3. Biznesin qloballaşması ənənələri.
«Qloballaşma» anlayışı elmi dövriyyəyə yaхın vaхtlarda daхil edilmişdir. Belə bir fikir mövcuddur ki, ilk dəfə bu termin elmi nəşrlərdə 1983-cü ildə istifadə olunmuşdur. Bu terminin mənşəyi latın sözü «qlobus» (Yer, yer kürəsi) ilə bağlıdır. Bu anlayış haqqında ədəbiyyat aхını fonunda ciddi elmi təhlil aparılan fəlsəfi-nəzəri əsərlərin qıtlığı gözə çarpır. Sözü gedən fenomen daha çox iqtisad və sosiologiya elmləri tərəfindən tədqiq edilmişdir.
Qloballaşma mövzusunda son dövrlərdə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çox müxtəlif səpkili tədqiqat əsərləri çap olunmuşdur. Bu problem üzrə ölkəmizdə nəşr olunan ən sanballı əsər Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı monoqrafiyasıdır. Bu əsərdə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda gedən proseslərin səciyyəsi verilmiş və ümumiyyətlə qloballaşma haqqında elmi-nəzəri təlimlərin məğzi açıqlanmışdır. Bununla belə, bəşəriyyəti narahat edən bir sıra problemlərin başqa prizmalardan da açıqlanmasına böyük ehtiyac vardır. Xüsusən dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın mövqeyi çox önəmlidir. Keçmiş sosialist məkanından dünyaya açılan pəncərədən baxdıqda, müasir Qərb prioritetlərinə də nə kimi fərqli münasibətlər ola biləcəyini təsəvvür etmək mümkün olur.
Yeni iqtisadi münasibətlər sisteminə sosialzmdən keçən bir ölkə olaraq Azərbaycanın yaşadığı sosial-iqtisadi təbəddülatlar və inkişaf perspektivləri MDB ölkələri ilə xeyli dərəcədə oxşardır. Lakin bununla belə, təkcə Rusiya və Azərbaycan üçün, hətta bütün keçmiş sosialist platforması üçün deyil, bütövlükdə bəşəriyyət üçün təhlükə törədə biləcək qlobal problemlərin birgə səylərlə öyrənilməsinə böyük ehtiyac vardır.
Tanınmış Rusiya fəlsəfəçisi, professor A.N.Çumakovun “Qloballaşma. Bütöv dünyanın konturları” adlı monoqrafiyası məhz bu baxımdan böyük elmi-nəzəri və fəlsəfi dəyərə malikdir.
Qloballaşma prosesinin məğzini düzgün anlamaq üçün ilk növbədə sivilizasiya və mədəniyyət (culture) anlayışlarının fərqləndirilməsi lazımdır. Belə ki, ümumplanetar miqyas kəsb edən əslində sivilizasiyadır, çünki o, öz təbiəti etibarı ilə bütün bəşəriyyətin inkişafını ifadə edən prosesdir. Mədəniyyət, xüsusən, mənəvi mədəniyyət isə müxtəlif xalqlar üçün fərqli olur. Lakin buna baxmayaraq, təəssüf ki, bir çox tədqiqatçılar qloballaşmanı məhz milli mədəniyyətləri də əhatə etdiyini göstərməyə çalışırlar. Məsələn, S.Hantinqton sivilizasiyanı dil və dinlə əlaqələndirməklə mədəniyyət və sivilizasiya arasındakı fərqi faktiki olaraq nəzərdən qaçırmış olur. Digər amerikan ideoloqu Piter L.Berqer də uyğun mövqedən çıxış edir. Təsadüfi deyildir ki, onların birgə redaktorluğu ilə nəşr olunmuş “Çoxüzlü qloballaşma. Müasir dünyada mədəni müxtəliflik” adlı kollektiv monoqrafiya da həmin ideya əsasında yazılmışdır. Burada, məsələn, mədəni qloballaşmanın hind variantından, Macarıstanda, Türkiyədə, Çilidə mədəni qloballaşmadan bəhs edən məqalələr toplanmışdır.[2] Belə çıxır ki, hər bir xalq öz yolu ilə qloballaşmaya doğru gedir. Yəni bu hadisə heç də məhz Amerikadan başlayan və bütün dünyaya transfer edilən bir proses olmayıb, bütün ölkələrin mədəniyyətlərini ehtiva edir və bu zaman hər bir xalq özü sanki qloballaşmanın bir subyekti olur.
Qloballaşma fenomeni əslində dörd mərhələli tarixi bir prosesdən keçib: sənətkarlıq, manufaktura, mexanikləşmə və avtomatlaşdırma[2].
Sənətkarlıq dövründə əmək ən əhəmiyyətli istehsal vasitəsi olub. Bazarda əmtəə-əmtəə mübadiləsi hökm sürüb.
Manufaktura mərhələsində isə əmək sahibi, əvəzində istehsal etdiyinin bir qismini almaq şərti ilə əməyini satır və ya müəyyən bir əmək haqqı alırdı.
Mexanikləşmə dövründə əmək gerçək mənada ilk dəfə texnologiya ilə tanış oldu. XIX əsrin 80-ci illərində gerçəkləşən məhsuldarlıq inqilabı, bu mərhələdə fəhləni (proletariatı) işçiyə çevirdi. Mexanikləşdirmə böyük ölçüdə əməyi əvəz etməyə başladı. Dolayısı ilə əmək keyfiyyət dəyişdirərək müxtəlif mexaniki qurğuları, ehtiyatları, nasazlıq və problemləri nəzarətdə saxlayan bir mövqeyə gəldi.
Avtomatlaşdırma mərhələsində isə daha əvvəl aşağı keyfiyyətli əməyin gördüyü və ya görə bilmədiyi demək olar ki, bütün işləri müasir robotlar artıqlaması ilə yerinə yetirirlər.
1950-ci illərdə idarəetmə inqilabı gerçəkləşdi. A. Tofflerə görə, sənətkarlıq və manufaktura mərhələlərini əhatə edən əkinçilik inqilabı (birinci dalğa) ən əhəmiyyətli istehsal faktoru olaraq torpaq və əməkdən istifadə etməkdə idi. Mexanikləşmə və avtomatlaşdırma mərhələlərini əhatə edən sənaye inqilabı (ikinci dalğa) isə kapitalı ən əhəmiyyətli istehsal faktoru halına gətirdi. Təqribən XX əsrin 90-cı illərindən yaşanan üçüncü dalğa isə istehsal prosesində informasiyanın əsas rol oynadığı dövrdür. Yaşanan prosesdə əmək yekcins və standart olmaqdan çıxaraq informasiya işçisi, menecer, bəşəri və sosial kapital, fiziki işçi kimi müxtəlif şəkillərə bürünüb. Hazırda qloballaşma adlandırılan proses müxtəlif dövrlərdə müxtəlif xalqlar, hətta müəyyən şəxslər tərəfindən həyata keçirilib. Makedoniyalı İsgəndərin, Atillanın o vaxt məlum olan demək olar ki, bütün əraziləri işğal etməsi, müəyyən tarixi dövrlərdə müəyyən dillərin hegemonluğu (Yunan, Latın, Ərəb və s.) mahiyyətcə qloballaşma sayıla bilər. Sadəcə bugünkü qloballaşma özünün həyata keçirilmə vasitələrinə görə fərqlənir. Əgər daha əvvəllər qloballaşma silah, qorxu vasitəsi ilə həyata keçirilirdisə, hazırda bu informasiya vasitəsilə həyata keçirilir.
Dostları ilə paylaş: |