Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə71/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   67   68   69   70   71   72   73   74   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Motivasiya, problemin qoyuluşu. Elektron lövhədə “Ögey ana” filmindən fraqmentlər göstərilir. Balaca İsmayılın böyük məhəbbətlə oxuduğu “Kəndimiz” mahnısı (musiqisi Tofiq Quliyevin, sözləri Zeynal Cabbarzadənindir) dinlənilir:
Yurdum, yuvam, ey əziz kəndimiz,
Azad, abad a gözəl kəndimiz.
Gözəl olur səndə yay, qış, bahar...
Bununla da mövzunun sorğusuna təbii zəmin yaranır. Qruplar təqdim olunur: beş nəfərdən ibarət “Yurd”, “Yuva”, “Məskən”, “Vətən” qrupları yaradılır. Hər qrup öz liderlərini müəyyənləşdirir. Hər bir qrupda yaxşı və zəif oxuyan şagirdlərin olmasına diqqət yetirilir. Qruplara iş vərəqləri paylanır.
“Yurd” qrupu

  1. Sözün leksik mənası nəyə deyilir?

  2. Yaxınmənalı sözlərə nə deyilir? (sinonimlər)

  3. Yaxınmənalı sözlərin çoxmənalı sözlərdən fərqi nədir?

  4. Üz, bel, göz, baş, dil, qol, ağız sözlərindən hansılar həm çoxmənalı, həm də omonim kimi işlənə bilir?

“Yuva” qrupu
1.Dilimizdəki bütün sözlərin leksik mənası varmı?
2. Çoxmənalı sözlər nəyə deyilir?
3. Ecazkar, bəşər, qartal sözlərinin leksik mənasını izah edin.
“Məskən” qrupu
1. Çoxmənalı sözlər (sinonimlər) hansı nitq hissələrinə aiddir?
2. Həqiqi və məcazi mənada işlənən sözlərə nümunələr yazın.
3. Buruq, ləpə, sol, inci, dolu sözlərini cümlələrdə işlədin.
“Vətən” qrupu
1. Təkmənalı və çoxmənalı sözlərin fərqi nədir?
2. Sözün leksik və qrammatik mənaları dedikdə nəyi başa düşürsünüz?
3. Dərin, dəmir, ağır, şirin, iti - sözlərini cümlədə məcazi mənalarda işlədin.
İş vərəqləri paylandıqdan sonra sinifdə işgüzar səs-küy yaranır. Bir neçə dəqiqədən sonra qrupların cavabları dinlənir. Bu zaman daha cəld cavab verən qruplara üstünlük verilir. Zəif şagirdlərin iştirakına şərait yaradılır. Bundan sonra qrupların cavabları qiymətləndirmə meyarları ilə qeyd edilir.
Beləliklə, dərsin I mərhələsi başa çatır. Sonra dərsin II mərhələsi başlanır. Bu zaman suallardan istifadə edilir. Elektron lövhədə aşağıdakı cümlələr görüntülənir:

  1. Qəşəng, gözəl bir qız mənə salam verdi.

  2. Mən cavan və gözəl qızı görən kimi tanıdım.

  3. Cümlələr müqayisə edilir, müzakirə aparılır:

Müəllim: Bu cümlələrdə hansı sözlər təkrar edilir?
Şagird: Bu cümlələrdə qəşəng, gözəl sözləri təkrar edilir.
Müəllim: Düzdür, bu sözlər necə sözlərdir?
Şagird: Bu sözlər mənaca bir-birinə yaxın olsalar da, formaları müxtəlifdir.
Müəllim: -Bu sözlər sinonim sözlər hesab edilir. Deyilənlərə əsasən, sinonimlərə necə tərif vermək olar?
Şagird: Yazılışı və deyilişi fərqli, mənası isə eyni və ya yaxın olan sözlərə sinonimlər deyilir.
Müəllim: Doğrudur. Sinonimlər eyni mənanı bildirsə də, onların işlənməsində incə fərqlər var. Məsələn: qat, lay, təbəqə
Diskussiya aparılır: -Sinonimlərin dildə rolu nədən ibarətdir?
Sinonimlər fikri daha dəqiq ifadə etməkdə böyük rol oynayır. Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur. Sinonimlik özünü daha çox isim və feillərdə göstərir.
Sonra şagirdlər sinonimləri lövhədə qeyd edirlər:
Yurdum, yuvam, məskənimsən.
Elim, günüm, obam sənsən. (S.Vurğun)
Sinonimlər lövhədə yazılır: göy - səma; təzə - yeni.
Göy və təzə sözlərinin yerinə onların sinonimlərini işlətməyin mümkün olub-olmadığına fikir verilir. Qruplar yəqin edirlər ki, göy sözünü səma sözü ilə əvəzləmək olar, lakin təzə sözünü yeni sözü ilə əvəz etmək mümkün deyil. Yəni göy və səma sözləri eyni mənalı, təzə və yeni sözləri isə yaxınmənalı sinonimlərdir.
Bundan sonra qruplara yeni iş vərəqləri paylanır və öyrəndikləri biliklər möhkəmləndirilir.
“Yurd” qrupu
Uyğun gələn sinonimləri yerinə yazın:

  1. Maşın saat doqquzda... (getdi - yola düşdü)

  2. Qarşımızda ... (gözəl - göyçək) mənzərə canlandı.

3. O, .... (təzə - yeni) kostyumunu geyinmişdi.
“Yuva” qrupu
Uyğun gələn sinonimləri yerinə yazın.

  1. ... (böyük - iri) qardaşım hərbi hissədə qulluq edir.

  2. Belə ... (hündür - yüksək) vəzifə hər adama nəsib olmur.

  3. Onlar ... (qabaq - əvvəl) cərgədə əyləşmişdilər.

“Məskən” qrupu
Uyğun gələn sinonimləri yerinə yazın.

  1. Ağacın başında bir quş ... (yuva - oba) salıb.

  2. ... (ürək - könül) yanmasa, gözdən yaş çıxmaz.

  3. ... (xoşbəxt-bəxtəvər) uşaqlar şən mahnılar oxuyurlar.

“Vətən” qrupu
Uyğun gələn sinonimləri yerinə yazın.

  1. ... (dəli - axmaq) könül, gəl əylənmə qürbətdə.

  2. Maşın yolda... (xeyli - çoxlu) dayandı.

  3. ... (yaş - sulu) dəsmalla üzünü sildi.

Cavablar dinlənilir və fikirlər ümumiləşdirilir.
Evə tapşırıq verilir.
Qiymətləndirmə meyarlarla cədvəldə yekunlaşdırılır.
Oxu dərslərində antonimlər üzərində iş aparmaq da çox faydalıdır. Şagirdlərin bir-birinə zidd olan sözləri tapmaları, məna ziddiyətini öyrənmələri, onların lüğət ehtiyatını zənginləşdirir. Məsələn, şagirdlərin diqqəti aşağıdakı mətnlərə cəlb olunur:
“- Kim yatmış, kim oyaq?
-Hamı yatmış, Cırtdan oyaq” [31, s.171].
Yaxud:
“-Çox çalışıb, görünür,
Məşq edib axşam-səhər.
Yoxsa, qaça bilərmi
Yorulmadan bu qədər?” [31, s.122].
Yaxud:
Mən anayam, bu səsimdə,
Yerin, göyün dərdi var.
Sülhə gəlin ey insanlar,
Yoxsa, dünya məhv olar!
Bu parçalarda yatmış-oyaq, axşam-səhər, yer-göy və s. əks mənalı sözlər-antonimlərdir. Müəllim antonimlərdən məlumat verməklə bərabər, onların bədii əhəmiyyətini də şagirdlərə başa salmalıdır.


Oxu dərslərinsdə nitqin obrazlılığı lüğət üzrə işin mühüm sahəsi kimi


Oxu dərslərində lüğət üzrə işin mühüm sahələrindən biri nitqin obrazlılığı üzərində işdir. Oxu prosesində çətin söz və ifadələr izah edildikdən sonra mətn hissə-hissə oxunarkən şagirdlərin diqqəti mətndə olan obrazlı ifadələrə cəlb edilir. Bu zaman şagirdlər müəyyən bir bədii lövhənin şair və yazıçı tərəfindən hansı obrazlı ifadələrin köməyi ilə yaradıldığının şahidi olurlar.
Məsələn, şagirdlərin diqqəti Abdulla Şaiqin “Zəhmət və Zinət” şeirindəki obrazlı ifadələrə cəlb edilir (obrazlı ifadələrin altından xətt çəkilmişdir).
Ulduzlarla əylənərək
Ay göz qırpır, Zəhmət və Zinət
Tayalara söykənərək,
Şirin-şirin edir söhbət.


Hər tərəfə Alış baxdı,
Qəlbi güldü al şəfəq tək.
Gözlərində şimşək çaxdı,
Kişi oldu lap sevincək.


Hələ Zəhməti və Zinəti
Görüncə bir yerdə çox şən,
Ürəyində məhəbbəti
Dəniz kimi coşdu birdən [20, s.196].
Obrazlı ifadələr üzrə iş apararkən çalışmaq lazımdır ki, şagirdlər bir tərəfdən obrazlı ifadələrin əsərin bədii qüvvəsini artıran vasitə olduğunu anlasınlar, digər tərəfdən də bu iş əsərin məzmununu, ideyasını dərindən, şüurlu dərk etmək vasitəsinə çevrilsin.
Bəzi hallarda müəllim obrazlı ifadələrin bədii əhəmiyyətini başa salmaq üçün verilən mətndən obrazlı ifadələri çıxarıb hər iki variantı müqayisə edə bilər.
Məsələn,: “Uca dağın güllü-çiçəkli sinəsindən axan ayna sulara göyün rəngi düşmüş, sanki dağın köksü qanamışdı”. Belə müqayisələrdə məzmunu saxlamaq çox vacibdir.
Oxu dərslərində leksik işin müxtəlif növlərindən istifadə etmək məsləhət görülür. Onlardan ən vaciblərinə diqqət yetirək:

  • sözlərin çoxmənalılığını izah etmək;

  • hər hansı fikri dəqiq ifadə etmək üçün bir sözü başqası ilə əvəz etmək;

  • mətndən sinonimləri və ya antonimləri seçmək, onlara öz bildiklərini əlavə etmək;

  • mətndə məcazın müxtəlif növlərini seçmək, onları uyğun məcazlarla əvəz etmək;

  • yeni sözlər üçün lüğət düzəltmək və yeri gəldikcə istifadə etmək;

  • eyni sözü (omonimləri) cümlələrdə müxtəlif mənalarda işlətmək;

  • çoxmənalı sözlərə sinonimlər tapmaq;

  • çoxmənalı sözlərə antonimlər tapmaq;

  • söz birləşməsini bir sözlə əvəz etmək;

  • verilmiş sözlərin əlamətlərinə görə çoxmənalı söz, sinonim, antonim olmasını müəyyənləşdirmək;

  • oxu mətnində iştirak edən müsbət və mənfi surətlərə aid sinonim və antonimləri seçmək;

Təcrübə göstərir ki, oxudan əvvəl, oxu zamanı, oxudan sonra aparılan lüğət üzrə işlər şagirdlərin nitq inkişafında böyük əhəmiyyət kəsb edir. Onların nitqi daha dolğun, dəqiq, məzmunlu, ifadəli və obrazlı olur. Qeyd etmək lazımdır ki, lüğət üzrə işləri təkcə oxu dərsləri ilə məhdudlaşdırmaq olmaz, bütün dərslərdə və dərsdənkənar məşğələlərdə də lüğət ehtiyatının zənginləşdirilməsi qayğısına qalınmalıdır.
Lüğət ehtiyatını zənginləşdirməyin texnologiyası.Ayrı-ayrı sözlər üzərində əməliyyat nitq bacarıqlarının inkişafının ilkin mərhələsi olmaqla çox incə leksik-üslubi bir məsələdir. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək dedikdə, onların bir çox hadisə, əhvalat, əşya haqqında daha geniş və ətraflı məlumat verməsi və sualları cavablandırması, ünsiyyətə girə bilməsi, oxu prosesində məzmunun dərk olunmasında çətinlik çəkməməsi və s. nəzərdə tutulur.
Şagirdlərin lüğət ehtiyatının qənaətbəxş olmaması üç cəhətlə bağlıdır:

  1. lüğət ehtiyatının kasıblığı ilə;

  2. qeyri-fəal lüğət ehtiyatında olan sözlərin mənasını başa düşməməklə;

  3. fəal lüğət ehtiyatında olan sözlərin hansının münasib olduğunu müəyyənləşdirməkdə qarşılaşdığı çətinliklə və s.

Lüğət üzrə iş apararkən üzərində əməliyyat aparılacaq sözləri seçib müəyyənləşdirmək ən zəruri problemlərdən biridir. Müşahidələr göstərir ki, çox vaxt bu və ya digər mətni oxuduqda orada çətin, mənası şagirdlərə məlum olmayan və ya az məlum olan sözlərə diqqət yetirilir. Mətnlərin sonunda bəzi çətin sözlərin izahı verilir. Belə sözlər, adətən, şagirdlərin diqqətini cəlb etmir. Şagird bu sözlərin mənasını öyrənməyə cəhd göstərmir, ona elə gəlir ki, bu sözlərin mənasını bilir. Müəllim isə şagirdin bu sözlərin mənasını bilib-bilmədiyini müəyyənləşdirə bilmir. Şagirdlər isə bu və ya digər sözün mənasının açıqlanmasına dair müəllimə sual vermirlər. Müəllim, əlbəttə, lüğət üzrə işi şagirdlərin öhdəsinə buraxmamalıdır. Əslində isə dərslikdəki və ya digər mövzu ilə əlaqədar sözlərdən hansılarının şagirdlər üçün tanış olmadığını, yaxud az tanış olduğunu ayırd etmək məqsədi ilə müəllim şagirdlərin lüğət ehtiyatını müəyyənləşdirməli və həmin mövzu ilə əlaqəli onların lüğətinə bilavasitə daxil edilməli olan yeni sözləri müəyyən etməlidir.
Müəllimin hansı sözləri izah etməli olduğu haqqında bəzi fikirlər də mövcudur. Məsələn:
-Bir çox psixoloq və metodistlər iddia edirlər ki, uşağa mənası izah edilməyən bir söz belə verilməməlidir.
- Bir qrup psixoloq və metodistlərin fikrincə isə, mətndə ancaq zəruri sözlərin, yəni mətnin məzmununu açan, onun dəqiq başa düşülməsinə kömək edən sözlərin mənası izah edilməlidir.
Birinci qrup psixoloq və metodistlərin tələbini yerinə yetirmək praktik cəhətdən çox çətindir və çox vaxt mümkün deyildir. Çünki müəllim həmin tələbə riayət edərsə, bəzən dərs bütünlüklə lüğət üzrə işə sərf olunar. Digər tərəfdən müəyyən mücərrəd mənalı elə sözlər vardır ki, onları ibtidai siniflərdə şagirdlərə başa salmaq mümkün olmur. Məsələn, həsrət, orman, zəfər, iftixar, qüdrət, hiss və s. sözlərin mənasını onlara çatdırmaq çətindir.
Böyük rus metodisti K.D.Uşinski yazırdı ki, “... balaca oxucuya hər şeyi izah etməyə çalışaraq, bəzən də boş bir hekayəyəolduqca müxtəlif izahat verən şəxs pedaqoji nöqteyi-nəzərdən düzgün hərəkət etmir [39, s. 205].
Professor Y.Ş.Kərimov isə qeyd edir ki, dərslikdəki mənası şagirdlərə məlum olmayan və ya az məlum olan bütün sözlərin hamısını ucdantutma izah etməyin mənası yoxdur. Ən zəruri, vacib, mətnin başa düşülməsi ilə bağlı olan sözlərin izahına fikir verilməlidir. Çünki oxunan mətndə mənası uşaqlara məlum olmayan və ya mövzu ilə sıx bağlı olan bir sözün izah edilməməsi, bütövlükdə mətnin məzmununun başa düşülməsinə mane olur[32, s.220].
Doğurdan da, əgər “Xaqani” mətnində “ xaqan”, “pişvazına çıxmaq”, “təzim etmək” sözlərinin mənası izah edilməsə, həmin mətnin məzmununu anlamaq çətindir [31, s. 134].
Yaxud, “Qaraca çoban” mətnində “oğuz”, “yağmalamaq”, “kafir” sözlərinin izahı mütləqdir, əks təqdirdə şagirdlər mətni başa düşməyəcəklər və ya çətin qavrayacaqlar[30, s.102].
Professor Y.Ş.Kərimov sözlərin seçilməsi prinsiplərini aşağıdakı kimi müəyyənləşdirməyi məsləhət bilir.

  • İzah edilmək üçün seçilən sözün öyrənilən materialın ideya məzmunu ilə nə dərəcədə əlaqədar olması nəzərə alınmalıdır.

  • Şagirdlərin nitq inkişafı səviyyəsi nəzərə alınmalıdır.

  • Sözün çoxmənalılığı, çalarlığı nəzərə alınmalıdır.

  • Sözün həqiqi və məcazi mənada işlədilməsi nəzərə alınmalıdır.

  • Sözün digər sözlərlə birlikdə işlənməsi nəzərə alınmalıdır.

  • Sözün morfoloji quruluşu nəzərə alınmalıdır.

  • Sözün izah edilmə imkanları nəzərə alınmalıdır.

  • Sözün morfoloji və etimoloji təhlil edilməsi nəzərə alınmalıdır.

  • Bir dərsdə çoxlu sözün izahına yol verilməməlidir və s. [37].

Buraya bəzi məqamları da əlavə etmək məqsədəuyğundur. Məsələn:

  • sözün kontekst daxilində izah edilməsi;

  • sözün çətinlik dərəcəsinin nəzərə alınması;

  • sözün nitqdə işlənmə səviyyəsinin nəzərə alnması;

  • sözün sözyaratma imkanlarının nəzərə alnması;

  • sözun uyğun sözlərlə müqayisə edilməsi;

  • cümlədə buraxılmış sözün müxtəlif variantlarından istifadə edilməsi və s.

Lüğət ehtiyatını zənginləşdirmək məqsədi ilə sözləri seçərkən sözə həssas münasibət bəsləməyi şagirdlərə aşılamaq ciddi əhəmiyyət daşıyır. Şagirdlərin çoxu oxu mətnindəki çətin sözləri müstəqil izah edə bilirlər. Çox vaxt müəllim sinfə müraciətlə deyir:
- Uşaqlar, bu mətndə sizə aydın olmayan söz varmı?
-Xeyr, müəllim, yoxdur.-deyə şagirdlər cavab verirlər.
Həmin cavab müəllimi arxayınlaşdırmamlıdır. Şagirdlər üçün asan görünən sözlərin izahı onlardan xəbər alındıqda, cavab qənaətbəxş olmur və ya heç cavab alınmır. Mətndəki sözlərin mənasını “bilən” şagirdlər də düzgün izah verə bilmirlər. Hətta, onlar mətndəki çətin sözləri müəyyənləşdirməkdə çətinlik çəkirlər. Odur ki, müəllim lüğət işini şagirdlərin üzərinə atmamalı, bu iş daim diqqət mərkəzində saxlanılmalıdır.
Oxu prosesində şagirdlərdə mətndəki çətin sözləri tapa bilmək vərdişi aşılamaq lazımdır. Çətin sözləri tapmaq üçün xüsusi dərs saatı ayırmaq lazım gəlmir. Müəllim birinci sinifdən etibarən bütün dərslərdə bu işə müəyyən qədər yer verməlidir. Azərbaycan dili üzrə bu və ya digər dil qaydası və ya həmin həmin qaydaya aid çalışmalar üzrə iş apararkən. Oxu dərslərində bu və ya digər mövzu öyrədilərkən, digər fənlərin tədrisində ayrı-ayrı mövzular keçilərkən çətin sözlərin seçilməsinə, tapılmasına və izahına xüsusi diqqət yetirməlidir. Sözə həssas münasibət belə yaradılmalıdır.
Müşahidələr göstərir ki, şagirdlərin mənası onlar üçün çətin olan sözləri ayırması keçici xarakter daşıyır. Bir qayda olaraq, şagirdlər mətnin əsas məzmununa daxil olmağa maneçilik törədən sözləri asanlıqla seçirlər, yəni o söz ki, mənasını dəqiq bilmədən mətnin məzmununu başa düşmək çətinləşir. Bunun əksinə olaraq, o sözlər ki, mətnin öyrənilməsinə maneçilik törətmir və ya şagirdlərin o sözlər barədə yarımçıq da olsa, məlumatları vardır və yaxud həmin sözlər kontekst daxilində təxminən hansı mənanı ifadə etdiyi şagirdlərə məlumdur. Buradan belə nəticə çıxır ki, müəllim çətin sözlər üzərində iş apararkən ilk növbədə mətnin məzmununu, ideyasını, bədii zənginliyini, hadisənin baş verdiyi şəraiti, əsas surətlərin hərəkətini düzgün başa düşməyə imkan verən, şagirdlərin təfəkkürünü inkişaf etdirən, praktikada işlənmə dairəsi geniş olan sözlər üzərində dayanmalıdır.
Sözlərin izahında aşağıdakı məsələlər nəzərə alınmalıdır.

  • İzah edilən sözün çətinlik dərəcəsi.

  • İzah edilən sözün şagirdlərə tanışlıqdərəcəsi.

