II FƏSİL
Azərbaycan folklorunun toplanmasında professor
Sədnik Paşa Pirsultanlı salnaməsi
Azərbaycan şifahi xalq ədəbiyyatı qədim və zəngin tarixə malikdir. Dərin dəryaları xatırladan azərbaycan şifahi xalq yaradıcılığı gənc nəslin təlim-tərbiyə, bədii-estetik zövq və yüksək əxlaqi keyfiyyətlər mənbəyidir.
Görkəmli folklorşünas Sədnik Pirsultanlı mənalı ömrünü bu zəngin xəzinənin tədqiqinə həsr etmiş, yetmişdən artıq kitab yazıb oxuculara ərməğan vermiş və ümumxalq məhəbbəti qazanmışdır.
Mahir pedaqoq, istedadlı tədqiqatçı Sədnik Paşayev (Pirsultanlı) apardığı səmərəli axtarışların nəticəsində “Novruz və Qəndab”, “Səyyad və Sədət”, “Abdulla və Cahan”, “Məsim və Diləfrüz” dastanlarını “qəhrəmanlığın hüdudlarında dayanan məhəbbət dastanları” adlandırmaqda tamamilə haqlıdır, çünki bu dastanlar həqiqətən qəhrəmanlığın hüdudlarında dayananan məhəbbət dastanlarıdır.
Sədnik müəllimin araşdırmaları və tədqiqatı vəhdətdə aparıldığına görə məzmunlu və ideyalıdır.
Tarixi həqiqətdir ki, “Şah İsmayıl” dastanında qəhrəmanlıq və məhəbbət ideyaları vəhdət təşkil edir. Dastandakı hadisələr bir-birini zənginləşdirir və tamamlayır. Bu da oxucuya gözəl təsir bağışlayır, onun mənəvi aləmini zənginləşdirir.
Prof. Sədnik Pirsultanlı “Novruz və Qəndab” dastanını tarixilik, elmilik, müqayisəlilik, ideyalılıq prinsipləri əsasında diqqətlə nəzərdən keçirir, müqayisəli təhlil edir, məhəbbət və qəhrəmanlıq dastanları ilə vəhdətdə şərhini verir.
Müəllifin “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları ilə müqayisəli şəkildə apardığı araşdırmaları, ümumiləşdirmələri və oxucuya təqdim etdiyi nəticə və tövsiyyələr inandırıcı və təsirlidir.
Ona görə ki, folklorşünas alim Novruzu dərin dəryalardan Xızır İlyasın qurtarmasını, Qəribi üç aylıq yoldan üç günə gətirməsini, Novruzu üç gözəllə vətəninə qaytarmasını elmi axtarışların nəticəsində real verir.
Şah İsmayılın atasının yanına üç gözəllə qayıtması və Şəhriyarın bir gözəlin arxasınca getdiyi halda üç gözələ rast gəlməsi kimi hadisələr müəllifin tədqiqatında müqayisəli paralellər əsasında elmi-nəzəri şərhini tapır və oxucunun qəlbini pərvazlandırır.
Folkorşünas alim Sədnik Paşa Pirsultanlının “Bilqamus” dastanı ilə bağlı verdiyi məlumatlar daha çox maraqlıdır, həm də elmi-nəzəri baxımdan səmərəli axtarışların nəticəsidir.
Professor Sədnik Paşa Pirsultanlı xalqımızın qədim tarixə malik olan şifahi xalq ədəbiyyatını, xalqımızın zəngin mənəvi irsini ətraflı araşdırıb tədqiq etməkdə məşhur folklorşünas kimi tanınır və dərin ümumxalq hörməti qazanır.
Professor Sədnik Paşa Pirsultanlının aşıq sənətinin yaradıcı dədə ozanlarının və yaradıcı ustad aşıqlarının fəaliyyətini diqqətlə nəzərdən keçirib şərh etməsi, onların zəngin ədəbi irslərinin, yaradıcılıq və ifaçılıq fəaliyyətlərinin ətraflı təhlilini verməsi oxucuya gözəl təsir edir və biliyini zənginləşdirir.
Professor Sədnik Pirsultanlının əsatir, əfsanə, epos və dastan haqqında verdiyi elmi-nəzəri məlumat real və genişdir.
Epos və dastanların xalqın mənəvi dünyasına və doğma ana Vətəninə bağlı şəkildə yaranması, dastanın eposun davamı olması və hər ikisinin müqayisəli təhlili verilir.
Folklorşünaslığın tarixi göstərir ki, eposda ana Vətən tərənnüm olunur. Xalqın arzu və istəkləri, azadlıq və xoşbəxtlik eşqi yüksək bədii ifadəsini tapır. Əsatir, əfsanə, epos, dastanlarla bağlı yaradılan atalar sözü, xalq məsələləri, bayatılar və s. xalqın milli sərvətidir.
Buna görə də Dədə Qorqudun, Qazan xanın, Koroğlunun adı əbədiləşdirilmişdir. Azərbaycanın bütün guşələrində onların şərəfli adlarını daşıyan göllər, çaylar, dağlar, qalalar, zirvələr vardır.
Əsrlər keçdikcə bu qəhrəmanların adları nəğmələrə çevrilmiş, ölümsüzlüyün parlaq zirvəsinə yüksəlib ədəbi yaşamış, yaşayır və yaşayacaqdır.
Folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı kitabın “Ön söz əvəzi” adlı girişində Azərbaycan şifahi xalq yaradıcılığının inkişaf tarixini, yazılı ədəbiyyatın M.P.Vaqif, M.V.Vidadi, Q.B.Zakir kimi görkəmli nümayəndələrinin gəraylılarını, aşıq tərzində yaratdıqları şerləri diqqətlə nəzərdən keçirir, “Şəhriyar”, “Vaqif”, “Qasım bəy Zakir” və başqa dastanların aşıq dastanı tərzində yaradılmış dastanlar olduğunu göstərir.
Professor Sədnik Paşayev Hənəfi Zeynallı, Məmmədhüseyn Təhmasib, Əhliman Axundov və başqa görkəmli folklorşünasların yaradıcılıq yolunu nəzərdən keçirir, onların səmərəli əməyini yüksək dəyərləndirir.
Prof. Sədnik Paşa kitabda “Novruz və Qəndab” dastanını qəhrəmanlığının sərhəddində dayanan məhəbbət dastanı adlandırır, “Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli tədqiqi” monoqrafiyasında “Novruz və Qəndab” və digər dastanların poetikası” adlı üç fəslin elmi-nəzəri və tənqidi şərhini tarixilik, elmilik, müqayisəlilik, ardıcıllıq, ideyalılıq, pedaqoji və metodik prinsiplər əsasında vermiş, ümumiləşdirmiş və faydalı nəticə ilə yekunlaşdırmışdır.
Monoqrafiyanın maraqlı cəhətlərindən biri “Professor Məmmədhüseyn Təhmasibin kitabının sonunda verilmiş, aşıqlardan toplanmış dastanların siyahısı” adlı bölmənin verilməsidir. Burada folklorşünas professor M.H.Təhmasibin aşıqlardan topladığı və kitabının sonunda verdiyi doxsan üç (93) dastanın adı dəqiq qeyd olunub oxucuya çatdırılmışdır.
Görkəmli folklorşünas, mahir publisist, şair, əməkdar müəllim, professor Sədnik Paşa Pirsultanlının “Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli tədqiqi” adlı “Ön söz əvəzi”, üç fəsil və nəticədən ibarət olan monoqrafiyası Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında elmi-nəzəri və ədəbi-tənqidi, çox faydalı, məzmunlu və ideyalı ədəbi salnamədir.
Professor Sədnik Paşa Pirsultanlı Azərbaycan folklorunun toplanması, nəşri, tədqiqi və təbliği sahəsində qırx ildən artıqdır ki, səmərəli çalışır və parlaq uğurlar qazanır. Onun əsərləri zəngin xəzinədir, şifahi xalq ədəbiyyatını zənginləşdirən nadir sənət inciləridir.
Professor Sədnik Paşa Pirsultanlıya yalnız Azərbaycanın elm və sənət adamları, ictimai-siyasi dövlət və ədəbiyyat, maarif, mədəniyyət, təhsil, incəsənət, hüquq, tarix, fəlsəfə, dilçilik, ədəbiyyatşünaslıq, etika, estetika xadimləri deyil, həm də Türkiyə, İran, İraq, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Moskva, Kiyev, Almaniya, Belçika, Gürcüstan, İran və başqa ölkələrin görkəmli mütəfəkkirləri təbriklər göndərir, ona uzun ömür, cansağlığı və şərəfli fəaliyyətində parlaq uğurlar arzulayırlar.
Azərbaycan əfsanələrinin öyrənilməsi məsələsinin həllində folklorşünas alim Sədnik Paşanın səmərəli fəaliyyəti mütəxxəsislər tərəfindən yüksək qiymətləndirilir.
Ona görə ki, Sədnik Paşa Azərbaycan xalq yaradıcılığı nümunələrini, xüsusilə əfsanələri toplayıb, onları incəliklə öyrənən, araşdıran folklorçudur.
Folklorşünas Sədnik Paşa yazır: “Əfsanə folklorun epik janrlarından olan rəvayət və əsatirlə çox yaxındır. Amma diqqətli müşahidə bunların hər birinin özünəməxsus cəhətlərini müəyyənləşdirməyə imkan verir. Əsatir əfsanəyə yaxındır”.
Məlumdur ki, əsatirlə əfsanələr fantaziya ünsürləri ilə zəngindir. Ancaq onlar bir-birindən fərqlidir. Əsatir təbiət, əfsanə isə tarixi hadisələrlə bağlı şəkildə yaranır.
Azərbaycan əfsanələrinin öyrənilməsində görkəmli xidmətləri olan Mikayıl Rəfili və M.H.Təhmasibin əməyini yüksək qiymətləndirən professor Sədnik Paşa Pirsultanlı göstərir ki, əfsanələr bədii və tarixi əhəmiyyətə malikdir.
Professor Sədnik Paşa Pirsultanlı mindən artıq əfsanənin diqqətlə nəzərdən keçirmiş və Azərbaycan əfsanələrinin təsnifatını bu şəkildə aparmışdır:
1. Mifoloji əfsanələr, yaxud əsatiri təbiətli əfsanələr.
2. Mifoloji qaynaqdan su içmiş qəhrəmanlıq əfsanələri.
3. Tarixi qəhrəmanlıq əfsanələri.
4. Qədim abidələrlə bağlı əfsanələr
5. Məhəbbət əfsanələri
6. Ailə-məişət əfsanələri
7. Tarix və tarixi şəxsiyyətlərlə bağlı əfsanələr
8. Dini əfsanələr
Müəllifin özü qeyd edir ki, hələlik bu bölgülər şərtidir. Buna görə də elmi-nəzəri araşdırmalarını davam etdirir.
Xalqın yaradıcı təxəyyülü tükənməzdir. Vətənsiz xalq olmadığı kimi, vətənsiz əfsanə də yoxdur. Əfsanələr xalqın bədii söz mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.
Əfsanələrin bir qismi həqiqi həyat hadisələrinə əsaslanaraq yaranır. Əfsanələrin bir qismi isə folklorun təbiətindəki ənənəvi axının təsiri ilə yaranmışdır. Ümumiyyətlə, əfsanələr obyektiv həqiqətlə bağlı olmuşdur.
Folklorşünas alim Sədnik Paşa Pirsultanlı yazır:
“Azərbaycan folklorşünaslığında əfsanə janrı hələ də əsaslı tədqiqata möhtacdır”. Ədib mindən artıq əfsanəni çap etdirmiş, oxucunun mütaliəsinə vermişdir. Zəhmətkeş folklorşünas alim bu səmərəli fəaliyyətini davam etdirir.
Sədnik Paşa Pirsultanlının “Yaşayan əfsanələr” (1973), “Yurdumuzun əfsanələri” (1976), “Yanardağ əfsanələri” (1978) kitabları çap olunmuşdur. Onun “Nizami və xalq əfsanələri” (1983), “Azərbaycan xalq əfsanələri” adlı kitabları gərgin əməyin nəticəsidir.
Azərbaycan əfsanələri xalq həyatının, məişət və təfəkkürümüzün, mənəvi və tarixi fikrimizin qədim və ulu sənət xəzinəsidir. Həm də bu əfsanələr onu yaradan Azərbaycan xalqının adı ilə bağlıdır.
Ancaq, bu əfsanələri Şərqin, türkdilli xalqların əfsanələrindən ayırmaq olmaz. Unudulmaz xalq şairi Səməd Vurğun demişdir: “Hər hansı bir əfsanə olursa olsun, biz onda həqiqət şəfəqləri görməliyik”. Bu müdrik kəlam çox mənalıdır.
Tarixi həqiqətdir ki, “tarixin atası” Herodotun əsərlərində “Astiaq əfsanəsi” və “Tomris əfsanəsi” öz əksini tapmış, bizim zəmanəmizə qədər gəlib çatmışdır. Bu əfsanələr qədim azərbaycanlıların zülmə və ədalətsizliyə qarşı barışmaz olduğunu, ədalətin, azadlığın uğrunda mübarizə apardığını real əks etdirir.
“Lalə əfasnəsi”, “Sona uçan” və s. əfsanələr xalqın azadlıq arzusunun, müharibələrə çoxəsrlik nifrətinin yaddaşlara hopmuş tarixcəsidir.
Azərbaycan tarixinin müəyyən dövrlərini işıqlandıran Qəbələ qalası, Gülüstan qalası, Dərbənd, Örənqala, Qarı körpüsü, Qız qalası və başqa real toponimlər haqqında əfsanələr xalqın sevinci və kədəri haqqında məlumat verir. Ona görə ki, əfsanələr onu yaradan xalqın tarixi arzu və duyğularının tarixidir. Bir çox məhəbbət əfsanələri qəhrəmanın faciəsi ilə nəticələnir. belə faciələrin qəhrəmanları xalqın təsəvvüründə müqəddəsləşir, xalq ruhunun ölməzliyini, əbədiliyini göstərir.
Əfsanələr həm şifahi xalq ədəbiyyatının, həm də klassik Azərbaycan poeziyasının tükənməz mənbəyi olmuş, ideya-bədii cəhətdən yazılı ədəbiyyata təsir etmişdir. Onun 1985-ci ildə nəşr olunan “Azərbaycan xalq əfsanələri” adlı kitabındakı əfsanələr sayca çox, məzmunca rəngarəngdir. Kitabda “Qədim qalalar” adı altında toplanmış əfsanələrdə qızların təmizlik, bakirəlik, ləyaqət rəmzi kimi canlandırılması gözəl təsir bağışlayır.
“Qız qalası”, “Pəri qala”, “Gülüstan qalası”, “Ağca qala” və s. əfsanələr məzmun və ideyaca çox tərbiyəvi mahiyyətlidir. Kitabda “Nizami mövzuları ilə səsləşən əfsanələr” bölməsində şairin yaradıcılığında əfsanələrin ideya-bədii cəhətdən yaxınlığı real şərhini tapır.
Xalq ədəbiyyatının, el sözünün fədakar toplayıcısı Sədnik Paşa Azərbaycanın, Dağıstanın, Gürcüstanın bir çox şəhərlərini, kəndlərini gəzmiş, dünyagörmüş qocalarla görüşmüş, onlardan maraqlı əfsanələr toplamış, topladığı folklor nümunələrini diqqətlə nəzərdən keçirmiş, nəşrinə çalışmış və məqsədinə nail olmuşdur.
Əfsanədəki müxtəlifliyi nəzərə alan tərtibçi öyrədən, ibrətləndirən, sevindirən, kədərləndirən əfsanələri qruplaşdırmış, vətənə məhəbbət, əxlaq saflığı, yadelli işğalçılara nifrət, doğma el-obaya bağlılıq, sevgiyə, dostluğa sədaqət aşılayan əfsanələri müəyyənləşdərmişdir.
Mülkədarların, şahların, sultanların xudbinliyini, acgözlüyünü, zalımlığını açıb göstərən, xalqın nümayəndələrinin cəsarətini, mərdliyini və fədakarlığını ifadə edən əfsanələr qısa təhlil edilmişdir.
“Şirin qala” və “Ustanın qarğışı” əfsanələri Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması ilə səsləşir. Ümumiyyətlə, bu əfsanələr maraqlı məzmuna və tərbiyəvi mahiyyətə malikdir.
Şifahi xalq yaradıcılığı ədəbi məktəbdir, oxucuların mənəvi sərvətidir. Sədnik Paşanın “Yaşayan əfsanələr” (1973) kitabındakı əfsanələrdə əqli inkişafla yanaşı estetik fikrin formalaşması ideyası maraqlıdır.
Həmin əfsanələrdə təbiətin dilbər guşələrinin tərənnümü çox təsirlidir. “Pərvanə gölü”, “Şirin qala”, “Gəlin atılan qaya”, “Damcı bulaq”, “Sara haqqında” və s. əfsanələrdə dağlar, bulaqlar, yaylaqlar, qalalar, göllər,çiçəklər maddi mədəniyyət abidələri kimi əbədiləşdirilmişdir.
“Oğlan-qız dağı”, “Gəlin barmağı”, “Şanapipik”, “Laçın qayası” və s. əfsanələrdə etik-əxlaqi dəyərlər poemalar təqdir olunur, azad məhəbbət yüksək qiymətləndirilir. Sevgidə sədaqət, vəfa, səmimiyyət ön plana çəkilir. Sevgi oxları daşa toxunanda obrazların qəlbi kədərlənir:
Əziziyəm, xan dağlar,
Tanımaz bəy-xan dağlar.
Qəza-qədər olanda,
Evlər yıxan da ağlar.
Əzizim qanlı dağlar,
Qovğalı, qanlı dağlar.
Yad ağlar, dərdim bilməz,
Nə üçün qanlı ağlar?
Aydındır ki, əfsanələrdə də hadisələrlə bağlı, real, həyati məsələlərlə əlaqədar tarixilik vardır. Xalq yaradıcılığı qiymətli xəzinədir. Onu öyrənmək və gənc nəslə öyrətmək müəllimin şərəfli borcudur, məsuliyyətli vəzifəsidir.
Professor Sədnik Paşa Pirsultanlı “Yanardağ əfsanələri” (1978) kitabında topladığı əfsanələrin tarixi qədimdir. Ona görə ki, yurdumuzun Odlar ölkəsi adlanması burada vaxtı ilə qədim atəşgahların, yanan dağların, od püskürən vulkanların mövcud olması ilə bağlıdır.
“Aldədə əfsanəsi”, “Yanardağ əfsanələri”, “Qurdoğlu əfsanəsi”, “Dədə Günəş əfsanəsi” adlı əfsanənin əsas ideyası Vətən yanğısı, vətənpərvərlikdir. “Aldədə əfsanəsi” çox maraqlıdır. Aldədə bir quzu kəsir. Quzunun budunu, qabırğasını çılpaq əlində közə tutub qızardır. Kabab bişirir. Aldədənin əlinin tükü də yanmır. Ərəblər heyrətlə deyirlər: -Bu nə möcüzədir? Aldədə deyir: “Əslində, burada heç bir möcüzə yoxdur. Mən Odlar diyarının övladıyam – od oğluyam. Od odu yandırmaz”. Deməli, Aldədə xalqın, Vətənin simvolik obrazı kimi tərənnüm olunmuşdur.
Professor Sədnik Paşa Pirsultanlı “Yanardağ əfsanələri” kitabında əfsanələri “Dağ əfsanələri”, “Qədim qalaların əfsanəsi”, “Bulaq və göl əfsanəsi”, “Çiçək və gül əfsanələri”, “Quş əfsanələri”, “Maral və ceyran əfsanələri”, “Nizami mövzuları ilə səsləşən” əfsanələr” bölmələri adı ilə qruplaşdırıb çap etdirmişdir. Müəllfin verdiyi qısa təhlil də çox maraqlı və əhəmiyyətlidir.
Professor Sədnik Paşa Şərq həyatının, o zamankı elmin, xalq məişətinin poetik ensiklopediyası” olan Nizami Gəncəvi yaradıcılığının əfsanələrlə əlaqəsi məsələsinin qısa şərhini vermişdir. Buna görə də geniş oxucu kütləsinin, söz sərvətini sevənlərin hörmət və etiramını qazanmışdır.
Şifahi xalq ədəbiyyatında xalqın düşüncəsi, adət-ənənələri, məişət tərzi, keşməkeşli tarixi, filosofluğu, ağrı-acısı bədii ifadəsini tapmışdır. Yazılı ədəbiyyatın olmadığı qədim dövrlərdə xalqın həyatının qaranlıq səhifələrini işıqlandırmaq baxımından folklor əvəzsiz və çox faydalı materialdır.
V.V.Rimenov “Mədəniyyətin etnik tarixi və genezisi” adlı monoqrafiyasında yazır ki, folklor yaradıcılığının hər bir sahəsində tarixi gerçəkliyin bədii əksi vardır.
Bu düzgün fikrin mahiyyəti folklorşünaslıqda əfsanələrin səmərəli tədqiqi problemini qarşıya qoyur və onun şərh olunmasını tələb edir.
Professor Sədnik Paşa Pirsultanlı 1985-ci ildə çap etdirdiyi “Azərbaycan əfsanələrinin öyrənilməsi” adlı tədqiqat əsərində bu problemin şərhini tarixilik və elmilik prinsipləri əsasında ətraflı vermişdir.
Müəllif V.Q.Propp, K.V.Çistov, S.N.Azbelov kimi görkəmli rus alimlərinin nəzəri fikirlərinə düzgün qiymət verir və onların tədqiqat əsərlərindən faydalanır.
1960-cı illərdən əfsanələrin tədqiqinə münasibət qüvvətlənmiş, adlarını çəkdiyimiz alimlərlə bərabər V.Q.Qusev, V.K.Sokolova, İ.J.Kravsov, N.Şarakşinova, A.Baymuradov və bir çox başqa alimlər əfsanələr haqqında maraqlı tədqiqat əsərləri yazmışlar. Ancaq bu dərin mənalı problem tam şərhini tapmamışdır.
Bu problemin ətraflı tədqiq edilməsi sahəsində Sədnik Paşa araşdırmalarını səmərəli davam etdirməyə başlamış və Karl Marksın yunan mifologiyasını elmi cəhətdən ümumiləşdirən klassik göstərişinə, zəngin mütaliəsinə əsaslanmışdır. Buna görə də Sədnik Paşanın tədqiqatı yüksək qiymətləndirmişdir.
Professor Sədnik Paşa Pirsultanlı A.Poxomov, H.Zeynallı, A.Fituni, R.Əfəndiyev, A.Baqri, M.Rəfili, M.H.Təhmasib, Ə.Axundov, B.Abdulayev kimi görkəmli tədqiqatçıların əməyini qiymətləndirmiş, onların əsərlərindən bəhrələnmişdir.
Professor Sədnik Paşa Pirsultanlı V.Vəliyev, R.Əfəndiyev və T.Fəzəliyevin bu sahədəki yaradıcılığına müraciət edir, xüsusilə miflərin, nağılların, rəvayətlərin tədqiqatlarından faydalanır. O, əfsanələri folklorşünaslığın tələb və prinsipləri əsasında şərh edir və ədəbiyyat nəzəriyyəsinin tələblərinə sadiq qalır. Sədnik Paşa çox məsuliyyətli, tələbkar və qayğıkeş folklorşünas alimdir, həm də səmərəli toplayıcı, tərtipçi və tədqiqatçıdır.
Professor Sədnik Paşa Pirsultanlı göstərir ki, Nizaminin ilk poeması “Sirlər xəzinəsi” əsərindəki “Bir şahzadənin dastanı”, “Firudin ilə Maralın dastanı” və başqa hekayələri Nizaminin Azərbaycan xalq əfsanələrindən ətraflı faydalandığını və əsərlərində ondan səmərəli istifadə etdiyini təsdiqləyir.
Professor Sədnik Paşa Pirsultanlı qeyd edir ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasındakı hadisələrin təhlili göstərir ki, Nizami böyük ilham və yaradıcılıq imkanları ilə Azərbaycan folklorundan səmərəli bəhrələnmişdir.
“Yeddi gözəl” poemasında Nizami Gəncəvi qədim Midiya əfsanələri “Astiaq” və “Tomris” əfsanələri ilə yanaşı, “Dədə Qorqud” boylarından, “Buğac oğlu Həsənin maralları”, “Laçın qayası”, “Fit dağı”, “Ustanın qarğışı”, “Şindan qalası”, “Dərbənd qalası” kimi əfsanələrdən yaradıcı surətdə istifadə etmişdir.
Nizami Gəncəvi “İsgəndərnamə” də daha çox qəhrəmanlıq əfsanələrindən və bahadırlıq eposlarından bəhrələnmiş, əsərini folklor inciləri ilə zənginləşdirmişdir. Bu baxımdan “Soltanbud”, “Xatun arxı”, “Acı nohur”, “İsgəndər və Diri baba” əfsanələri çox səciyyəvidir. Ona görə ki, bu sənət incilərində qəhrəmanlıq və bahadırlıq əsas ideyanı təşkil edir.
Folklorşünas Sədnik Paşa Pirsultanlının doktorluq dissertasiyası “Azərbaycan xalq əfsanələri və onun tədqiqi problemləri” mövzusuna həsr edilmiş, ona filologiya elmləri doktoru adı verilmiş və professor elmi rütbəsi layiq görülmüşdür.
Folklorşünas Sədnik Paşa Pirsultanlının namizədlik dissertasiyası “Ağdabanlı Qurban və müasirləri” mövzusunda yazılmış, Azərbaycan aşıq yaradıcılığına həsr edilmiş, ona dosent elmi rütbəsi verilmişdir. Deməli, Sədnik Paşa Pirsultanlı mənalı ömrünü Azərbaycan şifahi xalq yaradıcılığının, daha doğrusu, folklorun tədqiqinə həsr etmişdir.
Folklorşünas Sədnik Paşa Pirsultanlının səmərəli elmi-nəzəri ideyasını Qazağıstanın Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor R.Verdibayev, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Qazağıstan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor S.Kerababayev yüksək qiymətləndirmişlər.
Professor Sədnik Paşa Pirsultanlının yaradıcılıq fəaliyyətini akademiklərin yüksək qiymətləndirmələri çox təbiidir, ona görə ki, onun əsərlərinin elmi-nəzəri ideyası çox zəngin və əhəmiyyətlidir.
Professor Sədnik Paşa Pirsultanlının əmək fəaliyyətini, ədəbi irsini, səmərəli yaradıcılığını, elmi-nəzəri ideyasını Qırğızıstan Elmlər Akademiyasının müxbir üzvü, professor R.Z.Xıdırbayeva, Qazağıstan Dövlət Universitetinin profes-soru A.Balakov, akademik Bəkir Nəbiyev, professor H.Quliyev, Kabarda-Balkar İnstitutunun professorları R.X.Xaşxaşeva və A.M.Qutov yüksək qiymətləndirmiş, onun görkəmli, məsuliyyətli, qayğıkeş folklorşünas olduğunu göstərmişlər.
Filologiya elmləri doktoru, professor Vaqif Vəliyev yazır: “Sədnik Paşayev bütün mənalı həyatını əfsanələrə həsr etmiş, parlaq uğurlar qazanmışdır”.
Filologiya elmləri doktoru, professor Mirəli Seyidov demişdir: “Sədnik Paşa bizim müasir çağdaş folklorşünaslarımız arasında ən yaxşı toplayıcıdır. O, təkcə yaxşı toplayıcı deyil, həm də yaxşı araşdırıcıdır. Sədnik Paşa xalqa bağlı alimdir. Sədnik Paşa əfsanələrin türk dünyasından, türk mifologiyasından, türk folklorundan qidalandığını aydınca açıb göstərir”.
Professor Sədnik Paşa tədqiqatlarında dünya mədəniyyəti folklorundan və dünya folklorşünaslıq elminin nailiyyətlərindən tarixi və müasir mənbələr əsasında bəhs edir, maraqlı tövsiyələr verib ümumiləşdirir. O, ümumtürk folklorşünaslığının elmi-nəzəri tədqiqini düzgün şərh edir.
Professor Mürsəl Həkimov demişdir: “Sədnik Paşayev bizim folklor dünyamızda zəhmətkeş, ayağına dəmir çarıq geyib elləri-obaları dolaşmaqdan doymayan vicdanlı bir araşdırı-cıdır”.
Professor Sədnik Paşa əfsanələri yalnız Azərbaycandan deyil, həm də Gürcüstanın, Dağıstanın, Qərbi Azərbaycanın azərbaycanlılar yaşayan ərazilərindən toplamış və toplayır. Tarixçilərimiz və etnoqraflarımız həmin xalq inciləri olan əfsanələri öyrənməli və təhlil etməlidirlər. Ona görə ki, nadir xalq inciləri olan əfsanələr həmin yerlərin tarixini əks etdirir, gözəl məlumat verir, oxucunun biliyini zənginləşdirir.
Professor Sədnik Paşa Pirsultanlı deyir ki, Azərbaycan ərazisində Nizami ilə bağlı yüzlərcə əfsanə toplamışam, ancaq Firdovsi ilə bağlı bir dənə də olsun əfsanəyə rast gəlməmişəm. Sədnik Paşanın bu müdrik kəlamı Nizami Gəncəvinin milliyyətinin kimliyini və həm də onun vətəninin Azərbaycan olduğunu çox aydın göstərir və təsdiq edir.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) dünya miqyasında ilk “Xəmsə” yaradan dahi sənətkardır. Nizami Gəncəvi Gəncə ilə fəxr etmiş, heç bir ölkəyə getməmiş, Gəncədə yaşamış, yazıb yaratmışdır.
Professor Sədnik Paşa Pirsultanlının haqqında elm və sənətin görkəmli nümayəndələrinin yazdıqları səmimi ürək sözlərindən, xatirələrindən, gördükləri və tanış olduqları hadisələrdən müəyyən nümunələri verməyi faydalı bilir və eynilə təqdim edirik.
Professor Sədnik Paşa Pirsultanın 2010-cu ildə nəşr etdirdiyi “Sədnik Paşa Pirsultanın lətifələri” (I hissə) kitabinda iki yüz iyrimi yeddi lətifə toplanmışdır. Həmin lətifələri professor Xəlil Yusifli və dosent Sahib İbrahimli toplamış və tərtib etmişlər.
Filologiya elmləri doktoru, professor Xəlil Yusifli kitaba “Gülməyi və güldürməyi bacaran adam” adlı məzmunlu bir giriş yazmışdır. Həmin girişdə lətifələr haqqında maraqlı məlumat verir və lətifələrin tərbiyəvi mahiyyətini aşkarlayır. Bu giriş oxucular üçün əhəmiyyətlidir. Ona görə ki, müəllif oxuculara düzgün istiqamət verir, lətifələri mütailə etməyin əhəmiyyətini göstərir.
Lətifələr haqqında professor Sədnik Paşa Pirsultanlı maraqlı tədqiqat aparmış, lərifələrin təlim-tərbiyəvi və bədii-estetik mahiyyətini şərh etmişdir.
Folklorşünas tədqiqatçı yalnız lətifələri toplayıb çap etdirməklə kifayətlənməmiş, lətifələrin tarixi inkişaf yolunu, bu sahədə səmərəli fəaliyyət göstərən folklorşünasların fədakarlığını tarixilik və elmilik prinsipləri əsasında təhlil etmişdir.
Professor Sədnik Paşa Pirsultanlının lətifələr haqqında apardığı tədqiqatların mahiyyəti ilə bağlı mülahisələrini qeyd etməyi faydalı bilirik.
Azərbaycan xalqının və ümumiyyətlə türk xalqlarının bədii-fəlsəfi təfəkküründə Molla Nəsrəddin lətifələri misilsiz mənbələrdən biridir. Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani kimi görkəmli sənətkrların yaradıcılığında bu mənbədən səmərəli istifadə olunmuşdir.
Müasir dövrümüzdə söz sənətkarlarının lətifələrdən çox səmərəli bəhrələnir, nadir sənət inciləri yaradıb oxucuların mütailəsinə verirlər. Şairlərin, nasirlərin, dramaturqların zəngin ədəbi irsində bu örnəkdən yaradıcı şəkildə istifadə etmək çox faydalı və səmərəlidir.
Bu mövzu ilə bağlı əsərlər dərsliklərin, qiraət-oxu kitablarının bəzəyinə çevrilmiş, dərslikləri, dərs vəsaitlərini və müntəxəbatları zənginləşmişdir. Maraqlıdır ki, bu faydalı elmi-nəzəri və pedaqoji-metodik prinsip çox geniş şəkildə davam etdirilir.
Azərbaycan ədəbiyyatı tarixində Molla Nəsrəddin ədəbi məktəbi çox şərəfli olmuş, görkəmli sənətkarların yetişməsinə təkan vermişdir.
Azərbaycanda Molla Nəsrəddin ənənələrini müasir dövrümüzdə davam etdirən insanlar çoxdur. Hadisələrə, söhbətlərə, hərəkətlərə incə təbəssüm və yumorla yanaşan professor Sədnik Paşa Pirsultanlı bu sahədə şərəfli fəaliyyət göstərən və parlaq uğurlar qazanan insandır.
Folklorşünas alim Sədnik Paşa Pirsultanlının atmacaları, bəzəmələri, zarafatları onun zəngin təfəkkürlü, hazırcavab, pak, arifanə, tələbkar, eyni zamanda sadə və qayğıkeş insan olduğunu təsdiqləyir.
Mən, Sədnik müəllimi qırx ildən artıqdır ki, tanıyıram, onunla birlikdə gələcək ümidlərimiz olan gənc nəslin təlim-tərbiyəsilə məşğul oluram. Sədnik mahir pedaqoq, gözəl insan, zəngin mənəviyyatlı şəxsiyyətdir. Onun təbiətinə lovğalıq, yaltaqlıq, tənbəllik, ziyankarlıq, xainlik, müftəxorluq tamamilə yaddır. Ona görə ki, Sədnik müəllim humanist, vətənpərvər, əməksevər, çalışqan, qeyrətli və namuslu insandır, müdrik tarixi şəxsiyyətdir.
Ümumiyyətlə, Sədnik müəllim çox hümanist, bütün insanlara məxsus gözəl keyfiyyətləri özündə toplayan, cəmiyyətin bütün nümayəndələri ilə səmimi ünsiyyət yaratmağı bacaran, hər bir şəxsiyyətin dilini dərk edən, onu öz dilində danışdıran insandır.
Mahir pedaqoq, yaradıcı folklorşünas Sədnik Paşa Pirsultanlı üçün Azərbaycanın bütün ərazisi, o cümlədən Naxçıvan, Qazax, Şamaxı, Zaqatala, Lənkəran, Gəncə, Göyçə, Dilican, Qaraqoyunlu, eləcə də, bütövlükdə Qərbi Azərbaycan onun üçün cənnət guşəsidir.
Sədnik Paşa Pirsultanlı zəngin folklor nümunələrini bu cənnət diyarların əməksevər, xeyirxah, qayğıkeş, vətənpərvər insanlarından toplamış və toplayır. O, ağsaqqalların, ağbirçəklərin, baba və nənələrin, ata və anaların, gənc nəslin dilini gözəl bilir, danışığında şirin dilini işə salır, maraqlı əhvalatlar, əfsanələr, rəvayətlər, lətifələr danışır, gözəl sənət inciləri toplayır.
Sədnik müəllimin Naxçıvan, Dərbənd, Qax-Zaqatala, Masallı, Lerik, Lənkəran, Kəlbəcər, Göyçə, Şirvan, Türkmənistan, Qazağıstan, İran, Türkiyə, Almaniya, Orta Asiya, Krım və digər yerlərə səfərləri və səyahətləri həmişə çox mənalı, faydalı, uğurlu olmuş, ona ümumxalq məhəbbəti qazandırmış, zəngin folklor nümunələri toplamağına geniş imkan vermişdir.
Folklorşünas Sədnik Paşa Pirsultanlının zəngin yaradıcılığında çox əhəmiyyətli sahələrdən biri də onun aşıq məktəblərinin tarixini, inkişaf yolunu, görkəmli aşıqların fəaliyyətini, zəngin ədəbi irsini araşdırması, tədqiq etməsi və “Ozan- Aşıq yaradıcılığına dair araşdırmalar” adlı iki cilddən ibarət 2002-ci ildə çap etdirdiyi tədqiqat əsərini oxuculara hədiyyə verməsindən ibarətdir.
Professor Sədnik Paşa Pirsultanlının Azərbaycan aşıq məktəbinə və onun nümayəndələrinin yaradıcılığına həsr etdiyi “Lalə Aşıq Bəsti” (1969), “Xəstə Qasım”, “Azərbaycan folkloru və aşıq yaradıcılığı” (dərs vəsaiti, 1989), “XIX əsr Azərbaycan aşıq yaradıcılığı” (dərs vəsaiti, 1990), “Aşıq Şəmşirin poetik aləminə səyahət” (2008) , “Aşıq Tifil Əsəd və Aşıq Ağbulaqlı Aqil” (2009), “Azərbaycan aşıq yaradıcılığına dair araşdırmalar” (2010), “Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi” (2010) əsərləri çox məsuliyyətli araşdırmalar, axtarışlar əsasında aparılmış tədqiqatın faydalı nəticəsidir.
Professor Sədnik Paşa Pirsultanlının fəaliyyətində mühüm yer tutan tədqiqat sahələrindən biri də lətifələrin toplanılması, tərtib edilməsi və qiymətli kitabların yazılıb oxuculara ərməğan verilməsidir.
Folklorşünas alim Sədnik Paşanın bu baxımdan “Karağan Usubunn lətifələri” (1997), “Unnu Ağcanın lətifələri” (1999), “Dabrovol Qasımın lətifələri” (2001), “Qaraxanlı Künə Dəmirin lətifələri” (2002), “Gəncəbasar lətifələri” (2005) “Sədnik Paşa Pirsultanlının lətifələri” (2010) adlı kitabları çox qiymətli sənət inciləridir.
Bu kitablar Azərbaycan lətifələrinin tarixi səlnaməsi, zəngin mənbəyidir. Ona görə ki, folklorşünas alimin səmərəli tarixi araşdırmalarının və məsuliyyətli elmi-nəzəri, pedaqoji-metodik tədqiqatının nəticəsi, faydalı və əhəmiyyətli bəhrəsidir.
Filologiya elmləri doktoru, professor Xəlil Yusifli yazır ki, Sədnik Pirsultanlının Karağan Usubun lətifələrinə müraciət etməsi təkcə son illərin məhsulu deyildir. Son otuz il ərzində Karağan Usubun adı Sədnik müəllimin dilindən düşməyib. Məqamı düşən kimi onun lətifələri işə düşüb, yeriylə, ünvanıyla danışıb, güldürüb, heyrətləndirib1”.
Müəllif qeyd edir ki, iri bədənli, gur səsli Karağan Usub barədə gah Molla Nəsrədini, gah da Dədə Qorqudu xatırladır.
Professor Xəlil Yusifli düzgün göstərir ki, Sədnik müəllimin lətifələr dünyası Molla Nəsrəddinlə, Karağan Usubla məhdudlaşmır. Tovuzlu Unnu Ağca, Gəncəli Baməzə Musa, Ağdamlı Abdal Qasım və başqaları da onun sevə-sevə xatırladığı, lətifələrini sevə-sevə danışdığı söz ustalarıdır.
Professor Sədnik Paşa Pirsultanlı Azərbaycan torpağının hər tərəfinə səpələnmiş baməzə söz ustalarının təbəssüm dolu lətifələrinin aşiqidir.
Folklorşünas Sədnik Paşa Pirsultanlı Türkiyədə səfərdə olarkən Nevşəhərdə Nicat Birdoğanla səmimi görüşmüş, söhbət etmiş, Molla Nəsrəddin, Karağan Usub, Unnu Ağca və başqalarının lətifələrindən çox maraqla danışmış, Nicat Birdoğana gözəl təsir etmişdir.
Nicat Birdoğan demişdir ki, Karağan Usub, Baməzə Musa, Abdal Qasım kimi söz ustalarının yaradıcılığı hələlik Molla Nəsrəddin lətifələri kimi yüksək sənət örnəklərinə çevrilməmişdir.
Professor Sədnik Paşa Pirsultanlının köməyi və təqdimatı ilə Nicat Birdoğan Türkiyədə Karağan Usubun lətifələrini çap etdirib oxuculara hədiyyə vermişdir.
Sədnik Paşa Pirsultanlının lətifələri iş yoldaşları, dostları, həmkarları ilə qarşılıqlı münasibətindən yaranmışdır. Sədnik müəllimin lətifələrində professor Rüstəm Rüstəmzadə, yazıçı, ədəbiyyatşünas Altay Məmmədov, professor Davud Hacıyev, professor Sabir Əliyev, Mirəli Mahmudov, Musa Məsimov, X.İbrahimov, A.Rəcəbli, Mustafa Rəhimli və başqalarının adları hörmətlə çəkilir, onlara qayğı göstərilir.
Professor Sədnik Paşa Pirsultanlı adlarını çəkdiyimiz görkəmli mütəfəkkirlərin dostudur, həmkarıdır, ailəvi, səmimi iş yoldaşlarıdır. Həmin lətifələrdə adları çəkilən insanlar bu lətifələrdən zövq almış, gülmüş və sevinmişlər.
Ona görə ki, bu lətifələrdə pislik, qərəzçilik, tənqid, xoşagəlməz ifadələr yoxdur, səmimiyyət və mehribanlığın bədii nümunələri vardır. Bu bədii ifadələr də insan qəlbini pərvazlandıran amillərdir.
Professor Sədnik Paşa Pirsultanlının 2011-ci ildə Gəncədə çap olunan “XXI əsrdə Azərbaycan folklorundan incələmələr” adlı yüz iyrimi səhifədən ibarət kitabında müəllif yazır: “Mənə görə Azərbaycan folklorşünaslığında XXI əsrdə yeni folklor erası başlanır.
Bu kitabda cəmlənmiş yazılar böyük bir folklor hadisəsinə hazırlığın başlanğıcıdır. Bütün bunlar yazılmağa başlamış iri həcmli “Azərbaycan folklorunda mifoloji təsəvvürlər” kitabına hazırlıqdan başqa bir şey deyildir.
“Azərbaycan folklorunda mifoloji təsəvvürlər” kitabı bu sahədə yazılmış əsərlərin zirvəsi olacaqdır.”
Professor Sədnik Paşa Pirsultanlı “XXI əsrdə Azərbaycan folklorundan incələmələr” adlı kitabında “əsatir, əfsanə və rəvayət haqqında düşüncələrim”, “Əfsanələrimiz yazılı ədəbiyyatda”, “Azərbaycan xalq dasanları Nizami Gəncəvi və Üzeyir Hacıbəyli yaradıcılığında”, “Zərbül məsəlin alt yapısı (yarısu, yaxud alt yapısı”, “Ata sözlərində və zərbül məsələrdə əsatiri izlər”, “Hikmət xəzinəsinin ləl daşları” adlı mövzuların təhlili verilmişdir.
Kitabdakı məqalənin dili sadə, məzmunu və ideyası aydın dildə yazılmışdır. Müəllif həmin mövzuların şərhini tarixilik, elmlik, ideyalılıq, müasirlik, müqayisəlilik, pedaqoji və metodik prinsiplər əsasında yazmış, mövzuların şərhini qısa və məzmunlu verib ümumiləşdirmişdir.
Professor Sədnik Paşa Pirsultanlının “Molla Nəsrəddin varislərinin lətifələri” adlı yüz iyirmi beş səhifədən ibarət kitabı 2011-ci ildə çap olunmuş, kitabda Laçın, Göyçə, Kəlbəcər, Gəncə, Şəki, Gədəbəy, Daşkəsən, Bərdə, Samux lətifələri adı ilə vermişdir.
Məsələn, “Laçın lətifələri” bölməsində “Aşıq Abbasın lətifələri”, “Çiçək oğlu İsmayılın lətifələri”, “İslam Qasımoğlunun lətifələri”, “Səlim kişinin lətifələri” adı ilə ayrı-ayrı lətifələr oxuculara təqdim olunmuşdur.
Ümumiyyətlə, professor Sədnik Paşa Pirsultanlının bu kitabı səmərəli axtarışların, məsuliyyətli tədqiqatın məhsulu olduğuna görə oxucuya gözəl təsir bağışlayır.
Professor Sədnik Paşayevin kitaba yazdığı “ön söz” maraqlı və əhəmiyyətlidir. Müəllif yazır ki, Azərbaycanda lətifə yaradıcılığının coğrafiyasını genişləndirmək, onların istedadlı nümayəndələrini axtarıb tapmaq qərarına gəldik və bu kitabı yazdıq. Ancaq bu sahədə axtarışlarımızı davam etdirmək və Azərbaycan lətifələrini toplayıb çap etdirmək arzumuzu həqiqətə çevirəcəyik.
Görkəmli folklorşünas, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı “Azərbaycan yazıçılar aləmində əfsanə inciləri” adlı kitabını 2010-cu ildə çap etdirmişdir.
“Kitabın elmi redaktoru filologiya elmləri namizədi Seyfəddin Rzasoy, rəyçi isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rəfael Hüseynovdur. Kitaba professor Sədnik Paşa Pirsultanlı “Ön söz” yazmış və qarşısına qoyduğu məqsədin qısa şərhini vermişdir.
Professor Sədnik Paşa Pirsultanlı “Ön söz” də yazır: “Mən şair və yazıçılarımız tərəfindən qələmə alınmış poemaları, povest və hekayələri oxucuların ixtiyarına buraxıram. Yəqin ki, oxucular əfsanə mövzusunda yazılmış poema, povest və hekayələri oxuyub böyük zövq alacaqlar.
Burada Azərbaycan yazarlarının əfsanə nümunələri bütün oxucuları sevindirəcəkdir. Sərhədləri aşaraq bu kitab dünya oxucularını yeni mənəvi sərvətlərlə tanış edəcəkdir.
İndidən əminəm ki, “Azərbaycan yazarlar aləmində əfsanə inciləri” oxucuların ən çox sevdiyi stolüstü kitab olacaqdır”1
Kitabda Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Səməd Vurğun, Mikayıl Müşfiq, Məmməd Rahim, Mehdi Seyidzadə, İslam Səfərli, Hüseyn Arif, Süleyman Sani Axundov, İlyas Əfəndiyev, Rəsul Rza, A.Zöhrabbəyov, Mehdi Hüseyn, Mirzə İbrahimov və Sədnik Paşa Pirsultanlının əsrləri verilmişdir.
Müəllifin Azərbaycan sənətkarlarının əsərlərindən seçdiyi nümunələr məzmunlu, ideyalı, təlim-tərbiyəvi və bədii-estetik mahiyyətli sənət inciləridir. Buna görə də oxuculara çox gözəl əxlaqi keyfiyyətlər aşılayacaq, yaxşı təsir edəcək, onların qəlbini pərvazlandıracaq, mənəvi aləmini zənginləşdirəcəkdir.
Filologiya elmləri doktoru, əməkdar müəllim, görkəmli folklorşünas, professor Sədnik Paşa Pirsultanlının Azərbaycan folklorunun toplanmasında səmərəli fəaliyyəti çox şərəfli olmuş, professor Sədnik Paşa Pirsultanlı salnaməsi yaratmışdır.
Onun salnaməsi Azərbaycan şifahi xalq yaradıcılığının zənginləşdirilməsində əhəmiyyətli olmuş və yüksək qiymətləndirilmişdir.
III Fəsil
Elm və sənətin görkəmli nümayəndələri professor Sədnik Paşa Pirsultanlı haqqında
Folklorşünas alim, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı istedadlı alim, mahir pedoqoq, görkəmli şair, məsuliyyətli publisist, ədəbiyyatşünas, folklor toplayıcısı, araşdırıcısı, tədqiqatçısıdır. Onun fəaliyyətini elm və sənət xadimləri yüksək qiymətləndirirlər.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Hulusi Kilıç 19 mart 2009-cu ildə yazır:
“Hörmətli Sədnik müəllim!
80 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm.
Fürsətdən istifadə edərək, aşıq ədəbiyyatı və folklorun inkişafı üçün göstərdiyiniz xidmətlərə görə təşəkkür edir, qarşıdakı işlərinizdə uğurlar arzulayıram”.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov 19 may 2009-cu ildə yazmışdır:
“On illər boyu el sözümüzü, füsunkar əfsanələrimizi sevərək toplayan, duyaraq araşdıran, bu gedişatda özü də əfsanələşən əziz Sədnik müəllimin 80 yaşı yalnız onun doğmalarının, ailəsinin bayramı deyil, bizim də bayramımızdır.
Bu dəyərli ömrün 54 ili millətə xidmətə sərf edilibsə, demək Sədnik müəllimin varlığı da milli ruhumuzun ayrılmaz bir parçasına çevrilib. Demək Sədnik müəllimin doğum günü və yuvarlaq ildönümü də ədəbi və mədəni həyatımızın bayramlarındandır”.
Dostları ilə paylaş: |