkişaf etdirmək məqsədini güdür. Əlavə olaraq mətni oxumaq, onun məzmunu üzrə müsa­hibə aparmaq, suallara cavab vermək, məzmuna aid illüstrativ şəkillər çəkmək, mətni nəql etmək və s. işlərlə yanaşı, sözlərin təhlilinə, obrazlı nitqə yiyələnmək kimi işlər nəzərdə tutulur.
İbtidai siniflərdə “Azərbaycan dili” fənni şagirdlərə bilik, bacarıq və vərdişlərin yollarını açır, onların bir şəxsiyyət kimi formalaşmasına, hərtərəfli inkişafına zəmin yaradır. Həmçinin burada tərbiyəedici və inkişafetdirici işlərin də aparılması nəzərdə tutulur.
Bu məsələlər baxımından Azərbaycan dili üzrə məzmun xətləri içərisində oxu ikinci yerdə durur:

  • Dinləyib-anlama və danışma

  • Oxu

  • Yazı

  • Dil qaydaları [2].

İbtidai siniflərdə Azərbaycan dilinin tədrisinin mühüm vəzif­ə­lərindən biri oxu təlimidir. Şagirdlərin kitab oxumaq marağının təmin olunması mühüm məsələdir. Onların oxuya olan maraq və məhəbbətinin yaradılması günün aktual problemlərindən biridir. Müşahidələr bunu deməyə əsas verir ki, şagirdlərin əksəriyyəti kitabı yalnız qiymət almaq xatirinə oxuyur, onlarda mütaliə etmək, daha çox oxumaq həvəsi demək olar ki, çox aşağı səviyyədədir.
Şagirdlərimizin oxu bacarıqlarını necə yüksəltmək olar? Məlumdur ki, buna nail olmağın yolu uşaqları ardıcıl şəkildə oxuya cəlb edib, digər fəaliyyətlərdən təcrid etmək deyil. Hər bir fənn müəllimi şagirdləri oxuya, daha doğrusu, strategiyalı oxuya yönləndirməli, oxunun, mütaliənin təkcə dərslərdə deyil, müstəqil həyatında da uğur qazanmalarında mühüm rol oynayacağını onlara inandırmalıdır.
Oxu şagirdlərin nitq bacarıqlarını inkişaf etdirir. Nitqi dinləmək, ayrı-ayrı nitq səslərini düzgün tələffüz etmək, oxu prosesində səs, heca və sözlərin deyilişində səhvə yol verməmək oxu texnikasının müvəf­fəqiyyətlə həyata keçməsini təmin edir. Hərflərdən hecalar, hecalardan sözlər tərtib edərək ilk oxunun təşkili, ilkin olaraq birhecalı, ikihecalı sözlərin oxunması şifahi və yazılı nitq bacarıqlarını artırır. Oxu prosesində şagirdin fikrini sadə şəkildə ifadə edə bilmək, oxunmuş materialın məzmununu nəql etmək, təhlil etmək, öz münasibətini bildir­mək, həyatla əlaqələndirmək və digər bacarıqları formalaşır.
Şagirdlər ilk oxu texnikasına savad təlimi dövründə yiyələnirlər. Bu zaman onlar səslərlə (hərflərlə) tanış olur, səs-heca tərkibi nisbətən asan sözlərin oxunması üzrə məşq edirlər. Savad təlimi dövründə asandan çətinə, sadədən mürəkkəbə prin­sipi gözlənilməklə oxu vərdişlərinin yaradılması istiqamətində ciddi iş aparılır. Səs təhlil-tərkib metodunun tətbiqi, sözlərdə səslərin ardıcıllığını izləmək, fonoloji təhlil, tələffüz normalarını gözləmək şagirdlərin məktəbə qədəm basdığı gündən düzgün oxu texnikasına yiyələnəməsi üçün zəruri şərait yaradır.
Metodist alim A.Abdullayev “İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası” adlı əsərində qiraətin (oxunun) əhəmiyyəti haqqında yazırdı: “... Qiraət savad uğrunda aparılan mübarizənin mühüm sahələrindən biridir. Qiraət insan şüurunun təşkilində mühüm rol oynayır. Düzgün qiraət işində sözləri düzgün oxumaq, heca buraxmamaq, sözlərin axırlarını aydın demək cəhətləri nəzərdə tutulur” [1, s. 46].
Savad təlimi dövründə fonematik eşitmə qavrayışının formalaşdırıl­ması çox mühüm əhəmiyyət kəsb edir. Fonematik eşitmə qav­rayışına yiyələnmiş şagird nitq səslərini düzgün eşidir və düz­gün tələffüz edir. Belə ki, düzgün tələffüz çatdırdığımız xəbərin dəyərini artırır. Bunun sayəsində dinləyicinin diqqəti tələffüzdəki səhvlərə yox, çatdırdığımız xəbərə yönəlir.
Sözlərdə səslərin birləşmə ardıcıllığını dərk edən şagird ayrı-ayrı səsləri hecada, hecaları sözlərdə birləşdirib oxumaqda çətinlik çəkmir. Belə demək olar ki, şagird sözü səslərə ayırmağı və səsləri sözlərdə birləşdirməyi öyrənən kimi xüsusi çətinlik çəkmədən oxumaq “incəsənətinə” yiyələnəcəkdir. Psixoloq D.B.Elkoninin təbirincə, fonematik eşitmə sözdə ayrı-ayrı səslərin eşidilməsi və daxili tələffüz prosesində sözlərin səs formasının təhlilinin aparılması bacarığıdır [50].
Səslərin hərflərlə işarə olunduğu andan görmə qavrayışının müstəsna rolu üzə çıxır. Səslərin eşitmə və hərflərin görmə qavrayışı arasında asso­sia­siya yaranır. Bu da sözlərin oxunmasında, dərk olunmasında, düzgün yazılmasında mühüm rol oynayır.
“Ana dili I sinif şagirdlərinin ilk qiraət (oxu) və dil kitabıdır. Əlifbadan yenicə ayrılmış, ilk qiraət vərdişləri qazanmış şagirdlər “Ana dili”nin köməyi ilə bir tərəfdən qiraət vərdişlərini inkişaf etdirərək, təbiət və cəmmiyyət haqqında müstəqil biliklər əldə etməyi öyrənəcək, yüksək insani hisslərə yiyələnəcək, digər tərəfdən, dilimizin qrammatik qanunları ilə tanış olacaq, düzgün danışmaq, savadlı yazmaq kimi mühüm vərdişlərə yiyələnəcəklər” [11, s.3].
Oxu vərdişlərinin psixologiyası məsələləri üzərində işləyən L.M.Şvarts yazırdı ki, sözləri hecalara ayırmağı bacarmayan adam heç vaxt düzgün oxuya bilməyəcəkdir, onun yazmağı bacarması haqqında isə danışmağa dəyməz.
Sözlərin hecalarla oxunması oxu texnikasını mənimsəmək­də mühüm rol oynayır. Sözərin hərf-hərf oxunması oxuya yiyələnməni ləngidir. Çünki hərflərlə oxu sözün səs tərkibinin “art­ma­sına” gətirib çıxarır. Məsələn, baba sözü hərflə oxun­duqda b-ı-a-b-ı-a kimi altı səslə oxunur, halbuki baba sözünü heca ilə ba-ba kmi oxunması həm asan, həm də elmidir.
Oxunun ən mühüm komponenti hecadır. Oxu təlimi səs-heca təhlil-tərkib metodu ilə aparılır. Yəni nitq vahidi olan sözün hecalara, hecaların səslərə ayrılması (təhlil), səslərin hecalarda, hecaların sözlərdə, sözlərin cümlələrdə birləşdirilməsi (tərkib) oxu texnikasına yiyələnməyin ən səmərəli yoludur. Oxu təliminin səs-heca təhlil-tərkib metodu ilə həyata keçirilməsi hecalarla oxu prinsipinin tələblərinə təmamilə uyğundur.
Meto­dist alim A.Abdullayev qeyd edir ki, sözün səs-heca quruluşu və nitqimizdə sözlərin birləşdirilməsi haqqında anlayış verməyin ən məhsuldar növlərindən biri sözlərin hecalara və səslərə ayrılması və ayrılmış səslərin hecada, hecaların isə sözlərdə birləşdiril­məsidir. Şagirdlər həmin yolun köməyi ilə oxu zamanı bütöv sözü, hecanı, yaxud onun hissəsi olan səsi “görməyi”, dərk etmə­yi öyrənirlər[1, s.27].
Onlar başa düşürlər ki, səslər sözün və hecanın elementləridir, lakin bir qayda olaraq ayrılıqda tələffüz edilmir.
“Deməli, oxu texnikasına hecalarla oxu ilə başlamaq lazımdır. Səslər sözdə əlaqəli surətdə tələffüz edildiyindən oxu təliminin ilk addımlarından sözlərin düzgün, hecalarla oxunmasına riayət olunmalıdır. Təhlil-tərkib proseslərinin qarşılıqlı əlaqəsi bunu təmin edən mühüm şərtlərdən biridir [23, s.103].
İbtidai siniflərdə oxu təlimi mühüm əhəmiyyət kəsb edir. Oxu təlimindən kənar hansı iş növü oxunu əvəz edə bilər, bunu təsəvvür etmək qeyri-mümkündür. Düzgün, sürətli, ifadəli və şüurlu oxumaq oxu qarşısında duran əsas tələblər olsa da, onların praktik olaraq tətbiqinə nail olmaqda şagirdlərin lazımi qədər dəstəyə ehtiyacı vardır. Oxu, oxunun tədrisindəki çətinliklərin dəf edilməsi, şagird fəaliyyətinin məhsuldarlığı oxu təliminin səmərəli təşkilindən çox asılıdır.
Odur ki, yeni oxu təlimi strategiyalarından, fəal təlim üsullarından istifadə etməklə, mətnin düzgün, rəvan, şüurlu, ifadəli oxusunun təşkilinə nail olmaq olar. Bu isə öz növbəsində oxu üzrə təlim nəticələrinin yüksəldilməsinə geniş imkanlar yaradır.
Savad təlimi dövründə oxu üzrə iş apararkən aşağıdakı cəhətlər nəzərə alınmalıdır:

  • oxu təlimi dilin səs sisteminə uyğunlaşdırılmalıdır;

  • səs və hərflər arasındakı münasibətlər nəzərə alınmalıdır;

  • oxu prosesində dilin ədəbi tələffüz qaydaları gözlə­nil­məlidir;

  • oxu təlimində düzgünlüyə, sürətə, ifadəliliyə və şüur­luluğa diqqət yetirilməlidir [30, s.6 ].

“Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramında (kurikulum) (I-IV siniflər)” Azərbaycan dili fənni üzrə ümumi təlim nəticələri və standartlar ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə aşağıdakı kimi verilmişdir:
Şagird:

  • mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur;

  • müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur;

  • oxuduğu mətnlərin məzmununa münasibət bildirir;

  • mətnin hissələri arasında məna əlaqələrini müəyyən­ləşdirir;

  • bədii və elmi–kütləvi mətnləri fərqləndirir.


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin