1.2. Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyü
1.2.1. Avropa İttifaqının yaranması və Birləşmiş Krallığın mövqeyi
İkinci dünya müharibəsi dövründə Böyük Britaniyanın Baş naziri Çörçil
ikiqütblü dünyanın və ideoloji qarşıdurmanın yaxınlaşdığını ilk hiss edən liderlərdən
biri idi. O bu prosesləri dünyanı kapitalizm və kommunizm düşərgələrinə bölən
“dəmir pərdə” kimi qiymətləndirirdi. Çörçil 19 sentyabr 1946-cı ildə İsveçrənin Surix
şəhərindəki çıxışında Avropa dövlətlərinə müraciət edərək, onları “Avropa Birləşmiş
Ştatları”nı qurmağa çağırdı. Surix çıxışı səbəbindən o “Avropanın atası” kimi
xatırlanır. Ancaq Britaniyalı jurnalist və siyasi şərhçi Hugo Youngun dediyi kimi “O
həm də Britaniyanın Avropada rolu ilə bağlı anlaşmazlıqların banisidir. O Avropanın
Britaniyanı, Britaniyanın da özünü səhv anlamasına səbəb oldu”. [44] Onun nitqinin
sonuna diqqət yetirdikdə aydın olur ki, Çörçil Böyük Britaniyanı bu birliyin
içərisində görmür. Onun səhv anlaşılan nitqi sadəcə Avropa ölkələrini, xüsusən
Fransa və Almaniyanı əməkdaşlığa sövq etmək və ancaq Britaniyanın daxil olmadığı
Avropa Birləşmiş Ştatlarını yaratmaq məqsədi daşıyırdı.
“Bu çox təcilidir. Fransa və Almaniya liderliyi ələ almalıdır. Böyük Britaniya
Britaniya Millətlər Birliyi, Amerika və inanıram ki, Rusiya yeni Avropanın
sponsorları və dostları olmalı və onun yaşamaq və dirçəlmək hüququnu
dəstəkləməlidir”. [41]
Çörçilin nitqindən aydın olur ki, o Böyük Britaniyanın yerini bir-biri ilə
qarşılıqlı təmasda olan üç güc mərkəzinin – Avropa, Amerika və özünün əvvəlki
müstəmləkələr Birliyinin ortasında olan əlaqələndirici kimi görürdü. Çörçilin
fikrincə, məhz Britaniya bu üç mərkəzi bir-birilə bağlayan əlaqələndirici rolunu
23
oynamalı idi. Şübhəsiz ki, Britaniya bu üç mərkəz ilə öz milli maraqlarına uyğun
olaraq münasibətlər qurmuşdu və onlardan heç biri Britaniyanın gələcək siyasi
perspektivləri baxımından dominant rol oynamırdı. Britaniyanın Birləşmiş Avropa
Ştatlarının yaradılmasında maraqları demək olar ki, Amerikanın maraqları ilə üst-
üstə düşürdü. Belə ki, Britaniya öz qonşuluğunda yerləşən bu dövlətlər arasında
sülhün, sabitliyin təmin olunmasını və qorunub saxlanılmasını istəyirdi. [2]
Britaniyanın Avropa Birliyinin yaranmasında mövqeyi “Məhdud öhdəlik” kimi
xarakterizə olunmuşdur. (David Gowland, Arthur Turner, Alex Wright tərəfindən)
“Məhdud öhdəlik” (Limited Liability) (1945-55) konsepsiyası daha çox Böyük
Britaniyanın Avropanın müdafiəsində minimal hərbi öhdəliyini nəzərdə tutsa da,
bəzən müharibədən sonra Avropanın yenidən qurulmasında iştirakını və Avropaya
inteqrasiyanı da xarakterizə edirdi. Bu ilk dəfə 1949-cu ilin yanvarında Whitehall
rəsmilərinin yekun sənədində öz əksini tapmışdır. Clement Attlee rəhbərliyində
Britaniya Nazirlər Kabineti bunu təsdiq etmişdir:
“Bizim siyasətimiz Avropanın bacardığımız qədər tez bərpasına kömək
etməkdir... Ancaq bu konsepsiya məhdud öhdəliklə olmalıdır. Heç bir halda bu kömək
Avropanın tənəzzülü halında bizi ABŞ üçün önəmli müttəfiq olmağa mane
olmamalıdır... Biz suverenliyimizi təslim edən və bizi geri dönüşü olmayan yola
salacaq “əməkdaşlıq” tədbirlərinə başlamamalıyıq”. [31, 18-19]
Müharibənin təsirləri və müharibə sonrası Britaniyanın qlobal mövqeyi və
resursları onun Avropa siyasətini müəyyənləşdirdi. Britaniyanın Avropa siyasətinin
formalaşmasına və məhdud öhdəlik konsepsiyasının rəhbər tutulmasına bir neçə
faktor təsir etmişdir.
Birincisi, müharibədən sonra Britaniyanın bir çox Avropa dövlətləri üçün
uyğun olmayan öz milli strategiyası və ya müharibənin mənfi nəticələrinin aradan
qaldırılması üçün xüsusi yolu var idi. Bu çərçivədə Birləşmiş Krallığın malik olduğu
resursların müstəsna əhəmiyyəti var idi. Resurslar dedikdə Britaniya Millətlər Birliyi
bazarları, müstəmləkələr, Londonun maliyyə mərkəzi mövqeyi, geniş silahlanmış
ordu və nüvə silahınının əldə olunmasını sıralamaq olar. Britaniyanın sahib olduğu bu
24
üstünlüklər onun super güc kimi əhəmiyyətini artırır və Avropanın onun iqtisadi
cəhətdən bərpa olunmasında rolunu önəmsiz edirdi. Britaniyanın bu mövqeyi 1947-ci
ildə ABŞ-ın Marşal planına cavab olaraq verilmişdir. Britaniya hökuməti edilən ABŞ
yardımını ölkənin Avropa əməkdaşlığına cəlb olunma şərti olmadan əldə etmək
tərəfdarı idi. Böyük Britaniya hökuməti, həmçinin ABŞ-dan Birləşmiş Krallığı digər
Avropa dövlətlərindən fərqli şəkildə, qlobal güc olaraq tanımasını istəyirdi. ABŞ
hökuməti hər iki yanaşmaya etiraz etsə də Britaniya siyasətçiləri Truman
administrasiyana Birləşmiş Krallığının dünya iqtisadiyyatında xüsusi yet tutduğuna
dair təsirlər etməyə çalışırdılar. [31, 20]
Digər müəyyənedici faktor isə Britaniyalıların Avropanı Britaniya xarici
siyasətinin qlobal miqyasının sadəcə bir hissəsi kimi görməsi idi. Bu yanaşmaya görə
Avropa qitəsi dünyanın böyük əksəriyyətini təşkil etmədiyindən onun Britaniyanın
xarici siyasətində də xüsusi bir yeri yoxdur. Britaniyalılar tarix boyu özlərini
Avropanın bir parçası kimi görməmişlər, britaniyalı siyasətçilər də Britaniyanı
Avropa inteqrasiyasının bir aktoru kimi deyil, Avropa ilə ABŞ arasında əməkdaşlığı
təmin edən qlobal güc kimi dəyərləndirirdirlər. Bu yanaşmaya baxmayaraq Bevin
1948-ci ilin yanvarında Britaniyanın da daxil olduğu Qərb İttifaqının yaradılması
təşəbbüsünü irəli sürmüşdür. Ancaq 2 il ərzində 1950-ci ilin aprelinə qədər Bevin
Avropanın müstəqil bir ərazi vahidi olmadığına və Qərb ittifaqı konsepsiyasının öz
yerini daha geniş konsepsiya olan Atlantik Ortaqlığına verməsinə inandırıldı. Bəzi
tarixçilər və siyasi şərhçilər Bevinin bu cəhdini qərb dövlətləri və SSRİ arasındakı
münasibətlərin pozulması kontekstində və Avropalıların Sovet planları ilə bağlı
qorxularının artdığı dönəmdə ABŞ hərbi qüvvələrini Qərbi Avropaya qayıtmağa
təşviq edilməsi kimi dəyərləndirirlər. İzaha görə, Qərb İttifaqı kollektiv müdafiə
tədbirləri görsə də, realda ABŞ-ın hərbi yardımına ehtiyac vardır. [31, 21]
1948-ci ilin mart ayında Britaniya, Fransa və BENİLÜKS ölkələri arasında
Brüssel sazişi imzalandı. Bu sazişə görə 5 dövlət hər hansı bir üzv dövlətə hərbi
hücum olarsa hərbi və digər istiqamətdə kömək göstərməyi, həmçinin, yaradılmış
Brüssel Müqaviləsi Təşkilatı (Brussel Treaty Organization) vasitəsi ilə iqtisadi, sosial
25
və mədəni istiqamətdə əməkdaşlıq etməyi öz öhdələrinə götürdülər. [6] Böyük
Britaniyanın bu addımını Atlantik Alyansına keçid və ABŞ-la xüsusi münasibətlərin
canlandırılması kimi dəyərləndirmək olar. 1949-cu il 4 aprel tarixində Şimali
Atlantika Müqaviləsinin imzalanması bunu sübut etmişdir. [31, 22]
İkinci Dünya Müharibəsindən sonrakı ilk illərdə Britaniya ticarətində Britaniya
Millətlər Birliyi ölkələrinin həcmi 50% idisə, Avropa sadəcə 20%-lik paya sahib idi.
Bundan başqa, Britaniya Millətlər Birliyi ölkələri sterlinq zonasına daxil olduğundan
Britaniya mərkəzi bankir rolu oynayırdı və beynəlxalq ödənişlərin 50%-i məhz
sterlinqlə ödənildiyindən Britaniya dünya ticarətində əsas oyunçulardan biri idi.
Avropa İqtisadi Birliyinin yaranmasından Birləşmiş Krallığın ona üzv olmasına
kimi olan müddət (1956-1972) bəzi mütəxəssislər tərəfindən (David Gowland, Arthur
Turner, Alex Wright) “iztirablı yenidən dəyərləndirmə” adlandırılır. Bu müddətdə
xəzinə rəsmiləri müşahidə etdilər ki, Britaniya Avropanı qorumaq üçün yox özünü
qorumaq üçün Avropaya yaxın olmalıdır. [31, 42]
Spaak komitəsi 1956-cı ilin mart ayında vahid bazarın yaradılması haqqında
hesabat yayımladı. 2 ay sonra hesabat altı ölkənin xarici işlər nazirləri tərəfindən
təsdiqləndi. Sonradan intensiv hökumətlərarası danışıqlar 1957-ci ilin fevralına kimi
Roma müqaviləsinin hazırlanmasına kimi davam etdi. 1958-ci ilin yanvarında
qüvvəyə minən bu sazişlə Avropa İqtisadi Birliyi (European Economic Community)
və Avropa Atom Enerjisi Birliyi (European Atomic Energy Community) yaradıldı.
Avropa İqtisadi Birliyi əmtəə, kapital, əmək və xidmətin azad hərəkəti ilə vahid
bazarın yaradılması üçün planlaşdırılmışdı. Gömrük birliyinə doğru mərhələləi
inkişaf əsas məqsəd idi. [6] Vahid Kənd Təsərrüfatı Siyasətinin (Common
Agricultural Policy) formalaşdırılması növbəti əsas prioritet kimi müəyyənləşdirildi.
Avropa İqtisadi Birliyinin ilk tariff endirimi 1959-cu ilin yanvar və noyabr aylarında
baş verdi. [31, 44]
Eyni ildə Avropa Birliyinin formalaşmasının son mərhələsində Böyük
Britaniya Avropa Kömür və Polad Birliyinə alternativ olaraq Avropa Azad Ticarət
Assosiasiyasını da yaratdı. Birləşmiş Krallıq daxil olmaqda Avropanın 7 dövləti
26
Stokholm konvensiyasını imzaladı. (1959 iyul). [6] Beləliklə, 1959-cu ilin sonunda
Qərbi Avropa 2 ticarət blokuna bölündü.
Britaniya hökumətinin AİB ölkələrinə qarşı siyasətinin əsas xarakteristikası
əslində Plan G kimi tanınan Avropa Azad Ticarət Assosiasiyası (AATA) təklifinin
kökündə yatır. Plan G Avropa İqtisadi Əməkdaşlıq Təşkilatını kənd təsərrüfatı
malları deyil, yalnız manufaktura malları üçün tarifdən azad ticarət blokuna
çevirməyi təklif edirdi. Ancaq burada qeyri AATA ölkələri üçün vahid tarif
olmamalı, həmçinin, iqtisadi inteqrasiya daha çox dərinləşməməli idi. Britaniya
hökumətinin Ticarət Heyəti və Xəzinəsi bu təklifin başlıca müəllifləri idilər və onlar
növbəti illərdə AİB ölkələrinə qarşı Britaniya siyasətini formalaşdıran əsas hökumət
departamentləri oldular.
Başlanğıcda Plan G Avropa İqtisadi Birliyini xüsusi, ayrı bir qrup kimi görmür,
hətta, Avropa Azad Ticarət Assosiasiyasının AİB ölkələrini də əhatə etməsi
planlaşdırılmışdır. Plan G-nin əsas mahiyyəti Britaniyanın Millətlər Birliyi ölkələri
ilə ticarətini zəiflətmədən Avropa ilə daha sıx tarif assosiasiyası qurması idi. [31, 44-
46]
Azad Ticarət Assosiasiyası (ATA) təklifi üzrə aparılan hökumətlərarası
danışıqlar 1958-ci ilin noyabrında Fransa tərəfindən qoyulan veto ilə kəsildi. Kənd
təsərrüfatı ticarətinin təklif olunan ATA layihəsinə daxil edilməməsi layihənin qəbul
olunması üçün əsas əngəllərdən biri idi. Ümumi bazara vahid kənd təsərrüfatı
siyasətinin daxil edilməsi üçün təkid edən Fransa Britaniya istehsalı malların ümumi
bazara maneəsiz girişini Fransa kənd təsərrüfatı mallarının Britaniya bazarına girişi
olmadan qəbul edə bilməzdi. Bundan başqa, Fransızlar təkif edirdilər ki, Britaniya
eyni zamanda iki fərqli ticarət klubuna (Ümumi bazar və Millətlər Birliyi) məxsus ola
bilməz. 1958-ci ildə ATA danışıqları gömrük ittifaqının azad ticarət zonası
çərçivəsində necə idarə ediləcəyi haqqında texniki suallara görə yarımçıq qaldı.
Sonralar Böyük Britaniya Avropa İqtisadi Birliyinə belə bir mövqe
tutduğundan peşman olaraq, özü bu birliyə daxil olmağa cəhdlər göstərdi. Amma
Fransa iki dəfə də bu cəhdin qarşısını alaraq, Britaniyanın Avropa Birliyinə onun
27
daxil olmasına imkan vermədi. Britaniya yalnız üçüncü cəhddən – Avropa Birliyinə
onun daxil olmasına qəti etiraz edən Fransa prezidenti Şarl de Qolun vəfatından sonra
– Birliyə üzv qəbul edildi. Nəhayət, Böyük Britaniya anladı ki, Avropa Birliyinə
daxil olmaq ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. [48]
Dostları ilə paylaş: |