AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə1/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
  1   2   3   4   5   6   7   8   9   ...   40


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


НУР­ЛАНА ЯЛИ­ЙЕВА

SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI

(1941-1991)
Ali və orta ixtisas təhsili məktəbləri üçün dərslik

Azərbaycan Respublikası Təhsil Nazirinin 19 noyabr 2012-ci il 2073 saylı əmri ilə nəşr olunur.

Elm və təhsil”

Bakı-2013

Azərbaycan Respubikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin 13.11.2012-ci il tarixli, 39 nömrəli iclas protokolundan çıxarış

Елми редактор: Низами Ъяфяров

АМЕА-нын мцхбир цзвц, филолоэийа

елмляри доктору, профессор


Бякир Нябийев
Rəyçilər:
Академик

Bədirxan Əhmədov

filologiya elmləri doktoru, professor

Gültəkin Əliyeva

filologiya üzrə fəlsəfə doktoru

Нур­лана Яли­йева. Sovet dövrü Azərbaycan ədəbiyyatı (1941-1991)

Ali və orta ixtisas təhsili məktəbləri üçün dərslik.

Bakı, “Elm və təhsil”, 2013, 664 səh.
грифли няшр

© «Elm və təhsil», 2013


BİRİNCİ HİSSƏ
MÜHARİBƏ VƏ BƏRPA DÖVRÜNDƏ ƏDƏBİYYAT

(1941-1958)



I FЯSИL
BÖYÜK VƏTƏN MÜHARİBƏSİ

DÖVRÜNDƏ ƏDƏBİYYAT

(1941-1945)

Müharibə dövründə Azərbaycanın siyasi

vəziyyəti və ədəbiyyat
Müharibə və sovet cəmiyyəti. 1941-ci il iyun ayının 22-də Alman faşistləri SSRİ-yə bütün cəbhə boyu hücum etdilər. Bu, bütün sovet cəmiyyəti üçün gözlənilməz idi. 1939-cu ilin Münhen Sazişinə əsasən, Avropa ərazisi Almaniya və Sovet İttifaqı arasında təsir dairələrinə bölündüyünə görə sovet rəhbərliyi və İosif Stalin Almaniya tərəfdən hücum gözləmirdi. Amma Adolf Hitler bolşeviklərin düşündüyündən daha hiyləgər və təhlükəli idi.

Müharibə ərəfəsində Hitler İngiltərə və ABŞ-la Sovetlərə qarşı məxfi danışıqlar aparırdı. Hitlerin məqsədi dünyaya ağalıq etmək idi. O, bir-biri ilə rəqabət aparan və düşmən olan İngiltərə-ABŞ ittifaqını və SSRİ-ni işğal etmək niyyətində idi. Son nəticədə, Hitler əvvəlcə, Sovet İttifaqına hücum etməyə qərar verdi.

Müharibə başlanan kimi 1941-ci ilin yayında və payızında Almaniya bütün cəbhə boyu böyük üstünlüklər qazandı, Moskvaya, Stalinqrada və Şimali Qafqazda Mazdok yaxınlığına gəlib çıxdı. Bu məğlubiyyətlərin əsas səbəbi Qızıl Orduda 1937-1940-cı illərdə aparılmış repressiyalar idi. Stalin bütün rəhbər hərbi vəzifələrə hərbi biliyi və təcrübəsi olmayan partiya işçilərini – siyasətçiləri qoymuşdu. Nəhəng Sovet Ordusu ancaq böyük hücum əməliyyatları aparmaq üçün hazırlanmışdı. Hərbi kadrlara müharibə elmi əvəzinə, hər yerdə Marksın və Leninin əsərlərini əzbərlədirdilər.

Sovet ordusuna müharibə vaxtı zəruri olan müstəqil, iradəli hərbi sərkərdələr lazım idi, ancaq belə komandirlər çoxmilyonluq nəhəng ordunu idarə edə bilərdilər. Lakin belə kadrların çoxu 1937-ci ildə güllələnmişdi. Bu siyasətin nəticəsi isə faciəli oldu. Müharibənin ilk bir ili ərzində sovetlərin 5 milyona yaxın əsgər və zabiti əsir düşdü. Müharibənin ilk iki ayında Qızıl Ordunun idarə sistemi dağıldığına görə alman qoşunları marşla  döyüşsüz irəliləyişlə əraziləri işğal edirdilər. Faciəli vəziyyətin əsas səbəbi Stalinin ətrafında olan hərbi kadrların fərasətsizliyi, kütlüyü, müstəqil qərar vermək qabiliyyətinin yoxluğu idi.

1941-ci il dekabrın sonlarında vəziyyət o həddə çatdı ki, Moskvanın alınma təhlükəsi olduğu üçün İosif Stalin hökuməti Şərqə köçürmək qərarı verdi. Artıq onun şəxsi avtomobili də dəmiryol vaqonuna yüklənmişdi. Ən son məqamda Stalin qərarını dəyişdi və vuruşan Moskvada qaldı. Bu qərarın şəhərin uğurlu müdafiəsinə müsbət təsiri oldu. Görülən hərbi tədbirlər və sadə rus adamlarının əzmkarlığı sayəsində Hitlerin Moskvaya hücumları dayandırıldı. Şəhərin 30 kilometrliyinə yetişmiş faşistlər əks-hücum nəticəsində Smolenskə qədər geri oturduldu.

1943-cü ilin qışında Stalinqradı xarabalığa çevirmiş faşist ordusu geri çəkilməyə məcbur oldu. Qızıl Ordunun əks-hücumu nəticəsində Stalinqrad döyüşlərində 300 min alman əsgər və zabiti əsir tutuldu. Bu, müharibənin gedişində dönüş idi və faşizmin məğlub olacağı bütün dünyaya aydın oldu. Qələbə 30 milyon insanın həyatı hesabına başa gəldi.

