AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə26/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

Həyatı və fəaliyyəti. Xəlil Rza oğlu Xəlilov 1933-cü ilin oktyabrında indiki Salyan şəhərinin Pirəbbə kəndində anadan olmuşdur. Şairin babası Xəlil kişi kolxoz quruculuğuna müqavimət göstərdiyinə görə Sibirə göndərilmiş və oradan qayıtmamışdır. Şairin digər babası Rüstəm kişi də bolşeviklər tərəfindən düşmən hesab edilərək güllələnmişdir. Şairin atası Rza Xəlil oğlu isə Böyük Vətən Müharibəsində fədakarlıqla vuruşmuş, cəbhədə aldığı yaraları uzun müddət müalicə etmişdir. Mühasib işləyən Rza kişi 1957-ci ildə dünyasını dəyişmişdir. Xəlil Rza bir çox şairlərin adını ilk dəfə atasından eşitmişdi. Kənddə böyüyən şair ağır uşaqlıq dövrü keçirmiş və bu ağrılar sonradan onun əsərlərində öz əksini tapmışdır. Nəslinin əsas şəxslərinin qırmızı terrora məruz qalması şairin yaddaşında həmişəlik zədə kimi qalmışdır.


Xəlil Rza orta təhsilini Salyandakı 2 saylı orta məktəbdə almışdır. Orta təhsili başa vurduqdan sonra o, 1949-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Ədəbiyyatda ilk addımlarından böyük yaradıcılıq enerjisi, zəhmətkeşliyi ilə tələbə və müəllimlərin diqqətini cəlb etmişdir. Universitetdə o zaman cavan şair olan Bəxtiyar Vahabzadənin apardığı şeir dərnəyinə getmiş, məhsuldar, səmimi qələmi ilə seçilmişdi. Gənc şair çox fəal olduğundan 1954-cü ildə − iyirmi bir yaşında Yazıçılar İttifaqına qəbul olunmuşdur. Universiteti əla qiymətlərlə bitirən gənc şair «Azərbaycan qadını» jurnalında ədəbi fəaliyyətə başlamışdır.

Xəlil Rza 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən milli hərəkatın dalğasında ədəbiyyata gələn şairlər nəslinin görkəmli nümayəndəsidir. Milli azadlıq ideyaları, Cənubi Azərbaycanın taleyi onun yaradıcılığının əsas fikir xəttini təşkil etmişdir.



Yaradıcılığı. 1957-1958-ci illərdə bir qrup gənc yazar Moskvaya, Ali Ədəbiyyat kurslarına göndərilir. O zaman bu üsuldan cavan ədəbi qüvvələri rus dilinə və ədəbiyyatına daha yaxından bağlamaq üçün istifadə edirdilər. Xəlil Rza Qabil, N.Xəzri, Ə.Kürçaylı, S.Tahir kimi bir dəstə yazıçı ilə iki il Moskva mühitində yaşamış və yaratmışdır. Moskvada şairin gəldiyi əsas qənaət bu idi ki, yaxşı, gözəl yaşamaq üçün partiyanın tələb etdiyi mövzuları işləmək lazımdır. Şairin 1957-ci ildə çıxan «Bahar gəlir», 1959-cu ildə çıxan «Sevən gözlər» adlı kitabları bu qənaətə gəlməyə imkan verir. Bu kitablarda hələ dövrün poeziyası üçün aparıcı olan Lenin, partiya, xalqlar dostluğu kimi mövzular əsas yer tutur.

Lakin 60-cı illərin əvvəllərindən başlayaraq, Xəlil Rzanın yaradıcılığında da təzələnmə, müasirləşmə baş verir. Stalinizmin rəsmi olaraq tənqidi və ifşası dövrün çoxlu ayıq fikirli adamlarını sovet reallıqlarına yeni tərzdə baxmağa məcbur edir. 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli hərəkat ziyalılar içərisində də xalqın taleyi probleminin aktuallaşmasına, tarixə marağın artmasına, milli ovqatların güclənməsinə səbəb olmuşdu. 1959-cu ildə Şəkidə, rayon qəzetində çıxmış «Gülüstan» poeması bu ovqatların nəticəsi və formalaşan milli şeir cərəyanının ma­nifesti idi. Xəlil Rza bu əsəri oxuyub dərindən mütəəssir olmuş, öz müəllimi Bəxtiyar Vahabzadəyə həmişəlik bağlanmışdı.

Gənc şair 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitu­tu­nun aspiranturasına daxil olmuş və orada pedaqoji fəaliyyətə başla­mışdı. Onun aşıb-daşan yaradıcılıq enerjisi hər şeyə çatırdı. Ədib 1963-cü ildə otuz yaşında ikən poema janrının 1945-1950-ci illərdəki inkişafı mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Lakin belə uğurlarla paralel, şairin hakimiyyətlə konflikti də başlanır. Xəlil Rza cavan vaxtlarından ömrünün sonuna kimi içindəki fikir və qənaətləri gizlədə bilməyən, onları həmişə açıq şəkildə deyən bir adam idi.

Şair iki il Moskvada yaşayıb oxusa da, rus dilinə və o zamanlar bu dilin bütün rəsmi səviyyələrdə hegemonluğuna mənfi münasibət bəsləyir və bunu gizlətmirdi. 50-ci illərin ikinci yarısında Azərbaycan və digər milli dillərin qısa bir müddət dövlət dili kimi tətbiqi də ziyalılara, o cümlədən Xəlil Rzaya dərin təsir göstərmişdi. O, ana dilinin dövlət dili kimi tətbiqinin dayandırılması ilə heç cür razılaşa bilmir, hətta ictimai yerlərdə, məclislərdə rus sözləri işlədənləri açıq-aşkar qınayır, onları rəmzi olaraq «cərimə» etdiyini bildirirdi.

Şairin yarızarafat formalı belə davranışı hər şeyə göz qoyan siyasi təhlükəsizlik orqanları tərəfindən şişirdilməyə başlandı. Yazıçılar İttifaqı, ali məktəblər bu orqanların köhnə yuvaları idi. Xəlil Rza antirus ovqatların daşıyıcısı kimi həm Yazıçılar İttifaqında, həm də Pedaqoji İnstitutda rəhbərlik tərəfindən tənbeh edildi. Bunun nəticəsində şairin oxucuları ilə görüşləri məhdudlaşdırıldı, tələbələrə «zərərli» təsirinin qarşısını almaq üçün dərs saatlarının sayı azaldıldı. Lakin bunlar şairin iradəsinə və əqidəsinə təsir göstərə bilmədi. O, milli ovqatlı şair kimi, ana dilinin statusu uğrunda mübarizəni davam etdirdi.

O zamanlar türk, Türkiyə kimi sözlər yarı qadağa altında idi. Moskva Bakıda yeganə türk dövlətinin təsirini artıra bilən ən xırda detallara da xüsusi qısqanclıqla yanaşırdı. Ona görə şairin «Ana dili» adlı şeirinin Türkiyədə çap olunması ideoloji həyata nəzarət edən məmurlar arasında böyük həyəcan yaratmış və şairə qarşı təqibləri gücləndirmişdi.

Molla Pənah Vaqifin 1969-cu ildə 250 illik yubileyinə gəlmiş türkiyəli qonaqlarla yaxından ünsiyyət bağlayan Xəlil Rza onlardan birinə Türkiyə mətbuatında çap olunmaq üçün şeirlər verir. O zamanlar xaricdən dəvət edilən qonaqlar da Kommunist hərəkatının fəalları, ya da Sovet kəşfiyyat orqanları ilə əməkdaşlıq edənlər olurdu. Xəlilin səmimiyyətlə qonağa təqdim etdiyi şeirlər məxfi təhlükəsizlik orqanlarının əlinə keçir. Bunun təsadüf olduğunu düşünmək çətindir. Sovet tərəfinin etimadını itirməmək üçün kimsə onları təhvil vermiş və bununla Xəlil Rzanın Türkiyədə çap olunmaq cəhdində günahlandırılması üçün yol açılmışdı. Pedaqoji İnstitutun partiya təşkilatında yenidən Xəlil Rzanı məzəmmət yığıncağı keçirildi. Şair ağır siyasi ittihamlarla antisovet fəaliyyətində günahlandırılıb on il ərzində çalışdığı institutda müəllim vəzifəsindən azad edildi. Onun «Bilik» Cəmiyyəti xətti ilə Azərbaycan rayonlarında görüşlər keçirmək hüququ da əlindən alındı. Bunlar şairin ailəsinə maddi baxımdan da ağır başa gəldi. Lakin belə çətin anlarda həyat yoldaşı, mərd və gözəl qadın olan Firəngiz xanım şairə dayaq oldu, Neft və Kimya İnstitutunda müəllimlik edərək ərinə maddi dəstək verdi. Onların Təbriz və Rza adında iki oğulları var idi. Şairin böyük oğlu Təbriz Qarabağ cəbhəsində qəhrəmanlıqla həlak olmuşdur. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Xəlil Rza gəncliklə ünsiyyətdən məhrum edilərək yuxarı orqanların məsləhəti ilə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə işə düzəldildi və ömrünün sonunacan orada çalışdı. Şair Nizami adına İnstitutda Özbəkistanda yaşamış həmyerlimiz Maqsud Şeyxzadənin ədəbi fəaliyyəti mövzusunda (1985) doktorluq dissertasiyası müdafiə etmişdir.

Şair ömrü boyu əhatəli gündəliklər, xatirələr yazmış və tərcümələr etmişdir. İndiyə qədər onun bu geniş irsinin ancaq bir hissəsi çap edilmişdir. Xəlil Rza özünü həmişə vətənin əsgəri saymış, milli dirçəliş və azadlıq düşüncələri onu bir an da tərk etməmişdir. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürəndə xalqımız bir nəfər kimi ayağa qalxdı. Hər yerdə mitinq və nümayişlər başlandı. İndiki Hökumət Evi qarşısındakı Azadlıq meydanı yüz minlərlə insanların toplaşdığı mitinqlərin mərkəzi oldu. Xəlil Rza ilk gündən bu mitinqlərin əsas təşkilatçılarından oldu. Onun vətəndaşlıq hissləri ilə aşılanmış alovlu çıxışları böyük məhəbbətlə qarşılanır, gəncliyə böyük təsir göstərirdi.

1990-cı ilin 19 yanvarında Sovet qoşun hissələri Bakıya daxil olub şəhərin küçələrində atəş açmaqla xalq hərəkatı fəallarına, çoxlu təsadüfi vətəndaşlara qanlı divan tutdu. Şair o zaman SSRİ-nin rəhbəri olan Mixail Qorbaçovu bu cinayətlərin səbəbkarı kimi ittiham edən «Qanlı cəllad Mixail Sergeyeviç Qorbaçova» şeirini yazdı. Bu əsər böyük cəsarət nümunəsi idi: rəsmi vəzifədə olan ən ali sovet rəhbərinin cəllad adlandırılması və məclislərdə oxunması görünməmiş hadisə idi.

Bakını işğal etmiş xüsusi qoşunlar qanlı hadisələrdən sonra hərəkat fəallarını kütləvi şəkildə həbs edib Rusiyadakı həbsxanalara yolladılar. Onlardan biri də Xəlil Rza idi. O, Bakı, Moskva, Rostov, Voronej həbsxanalarında 8 ay 13 gün yatdığını «Kimliyim» adlı tərcümeyi-halında xüsusi qeyd etmişdir. 1990-cı ilin 4 oktyabrında Moskvanın Lefortovo həbsxanasından azad edilən şair, vətəndə qəhrəman kimi qarşılandı. Azərbaycanın müstəqilliyi şəraitində Xəlil Rza nəhayət ki, xarici ölkələrə getmək hüququ qazandı, Türkiyəyə, Almaniyaya, Fransaya səfərlər etdi.

Xəlil Rza 1994-cü ilin 21 iyununda şəkər xəstəliyindən vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir. Şair ölümündən sonra 1995-ci ildə «İstiqlal» ordeni ilə təltif edilmişdir.



Xəlil Rza lirikasında milli azadlıq motivləri. Xəlil Rza coşqun ruhlu, möhkəm əqidəli, torpağa bağlı bir şair olmuşdur. Onun ilhamının əsas meyarı vətən torpağı, vətənin misilsiz təbiəti idi. Sovet vaxtı milli fikir və hissləri açıq ifadə etmək yasaq olduğundan şairin vətənpərvərlik duyğuları ən çox təbiət şeirlərində öz əksini tapırdı. «Bahar gəlir» (1957), «Sevən gözlər» (1959), «Məhəbbət dastanı» (1961), «Qollarını geniş aç!» (1965) kimi ilk şeir kitablarında təbiət lirikası aparıcı xətlərdən birini təşkil edir.

Həmin kitablarda və sonrakı yaradıcılığında xalq ruhunun gücünü, qüdrətini, buna öz məhəbbət və pərəstişini ifadə etmək üçün şair təbiət obrazlarından  Xəzərin gözəlliklərindən, Göy gölün büllurluğundan, Şahdağın vüqarından bəhs edir. 1969-cu ildə ali məktəb müəllimliyi şairə qadağan edildikdən sonra onun lirikasında kədər, tənhalıq motivləri artır, təbiətin tərənnümünə meyl genişlənir. İnsanlarda gördüyü kəmfürsətlik, kin, milli hissiyyatdan məhrumluq onu təbiətin dilsiz ülviyyətinə daha artıq bağlayırdı.

Şair 70-80-ci illərdə Türkan kəndindəki bağda daha artıq vaxt keçirir və yeni əsərlərini orada yazırdı. Bu dövrdə şairin təbiət lirikası yeni motiv və müşahidələrlə zənginləşir. İlk yaradıcılıq dövründən şair milli ruhun əsas təzahür şəkli olan ana dilini “Laylam mənim, nərəm mənim” şeirində təbiət obrazları ilə tərənnüm edirdi:
Mənim dilim Göy göl, Xəzər,

Mənim dilim Şahdağımdır!

Qoy dilçilər öcəşsinlər,

Yoxdur bəhsə meylim mənim,

Heç bir dildən əksik deyil

Bəşərin dil ağacının,

Şah budağı  dilim mənim.
60-cı illər lirikasında Bəxtiyar Vahabzadənin başçılıq etdiyi milli cərəyanın əsas leytmotivi ana dilinin hüquqlarının müdafiəsi, onun ifadə gücünün tərənnümü idi. Şairin 1960-cı ildə «Ədəbiyyat və incəsənət» qəzetində proqram xarakterli «Afrikanın səsi» adlı şeiri dərc olundu. İlk variantda «Azadlıq» adlanmış bu əsər formal olaraq müstəmləkəçiliyə qarşı mübarizə edən afrikalı zəncinin adından yazılmışdır. Əslində isə, bu nümunə Azərbaycanın azadlığı və müstəqilliyi haqda əsər kimi oxunur. Bu şeir o zaman gənclik arasında geniş yayılmış və Xəlil Rzanın vətənpərvər şair kimi şöhrətini artırmışdı. Rəsmi dövlət səviyyəsində işlədilməyən Azərbaycan türkcəsi öz xalqının içində ikinci dərəcəli olmuşdu. Xüsusilə Bakıda rus məktəblərinin sayı artır və yeni nəsil rusca təhsil almaqla milli şüurun əsas şəkli olan ana dilinə yadlaşır. Bir çox partiya və dövlət məmurları uşaqlarını rus məktəblərinə qoyur və ailələrdə də rus dilində danışmağa üstünlük verirdilər.

Şair belə halları ləyaqətsizlik və ana dilinə xəyanət hesab edirdi. «Dəlidağ», «Məftillə sarınmış yaralar», «Saz», «Beşik türküsü», «Apardı sellər Saranı», «Aşıq Alı» kimi onlarca şeiri ana dilinə, ata ocağına, milli ruha və adət-ənənəyə tükənməz məhəbbətlə doludur. Folklordan və etnoqrafiyadan gələn mövzular da şairin el köklərinə bağlılığını nümayiş etdirən mühüm motivlər idi. Beşik haqqında şeirdə şair ananı dilimizin, beşiyi isə vətənimizin rəmzi kimi poetikləşdirir. Şair üçün beşik - ocağa, ata yurduna sədaqət mənbəyidir, həqiqi vətən hissi bu balaca qutudan başlanır.

«Özünüdərketmə» şeiri hərfən fəlsəfi təsir bağışlasa da, əslində şair burada milli oyanma prosesindən, insanın özünü millətin ayrılmaz parçası kimi dərk etməsindən danışır. 70-80-ci illər Azərbaycanda milli ovqatların, azadlıq və müstəqillik arzularının geniş yayıldığı bir dövr, müstəqillik mübarizələri ərəfəsi idi. Şair üçün özünüdərk millətçilik düşüncəsinə tam yiyələnmək demək idi. Xəlil Rza “Dağlara qalxıram” şerində bu barədə deyir:
Mənlikdən başlanır ilk meyar, ölçü,

İlhamın cövhəri tapılmır asan.

Dünyanı, bəşəri tanımaq üçün,

Ən əvvəl özünü tanımalısan.
Rəsmi sovet ideologiyası, məktəblər və mətbuat, televiziya və radio daim saxta beynəlmiləlçilik təbliğ edir, gəncliyin milli ruhdan uzaq böyüməsinə çalışırdı. Ona görə 60-70-ci illər lirikasının əsas hədəflərindən biri yeni nəsildə milli ovqat və idealların tərbiyə edilməsi idi. Xalqın qabaqcıl milli ziyalıları başa düşürdülər ki, yurdu azad və müstəqil etmək üçün mübariz, xalq işi uğrunda canını belə verməyə hazır olan döyüşkən gənclik lazımdır.

Xəlil Rzanın bir çox şeirləri belə gəncliyə müraciət şəklində yazılmışdır. O, poetik bir məntiqlə insanın iki dəfə doğulmasından bəhs edir. İnsan anadan insan kimi doğulur, lakin mübariz şair üçün bu azdır. İkinci doğuluş vətənpərvərlik şüurunu mənimsəməkdir. Öz doğma xalqının tarixini və taleyini dərk edənlər, bu xalqa xidməti özü üçün həyat məqsədi seçənlər şairin nəzərində ikinci dəfə doğulurlar. Bu, onların xalq üçün, onun milli dövləti və dili uğrunda mübarizəsi üçün doğulmasıdır. Bu şeir milli mənsubiyyət hissini dərk edən hər bir gənc şair üçün qiymətli töhfə idi, azadlığın yaxınlaşması müjdəsi idi. Şair «Sevdiyim sənətkara» şeirində bu barədə yazır:


Anadan bir kərə doğulmaq azdır,

Yetişib xalq üçün doğulmaq gərək.

Ərzin bağrındadır şeirin kökləri,

Şair baxışından od-alov törər,

Addımı yerləri, əli göyləri,

İdrakı vətəni genişləndirər.

Xəlil Rza şeirlərində özünün də lirik obrazını yaratmışdır. Bu, mübarizə, od-alov təşnəsi olan, cəsur bir insandır. O, özünü gah günəşə, gah dağa qalxan alpinistə bənzədir. Dağ - şair üçün azadlıq idealının obrazı idi.


Kişi mənliyindən başlanır vətən,

Vətən susdurulmaz kişi ruhudur.
Şair sovet irticasına, onu təqib edən siyasi işçilərə dərin nifrət bəsləyən şeirlər yazır, öz üzücü mübarizələrini gənc nəsil üçün bir örnək hesab edirdi. Bir çox şeirlərində şair tarixdə məş­hur olan inqilabçıları, ideal yolunda canından keçən insanları nü­mu­nə kimi gətirir. O əmindir ki, vətənin qüdrəti onun övlad­la­rın­dan, onların mübarizliyindən və milli qeyrətindən asılıdır:
Vətəndaş olmasa, boş şeydir vətən,

Beş günlük, on günlük quzey qarıdır.

Vətən məfhumunun özəyindəki,

Vətənin vüqarlı oğullarıdır.
Şairin lirikasında yaradılan müəllif obrazı dərin tərbiyəvi əhəmiyyət daşıyan bir hadisə idi. Ədib müstəqillik dövründə də özünün mübarizələrlə dolu həyatını təhlil və təqdim etməkdə davam edirdi. 1992-ci ildə çıxmış «Davam edir 37…» adlı kitabı bu baxımdan parlaq bir hadisə idi. Kitabın çıxdığı il sovet quruluşunun, mənəvi totalitarizmin dağıldığı ilk çağlar idi və mübariz şair azadlıq fürsətindən yubanmadan istifadə etməklə əvvəllər sovet senzurasından keçməyən şeirlərini də kitabda çap etdirmişdir. Həmin şeirlərin əksəriyyəti şairin sovet siyasi sistemi ilə mübarizələrinin tarixinə həsr olunmuşdur.

«Davam edir 37…» şeiri şairin avtoportretidir. O, özünü həmin ildə güllələnən mücahidlərlə eyni taleli insan kimi təqdim edir. Davam edən 37-ci il məhz onun siyasi mübarizələridir. Təqiblər, partiya yığıncaqlarında onun üçün qurulan divanlar, müəllimlik hüququndan məhrum edilməsi, işsizlik günləri şairin ağlında dərin psixoloji zədə kimi qalmışdı. Şairin əleyhinə olan hər kampaniyadan sonra mətbuat şairin üzünə bağlanır, növbəti kitabları nəşriyyat planlarından çıxarılırdı. Bu mübarizə 60-cı illərin əvvəllərindən 1990-cı ilə qədər davam etmişdir. Ona görə 37-ci il repressiyaları obrazı şairin bütün ömrü idi və şair bu barədə yazmaqda tam haqlı idi.



Cənub mövzusu. Gülüstan müqaviləsindən sonra (1813) Azərbaycanın ərazisinin və əhalisinin böyük hissəsinin İran dövləti tərkibində qalması 20-30-cu illərdən siyasi lirikanın əsas mövzularının biri olmuşdur. S.Rüstəm, S.Vurğun kimi görkəmli şairlərimiz daim bu mövzuya müraciət etmiş və vətənpərvərlik, həsrət və kədər dolu lirik nümunələr yaratmışlar. 50-60-cı illərdə Azərbaycan poeziyasında milli cərəyanın dirçəlməsində Cənubi Azərbaycanın taleyi məsələsi mühüm rol oynamışdır. Bu problemi aktuallaşdıran amillərdən biri 1941-1946-cı illərdə Cənubda Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılmış milli hərəkat olmuşdur. Hərəkat qan içində məğlub olandan sonra onun iştirakçılarının və rəhbərlərinin bir qismi Şimali Azərbaycana gəldi. Onların sırasında Xəlil Rzanın dostluq etdiyi Söhrab Tahir, Əli Tudə, Balaş Azəroğlu kimi şairlər də var idi. Xəlil Rza onlarla ünsiyyət vasitəsi ilə Cənubdakı hərəkatın tarixini və detallarını öyrənir, əsərlərində bunlardan istifadə edirdi. Nəticədə şair Cənub mövzusunda on beşdən artıq lirik-epik poema, çoxlu şeirlər yazmışdır.

Sovet vaxtı ana dili problemində Şimal və Cənub mövzusu birlə­şirdi. Cənubda otuz milyon Azərbaycan türkünün ana dilində məktə­bi, teatrı, mətbuatı yox idi. Müstəbid Rza şah rejimi ictimai yerlər­də türkcə danışmağı da qadağan etmişdi. Sovet Azərbay­canın­da da ana dili problemi var idi. Dövlət orqanlarında, rəsmi yazış­malarda ana dilimiz işləmirdi. Ona görə Cənub mövzusu həm də leqal, açıq şəkildə Azərbaycan dili problemini qaldır­mağın bir vasitəsi idi.

Xəlil Rzanın bu mövzuda yazdığı ən yaxşı nümunələrdən olan «Söz kürsüsü» şeiri bu baxımdan səciyyəvi idi. Söz problemi şairin yaralı yeri idi. Onun müəllimlik hüququ alınanda, oxucularla canlı görüşləri məhdudlaşdırılanda, onun söz kürsüsü əlindən alınırdı. Mübarizə silahı canlı poetik söz olan şair üçün bundan ağır məhrumiyyət yoxdur. Lakin şair bədbinləşmir, qeyri-rəsmi yerlərdə - avtobusda, təyyarədə, çimərlikdə, qatarda belə öz vətənpərvərlik təbliğatını aparırdı. Şair məxfi orqanlarda yuva salmış əqidə düşmənlərinə üz tutaraq deyir:
Sənə söz kürsüsü verilməyəndə,

Bəzən qərq olursan qəmə, qüssəyə.

Mənsə özgəyəm,

Avtobus. Çimərlik. Təyyarə. Qatar,



Gör mənim nə qədər kürsülərim var.
Şair repressiyalardan sonra susmur, mübarizəsini davam etdirir, imkan olan bütün hallarda, bütün şəraitlərdə öz milli əqidəsini təbliğ edir və bunu düşmənlərinə də acıqla bildirirdi. Hətta «Mənə bənzə!» şeiri ilə öz davamçılarını da milli ideyalar təbliğ etməkdə ona bənzəməyə və ona təqlid etməyə çalışırdı. Sayırdı ki, bircə adamın da milli mövqeyə, mübarizəyə cəlb edilməsi çox əhəmiyyətlidir.

İki imperiya arasında əzilən Azərbaycan obrazı şairin poeziyasında qiymətli və ibrətamiz motivdir. Onun üçün İran şahları ilə Rusiya çarları arasında fərq yoxdur; hər ikisi qanla xalqın azadlığını əlindən almış, ana dilinin işlənməsinə qadağalar qoymuşlar. Xalqımızın ikiyə bölünməsi tarixi ədalətsizlik və qanlı bir faciədir:


Bir yandan şahənşah, bir yandan da çar,

Qan ilə yazdılar sülh qərarını.

Tikanlı məftillə sarıdı onlar,

Böyük bir millətin yaralarını.
Azərbaycanın ikiyə parçalanması neçə-neçə ailəni dağıtdı, ana­nı övladdan, qardaşı qardaşdan ayırdı. Belə ayrılıq nümu­nələ­rin­dən biri şairin cənublu dostu şair Söhrab Tahirdir. Bu mücahid şair Xəlil Rzanın Cənub mövzulu bir sıra şeir və poemalarının qəh­rəmanının prototipidir. S.Tahir Bakıda yaşayaraq, o tayda qal­mış anası ilə əlli il görüşə bilməmişdi.

Xəlil Rzanın böyük idealı Azərbaycanın vahid və böyük döv­lət kimi birləşməsi idi. Şair bu barədə «Gəlir böyük Azər­bay­can» adlı gözəl şeir yazmış, vətənin gələcək birliyini ilhamla, ehtirasla tərənnüm etmişdir: şair müstəqilliyimizin düşmənlərinə üz tutaraq deyir:


Ey yol kəsən, çəkil, rədd ol!

Açır yolu Azərbaycan!

Mən özüməm yeni era,

Tamam yeni Azərbaycan!
1941-1946-cı illərdə Təbrizdə baş vermiş milli hərəkat və onun qanlı tarixi şairin neçə-neçə şeirinin mövzusu olmuşdur. Xalqımıza qarşı ədalətsizlikləri xüsusi poetik ehtirasla pisləyən şair gəncliyin vətənpərvər tərbiyəsində böyük xidmət göstərirdi.
Araz daşdı ümman oldu,

Qayaları al qan oldu.

O sahildə, bu sahildə.

Ölkə yandı, vətən yandı,

Qızıl pul tək xırdalandı,

Dövlət getdi, var talandı,

O sahildə, bu sahildə.
Cənub şeirlərində Xəlil Rzanın müstəmləkəçiliyə, faşizmə, əsarətə nifrəti böyük coşqunluqla səslənirdi. O, doğma xalqının düş­mənlərinə lənətlər yağdırır, onları ifşa edirdi. Təbriz radio­su­nun farsca danışması kimi adiləşmiş bir fakt şairi kükrədib qəzəb­lən­dirir. Eyni zamanda, Təbrizin səsi yad dildə gəlsə də, şairə ilham, fəxarət hissləri gətirir, onun gözünə işıq, qollarına qüvvət verir. Şairin bu qəbildən olan şeirlərində, xüsusilə «Səsin gəlsin, Təbrizim» əsərində səmimi bir vətəndaş kədəri öz əksini tapır və oxucuya da sirayət edir.

Araz çayı, onun üstündən Şimalla Cənubu birləşdirən Xudafərin körpüsü şairin sevimli obrazlarıdır. Bu obrazlar S.Vurğun, S.Rüstəm kimi görkəmli şairlərimizin yaradıcılığında da işlənmişdir. Araz çayı sərhəd və ayrılıq rəmzidirsə, körpü birlik və vəhdət rəmzidir. Şair körpünü qədim abidə, insanları qovuşduran bir obraz kimi tərənnüm edir:


Bu körpünün üstündən dövranlar gəlib keçib,

Su axtaran marallar, ceyranlar gəlib keçib.

Zınqırovlu, ovşarlı karvanlar gəlib keçib.
Böyük şair Məhəmmədhüseyn Şəhriyar 1954-cü ildə ədəbiyyatımızın incisi olan «Heydərbabaya salam» poemasını çap etdirmişdi. İranda böyük nüfuzu olan, İranın böyük ədibi hesab olunan şairin bu əsəri Cənubda anadilli poeziyanın canlanmasına böyük təsir göstərdi. Bu tayda da bu söz incisi böyük məhəbbətlə qarşılandı. Xəlil Rza bu əsəri dərin məhəbbətlə sevir və yüksək qiymətləndirirdi. Onun Cənub mövzusunda yazdığı şeirlərində Şəhriyarın adı ana dilimizin o tayda da yaşarlığı rəmzi mənasında işlədilirdi. «Şəhriyarım», «Təbrizi Şəhriyar yazır» kimi şeirində şairin böyük söz ustasına məhəbbəti poetik şəkildə ümu­miləş­dirilib. Xəlil Rza şeirlərinin birində öz canını Azərbaycanın gələcək birliyinə bənzədir və gəncliyə poetik bir vəsiyyətnamə yazır. O, qətiyyətlə bildirir ki, vətənin gələcək bütövlüyü onun həyat idealıdır, ömrünün mənasıdır. Onun üçün bu arzudan müqəddəs heç nə yoxdur:
Böyük vəhdətdədir şairin canı,

Şad günə xəstəhal gəlməyəcəyəm.

Birləşdirməyincə Azərbaycanı,

Yüz il yaşasam da, ölməyəcəyəm!
Poemaları. Xəlil Rzanın poemaları sayca çox olsa da, onların əksəriyyəti kiçik həcmlidir və bir qayda olaraq, lirik tərən­nüm üzərində qurulan nümunələrdir. Şair əhatəli süjeti, mürəkkəb fabulası olan poemalar yazmamışdır. Ona görə şairin poema kimi çap etdirdiyi nümunələrin əksəriyyəti lirik tərənnüm, dialoq formasında olan iri lirik şeir təəssüratı yaradır.

Şairin poemaları mövzu baxımından üç qismə ayrıla bilər:

1. Böyük Vətən Müharibəsi mövzusu. 2. Cənub mövzusu. 3. Milli azadlıq hərəkatı mövzusu.

Böyük Vətən Müharibəsi mövzusunda qələmə aldığı poe­malar şairin yaradıcılığının ilk dövrünə, 50-ci illərin sonlarına aid­dir. Müharibə şair üçün yaxın mövzu idi: onun atası müharibədə iştirak edib yaralar almışdı. Şairin 1957-1959-cu illər­də yazdığı «Məhəbbət dastanı» poeması Sovet İttifaqı qəh­rə­manı, igid döyüşçü Əliheydər İbrahimova həsr olunmuşdur.

Müharibədən sonrakı dövrdə müharibə mövzusuna xüsusi əhə­miyyət verilirdi. Faşizmə qarşı mübarizə cəbhələrində rəşa­dətlə vuruşub ali hərbi ad  Sovet İttifaqı qəhrəmanı adı almış dö­yüşçülərə ümumxalq məhəbbəti var idi. Əliheydər İbrahimov da onlardan biri idi.

Poemada müharibə dövrünün lirik mənzərəsi yaradılır. Əlihey­dər İbrahimov cəbhədə igidliklər göstərərək şöhrət qazan­mışdır. Qəzetlər onun şəklini dərc edir, döyüş yolunu işıqlandıran oçerklər çap edirlər. Şair öz lirik təsvirlərində Əliheydərin cəsurluğunun köklərini onun milli ruhundakı döyüşkənlikdə, vətənpərvərlikdə görür. Cəbhədə düşmənə sinə gərən hər bir əsgər, şair üçün vətənin, onun əyilməzliyinin timsalıdır.

Poemada ikinci surət şöhrətli döyüşçünün həyat yoldaşı Asiya Hüseynzadədir. Bu mərd qadın şöhrətli və nüfuzlu qəhrəmanın arvadı kimi işləmədən evdə də otura bilər. Lakin Asiya neft mədənlərində çalışır və hesab edir ki, bu yolla cəbhədə olan ərinə, faşizmə qarşı vuruşan bütün insanlara yardım edir. Onun da xarakterinin əsas cizgisi düşmənə nifrət etməsi, bütün varlığı ilə qələbəyə can atmasıdır.

Şair üçün döyüşçünün sədaqətli qadını da faşizmə qarşı müharibənin əsas qəhrəmanlarından biridir. Müharibə vaxtı qadınların əksəriyyəti zavod və fabriklərdə, neft mədənlərində çalışır, düşmənlə vuruşan Qızıl Orduya maddi və mənəvi dəstək olur­dular. Asiya surəti də onların ümumiləşdirilmiş nüma­yən­də­sidir. O, mədəndə işləyə-işləyə ana və ev sahibi kimi də çalışır, övlad­larını qayğı ilə tərbiyə edir. Xəlil Rza bu mərd, ideal qadının timsa­lında, ilk növbədə, Azərbaycan qadınının ən yaxşı sifətlərini  dözüm, sədaqət, zəhmətkeşlik, ailəyə bağlılıq kimi ən böyük məziy­yətlərini göstərməyə çalışmışdır. Ona görə də poema Asiyanın ərinə məhəbbətinə işarə olaraq «Məhəbbət dastanı» adlan­dırılmışdır.

Şairin «Atalar-oğullar» poeması da Böyük Vətən Müha­ribə­sində igidliklər göstərmiş, xalqımızın başını uca etmiş Azər­bay­can övladlarına həsr edilmişdir. Bu əsərdə şair atası ilə bağlı müşahidələrindən də istifadə etmişdir. Burada da lirik mühakimə süjetdən daha qabarıqdır. Poemanın qəhrəmanını şair, sadəcə ata adlandırır. Atalıq məfhumunun geniş əxlaqi və tərbiyəvi mənası şairin bir sıra tutarlı lirik mühakimələrinin əsasını təşkil edir. Ata şair üçün ocaq, qeyrət, torpaq rəmzidir, ona görə düşmən vətənə diş qıcayanda atalar silahlanır, əsgər paltarı geyib cəbhələrə  öz qanları hesabına el-obanın, torpağın, ailənin namusunu müdafiə etməyə gedirlər.

Poema atanın müharibə xatirələri üzərində qurulub: o, uzun və şərəf dolu döyüş yolu keçib: Kiyev, Taqanroq, Praqa şəhərlərinin azad edilməsində iştirak edib. Zəhmətkeş əkinçi olan ata cəbhə yollarında gördüyü xarabalığa çevrilmiş neçə-neçə şəhəri xatırlayır, müharibənin dağıdıcı miqyasına heyrət edir. İnsanların əsrlərlə tikdikləri gözəl şəhərlər bircə hücum zamanı top və tank atəşləri, aviasiya bombardmanları nəticəsində yerlə-yek­san olur, viran qalır. Poemanın qəhrəmanı müharibələrin tə­biəti və səbəbləri barədə düşünür və müharibənin faşizm üzərində qələbə ilə bitməsindən təsəlli tapır. Bu, xeyirin şər üzərində qələ­bəsi idi.

Şairin «Həsrət», «Təbrizli şairin düşüncələri», «İki qadının söhbəti», «Ağ günlərin qaraldımı?», «Qalx ayağa, vətənim!» kimi poemaları Cənubi Azərbaycanın demokratiya və milli hüquqlar uğrunda mübarizələrinə həsr edilmişdir. Bu əsərlərin ən qiymətli cəhəti milli hüquqlar uğrunda mübarizə edən, bu yolda canından belə keçməyə hazır olan döyüşçülərin obrazlarının yaradılması idi. Şair bu döyüşçü obrazını Azərbaycanı müstəqilliyə qovuşdurmalı olan gələcək gənclik üçün örnək kimi yaradırdı.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin