1.Tam fonetik uyğunluğa malik olan alınmalar:
Bu qrup leksik alınmalarda transkripsiya və transliterasiya müvafiq olan leksik müvazilik faktlarını əhatə edir: akkreditiv-akkreditiv, leqal-leqal,marketinq-marketinq,reqlament-reqlament,antivirus-antivirus, internet –internet, marafon-marafon, fazenda-fazenda, angina – angina, artist – artist, film – film, final – final, formal – formal, hit – hit, insult – insult, lift – lift, lord – lord, mental – mental, və s.
2. Fərqli transliterasiyaya malik olan, lakin səslənmə cəhətdən (transkripsiya baxımından) demək olar ki, çox yaxın olan alınmalar:
Məsələn, disket-diskette, antipod-antipodes, fact – fakt, act – akt, sayt-site, sendviç-sandwix, serial-serie, immunitet-immunitas, immiqrant-immiqrans, imicmeyker-imaqemeyker, accord – akkord, accent – aksent, block – blok, cabin – kabin, cabinet – kabinet, canal – kanal, character – xarakter, concept – konsept, control – kontrol, credit – kredit maniya-mania və s.
Yuxarıda qeyd edilmiş misallarda müşahidə edilən transliterasiya uyğunsuzluğunun başlıca səbəbləri Azərbaycan və ingilis dilinin fonetik sistemindəki fərqliliklər və həmin fərqliliklərin məntiqi davamı kimi ortaya çıxan spesifikliklərdir. N.Məmmədli alınma söz və terminlərdə fonetik cəhətdən müəyyən dəyişiklik edilməsinin aşağıdakı səbəblərini müəyyənləşdirir:Azərbaycan dilinin fonem tərkibinin və əlifbasının digər dillərdən fərqlənməsi;sözlərin alındığı dillə Azərbaycan dilinin orfoqrafiya qaydalarının bir-birindən fərqlənməsi;alınmaların tələffüzünü Azərbaycan dilinin xüsusi tələffüzünə tabe etmək cəhdi;”(2,245 )Eləcə də o da qeyd edilməlidir ki, ingilis əlifba sisteminin fərqli xarakterə malik olması, habelə ingilis orfoqrafiyasında bəzi yunan – latın mənşəli interleksemlərinin ənənəvi yazılış formasının qəlibləşməsi bu fərqlərin daha da dərinləşməsinə yol açır. Belə ki, Azərbaycan əlifbasında [ş] səsini əks etdirən hərf olduğu halda ingilis dilində, analoji qarşılığın mövcud olmaması sonuncu (ingilis dili) mənimsənilmiş Azərbaycan sözlərində fərqli transliterasiyanın tətbiqinə şərait yaradır. Digər tərəfdən Azərbaycan dilində [w] səsi və müvafiq hərf yoxdur. Bu səbəbdən də ingilis dilində istifadə edilən bəzi interleksemlərdə yer alan w hərfi dilimzdəki korrelyantlarında v hərfi ilə əvəz edilmişdir. Məsələn, waggon (wagon) – vaqon, watt – vatt, web – veb, wolt-volt. Eləcə də internetlə bağlı Azərbaycan dilində işlənən Windows termini də bu ənənəyə uyğun olaraq Vindovs kimi yazılmalıdır.
İngilis əlifbasında x səsinin müvafiq qrafeminin yer almaması həmin səsin fərqli hərf kombinasiyarında verilməsinə yol açır: character – xarakter, technology – texnologiya, mechanic – mexanik, psychic – psixik, anarchism – anarxizm, anarchy – anarxiya, charisma – xarizma, chronic – xronik, chorus – xor, archaeology – arxeologiya, malachite – malaxit və s. Yunan – latın mənşəli bəzi terminlərdə f səsinin ph hərf kombinasiyası ilə verilməsi ənənəsi də transliterasiyada qeyri – adekvatlıq yaradır: philosophy – filosofiya, phone – fon (telephone - telefon), biosphere – biosfer, geography – coğrafiya, autograph – avtoqraf, cacophony – kakofoniya1, hieroglyph – heroqraf, emphasis – emfaza, atmosphere – atmosfer və s.
Leksik alınmaların xarici forması ilə bağlı uyğunluq və ya uyğunsuzluq məsələlərini araşdırarkən alınmaların variant fərqliliyi və həmin fərqliliklərin transliterasiya, transkripsiya müxtəliflikləri müstəvisində məsələsinə də diqqət yetirmək lazımdır.
Xatırladaq ki, rus dilinin Azərbaycan dilinə təsir imkanlarının güclü olması dilimiz tərəfindən mənimsənilən Avropa mənşəli terminlərin orijinal formadan fərqli şəkildə mənimsənilməsinə, ifadə edilməsinə imkan yaradır. Bu da öz növbəsində ingilis dilindəki birbaşa mənbə dildən mənimsəmələrdən fərqliliyi təmin edirdi. Bir sıra hallarda, etimoloji dublet fərqliliklərində yazılış və səslənmə fərqinə istinad edilməsi maraqlı paralelliklərin yaranmasına gətirib çıxarır. Sonuncu məqamla bağlı onu deyək ki, alınma prosesində transkripsiya və ya transliterasiya amilindən çıxış edilməsi Azərbaycan və ingilis dilləri arasındakı müvazilik faktlarındakı bəzi fonomorfoloji müxtəlifliklərin mənbəyi hesab edilə bilər. İstənilən ədəbi dildə bu iki mənimsəmə növü arasındakı balansın müəyyən edildiyi dövrə qədər eyni alınma söz fərqli variantlarda mənimsənilir. Məsələn:Kütləvi İnformasiya Vasitələrinin dilində və eləcə də elmi ədəbiyyatlarda fleş sözünün həm fleş, həm də fləş variantı işlənməkdədir. Onu da qeyd edək ki, son dövrlər fləş forması müqayisədə üstünlük təşkil edir. Halbuki, digər İKT termini olan e-mail – email variantları arasında birmənalı şəkildə üstünlük məhz, transliterasiya variantına verilmişdir. Deməli, aydın şəkildə göründüyü kimi, burada sabit bir prinsipin hökm sürdüyünü söyləmək çətindir,yəni bir sözün vaxtilə işləklik qazanmış variantı digər variantı əvəz edə bilir.
Beynəlxalq aləmdə terminoloji leksikanın zənginləşdirilməsində istifadə olunan -anti-, auto-, co-, counter-, de-, des-, hydro-, hygro-, hyper-, inter-, in-, meta-, macro-, milli-, mini-, mis-, mono-, multi-, non-, over-, para-, poly-, post-, pre-, pseudo-, re-, semi-, servo-, sub-, super-, tele-, thermo-, trans-, ultra-, un-, under, -veb prefiksləri yeni terminlərin yaranmasında mühüm rol oynayır. Onu da qeyd etməliyik ki, dillərin arasındakı derivativ model paralelliyindən bəhs edərkən, super-, meqa-, anti- və s. prefikslərini də xüsusi qeyd etmək olar. Belə ki, bəzi hallarda həmin prefikslərin müəyyən sözün tərkibində mənimsənilməsi ilə yanaşı, bilavasitə Azərbaycan dilinin leksik sisteminin inventarı olan sözlərlə kombinasiya təşkil edə bilir.
Bu baxımdan VEB-lə başlanan alınma terminlər defislə yazılmalıdır. Veb- proqram – vebdə işləmək üçün yazılmış kiçik proqram; veb-brauzer – internet şəbəkəsində veb-səhifələrə baxmaq vasitələri; veb-dizayner –internet səhifələrinin (portalların) qurucusu (yaradıcısı); veb-kamera – təsviri internet şəbəkəsi ilə ötürmək üçün istifadə olunan rəqəmli videokamera; veb-naşir – internet materiallarının təşkilat və ya fiziki şəxs tərəfindən internetdə yerləşdirilməsi; veb-sayt – veb-serverdə verilənlər bölməsi olub, hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını veb-səhifə ilə əlaqəli çoxluq şəklində yerləşdirir. Saytın titul səhifəsindən istifadə edərək göstərici ilə onun müxtəlif səhifələrinə baxmaq olar; veb-server – internetdə və internet şəbəkədə istifadəçinin veb-səhifəsinə giriş verən, internetdə axtarış və başqa xidmətlər təklif edən kompüter.
Hər bir sahənin inkişafı onun anlayışlarının sistemə salınması ilə əlaqədardır. Sistemə salınma zamanı anlayışlar qruplaşdırılır. Anlayışların qruplaşdırılması prosesində bütün sahə terminologiyalarında nöqsanlar aydın şəkildə özünü göstərir. Bu çox vaxt anlayış ifadə edilərkən onun əsas fərqləndirici əlamətlərinin nəzərə alınmaması ilə bağlıdır. Çünki termin aid olduğu anlayışı həmin anlayışın fərqləndirici əlamətləri əsasında təyin edir. Terminlərdə birmənalılıq tələbi də bu baxımdan ödənilməlidir. Lakin çox vaxt bu tələblər gözlənilmir. Məsələn: konversiya – 1. hərbi-sənaye şirkətinin xalq tələbatına uyğun məhsullar istehsal edən şirkətə çevrilməsi (yaxud əksinə); 2. dilçilikdə - bir nitq hissəsinə aid olan sözün cümlədə başqa nitq hissəsi kimi işlənməsi. Belə terminlərin ifadə etdiyi mənaların və definisiyaların da sayı çoxdur. Deməli, mövcud anlayışı ifadə edən termini müəyyənləşdirən zaman onun definitiv əlaməti əsas götürülməlidir. Terminalma dilin terminoloji sisteminin zənginləşdirilməsi yollarından biri olsa da, termini ifadə edə bilən bu üsuldan imkan daxilində az istifadə edilməsi məqsədəuyğundur. Dilin daxili imkanları hesabına yaranan terminlərə üstünlük verilməlidir. Terminologiyanın inkişaf mənbələrindən birini təşkil edən alınmaların çoxluğu alınma terminlərin seçilməsinə, işlənməsinə xüsusi diqqət yetirməyi tələb edir. Hər gün elmi-texniki ədəbiyyatlarda, qəzet və jurnallarda, radio və televiziyada onlarla yeni terminlər işlədilir. Bunlar toplanmalı, hesaba alınmalı, orfoqrafiyası müəyyənləşdirilməlidir. Hətta qeyd olunduğu kimi, elə alınmalar var ki, dildə onların qarşılıqları işlənilir. Bununla belə imkan verilir ki, bunlar paralel işlənsin, dil özü gərəklilərini seçib saxlasın.
Azərbaycan və ingilis dillərindəki leksik paralelləri araşdırarkən bu kimi situasiyaların təhlili işini sadəcə semantik adekvatlıq məsələləri ilə məhdudlaşdırmaq olmaz. Belə ki, leksik paralellizm hallarının əsas yükü semantik adekvatlıq məqamları ilə ölçülsə də, burada fonomorfoloji uyğunluq məsələləri də mühüm rol oynayır. Əslində, semantik paralellik məsələləri həlledici təsir gücünə malik olsa da, həmin ehtimal edilən leksik müvazilik hallarında mütləq və ya nisbi fonomorfoloji uyğunluğun olmaması, ümumiyyətlə, hər hansı paralellizm hadisəsindən danışmağı da mümkünsüz edə bilər.Yəni, alınmaların mənimsənilməsində semantik mənanın uyğunluğu qədər, sözün formasının tam və ya nisbətən üst – üstə düşməsi də vacib əhəmiyyət kəsb edir.
Müxtəlifsistemli dillərin qarşılaşdırılması məqamı özünü semantik adekvatlıq məsələlərinin təhlilində deyil, məhz, fonomorfoloji uyğunluğun müəyyənləşdirilməsi işində tam aydınlıqla büruzə verir. Başqa sözlə desək, bir söz fərqli quruluşlu dildə beynəlmiləl sistemə tam müvafiq semantik məna ilə daxil ola bilər və bununla da, mənbə dillə (və ya eyni interleksemi tam semantik adekvatlıqla mənimsəmiş istənilən hər hansı bir digər fərqli quruluşlu dillə) paralleizm təşkil edə bilər. Fərqli monomorfologiya özünün yeni söz strukturu formasını da diqtə edə bilər ki, bu da artıq yeni və fərqli fonetik cildli leksik paralelizmin meydana gəlməsinə yol açır. Məsələn, digər türk dilləri kimi Azərbaycan dilinin fonomorfoloji sisteminin ahəng qanunu ilə tənzimlənməsi terminlərin mənimsənilməsində fərqli variantlar yaradır.Buna görə də terminoloji sistemin zənginləşməsində dilin özünün morfoloji inventarı ilə yanaşı alınma morfemlər də mühüm rol oynamışdır. Həmin morfemlər arasında –izm (- ism) şəkilçisinin xüsusi məhsuldarlıqla seçildiyini söyləmək olar. Məsələn: agnosticism – aqnostizm, anachronism – anaxronizm, anarchism – anarxizm, isomorphism – izomorfizm, dynamism – dinamizm, euphemism – evfemizm, hedonism – gedonimzm, rheumatism – revmatizm və s. əksər hallarda həmin interleksemlərin – izm (- ism) şəkilçisiz ilkin formasının və ya digər derivatın da mənimsənilməsi onların dil daşıyıcıları tərəfindən asanlıqla morfoloji üzvlənməyə məruz qalmasını təmin edir. Məsələn, izomorf – izomrfizm, anarxiya – anarxizm, aqnostik – aqnostizm və s.
Göründüyü kimi, dillərin leksik sistemi arasında müşahidə edilən paralellizm faktlarının dil daşıyıcıları tərəfindən daxili formaca adekvat dəyərləndirilməsində həmin paralellik faktlarının tanınma əmsalı, mənimsənilmə səviyyəsi, habelə derivativ modellərin məhsuldarlığı və s. kimi faktorlar mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq status əldə etmiş olan ingilis dili nəinki sırf özünə aid olan leksik vahidləri beynəlmiləl terminlər bazasına ötürmüşdür, həmçinin digər az və ya çoxsaylı xalqların dilində yer alan anlayış və məfhum nominasiyalarının interleksem statusu əldə etməsində müstəsna rol oynamışdır.
Müqayisə üçün deyək ki, qloballaşma əsrində elmi-texniki terminologiyada fərqli yazılış variantlarında mənimsənilən alınmaların sayının artmasına təkan vermişdir. Belə ki, KİV-in dilində, eləcə də sosial şəbəkələrdə istifadə edilməkdə olan alınmaların müxtəlif yazı variantlarına təsadüf edilir. Həmin variantlardan biri mütləq şəkildə ingilis orfoqrafiyasını təkrar edir ki, bu da öz növbəsində fonetik prinsipə üstünlük verən Azərbaycan orfoqrafiya qaydalarına uyğun gəlmir. Məsələn, ingilis dilindən mənimsənilən və Feysbuk (Facebook) sosial şəbəkəsində 2010-cu ilin aprelindən etibarən istifadəyə verilən layk (ingilis orfoqrafiyasında: layk “bəyənmə”) düyməsinin adı Azərbaycan dilində iki cür yazılış formasına (layk, like) malikdir.Bu termin “layk” şəklində yazılmalıdır. Eləcə də komment sözü şərh sözünü uğursuz şəkildə “əvəzləmişdir”
Ümumiyyətlə, internetin inkişafı ilə, eləcə də sosial şəbəkələr vasitəsilə rabitənin vüsət alması dilimizə çox sayda ingilis dilli compüter texnologiyaları ilə bağlı terminlərin daxil olmasına səbəb olmuşdur. Azərbaycan dilinin terminologiyasında ingilis dilindən alınmalar işlənmə tezliyinə görə üstünlük təşkil edir. Onların böyük qisminin son dövrlərin ictimai-siyasi və iqtisadi innovasiyaları sayəsində mənimsənilmiş terminlər təşkil edir.
Dostları ilə paylaş: |