Azərbaycan Respublikasi Təhsil Nazirliyi
Baki İdarəetmə və Texnologiya Kolleci
METODİKİ İŞ
Azərbaycan Xalq Cumhuriyyəti
Müəllim: A.Ağayeva
Bakı-2016
PLAN
1. Azərbaycan Xalq Cumhuriyyətinin Yaranması
2. Azərbaycan Xalq Cumhuriyyətinin daxili siyasəti
3. Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti
4. Azərbaycan Xalq Cumhuriyyətinin mədəni quruculuğu
5. Azərbaycan Xalq Cumhuriyyətinin hərbi quruculuğu
6. Aprel istilası. Azərbaycan Xalq Cumhuriyyətinin süqutu
1. Azərbaycan Xalq Cumhuriyyətinin Yaranması
ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
30 may 1918 – Azərbaycan Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi
Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.
4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb
17 iyun 1918 – Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub
24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrın 9-da qəbul edildi.
26 iyun 1918 – Cümhuriyyətin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə ("Qafqaz İslam Ordusu") Nuru paşanın komandanlığı altında "Bakı Kommunası"nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.
27 iyun 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar
27 iyun 1918 – Cümhuriyyətin hökuməti "Dövlət dili haqqında" qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub
2 iyul 1918 – Cümhuriyyətin Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.
10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik "Bakı Soveti"nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər
15 iyul 1918 – Cümhuriyyətin hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart "Soyqırımı günü" elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
-
Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
-
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
-
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
-
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.
-
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
-
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər.
Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habele Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi.
Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla aparılan müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan Azerbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı.
2. Azərbaycan Xalq Cumhuriyyətinin daxili siyasəti
Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov
Sədrin I müavini – Həsən bəy Ağayev Sədrin II müavini – Məmməd Yüsif Cəfərov
Sədrin Müavini – Sultan Məcid Qənizadə (Qəniyev)
Parlamentin baş katibi – Bağır bəy Rzayev
Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.
Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu.
Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox marağlıdır.
Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən (2,75 mln. ümumi əhalinin 1,9 mln-u) daha 36 nümayəndə seçilməsi nəzərdə tutulurdu.
Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı (ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə, gürcü və polyaklara - hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar təşkilatına 3, Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye ittifaqına - 2 nəfər yer verilmişdi.
Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququ verilirdi.
Bolşeviklər parlamenti baykot elan etdilər. Rus Milli Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seçkilər başa çatdırılmamışdı. Naxçıvan və Borçalının gələcəyi məsələsi qaranlıq qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki, qanunda nəzərdə tutulduğu 120 deputatın əksəriyyətinin toplanması ilə parlamentin açılışı oldu.
Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də oldu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə açdı. İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi P.Əliyev iştirak edirdi.
Ş.Rüstəmbəyovun təklifı ilə Ə.Topçubaşov parlamentin sədri, müavini H.Ağayev, katibi isə R.Vəkilov seçildi.
Nazirlər Şurasının sədri F.X.Xoyski Müvəqqəti hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfındən istefa qəbul edildi. İttihad partiyasının üzvü Q.Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi məhbuslara əfv-ümumi verilməsi təklifı qəbul edildi. Daha sonra mandat, təsərrüfat, reqlament komissiyaları üzvlərinin seçilməsi ilə təsis iclası bağlandı.
Sonrakı iclaslarda maliyyə - büdcə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi işlərvə s. komissiyalar yaradıldı.
Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə əlaqədar bundan imtina edirdi. Lakin dekabrın 18-də parlament Xoyskidən belə bir ağır günlərdə kabinənin təşkilini öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinənin tərkibini və iş proqramını hazırlayıb parlamentin müzakirəsinə verdi. Kabinədə yalnız İttihad partiyası iştirak etməkdən boyun qaçırtdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi.
General Tomson həmin kabinəni dekabrın 28-də tanıdığını və Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi.
Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına nümayəndə heyətinin seçilməsi idi. Nümayəndə heyətinə Ə.Topçubaşov, M.H.Hacinski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamzadə, müşavirlər M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli, əməkdaşlar Ə.Hüseynzadə, V.Marçevski daxil idi.
Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar (11 fraksiya var idi) öz bəyannamələri ilə çıxış etdilər. Bu bəyanatlarda müəyyən məsələlərdə fıkir ayrılıqları olsa da, ümumi bir məqsəd var idi: gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli-siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə əlaqələri möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, islahatlar həyata keçirmək, ölkəni müdafıə edə biləcək güclü ordu yaratmaq.
Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə qanunverici və icraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət heyətinə bildirməli idi.
Azərbaycan türkcəsi parlamentin istifadə etdiyi dövlət dili statusuna malik idi.
Parlamentin 140-a qədər ümumi iclası olmuşdur. 315 qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi rədd edilmiş, qalanları müzakirəyə verilmişdi. Parlamentin təsdiq etdiyi nizamnamələr sırasında Bakı Universiteti, Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət əmanət kassalarının nizamnaməsi, mətbuat haqqında nizamnamə var idi. Başqa dövlətlərlə bağlanmış hər hansı bir sənəd və müqavilə parlamentin
təsdiqindən sonra qüvvəyə minirdi.
3. Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti
1918—1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfır təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fıkir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafıyası, onun çar dövründə inzibati bölgüsü, regionun demoqrafık vəziyyəti, Azərbaycan respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.
Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin tanınması üçün əlindən gələni əsirgiməyəcəyini bildirmişdi. Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azərbaycana köməyi minimuma enmişdi. Türkiyə müttəfıqlərindən asılı vəziyyətə düşmüşdü. Müttəfıqlər Osmanlının Azərbaycana diplomatik nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış, Osmanlı hökumətinə bunu qadağan etmişdi.
1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti buradakı İran konsulluğuna AXC-nin yaranması haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirmişdi. İranın narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il sentyabr ayında İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını nəzərdə tutan sənəd də qəbul edildi.
Azərbycan hökuməti qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaranmasına çalışır və mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane olurdu.
Birinci dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının çağrılmasına qərar verdilər. Dekabrın 7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən nümayəndə heyəti 1919-cu il yanvarın 20-də İstanbula gəldi. Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç ay yarım icazə gözləməli oldu. Yalnız aprelin 22-ə ingilislərin köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə çatdılar.
Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh konfransının dünyanın kiçik hissələrə parçalanmasının əleyhinə olduğunu bildirmiş və Azəpbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafıə etməyi məsləhət görmüşdü. Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nümayəndə heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi sərhəd məsələsinə daha çox əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq ermənilər Türkiyənin 7 şərq vilayətini, keçmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə əks-təbliğat işini təşkil etməyə məcbur oldu. Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir neçə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın tarixi, əhalisinin antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respublikasındakı vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi. Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi. Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı Azərbaycanın müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun. 3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.
Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliyyətinin mühüm uğuru 1920-ci il yanvarın 11-də Paris konfransının Ali Şurası tərəfındən Azərbaycanın istiqlalının defakto tanınması və Azərbaycanın beynəlxalq münasibətlərin subyektinə çevrilməsi idi. Bakıda 20-dən artıq xarici dövlətin diplomatik nümayəndəliyi yaradılmışdı.
4. Azərbaycan Xalq Cumhuriyyətinin mədəni quruculuğu
Ötən əsrin əvvəllərində Şərqdə bir Günəş doğdu. 1918-ci il mayın 28-də demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu. Az yaşadı, amma əsrlərə bərabər işlər gördü. Cəmi 23 ay ömür sürdü, amma çox şərəfli və mürəkkəb bir yol keçdi. Tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu.Hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda,milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır.Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi. Bu, XX əsrin əvvəllərində yalnız hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə əsl fenomen idi. O dövrün ən mütərəqqi mətbu orqanlarından biri sayılan "İstiqlal" qəzetinin başlığında böyük türk şairi Tofiq Fikrətin epiqraf kimi verilmiş məşhur "Millət yoludur, haqq yoludur tutduğumuz yol. Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol!" misraları AXC-nin məram və niyyətini çox gözəl əks etdirirdi. Amalı millət yolu, haqq yolu olan AXC yarandığı ilk gündən "türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını rəhbər tutaraq həyatın bütün sahələrində, xüsusən xalq maarifi və mədəniyyət sahələrində geniş islahatlara başladı.Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 ay ərzində qəbul etdiyi qərarların böyük əksəriyyəti də elə demokratiyanın, elmin və mədəniyyətin inkişaf etdirilməsi ilə bağlı olmuşdur. Məsələn, AXC hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi. Sənəddə rus dilinin də dövlət müəssisələrində keçici olaraq işlənməsinə yer verilirdi. Hökumətin 28 avqust tarixli başqa bir qərarında isə deyilirdi ki, bütün ibtidai siniflərdə təhsil icbari olaraq ana dilində aparılmalıdır.İlk addımlarını atan gənc dövlətə yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən (tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) ibarət Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Noyabrın 15-də isə universitetin auditoriyalarında ilk mühazirələr başlandı. Həmin dövrdə universitetdə 1094 tələbə, o cümlədən 217 azad dinləyici təhsil alırdı. Parlament universitetin açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 azərbaycanlı gəncin xaricə göndərilməsi, hər bir tələbəyə 400 frank təqaüdün, 1000 frank yol xərcinin təyin olunması barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində təkcə 1919-cu ildə paytaxtda və bölgələrdə 700 məktəb açıldı, şagirdlərin sayı 48 780 nəfərə çatdı.Azərbaycan hökuməti və parlamenti mətbuat və nəşriyyat işinin də dövrün tələblərinə uyğun qurulması üçün bir sıra qərarlar qəbul etdi. Məsələn, parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarında mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılmasının, çap məhsulunun nəşrinin və satılmasının azad olduğu bildirilirdi. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. İki il ərzində Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi, polyak, fars dillərində təxminən 100 adda qəzet və jurnal çıxmışdır. "Molla Nəsrəddin", "İstiqlal", "Azərbaycan", "Açıq söz", "İqbal", "Dirilik", "Təkamül", "Mədəniyyət", "Qurtuluş" kimi mətbu orqanlar milli ideyaların carçısı idi. Təsadüfi deyildir ki, o dövrdə Azərbaycanda söz, mətbuat və vicdan azadlığı yüksək səviyyəyə çatmışdı. Cümhuriyyətin əvvəlcə Ukraynada, daha sonra Türkiyədə səfiri olan Yusif Vəzir Çəmənzəminli "Bu gün yazıçıya nə gərəkdir?" sualına cavabında müasir dövrümüzlə səsləşən "Dil azadlığı, qələm azadlığı" cavabını vermişdi.Hazırda dünyanın ən aparıcı informasiya agentlikləri ilə bir sırada duran, ən nüfuzlu informasiya agentlikləri qurumlarının üzvü, yerli və xarici kütləvi informasiya vasitələri üçün yeganə rəsmi dövlət informasiya mənbəyi olan, gün ərzində Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində fasiləsiz surətdə dəqiq və operativ informasiyalar hazırlayan Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də bizə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1920-ci il martın 1-də yaradılmış AzərTAc AXC dövründə qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu həmişə şərəflə yerinə yetirmişdir. Ayrı-ayrı illərdə müxtəlif adlar altında fəaliyyət göstərsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz tarixinə sadiq qalaraq AzərTAc adını geri qaytarmışdır.
5. Azərbaycan Xalq Cumhuriyyətinin hərbi quruculuğu
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu — 1918-ci ildə, Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordu. Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı.
1918-ci ildən başlayaraq Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək və bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi.
1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç alaydan ibarət iki piyada diviziyası, artileriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç alay olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batolyonu təşkil edilməli idi.
Ordu quruculuğu proqramının həyata keçirilməsində Azərbaycan Demokratik Respublikasının hökuməti bir sıra çətinliklərlə üz-üzə gəlirdi. Çar Rusiyasının hərbi siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı qərəzli münasibət mövcud idi. Azərbaycanlılar bə’zi istisnalar nəzərə alınmasa əsasən hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağrılmır, yalnız hərbi vergi verirdilər. Elə bu səbəbdən Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı alayı var idi.
Türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilə təhlükəsi çoxaldı. Ağır vəziyyət barədə Məmməd Əmin Rəsulzadə deyirdi: Türk ordusu çəkildi, Azərbaycanın hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri var idi. Göründüyü kimi vəziyyət çox ağır, vaxt isə yox idi. Çıxış yolu ordu quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi.
Başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuru paşa və Türk hərbi hissələri Azərbaycanı tərk etdikdən sonra böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ili hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.
Vacib məsələlərdən biri hərbi nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi tə’sis edilməsə də bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy Sultanov icra etmişdir. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil İ.Ziyadxanov olmuşdur. Nazirlər kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus arteleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir , həmin ayın 29-da rus general-leytenantı Əliağa Şixlinski onun müavini, tə’yin edildi. General-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi tə’yin edildi.
1918-ci ilin dekabr ayının 13-də Gəncədən göndərdiyi məlumatda milli Azərbaycan korpusunun komandanı general Əliağa Şixlinski bildirirdi ki, o, yeni Azərbaycan ordusunun layihəsini hazırlamışdır. Layihədə general ordunun quruluşunu, strukturunu, tərkibini müəyyən edən sxem hazırlamışdı. Peşəkar hərbçi, hərbi nazir vəzifəsinə böyük təcrübəyə və təhsilə malik olan zabitin tə’yin edilməsini, korpuslar əvəzinə ən’ənəvi diviziyaların yaradılmasını tövsiyə edirdi.
Səməd bəy Mehmandarov yaxşı bilirdi ki, bolşeviklərin təbliğatı nəticəsində orduda vəziyyət yaxşı deyil, ərzaq çatışmır, səfərbərlik planı yerinə yetirilmir. Bütün bunları nəzərə alan nazir elə həmin gün xalqa müraciət etdi və bildirdi ki, ölkəmizin bütün vətəndaşları — istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluğu çəkməli və kimsə dövlətliləri hərbi qulluqdan azad etsə ağır cəzalanacaqlar. Generalın əqidəsinə və hazırladığı plana görə müstəqil Azərbaycanın milli təhlükəsizlik, ərazi birliyini və dövlət sərhədlərini müdafiə etmək üçün bütün vətəndaşlar əsgərlik çəkməli, torpaqlarımızı qorumalı vətəndaşlıq nümunəsi göstərməlidirlər.
6. Aprel istilası. Azərbaycan Xalq Cumhuriyyətinin süqutu
1919-cu ilin sonu və 1920-ci ilin əwəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüwələrin, siyasi partiyalann qütbləşməsi, Azərbaycanın inkişaf yollanna dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.
Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.
1920-ci ilin yanvarında Antanta ölkələri tərəfındən Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin təyini müqəddərat hüququna dair verdiyi çoxsaylı bəyannamələrə məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.
Bu zaman «Müstəqil Sovet Azərbaycanı» şüarı və müstəqil Kommunist partiyasının yaradılması məsələsi irəli sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını KP halında birləşdirmək lazım idi. 1919-cu ilin mayında keçirilən Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə Azərbaycan KP nın yaradılmasına rəy verildi.
1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının 1 qurultayı oldu. Qurultayda bütün kommunist partiyalarının Az. KP-ı adı altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət MK seçildi.
RK(b)P-nın bölməsi kimi yaranan Azərb. KP-nın I qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi.
1920-ci ilin yanvar - fevral aylarından Rusiya Azərbaycanı işğal etmək planını hazırlayırdı. Azərbaycanı işğal etmək işini asanlaşdırmaq üçün ermənilərin Qarabağa hücumu təşkil edildi. Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı günlərində qəflətən Xankəndi qarnizonuna hücum etdilər. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər rusların köməyi ilə Əsgəran qalasını ələ keçirdilər. Əsgəran qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırtmaq üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq etdiyi ordunun böyük bir hissəsini Qarabağa göndərməyə məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı.
Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə də oldu. Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində müzakirə edildi. Parlamentin bəzi üzvləri Qızıl Ordunun köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti şimal sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana giriş yolunu açmış oldu.
1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.
Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur.
İstifadə olunmuş ədəbiyyat:
1. Azərbaycan xalq cümhuriyyəti ensiklopediyasi. I cild
Yaqub Mahmudov. Bakı "Lider" nəşriyyatı 2004.
2. Azərbaycan xalq cümhuriyyəti ensiklopediyasi. II cild
Yaqub Mahmudov. Bakı "Lider" nəşriyyatı 2005.
3. PDF versiyasi. Müəllif: Şamil Rəhmanzadə
Elmi redaktoru: İ.S.Bağırova. Bakı. "Aspoliqraf" nəşriyyat.2008.
4. Azərbaycan xalq cümhuriyyıtinin xarici siyasəti: 1918-1920.
Müəllifi: Həsənli Cəmil. Bakı. 2008.
5. Azərbaycan 20-ci əsrin əvvəllərində: Müstəqilliyə aparan yollar.
Seyidzadə Dilarə. Bakı. 2008.
Dostları ilə paylaş: |