AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 117,11 Kb.
səhifə2/3
tarix01.01.2020
ölçüsü117,11 Kb.
#30033
1   2   3
fidan


Qoşmalar haqqında Bəkir Çobanzadə yazır:

Qoşmalar qismən şəkilçilərə bənzərlər, qismən də yarım sözlərdir. Ümumiyyətlə bunlar damara yapışmaz, səscə damara uymazlar. Bunlar türkcədə sözün sonuna əlavə olunduqları halda rus, fransız kimi dillər də sözün başında gəlirlər, bunun üçün də bunlara söz önləri də deyilir.

1.İlə qoşmasıdır ki, bəzi yerlərdə şəkilçilər kimi işlədildiyindən, qrammatika kitablarımızın bəzilərində məf΄ul məə adıyla isim hallarından birisi olaraq göstərilməkdədir. Şəkilçi rolunu oynadığı zaman la, lə şəklini alır. Birinci şəklində əlavə olunduğu sözlə nə sevti cəhətdən, nə də vurğu xüsusunda uyuşmadığı halda, ikinci şəkildə bütün bu şərtlərə cavab verir(16,114).məs:

a)Mənim ilə, adam ilə, bıçaq ilə

b)Mənim+lə, adam+la, uşaq+la, bıçaq+la.

2)Ötrü qoşması- Məf΄ul ənh (çıxışlıq hal)ında olan sözlərə əlavə olunur: məs: məndən ötrü, puldan ötrü.

3)Görə qoşması. Bu şəkilçinin zəifləməsi ilə bu söz də qoşma halına gəlmişdir. məs: mənə görə, qonşuya görə, yazmasına görə.

4)Yincə-yınca, incə-ınca qoşmaları eyni zamanda şəkilçilərin əlamətlərinə mailkdirlər. məs:

Ged-incə, ard-ınca, oku-yunca, üşü-yüncə, dinlə-yincə.

Qədər, nəzərən, rəğmən kimi ərəbcədən və başqa dillərdən dilimizə girmiş olan sözlər də qoşma kimi işlənir.

5)Sız, siz, suz, süz qoşmaları da eyni surətlə həm qoşma, həm də şəkilçidir. məs:

a)On-suz olmaz, sən-siz yaparız. b)Yerli-yersiz, bilgili-bilgisiz.

6)Üçün eynən ilə qoşması kimi üçün şəklində qoşma olduğu halda çun-çün, çın-çin şəklində şəkilçi xidmətini görür. məs: a)Uşaqlar üçün, onun üçün b)onun+çün

7)Mi-mı, mu-mü qoşması da şəkilçi kimi işlənir, əlavə olunduğu sözə sorğu mənasını verir. məs: gəldi+mi, aldı+mı, gəldi+mi.

8)Ça-çə, ca-cə qoşmaları ifadəyə verdiyi mənalar, nisbət, tərz, miqdar sözlərilə anladıla bilir. məs: mən-cə. Bu qoşma tərz mənası ifadə etdiyi zaman buna sına, sinə əlavə olunur. məs: mərd-cəsinə, insan-casına.

9)Kibi, kimi qoşmaları yalnız bir şəklə malik təmiz qoşmalardandır. məs: mənim kibi, onun kimi.

10)Tək, dək qoşmaları məna və rol etibarilə kimi qoşmasının eynidir və yalnız bir şəklə malikdir. məs: mənim tək, sənin tək

11)Cən-cək, tən-dək. Bu qoşmalar məna etibarilə bir-birinin eynidir. Yavaş-yavaş ədəbi dildə bunların yerini ərəbcə qədər sözü tutmaqdadır. məs: indiyə+dək, indiyə+cən.



Bağlamalar qoşmalara görə daha az müstəqil söz parçalarıdır. Bağlamalarda şəkli xarici cəhətdən damarla əlaqəsi çox zəifdir. Türk dilində cümlə quruluşunun, söz tərkiblərinin təbiətinə görə bağlamalar çox azdır. Ümumiyyətlə sözlər bağlamasız bir-birini təkib edərlər:

Ana-baba, qohum-qardaş, ər-arvat, at-araba.

Bu gün istər ədəbi, istərsə də xalq dilində bulunan bağlamaların bir neçəsi müstəsna olmaq üzrə, əksəriyyəti ərəb və fars dillərindən alınmışdır.

Türkcədə işlədilən bağlamaların başlıcası bunlardır(16,118).

1.Də-da bağlamaları, səs uyuşması altına düşmüş yeganə bağlamalardır. Bu bağlamalar dəxi bağlamasının ixtisar edilmiş şəklindən başqa bir şey deyildir.

Bu bağlama cümlədə bir çox rollara malikdir: versən də olur, verməsən də, gəl də gör. 2.Və bağlaması ərəbcədən keçmiş olmaqla bərabər ədəbi dilimizdə çox geniş yayılmışdır. Əvvəlcə ərəb və fars sözlərində işləndiyi halda yavaş-yavaş türkcə sözlər arasında da işlənməyə başlamışdır:

Pişik və uşaq, qapı və pəncərə.

3.Nə...nə və ya nə, nə də şəkillərində işlənən bağlama mənfi mənada işlənir:

Nə bu, nə o, nə gələn var, nə gedən, nə pul qaldı, nə də sağlıq.

4.İstər....istər, gərək kimi təkrar yolu ilə işlədilən bağlamalar türk-tatar dilində olduqca boldur.

a)gərək insan, gərək heyvan, gərək erkək, gərək dişi.

b)İstər al, istər alma, istər gəl, istər gəlmə.

5.Ya, gah kimi farsca və ərəbcədən dilimizə keçmiş bəzi bağlamalar da belə təkrar surətilə işlədilir.

a)Ya bu dəvəni güdməli, ya bu diyardan getməli.

b)Gah ağlar, gah gülər.

6.Bunlardan başqa türkcədə işlənən amma, lakin, çünki, əgər, ki bağlamaları ərəb və fars dillərindən alınmışdır. Çünki, əgər, ki bağlamaları çox artıq yayılmış və türkcə söz qrupları içərisində əsaslı surətdə yerləşmişdir.



Nidalar haqqında da danışan alim yazır:

Nidalar əksəriyyətilə bəsit bir takım sözlərdən ibarətdir ki, həyəcanı, hökmü ifadə edərlər. Canlı dildə bulunan nidaları qeyd etmək, hərflər və yazı ilə göstərmək çox gücdür(16,119). Dilçi alimlərin fikrincə dilin ibtidai şəkli bu nida sözlərindən ibarət idi. Dil bütün bir cümlə yerini tutan nida sözlərinə malik idi. Bunun üçündür ki, bütün dünyada bulunan və bulunmuş dillərdə nida sözləri vardır. Bundan başqa bütün dillərdə nida sözləri bir-birinə oxşayır. Nida sözləri insanın qüvvətli həyəcanından doğmuşdur. Qüvvətli sevinc və ya ələm insan nə qədər mədəni olur olsun, bu gün də bir çox nida sözləri çıxarır.

Bu həyəcan iki cür ola bilir. Onlara nəzər salaq:

a)İnsan xaricdən aldığı təsirləri belə səslərlə ifadə etməyə çalışır və ya başqasının diqqətini cəlb etmək, ona bir şey göstərmək, anlatmaq məqsədini güdür. Bunun kimi nida sözlərinə müraciət yaxud təsviri nida sözləri deyilir.

b)digər bir hissəsi də insanın daxili həyəcan və hislərini ifadəyə yarar ki, bunlara da həyəcani nidalar deyilir. Nida sözlərinin bu hissəsi bəsit və ibtidai hesab olunmalıdır. Daha müfəssəl məlumat üçün oxucu dil əsərlərinə müraciət edə bilir.

Türkcədə nida sözlərindən yaranmış bir çox müstəqil sözlər, feillər, isimlər, sifətlər vardır. Bunlar əsasən, şey və hadisələrin hər hansı bir xarakteristik xüsusiyyətini səs vasitəsilə təsvir, təqlid etməkdən meydana gəlmişdir. məs:

Ağlamak, susmak, gurultu, haydı.

Nida sözlərinin bir qismi səs etibarilə bəsit, digər bir qismi mürəkkəbdir. Professor Deni bunların bir taslağını cızmışdır ki, səs uyuşması və bəsitlik, mürəkkəblik cəhətdən bunlar arasında münasibəti göstərdiyindən, burada söyləməyi münasib gördük: məs:

A, ha, ay, hay, a+ha=aha, ə+hə=əhə, ay+hay=ayhay, ey+hey=eyhey.

Nida sözlərinin çoxu bütün xalqlarda vardır və ümümidir.

Bəkir Çobanzadə qrammatika bölməsinə daxil olan feil haqqında da danışır. O yazır:

Bəkir Çobanzadənin fikrincə, dilimizdə ən zəngin işlənmə imkanlarına malik sözlər fellərdir. Feillər istər qrammatik, istərsə də leksik funksiyası baxımından dilimizin ən aktiv vahidləridir: “Feillərinin dürlülüyü və zənginliyi etibarilə türk dili bütün lisançıların diqqətini cəlb etmişdir. Türk dilinə feil dili demək mümkündür. Bəsit feil damarlarının şəkilçiləri üç zamana görə üç cürdür:

a)Ur-ür, ır-ir şəkilçisidir ki, azəri ləhcəsində hal mənasını ifadə edən feil şəkillərinin istehsalında işlədilir. məs: gəlir, sürür, yazır və s.

b)di-dı, du-dü, ti-tı, tu-tü şəkilçiləri keçmiş zaman mənasını verən feil şəkilləri meydana gətirməyə xidmət edər: məs: yazdı, oldu.

Miş-mış, muş-müş şəkilçisi də əsas etibarilə mazi olmaqla bərabər onun mənaca başqa bir növünü ifadə edər.

c)acaq-əcək, yacaq-yəcək şəkilçiləri də gələcək zamanı bildirmək üçün işlədilir. məs: gəl-əcək, var-acak, başla-yacaq, de-yəcək.

Bu üç şəkildən başqa türk feillərinin bir çox ikinci dərəcəli şəkilləri vardır. Bunlar feilin işin zamanca və hərəkətcə mümkün dəyişmələrini əks etdirməyə, qeyd etməyə yararlar.

Feil şəkillərindən biri şərt şəklidir. İsə, sa, sə şərt mənasını verən feil şəkillərini meydana gətirir. Bu şəkilçilər başqa feil şəkilçiləri alan digər bütün sözlərə, hətta sifət və isimlərə əlavə oluna bilir. məs: yaz-sam, yazacak-sam. Azəri ləhcəsində sa-sə şəkilçisi iki dəfə təkrar olunur, bu təqdirdə birinci şəkilçinin cansızlandığı anlaşılır. məs: varır+sam+sa, gedər+səniz+sə.

Dilçi alim yazır: A, ə, ya, yə feili iltizami adı verilən feil şəkillərini əmələ gətirir. məs: yaz+am, yaz+asan, yaz+alım, yaz+alar.

Vücub feili deyilən feil şəkilləri malı-məli şəkilçiləri ilə düzəlir. məs: oku+malı, get+məli.

Feillərin inkarı haqqında danışan alim yazır. Feillərin inkarı ma-mə şəkilçiləri ilə düzəlir. məs: aldım-almadım, gəldim-gəlmədim.

Bu misallardan da göründüyü kimi mənfi şəkilçi feil köklərinə yapışır. Feildən başqa heç bir söz bu şəkilçini qəbul eləməz.

Feil şəkillərindən biri də əmr şəklidir. Üçüncü şəxs əmr şəkilçisi sın-sin, sun-sün şəkilçilərini alar. məs: var, varsın, gör, görsün. Mənfi şəkli: var+ma, varmasın, gör+mə, görməsin.

Ol feili də yardımçı rolunu görə bilir. Bu vəzifə də müxtəlif şəkillərə malik əsli feillərə əlavə oluna bilir. məs:

1.Yazmış oldum, yazmış olacağam 2.Yazar oldum 3.Yazacak oldum 4.Yazmakda oldum.

Bil feili də eyni surətlə yardımçı rolunda buluna bilir. Buna sərf kitablarında feili-iktidari deyilir. Nümunələrə nəzər salaq: Gözləyə bildi, yaza bildi, başlaya bildi.

Eylə, ol, et(it), bul, kıl feil damarları xüsusən ərəb, fars və başqa əcnəbi dillərdən türkcəyə keçmiş sözlərdən feil şəkilləri meydana gətirmək üçün istifadə olunur. məs: xəbər etdim, ərz eyləmək, əmələ gəldi və s.

Kal, gəl, yaz, gör, dur, ver və sairə kimi feillərdə yardımçı feil parçaları, ünsürləri kimi işlənir. məs: yaz-a-dur, çık-a-gəl və s.

Mürəkkəb feil şəkillərinə nəzər salaq:

1) Hekayə:gəzəcək idim, gəzər idim, gəzmiş idim.

2) Rivayət:kalar imiş, kalmış imiz

3) Şərt:kalmalı isə(sa), kalmış isə(sa).

Söz qrupları haqqında danışan alim yazır. Söz qruplarının məna etibarilə bəzi növləri göstərilməkdədir. İndiyə qədər yazılmış sərflərimizdə isim və sifət adları ilə ancaq bu növlərdən bəhs edilmişdir. Başlıca iki qrup vardır(16,125).

1)Təyini qrup

2)İsimlər qrupu

Təyini qrup bir təyin edici, bir də həmişə bundan sonra gələn təyin olunan ünsürdən yaranar. məs: yüksək ev, uzun yol.

Bu qrupda da iki hissə var.

1)bəzən sifət ifadə edən bir söz ikincisini təyin edər. məs: yüksək ev, uzun yol

2)birinci söz ikincinin mütəmmimi xidmətini görür(sözün doğrusu,malın ucuzu)

Sifət xidmətini türkcədə müxtəlif sözlər görə bilir.

Onlara diqqət yetirək.

a)kəskin bıçaq, qızıl bayraq, ağıllı adam.

b)gələn müsafir, utanan tələbə, çalışqan uşaq

c)Qara dağ, Ağ dəniz

ç)bu kişi, o kitab

d)bir gecə, min manat, yüz nəfər.

İki və ya daha çox isimdən təşkil olan qrupa isimlər qrupu deyilir. Bu növ söz qruplarının özünə məxsus xüsusiyyətləri vardır:

a)isimlərin qrup içindəki tərtibi bəzi hallarda ixtiyaridir.

b)bu isimlərin arasına şəkilçilər daha asanlıqla daxil oluna bilir.

c)bu qruplar bir şəxs və ya onun hər hansı xassəsini bəyan edərlər.

İsimlər qrupu türkcədə ən azı iki sözdən meydana gəlir. məs: Yoldaş Əhməd, Sultan Səlim.

Eyni surətlə: Əhməd yoldaş, Səlim Sultan ola bilir.

Sintaksis haqqında danışan alim bəzi məqamları qeyd edir. O yazır: Cümlə təşkil edən söz qrupu həmişə bir hökm ifadə edər. Bu surətlə hökmdə iki təsəvvür bulunduğu kimi cümlədə də mübtəda, xəbər tapmaq lazım gəlir.

Lakin hökmü təşkil edən hər iki təsəvvürün ifadə olunması şərt olmadığı kimi, bəzən bir sözlə də cümlə təşəkkül edə bilir. Cümlənin iki mühüm ünsürü var:

1)mübtəda

2)xəbər


Xəbər həm feillərdən, həm də isimlərdən yapılır. Birinci halda cümləyə feil cümləsi, ikinci halda isə isim cümləsi deyilir. Yəni müasir dilçiliklə əlaqələndirsək feili xəbər və ismi xəbər.

Mübtəda isimlərdən yapılır. Mübtəda ya cümlənin başında və ya başına yaxın bir yerdə bulunur. Bu qayda çox az halda nəsrdə, lakin xüsusən şeirdə pozulur. məs:

Şirvanın yastı yolu

Su gəldi basdı yolu

Gedirdim dost görməyə

Zalımlar kəsdi yolu.

Yuxarıda qeyd etdiyimiz kimi cümlədə hər zaman həm mübtəda, həm də xəbər bulunmaz. Əgər mübtəda və xəbər hər ikisi cümlədə sözlə ifadə edilmiş olursa, belə cümlələrə tam cümlə deyilir. Əgər xəbər və mübtədadan birisi ifadə edilmiş isə bu növ cümlələrə naqis cümlə deyilir. Məsələn, yavaş!. kimi canlı dildə işlənən sözlər naqis cümlələrdir. Naqis cümlələrə çox dəfə ədəbiyyatın pyes, şeir növlərində rast gəlinir.

Cümlələri bundan başqa bir də əsli və ya baş cümlə və tabe cümlə deyə iki qismə ayrılır. Türkcədə cümlədə bulunan ünsürlər bundan ibarətdir(16,129).

1)Xəbər 2)Mübtəda 3)ilavələr(müstəqim və qeyri-müstəqim)

4)təyini ünsürlər.

İsmi cümlələrdə xəbər, ya bir isim, sifət və ya feilin ismi şəkillərindən birisi ola bilir:

a)Sifət olur: Danışmaq gümüş olsa, danışmamaq qızıldır.

b)İsim olur: Hər quş öz yuvasının ağasıdır. Qəssab yağ dərdində, keçi can dərdində.

c)Zəmir olur: Bu uşaq mənimdir. Bunu yapan mənəm. Cümlə feili olduğu zaman xəbər həmişə şəxsli bir feildən ibarətdir. Bu feil mürəkkəb və sadə ola bilir: məs.

Məktubu yazdı, postaya saldı.

Bizə qalmamızı təklif etdilər.

Ümumiyyətlə feil müfrəd halında bulunur. Lakin mübtəda qeyri-müəyyən olduğu zaman cəm halında buluna bilir.

Mübtəda yerini cümlədə ümumiyyətlə hal şəkilçiləri ala bilən sözlər tutarlar.

a)Əsil isimlər və isim kimi işlənən sifət sözləri. məs:

Uşaq gördüyünü götürər.Acın qarnı doyar, gözü doymaz.

b)Feil şəkillərindən hal şəkilçiləri ala bilənləri. məs:

Yemək yaşamaq üçündür, yaşamaq yemək üçün deyil.

Bəzi hallarda cümlədə mübtəda ifadə edilməmiş olar, bu da şəxsi zəmirləri olan feillərlə cümlələr təşəkkül etdiyi zaman olur: məs:gedirəm, getdim, yazacağam və s.

İfadənin qüvvətli və açıq olması üçün bəzən zəmir təkrar olunur. məs: mən getdim, sən demişsən.

Cümlədə bulunan ünsürlərin az-çox tabe olduğu bir tərtib vardır:

a)Ümumiyyətlə cümlədə bulunan ilavələr xəbərə təəllük edər. Buna görə türkcədə cümlələrdəki mümkün olan tərtibi bu sxem ilə göstərmək mümkündür. b)İlavələrə gələcək olursaq bunların da özünəməxsus sırası vardır:

1)Vaxt və zaman,rabitə və ya zərfləri

2)Qeyri-müstəqim ilavə

3)Müstəqim ilavə.

Demək ki, bütün cümlə bu tərtibdə olur.

ç)Tabe cümlələr. Türkcədə dilin əsas quruluşu nəzəri etibara alınacaq olursa, tabe cümlələr az bulunur. Tabe cümlələr eyni zamanda sa, sə şəkilçiləri ilə yapılan feil şəkilləri ilə də meydana gətirilir. məs:

Nə desəm, yalan olur. Sözünü dinləməzsə, israr etmə.

Kəmiyyət (cəm və müfrəd) mübtəda ilə xəbər bir-birilə uyğunlaşa bilməz. məs: Yağmurlar yağdı, baharlar olub keçdi, onlar bir daha görüşmədi və ya hadisələr getdikcə tərsinə inkişaf etdi.

Bəkir Çobanzadə dilçiliyin fonetika (səs bəhsi,onun təbirincə desək sevtiyyat) bölməsindən, eləcə də qrammatika bölməsindən danışdığı kimi leksika bölməsindən, xüsusilə də (lüğət və mana dəyişmələrindən) geniş şəkildə bəhs etmişdir. O yazır ki, sevtiyyat, şəkliyyat və nəhvin öyrənilməsi ilə bir dil tamamilə tətqiq edilmiş sayılmaz. Dildə bulunan hər bir sözü ayrı-ayrı tədqiq etmək lazımdır. Hər sözü, ayrı-ayrılıqda tədqiq edən elmə etimolozi deyilir. Lakin indiyə qədər yalnız sözlərin əsilləri ilə məşğul olan etimolozi, bu sözlərin müasir qiymətlərini tapmaqda böyük bir fayda verməmişdir. Çünki, sözlərin tarixlərini bilmək o sözlərin bugünki vəziyyətini izah etməyə yaramaz. Lüğət haqqında danışan dilçi alim yazır:

Lüğət ilə qrammer arasında böyük bir rabitə və bağ yoxdur. Bəzi dillərin lüğətləri dəyişdiyi halda qrammerləri olduğu kimi qalır. Hər bir sözün qiyməti, o sözün mənasından, şeyləri və hadisələri təsbit etmək üçün gördüyü xidmətdən ibarətdir.

Lüğət üzərində tədqiq və müşahidə sözlərin mənaları üzərində yapılacaq müşahidə deməkdir. Dilçiliyin məna və onun həyati qanunları ilə məşğul olan şöbəsinə semasiolozi və ya semantik deyilir. Hər dildə bir sözün bir neçə və ya bir çox mənası olur.

Bunlardan birisi baş məna olub, qalanları ikinci dərəcə mənadır. Baş məna ilə ikinci dərəcəli mənalar arasında daima bir qarşıdurma vardır. Sözün birinci baş mənasına əsli, ikinci mənalarına məcazi deyilir. Əsasən bütün dillərdə bu gün işlədilməkdə olan sözlərin mənaları qəti surətdə deyə bilərik ki məcazidir. Zamanla bu sözlərin əsli mənaları yox olub, onların məcazi mənaları yerini tutmuş, bunların da yəni əski məcazi mənaların yerini yeniləri almışdır. Mənaların həyatı durmadan əslidən məcaziyə keçməkdən ibarətdir. Daha doğrusu əsli və məcazi mənaları qəti surətdə ayırmaq mümkün deyildir, yəni məcazi olsun, əsli olsun, sözə verilən hər bir məna daxilidir, xaricdə onun qarşılığı yoxdur. Ümumiyyətlə mənalar Çobanzadənin yazdığına görə daha tez dəyişirlər. Bu dəyişmələr daha qarışıq amillərin təsiri altında meydana gəlir.

Bunun üçün dilin semasiolozi şöbəsi çox ağır surətdə inkişaf edir. Sözlərin məna dəyişmələrində ruhi, zehni xasiyyətləri göz önündə tutmaq lazım gəlir. Zehnimizdə sözlər mənalarına görə də bir neçə qrupa ayrılır.

Bu qruplara girmiş olan sözlər daimi olaraq zehnimiz işlədiyindən bir-birlərinə yaxınlaşır və uzaqlaşırlar. Başqa sözlə deyəsi olsaq, sözlər bir qrupdan digər qrupa keçirlər. Bu surətlə də mənalar dəyişir. İndiyənədək ancaq üç cür məna dəyişməsi qeyd olunmuşdur(16,146).

1)mənanın genişlənməsi

2)mənanın darlaşması

3)mənanın intikalı. Gəlin bunların nə olduğuna nəzər salaq.

Mənanın genişlənməsi bir sözün əsli mövzudan daha geniş mövzuda işlənməsidir. məsələn: arslan, odun, daş, batmaq (ay və günəş haqqında), məktəb, kitab kimi sözlərin mənaları genişlənir. Kitab sözü bu gün basmalara da kitab deyilir. Məktəb əsas mənası yazı yazılan yer olduğu halda bu gün(hər növ fənlərin tədris və təlimi), tülkü(hiyləgərlik). Mənanın darlaşması sözün adi mövzunun, adi surətdə verdiyi ifadə dairəsinin kiçilməsi deməkdir. Qızıl(altın), göy(səma), darülfünun(əsli mənası fənlər yeri, evi, indi isə ali məktəb).

Mənaların intikalı bir sözün bir mövzudan digərinə keçirilməsi deməkdir. Hər sözün bir çox mənası vardır(16,147). Xüsusilə ədəbi dillərdə məna çoxluğu deyilən bir hadisəyə rast gəliriz. Hər şair, alim bir çox sözləri öz üslubuna görə xüsusi mənada işlədir. Türk ədəbi dilində daha çox söz bolluğuna rast gəlirik. Bunun da səbəbi ərəb-fars dillərindən alınmış sözlərdir. məs: kişi-adam, insan, səma-asiman-göy, siyah-qara. Təbii, diqqətlə baxılırsa, bunlardan, yəni əcnəbi dillərdən keçmiş olan sözlərdən bəzilərinin işlənməsində fərqlər olduğu görüləcəkdir. məs:kişi(erkək), adam(ümumi), insan(yaxşı adam).

Bəkir Çobanzadə öz yaradıcılığında terminologiya məsələlərinə də aydınlıq gətirir. O, Azərbaycan dilçiliyi tarixində terminologiya məsələləri ilə bağlı ilkin və sanballı elmi əsərlərin müəllifidir. Onun simasında dilçiliyin terminologiya sahəsi araşdırıldı və özünün imkanlarını genişləndirdi. B.Çobanzadə terminlərin yaranmasında iki mənbəni əsas hesab edir:

1. ana dili

2.əcnəbi dillər.

O, bu barədə belə düşünür: 1. Ana dilindən süni surətdə termin yaratmaqdan çəkinmək, çünki belə terminlər çox vaxt müvəffəqiyyətsiz olur və dildə qarışıqlıq yaradır. 2.Ərəb-fars dillərindən alınmış terminlərlə qarşılıqlı əlaqəni kəsmək 3.Ərəb-fars dillərindən alınmış olan terminlərdən yalnız elələrini saxlamaq lazımdır ki, onlar ümumxalq leksikonuna daxil olmuş, vətəndaşlıq hüququ qazanmış olsunlar(34,23). B.Çobanzadə qeyd edirdi ki, başqa dillərin terminlərinə geniş yer verərək dili korlamaq olmaz. Lakin ehtiyac hiss olunarsa bu və ya başqa bir xalqın sözünü işlətmək olar. Bu o şəraitdə mümkündür ki, həmin alınacaq sözlər gündəlik həyatda hamıya rast gəlmiş olsun.



II Fəsil

BƏKİR ÇOBANZADƏNİN DİLİN TƏDRİSİ METODİKASINA AİD ARAŞDIRMALARI

2.1. Bəkir Çobanzadənin Azərbaycan dilinin tədrisi ilə bağlı metodiki görüşləri

Dilin tədrisi metodikası məsələləri Bəkir Çobanzadənin yaradıcılığının əsas ana xətlərindən birini təşkil edir. Professor Bəkir Çobanzadə Azərbaycan dilinin tədrisi metodikasının banisidir. Görkəmli dilçi – metodist olan A.Abdullayev alimin əsərlərini yüksək qiymətləndirmişdir. Bəkir Çobanzadənin metodiki irsinin geniş şəkildə araşdırılmasına hələ də ciddi ehtiyac hissi duyulur.

Bəkir Çobanzadənin Azərbaycanda elm, tədris sahəsində əvəzsiz xidmətləri olmuşdur. Bəkir Çobanzadə dilçilik elminin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün postsovet ölkələrində yenilikçi, novator, dərin intellektual səviyyəyə malik alim kimi şöhrət qazanmışdır. 1920 və 1924-cü illərdə Krımda yaşayıb-yaratmasına baxmayaraq, alimin sonrakı həyatı Azərbaycanla bağlı olmuşdur. Türkoloq alim 1924-cü ildə Bakıya dəvət edilir və türkologiyanın, Azərbaycan filologiya elminin inkişafında misilsiz xidmətlər göstərir. Bəkir Çobanzadə dilçilik, ədəbiyyatşünaslıq, türk dillərinin tədris metodikası kimi bir çox sahələrə aid sanballı əsərlər yazmışdır. Beləliklə, o Azərbaycan elminin inkişafına təkan vermişdir. B.Çobanzadə Azərbaycan dili və ədəbiyyatının nəzəri məsələlərini təqdiq etməklə kifayətlənməmiş, həmçinin onların orta və ali məktəblərdə tədrisi metodları haqqında qiymətli əsərlər, dərsliklər, məqalələr yazmışdır. Onun dilimizin, ədəbiyyatımızın tədrisi üsulları haqqındakı fikirləri bu gün üçün də aktualdır. Bu alimə qədər dilçiliyə, ədəbiyyatşünaslığa dair əsərlər yazılmışdı, lakin dilin və ədəbiyyatın tədrisi metodikası haqqında dərsliklər demək olar ki, yox dərəcəsində idi. Azərbaycanda sovet hakimiyyəti qurulana qədər hələ maarif, məktəb sistemi inkişaf etməmişdir, dil və ədəbiyyat fənni məktəblərdə öz mövqeyini tuta bilməmişdi. Əsrin əvvəllərində Bəkir Çobanzadə Azərbaycan dilçiliyində böyük bir məktəb yaratdı. O, dilçiliyə dair əsərlər yazmaqla yanaşı, dilimizin qrammatikasını tədqiq etməklə yanaşı, onun öyrədilməsi məsələsi ilə də məşğul olur, dilin metodikası, tədrisi üsullarına aid əsərlər yazırdı. Bəkir Çobanzadə irsinin gənc araşdırıcısı Pərvin Eyvazov yazır:

“B.Çobanzadəyə qədər Azərbaycan dilinin qrammatikasına dair daha çox məktəb metodikası səviyyəsində bir sıra əsərlər yazılsa da, onlar həm elmi cəhətdən zəif idi, həm də yeni tədris və təlim metodları üçün köhnəlmişdi. Elə buna görə də tədris prosesinin müasir tələblərinə uyğun yeni dərslik yaratmaq məsuliyyəti görkəmli alimin üzərinə düşmüşdür, alim qrammatik qanunlar haqqında, yeni qrammatikanın əsasları haqqında da qiymətli fikirlər söyləmişdir”.

B.Çobanzadənin 1926-cı ildə “Türk dili və ədəbiyyatının tədrisi üsulu” əsəri çap olundu. Əsər öz dövrü üçün böyük əhəmiyyət kəsb edirdi. Bu əsərdə əks olunan müddəalar müasir metodika üçün bu gün də aktualdır. Bu əsər Azərbaycan dilində çapdan çıxmış, ən mükəmməl metodik əsərlərdən biri sayılmalıdır. B.Çobanzadənin bu kitabı məktəblərdə Azərbaycan dilinin tədrisinə aid ilk metodik vəsaitdir. Əsər 17 fəsildən ibarətdir. Bunlara daxildir.

1) Başlanğıc, 2) Dil və fəlsəfə, 3) Dil bilgisinin və türk lisanının əsasları, 4) Dilin məktəblərdə əski və yeni mövqeyi, 5) Səs və hərf, 6) Əlifbanın öyrədilməsi, 7) Əlifbasız oxutma, 8) Əlifba dərsi nümunələri, 9) İnşa və kitabət, 10) Türk sərfinin tarixçəsi və s. Əsərin bu cür fəsillərə bölünməsindən aydın olur ki, o dil tədrisi məsələlərini əhatə edir. Dilçi alim bu əsərdə dilin tədrisi metodikasına dair əsas mətləbləri açıqlamağa nail olmuşdur. O, böyük türkoloq kimi belə hesab edirdi ki, dil dərsləri şagirdlərə yalnız ana dili dərsliklərindən kiçik materialları tədris etməklə kifayətlənməməlidir. Dil dərsləri şagirdlərin hərtərəfli inkişafına kömək etməlidir. Əlbəttə, burada müəllimin məharətindən, dərsi şagirdlərə çatdıra bilmək qabiliyyətindən çox şey asılıdır. Pis metodla əyləncəli mövzunu belə şagirdlərə mənimsətmək olmaz. Əgər müəllim bir mövzunu şagirdlərin ruhuna, savad dərəcəsinə uyğun şəkildə tədris edirsə, belə müəllimin dərsi maraqlı və mənimsəmə faizi yüksək olur. Professor dil dərslərinin aşağı səviyyədə keçirilməsinin səbəblərindən biri kimi “komkpleksçilər” in dilə, onun məktəblərdəki mövqeyinə səhv qiymət vermələrində görürdü. “Kompleksçilər” dil dərslərini guya qrammatik qanunlara aludə olub həyatdan uzaqlaşmaq kimi dərk edirdilər.

B.Çobanzadə “kompleksçilərin” bu fikirləri ilə razılaşmır, yazır: Müasir dərslərin cansıxıcı olmasının birinci səbəbi dil dərslərinin məktəblərdə lazımi mövqe “tuta bilməməsi”, digər səbəbi isə dil dərslərinin adi,sadə üsullarla keçirilməsidir. O, bir metodist kimi şagirdlərə dilin elmi əsasları haqqında məlumat verməyi lazım bilirdi. Alim yazırdı ki, orta məktəbdə dil və ədəbiyyat haqqında adi məlumatlar verib elmin əsaslarını darülfünunun kurslarına saxlamaq düzgün deyil. Çünki şagirdlərin hamısı məktəbi bitirəndən sonra darülfünun, ali məktəblərə daxil ola bilmir. Əgər orta məktəb onlara dil haqqında düzgün elmi biliklər verə bilmirsə, başqa elmi və sənət sahəsini seçən şagirdlər ana dilini və ədəbiyyatı heç bilməyəcəklər. Alim hər hansı ixtisas sahibi olursa-olsun, ondan mükəmməl yazmaq bacarığı, ana dilində mükəmməl danışmaq qabiliyyəti tələb edirdi. Alim belə hesab edir ki, çünki ana dilini yaxşı bilməyən insan nə başqa fənləri, nə də başqa dillləri öyrənə bilər. Məktəblərdə dil tədrisinə əhəmiyyət verən professor müəllimin də vicdanından çox şey asılı olduğunu göstərirdi. O yazır ki, müəllim öz ixtisasını sevməsə, dili də şagirdlərə sevdirə bilməz. Həmçinin o yazır ki, dil dərslərinə lazımi vaxt verilməzsə, ən təcrübəli müəllim də müvəffəqiyyyət qazana bilməz, dilçilik elminin əsaslarını şagirdlərə öyrədə bilməz. Bu kitabın dil və fəlsəfə hissəsində yazır. Demokrit üçün dil ixtiyari bir şey idi, adlar əşyanın təbiətinə bağlı deyildi. Platon isə sözün ixtiyari yolla meydana gəldiyini qəbul etmir. Ona görə, hər səsin müəyyən mənası var. Aristotelin fikrincə söz insanın ruhundakı dəyişiklərin əksindən başqa bir şey deyildir. Epikür və onun davamçıları isə dili təbii hadisə hesab edirlər. Şleyxerin belə bir fikri vardır. Dilsiz, sözsüz fikir, vücudsuz ruh kimidir, ola bilməz. Humbolt dili xalqın ruhu hesab edir. Kitabın əlifba tədrisi hissəsində alim yazır. Əlifba tədrisi elmə ilk girişdir. Dərsin təməli əlifbadan başlayır. İlk metodik üsul əlifbadan başlamadır. Əlifbanı tədris edərkən müəllim əgər kiçik bir səhvə yol versə, o, məqsədinə çata bilməz. Alim əlifba tədrisində əyaniliyə böyük əhəmiyyət verir. Əyanilik dedikdə hər bir hərf keçilərkən həmin hərfin aid olduğu səsi düzgün tələffüz edən adam şəkli göstərmək lazımdır. Kitabın digər bir hissəsi yazı və doğru yazma adlanır. Alim orta məktəbdə aparılan yazı işlərinin vəzifəsini şagirdlərin mükəmməl yazılı nitq vərdişinə yiyələnməsində görürdü.

Yazı işləri diqqətin tərbiyə edilməsində mühüm rol oynayır. Alim yazı işləri apararkən şagirdlərin xüsusiyyətlərini nəzərə almağı lazım bilir.

Alimin fikrincə aşağı siniflərdə köçürmə imla yazmaq daha faydalıdır.Yuxarı siniflərdə isə nisbətən mürəkkəb yazı işləri aparmaq lazımdır. Şagirdlərə imla yazdırarkən müəllim onlara diqqətli olmalarını deyil, həmçinin düzgün yazmağı vərdiş etdirməlidir. Alim yazır ki, şagirdin düzgün yazması üçün düzgün diktə edilməlidir. Şagirdləri düzgün yazmağa alışdırmaq məqsədilə iri hərflərlə yazılmış hər hansı şüarı və ya mətni köçürtməyi məsləhət bilirdi. Digər hissə isə Türk dili kabineti adlanır. Burada alim yazır ki, dil dərsləri quru olmamalıdır. Alim dil dərslərinin laboratoriya şəraitində keçirilə biləcəyinə inanır, bunun vacibliyini qeyd edirdi. Texniki, təbiət kimi fənlər laboratoriya şəraitində keçirilir, bu onların tədrisini asanlaşdırır. Dil dərslərində də buna ehtiyac vardır. Çünki bu zaman şagirdlər həm müşahidəçi, həm də tədqiqatçı olurlar. Türk dili kabinetində nələr olmalıdır? Alim bunları qeyd edir. məs: dil dərsləri üçün lazım olan alətlər, doğru yazma, imla cədvəlləri, dilin inkişafına xidmət edən alətlər, sərf cədvəlləri, kitablar və s. Bu gün mövcud olan dil kabinetləri bunlardan təşkil olunub. Bu da alimin metodik mülahizələrinin bu gün də əhəmiyyətini itirmədiyinə dəlildir. B.Çobanzadə1928-ci ildə “Türk dili” kitabını yazır. Kitabda “Qısa mədxəl” adlanan “Giriş” hissədə türk dili və onun şöbələri haqqında məlumat verilmişdir. Digər bölmələrdə söz, sözün kökü və şəkilçi, söz yapıcı və söz dəyişdirici şəkilçilərdən, zərf və köməkçi nitq hissələri haqqında məlumat verilir. Bu kitabın məqsədi özbaşına çalışacaq olan oxucuya, bir tərəfdən türk dilinin əsas qanun və qaydaları haqqında məlumat verməkdirsə, digər tərəfdən bu qayda və qanunları öyrənərək türkcə doğru oxuyub yazmanı təmin etmək kimi göstərilir. Əsər daha çox türk dilini, Azərbaycan dilini tədris edən müəllimlərə metodik tövsiyələr vermək üzərində qurulmuşdur. Kitab özündə bir çox mövzuları birləşdirir. Bunlardan biri və ən genişi “Türk dilinin tədrisi üsulu” adlanır. Burada türk dili dərslərinin necə təşkil olunması, türk dilini tədris etməyin metodları göstərilir.

Kitabdakı bölmələrdən biri olan Türk dilinin tədrisi üsulu hissəsində türk dili dərslərinin təşkili ilə bağlı aşağıdakı məsələlərə yer verilir:

1.Dilin məktəblərdəki əhəmiyyəti.

2.Əlifbanın öyrədilməsi üsulları.Bunlar öz növbəsində iki yerə bölünür:

1)Höccələmə üsulu

2)Sövti üsul.Sövti üsulun özünün də üç üsulu göstərilir.a)tərkibi üsul, b)təhlili üsul, c) qarışıq üsul.

3)Uşaqlarda danışığın inkişafı.Bunun da üç mərhələsi göstərilir.

a)təbiət haqqında müsahibələr

b)ailə,məktəb haqqında müsahibələr

c)proqramdakı mövzular üzrə müsahibələr.

Və nəhayət 4-cü məsələ əlifbanın öyrədilməsində başqa üsullar.Bunlara daxildir. a)sövti təqlid üsulu, b)məxrəclər üsulu, c)bütün şəkillər üsulu.

Alim yazır, yalnız öz dərsini bilən müəllim əsl müəllim sayılmır. O həm tədris üsulu məsələlərinə əhəmiyyət verməli, həm də dərsin şagirdlərə təlim edilməsi yollarını bilməlidir. Türk dili müəllimi dilin məktəblərdə nə kimi əhəmiyyəti vardır? sualına konkret cavab verməyi bacarmalı, aşağıdakıları bilməlidir:

-Dil olmazsa, insanların çalışması, əmək mövcud ola bilməz.

-Dil maraqlı üzvi və ictimai hadisələrdən biridir.

-Dil cəmiyyəti tutan bağlardan biridir, insanlar arasında ünsiyyət vasitəsidir. Dilsiz insan cəmiyyəti mövcud ola bilməz.

Dilin məktəblərdəki yeri bu üç cəhətlə təyin edilir. Bu zaman sual meydana çıxır ki, müəllimin vəzifəsi nədir? Müəllim şagirdlərin danışığına əhəmiyyət verməlidir. 1-ci sinifdə dil dərslərində dərslər uşaqlarla danışıq üzərində qurulmalıdır. Belə sorğunu müəllim müəyyən plan vasitəsilə götürməlidir. 4-cü sinifdə mövzular daha da genişləndirilir. Bütün bunlardan aşağıdakı nəticələr çıxır:

1.Şifahi nitqin inkişafı dil tədrisi sahəsində əsas məqsədlərdən biridir. 2.Bu məqsədlə dil dərsləri bütün siniflərdə müsahibə, məruzə üzərində qurulmalıdır. 3.Müəllim hər sinifdə şifahi nitqin inkişafı üçün quracağı müsahibələri əvvəlcədən tərtib etməlidir.

“Türk dilinin üsulu” bölməsi özü də iki hissədən ibarətdir.

“Qiraət, inşa və kitabət” hissəsində oxu, qiraət, oxunun texnikası, ifadəli oxu, inşa və kitabın əhəmiyyəti kimi məsələlərə, oxumaq üsullarına aydınlıq gətirmişdir. Oxumağın əhəmiyyətindən danışan alim oxumağı məktəblərdə yeganə məlumat və tərbiyə mənbəyi hesab etmir. O yazır, oxumağın əhəmiyyəti təkcə məktəb sıraları ilə məhdudlaşa bilməz, bu mümkün deyildir(10,73). Yazmaq insanın öz fikirlərini, duyğularını bildirməsi baxımından əhəmiyyətlidirsə, oxumaq insanın təcrübə, biliklərindən faydalanmaq baxımından mühümdür. Mədəni xalqlar kitabsız heç bir dəqiqə belə vaxt itirmirlər, əyləncə yerlərində, parklarda, bir sözlə hər yerdə kitab oxuyurlar. “Türk-tatar xalqlarında oxumanın pək aşağıda qaldığını görmək mümkündür. Müəllif yazır, savadlıların heç şübhəsiz, doxsan faizi əlinə kitab almır. Müəllif gələcəkdə müəllim olacaq şəxsləri bu barədə düşünməyə təhrik edir. “Türk dilinin tədrisi üsulu”nun “İmla və yazı” bölməsində yazının tədrisi, təlimi ilə bağlı maraqlı üsullardan bəhs olunur. Yazı dildən sonra təlimdə ikinci təməldir. Alimin yazdığı “Türk dili” kitabı çox əhəmiyyətlidir. Bu kitabın “Türk dilinin tədris üsulu” hissəsində alim həm yazıldığı dövr üçün, həm də müasir dövrümüz üçün vacib, aktual məsələlərə toxunmuş, tövsiyələrini vermiş, Azərbaycan dilinin tədrisi metodikası elmini öz təqdiqatları ilə zənginləşdirib inkişaf etdirmişdir. Türk dilinin tədrisi üsulu”nun “Dil üzərində müşahidə yolları” hissəsində alim daha maraqlı bir problemə diqqət çəkir. Burada aşağıdakı məsələlər tədqiq edilir: ana dilinin məktəblərdəki yeri, ədəbi dilin öyrənilməsi yolları, indiyə qədər mövcud olan sərf və nəhv metodikasındakı yanlışlıqlar, dil üzərində müşahidə yolları və s. O yazır ki, ana dilinin məktəblərdəki yeri dilin həyatdakı yeri ilə bağlıdır. Dil kollektiv istehsalın ən əhəmiyyətli vasitələrdən biridir. Buna tarixdə və əsərlərdə açıq şahidlər, dəlillər vardır. “Ədəbi dilin öyrənilməsi yolları” bəhsində alim ədəbi dilin nə olduğuna diqqət çəkməyi tövsiyə edir, deyir ki, bir ölkədə hər guşənin özünəməxsus bir şivəsi olar. Bu şivədə səslər də, mənalar da özünü göstərir. Ədəbi dil ümumidir. Milyonlarca insanı olan bir dövlətin hər tərəfində başqa cür yazılır və başqa cür tələffüz olunur. Məktəblərin əsas vəzifəsi uşaqlara bu dili əldə etmələrinə yardım etməkdir.

Bundan sonra alim ədəbi dili iki yerə bölür.

a)Bədii əsərlərin dili

b)Elmi əsərlərin dili.

1932-ci ildə Çobanzadə Türk dilinin metodikası adlı əsərini yazır. Bu əsərdə sözün məna cəhətinə yüksək qiymət verilir. Bu əsər politexnik məktəblərində dil dərslərinin tədrisi üsullarına, türk dilinin qeyri-türk məktəblərində tədrisinə dair tövsiyələrdən ibarətdir. Türk dilinin tədrisindən danışarkən alim imla və düz yazma məsələlərini vacib hesab edir. Burada yazı və imla nədir, yazının inkişaf dövrləri, yazını əldə etmə üsulları, imla əsasları kimi məsələlərə yer verilir.Yazının keçdiyi inkişaf dövrləri göstərilir. Onlara daxildir. 1.təsviri dövr, 2.ideoqrafi dövrü, 3.hecayi dövr, 4.hərfi və sövti dövrü.

Çobanzadənin dilə, onun tədrisi metodikasına dair məqalələri bu gün də mühüm əhəmiyyət kəsb edir. Bakı Dövlət Universitetində dərs demiş alim, ana dilinin tədrisində olan çatışmazlıqları aradan qaldırmağa çalışmış, bu sahədə bir sıra dərsliklər yazmışdır. Alimin bu baxımdan “Türk dili sərflərinin ümumi qüsurları” adlı məqaləsi maraqlıdır. Alim məqalədə Azərbaycan dilinin tədrisi ilə bağlı müxtəlif problemlərə toxunur, onların həllinə dair öz fikirlərini irəli sürür. Professor Bəkir Çobanzadə bu məqaləsində dilin öyrədilməsi üsulları, dilin öyrədilməsində ailə, məktəb mühitlərinin rolu, sərf kitablarının yazılmasında elmi, metodik cəhətlər kimi məsələlərə toxunmuşdur. Məqalədə göstərilir ki, türk məktəblərinin dil dərslərində müəllimlər qrammatika kitablarındakı modellərə uyğun olaraq əvvəl qrammatik qaydaları anladır, uşaqların yaddaşına yerləşdirir, sonra isə onların yorğun beyinlərinə dəlilləri yerləşdirirlər. Alim bu məsələyə belə yanaşır:

Onun fikrincə qrammatika kitabları əslində bu cür qurulmalıdır: 1) misallar, lövhələr, materiallar; 2) təsniflər, qaydalar, təriflər. Məqalənin başlığında sərf terminini alim geniş mənada işlədir. Sərf dedikdə, buraya dilçiliyin bütün şöbələri daxil edilir: dilin səs sistemindən tutmuş mürəkkəb cümləyə qədər bütün məsələlər araşdırılır. Alim bu məqaləsində dilin tədrisi ilə bağlı bir neçə məsələyə toxunur.

Gəlin onlara nəzər salaq:

1.Dilin öyrədilməsi üsulları. Bu proses özüdə iki mərhələdə baş verir: a)dilin öyrədilməsində ailə mühitinin əhəmiyyəti b)dilin öyrədilməsində məktəblərin rolu.

2.Türk dilinə həsr olunmuş sərf kitablarının ümumi vəziyyəti.

3.Sərf kitablarının nöqsanlı cəhətləri

4.Türk sərfçilərinin əsas məqsəd və vəzifələri

5.Sərf kitablarının yazılmasında diqqətə alınacaq əsas məsələlər

6. Sərf kitablarının mövcud vəziyyəti vəs.

Məqalədə alim qeyd edir ki, hansı elmi təşkilata girsək, jurnalları nəzərdən keçirsək bütün məsələlərin mərkəzində ana dili və onun qrammatikası məsələsi durur.

Bununda səbəbləri var.

1.Türk dilinin məktəblərimizdə tədrisinə başlanılması, bütün pedaqoqlar üçün zəruri vasitəyə çevrilməsi.

2. Bu dili öyrədən qrammatika kitablarının ehtiyacları qarşılamaması. Alim sərfə yüksək dəyər verir və yazır. Öz dilinin sərfi olmayan bir xalq mədəni sayıla bilməz. Sərf deyəndə alim qrammatikanı nəzərdə tutur. Ona görə, sərfin tərtibində əsas amillərdən biri olan üsul məsələsini aydınlaşdırmaq lazımdır. Onun fikrincə dili iki yolla öyrənmək mümkündür:

1.Təcrübə yolu ilə. Bu növ öyrənmənin əsası vərdiş etmə hesab olunur. Buna ana dili deyilir.

2. Elmi yolla. Bu növ öyrənmə insanın öz dilini şüurlu bilməsidir. Buna da sərf dili deyilir(8,175). Birinci yolla dili öyrənmək qaydasız olduğu halda, ikinci növ öyrənmənin müəyyən qaydaları vardır. Türk sərfçilərinə nəyi bilmək lazımdır? Bu suala Bəkir Çobanzadə belə cavab verir. Onlar bilməlidir.

1.Dilin tarixinə bələd olmaq 2.Tarixi sərfi bilmək

3.Dili digər dillərlə müqayisəli şəkildə araşdırmaq

4.Psixologiya, fiziologiya, tarix, statistika kimi elmləri dərindən bilmək.

Qrammatika kitablarının çatışmazlıqlarından biri də səs və hərfin, yazılı nitqlə şifahi nitqin qarışdırılmasıdır. Dilçilər bunları bilməlidirlər:

1.Ağızdan, boğazdan heç bir zaman hərf yaranmaz, səs yaranar.

2. Dil və yazı məsələsində yeganə mənbə dil olmalıdır.

3.Hərf səsin yazıdakı şərti işarəsindən başqa bir şey deyildir.

Sərf kitablarında sərfçilər söz şəkillərinə əhəmiyyət vermirlər. Alim bunu nöqsan hesab edir.

Sərf kitablarının mübahisəli məsələlərindən biri də nitq hissələri problemidir. Bəzi kitablarda onların sayı 5, bəzilərində isə 9-dur. Alim nitq hissələrini belə təsnif edir. İsim, sifət, zəmir(əvəzlik), feil, zərf, ədat, nida. Sərf kitablarında mübahisəli məsələlərdən biri termin məsələsidir. Şagirdlər zərflərin, halların adlarını bilmək üçün yüzlərcə ərəb mənşəli terminləri əzbərləməli olurlar. Adlar nəyisə anlamaq üçündür. Bu məqsədlə də onlar sadə, anlaşıqlı olmalıdır. Professor ana dili dərsliyi hazırlayan mütəxəssislərə öz məsləhətlərini belə ifadə edir.

–Sərfçi dil qaydalarına bələd olmalıdır.

–Sərfçi canlı dili bilməlidir.

–Türk qrammatikaları əcnəbi qrammatikalarını təqlid edərək yazılmamalıdır. –Türk qrammatikası bu məsələlərdən bəhs etməlidir: səs, damar, bəsit, mürəkkəb, şəkilçi onun növləri sözyapan, sözdəyişdirən, cümlə və onun növləri, vəzifələri.

–Qrammatika kitablarında sonda xalq etimologiyası bəhsi olmalıdır ki, xalqın əcnəbi sözləri necə dəyişdirib mənimsədiyini müşahidə etmək mümkün olsun. Bu məqalədə əks olunan məsələlər bu gün üçün də əhəmiyyətlidir.

Şərqdə ilk dəfə olaraq Bəkir Çobanzadə türk dili və ədəbiyyatının tədrisi metodikası elminin əsasını qoymuşdur. Görkəmli dilçi, ədəbiyyatşünas alim Bəkir Çobanzadənin öz yaradıcılığında geniş yer verdiyi əsas məsələlərdən biri Azərbaycan dilinin tədrisi problemidir. B.Çobanzadənin bu sahədəki fikirləri bu gün üçün də öz əhəmiyyətini qoruyub saxlayır: “Yalnız mövzunu, öz dərsini bilməklə müəllim işini bitirmiş sayılmaz. Eyni zamanda bu dərsin, məlumatın şagirdlərə verilməsi, təlim edilməsi yollarını da bilməlidir. B.Çobanzadə dilin tədrisi üsullarından danışmazdan əvvəl “Dil nədir?” sualınının cavabını verir. Alimin fikrincə, dil fikir, duyğu kimi hallarımızı ifadə üçün bir alətdir. İkincisi isə, dil cəmiyyəti tutan bağlardan birisidir”. B.Çobanzadə dili təkcə bioloji yox, ictimai hadisə hesab edir, alim qeyd edir ki, məktəblərdə türk dilinin tədrisində qarşıya çıxan məsələlərdən biri əlifba tədrisidir.

İstifadə olunan ərəb əlifbası müxtəlif çətinliklər meydana gətirir. Bu çətinliklərdən biri də səs və hərfin qarışdırılmasıdır. Əgər müəllim hərf və səs arasında olan fərqi bilmirsə, o, əlifba, yazı tədrisində müvəffəqiyyət qazana bilməz.

Əlifbanın öyrədilməsi ilə bağlı alim sövti-tərkibi, höccələmə, təhlili-qarışıq, sövti-təqlid, məxrəclər, Amerikan kimi üsulların adını çəkir və izahını verir. Ərəb əlifbasının öyrədilməsi üsulu ərəb yazısının təbiətinə uyğun olmuşdur. Bu üsula höccələmə üsulu deyilir.

Bu üsul rus-avropa məktəblərində 1905-ci ilədək istifadə edilmişdir. Bu üsulun nöqsanlı cəhətləri var. məs: bu üsulla əlifbanı öyrənmək üçün uşaqlar onu əzbərləməlidirlər, bu üsul nə səs, nə də hərf fikrini verir. Əlifbanın öyrədilməsində digər bir üsul sövti üsuldur. Bu üsul 16-cı əsrdən türk-tatar məktəblərində İsmayıl Qasprinskinin səyi nəticəsində istifadə olunur. Sövti üsulla əlifbanı öyrətmək istəyən müəllim səsi və hərfi götürür, hər səsə qarşı bir hərf verməyə çalışır. Bu üsulun özünün də üç forması var.

1.Tərkibi-qoşma 2.Təhlili-ayırma 3.Təhlili-tərkibi.

Sövti üsulun tərkibi şəkli ayrı-ayrı səsləri, hərfləri öyrədərək, bunlardan hecalar, hecalardan sözlər, ondan da cümlələrin təşkilinə doğru gedir. Sövti üsulun ikinci formasında, təhlili-üsulda 1-ci formanın əksinə gedilir. Burada sözdən hecaya, səsə gedilir. Sövti üsulun üçüncü forması təhlili-tərkibi, başqa sözlə qarışıq üsuldur. Bu formada uşağa yazmaq və oxumaq bir arada öyrədilir. Alim qarışıq üsulu mükəmməl hesab edir. Sövti üsulunda çatışmayan cəhətləri vardır. Bu üsulun nöqsanlarını nəzərə alan pedaqoqlar başqa yollar axtarmış, bunun nəticəsində müxtəlif üsullar meydana gəlmişdir. Əlifbanı öyrətməyin digər bir üsulu sövti təqlid üsuludur. Bu üsulda əlifba təqlidi sözlər vasitəsilə tədris edilir.Bu üsulda da qüsurlar vardır. Hər dildə mövcud olan təqlidi sözlərlə bütün əlifbanı keçmək mümkün deyildir. Məxrəclər üsulunda müəllimlər səslərin özlərini deyil, onların necə meydana gəldiyini öyrətməyi tövsiyə edir. Bu üsulun nöqsanı vardır, səslər birləşib sözləri əmələ gətirdiyi zaman bu üsuldan istifadə əlverişsizdir. Digər bir üsul Amerikan və ya bütün şəkillər üsuludur. Bu üsul sövti üsula qarşı meydana gəlmişdir.

Bu üsulun ən böyük mahiyyəti ondadır ki, uşağa eyni zamanda həm göz, rəsm vasitəsi ilə, həm yazıların ağızdan təkrar edilməsi, həm də yazıların kağız üzərində cızılması vərdişlərinin aşılanmasıdır. Əifbasız oxutma üsulu da vardır.

Alim bu üsulda əlifba sözünü əlifba kitabı mənasında işlətmişdir.

Müəllimlər, metodistlər bu üsula meyil edir, bu üsulla əlifbanı öyrətməyi tövsiyə edir. Bu üsul əlifba oyunu adlandırılır.

Alim sonda belə nəticəyə gəlir.

1.Sövti üsulun böyük qüsurları vardır.

2.Avropa müəllimləri yeni üsullar araşdırmağa başlamışlar. 3.Yeni yaradılan üsullar isə sövti təqlid, bütün şəkillər və məxrəclər üsuludur.

Alimin əlifbanın tədrisi məsələsi ilə də bağlı fərqli fikirləri vardır. O göstərir ki, əlifbanın tədrisində ən çox şöhrət qazanmış üsul “amerikan”, yaxud “bütün şəkillər üsulu”dur. Bu üsulun əsası cümlədir. Alimə görə, bu üsul şagirdi məlumdan məchula aparır. B.Çobanzadə bu üsulu doğru hesab edir. Lakin bu üsul Azərbaycan dili üçün uyğun deyil. Çünki Azərbaycan dilində hərflərə qarşılıq tapılır. Alim Tolstoydan belə sitat gətirir: Əlifba tədrisində ən yaxşı üsul üsulsuzluqdur(10,51). Müasir dövrdə isə bir çox metodika kitablarında təkcə əlifbanın deyil, eyni zamanda bütöv Azərbaycan dilinin öyrədilməsi üçün çoxlu üsul təqdim olunur. Məsələn, BİBÖ, klaster, beyin həmləsi (əqli hücum), mühazirə, akvarium, karusel və s. Alim yazı və oxu məsələsi haqqında dil metodikasında üç fikrin olduğunu qeyd edir:



  1. Oxu yazıdan ayrı və ondan əvvəl öyrədilməlidir 2) Oxu ilə yazını bir arada götürmək 3) Yazını oxudan əvvəl götürmək.

Dilçi alim köhnə tədris üsullarında qarışıqlıq törədən məsələlərdən biri kimi dilin üzvi, ruhi cəhətlərini kənara qoymaq olduğunu vurğulayır. Müasir ədəbiyyatlarda isə bütün bu cəhətlər tam şəkildə nəzərə alınmışdır. H.B.Balıyev və A.H.Balıyev də “Azərbaycan dilinin tədrisi metodikası” kitabında fonetikanın tədrisi bölməsində dilin üzvi və ictimai cəhətlərini qeyd etmişlər. Azərbaycan dilinin tədrisi ilə bağlı əsas məsələlərdən biri də yazı ilə dil, hərf ilə səs məsələsidir. B.Çobanzadə qeyd edir ki, hərf ilə səs, yazı ilə dilin bağlılığı yoxdur, hərfi yazırıq və görürük, səsi deyirik və eşidirik.

Tədris kitablarında da qeyd edildiyi kimi, qədim zamanlarda insanlar səsin çatmadığı uzaq məsafələrə xəbər göndərmək üçün yazını yaratmışlar.

Yəni yazı bir növ səsin davamı kimi gəlmiş, inkişaf etmişdir.

B.Çobanzadə yazır ki, dilin tədrisi ilə bağlı mühüm məsələlərdən biri orta məktəblərdə dil öyrədilməsinə aid metodları düzgün müəyyənləşdirilməsidir. (27,76). Qeyd olunur ki, “məktəbə ilk dəfə ayaq basan uşaqlara ədəbi dildən, onun öyrədilməsindən işə başlamaq doğru olmaz. Uşağa, məsələn, “gəlir” sözünü “gəler” formasında yazdırması, yaxud uşağın bu cür yazmasına yol verməsi də doğru deyildir, bu tədris üsulunda ciddi səhvə gətirib çıxarır. Alim rus pedaqoqu Şeremetyevskinin dərsin gedişi ilə bağlı fikirlərini təqdirəlayiq hesab edir. Bu fikirlər aşağıdakılardan ibarətdir:

1) Müəllim uşaqlarla bərabər təbiət, mühit haqqında mübahisələrə girişir. 2) Uşaqlar bu mübahisələrdən lazım gələn nəticələri özləri çıxarırlar. Müəllim yalnız rəhbərlik edir. 3) Tələbələr lazımlı misalları yığmalı və yazmalıdılar. 4) Yazılmış olan bu material müzakirəyə qoyulur. 5) Dəfələrlə verilən suallar və cavablar qeyd olunur. Lazım gələn fikirlər ayrıca izah edilir. 6) Keçilən bəhslərin, məsələlərin yaxşıca qavranılması üçün yazı vəzifələri verilir(27,76). Müasir metodika isə dərsin gedişatını aşağıdakı kimi sistemləşdirir:

1)Sinfin təşkili 2)Keçmiş mövzunun sorğusu 3)Motivasiya, problemin qoyuluşu 4)Tədqiqatın aparılması 5)Məlumat mübadiləsi 6)Məlumatın müzakirəsi 7)Nəticə, ümumiləşdirmə 8)Yaradıcı tətbiqetmə və ev tapşırığı 9)Qiymətləndirmə və ya refleksiya.

Bəkir Çobanzadə türk sərfinin yəni qrammatikasının tədrisi üsulundan da danışır. Sərfdən əsas məqsəd doğru yazıb-oxutmağı öyrətməkdir. Dil dərslərinə tamamilə əməli bir baxış hökm sürməkdədir. Belə baxış nəticəsində sərf imlanın bir qolu olmuşdur. Bu da təbiidir. Çünki qarşısında yalnız yazı və hərf görən tələbə və onu göstərən müəllim üçün bundan başqa çarə yoxdur. Yeni sərf yazı ilə dili bir-birindən ayırır. Sərf yazını kənara buraxıb, dili sövti, məna cəhətdən tədqiq etməlidir. Nəhayət yeni sərf ədəbi dil yerinə canlı söyləşmə dilini tədqiqə, təhlilə mövzu olaraq alır. Tələbələrin dilinə ən yaxın, əlverişli ancaq canlı dildir. Dil cəmiyyətin böyük hadisə və tərkiblərindən birisidir. Dildən yalnız faydalanmaqla bu hadisənin mahiyyətini anlaya bilmərik. Dili anlamaq üçün onun ünsürlərini, mənşəyini, inkişafını meydana gətirən, idarə edən səbəbləri anlamaq lazım gəlir.

Digər elmlər kimi dilin də ibtidai məktəb üçün öyrədiləcək hissələri vardır. Necə ki uşaqlar öz ölkələrinin, cəmiyyətlərinin tədqiqi ilə yavaş-yavaş artaraq, bütün təbiətin tədqiqinə yanaşırlarsa, belə də öz ana dillərindən başlayaraq dilin ümumi qanunlarına yetişə bilirlər ki, bu da ancaq darülfünunun dil və ədəbiyyat şöbələrində mümkün olur. Sərfə və sərfin mövzusuna olan baxışın dəyişməsi ilə sərfin tədrisi üsulu da dəyişir. Yeni tədris planının təməlinə bu məqsədlərin qoyulduğunu görürük. Bunlara daxildir.

1.Məktəb doğru yazmanı, oxumanı, söyləmə və düşünməni öyrətməlidir. 2.Bu məqsədlər ana dili tədrisi ilə bağlandığından ana dilinin yalnız bir bölməsi ilə məqsədləri təmin etmək mümkün olmadığını ağıldan çıxarmaq lazımdır. 3.Məktəb birinci maddədə göstərilən məqsədlərdən başqa bilgilər də verə bilər. Çünki məktəbdə dildən başqa ümumi inkişafa xidmət edən bir sıra elmlər vardır. 4.Sərf dil sahəsindən, dil hadisələrindən məlumat verir, dil bilgilərinin tələbələrin zehinlərində yerləşməsinə çalışır.

5.Dilə aid məlumatın ümumi inkişafa olan böyük və dərin təsirini nəzərə alaraq, bu dərsləri ikinci dərəcəli məktəblərin dərs planına soxmalıdır.

6.Sərfə yalnız müstəqil bir elm olaraq baxıb, ondan əməli nəticələr gözləməmək lazım gəldiyi anlaşılar.

7.Buradan da indiyə qədər sərfə yüklənən məqsəd və vəzifələrin əldə edilməsi üçün ayrı üslub, imla üçün proqram,üsul hazırlamaq lazım gəldiyi aydın olur. Sərfin məktəblərdə belə bir yer alması sərfin rolunu ikinci dərəcəyə düşürür.

Sərfin indiyənə kimi yükləndiyi nəticə, vəzifələr ondan alındıqdan sonra artıq dil hadisələrini tədqiq, müşahidə üsulu ilə keçmək fürsəti meydana çıxır.

Burada quru sərf qaydaları öz yerini canlı tədqiqlərə buraxmaq məcburiyyətində qalırlar.

Bu gün sərfin yeni üsul ilə öyrənilməsi tərəfdarı olanlar nəzəriyyə, qaydaların sərf dərslərinin planı çərçivəsində son yeri tutmasını tövsiyə edərlər.

Bu üsul türk sərfinin tədrisi üçün uyğun, qiymətlidir. Məktəblərimizdə bu günə qədər işlədilib gələn sərf kitabları plan, mündəricə və qaydaca türk dilinin təkamülünə uyğun deyildir. Bir sıra qaydalar isə yanlış surətdə izah edilmişdir.

Sintaksisin tədrisində yeni cərəyan yalnız sözlər arasındakı münasibətin hansı şəkildə ifadə olunduğunu göstərməklə kifayətlənməyi tövsiyə edir. Qrammatika materialını hansı sıra və tərtib üzrə verməlidir məsələsinə indiyə qədər üsuli-tədris iki cür cavab verə bilmişdir. Bura daxildir:

1.Şəkliyyat 2.Sövtiyyat 3.Nəhv.

İndiyənə qədər qəbul edilən üsula görə sövtiyyatdan başlayıb, şəkliyyata ondan da nəhvə keçilir. Çobanzadə bu məqamda Afanasyevin rus məktəbləri üçün təklif etdiyi dördillik planı yada salır.

Sərfi yalnız ədəbi dil üzərində qurmaq doğrudurmu?

Bir adam bir dili nə qədər düzgün danışırsa-danışsın, o dili idarə edən qanun və qaydaları bilmədiyi halda dil hadisəsini və məsələsini anlaşılmış sayılmaz.

Alim qeyd edir ki, dilə, dil tədrisinə iki nöqtədən yanaşmaq meydana çıxmışdır:

1.Ədəbi dili öyrənmək, yəni düz oxuyub-yazmağı əldə etmək.

2.Dilin nə olduğunu, necə və nə surətlə danışdığımızı meydana çıxarmaq.

Köhnə tədris üsullarında böyük qarışıqlıq törədən səbəblərdən biri də dilin üzvi, ruhi cəhətlərini kənara qoyub, məna cəhətlərinə qulaq vermək olmuşdur. Söylədiklərimizdən belə qənaətə gelə bilərik ki, sərf-nəhv tədrisində məqsəd doğru yazıb-oxumağı öyrətmək deyil, dilin təkamülünü anlatmaqdır. Əski sərflərdə səs ilə hərf bir-birinə qarışdırılır.

Türk sərflərində götürülən plan köhnədir və məna üzərində qurulmuşdur. Bəkir Çobanzadə qeyd edir ki, dil tədrisi bir tərəfdən həyatı, cəmiyyəti, digər tərəfdən təbiəti öyrənmək ilə bağlanmalıdır.


Yüklə 117,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin