3.Azərbaycanda siyasi partiyaların və ictimai hərəkatların yaranması
Nəticə
Ədəbiyyat siyahısı
Giriş Kapitalizmin bərqərar olması ilə cəmiyyətin ictimai-siyasi həyatında da köklü dəyişikliklər yarandı. Onun sosial-sinfi strukturunda, siyasi quruluşunda yeniliklər baş verdi. Cəmiyyətdə siyasiləşmə gücləndi. Siyasiləşməni ehtiva edən ideyalar, cərəyanlar, prinsip və konsepsiyalar, hərəkatlar, partiya və təşkilatlar formalaşmağa başladı. Böyük Fransa inqilabından sonra bu proses daha da gücləndi. Müxtəlif istiqamətli siyasi partiya və təşkilatlar meydana gəlməyə başladı. ABŞ-da, İngiltərə və İtaliyada ilk burjua partiyaları yarandı. 1828-ci ildə ABŞ-da Demokratlar partiyası, 1832-ci ildə İngiltərədə Liberallar və İtaliyada Respublikaçılar partiyaları yaradıldı. XIX əsrin ortaları və ikinci yarısında Belçikada Liberallar (1846), İsveçrədə Radikal-demokratlar (1848), Kolumbiyada mühafizəkarlar (1848) və Liberallar (1849), ABŞ-da Respublikaçılar (1854), Kanadada mütərəqqi mühafizəkarlar (1854) və Liberallar (1873), İngiltərədə mühafizəkarlar (1867) və Leyboristlər (1900), Fransada Radikallar və Respublikaçılar (1868), Danimarkada Liberallar (1878), Niderlandda Əksinqilabçılar (1828), Yaponiyada Liberallar (Dzuyuto) (1881) və İslahatçılar (Kaysinto) (1882), Hindistanda «Milli Konqres» (1885), Çində «Çini yenidən qurmaq ittifaqı» (1894) və b. burjua partiyaları formalaşdı. Ümumən, XIX əsrin sonu üçün dünyanın 11 ölkəsində 20yə qədər burjua partiyası fəaliyyət göstərirdi.
XIX əsr fəhlə və sosialist hərəkatının meydana gəlməsi və inkişafı ilə də səciyyələnir. Fəhlə və sosialist hərəkatının formalaşması XIX əsrin 30-70-ci illərinə təsadüf edir. Bu dövrdə fəhlə və sosialist hərəkatında prudonizm, anarxizm, utopik sosializm, blankizm, marksizm və b. ideya cərəyanları meydana gəlmişdi.
Fəhlə, sosialist və sosial-demokratiya partiya və təşkilatlarının yaranması da XIX əsrdə baş vermişdir. İlk fəhlə təşkilatı ABŞ-da 1828-ci ildə yaranmışdır. 30-cu illərin ortalarında Parisdə «Səfillər ittifaqı» (1834-1837) və «Ədalətlilər ittifaqı» (1838-1847) fəhlə təşkilatları fəaliyyət göstərmişdi. 1840-cı ildə İngiltərədə «Çartistlər təşkilatı yaranmışdı.