AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti



Yüklə 2,86 Mb.
səhifə8/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
ALİMİN İRAN SƏFƏRİ
Həmyerlimiz filologiya elmləri doktoru, professor, respubilkanın əməkdar mədəniyyət işçisi, şair, folklorşünas Sədnik Paşa Pirsultanlı keçən ilin dekabr, bu ilin fevral ayında İrana səfərdə olmuş, Tehran və Təbriz aşıqlarının müsa­biqəsini keçirmiş və onlardan bir qrupunu Gəncəyə dəvət etmişdir. Folklorşünas alim rəsmi səfər zamanı “Əsli və Kərəm”, “Şah İsmayıl və Gülzar”, “Tahir və Zöhrə” dastanlarının yeni variantlarını toplamış, özü isə yeni qoşmalar, gə­raylılar yazmışdır. Həmin səfərdən təəssüratlarını və şeirlərindən bir neçəsini oxuculara təqdim edirik.
GƏLMİŞƏM
Ay Şahbazi, mən İranı görməyə,

Göyərdi göy daşım, təzə gəlmişəm.

Gözlərimdən Araz boyda çay axıb,

Qurudu göz yaşım, təzə gəlmişəm.


Baxmamışam Xan Araza doyunca,

Qəm yemişəm həsrətimin boyunca.

Gəlib torpağına qədəm qoyunca,

Ağarıbdı başım, təzə gəlmişəm.

Sədniki hicranın üzdü, əritdi,

Nənələr qalmadı, babalar getdi.

Səni gördüm, gözlərimdə gül bitdi,

Ay mənim, yaz-qışım, təzə gəlmişəm.


SAVALAN
İllər ilə həsrətini çəkmişəm,

Qucaqlaşaq, gəl sarışaq, Savalan!

Sevincdən gözümdən yağar yağışlar,

Yaz selinə gəl qarışaq, Savalan!


Göz yaşlarım yanağından axdımı?

Ağlayanda düşmən bizə baxdımı?

Kim bağlayar, fələk açıb baxdımı,

Gülə-gülə gəl danışaq, Savalan!


Sən mənim Tanrımsan dağlar içində,

Sədnikin sən boyda dağ var içində.

Kim belə dərdini ağlar içində,

Eldarlardan gəl soruşaq, Savalan!


Güney Azərbaycanda aşığa eldar deyirlər. Təbriz yaxınlığındakı Tikmədaş kəndinin arxa­sın­dakı qəbirstanlıqda Xəstə Qasımın məzarıdır. Bu kənddən 6 kilometr aralıda qənşərdə Qasım dağlarıdır.

Qasım dağlarının arasında qədim Pir­sultan kəndi yerləşir. Maraqlıdır ki, XVI əsrin şair-aşığı Pir Sultan Abdalın məzarı Türkiyənin Sivasın­dadır. Onun adını daşıyan dağ isə Daşkə­səndədir.

Bu adı daşıyan kənd isə Güney Azər­bay­candadır. Əsil həqiqəti öyrənmək üçün Türki­yənin Banaz köyündə Daşkəsənin Qazax­yol­çu­lar, Təbrizin Pirsultan kəndində yaşayan soyadlarını qeydə almaq, toponimik adlara xüsu­si diqqət yetirmək lazımdır. O zaman əsl həqiqət­lər üzə çıxacaq, bunların qohumluq əlaqələri dəqiqləşdiriləcəkdir.

Tikmədaşda Xəstə Qasımın məzarı üstün­də “Gəldim” adlı bir gəraylı da yazdım. 1975-ci ildə Xəstə Qasımın şeirlərini toplayıb nəşr etdirərkən bir mətləb diqqətimi cəlb etmişdir.

Xəstə Qasım təəssüflənirdi ki, sağlığımda “Qızıl cildli kitabı”mı itirib tapmadım. Xəstə Qasımın həmin kitabını mən də tapmadım. Lakin onun qızıl sözlərini toplayıb qızıl cildli kitab çap etdirdim.

GƏLDİM
Arzum mənə qanad verdi,

Axır Tikmədaşa gəldim.

Görüşünə tək gəlmədim,

Həsrətimlə qoşa gəldim!


Çəkilib güldən gülabın,

Yerə-göyə sığmaz təbin.

Əlimdə qızıl kitabın,

Ustad, coşa-coşa gəldim!


Guzar etdim guzarana,

Baş əyməyə məzarına.

Sədnik, Qasım dağlarına,

Mahnı qoşa-qoşa gəldim.


Təbrizdə onun gözəl şerlərinin ifaçısı Rəhim Nəzəri adlı gənc bir aşıq var. Ona Güney Azərbaycandan iki qoşma yazıb göndərmişəm.

QALDI
Al, əmanət saxla, Rəhim Nəzəri,

Qəlbimin parçası o tayda qaldı.

Doyammadım, avazından, sazından,

Gözüm o qismətdə, o payda qaldı.


Sənətin də qəlbin kimi durudu,

Üzündəki Təbrizimin nurudu.

Sizi gördüm göz yaşlarım qurudu,

Axdı, Araz adlı bir çayda qaldı.


Bir məclisdə qucaqlaşdıq, öpüşdük,

Həsrət idik,həsrət kimi görüşdük.

Sədnik deyər: qardaş, yenə gen düşdük,

Canımda niskillər nə boyda qaldı.


TƏBRİZƏ YETİR
Göynən gedən topa-topa buludlar,

Mənim salamımı Təbrizə yetir.

Orda qardaşım var, Rəhim Nəzəri,

Mənim salamımı Təbrizə yetir.


Harda nənə görsən, nənə mənimdi,

Harda baba görsən, yenə mənimdi.

O tay da, bu tayda öz Vətənimdi,

Mənim salamımı Təbrizə yetir.


Qasım dağlarında bir nişan qalıb,

Dağlar arasında Pirsultan qalıb.

Sədnik xeyli vaxtdı pərişan qalıb,

Mənim salamımı Təbrizə yetir.


Professor Sədnik Paşa Pirsultanlının bu səfərnaməsi oxucuya gözəl təsir bağışlayır, onun vətənpərvərlik və əməksevərlik duyğularını zən­ginləşdirir.

Ümumiyyətlə, Sədnik müəllimin “Ozan-aşıq yaradıcılığına dair araşdırmalar” adlı mo­noq­rafiyasının ikinci cildi zəngin tədqiqat mate­rialları, xatirələr və səfərnamələr ilə diqqəti cəlb edir, həm də bu monoqrafiya dərslik mahiyyəti daşıyır.

Professor Sədnik Paşa Pirsultanlı Tikm­ədaşlı Xəstə Qasım haqqında yazır: “Tikmə­daşlı Xəstə Qasım sələfi olan Dirili Qurbani Azər­baycan aşıq sənətinə bir sıra ənənələr qoyub get­mişdir. Qurbani istedadlı şair olduğu qədər də aşıq ifaçılığına dərindən bələd bir sənətkardır”.

Sədnik müəllim Dirili Qurbaninin məsail yaradıcılığından bəhs edərək bir həqiqəti vurğulayır:

“Qurbani dastanın əvvəlində sovet dönəmində deyilən ustadnamələri yox, çoxbəndli məsail formasında şeir demişdir. Məsail şeirinin ilk nümunəsini Qurbani özü yaratmışdır. Məsail ərəbcə məsələlərin cəmi deməkdir. Hansı məs­ə­lələrin? Allahla, peyğəmbərlə əlaqəli dini məsələlərin cəmi nəzərdə tutulur.

Apardığımız araşdırmalar müəyyən etmiş­dir ki, klassik ədəbiyyatda Nizami kimi dahi şairlərin irihəcimli əsərlərinin əvvəlində verilmiş “Minacat”larda, meracnamələrdə, yəni “Peyğəm­bərin mera­cı”n­da, “Peyğəmbərin mədhi”ndə hansı məsələlər qoyulmuş­dursa, məsaillərdə də eyni məsə­lələr­dən bəhs olunmuşdur”.

Həmişə olduğu kimi, bu dəfə də canlı folklor materialının həqiqətinə söykənən Sədnik Paşa Qurbaninin məsaillərinin sayını da dəqiq­ləşdirmişdir: “bizim arxivimizdə olan Qurbaninin 63 məsaili əsli Göyçənin Cil kəndindən olan, hazırda Şəmkir rayonunun Keçili kəndində yaşa­yan məşhur aşıq Qasımın oğlu, Cilli Müseyibin qardaşı Aşıq Əlidən toplanılmışdır. Həmin 63 məsailin ilk bəndlərində deyilir:
Şükür dərgahına qadir Allahın,

Məhəmməd dinini bəyan eylədi.

Sidqinən çağırdı, saqi-kövsəri,

Tamam dərdlərə dərman eylədi.


Yaz ayında lalə bürüyər dağı,

Mudəm səbzə olsun möminlər bağı.

Doqquzuncu İmam Məhəmməd Tağı,

Əliyən Nağını əyan eylədi.


Havada kəşt edir Süleyman taxtı,

Bilin ki, nə vaxtdı qıvlanın vaxtı.

Məhəmmədə gələn Quran da haqdı,.

Musa da Tövratı bəyan eylədi.


Məsailin ayrı-ayrı bəndlərində Fatimeyi-Zəhra xatundan, Museyi Kazımdan, Sahibi Za­mandan, on iki imamdan, Firudindən, Sulidin­dən, müqəddimatdan, müqərratdan, səkkiz nama­zından, Süleyman taxtından, Məhəmmədə (s.), gələn Qurandan, Qadir Sübhandan, Murtuza Əli­dən (ə.), səkkiz cənnət otağından və digər dini məsələlərdən, müqəddəs şəxslərdən ətraflı bəhs olunur, Qurbani şerinin möhürbəndində 63 məsailin adı qeyd edilir.

Professor Sədnik Paşa Pirsultanlı müəyyən etmişdir ki, Dirili Qurbanın məsail yaradıcılığı çox zəngin olmuş, bir sıra sənətkarlar, o cüm­lədən görkəmli şair Xəstə Qasım da bu janrdan faydalanmışdır.

Qurbaninin 63 məsaili aşıq yaradıcılığında ölməz bir sənət incisidir. Həm də o dövrdə buna böyük ehtiyac vardı. Nizami kimi dahi şairlər irihəcmli əsərlərinin əvvəlində “Minacat”, “Peyğəmbərin nəti” kimi möcüzələrlə dolu islam dəyərləri xalqa poetik dillə çatdırırdılar.

Yüksək dini təhsil almış ustad sənətkar Dirili Qurbani də məclisə daxil olanda ustad­namə yerində də dərin mündərəcəli məsaillərini söyləyirdi.

Görkəmli sənətkar Dirili Qurbaninin öl­məz əsəri olan məsaili Aşıq Abbasa da, Xəstə Qasıma da, Abdalgülablı Valehə də, Şəmkirli Aşıq Hüseynə də, Aşıq Ələsgərə də güclü təsir etmiş, onlar da bu səpkili peyğəmbərlərin möcü­zə­lərindən bəhs edən əsərlər yaratmışlar.

Tufarqanlı Abbasın və Xəstə Qasımın dini ustad­namələri, Şəmkirli Hüseynin zəncirləməsi və Aşıq Ələsgərin “Peyğəmbərin meracı” adlı şeirləri dediklərimizə misal ola bilər.

Professor Sədnik Paşa Pirsultanlı Xəstə Qasım poeziyasının dərin təhlinini vermiş və bu qənaətə gəlmişdir ki, XVII əsrin sonu, XVIII əsrin əvvəlində sənət meydanına gəlmiş Tik­mədaşlı Xəstə Qasım özünə qədər mövcud olan klassik ədəbiyyatdan, zəngin folklorumuzdan, folklorumuzun hərəkətdə olan, çevik və tez-tez dəyişmələrə məruz qalan aşıq sənətindən istə­nilən qədər faydalanmışdır.

Həmin qaynaqlardan bəhrələnmiş, öyrənə-öyrənə, dərinləşə-dərinləşə dərya-dəniz olmuş, bir dağ kimi ucalmış, geriyə boylananda Nizami, Füzuli, Qurbani və Tufar­qanlı Abbas kimi azman söz ustadlarını görmüş və bununla da öz sənət yolunu müəy­yən­ləşdirmişdir.

Xəstə Qasım sələflərinin poetik və melodik əsərlərindən təsirləndiyi kimi, onun xələfləri də şair-aşığın ədəbi irsinə söykənərək gözəl sənət nümunələri yaratmışlar.

Xəstə Qasım sələflərinin yaradıcılığından faydalanmışdır. Bu hadisəni sənətkarların əsər­lərindən öyrənmək daha faydalıdır. Ona görə ki, sənətkarlar əsərlərində hadisələrin düzgün bədii ifadəsini poetik dillə cilalayırlar.

“Nizami yazır:
Əvvəl əyri bitən bir cavan budaq,

Zənn etmə, qocalsa düzgün olacaq.1


Xəstə Qasım həmin beytin təsiri ilə yazdığı qoşmasında fikrini belə ifadə edir:
Əzəl yerdən çıxan əyri ağacı,

Yüz min ustad rəndələsə düzəlməz”2


Xəstə Qasım yaradıcılığı ilə digər korifey sənətkarların yaradıcılığı arasında bağları arayan professor Sədnik Paşa Pirsultanlı belə bir tam nəticəyə gəlir ki, “Xəstə Qasım Füzuli yaradı­cılığından təkcə bəhrələndiyini demir, fəxrlə onun nəs­lindən olduğunu söyləyir. Xəstə Qasım, eləcə də Dirili Qurbaninin və Tufarqanlı Abbasın yaradı­cılığına böyük ehtiramla yanaşır.

Qurbaninin poeziyasından təsirlənərək təcnislər, Tufarqanlı Abbas yaradıcılığından təsirlənərək cığalı təc­nislər yaradır.

Professor Sədnik Paşa Pirsultanlı “Xəstə Qasım və xələfləri” mövzusunda da geniiş şəkil­də araşdırmış və bu nəticəyə gəlmişdir ki, “Xəstə Qasımdan sonra sənət meydanına gələn Aşıq Valeh, Aşıq Alı, Şəmkirli Aşıq Hüseyn, Molla Cümə, Yəhya bəy Dilqəm, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozarqanlı, Növrəs İman və başqaları onun sənətkarlığından faydalanmış, şeir xəzinə­sindən istifadə etmiş, onu özlərinə ustad seç­mişlər.

Tədqiqatçı alim nəticədə göstərir ki, Xəstə Qasımda bu cür mükəmməl sənət inciləri çoxdur. Aşıq poeziyasında cığalı təcnisin ən mükəmməl nümunələri onunkudur. Müstəzad təcnisin ilkin nümunəsini Xəstə Qasım yaratmışdır.

Xəstə Qa­sım aşıq yaradıcılığında elə örnəklər, elə nümu­nələr yaratmışdır ki, o nəinki aşıq yaradıcılığına, eləcə də yazılı ədəbiyyata da güclü təsir göstərmişdir. Xəstə Qasım yaradı­cılığı ilə bədii-estetik, poetik-intellektual ünsiy­yəti yarım əsrdən artıq bir dövrü əhatə edir.

Üç mərhələni əhatə edən bu müddət ərzində alimin sənətkar haqqındakı fikirləri təkmilləşmiş, cilalanmış və Azərbaycan “Xəstə­qasımşü­naslığının” ən etibarlı məhək daşlarına çevrilmişdir.

Ümumiyyətlə Xəstə Qasım zəngin ədəbi irs yaratmış vətənpərvər və əməksevər, əbə­di­yaşar sənətkardır.

Professor Sədnik Paşa Pirsultanlı Tik­mədaşlı Xəstə Qasım və onun sələfi olan Dirili Qurbani haqqında verdiyi elmi-nəzəri təhlil çox məzunlu və ideyalıdır. Bu da olduqca təbii və əhəmiyyətlidir. Ona görə ki, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının folklorşünaslıq sahə­sində fədəkar fəaliyyətinin söhbəti çoxdan Azərbaycanın sərhədlərini aşaraq Orta Asiya, Avropa və Amerikaya qədər yayıl­mış, Azər­baycan və ümumtürk folklorunun saysız-hesabsız mövzularına baş vurmuş, folklor yaddaşını bədii söz yaradıcılığı və sənət hadisəsi kimi bütün tematik istiqamətlərdə təhlil etmişdir.

Folklorşünas alim Sədnik Paşa Pirsultanlı Azərbaycan aşıq şeirini, saz-söz nəhənglərini, folklorumuzun zəngin janrlarını, möhtəşəm söz abidələrini bütün ömrü boyu araşdırmışdır.

İstisnasız olaraq hər dəfə yeni söz demişdir: folklora aramsız canlı elmi-praktiki ünsiyyət onun əldə etdiyi elmi-nəzəri nəticələri də aramsız inkişaf etdirmiş və bu da öz növbəsində prof. S.Pirsultanlının Azərbaycan humanitar-filoloji düşüncəsinə fasiləsiz olaraq daxil etdiyi elmi tezisləri dinamik hadisəyə çevirmişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Aşıq Şəmşirin poetik aləminə səyahət” adlı monoq­rafiyasını 2008-ci ildə çap etdirib oxucuların mütailəsinə vermişdir.

Aşıq Şəmşir XX əsrin görkəmli saz-söz ustalarından biridir. Aşıq Şəmşirin hansı yaradıcı qaynaqlara əsaslandığını və zəngin poeziya yaratdığını müəllif çox ətraflı təhlil edir.

Professor Sədnik Paşa Pirsultanlı yazır:

“Hər kəs mühitinin oğludur. Aşıq Şəmşir yurdumuzun ən gözəl rayonunda, Kəlbəcər dağ­larının dilbər guşəsi olan Dəmirçidam kəndində dünyaya göz açmış, sonra atası aşıq-şair Qurban təbiətin ən səfalı guşəsi olan Ağdaban kəndinə köçmüşdür. Nəsil bu yerdə, Çayqovuşanda əbədi binələnmişdir.

Şəmşir gözünü açıb Dəlidağı, Mənsili, Qoşqarı, Qonuru, Lülparı, neçə-neçə be­lə möh­təşəm dağları görmüşdür. Şəmşirin həyatı, ədəbi irsini, həyat fəlsəfəsini aydınlaşdırmaq üçün onun dərs aldığı amilləri bircə-bircə göz önünə gətirmək lazımdır. Onun ilk bəhrələndiyi qaynaq yaradıcılıq qaynağı, nəsil səcərəsidir. Hər şeydən əvvəl, Aşıq Şəmşir dövrünün azman sənətkarı, hər zaman Aşıq Ələsgərlə bir olan, yanaşı duran atası Ağdabanlı Qurbanın sazının, sözünün səsi ilə yatıb oyanmışdır. O, şeir dilini ulu babası, atası Qurbanın və özünün kövrək misralarla dünyaya gətirdiyi dağlar şeirləri ilə açmışdır.”

Aşıq Şəmşirin ulu babası Miskin Abdal­dan, atası Ağdabanlı Qurbandan başla­yaraq nəsil səcərəsi kitabda düzgün həllini tapmışdır. Aşıq Şəmşirin poetik aləminin şərhi və ümumiləş­dirilməsi, yaradıcılıq yolunun təhlili səmərəlidir.

Aşıq Şəmşir sələflərinin, müasirlərinin və xələflərinin hər birinin yaradıcılığını qiymət­ləndirən el sənətkarıdır. Aşıq Şəmşirin sənət aləmi, poetik aləmi o qədər zəngindir ki, başqa yaradıcı aşıqlara yanaşmaq üsulu ilə yanaşıb söz demək mümkün deyildir. Hətta onların poetik yaradıcılığını qiymətləndirərkən deyilən sözü də təkrar etmək olmaz.

Aşıq Şəmşir zəngin yaradıcılıq yolu keç­miş, ümumxalq məhəbbəti qazanmış sənətkardır. Onun yaradıcılıq yolu monoqrafiyada ətraflı şərhini tapmışdır.

Folklorşünas tədqiqatçı Sədnik Paşa Pir­sultanlının fəaliyyətində Nizami Gəncəvi dünya­sının şərhini verib ümumiləşdirmək səmərəli əməyin bəhrəsidir.

Görkəmli şərqşünas, filologiya elmləri doktoru,professor Rüstəm Əliyev yazır: “Bədii və fəlsəfi təfəkkürümüzün işıqlı ədəbiyyatını yaradan dahi şairimiz Nizami Gəncəvi eyni zamanda bütün bəşəriyyətə mənsub sənətkardır. Onun öz əsərlərində tərənnüm etdiyi, poetik zirvələrə ucaldığı müqəddəs arzu və amallar, insanpərvərlik, əsil humanizm ideyaları hər bir şüurlu bəşər oğluna xas olan nəcib hissələrdir. Ona görə də bəşəriyyət və onun mədəniyyəti yaşadıqca Nizami də yaşayacaqdır. Nzami kimi sənətkarlar yalnız bir xalqa yox, ümumiy­yətlə,bəşəriyyətə tarixlər boyu çox nadir hallarda qismət olur”1

Nizami Gəncəvinin əsərləri, xüsusilə “Xəmsə”si dünya ədəbi-fəlsəfi fikrinin göv­hə­ridir. “Xəmsə” özü bir kainatdır, varlıq aləminin bədii-fəlsəfi, estetik-ədəbi güzgüsüdür. Buna görə də “Xəmsə” əbədi yaşayacaqdır.

Professor Sədnik Paşa Pirsultanlı 1976-cı ildə “Nizami və folklor” kitabını nəşr etdir­mişdir. Kitab dövrü mətbuatda mütəxəssislər tə­rə­findən yüksək qiymətləndirilmişdir. Onun 1983-cü ildə nəşr etdirdiyi “Nizami və xalq əfsanləri” adlı kitabı folklorşünaslığın faydalı nümunəsidir.

Professor Abbas Səmədov və İsfəndiyar Sadıqov nizamişünaslığın “Sədnik Paşa həqi­qəti” haqqında hələ 1983-cü ildə yazmışdır:

“Folklorşünas alim Sədnik Paşa Pirsul­tan­lının Nizami Gəncəvi ədəbi irsində xalq yaradı­cılığından istifadə motivlərini, folklorla bağlılıq problemlərini araşdırması tamamilə təbiidir, müasir dövrün folklorşünaslıq elminin qarşısında qoyduğu mühüm məsələlərin həllinə cavab vermək baxımından yüksək qiymət­lən­diril­mə­li­dir.”

“Nizami çeşməsinin folklor qaynaqları” adlı bu məqalədə Sədnik Paşa Pirsultanlının təd­qiqatı ətraflı təhlil edilir, yüksək qiymət­lən­diri­lir. Ona görə ki, tədqiqatçı folklorşünasın fəaliyyəti çox səmərəli olmuş, problemin elmi-nəzəri həllini ətraflı vermişdir.

Professor Sədnik Paşa Pirsultanlının ar­dıcıl şəkildə apardığı nizamişünaslıq araşdır­malarının uğurları Abbas Səmədovu “Nizami və xalq əfsanələri” kitabını yenidən dəyərlən­dirməyə, əslində isə nizamişünaslığın araşdır­malarının uğurları Abbas Səmədovu “Nizami və xalq əfsanələri” kitabını yenidən dəyər­lən­dirməyə, Nizami­şünaslığın “Sədnik Paşa həqi­qə­tini” bir daha təs­diq etməyə sövq etmişdir.

Professor Abbas Səmədov yazır: “Nizami və folklor probleminin tədqiqata cəlb edilməsi nizamişünasları həmişə düşündürmüş, bu sahədə bir sıra uğurlu axtarışlar aparılmış, maraqlı əsərlər yazılmışdır.

Professor Sədnik Paşa Pirsultanlının tədqi­qatı çox əhəmiyyətlidir. Ona görə ki, tədqiqatı tarixilik və elmilik prinsipləri əsasında aparmış, hadisələrin elmi-nəzəri şərhini ətraflı vermişdir”.

Bu sahədə professor Sədnik Paşa Pirsul­tanlının fəaliyyətini yüksək şəkildə qiymət­ləndirən A.Səmədov göstərir ki, “folklorşünasa xas olan cəsarət və səbirlilik, dözüm və diq­qət­lilik, yalnız Azərbaycanın deyil, Qərbi Azər­baycanda, Gürcüstan, Şimali Qafqaz, Dağıstan və Orta Asiyanı oba-oba, oymaq-oymaq dolan­maq, ağsaqqal babalarla, ağbirçək nənələrlə, nurani ata və analarla söhbət etmək, elin mənəvi sərvəti olan folklor nümunələrini, xüsusilə əsatir və əfsanələri toplamaq istedadlı folklorşünas-pedaqoq Sədnik Paşayevə müəyəssər olan yük­sək keyfiyyətlərdir. Onun “Gənclik” nəşriy­yatı tərəfindən bu günlərdə nəfis şəkildə çap olunmuş “Nizami və xalq əfsanələri” kitabı ciddi elmi axtarışların və səmərəli əməyin məhsuludur”1

Filologiya elmləri namizədi Əli Cəfərli nizamişünaslığın “Sədnik Paşa həqiqətlərini” Azərbaycan elmi zərurətinin gerçəkləşməsi, alimin öz zamanının çağırışına hay verməsi, öz intellektini milli həqiqətlərlə kökləməsi kimi səciyyələndirmişdir: “Sədnik Paşayev əsasən, Azərbaycan aşıq poeziyasının və musiqisinin tədqiqatçısıdır. Lakin Azərbaycan folklorşünas­lığında bir boşluğu- əsatir, əfsanə və rəvayətlərin hələ tam halda toplanılmadığını gördükdə üzünü rayonlara, kəndlərə, obalara tutdu, qədim qala­larımız, göl, çay, qaya, dağ, daş və s. haqqında yaranmış əfsanələri toplamağa başladı.

Folk­lorşünas təkcə əfsanələrin toplanması və nəşri ilə məşğul olmur, bu sahədə tədqiqat da aparır. Biz bu işin nəticəsini həmin kitablardakı müqəddimə və bölgülərdə də görürük. Bu böl­gülər içərisində ən əsaslı və dəqiqi əfsa­nələrin sayına görə çoxluq təşkil edən “Nizami möv­zuları ilə səsləşən əfsanələr” və “Koroğlu” eposu ilə səsləşən əfsanə­lər”dir.

Nəhayət, müəllifin topladığı material Niza­mi süjet və motivləri ilə Azərbaycan xalq əfsanələrinin qarşılıqlı-müqayisəli tədqiqinə dair elmi məqalələri “Nizami və xalq əfsanələri” monoqrafiyasının yaranmasına səbəb oldu”.

Professor Sədnik Paşa Pirsultanlının Niza­mi­şünaslıq araşdırmaları, təqribən, XX əsrin 70-ci illərinin ortalarından başlanmış və 80-ci illərin ortalarına qədər sürətli şəkildə davam etmişdir. Bu araşdır­malar iki kitab və çoxsaylı məqalələri əhatə edir.

Böyük Azərbaycan şairi, dahi Nizami Gəncəvinin ziyası ilə nurlanan, ondan ilham alan Sədnik müəllim səmərəli axtarışlarını ondan əsirgəmir.

Buna görə də Sədnik müəllimin ömür tacının on ili dahi Nizami Gəncəvi yara­dıcı­lı­ğının tədqiqinə həsr edilmiş, qiymətli məqalələr, xatirələr, monoqrafiyalar çap olunub oxuculara hədiyyə verilmişdir.

Professor Sədnik Paşa Pirsultanlının açdığı bu şərəfli yol “Nizaminin əfsanə-əfsanənin Nizami dünyası” yoludur, ictimaiyyətə dərin hörmət və məhəbbət kəşfi yoludur. Bu yol şərəf­li, səfalı və tərbiyəvi yoldur.

Professor Sədnik Paşa Pirsultanlının 20 fevral 1979-cu il tarixli “Kirovabad kommunisti” qəzetində verilən “Nizaminin ədəbi irsi öyrəni­lir” müsahibəsi çox maraqlı və əhəmiyyətlidir. Ona görə ki, Nizami Gəncəvi irsinin öyrənilməsi yollarının şərhi səmərəli verilir.

Professor Sədnik Paşa Pirsultanlının Mos­kva­da SSRİ Elmlər Akademiyasının Şərq­şü­nas­lıq İnstitutunda məzmunlu və ideyalı məqaləsi dərc olunmuş, həmin məqalə onun “Azərbaycan folkloruna dair tədqiqlər”adlı 2006-cı ildə çap olunan monoqrafiyasında da (səh.10-17) veril­miş, oxuculara hədiyyə edilmişdir. Onun bu elmi-nəzəri sahədə çox maraqlı və əhəmiyyətli məqalələri və kitabları nəşr olunmuşdur.

Görkəmli folklorşünas, professor Sədnik Paşa Pirsultanlının Azərbaycan ədəbiyyatının görkəmli nümayən­dəsi Nizami Gəncəvi (1141-1209) haqqında çox faydalı əsərləri vardır.

Professor Sədnik Paşa Pirsultanlı müxbirlə müsahi­bəsində hadisələrin ətraflı şərhini verir və deyir:

“Hörmətli müxbir! Mən bir qayda olaraq, toplama və tədqiqat işlərini üzvi surətdə, əlaqəli şəkildə aparmağa çalışıram. Son axtarışlar bir daha təsdiq edir ki, Nizami irsi xalqımızın məişətinə,folkloruna, mənəvi varlığına möhkəm daxil olmuşdur.

Xalqda Nizami mövzuları ilə səsləşən əfsa­nələr çoxdur. Bunlar toplandıqca Nizami və xalq ədəbiyyatı mövzularında yeni tədqiqat əsər­ləri yazmaq üçün imkan artır. Sualınıza cavab olaraq onu deyə bilərəm ki, bu yaxınlarda 6 çap vərəqi həcmində “Nizami və xalq əfsanələri” adlı eyni tədqiqat əsərimi yazıb nəşriyyata təqdim etmişəm”.

Professor Sədnik Paşa Pirsultanlı. Nizami və folklor. Bakı, “Bilik, 1976 (kitab); S.P.Pir­sul­tanlı. Nizami və xalq əfsanələri. Bakı, Gənclik, 1983 (kitab); С.П. Пирсултанлы. Низами и Азербайджанские народные преда­ния «Вор­ро­сы восточного литературоведения и текстологии» (сб.ст). Москва, АН ССР Институт Востоковедения, 1975. (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pirsultanlı. Azərbaycan folkloruna dair təd­qiq­lər. Gəncə, “Pirsultan” 2006, s. 10-17); S.P.Pirsultanlı. Nizaminin ədəbi irsi öyrənilir (alimlə müsahibə). “Kirovabad kommunisti” qəzeti. 20 fevral, 1979. (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pir­sultanlı. Azərbaycan folkloruna dair təd­qiq­lər. Gəncə, “Pirsultan” 2006, s.43-47); S.P.Pirsultanlı. Bədii yaradıcılıq və əfsanə. “Kiro­vabad kommunisti” qəzeti. 31 avqust, 1979. (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pirsultanlı. Azərbaycan folkloruna dair tədqiqlər. Gəncə, “Pirsultan” 2006, s.48-52); S.P.Pir­sultanlı. Nizami və xalq əfsanələri. “Kirovabad kommunisti” qəzeti. 6 dekabr, 1979. (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pir­sultanlı. Azərbaycan folkloruna dair tədqiqlər. Gəncə, “Pirsultan” 2006, s.18-23); S.P.Pir­sultanlı. Nizami və ozan-aşıq sənəti. “Kirovabad kommunisti” qəzeti. 22 dekabr, 1979. (Bu məqa­lənin təkrar nəşri üçün bax. S.P.Pirsultanlı. Ozan-aşıq yaradıcılığına dair araşdırmalar. 2 cilddə, I cild. Gəncə “Pirsultan”, 2002, s. 38-44); S.P.Pir­sultanlı.Əfsanələrdə qalan izlər. “Kiro­va­bad kom­munisti” qəzeti. 19 mart, 1980. (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pirsultanlı. Azərbaycan folkloruna dair tədqiqlər. Gəncə, “Pirsultan” 2006, s.59-63); S.P.Pirsultanlı. “Leyli və Məcnun” poeması və nakam məhəbbət əfsa­nələri. “Kirovabad kommunisti” qəzeti. 8 avqust, 1980. (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pirsultanlı. Azərbaycan folkloruna dair tədqiqlər. Gəncə, “Pirsultan” 2006, s.32-37); С.П.Пир­султанлы. Низами и народные леген­ды. Газ. «Кировабадский рабочий», 19 август. 1980 (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pirsultanlı. Azərbaycan folkloruna dair təd­qiqlər. Gəncə, “Pirsultan” 2006, s.74-76); S.P.Pir­­­sultanlı. “Yeddi gözəl” ilə səsləşən əfsa­nələr. “Kirovabad kommunisti” qəzeti. 3 sent­yabr, 1980. (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pirsultanlı. Azərbaycan folkloruna dair tədqiqlər. Gəncə, “Pirsultan” 2006, s.38-42); S.P.Pir­sultanlı. qəz, 17 oktyabr, 17 oktyabr, 1980. (Bu məqalənin təkrar nəşri üçün bax. S.P.Pirsultanlı. Azərbaycan folkloruna dair təd­qiq­lər. Gəncə, “Pirsultan” 2006, s.29-31);

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının folklorşünas alim keyfiyyətləri və Nizami dühasının Azərbaycan mil­li bədii düşüncə tarixində öyrənilməsi sahəsindəki şərəfli xidmətləri çox gözəldir və ali məktəblərdə öyrənilməsi lazımdır.

Folklorşünas alimin nizamişünaslıq görüş­lə­rini və “Nizami və folklor” sahəsindəki araşdırmalarında şifahi və yazılı ədəbiyyatla bağlı elmi-nəşri ideyasının gənc nəslə öyrətmək müasir dövrümüzün əsas kəşflərindən biridir.

Professor Sədnik Paşa Pirsultanlı tədqiqatlarında Nizami yaradıcılığının folklor qaynaqları məsələsini çox ciddi elmi problem kimi təhlil edir, həlli yollarını göstərir.

Azərbaycan folkloruna bütün yaradıcılığı ilə sıx bağlı olan professor Sədnik Paşa Pirsul­tanlı Nizami və Azərbaycan şifahi ədəbiyyatı, Nizami irsinin öyrənilməsini mürəkkəb problem­lərdən biri hesab edir və bu sahədə çox məsuliyyətli çalışır. Ona görə ki, bu problemin müasir elmi tələblər səviyyəsində öyrənilməsi mütləq lazımdır.

Professor Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin folklorla əlaqəsini üç qrupda şərh etməyin zəruriliyini göstərir:



  1. Nizaminin bilavasitə istifadə etdiyi əsatir və əfsanələr, yaxud da başqa folklor nümunələri.

  2. Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən ya­zılmış folklor nümunələri və onların folklorda izləri.

  3. Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsər­lərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variant­ları kimi yaranmış yeni əsərləri.

Folklorşünas alim Sədnik Paşa Pirsultanlı epos və dastan haqqında bəhs edir, maraqlı

izahat verir. Onun epos və dastan haqqındakı şər­hi müasir tələblərə cavab verir, həm də gənc nəsli razı salır.

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yazır: “Epos”, sadəcə, dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan potensiyasıdır.”1

Görkəmli Azərbaycan alimi, professor Hüseyn İsmayılov “dastan” janrı haqqında yazır: “Dastan” adı altında dayanan ədəbi hadisə faktı əski epik ənənənin etnik işarəvi və modelləşdirici sistemini saxlamaqda bu terminlə anlaşılan ədəbi forma və məzmuna-diferensial mətn tipinə transformasiya olunmuşdur”.2

Professor Azad Nəbiyev “epos” anlayı­şının çox mürəkkəb olmasını folklor-mifoloji düşüncəsilə əlaqədar şərh edir və yazır: “Epos yaradıcılığı əski dünyanın inkişaf etmiş sivil yüksəlişinin yaddaşda əks olunmuş bədii modeli idi. Bu modeldə bir çox estetik, mənəvi-əxlaqi, etik və hüquqi dəyərlər cəmləşmişdir”2

Alimlərin verdikləri elmi-nəzəri məlumat­dan aydın olur ki, “epos” üç məna səviyyəsini əhatə edir:



  1. Paradiqmatik səviyyə: etnosun gerçəklik haqqında epik təsəvvürlər sistemi-epik dünya modeli:

  2. Sintaqmatik səviyyə: epik dünya modelinin gerçəkləşdirən sözlü mətn;

  3. Janr səviyyəsi: bütün epik janrları birləşdirən sistem.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, hər bir xalqın eposu həmin xalqın epik düşünməsinin bütöv sistemidir, eposun ilkin zəminini əsatirlər (miflər) təşkil edir. Nizami yaradıcılığı da Azərbaycan eposu sisteminə aiddir, Azərbaycan eposu elə möhkəm bağlıdır. Bunu ayırmaq qətiyyən olmaz.

Professor Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının xalq dastanlarının əsasında yarandığını göstərərək yazır:

“Ümumiyyətlə, Azərbaycan eposunun inkişaf mərhələlərinin keçdiyi yolu öyrənməkdə yazılı bir mənbə kimi Nizaminin əsərləri, xüsu­silə “Xosrov və Şirin” poeması böyük əhəmiyyətə malikdir.

“Xosrov və Şirin” poeması prinsip etibarı ilə xalq dastanının ayrı-ayrı mərhələlərinə və şəkil xüsusiyyətlərinə uyğun bir tərzdə yara­dılmışdır. Belə bir mülahizə yürüt­məyə əsas verən səbəb odur ki, Nizami həmin qədim abidədən istifadə edərkən, öz əsərinin əvvəlindən axırına qədər dastan yaradıcılığı prinsiplərinə yerli-yerində riayət etmişdir.

Bizə elə gəlir ki, indi məlum olmayan, varlığını ehtimal etdiyimiz həmin dastan öz tipinə görə məhəbbətlə qəhrəmanlığın hüdudla­rında dayanan bir dastan imiş”.3

Pofessor Sədnik Paşa Pirsultanlı “Nizami və Azərbaycan eposu” problemini öyrənməkdə həmişə səmərəli davam etmiş və problemin həlli haqqında faydalı əsərlər yazıb tövsiyyələr vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı folklor­şünaslıq axtarışları ilə ardıcıl və səmərəli məşğuldur. O, neçə illər bundan əvvəl yazdığı və haqqında bəhs etdiyi problemlərə təkrar qayıdır, onların müasir dövrlə vəhdətdə şərhini verir.

Folklorşünas alim Azərbaycan aşıq yaradı­cılığı ilə xüsusi məşğul olur, faydalı tədqiqat əsərləri yazır. Onun “Aşıq Ələsgər”, “Tikmədaşlı Xəstə Qasım”, “Nizami Gəncəvi və folklor”, yazılı və şifahi ədəbiyyatın əsas problemləri mövzularında apardığı araşdırmalar, tədqiqatlar çox maraqlı və əhəmiyyətlidir.

Filologiya elmləri doktoru, professor Səd­nik Paşa Pirsultanlının yaradıcılığı ardıcıl inkişaf edir, zənginləşir və parlaq uğurlar qazanır. Ona görə ki, məsuliyyətli pub­lisist, tədqiqatçı, folklorşünas, mahir pedaqoq, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı səmimi, halal, əməli saleh, xeyirxah, qayğıkeş, vətənpərvər, əməksevər, əsl alim, ziyalı, müəl­lim, ailə başçısı, müdrik insandır.

Sədnik müəllim folklor məsələlərini topla­maq­dan, araşdırmaqdan, tədqiq etməkdən, mo­noq­rafiya, dərslik, dərs vəsaiti yazıb nəşr etdir­məkdən estetik zövq alır, ümumxalq məhəbbəti qazanır.

Vətən və xalq sevgili professor Sədnik Paşa Pirsultanlı parlaq uğurlar zirvəsində yaşayır, yaradır və parlaq uğurlar qazanıb sevilir.

Professor Sədnik Paşa Pirsultanlının yaradıcılığı və əmək fəaliyyətinin şərhi onun elmi-nəzəri ideologiyasının müqəddəsliyini, pak­lığını, düzlüyünü, qayğıkeşliyini, səmimiyyət və təva­zökarlığını, görkəmli elm, maarif, mədəniy­yət xadimi olduğunu təsdiqləyir, ona ümumxalq məhəbbəti qazandırır və fəaliyyətində parlaq uğurlar işığı pərvazlandırır!

Professor Sədnik Paşa Pirsultanlının hə­ya­tı, ömür yolu, geniş pedaqoji fəaliyyəti, folklorşünaslığı öz səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb etmiş, xoş təəssürat yaratmış, parlaq uğurlar qazandırmışdır.

Ona görə ki, Sədnik müəllim, paklıq, ülvilik, ideallıq, müqəddəslik rəsmi, həyatı, işi, fəaliyyəti, nəhayətsiz axtarış­ları parlaq nümu­nələr zirvəsinin Günəş şöləsidir. Ona parlaq uğurlar arzulayırıq!



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin