AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 1,82 Mb.
səhifə19/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

XV F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNDƏ
İCTİMAİ ELMLƏRİN İNKİŞAFI

1-TARİX
Tarix yazmaq, İslam dünyasında ilk olaraq Siyər (Hz. Mühəmməddən (səs) bəhs edən kitab)Məğazi (Qəzvələr, savaşlar) ilə başlayıb, təbəqat kitabları ilə davam etmişdir. Siyər və Məğazilərə dair ilk əsər, Ürvə ibn Zübeyrə (vəfatı: 93/712) aiddir. Daha sonra sayları çoxalan bu müəlliflər arasında Vəhb ibn Münəbbihi (vəfatı: 114/732), Məhəmməd ibn İshaqı (vəfatı: 768) Məhəmməd ibn Müslim əz-Zöhriyi və Yəhya ibn Səid ibn Əban əl-Üməvinin (191/807) adını çəkmək olar. Böyük siyərçi İbn İshaqın əsərindən isə ancaq İbn Hişam vasitəsilə xəbərdar ola bilirik.

İslam tarixi ilə əlaqədar əsərləri dörd qısmə ayırmaq olar:


1-Ümumi Tarixlər:

Hz.Adəmin yaradılışından başlayaraq bəzi dövlətlərdən və daha çox İslam dövlətlərindən və millətlərindən bəhs edən əsərlərdir. İbn Vazih, Təbəri, İbnül-Əsir, və Məsudinin əsərləri bu qrupdandır.


2-Xüsusi Tarixlər:

Bir dövrün, hökmdarın, sülalənin, məmləkətin tarixindən bəhs edən əsərlərdir. Vaqidinin “Fütuhüş-Şam”ı, Belazurinin (vəfatı: 284/897) “Fütuhül-Büldan”ı kimi. Məmləkət tarixləri ilə əlaqədar əsərlər arasında İbn Asakirin 80 cilddən ibarət “Tarixi-Dəməşq”i ilə Xətibi-Bağdadinin “Tarixi-Bağdad”ı sayıla bilər.



3-Təbəqat və Tərcümeyi-hallar:

Bu növ əsərlərin başında İbn Sədin (169-230/785-845) “Təbəqatüs-Səhabə””si ilə İbn Qüteybənin “Təbəqatüş-Şüara” kitabı sayıla bilər. Bundan başqa “Vəfayətül-Ayan”, “Fəvatül-Vəfayat” ilə İbnül-Nədimin “Fihrist”i İbnül-Kiftinin

Təracimul-Hükəma”sı, İbn Əbi Üseybi’ənin “Uyunul-Ənba Fi təbəqatil-Ətibba”sı Abdullahül-Anbarinin “Təbəqatül-Üdəba”sı çox mühüm qaynaqlardır.
4. Sənətlərə Dair Əsərlər:

Bu əsərlər dinlərə, məzhəblərə, siyasətə, dövlət idarəsinə, elmi və ictimai həyata dair daha çox tarix araşdırmacıları üçün mənbə olacaq əsərlərdir. Dinlər və məzhəblərlə əlaqədar Abdülqahir əl-Bağdadi ilə Tahir ibn Məhəmməd əl-İsfərainin “Miləl və Nihal”ləri ilə İbn Həzm əz-Zahirinin “Kitabül-Fəsli” Şəhristaninin “Kitabül-Miləl vən-Nihali”, siyasətə, idarəyə, sosial həyata dair əsərlərdən İmam Əbu Yusufun “Kitabül-XəracıMavərdinin “Əhkamüs-Süutaniyyə”si, Nizamül-Mülkün “Siyasətnamə”si, Əbül-Fərəcəl-İsfəhaninin “Kitabül-Əğani”si, İbn Abdi Rəbihin “İqdül-Fərid”i sayıla bilər.360

İlk dəfə tarix fəlsəfəsindən bəhs edən İslam alimi İbn Xəldun (1332-1406) dur. Bir neçə əsr Osmanlıların istifadə etdiyi böyük alimi, Avropa son vaxtlarda tanımış, ona olan heyranlıqlarını gizləyə bilməmişdi. Tarixlə əlaqədar məşhur 7 cildlik əsərinin 1-ci cildi olan “Müqəddimə”sində tarix elminin mahiyyətini, məqsədini və faydasını möhtəşəm bir şəkildə izah etmişdir.361

İbn Xəlduna qədər heç kim tarix fəlsəfəsi yazmamışdı. Tarix adətən bir hekayə olaraq qəbul edilər, ancaq zövqlü anlatıma fikir verilərdi. İbn Xəldun, tarixin bir fəlsəfəsi olduğunu, həmin fəlsəfəylə əlaqələndirilməyən yazıların tarix sayıla bilmyəcəyini irəli sürdü.
Tarixin xüsusi bir elm olduğunu ilk dəfə üzə çıxaran, onun qanunlarını açıqlayan alim İbn Xəldundur. O, tarixi bir nağıl və hekayə olmaqdan çıxarmış, onu gerçəyin xəmiri ilə yoğurmuşdur. O tarixin məqsədini “ictimai həyatı öyrənmək” olaraq qəbul edir. Bu mövzuda Monteskyeu, Russo Condorcet, Avquste Comte Durkheymə yol göstərmişdir.362

Prof. Filip K. Hitti, İbn Xəldunun çatdığı üstün səviyyəni belə izah edir: “Heç bir Qərbli elm adamı, İbn Xaldundan əvvəl bu şəkildə hər şeyi əhatə edən geniş bir tarix fikrini üzə çıxarmamışdır. İndiyə kimi aparılan araşdırmalara görə bütün elm adamlarının həmfikir olduğu şey, İbn Xəldunun yalnız İslam aləminin yetişdirdiyi ən böyük bir tarix fəlsəfəçisi deyil, gəlib-getmiş və bundan sonra gələcək olan bu barədə bütün elm adamlarının ən ucası olmasıdır.”

Avstriyalı J. Von Hammer, “Müqəddimə”ni ilk oxuyanda, həmin kitabı yazan İbn Xəldunun ondan 283 il sonra dünyaya gələn Monteskyeuya bənzədir. Onu “Müsəlmanların Monteskyeu”su olaraq vəsfləndirir.

Ümumiyyətlə yaşadığı və qarşılaşdığı hadisələri qələmə alan Əbül fidanın (1271-1331), Əl-Müxtəsər Tarixil-bəşər adındakı iki cildlik əsərində Peyğəmbərlərin həyatından başlayaraq bütün yazdıqları çox canlı, üslublu, hərəkətlidir.363
2-COĞRAFİYA
İnsanlar, daha ətrafdaki mədəniyyətlər ilə təmas edərək qədim Yunan mədəniyyəti təsirində qalmadan əvvəl, ədəbi və hüquqi amillər təsiri ilə, coğrafi sahədə çalışmağa başlamışlar; lakin, bu çalışmalar sadəcə Ərəbistan yarımadası daxilində qaldı. Qədim Ərəb ədəbiyyətında qəbilələrin yaşadıqları yerlərə dair bir çox işarə yazıları tapıldığı üçün, onları bilmək lazım idi.

Cəzirətül Ərəb xaricindəki məmləkətlərə aid ilk əsərlərin yazılmasında isə, yalnız hüquqi amillər təsirli oldu. Cizyə və xərac kimi hökmlərin, fəth edilmiş tərzinə görə dəyişilməsi ilə bir məmləkətin yalnız tarixini deyil, coğrafiyasını da bilmək hüquq və idarə ehtiyaclarından idi.Ticarətin, əsgərliyin, həccin, elmi məlumat əldə etmək məqsədi ilə müxtəlif məmləkətlərə getmək ehtiyacının da coğrafi fəaliyyətlərinin inkişafında yeri olduğu inkar edilə bilməz.

Xəlifə Əl-Mənsur dövründə başlayaraq az vaxtda sürətlə inkişaf edən Yunan təsirləri, bu xüsusda mühüm tərəqqilərə səbəb oldu. Batlamyosun öz dövrünə qədər bilinən bütün təfsilatı əhatə edən Coğrafiyası ilə, o dövrün kosmoqrafiya məlumatını tamamilə əhatə edən “Macastis”i tərcümə edildikdən sonra, İslam coğrafiyaçıları daim o əsaslar dairəsində və o metodla fəaliyyətə başladılar. Bu sahədə ilk əsər yazan “Süvərül Əqalim”in müəllifi Əbu Zeydi-Belhidir. X əsrin əvvəllərində qələmə aldığı əsərində islam məmləkətlərini iyirmi hissəyə bölərək, hər biri haqqında ayrıca məlumat vermişdir.

Yenə o əsrdə yetişən İstahri, səyahətə düşkün və daim bununla məşğul olduğundan, Belhinin kitabını əsas götürməklə birlikdə, ona öz məlumatlarını da əlavə edərək məşhur əsərini meydana gətirdi. İstahri də, Belhi kimi islam məmləkətlərini iyirmi hissəyə bölərək hər birinə dair ayrıca məlumat vermişdir.

Ondan sonra İbn Hövqəl yetişərək, İstahrinin əsərini öz şəxsi səyahətlərindən əldə etdiyi məlumat və müşahidələri də əlavə etməklə tamamlamış və hər iqlim üçün bir xəritə tərtib etdikdən sonra əlavə olaraq şəhərləri, dağları və çayları da çəkmişdir.

İbn Hordədbih, İbnül Fəqih Həmədani, Müqəddəsi, tarixçi Məsudi kimi şəxsiyyətlər yetişdirən bu ilk dövr, İslam coğrafiyası tarixinin klassik dövrüdür.Bundan sonraki coğrafiyaçıların əsərləri, ümumiyyətlə bu ilk müəlliflərin topladıqları məlumatlardan meydana gəlmiş və bir az dəyişilmişdir.

İdrisinin əsəri, Yaquti Həməvinin (ölümü: H. 626-M. / 1228-29) əlifba sırasını əsas tutaraq tərtib etdiyi coğrafiya ensiklopediyası, tarixçi Əbül Fidanın “Təqvimül-Büldanı” bu növ əsərlərdəndir.

Müsəlmanlar, Batlamyusun əsas fikirlərindən ayrılmamışlar, əsrlər boyunca, o baxışları qorumuşlar. Ancaq, toplamış olduğu coğrafiya məlumatının çoxluğu və sağlamlığı baxımından İslam coğrafiyası, Yunanın coğrafiyasından qat-qat üstündür. İslam məmləkətləri haqqında olan İslam əsərləri, yalnız iqlim və təbiət şərtlərinə deyil, ictimai həyata, maddi və mənəvi tərəqqilərə dair də doğru və geniş məlumatları əhatə edir. Müsəlmanların coğrafiya sahəsində əldə etdikləri bilik yalnız

İslam məmləkətlərinə məxsus edilməmiş, uzaqda olan şərq və qərb məmləkətləri haqqında da geniş məlumat əldə edilərək quru və dənizdə layiqincə öyrənilmişdir.

Necə ki, Alman coğrafiyaçısı Ratsel, İslam coğrafiyası haqqında belə deyir:

Şimali Afrika və Qərbi Asiyada əsrlərcə davam edən hakimiyyətləri əsnasında Ərəblərin (Müsəlmanların) coğrafiya görüşü çox genişlənnmişdi. Ərəblərin (Müsəlmanların) coğrafiya sahəsində çalışmaları, romalılarınkına çox bənzəyir: Onlar ən çox hərbi və siyasi sahələrə əhəmiyyət verirdilər. Ərəb səyyahları, ilk olaraq tacirlər, din xadimləri, siyasi elçilər, casuslar və sonra, alimlərdi...Yunan əsərlərindən edilən tərcümələr sayəsində, Ərəb səyyahları çoxlu məlumat əldə etmişdilər. Bu şəkildə bilik sahibi olanları, yerin yuvarlaqlığını, uzunluq və enini təyin etməyi öyrənmişdilər.364 Coğrafiya sahəsindəki çalışmalarda, heç olmazsa tarixdəki tərəqqiləri səviyyəsində bir irəliləyiş göstərdiklərini etiraf etməyə məcburuq.365

Coğrafiyanın elm halına gəlməsini təmin edənlər də Müsəlmanlardır. Diyar-diyar gəzən Övliya Çələbi (1611-1682), 29 il heç dayanmadan ölkə-ölkə, qıtə-qıtə dolaşan İbn Bəttutənin (1304-1369) səyahatnamələri müstəsna tarix və coğrafiya xəzinələridir. Xristofor Kolumb (1446-1506), Amerikanın varlığını Müsəlmanlardan, xüsusilə İbn Rüşdün kitablarından öyrəndiyini qeyd edir.



Biruni (973-1050) əsrlərcə əvvəl Amerikanın varlığından bəhs etmişdir. Piri Rəis (1465-1554) belə “Kitabı-Bəhriyyə”sində, Amerikanın varlığından, çox əvvəl bəhs etmişdir. Vasco da Qamaya (1450-1524), dünya səyahətindəid (XV əsr) adında bir Müsəlman dənizci yol göstərmişdir.

İdrisi (1100-1166), hələ 800 il əvvəl, zəmanəmizin dünya xəritələrinə bənzər xəritələr çəkə bilmişdir. Piri Reisin Amerika xəritəsi də möhtəşəmdir.

Hələ Mürsiyəli İbrahimin, Piri Rəisdən 52 il əvvəl çəkdiyi Aralıq dənizi xəritəsi, bugünkü ölçülərlə tamamən uyğunlaşır.366


Oxu materialı:
AMERİKANIN KƏŞFİ
...Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridianı Qrinviç meridianından 34-35 qərbədir...

Qrinviç meridianından 34-35 dərəcə uzaqda olan meridian Cənubi Amerikanın şərq sahilində olan San-Rokç burnundan keçir.

Bu nə deməkdir?

Məlumdur ki, Amerikanın kəşfi 1492-ci ilin 12 oktyabrından başlamışdır. Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərdə tərtib edilmişdir.

Bu necə ola bilər?

Ya marağa rəsədxanasında tərtib edilmiş cədvəldə bir yanlışlıq var, ya da hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin torpaqlar haqqında onun məlumatı olmuşdur.

...Amerikanı kəşf edən Xristofor Kolumb özü Nəsirəddin Tusi (1201-1274) tərəfindən götürülmüş başlanğıc meridianın ondan qabaq qəbul olunduğunu çox qətiyyətlə göstərir...

(H. Məmmədbəyli, “Nəsirəddin Tusi”

Bakı, gənclik, 1968, səh. 200-202)
3-KƏLAM / FƏLSƏFƏ
İnsanlar arasında ilk fəlsəfi cərəyan, hicri I əsrdə “kəlam elmi” adı altında meydana çıxdı. Əsrlərdən bəri müxtəlif inanışların, müxtəlif fəlsəfələrin yaşadığı geniş bir sahəyə yayılan İslamiyyətin sinəsində, dörd xəlifə zamanından başlayaraq, bir çox dini qruplar meydana çıxmışdır. Bu qruplar arasında, fəlsəfi məsələlərə ən çox əhəmiyyət verən və bu barədə nəzəriyyələr irəli sürən, Mötəzilədir.

Xəlifə Mənsur zamanından (H.156-M.772) başlayaraq Məmun və xələfləri dövründə böyük bir yayılış göstərən Yunan, İran, Hind, və s. əsərlərini tərcümə cərəyanı, adı çəkilən fəlsəfi fikirləri İslam mühitinə tanıdanda, Mötəzilə, məzhəblərini daha qüvvətlə müdafiə etmək üçün, həmin nəzəriyyyələrdən dərhal faydalanmağa başladılar.

Mötəzilənin bu sahədəki çalışmaları qarşısında, Əhli-Sünnə alimləri də boş dayanmadılar. İbn Kilabül-Bəsrinin bu yoldakı səyi Əbül Həsən-əl-Əş’ari (H.260-324 / M.873-935) tərəfindən müvəffəqiyyətlə davam etdirilərək Əhli-Sünnəyə məxsus bir Elmi-Kəlam təxsis edildi. Bu sonralar Əbu Bəkirül-Baqillani (vəfatı: H.403 / M.1012-1013) və İmam əl-Hərəmeyn adıyla məşhur olan Əbül-Məali əl-Cüveyni (H.478 / M.1085-86) tərəfindən tamamlanmışdır.

İmam Qəzzali (H.450-505 / M.1058-1111) ilə bərabər, Kəlamın yeni bir mərhələyə daxil olduğuna şahid oluruq. Qəzzali zamanında, Yunan fəlsəfəsinə aid nəzəriyyələr (Fərabi və İbn Sina ilə) Müsəlmanlar arasında layiqincə yer tutub inkişaf etdiyi üçün, fəlsəfəçilərin hər dediyini rədd və ya qəbul etməyə meyl edən iki zidd baxışlar yaranmışdı. Qəzzali, müxtəlif əsərləri ilə, həmin baxışların hər ikisinə qarşı mübarizə apardı. Bundan sonra Fəxrəddin Razi, Amidi (vəfatı:H.631 / M.1283-84) və Beyzavi (vəfatı: H.689 / M.1290-91) ilə, Əhli-sünnə Kəlamı daha da təkmilləşdirildi.
İslamiyyətdə kəlam xaricində yaranan, yəni bilavasitə əcnəbi mənbələrdən (Hind, İran xüsusən də Yunandan) alınaraq ortaya çıxan əsl fəlsəfə cərəyanı, Abbasi dövründəki köhnə Yunan əsərlərinin tərcüməsi ilə başlayaraq, Kindi (vəfatı:260 / M.873-74) və xüsusən Fərabi (vəfatı:H.339 / M.950-951) ilə çox qüvvətlənmişdir. İbn Sina (Vəfatı:H.428 / M.1037-38), Fərabinin əsərlərindəki bütün ünsürləri təhlil və təkmilləşdirmə ilə mühüm bir fəlsəfə sistemi yaratmış, Qəzzalinin səyi nəticəsində fəlsəfə, İslamiyyətdə mühüm bir yer tutaraq hətta Kəlam elminə daxil oldu.

Qəzzalidən sonra gələn Kəlam sahəsində çalışanlar, Yunan elm və fəlsəfəsini (İslam sistemi dairəsində) layiqiqincə qavramış filosoflardı. X əsrdə Bağdadda təşəkkül tapmış “İxvanüs-Səfa Cəmiyyəti” tərəfindən kitab şəklinə salınmış bəzi fəlsəfi əsərlər, bir də Əndəlüsdə yetişən İbn Rüşd, İbn Bacə, İbn Tüfeyl kimi böyük filosoflar, İslam mədəniyyəti sahəsində fəlsəfi fikirlərin geniş bir şəkildə inkişafına sübut olan dəlillərdir.367

XVI F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNDƏ

İNCƏSƏNƏT


SƏNƏT VƏ MÜSƏLMANLAR
İncəsənət ictimai şüurun və insan fəaliyyətinin elə formasıdır ki, burada gerçəklik bədii obrazlarla ifadə olunur. İncəsət insanlara gözəlliyi duymaq imkanı verir, qəhrəmanlığı, adət-ənənələri, inanc və idealları elə bədii boyalarla təsvir edir ki, insanın duyğu və düşüncələrinə estetik təsir göstərə bilir, onun mənəviyyatının formalaşmasına, imanının güclənməsinə kömək edir.368

Ərəblər Suriyanı fəth etdikləri zaman bildikləri sənət şerdən ibarət idi. Bütpərəstliyi xatırlatdığı üçün Peyğəmbərimizin rəsm və heykəli qadağan etdiyinə inanılırdı. İslam sənətində memarlıq dulusçuluq və dekorasiyaya həsr edilmişdi. Ərəblər Bizans, Misir, Suriya, Mesopotamiya, İran və Hind sənətkarlarını və ustalarının işlətdikləri kimi onların sənət üslub və ənənlərini də mənimsədilər.

İspaniyadakı “Əl-Həmra”dan Hindistandakı “Tac-Mahal”a qədər İslam sənəti zaman və məkanın sərhədlərini aşdı, irq və qan fərqinə baxmayaraq özünəməxsus bir xarakter inkişaf etdirdi, bir incəlik bolluğu içində insan dühasını dilə gətirdi, lakin həmin sənətlərdən daha üstünü meydana gətirilə bilmədi. Ümumiyyətlə etiqad çağının memarlığında görüldüyü kimi İslam memarlığı da daha çox dini memarlıq şəklində inkişaf etdi. İnsanların iqamətgahı qısa bir həyatı keçirmək üçün idi. Halbuki, Allahın evi (məbədlər) heç olmazsa daxili baxımdan bir gözəllik abidəsi olmalı idi.
Digər tərəfdən zəmanəmizə qədər qalan izlər az olmaqla

yanaşı arxivlərdə su kəmərləri, körpülər, hamamlar, bulaqlar və qalalardan bəhs edilməkdədir.

Bunlar ərəb fəthlərindən sonrakı ilk əsrdə mühəndis memarlar tərəfindən tikilmişdir. Əvvəllər bu memarlar, əksərən qeyri-müsəlmanlar idi. Sonralar onların yerini müsəlman memarlar aldı. Xaçlılar, Hələbdə, Baalbəkdə və Şərqi İslamın digər mərkəzlərində mükəmməl bir əskəri memarlıq ilə qarşılaşdılar. Onlardan (müsəlmanlardan) müxtəlif Sur (qala) növləri öyrəndilər. Düşmənlərinin əsla özlərininki ilə müqayisə edilə bilməyəcək səviyyədə möhkəm binalardan saysız fikirlər götürdülər. Sevilla (İşbiliya) şəhərindəki Alkazar və Gırnadadakı “əl-Həmra” həm saray həm də qala idi.

Müsəlman sənətkarlar, kafel (kaşı), mozaika, oyma sahəsində bütün sənətləri ortaya qoydular. Bu sənətin ehtişamına görə çox güman ki, heyvan və insan şəkillərinin İslamda qadağan olmasına borcluyuq. İslam sənəti, bu əskikliyi aradan qaldırmaq üçün son dərəcə müxtəlif monofiqurativ formalar icad etdi. İlk olaraq həndəsi fiqurlardan faydalanma yolunu getdilər. Xətt, bucaq, kub, konus, kvadrat, spiral, ellips, kürə, çoxbucaqlı, üçbucaqlılardan istifadə edildi. Bunları saysız kombinasiyalar halında bir-biriylə biçimləndirərək bir çox şəkillər meydana gətirdilər. Daha sonra çiçəklərə döndülər, müxtəlif ləvazimatlardan işlədilərək çiçək biçimlərindən faydalandılar. X əsrdə bütün bunların arabeks formaları içində əridib hamısnın üstündə də ən yüksək bir bəzəmə olaraq xətti işlətdilər.

Zaman keçdikcə dekorasiya ustaları yeni-yeni motivlər inkişaf etdirdilər. Beləliklə də quşlar, heyvanlar, yaxud sadəcə xəyallarda formalaşan əcayib heyvanlar sənət aləminə girməyə başladı. Sənətkarların bəzəmə, dekorasiya zövqü özünü, mozaika, miniatür, keramika və qumaş sənətlərinin demək olar ki, hamısında büruzə verdi.

İslam memarı, ərəbistan, Fələstin, Suriya, Mesopotamiya, İran, Məvəraunnəhr, Hindistan, Misir, Tunis, Sicilya, Mərakeş və İspaniyada sonsuz bir məscidlər zənciri halında inkişaf etdi, yüksəldi.

Bu memarlıq əsərlərinin xarici görünüşünün sadə sərtliyi, narın iç bəzəməsinin incəliyi ilə bir tarazlıq təşkil edirdi. Mədinə, Məkkə, Qüds, Rəmlə, Şam, Kufə, Bəsrə, Şiraz və Ərdəbil məscidləri, Bağdadda “Cəfər” məscidi, “Böyük Samarra” məscidi, Hələbdə “Zəkəriyyə” məscidi, Qədim Qahirədə “İbni Tulun” və “Əl-Əzhər” məscidləri, Böyük Tunus məscidi, Keylavanda “Seydi Üqba” məscidi, Kardovada “Mavi” məscid... burada, bunların sadəcə adını çəkməkdən başqa bir şey edə bilmirik. Çünki, o dövrdə yuxarıda saydıqlarımız kimi yüzlərlə məscid inşa edilmişdir. Bu gün bunlardan ancaq bir qismi sağ qala bilmişdir. Zaman keçdikcə zəlzələlər, səhlankarlıq və müharibələrin təsirindən digər qismi də yerlə bir olmuşdur.

Nyu-Yorkdakı Metropolitenin sənət muzeyində olan bir guşədə göründüyü kimi pəncərələr, qapılar, eyvanlar, tavanlar, masalar, minbərlər, mehrablar son dərəcə gözəl taxta oyma işləri ilə bəzənirdi. Fil dişi və sümük oymaları məscidləri, Quranları, mebelləri və alətləri, ustalıqla bəzəyirdilər. O dövrdən zəmanəmizə qədər gələn tək parça Floransa Milli Muzeyində olan və üstündə qüllə daşıyan bir fildir ki, onu işlənmə tarixinin IX əsr olması ehtimal olunur.

Müsəlman metal ustaları Sasanilərin texnikasını qazanaraq mis, tunc və digər materiallardan böyük lampalar, vazlar, səhənglər, dolçalar, aftafalar, ləyənlər, kasələr düzəltdilər. Bunlara aslan, canavar, göyərçin, tovuz şəkilləri çəkərək öz sənətlərini göstərdilər.

Bütün sənətlər islami həyatı gözəlləşdirmək üçün əl-ələ vermişdi. Beləliklə cild və xətt motivləri qumaşlarda toxunmuş, dulusçuluqda bişirilmiş, qapılara və mehrablara oymalarla yerləşdirilmişdir. Orta əsr mədəniyyəti sənətkarla peşəkar arasında böyük bir fərq görmürdüysə də, bunun məqsədi sənətkarı kiçiltmək deyil, peşəkarı dəyərləndirmək üçün idi. Hər cür sənayenin məqsədi, sənət halına gəlmək idi. Toxucu da dulusçu kimi işlədilib gedəcək məmullar hazırlayırdı. Ancaq əsərinin göstərdiyi cazibə təsiri başqaydı. Ustalığı və səbri sayəsində yuxusu, paltarlarda, örtük və xalçalarda, kilimlərdə ifadəsini tapırdı.

Müsəlmanlar, Suriya, İran, Misir və Mavəraunnəhri fəth etdikləri zaman, toxuculuq sənətini tez öyrəndilər və beləliklə müsəlmanlar orta əsr dünyasının ən böyük ipək tacirləri oldular. İran taftaları Avropada ən çox axtarılan qumaşların başında dururdu. Şiraz yun örtükləri, Bağdad pərdəlik qumaşları ilə məşhur olmuşdu. Kuzistan, keçi yaxud dəvə tükündən qumaşları, Xorasan sofa örtükləri, Tir xalçaları, Buxara səccadələri, Hərat da sırmalı ipəkləri ilə məşhur olmuşdu.369

İslam sənəti, bu dövrdə (1058-1250) Qrenadada “əl-Həmra”, Sevillada “əl-Kazar” və Giraldanı meydana gətirdi. Bu memari üsluba ümumi halda Məğrib sənəti deyilir; ancaq ünsürləri Suriya və İrandan alınmışdı. Digər tərəfdən Hindistandakı Tac Mahalın da xəbər verirdi. İslamın sənət hakimiyyəti o dərəcədə zəngin və eləcədə geniş şəkildə yayılmışdı ki, həmin sənətdə Şam, Kordova və Qahirə məscidlərindəki kimi təsir bağışlayıcı bir qüvvət yerinə zərif bir üslub hakim idi. Həmin incə və gözəl üslubda sənətkar bütün qabiliyyətini bəzək vurmağa işlətmiş olurdu.

XII əsrdə Məğribi sənəti İspaniyadan Şimali Afrikaya geri qayıtdı. Fas, Mərakəş, Telemsen, Tunis, Tarablus zərif saraylar, parıl-parıl parıldayan camilərlə ehtişamlarının zirvəsinə çatdılar. Digər tərəfdən Misirdə də Şərqi Səlcuqlar, Əyyubilər və Məmlukilər, İslam sənətinə yeni bir canlılıq gətirmişdilər.

İslam sadəliyi sevir, dəbdəbə və təmtərağı təqdir etmir. Onun bu xüsusiyyəti islam incəsənətində də öz əksini tapmışdır. Müsəlmanlar dünyasının sənət adamları əsrlər boyu islama xidmət edən incəsənət nümunələri yaratmışlar. Onların bu xidmətləri sayəsində islam incəsəti adı altında məşhur olan islam memarlığı, islam xəttatlığı, islam nəqqaşlığı, islam xalçacılığı və s. kimi sənət sahələri təşəkkül tapmışdır.370

İndi İslam incəsənətindən bəzilərinə toxunmaq istəyirik:
1-XƏTT SƏNƏTİ
Xətt sənəti də bəzəmə məqsədiylə işlədilərdi. Yazı ilə rəsm arasında doğma bir bağlılıq olduğu qədim Çindən bəri məlumdur. Kufədən gələn kufi yazı, adi bir düz yazı ikən xəttatlar bunu böyük bir ustalıqla işəyib, çiçəklər və başqa bəzəklərlə gözəlləşdirdilər. Beləliklə kufi yazı memarlığın əsas dekorativ ünsürlərindən biri oldu. Digər tərəfdən yazı üçün Nəsx üslubuna üstünlük verildi. Bu yazının üzərində işlənərək bəzəmə də işlədildi. Dünyanın heç bir tərəfində bundan daha gözəl bir xətt, daha gözəl bir mətbəə hərfləri ola bilməz! X əsrə doğru kufi yazı, yaxşı inkişaf etdiyinə görə demək olar ki, bütün kitabələrdə işlədilirdi.

Orta əsrdən dövrümüzə gələn müsəlman kitablarının çoxu isə nəsx xətti ilə yazılmışdır. Bunların demək olar ki, hamısı Qurandır. Müqəddəs kitabın surətinin çıxarılma işi ilahi və vəd edən bir dini fəaliyyətdir. Quranın, mükəmməl bir yazı ilə nüsxəsinin çıxarılması, sənətlərin ən əsası sayılardı. Miniatürçülər az pul ilə işləyən kasıb sənətkarlar olduqları halda, xəttatlar çox axtarılan şərəfli sənətkarlar idi. Bunlar hökmdarlardan zəngin hədiyyələr alırdılar. Yerləri də hökmdarların və dövlət adamlarının yanında idi. Bir xətt ustasının əlindən çıxmış bir yazı parçası qədəri-qyməti olmayan bir xəzinə kimi idi.

X əsrdən etibarən kitabxanalarında qara, göy, qırmızı və ya ulduz şəklində yazılmış gözəl əl yazmalarını toplayan kitab həvəskarları görünməyə başlamışdır. Həmin dövrdəki əsərlərdən ancaq bir neçəsi müasir dövrümüzə qədər çatmışdır. Qahirə kitabxanasındakı Quranların ən qədimi 784-cü il tarixinə aiddir. Bu əsərlərin bir də ən möhkəm və ən yumşaq bir dəri ilə cildləndiyini nəzərə alsaq Müsəlmanların cildçilik sənəti nümunələrinin tayı bərabəri görünməyən bir sənət əsəri olub, son dərəcə zərif motivlərlə bəzənirdi desək yanılmarıq. IX əsrdən XVIII əsrə qədər meydana gələn islam kitablarının dünyada çıxan kitabların ən mükəmməli olduğunu söyləmək hər halda şişirdilmiş olmaz.371

Ərəb yazısını estetik ölçülərə bağlı olaraq gözəl bir şəkildə yazmaq sənətinə “hüsnü-xətt” və ya sadəcə xətt deyilir. Mənbələrdə ümumiyyətlə cismani adətlərlə meydana gətirilən ruhani bir həndəsədir deyə tərif edilən xətt sənəti həmin tərifə uyğun bir estetik anlayış çərçivəsində yüz illər boyunca inkişaf edərək yaşamışdır.

İslam dinini qəbul edənlərin demək olar ki, bütün müddətlərin dini bir istəklə mənimsədiyi ərəb yazısı, hicrətdən bir neçə əsr sonra İslam ümmətinin ortaq dəyəri halına gəlmiş, əsli və başlanğıcı üçün doğru olan “ərəb xətti” zaman keçdikcə islam xətti vəsfini qazanmışdır.

Cahiliyyə dövründə “cəzb” və “məşq” deyə adlandırıldığı rəvayət olunan bu yazılar rəvayət olunan islamiyyətdən hicrətdən sonrakı bir əsr içində böyük inkişaf keçmiş və tədricən gözəlləşərək sənət yazısı səviyyəsinə yüksəlmişdir.

İslamdan əvvəlki dövrlərdə ən çox işləndiyi bölgəyə nisbətdə ən yaradıcı, Hiri, islamın doğuşunda Məkki, hicrətdən sonra Mədnəi adlarıyla çağrılan həndəsi, dik və güşəli cəzm tərzi ərəb xətti ilə kitab halına gətirilmiş, ilk mətn olan Quran dəri (parşömən) üstünə qara mürəkkəblə nöqtəsiz və hərəkəsiz biçimdə yazılmışdır.

Abbasilər dövründə getdikcə artan elm və sənət hərəkətləri sayəsində böyük mərkəzlərdə və xüsusən Bağdadda kitaba qarşı böyük bir maraq oyanmışdır. Bunları yazaraq vərraqların işlətdikləri yazıya “vərraqi, mühəqqəq” vəya “iraqi” adı verilmişdir.

VIII əsrin sonlarından etibarən xətt sənətkarlarının gözəli axtarma marağı nəticəsində ölçülü olaraq şəkillənməyə başlayan yazılar “əsli” və “mövzun” xətt adı ilə zikr edilmişdir.

Xüsusən müshaf yazımında parlaq dövrünü yaşayan və yayıldığı yerlərə görə fərqliliklər göstərən kufə xətti, cənubi Afrika ölkələrində daha da yuvarlaqlaşaraq xüsusilə Əndəlus və Məğribdə “məğribi” adıyla əhəmiyyətini mühafizə etmiş, İranda və İranın şərqində isə “məşriq kufisi” adını alaraq əqlami-sittənin (altı qələm) yazılışına qədər işlədilməyə davam etmişdir.

Yuxarıda vərraqi adı ilə zikr edilən mənsub xəttin ümumiyyətlə kitab nüsxələnməsində işlədilən və nəsxi deyilən şəklində XI əsrin əvvəllərində mühəqqəq, reyhani və nəsx xətləri yaranmışdır. Bu dövrün məşhur xəttatı İbnul-Bəvvab (vəfatı, 413 / 1022), İbni Müqlə yolunu dəyişdirmiş və bu üslub XIII əsrin ortalarına qədər davam etmişdir. Eyni yolda çalışan İbni Hazin (vəfatı 518 / 1124) Təvqi və Riqa yazılarına yön vermişdir. Nəhayət XIII əsrdə Yaqut əl-Müstə’simi (vəfatı 698/1298) əqlami-sittə deyilən sülüs, nəsx, mühəqqəq, tərqi, reyhani, riqa xəttlərini ən mütərəqqi şəkli ilə təsbit etmişdir.

Əməvi, Abbasi, Fatimi, Əyyubi, Məmluki, Səlcuqi, Elxanlı, Teymuri, Səfəvi, Ağqoyunlu kimi dövlətlər və xanədanlar dövründə həmişə əlaqə cəlb edən bir sənət olaraq görülən hüsn-xətt hökmdar və ya dövlət böyüklərinin himayəsi ilə yüksəlişini davam etdirmişdi. Məsələn, Yaqut əl-Müstə’simin hamisi olan son Abbasi xəlifəsi olan Mutasim Billah, kitab sənətlərinin öz dövründəki 40 ustadını “kitabxana” adı ilə anılan saray atelyesində toplamışdır. Teymurun nəvələrindən Qiyasəddin Baysunqur Herat sultanı Hüseyin Baykara və onun vəziri Əlişir Nəvai bu sahədə ilk ağıla gələn isimlərdir. İstanbulun fəthindən sonra xətt sənətinin liderliyini alaraq bunu beş əsrə yaxın davam etdirən Osmanlı dövlətinin hökmdarları arasında II Bəyazid, IV Murad, II Mustafa, III Əhməd, II Mahmud, Sultan Abdulməcid və Sultan Rəşad əslində xətt sənəti ilə məşğul olmuşlar. İstanbulun xətt sənətindəki müstəsna yeri İslam aləmində, “Qurani Kərim Hicazda nazil oldu, Misirdə oxundu, İstanbulda yazıldı.” ifadəsiylə tarixə həkk edilmişdir.

Xətt sənəti ilə meydana gətirilən əsər növləri, bunlardır:

Kitablar, Lövhələr, hilyələr, məscid yazıları, kitabələr, rəsmi yazılar və s.372




2-CİLDÇİLİK
Bir jurnal və ya kitabın vərəqlqrini dağılmadan və sırası pozulmadan bir araya gətirə bilmək üçün edilən qoruyucu üzlüyə cild deyilməkdə və ərəb dilində “dəri” mənasına gələn bu adı ümumiyyətlə cildlərin bu işə ən uyğun və lazım olan dəridən düzəldilmələrinə görə verildiyi məlumdur.

İslam cildi sənətinə aid ən qədim nümunələr Misir və Tunisdə tapılmış olub ehtimal ki, Tolun oğulları dövrünə (868-905) aiddir. X-XIII əsrlərdə edilən bütün islam cildləri arasında böyük bənzərliklər görünür. Bu vəziyyət XIV əsrdə də qismən davam etmişdir. Əsrin sonlarından etibarən Anadoluya hakim olan səlcuqilər, burada XII və ya XIII əsrlərdə çox gözəl cildlər meydana gətimişdilər. Rumi deyilən Anadolu səlcuqi cild üslubu XIII əsrin ikinci yarsıdından etibarən Məmluklarda, XIV əsrdən etibarən İlhamlılarda və Qaraman oğulları başda olmaqla Anadolu bəyliklərində davam etmş və eyni zamanda Osmanlı cild sənətinə keçməis təmin edilmişir. XV əsrdə Məmluk cildçiliyi ilə Osmanlı cildçiliyi arasında böyük bir paralellik müşahidə edilməkdədir. Bu əsrdə Teymurilərlə Qaraqoyunlullar və Ağqoyunlular dövründə gözəl cild qapaqları düzəldilmişdir. XVI əsrdən etibarən klassik osmanlı cildçiliyi türk və islam cild sənətinin ən böyük təmsilçisi olmuş və bu hal XX əsrə qədər davam etmişdir.

Mücəllidlərin (cildçilər) ümumiyyətlə eyni zamanda nəqqaş, müzəhhib, musavvir, təsvirçi və ya əbru ustaları olmaları və cildlər üzərində imzaya çox az rastlanması səbəbiylə bu peşənin bütün ustalarını qeyd edə bilmək qeyri-mümkündür. Orta əsr islam cildləri arasındakı ən birinci imzalı nümunə 654 (1256) tarixə aiddir. Yaxın şərqdəki cildlərdə Anadolu imzası görünməkdədir. Ayrıca bir çildçinin simvolu olduğu zənn edilən “Hasbiyallah” yazılı “Mühri-Süleyman”lı və çiçəkli möhürü və basqıları da mövcuddur.
Osmanlı hökmdarlarının oxuma sevgisi, kitab sənətinin inkişafını təmin edəcək bir vəziyyətin yaranmasına səbəb olmuşdur. Sarayda xətt, təzhih, miniatür və cild sexləri təsis edilmiş bu sexlərdə dövrün başda gələn yerli və xarici sənətkarları işlədilmişdir. Bu arada xarici sənətkarlara ayrı sexlərdə yer verərək türk kitab sənətinin xarici təsirlər altında qalmasına mane olunmuş və pozulub dəyişmədən inkişaf etməsi təmin edilmişdir.

İlk cildçilik Lonca təşkilatı, II Bəyazid dövründə (1481-1512) təsis edilmişdir. Beləliklə digər sənətkarlar kimi bir zümrə təşkil edən saray mücəllidləri (cildçiləri) əvvəlcə usta və şagird olaraq ikiyə ayrılmışdır.

Saray xaricində sərbəst çalışan cildçilər Sultan Əbdüləziz zamanına kimi hal-hazırda İstanbul universiteti Ədəbiyyat fakültəsinin olduğu yerdəki bazarda toplanmışdılar. Övliya Çələbi, XVII əsrdə Bəyazid camisinin yanındakı 100 dükanda 300 mücəllidin (cildçinin) işlədiyini qeyd etmişdir. 373
3-ƏBRU
İslam bəzəmə sənətinin hazırlama texnikası etibariylə ən cazibəlisi və ən sürətli olanı əbruçuluğun mənşəyi haqqında dəqiq bir hökm vermək qeyri mümkündür. VIII əsrdən etibarən Çində Liu Şa Şien, XII əsrdən etibarən Yaponiyada suminagaşi adı ilə buna bənzər texnikalardan istifadə edilmişdir. Bəzi çalışmalar olduğu, daha sonrakı əsrlərdə Çağatay türkcəsində “əbrə”””” adı ilə Türküstanda ortaya çıxan bu sənətin tarixi inkişafına azacıq da olsa, bir fikir verək. Türküstandan ən gec XVI əsrin əvvəlində ipək yoluna davam edərək İrana keçməsilə “əbri” adlandırılan bu sənətin həqiqətən bulud qruplarına bənzər şəkillər daşıması, buluda nisbətdə farsca bu adı doğrulamaqdadır. Osmanlı ölkəsində yaşadılan eyni ad son əsrdə türk dilinə “əbru” deyə çevrilmişdir.
XVI əsrin ortalarında Mir Məhəmməd Tahir tərəfindən Hindistanda düzəldilməyə başladığı əbruçuluğun buradan İrana və daha sonra İstanbula qədər yayıldığı da söylənir. Eyni əsrin sonlarında İstanbuldan avropalı səyyahlar tərəfindən öz məmləkətlərinə aparılan əbru kağızları ilk olaraq Almaniyada, sonra da Fransa və İtaliyada “Mərmər kağızı” və ya “Türk mərmər kağızı” adı ilə tanınıb mənimsənmiş və oralarda da işlədilməyə başlamışdır. Zaman keçdikcə İngiltərə və Amerikaya da yayılan əbru kağızı hər ölkənin sənət tərzinə görə müəyyən qədər fərqlilik qazanmışdır. Bunda işlədilən müxtəlif ləvazimatın da rolu olmuşdur.

Müasir dövrümüzdə bu sənətlə məşğul olanlar sürətlə çoxalmaqda olub əbrunun müasir dövrümüzdə qumaş, şüşə və kafel üzərində, həmçinin mücərrəd rəsm anlayışı xaricində fiqurativ rəsm üslubuyla işlənildiyi məlumdur. Bundan başqa zəmanəmizdə köhnə boyalar olmadığından bunların yerini artıq sintetik boyalar almışdır. Bu səbəbə görə rəng zövqü də dəyişikliyə uğramışdır.

Əbru kağızı qədimdən əlyazma kitablarının cildlənməsində və üz kağızı olaraq işlədildiyi kimi lövhələrin kənarlarında və s. geniş tətbiq edilir. Bunların ən gözəl nümunələrinə muzey, kitabxana və kolleksiyalarda rastlanır.

Bu sənət XVII əsrdən etibarən qərb aləminin də diqqətini cəlb etmiş Romada 1646-cı ildə “türk kağızı” adı ilə edilən ilk nəşriyyatdan bəri əbruçuluq haqqında bir çox əsər yazılmışdır.374




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin