5-BİOLOGİYA
Müxtəlif fikir və elm adamları təbiətin, xüsusilə canlı varlıqların yaranması və inkişafının öyrənilməsinə çalışmışlar.
Həmin elm adamlarından ilk dövrlərdə (VIII əsr) diqqəti cəlb edən alim ən-Nəzzamdır. Daha sonra onun tələbələrindən əl-Cahız ümumi biologiya və zoologiya mövzusunda diqqətəlayiq fikirlər söyləmişdir. “Kitabül-Hayəvan” adlı əsəri, həm zoologiya həm də biologiya baxımından olduqca mühüm yer tutur.
Daha sonra, X əsrdə başda əl-Biruni, İbn Sina və İxvanı Səfa olmaqla bir çox alimlər biologiya sahəsində mühüm fikirlər irəli sürmüşdülər. Xüsusən əl Biruninin “Kitabül Malil-Hind” və “Kitab əl Asar əl Baqiyyə" adlı əsərlərində ümumi biologiya ilə əlaqədar məlumatlara çox rast gəlirik.
Bundan başqa IX və X əsrlərdə yetişən digər alimlərdən əd-Dinavərinin (825-895) “Kitabün-Nəbat”, İbn Küteybənin (828-889) “Üyunül-Əxbar”, Məsudinin (912-957) “Mürucüz-Zəhəb” və İbn Vəhşiyyənin “Kitabül-Filaha” adlı əsərlərində ümumi biologiya ilə əlaqədar çox dəyərli məlumatlar vardır.
XI, XII və XIII əsrlərdə ümumi biologiya sahəsində fikirləri olanlardan, Əndəlusda yetişən İbn Həccacı qeyd edə bilərik. Onun “əl-Maqna” adlı kitabı diqqəti cəlb edicidir. Digər Əndəluslu əl-Qafikinin (öl. 1165) “Kitabül-Ədviyəsi”, İbn Əvvamın “Kitabül-Filahası” və əl-Nəbatinin (1171-1240) “Kitabür-Rihlə" böyük əhəmiyyət kəsb edir. Şərq İslam dünyasında biologiya ilə məşğul olan alimlərdən bəhs edərkən ilk olaraq İbnüs-Suri (1177-1242) ağıla gəlir. Onun “əl-Ədviyə əl Müfrədə”si çox mühümdür. Onun irsini İbn Baytar (öl. 1248) və Əbdüllətif əl-Bağdadi (1162-1233) izləmişdir. İbn Baytarın “Kitabül-Cami” və “Kitabül-Muğni” adlı əsərləri biologiya mövzusunda geniş məlumatlarla doludur.
XIV əsrdə ümumi biologiya mövzusunda bizə məlumat verən iki mühüm alim vardır. Bunlardan biri Əndəluslü İbn Lüyun (öl. 1349) olub, məşhur əsəri “İbdaül-Məlaha”dır. Digəri isə, əd-Damiridir (1344-1405). Onun məşhur əsəri “Həyatül-Hayəvan”da biologiyaya aid məlumatlar vardır.
Ən-Nəzzam bu günkü təkamül nəzəriyyəsinə oxşar bir nəzəriyyənin ilk təməlini qoymuşdur. Bu onun Kümun (gizlilik), Zühur (aşkarlıq) və Tədaxül nəzəriyyəsidir.
Nəzzama görə, varlıq və onun əmələ gəlməsi, təkamül nəticəsində olmuşdur. Belə bir nəzəriyyəni elm tarixində ilk dəfə ortaya atan da o olmuşdur. Bəziləri hər nə qədər təkamül nəzəriyyəsinin kökünü Qədim yunan fəlsəfəsinə, xüsusilə İyonlulara və Aristotelə aparıb çıxarsalar da, bu doğru deyildir. Çünki, “Idea of Nature”nin müəllifi Vudsidenin də dediyi kimi, Yunan fəlsəfəsində haqqında danışılan şey, varlığın bir haldan başqa bir hala bir dəfə dəyişməsidir, təkamülləşməsi deyildir. Məsələn, Aristotel də bir varlıq qüvvə halından fel halına, yəni statik vəziyyətdən dinamik, yoxluqdan sadəcə varlığa keçir, fəqət bir varlığın vaxt ərzində fasiləsiz dəyişməsi yoxdur.336 Təkamül nəzəriyyəsinin ilk dəfə yaradılması Nəzzamın adı ilə bağlıdır.
Nəzzamın fikirləri, onun məşhur tələbəsi əl-Cahız” tərəfindən bir daha elmi şəkildə əsaslandırılmışdır. Nəzzamın daha çox fəlsəfi mahiyyətli fikirləri, əl-Cahız ilə birlikdə bioloji sistem təşkil edir.
Əl –Cahız, “Kitabül-Hayəvan” adlı əsərində heyvanların yaşayışı və təkamüllərindən bəhs edir. Onların psixologiya və sosiologiyasını incələyir. Adı çəkilən əsərində əl Cahız, Lamarck və Darəin kimi müasir təkamülçülərdən tam on əsr əvvəl, onların təkamül nəzəriyyələrindən daha mükəmməl və ideal bir fikir irəli sürmüş, Ətraf mühitin təkamüldə böyük rol oynadığını, təbiətdə təbii bir seleksiya olduğunu daha gözəl bir şəkildə ifadə etmişdir. Darvinin materialist və mexaniki təkamül fikrinə qarşı, əl-Cahız, toxunduğumuz kimi, ideal bir fikir ortaya atmışdır. Belə ki, təkamülün səbəbi bilavasitə Allah Təaladır və təbiətə belə bir qanunu o qoymuşdur. O, nəzəri olaraq bilavasitə Allahın, istərsə meymunu insan, insanı da meymun edə biləcəyini açıqca ifadə etmişdir.337
6-BOTANİKA
Botanika ilə əlaqədar ilk çalışmalar və əsərlər, VIII əsrdən etibarən ortaya çıxmağa başlamışdır. Cabir İbn Həyyan, Əbu Nadir İbn Şumeyl və Əbu Zeyd Əl-Ənsari Bəsrədə, İbnül-Sıqlit də Kufədə botanika ilə məşğul olan mühüm alimlər olmuşlar. Eyni əsrdə Əbu Sə’id əl-Asmainin “Kitabül-Nəbat vəş-Şəcər” adlı əsəri çox məşhur botanika kitablarındandır.
IX əsrdə Zəkəriyya əl-Razi, İbn Cülcül, Əli İbn Abbas əl-Məcusi və Əli İbn Rəbban ət-Tabəri məşhur botanikaçılar arasındadırlar. Xüsusilə axırıncı alimin “Firdəvsül-Hikmə” kitabı çox tanınmışdır.
X əsrdə isə, İxvanı-Safanın çalışmaları diqqətə layiqdir. Risalələrində* bitkilərin təkamülü, çoxalmaları və törəmələrinə xüsusi yer ayrılmışdır. Böyük Müsəlman alimi Biruni çalışmalar və sınaqlar etmiş, xüsusilə bəzək bitki və çiçəkləri üzərində çalışmışdır. Digər tərəfdən, Böyük İslam mütəfəkkiri İbn Sinanın, “Şəfa” kitabında bitkilərə xüsusi yer verilir.
Eyni şəkildə Müsəlman İspaniyada da diqqətə layiq botanika çalışmaları aparılmışdır. Əndəluslu alimlərdən xüsusilə İbn Baccə, “Kitabül Təcribətəyn” adlı əsərində bitkilərin tibbi faydalarına toxunmuş, “Kitab fil-Nəbat” adlı əsərində isə, bitkilərin fiziologiyası ilə məşğul olmuşdur. Hətta İbn Rüşd, De Plantis üzərinə yazdığı şərhə görə o, botanika ilə də xüsusi şəkildə məşğul olmuşdur.
Daha sonra XII əsrin sonlarında İbn Baytar və əl-Qafiki bitki anatomiyası ilə maraqlanan alimlər arasında xüsusi yer tutur. Orta əsrin ən böyük botaniki və əczaçısı İbn Baytarın (1190-1248), 1400-ə qədər bitki və dərmanı anladan kitabları XVI əsrə qədər bütün dünyaya mənbəlik etmişdir. İbn Əvvam (XII əsr) əkinçilik kitabı ilə ortaəsr boyunca elm dünyasına özünü tanıtmışdır.338
Dəmiri (1349-1405), 1069 heyvanı incələdiyi əsərində zoologiyaya zənginlik qazandırmışdır. XIII əsrdə Misirdə Əbdüllətif əl-Bağdadi Misirdəki bitkilərin quruluşunu və xüsusiyyətlərini məşhur əsəri “Kitabül-İtibarında” anlatmışdır.
XIV əsrdə də bəzi mühüm botanika çalışmaları vardır. Şəmsəddin ən-Nuveyri, Həmdullah Mustəvi, əl-Cüzuli və əl-Vərdi həmin dövrün qabaqcıl botanikaçılarıdırlar. İbn Əsirin “Tuhfətül-Əcaib” adlı kitabı da məşhur əsərlər arasındadır.339
Daha sonra İslam dünyasının müxtəlif yerlərində botanika mövzusunda müxtəlif əsərlər yazılmışsa da, bunlar ümumi olaraq daha az orijinal və əvvəlkilərin təkrarı kimidir.
Botanika mövzusunda Biruni bitki çiçəkləri üzərində xüsusi çalışmaları ilə diqqəti çəkir. Biruni, çiçəklərin taç yarpaq sayının 3,4,5,6, və 18 olduğunu, 7 və 9 taç yarpaqlı heç bir çiçəyin normal şəraitdə olmadığını təcrübədən keçirmişdir. Bitki çiçəklərinin yarpaq sayının ədədi aritmatik silsiləyə yox, həndəsi silsiləyə uyğun olduğunu söyləmişdir.340
İbnül-Vəhşiyyə və İbnül Əvvam İslam aləminin yetişdirdiyi böyük əkinçi və botanikaçılarındandır.
Bitkilər və ağaclar arasında sevgi və nifrət vardır. Bəzi bitkilər və ağaclar bir-birlərini sevir, bəziləri də yox. Məsələn, İbn Vəhşiyyə, “Nəbatların Əkinçiliyi” adlı kitabında belə deyir: “Surətləri arasında oxşarlıq olan tərəvəz bitkiləri bir-birinə kömək edərlər, simpatiya hiss edərlər və yaxşı inkişaf edərlər. Halbuki bir-birləri arasında oxşarlıq olmayanlar, əksinə bir-birinə antipatiya hiss edərlər, bir-birlərini zəiflədir və inkişafına mane olurlar.”341
Eyni fikirlər, yüz illər sonra, bəzi İtalyan Piza Universitetinin botanikaçıları tərəfindən bu günlərdə yeni bir nəzəriyyə imiş kimi ortaya çıxarılmışdır. İtalyanların, Müsəlmanların fikirlərinin təsirində qaldıqlarını söyləmək heç də çətin deyil. Çünki İbnül-Əvvamın “Kitabül-Filaha” adlı əsəri 1802-ci ildə İspaniya dilinə və 1864-cü ildə də Fransız dilinə tərcümə edilmişdir. Həmin tərcümələr Avropada böyük rəğbət qazanmışdır.342
Dostları ilə paylaş: |