  • Sözün işləndiyi kotekstdə rolu, yəni həmin sözün izahı kotekstin məzmununu açmaqda nə dərəcədə əhəmiyyətlidir.

  • Sözün izah edilməsi imkanı. Yəni sözü izah etmək olarmı? Olarsa, bu hansı yolla baş verir?

  • Sözün mənasının mücərrəd və konkretliyi.

  • Sözün niqdə işlənmə dairəsi.

  • Şagirdlərin ümumi inkişafı, həmin sözü qavramağa hazırlıq səviyyəsi, fərdi xüsusiyyətləri.

Qeyd olunanlar nəzərə alınmaqla oxu dərslərində mənası çətin anlaşılan sözlər üzərində iş aparılmalıdır.
Məlumdur ki, sözün mənasını izah edə bilməmək, aça bilməmək nitq inkişafı sahəsində ciddi nöqsandır, belə ki, sözün mənasını başa düşməyin mexanizmi mürəkkəbdir. İlk dəfə bu mexanizmi kəşf edən akademik İ.M.Seçenov göstərirdi ki, sözün mənasınının mənimsənilməsi sözlər və konkret qıcıqlandırıcılar arasında əlaqələrin yaranması yolu ilə baş verir. Onun fikrincə, sözün mənasınının başa düşülməsi həssaslıq duya bilmək, maddi varlığı bilavasitə qavramaq işində başlıca rol oynayır. Belə ki, hər cür dərketmə prosesi sözlə bağlıdır. Sözün mənasının başa düşülməsi təfəkkür prosesi olmaqla bu prosesdə varlıq öz əksini tapır, əşya və hadisələr haqqında şagirdlərin bilikləri dərinləşir və təkmilləşir. Anlama prosesi qavrayışın nitqlə, sözlə əyaniləşdirilməsi prosesi baş verir. Demək, şagird sözü anlamaqla onun mənasını başa düşməlidir. Sözü mənasını başa düşmək üçün isə şagirdin şüurunda həmin mənaya uyğun əşya və hadisələrin əksi (təsəvvür və anlayış) olmalıdır. Yəni söz varlığa uyğun gəlməlidir. Şagird sözün mənasını başa düşməklə onunla ifadə olunan əşya və hadisələr arasındakı əlaqələri də öyrənir.
Sözün mənasının açılması, dəqiqləşdirilmməsi yollarını müəyyənləşdirərkən üç cəhət nəzərə alınmalıdır:

  1. sözün başa düşülməməsi səbəbi;

  2. mətnin xarakterindən asılılığı;

  3. bu və ya digərəlamətə görə başqa sözlərlə əlaqəsi.

Mənası şagirdlərə aydın olmayan və ya az aydın olan sözlərin izahında aşağıdakı yollardan istifadə edilir:

  • Əyanilikdən istifadə etməklə sözlərin izahı.

Hər hansı sözlə ifadə edilən əşya şagirdlərə aydın olmadıqda, onların heç görmədikləri və ya başqası ilə qarışdırdıqrları əşyaları (çəltil, kətmən, tırtıl, pöhrə, saplaq, pulcuq, şanapipik və s.) izah etmək üçün onların özünü, şəklini, müqəvvasını, modelini şagirdlərə göstərmək olar.

  • Sinonim və antonimlərdən istifadə etməklə sözlərin izahı.

Bu piyomdan o vaxt istifadə etmək olar ki, tanış olmayan və ya az tanış olan sözü bir sözlə aydınlaşdırmaq mümkün olsun. Məsələn: cəsur-qoçaq, hündür-uca, cəsur-qorxaq, hündür-alçaq və s.

  • Tanış olmayan əşya və hadisə adının uşaqlara tanış olan əşya və hadisə adı ilə müqayisəli izahı. Məsələn: qrov-qar, mərmi-bomba, çala-çuxur və s.

  • Növün cinslə və ya əksinə cinsin ona daxil olan növlərlə izahı. Məsələn: həşərat-böcək, tərəvəz-kələm, mebel-stol, pomidor-tərəvəz və s.

  • Sözün tərkibinə görə izahı. Məsələn: çayxana-çay-içməli çay, xana-ev (çay evi), ləpədöyən-ləpə-kiçik dalğa, döyən- dalğanın çatdığı yer (kiçik dalğanın çatdığı yer) və s.

  • Sözün müəllim tərəfindən təsvir vasitəsi ilə izah ounması (məsələn, cığır-kiçik dağ yolu, sovqat-hədiyyə və s.).

  • Sözün başqa dildə şagirdlərə tanış olan qarşılığı ilə əvəz etməklə izahı. Məsələn: qayıq-lodka, mətbəx kuxna, siçan-mışka və s.

Bir çox hallarda sözün mənasını açarkən bu priyomlardan bir neşəsindən kompleks şəklində istifadə etmək yaxşı daha nəticə verir. Adətən, müəllimlər sözün ən sadə hamıya məlum olan mənasını izah edirlər.
Uşaqlar hələ məktəbə gələnədək hər bir sözü öyrənərkən onu dilimizdə möhkəmlənmiş mənada başa düşür və işlədirlər. Məsələn, çörək, su, ağac, kitab, ev və s. lakin uşağın inkişafı prosesində sözün ifadə etdiyi varlıq, əşya, hadisə, əlamət və əlaqələrin dərinliyi, tamlığı dəyişir və beləliklə, uşaqla sözlərin məna genişliyini mənimsəməyə başlayırlar. Məsələn, şagirdlər cərəyan sözünü tok mənasında başa düşürlər, sonralar isə elmi mənasını mənimsəyirlər.
Bir sıra təbiət hadisələri, ictimai hadisələri izah edərkən onların elmi mənasını da şagirdlərə çatdırmaq lazım gəlir. Məsələn, duman, şeh, şimşək, ildırım, quldar, mülkədar və s. sözləri elmi mənası müəyyən qədər izah olunmalıdır.
Təcrübə göstərir ki, sözün mənasının müqayisəli izahı böyük əhəmiyyət kəsb edir. Xüsusən, bənzər sözlərin müqayisəli təhlili təcrübədə özünü faydalı iş növü kimi göstərir. Professor B.Əhmədov bənzər sözlərin öyrədilməsində müqayisə priyomundan aşağıdakı hallarda istifadə etməyi məsləhət bilir:

  • mənaca yaxın olan sözlərin müqayisəli öyrədilməsi;

  • formaca oxşar (yaxın) olan sözlərin mənalarının müqayisəli öyrədilməsi;

  • həm məna, həm də formaca oxşar (yaxın) olan sözlərin mənalarının müqayisəli öyrədilməsi[21].

Müşahidələr göstərir ki, şagirdlər öz nitqlərində mənaca bu və ya digər şəkildə bir-birinə yaxın olan sözləri çox çətin fərqləndirirlər, belə sözlər praktik danışıqda düzgün, dəqiq, yerinə uyğun ifadə edə bilmirlər. Belə ki, hər bir söz xüsusi növ qıcıqlandırıcı olmaqla şagirdlərin şüurunda keçmiş təcrübə əsasında yaranan bu və ya digər assosiasiyaya səbəb olur.
Tələffüz və mənaya görə yaxınlıq əsasında yaranan assosiasiya çox vaxt sözün mənasının yanlış başa düşülməsinə səbəb olur.
Ona görə də belə sözlərin müqayisə edilməsi mənanın düzgün başa düşülməsinə imkan verir. K.D.Uşinski yazırdı ki, əgər xarici aləmin hər hansı əşyasının aydın başa düşülməsi istəyirsinizsə, onu ən çox bənzər hadisələrdən fərqləndirin və ona ən uzaq oxşarlığı tapın. Yalnız o zaman siz əşyanın bütün mühüm əlamətlərini aydınlaşdıra bilərsiniz. Bu əşyanı başa düşmək deməkdir.
Şagirdlərin rastlaşdığı məna və forma cəhətdən bənzər olan və müqayisə vasitəsi ilə öyrədilməsi məsləhət görülən sözlərə diqqət yetirilməlidir. Məsələn:

  • Mənaca bir-birinə yaxın sözlər: ceyran-cüyür, güldan-dibçək, səfər-səyahət, ev-mənzil, vağzal-stansiya, dərs-məşğələ və s.

  • Formaca bir-birinə yaxın sözlər: həyat həyət, surət-sürət, ədəbi-əbədi, həkim-hakim, şəriət-şərait, mübahisə-müsahibə və s.

  • Həm məna, həm də formaca yaxın olan sözlər: vərəq-vərəqə, hərəkət-hərakat və s.

Bütün bu sözlər yeri gəldikcə müqayisəli izah edilməlidir. Müəllim oxu mətni üzərində işləyərkən, belə sözləri əvvəlcədən seçməli və hansı mövzu ilə əlaqədar hansı sözlərin öyrədilməsini əvvəlcədən planlaşdırmalıdır.
Şagirdlərin lüğət ehtiyatını zənginləşdirməyə kömək edən, şagirdlərə tanış olmayan və ya az tanış olan sözlərin izahında faydalı sayılan çalışmalardan biri də lüğət məntiqi çalışmalardır.
Təcrübə göstərir ki, cins və növ anlayışları arasında münasibətlərin müəyyənləşdirilməsinə (qruplaşdırma və təsnifetmə) həsr olunmuş belə çalışmalar həm şagirdlərin mücərrəd təfəkkürünü inkişaf etdirir, həm də mücərrəd sözlərin izahında mühüm əhəmiyyət kəsb edir.
Məntiqi-lüğət çalışmalarında, əsasən, aşağıdakı əməliyyatlar yerinə yetirilir:

  • Bir və ya bir neçə növ anlayışının cins anlayışına daxil edilməsi.

  • Müxtəlif cins anlayışına daxil olan iki anlayışın tutuşdurulması.

  • Əşyaların müəyyən əlamətlərə görə qruplaşdırılması.

  • Əşyanın tərkib hissələrinə ayrılması.

  • İki-üç əşyanın bir neçə əlamətinə görə müqayisə edilməsi.

  • Əşyaların qruplara ayrılması.

  • Əşyaya yeni tərifin verilməsi və s.

Tanış olmayan və az tanış olan sözlərin mənasının aydınlaşdırılmasında ən mühüm məsələlərdən biri də sözün kontekst tərkibində izahıdır. Çünki söz həqiqi mənasını kontekstdə tapır. Bir çox hallarda müəllim sözü kontekst xaricindən ayrılıqda izah edir, söz isə kontekstdə başqa məna daşıyır. Nəticədə sözün mənası örtülü qalır və şagird sözün mənasını dəqiq anlaya bilmədiyi üçün kontekstin də mənasını düzgün başa düşə bilmir.


Oxu dərslərində şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək üzrə işlər


Oxu dərslərində müəllimin bütün fəaliyyəti ona yönəlməlidir ki, şagird oxunun onun həyatındakı əhəmiyyətini dərk etsin. Dərk etsin ki, oxunan səhifələr vasitəsilə bütün dünyanı qavramaq, gözəl söylənmiş bir hekayədən zövq almaqla bərabər, həm də uğur qapılarını öz həyatına açmaq olar.
Elə şagirdlər də var ki, oxu prosesində ciddi problemlərlə üzləşir. Həmin şagirdləri oxuya cəlb etmək və gələcəkdə “ömür boyunca öyrənənlər” olmasını təmin etmək üçün onlara maraqlı kitablar təqdim etmək lazım gəlir.
Şagirdlər sinifdən-sinfə keçdikcə onlara təqdim edilən mətnlər müəllim tərəfindən diqqətlə təhlil edilib, seçilməlidir. Oxu materialının məzmununun dərk edilmə səviyyəsi mətndə işlənən sözlərin anlaşılmasından çox asılıdır. Müəllimin oxu mətnində işlənən sözlərin izahı üzrə işi düzgün təşkil etməzsə, oxunun səmərəliliyindən danışmağa dəyməz. Lüğət işinin diqqət mərkəzində saxlanılması mətnin məzmunun dərk olunmasına imkan verir. Bu zaman müəlim sinifdəki şagirdlərin idrak səviyyəsini, əldə edilən nailiyyətəri və boşuqları nəzərə almalıdır. Əgər oxu üçün seçilən mətn çox asan olarsa, o strategiyalı oxuya heç bir ehtiyac yaratmaz. Oxu materialı çox mürəkkəb olarsa, şagirdi oxudan uzaqlaşdırar və oxuya olan marağını azaldar. Məzmunun səviyyəsi məsələsində elə seçim edilməlidir ki, şagird mətnin mənasını dərk etmək üçün ardıcıl və mütəşəkkil fəaliyyətdə olmaq ehtiyacı duysun. Sinifdə təhsil alan şagirdlərin idraki səviyyələri, oxu bacarıqlarının fərqli olduğu nəzərə alınaraq onlara təqdim olunan oxu materiallarının da bir neçə səviyyədə olmasını təmin etmək lazımdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da, semantik baxımdan əlaqəli olmalıdır ki, mövzular bir-birini tamamlasın, bir dərsdə müxtəlif problemlər ətrafında müzakirələr açılmasın. Oxu startegiyasının tətbiqinin ilkin mərhələsində müəllim kiçik mətnlər üzrə şagird fəalyyətini təşkil etməlidir. Qısa mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra, artıq geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar.
Şagird mövqeyindən problemə nəzər salaq. Ümumiyyətlə, oxuya belə bir münasibət formalaşıb. Əgər şagird sözləri ucadan və düzgün oxuyursa, deməli o oxuyur. Səlis və ifadəli oxuya bilməyən uşaqlar isə pis oxucular hesab ediliblər. Bu yanaşmada bir həqiqət olsa da, etiraf etmək lazımdır ki, biz çox hallarda ucadan və yaxşı oxuyan uşağın oxuduğunun mənasını dərk etmədiyinin şahidi oluruq. Eyni zamanda əksinə, mətni çətinliklə oxuyan şagirdlərin əsas fikri dərk etdiyini və təhlillər apardığını müşahidə edirik. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrını müəyyənləşdirir, simvollardan istifadə edir. Amma bu da yaxşı oxucu olmağın bütün şərtləri deyi. Bunun üçün əslində daha geniş aspektdə fəaliyyət göstərmək lazımdır. Oxudan əvvəl, oxu zamanı, oxudan sonra anlamanı idarə etmək, suallar vermək, nəticələr çıxarmaq, əlaqələndirmək, ümumiləşdirmək, inteqrasiya etmək və dərk etməklə fəal düşünənlərə çevrilirlər.
Охu dərsləri şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək baxımından çox mühüm və zəruri bir mənbədir. Охu dərslərində lüğət üzrə işi əsasən yeni sözlərin izahı, həmin sözlərin şagirdlərin fəal lüğət ehtiyatına daxil edilməsi, nitqin sinonimlər, omonimlər, çoxmənalı sözlər, antonimlər, obrazlı sözlər, obrazlı söz və ifadələr hesabına zənginləşdirilməsi şəklində aparılmalıdır.
Müşahidələr göstərir ki, bəzi müəllimlər oxu dərslərində lüğət üzrə işi bir neçə çətin sözün izahı kimi başa düşürlər. Yəni oxunan mətnin içərisindəki bir neçə çətin sözü izah etməklə lüğət üzrə işi bitmiş hesab edirlər. Bunun əksinə olaraq, bir sıra müəlimlər mətndəki bütün sözləri izah etməyə çalışırlar, mətni oxumağa, məzmun üzrə iş aparmağa vaxt qalmır. Müəllim oxu prosesində lüğət üzrə işi necə təşkil etməlidir? Tədqiqatlardan belə nəticəyə gəlinmişdir ki, müəllim oxu dərslərində lüğət üzrə iş apararkən aşağıdakı məsələləri nəzərə almalıdırlar:

    1. İzah ediləcək sözün mətnin ideya və məzmunu ilə bağlılıq dərəcəsi.

    2. İzah ediləcək sözün xarakteri.

    3. İzah ediləcək sözün izahı yolları.

    4. İzah ediləcək sözün şagirdin təfəkkürünün inkişafına təsiri.

    5. İzah ediləcək sözün qrammatika və orfoqrafiyanı mənimsəməyə kömək göstərmək dərəcəsi.

    6. İzah ediləcək sözün aktiv və ya passiv lüğətə daxil edilməsi məsələsi.



Oxu dərslərində sözlərin izahı texnologiyası


Oxu dərsinə qədər müəllim izah ediləcək sözləri müəy­yənləşdirməlidir. Sözün xarakterindən, mətndəki mövqeyindən və şagirdə tanış olub-olmadığından asılı olaraq giriş müsahibəsi zamanı, mətn oxunarkən və mətn oxunduqdan sonra edilə bilər. Biləvasitə mətnin məzmunu ilə sıx bağlı olan, onun anlaşılmasını çətinləşdirən sözlər giriş müsahibəsi zamanı, izahı kontekstlə bağlı olan sözlər oxu prosesində, mənası kontekstdən xaric, asanlıqla izah edilə bilən sözlər isə, adətən, ya qiraətə qədər, ya da qiraətdən sonra izah edilməlidir. Təcrübəli müəllimlər bəzən çətin sözlərin seçilməsini şagirdlərə həvalə edirlər. Bu bir tərəfdən faydalı deyildir, çünki şagird bəzən zəruri sözü seçə bilmir və dəqiq izah edə bilmir. Digər tərəfdən bu faydalıdır, çünki şagird səssiz oxu prosesində çətin sözləri və ifadələri seçib izah edərkən onlarda müşahidəçilik, sözə diqqətli münasibət tərbiyə olunur. Oxu dərslərində şagirdlərin lüğət ehtiyatını sinonimlər, antonimlır hesabına zənginləşdirməyə xüsusi diqqət yetirilməlidir. Çünki nitqin zənginliyi dəqiqliyi müxtəlif sinonimlərdən məqamında istifadə etməklə əlaqədardır.
Şagirdin söz ehtiyatında sinonimlər nə qədər çox olarsa, o, sözlərin məna çalarlıqlarını bir-birindən o qədər asan fərqləndirə bilər. Beləliklə də, o, fikirlərini, hisslərini dah dəqiq ifadə edə bilər. Məsələn, V.Əhmədin “Qələm” şeirində şagirdlərin diqqəti aşağıdakı parçaya cəlb edilir:
Yenə də “kotan” əkib,
O, dəftəri “dağladı”.
Yağlıca iki alıb
“Acığından” ağladı.
Bu şeirdəki “kotan”, “dağladı”, “acığından” sözlərinin mənasının izahı maraq doğurur.
T.Mütəllibovun “Dilarə” şeirindəki bir parçada verilir:
Biri dedi:-Nə gözəldir,
Nə qəşəngdir bu görkəmin,
Ağappaqsan, “Qar qız” olsun,
Qoy bu gündən adın sənin.
Bu şeirdəki gözəl, qəşəng sözləri sinonimdir. Şagirdlər bu sözlərdəki incə məna fərqlərinə də fikir verir və şairin yeknəsəqlikdən qaçmaq üçün sözdən necə istifadə etməsini görürlər. Şagirdlər sinonimlər sırasını seçmək və ondan müvafiq olanını ayırmaqla öyrənirlər ki, sinonimlərdən istifadə etmək, fikri daha aydın verməklə, qəhrəmanın xarakterini dəqiq təsvir etməkdə müəllifə böyük kömək göstərir. Bu isə əsərin ideyasını və məzmununu dərindən başa düşməyə kömək edir.
Oxu dərslərində antonimlərlə də iş aparmaq çox faydalıdır. Oxu dərslərində antonimlər üzərində iş aparmaq da çox faydalıdır. Şagirdlərin bir-birinə zidd olan sözləri tapmaları, onların məna ziddiyyətini öyrənmələri, onların lüğət ehtiyatını zənginləşdirir. Məsələn:
Az danış, çox iş gör.
Yüz ölç, bir biç.
Yaxud:
Yüz eşitməkdənsə, bir görmək yaxşıdır.
Az getdi, çox getdi, dərə, təpə, düz getdi.
Bu parçalarda az, çox, yüz, bir, dərə, təpə, düz sözləri antonimlərdir. Müəllim bu sözlərin antonim olmasını aydınlaşdırmaqla, onların bədii əhəmiyyətini də şagirdlərə izah etməlidir.
Bir dərs nümunəsinə nəzər yetirək:
Standart: 1.2.2; 2.1.3.
Mövzu: Əksmənalı sözlər (antonimlər)
Təlim nəticəsi:
İnteqrasiya: Azərbaycan dili və ədəbiyyat
İş forması: böyük və kiçik qruplarla iş
İş üsulu: beyin həmləsi, müzakirə, debat
Resurslar: şəkillər, iş vərəqləri, flamasterlər, rəngli karandaşlar, pozan, marker və s.
Dərsin gedişi
Motivasiya. Problemin qoyuluşu. Müəllim lövhədən şəkillər asır. Hündür və alçaq ağac şəkli. Baba və nəvə şəkli. Sonra suallarla şagirdlərə müraciət edir:
-Birinci şəkildə nə təsvir olunub? (ağaclar).
-Bunlar bir-birindən necə fərqlənir? (hündür və alçaq olduğuna görə).
-Bəs, ikinci şəkildə nə görürsünüz? (baba və nəvə).
-Onları necə fərqləndirə bilərsiniz? (qoca və cavan kimi).
- Fərqliliyi yaradan sözlərə necə ad verə bilərik? (əksmənalı sözlər).
-Belə sözlərə elmi dildə antonim sözlər deyilir.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin