3
Giriş
Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi
kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən
prioritet
fəaliyyət sahəsidir.
Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı
potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının,
estetik
tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın
qorunmasına
həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin,
şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
Anadan olandan məktəbə gedənədək olan dövr uşağın ən sürətli fiziki və əqli
inkişafı, bütün sonrakı həyatı boyunca hər bir insan üçün
zəruri olan keyfiyyətlərin
formalaşması dövrüdür. Bu dövrün özəlliyi ondan ibarətdir ki, o, gələcəkdə hər hansı bir
bilik əldə etmək üçün təməl olan bilik, bacarıq və müxtəlif fəaliyyətlərin
mənimsənilməsi
dövrüdür. Bu mərhələdə nitqin inkişafı, riyazi və məntiqi təfəkkürün inkişafı, ətraf aləmlə
tanışlıq, təsviri fəaliyyət, musiqi və fiziki inkişaf üzrə ilkin bilik və bacarıqlar formalaşır.
Məktəbəqədər yaşın sonunda uşaq məktəblinin yeni
sosial rolunu qəbul etməyə,
təhsil fəaliyyətini, xüsusi və ümumiləşdirilmiş biliklər sistemini mənimsəməyə hazır olur.
Həmçinin uşaqda məktəbə psixoloji və şəxsi hazırlıq formalaşır.
Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda,
dövlət
maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir,
ümumi təhsilə hazırlığını təmin edir.
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak
etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır.
Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişlərin mənimsənilməsi, mənəvi
və estetik hisslərin oyanması dövrüdür.