Müharibə ölkəni və cəmiyyəti kökündən dəyişdirdi. Bolşevik rejimi hakimiyyətə gələndən əsas bir işlə məşğul idi: Marks, Engels və Lenin tərəfindən tərtib edilmiş sinifsiz, ədalətli cəmiyyət sxemini həyata keçirmək. Müharibə başlanan kimi bu sxem yaddan çıxdı. Dünyanın altıdan bir hissəsini tutan dövlət maşını müharibə etməyə qadir olan hərbi düşərgəyə çevrilməyə başladı. Məğlubiyyət təkcə hakimiyyəti itirmək deyildi: Hitler kommunizmin və bolşevizmin qəddar düşməni idi. Çünki məhz alman marksistləri 1918-ci ildə Almaniyanın Birinci Dünya Müharibəsindəki qələbəsinin itirilməsinə səbəb olmuşdular. Hitlerin əsas məqsədlərindən biri bunun intiqamını almaq, kommunizm yuvası olan SSRİ-ni dağıtmaq, dünya kommunist hərəkatına qanlı divan tutmaq idi. Hitlerin işğal etdiyi ölkələrin və Almaniyanın özünün kommunist fəalları çoxmilyonluq həbs düşərgələrində idilər.

Bolşeviklər müharibə vaxtı öz ifrat ateistliklərini unudub məscid və kilsələri açdılar. Onlar arxa cəbhədə xalqın ağır vəziyyətini bilirdilər. Ölkədə dəhşətli aclıq, çörək və zəruri ərzaq malları çatmırdı. Ailə üzvlərindən cəbhədə kimsəsi olmayanların vəziyyəti xüsusilə ağır idi. Belə ailələrə çörək kartları verilmirdi, onlar bacardıqları kimi aclıqla mübarizə etməli idilər. Nəticədə aclıqdan ölənlərin sayı da milyonlarla oldu.



Mətbuat və publisistika. Bolşeviklər Hitlerin qələbə çalacağı halda onları nə gözlədiyini yaxşı bilirdilər. Ona görə mətbuatda ilk gündən bolşevik maksimalizminə uyğun “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı irəli sürüldü. Ölkənin bütün maddi və mənəvi imkanları ordunun tələbləri üçün səfərbər edildi.

SSRİ bir mərkəzdən idarə edilən totalitar bir dövlət idi. Ölkənin bütün ideoloji siyasəti və mətbuatı təqlid üzərində qurulmuşdu. Hər yerdə “Pravda” və “Krasnaya zvezda” qəzetlərində çıxan materiallara təqlid edilirdi. Bu qəzetlər isə müharibə başlayan ilk gündən alman faşizminin iki-üç həftəyə məğlub olacağı barədə lovğa məqalə, müraciət və çağırışlarla dolu idi. Bütün zavod və fabriklərdə, idarə və təşkilatlarda mitinqlər keçirilir, onların hamısında eyni sözlər təkrar edilirdi.

Bakı müharibədən və cəbhədən uzaq olsa da, “Kommunist” və “Ədəbiyyat qəzeti” ölkədə çıxan digər orqanlardan heç nə ilə fərqlənmirdi. Qocaman yazıçılardan tutmuş orduya gedən gənclərə qədər faşizmin tezliklə məğlub olacağı barədə ümid və nikbinlik dolu, çağırış və döyüş ruhlu yazılar, müraciətlər çap edirdilər. Mətbuatda “kommunizm” sözü vətən, qəhrəmanlıq, ana torpaq kimi ifadələrlə əvəz olundu.

Mətbəə və nəşriyyatlar da planlarını dəyişir, əslində, əvvəllər qadağan olunmuş mövzularda kitabları dərc edirdilər. Bu sıraya Azərbaycanın Babək, Koroğlu, Nəbi kimi el qəhrəmanları və onlara həsr edilmiş xalq dastanları da daxil idi. Ədəbiyyatda yadelli işğalçılara qarşı mübarizə mövzusu aparıcı oldu. Tarixi qəhrəmanlıq mövzusunda əsərlər təbliğ və nəşr olunmağa başladılar.

Qəzet publisistikasının əsas mövzusu faşizmə qarşı döyüşən əsgərin tərənnümü oldu. Tanınmış yazıçı və jurnalistlər orduya siyasi işçilər kimi cəlb edildilər və onlardan həm ön cəbhə xəttində, həm də arxadakı istehsal kollektivlərində siyasi izahat və təbliğat işi aparan dəstələr düzəldildi. Fəal kommunist olan, rəhbər ideoloji vəzifə tutan yazıçılara böyük hərbi rütbələr verildi və onların ailələri xüsusi təchizat qurumlarına yazıldı. Amma sıravi yazıçı və jurnalistlər fərq qoyulmadan orduya çağırılır və cəbhələrə göndərilirdi: Süleyman Vəliyev, Məmməd Aran, İsmayıl Şıxlı, Abdulla Faruq və başqaları bu qəbildən idi.

Lirik poeziya və satira da faşizmə qarşı vuruşan publisistik janrlara çevrilmişdi.

Müharibə dövrü publisistikasının ən qiymətli mövzuların­dan biri azərbaycanlı əsgərlərin müharibə cəbhələrindəki rəşadət və qəhrəmanlığı mövzusu idi. Bu mövzunun xalqın milli mənlik şüuru baxımından əhəmiyyəti müharibə məsələsindən geniş idi. Uzaqgörən insanlar anlayırdı ki, torpaq uğrunda canını və qanını verən milli əsgər olmadan müstəqil dövlət yaratmaq olmaz.

Böyük Vətən Müharibəsi başlananda 416-cı Milli Azərbaycan Diviziyası hələ mövcud idi. Onun siyasi işçilərinin, qəzetini buraxan jurnalistlərinin çoxu tanınmış yazıçı və şairlər idi. 1941-ci ilin avqustunda İrana daxil olan sovet hərbi hissələrindən birincisi bu diviziya olmuşdu. O dövrün publisistikası bu milli kadrlardan ibarət hərbi hissə, onun döyüş uğurları haqqında xüsusi qürur hissi ilə danışırdı. Sovet komandanlığının günahı üzündən bu diviziya 1941-ci ilin payızında Şimali Qafqazdakı ağır döyüşlərdə faktiki olaraq dağıldı, onun əsgər və zabitlərinin bir hissəsi 1942-ci ilin yaz əməliyyatlarında digər sovet hissələri tərkibində əsir düşdü. Stalin bundan sonra milli diviziyaların yenidən təşkil və bərpa edilməsinə icazə vermədi. Bir çox riyakar və fərasətsiz sovet generalları öz acizliklərini, günahlarını milli diviziyalar üzərinə atır, onların döyüş qabiliyyətini şübhə altına alırdılar.

Müharibənin gedişində Hüseynbala Əliyev, Kamal Qasımov, İsrafil Məmmədov, Həzi Aslanov, İlyas İsmayılov, Xıdır Mustafayev, Məzahir Abbasov, Qafur Məmmədov, Ziya Bünyadov və başqaları döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Müharibə dövrü publisistikası onların qəhrəmanlığı ilə fəxr edir, igidlikləri barədə fərəh və qürur hissi ilə yazırdılar. Onların hamısı xalqın ümumi sevimlisinə və fəxr yerinə çevrilmişdilər.

Müharibə dövründə Cənubda milli hərəkat və mətbuat. 1941-ci ilin avqustunda Qızıl Ordu hissələri İranla 1922-ci ildə başlanmış müqaviləyə əsasən onun ərazisinə daxil oldu. Bu ordunun əsas bölmələri 416-cı Milli Azərbaycan Diviziyasının hissələri idi. Onların mühüm bir hissəsi Cənubi Azərbaycanda və Təbrizdə yerləşdirildi. Sovet rəhbərliyinin İrana qoşun yeritmək planına başqa məsələlər də daxil idi. İ.Stalin Rusiyanın İranda itirdiyi mövqelərini qaytarmaq, xüsusilə onun cənubundakı neft yataqlarını öz nəzarətinə götürmək istəyirdi. İran hökumətinə təzyiq aləti kimi Moskva Cənubi Azərbaycandakı milli hərəkatı himayə edirdi.

Ordu İrana girən kimi Milli Azərbaycan diviziyasının əsgərləri üçün ərəb əlifbası ilə «Vətən yolunda» adlı ordu qəzeti çap edilməyə başladı. Qəzetin ərəb əlifbası ilə çapı onun ordu əsgərlərindən çox, Cənubi Azərbaycanın vətənpərvər qüvvələri üçün nəzərdə tutulduğunu göstərirdi. 1922-ci ildə Şeyx Məhəmməd Xiyabani hərəkatına divan tutulandan sonra İranda Azərbaycan dilində heç bir mətbuat yox idi. Ona görə «Vətən yolunda» qəzeti ilk nömrələrindən başlayaraq Cənubi Azərbaycanda əl-əl gəzdi və böyük şöhrət qazandı.

Formal olaraq bu qəzeti Milli Diviziyanın siyasi işçiləri buraxırdı. Amma onların hamısı Azərbaycan Yazıçılar İttifaqının üzvü, kommunist idilər. Onların sırasında əyninə əsgər şineli geymiş Qulam Məmmədli (o, qəzetin redaksiya müdiri idi), Cəfər Xəndan, Ənvər Məmmədxanlı, Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmmədağa Sultanov, Qılman İlkin, Seyfəddin Dağlı və başqaları da var idi. Ana dilində qəzeti oxuyub fərəhlənən, Təbrizin inqilabi çağlarını xatırlayan yüzlərlə təbrizli və digər cənub şəhərlərinin sakini onun redaksiyasına gəlir, ora məktub və məqalələr, əlyazmaları təqdim edir, öz şeirlərini dərc etdirmək istəyirdilər. Tezliklə «Vətən yolunda» qəzeti nəzdində böyük bir ədəbi məclis-dərnək ərsəyə gəldi.

Bu məclisdə ən çox Sovet Ordusuna və hökumətinə, ana dilinə rəğbəti olan gənclərə üstünlük verilirdi. Şübhəsiz ki, qəzet və onun ətrafında gedən proseslər, təşəkkül tapan yerli müəllif kollektivi – bunlar hamısı sovet xüsusi siyasi orqanlarının nəzarətində idi. Bu orqanlar qəzetdə Qızıl Ordunu, İ.Stalini tərənnüm edən şeir və materiallara üstünlük verməyi tələb edirdi. Ona görə qəzetin ətrafına İran Kommunist partiyasının köhnə və cavan üzvləri də toplaşdılar və orada kommunist ideologiyasını da yaymağa başladılar.

Moskvanın gizli niyyətlərinə baxmayaraq, «Vətən yolunda» qəzetinin ana dilində çıxması, Cənubda inqilabi hadisələrin – Səttarxan Xiyabani hərəkatı barədə materialların çapı, antifaşist ovqatların artması Təbrizdə böyük milli ovqatların yaranması ilə nəticələndi. Qaniçən Rza şah rejimi Azərbaycan dilində mətbuatı susdurmuşdu, hətta ictimai yerlərdə ana dilində danışmağı rəsmən qadağan etmişdi. Belə siyasət cənublu qardaşlarımızın milli heysiyyətinə toxunur, onları diktaturaya qarşı, ədalətsizliyə və zülmə qarşı inqilabi etirazlara sövq edirdi. Şahın xaricə qaçması, mərkəzi hakimiyyətin əsaslı surətdə sarsılması Cənubda da radikal hərəkat və ovqatların yayılması üçün zəmin idi.

Cənubi azərbaycanlıların muxtariyyət və demokratiya uğrunda mübarizələri ağır şəraitdə keçirdi. Almaniya bir tərəfdən, İngiltərə-ABŞ ittifaqı o biri tərəfdən İrandakı mövqelərini əldən vermək istəmirdilər. Bu dövlətlər azərbaycanlıların milli hərəkatını rus barmağı kimi qiymətləndirir və ona mane olmağa çalışırdılar. Həmin dövlətlər də cənublular arasında öz tərəfdarlarını təşkil etməyə və sovet təsirinə qarşı yönəltməyə çalışırdılar.

Sovetləri təmsil edən hərbiçilərin də bir hissəsi ermənilərin təhriki ilə azərbaycanlıların İran tərkibində muxtariyyəti ideyasına qarşı çıxırdılar. 1945-ci ilin yayına qədər cənublu kommunistlər ermənilərlə birgə vahid İran Kommunist Partiyası tərkibində idilər. Belə vəziyyət ermənilərin cənubun işlərinə qarışmasına əlverişli imkan yaradırdı. Nəhayət, 1945-ci ilin əvvəllərində Cənubi Azərbaycanda İran Kommunist partiyası – Tudədən ayrı bir partiya – Demokrat Partiyasını yaratdı. Seyid Cəfər Pişəvəri bu partiyanın rəhbəri, sonralar isə 1945-ci ilin dekabrında elan edilmiş Milli Hökumətin sədri idi.

Milli hökumət qısa vaxtda Sovetlərin yardımı ilə Teatr, Filarmoniya, Universitet yaratdı, ana dilində nəşriyyat və qəzetlər təsis etdi. Cənubi Azərbaycanda ilk azad seçkilər keçirildi və Məclis yaradıldı. 1941–1946-cı illərdə cənubda gedən siyasi proseslər şimaldakı sovet mətbuatında da geniş işıqlandırılır, Sovet Azərbaycanı xalqının ürəyindən xəbər verirdi. Məhz bu hərəkatın təsiri ilə 1945-1960-cı illərdə Şimalda da milli ovqatların yüksəlişi müşahidə olundu.

Bu hadisələr 50–60-cı illər ədəbiyyatında milli cərəyanı canlandırdı: Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Cəfər kimi ədiblərin rəhbərlik etdiyi bu cərəyanı Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz kimi gənc nəsil nümayəndələri davam etdirdilər. Cənubda isə «Heydərbabaya salam» kimi milli ovqatlı əsər yarandı.

1946-cı ilin dekabrında İran ordusu xarici dövlətlərin – ABŞ və İngiltərənin yardımı ilə Cənubdakı Milli Hökuməti qan içində məhv etdi. Onun rəhbərləri və bir çox tərəfdarları bu taya keçdilər. Lakin cənubda qalan hərəkat iştirakçılarına qanlı divan tutuldu.



Vətənpərvərlik və xalq qəhrəmanlıq mövzusu. Müharibənin ilk mərhələsində ədəbiyyatın ən fəal sahəsi poeziya idi: poeziya publisistikanın funksiyasını öz üzərinə götürür və onunla eyni mövzuları qələmə alırdı. Oğlunu cəbhəyə xeyir-dua ilə yola salan ata-anaların, ağbirçək baba və nənələrin obrazları bu şeirlərdə və bütün sonrakı ədəbiyyatda əsas yer tutur. Onlar şairin ideya və çağırışlarını öz adlarından deyir, döyüşə gedən balalarına igid və güclü olmağı, düşməni tezliklə məğlub etməyi tövsiyə edirlər. M.S.Ordubadi, A.Şaiq, S.Rüstəm, S.Vurğun, Ə.Vahid kimi şairlərin bu dövrdə yazdığı və ədəbi mətbuatda çap olunan şeirlərində çağırış ruhu, əsgər hünərinin tərənnümü, faşizmin satirik yönlü tənqidi aparıcı yer tutur. Arxa cəbhədə, istehsalatda çalışan, cəbhə üçün silah-sursat düzəldən, əsgərlərçün isti paltarlar tikib toxuyan ana və nənələrin surətləri də ədəbiyyatda mühüm yer tuturdu. Cəbhədə vuruşan ərinə sədaqətli, yüksək əxlaqi dəyərlərin daşıyıcısı olan arxa cəbhə qadınların surətləri döyüşçü obrazından sonra ikinci yerdə idi.

Müharibə uzandıqca nəsr və dramaturgiyada da müharibə mövzusu işlənməyə başlayır. Mir Cəlalın «Yollar», Ə.Məmməd­xan­lının «Oğullar gedərkən», M.Hüseynin «Bəxtiyar», Ə.Əbül­həsənin «Leytenant Şerban» hekayələri mövzuca şeirdə işlənən məsələlərlə bağlıdır. O zaman faşizmi əzən, ona qalib gələn əsgər obrazını yaratmaq sahəsində, demək olar ki, bütün yazıçılar təşəbbüs edirdilər. Amma müharibə bitməmiş səngər həyatını bilavasitə öyrənmədən və yaşamadan yazılan bu hekayələrin əksəriyyətində fantaziya həyat faktından güclü idi. Şübhəsiz ki, yazıçı nə qədər istedadlı olsa da, səngər həyatını fantaziya əsasında realistcəsinə və inandırıcı yaza bilməzdi.

Məsələn, Əli Vəliyevin «İradə» adlı hekayəsindəki Fərhad obrazı müəllif tərəfindən ağlasığmaz işgəncələrə dözən, iradəli insan kimi göstərilir. Faşistlər onun qollarını sındırır, ona hər cür işgəncələr verirlər. Amma bunların hamısı publisistik sadalama kimi səthi göstərilir, nəticədə qəhrəman oxucunu inandırmır, hekayə nağıl təsiri bağışlayır. Bu səngər həyatını keçmədən döyüşçü obrazı yaradan müəlliflər üçün səciyyəvi bir qüsurdur.

S.Rəhimovun «Qardaş qəbri», Ə.Əbülhəsənin «Oğullar və atalar» povestləri də canlı müşahidədən çox, yaradıcılıq fantaziyasının bəhrəsidir. Lakin hər iki əsərdə əsas müəllif qayəsi sovet adamlarının faşizmə nifrətini, ana torpağı müdafiə etmək əzmini göstərmək idi. Hər iki əsərdə cəbhənin konkret təsvirinə nisbətən süjet və macəra ünsürü qüvvətlidir. Ə.Əbülhəsən rusiyalı uşaqların sərgüzəştlərini qələmə almışdı.

Müharibə dövründə yaranan dram əsərləri də mövzu və süjetcə hekayə və povestlərə yaxındır. Bu illərdə M.İbrahimovun «Məhəbbət», M.Hüseynin və İ.Əfəndiyevin «İntizar», Z.Xəlilin «İntiqam», M.Təhmasibin «Aslan yatağı» kimi pyeslərinin qəhrəmanları da eyni tiplidir. Onların nitqi çox zaman publisist məqalələrdən parçaları xatırladır. Bunun əsas səbəbi müəlliflərin tələsməsi, müharibə həqiqətlərini qabaqlamaq istəməsidir.

Dövrün dramaturgiyasında ən qiymətli mövzu  Azərbay­can xalqının keçmiş tarixindən götürülmüş qəhrəmanlıq süjet­lə­ri­nin qələmə alınması idi. Müəyyən bədii qüsurlarına baxmayaraq, M.Hüseynin «Nizami», «Cavanşir» kimi pyesləri xalqın tarixi-qəhrəmanlıq şüuruna üz tutur, ondan müasir məqsədlər üçün istifadə edirdi. Bu milli bədii şüurun inkişaf əlaməti idi.

Bu illərdə qəhrəmanlıq mövzusunu işləmək üçün folklor süjetlərindən də istifadə olunurdu. S.Vurğunun «Hörmüz və Əhrimən», Ə.Abbasov «Məlik Məmməd» əsərləri belə idi. A.Şaiq kimi qocaman yazıçılar isə vətən mövzusunu işləmək üçün Nizami süjetlərinə üz tuturdu.

Müharibə dövrü ədəbiyyatının mühüm xidmətlərindən biri də Azərbaycan xalqının qəhrəmanlıq tarixinin bütün genişliyi ilə ədəbiyyata gətirilməsi idi. Bunun nəticəsində xalqımızın ulu tarixi elmi şəkildə yazılmazdan əvvəl bədii şəkildə xalqımız üçün açıldı. Müharibədən əvvəl və sonra bu mümkün olan iş deyildi, elmi və siyasi senzura buna yol verməz və «millətçilik» adlandırıb sərt tənqidə məruz qoyardı. Müharibə dövründə isə milli tarixin qəhrəmanlıq səhifələrini qələmə almaq dövrün, faşizmə qarşı ölüm-dirim savaşının tələbi idi.



Stalinçi repressiyalar və ədəbiyyat
Repressiyalar kommunistlərin siyasi mübarizə aləti kimi. Siyasi məqsədlərin dövlətin cəza orqanlarının əli ilə həyata keçirilməsi repressiya hesab olunur. Bolşeviklər hakimiyyətə gələndən istər Rusiyada, istərsə də Azərbaycanda öz siyasi məqsədlərini repressiyalar vasitəsi ilə - əks cəbhədə duranları fiziki cəhətdən məhv etmək yolu ilə həyata keçirirdilər. Hələ 1918–1919-cu illərdə Rusiyada qırmızı və ağ terror hadisələri baş verdi. Ağlar qırmızıları, onlar isə ağları qorxu toxumu səpmək üçün kütləvi surətdə güllələyirdilər.

1920-ci ilin 27 aprelində 11-ci Qızıl Ordu Azərbaycanı işğal edən kimi hakimiyyəti bolşeviklərə parlament yolu ilə təhvil vermiş Müsavat və İttihad partiyalarının fəallarına, Demokratik Cümhuriyyətin rəhbərlərinə qarşı kütləvi güllələnmələr tətbiq edildi.

Eyni siyasət Azərbaycanda 20-ci illər boyu davam etdi. 30-cu illərin əvvəllərində kolxozlar təşkil olunanda bu siyasətə qarşı çıxan bütün ailələr Sibirə sürgün edilir və orada soyuqdan və aclıqdan qırılırdılar. Bolşevik terrorunun ən yüksək nöqtəsi 1937–1938-ci illərə təsadüf etdi. Trotskizmə qarşı mübarizə adı ilə bolşevik fəalları rəsmən iki hissəyə bölünmüşdü. Stalinin tərəfdar­ları və trotskistlər. 1937–1938-ci illərdə birincilər ikinciləri kütləvi surətdə qırdılar.

Azərbaycanda trotskizm ittihamına millətçilik və müsavatçılıq da əlavə olundu. 1920–1922-ci illərdə N.Nərimanovun başçılıq etdiyi Xalq Komissarları Sovetinin tərkibinə daxil olmuş milliyyətcə azərbaycanlı olan bütün hökumət üzvləri tutuldular, onlara dövləti çevirmək ittihamı verildi və hamısı güllələndi. Onlarla əlaqədə olmaq ittihamı ilə Hüseyn Cavid, Seyid Hüseyn, Mikayıl Müşfiq, Əlabbas Müznib, Əmin Abid, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi, Soltan Məcid Qənizadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Əli Nazim, Əhməd Cavad, Bəkir Çobanzadə, Abbas Mirzə Şərifzadə və digər yazıçı, şair, alim və sənət adamları üç nəfərlik hərbi məhkəmə heyəti tərəfindən 15 dəqiqəlik məhkəmə keçirilərək əksəriyyəti güllələndi.

Bu adi repressiya deyil, 1910–1920-ci illərdə yetişmiş ziyalı təbəqəsinin planlı məhv edilməsi idi. Bu adamların elm, ədəbiyyat və mədəniyyətdə yerini 2-3 sinif təhsili olan keçmiş fəhlələr, savadsız, milli əqidəsi olmayan insanlar tuturdular. Xalqın qiymətli insanlarının, onun sabahını qura bilənlərin repressiya­larına şəxsən Mir Cəfər Bağırov rəhbərlik edir, cəza orqanlarının işini isə rus, erməni və digər yad millətlərin nümayəndəsi olan hərbçilər icra edirdilər.

Böyük Vətən Müharibəsindən sonra repressiya olunan yazıçılar. Müharibə dövrü və ondan sonra da ölkədə siyasi repressiyalar səngimədi. Stalin rejimi məhkəməsiz güllələnmələri fərasətsiz şəkildə idarə olunan və məğlubiyyətlərə məruz qalan Qızıl Orduda intizamı möhkəmlətmək vasitəsi kimi tətbiq edirdi. Müharibə vaxtı müxtəlif təyinatlı siyasi işçilər tərəfindən iki milyona qədər əsgər, zabit, səfərbər edilmiş vətəndaşlar hərbi səhra məhkəmələrinin qərarı ilə və ya bunsuz güllələndilər.

1948-ci ildə Yazıçılar İttifaqı xətti ilə millətçi yazıçılar qrupunun işi qaldırıldı və onlar həbs edildilər. Bu dəstəyə Gülhüseyn Hüseynov (oğlu), Şükür Həbibzadə, İsmixan Rəhimov, Hacı Hacıyev, Əbülfəz İbadoğlu və başqaları daxil idilər. Bir neçəsi ali məktəb tələbəsi, təzə yazmağa başlayan ədəbiyyat adamları olan bu insanların həbsində S.Vurğuna qarşı qərəzli olan «yazıçılar» da bədnam rol oynadılar. Bu hadisələrə səbəb bu gənclərin 1945-ci ildə milli bir şair kimi S.Vurğuna yazdıqları adi bir tələbə məktubu olmuşdu. Adi bir ədəbi məktuba görə, Vətənin qayğı və dərdləri ilə maraqlandıqlarına görə gənc yazıçılar siyasi ittihamlarla mühakimə olundular. Öz qələm dostlarını sıradan çıxarmaq, onların yerini tutmaq istəyən paxıl və avantürist yazıçılar buna sevindilər. Müharibədə 30 milyonluq qurban hesabına qazanılmış qələbənin nikbin ümidləri, ziyalıların dəyişiklik arzuları ürəklərində qaldı. Ədəbi mühitə 1937-ci ilin qara kölgəsi təzədən hakim kəsildi.

Məhkəmə prosesi Səməd Vurğuna şəxsən toxunmasa da, onun rəqiblərini fəallaşdırdı. Ədəbi mətbuatda Səməd Vurğunun müharibədən sonra yazdığı «İnsan» kimi qiymətli əsərlərin təftişi başlandı. Böyük şairi millətçilikdə, mücərrəd romantizmə meyldə, sinfi sənət ölçülərini itirməkdə ittiham edən adamları bu gün heç kəs tanımır. Onlar ədəbiyyata və mətbuata siyasi ibarəbazlıqla gəlmiş cızma-qaraçılar idilər. Onlar bu ibarələr vasitəsilə ədəbiyyatda rəhbər məmur vəzifələri tutmaq, pul qazanmaq istəyirdilər.

İ.Stalinin 1953-cü ildə ölümündən sonra onun yaratdığı siyasi terror aparatı başsız və işsiz qaldı. Günahsız olaraq Sibirin çöllərinə sürgün edilmiş yüz minlərlə yazıçı və ziyalı vətənə qayıtmağa başladı. 1956-cı ildə N.S.Xruşşov tərəfindən stalinizmin rəsmi tənqidi və ifşası bu prosesə böyük təkan verdi.

1955-ci ilin qışında cəbhəyə könüllü getmiş fədakar yazıçı Süleyman Vəliyev Sibirdə doğulmuş iki uşağı ilə Bakıya qayıtdı. Əsirlikdə olduğu üçün bu insan ömrünün on ilini Sibirdə və digər cəza yerlərində keçirdi. Soyuqda, yarıac şəraitdə ailəsi ilə yaşayan yazıçı qələmi yerə qoymur, yazıb-yaradır və sürgündə dünyanın dəyişməsini gözləyirdi.

1948-ci ildə məhkum edilən yazıçılar da bəraət alıb vətənə qayıtdılar. Onlar həyatda, ədəbiyyatda, elmdə öz yerlərini tutmaq üçün ağır mübarizələrə başladılar. Həbsxana onların hamısının səhhətində, əsəblərində, psixologiyasında müəyyən izlər qoymuşdu.



GÜLHÜSEYN HÜSEYNOĞLU

(1923)
Həyatı və fəaliyyəti. Gül­hü­seyn Hüseynoğlu Stalinçi re­pressiyalardan sonra ədəbiyyata qa­yıdıb əhatəli ədəbi və elmi fəaliy­yət göstərən istedadlı bir yazı­çıdır. O, 1923-cü ildə Ma­sal­lı rayonunun Mollaoba kəndində doğulmuşdur. Gələcək yazıçı körpə olduğu vaxt onun ailəsi Bakıya köçür, Gülhüseyn orta təh­silini burada alır. Uşaq yaş­la­rın­dan ədəbiyyatla, şeirlə maraq­la­nan Gülhüseyn 1944-cü il­də Bakı Dövlət Universitetinin filo­lo­gi­ya fakültəsinə daxil olur. «Ana» adlı ilk mətbu hekayəsi də 1944-cü ildə işıq üzü görür. 1946-cı ildə Universitet tələbəsi olan Gül­hü­seynin ilk mənsur şeiri  «Bənövşə əfsanəsi» çapdan çıx­mış və sonralar ədibin yaradıcılığının əsas istiqamətini təşkil etmişdir.

G.Hüseynoğlu tələbə vaxtlarından fəal olmuş, o zaman dəbdə olan ədəbi dərnəklərdə iştirak etmiş və ədəbi mühitdə çox erkən tanınmışdır.

Müharibə illərində hərbi vətənpərvərlik mövzusu, xalqın keçmişinə dair şeir, nəsr və dram əsərləri çox çap olunur və ədəbi gəncliyə də təsir göstərirdi. Bunun nəticəsində müharibə illərində yetişən tələbə-gənclik alovlu vətənpərvərlik hissləri, qəhrəmanlıq və fədakarlıq həvəsi ilə ərsəyə gəlirdi. Belə gənclərdən biri də Gülhüseyn Hüseynoğlu idi. O, tələbə dostları İsmixan Rəhimov və başqaları ilə düzəltdikləri dərnəkd­ə Azərbaycan xalqının taleyi, xüsusilə rəsmi statusu yarımçıq olan ana dilinin vəziyyəti barədə müzakirələr aparırdılar. 1945-ci ildə onlar vətənpərvər xalq şairi Səməd Vurğuna bu barədə məktub yazdılar.

Həmin məktub Gülhüseynin və onun gənc vətənpərvər dostlarının taleyində faciəli rol oynadı. 1948-ci ildə bu məktubla bağlı Gülhüseyn və dərnək dostları həbs edildilər və onların dərnəyi gizli antisovet təşkilatı kimi qələmə verildi. Bundan bir il qabaq  1947-ci ildə Gülhüseyn universiteti bitirib filologiya fakültəsinin aspiranturasına qəbul olmuşdu. Onun qələmi, elmi məqalələri diqqəti cəlb edir və böyük ümidlər verirdi. Birinci kurs aspirantının həbsi həm Gülhüseynin, həm də onun müəllimlərinin çaşqınlığına səbəb oldu. Cavan ədibə gizli antisovet təşkilat yaratmaq və ona rəhbərlik etmək, antisovet təbliğatı kimi uydurma ittihamlar irəli sürdülər. Məhkəmə 1937-ci ildə olduğu kimi ölüm hökmü çıxarmadı. Ona 25 illik həbs cəzası verdilər. Gənc yazıçı ilk kitabını belə çap etdirməyə macal tapmadan həbsxanaya düşdü və oradan 9 ildən sonra çıxdı. 1956-cı ildə ona tam bəraət verdilər və qayıdıb aspiranturaya bərpa olunması üçün kömək etdilər. Gülhüseynin mənsur şeirləri on il fasilədən sonra təzədən mətbuat səhifələrində görünməyə başladı.



Yaradıcılığı. 1957-ci ildə yazıçının «Xəzərin qoynunda» adlı mənsur şeir kitabı çapdan çıxdı. Əl boyda kitabın adı müəllifin qürbətdən vətənə dönməsini, indi doğma Xəzərin sahilində, Bakıda yaşamasını bildirirdi. Sovet quruluşu repressiya olunmuş, taleyi sındırılmış yazıçılara qayğı göstərməyə çalışırdı. 1958-ci ildə Gülhüseynin iki kitabı: «Bir ömrün çıraqları» və «Poylunun gənc çobanı». İkinci kitabda doqquz illik həbsdən qayıtmış otuz beş yaşlı yazıçının oçerkləri də var idi. Yuxarılar əfv edilmiş dünənki siyasi məhbusların sovet gerçəkliyini tərənnüm edən və tərifləyən əsərlərinin çap olunmasına xüsusi önəm verirdilər. Bu da rəsmi riyakarlığın bir şəkli idi.

1960-cı illərin ortalarında Gülhüseyn Hüseynoğlu repressiya olunmuş unudulmaz şair Mikayıl Müşfiq barədə namizədlik dissertasiyasını Universitetin Elmi Şurasında uğurla müdafiə etdi. 1957-ci ildən bəri ədib universitetdə müəllim kimi çalışır və gənc nəslin tərbiyəsinə, ədəbiyyatşünas kadrların hazırlanmasına öz töhfəsini verir.

1968-ci ildə Gülhüseyn Hüseynoğlunun «Müşfiq. Həyat və yaradıcılığı» monoqrafiyası «Azərnəşr»də kütləvi tirajla çapdan çıxdı. Bu, 1937-ci ildə repressiya olunmuş yazıçılar barədə çıxan ilk monoqrafik əsərlərdən biri idi. Monoqrafiyada müəllifin Müşfiqin şəxsiyyətinə və əsərlərinə dərin məhəbbət və pərəstiş hissləri aşılanmışdır. Özü ölümün pəncəsindən xilas olmuş Gülhüseyn 29 yaşında şəhid edilmiş Müşfiqin şair hüquqlarının bərpasını özü üçün müqəddəs borc bilirdi. Ədibin bu monoqrafik tədqiqatı Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə yazılmış ən mötəbər tədqiqat olaraq qalır. Ədib böyük zəhmət hesabına Mikayıl Müşfiqin üç cildlik seçilmiş əsərlərini tərtib və redaktə etdi, onların çapına nail oldu.

Gülhüseyn Hüseynoğlu indiyə qədər Müşfiqin poeziyasının yorulmaz təbliğatçısı olaraq qalır. Ədib bunu özünə şərəf bilir və amansızlıqla qətlə yetirilmiş repressiya qurbanlarının ruhu qarşısında öz mənəvi borcu hesab edir.



Mənsur şeir yaradıcılığı. Yazıçının yaradıcılığının əsas xəttini onun mənsur şeir yaradıcılığı təşkil edir. Ədib nəsrin bu şəklinə ardıcıl sədaqəti ilə ədəbiyyatımızda mənsur şeirin yaradıcısı hesab olunur. Yaradıcılığın bu sahəsi çox qədim olduğu qədər də çətin və məsuliyyətlidir. Dünya ədəbiyyatında belə nəsrin N.S.Turgenev, Ş.Bodler, R.Taqor kimi klassikləri tanınır və sevilir.

Lirik nəsrin bir şəkli olan mənsur şeir fikir dərinliyi, müşahidə sərrastlığı, bədii dilə yüksək bələdlik tələb edir. Bu məziyyətlər yazıçının irili-xırdalı bütün əsərlərində  oçerk, hekayə, povest və əlbəttə, mənsur şeirlərində də qabarıq özünü büruzə verir. «Nigarançılığın sonu», «Geoloq qız», «Xeyirxah», «Ata», «İlk qələm» kimi əsərləri məhz belədir.

Gülhüseyn Hüseynoğlunun mənsur şeirlərinin mövzu əsasını mənəvi-əxlaqi mövzular, insan müdrikliyi, onun təbiətə və öz borcuna münasibəti təşkil edir. «Ay nur çiləyəndə», «Sonası», «Bənövşə əfsanəsi» əsərləri məhz bu cürdür. Dəyanətli, mərd, namuslu, el adətlərini sevən və qoruyan qəhrəmanlar daha çox diqqəti cəlb edir. Yazıçı sabitqədəm, əqidəli, çətinlikdən qorxmayan, vədinə xilaf çıxmayan insanlardan tez-tez yazır, onları gəncliyə nümunə kimi göstərir. Məsələn, «Sonası» adlı yığcam mənsur nümunə böyük dramaturq Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın xatirəsinə həsr olunmuşdur. Gənc yaşlarından dahi ərini həmişəlik itirən Sona xanım heç zaman Cabbarlı ruhuna sədaqətini itirməmiş, ömrünü dramaturqun balalarını tərbiyə etməyə və onun ədəbi irsini, şəxsiyyətini təbliğ etməyə həsr etmişdir. Müəllif Sonası obrazını əxlaqi ideal səviyyəsinə qaldırır, onun fədakarlığını və cəfakeşliyini tərənnüm edir.

Yazıçı «Müjdə» adlı əsərində Cənubi Azərbaycan vətənpərvərlərinin mübarizəsi mövzusuna müraciət edir. Bu problem Gülhüseyn Hüseynoğlunun mənsub olduğu yazıçılar nəslinin bioqrafiyası üçün xüsusilə aktual idi. Seyid Cəfər Pişəvərinin 1945-1946-cı illərdə qurduğu Milli Hökumət bu nəslin gözü qarşısında qurulub faciələrə düçar olmuşdu. Müjdənin qəhrəmanı bu mübarizənin mətin əsgərlərindən biridir. Zindanda o, arvadının ona oğul doğması barədə xəbər alır. Bu xəbəri yazıçı Cənubi Azərbaycanın gələcək azadlığının müjdəsi kimi ümumiləşdirir. Zindanda olan fədai bəlkə də qətl ediləcəkdir. Amma Cənubi Azərbaycanın azadlıq qazanması labüddür, çünki zindandan kənarda hər gün fədai balaları doğulur, deməli, mübarizə də davam edəcək, azadlıq günü mütləq gələcəkdir.

Gülhüseyn Hüseynoğlu qələmini nəsr əsərlərində də sınamış, bir sıra povest və hekayələr yazmış, xüsusilə uşaq nəsri ilə məşğul olmuşdur. Sadə, yığcam dil, tərbiyəvi əhəmiyyətli mövzular onun uşaqlar üçün yazdığı əsərləri mənsur şeirləri ilə yaxınlaşdırır. Yazıçının əsərləri yeni nəsildə mərdlik, sabitqədəmlik, vətənpərvərlik tərbiyəsi üçün böyük əhəmiyyətə malikdir.

Yazıçının mənsur şeirlərinin bir sıra süjetləri klassik şərq müdrikliyindən, bir qismi isə milli folklorumuzdan gəlir. Məsələn, «Bənövşə əfsanəsi» folklor motivi əsasında qələmə alınmış, lakin mövzu daha da dərinləşdirilmişdir. Folklorda bənövşə həmişə təmizlik, bakirəlik, torpaq səxavətinin rəmzi olmuşdur. Yazıçı obrazın bu ənənəvi mənasına əxlaqi sədaqəti və gözəlliyi də əlavə edir. Onun üçün sevən gözəlin hüsnü onun ismətindən, utanıb-qızarmaq xüsusiyyətindən ayrı deyildir. Müəllif bunu milli gözəllik anlayışımızın ayrılmaz tərəfi kimi təqdim edir.

Gülhüseyn Hüseynoğlunu nəsrdə poeziya yaradan bir müəllif adlandırmaq olar. Uzun, mürəkkəb süjetlər onu heç vaxt cəlb etmir. O, lirik şeirlər yazan sənətkarlar kimi ilk növbədə, yığcam əsərlərinin əsas obrazını tapır, onu təxəyyülündə gəzdirib mənalandırır, ona müasir və geniş məna verməyə çalışır və çox zaman buna nail olur. Bu baxımdan yazıçının «Mücrü», «İlk qədəm», «Ata» və digər əsərləri oxucular tərəfindən sevilir, yaddaşlarda saxlanır. «Ata» əsərində yazıçı hər bir insan üçün müqəddəs olan bu anlayışa dərin əxlaqi və fəlsəfi məna verir. Ata böyük deməkdir, lakin bu böyüklüyün məsuliyyət və borc yükü bu böyüklükdən də ağırdır. Ata arxasınca aparan, qoruyan və ərsəyə çatdırandır. Övladlar üçün ən böyük ünvan və ideal yeridir. Ona görə yazıçı üçün atalıq oğulluqdan qocalığa qədər, ilk növbədə, milli idealların və dəyərlərin daşıyıcısı olmaq deməkdir.

Gülhüseyn Hüseynoğlunun gözəl, şairanə dili 60-80-ci illər nəsrində özünəməxsus bənzərsiz bir hadisədir. Onun sınaqlardan keçmiş həyatı da ardıcıl vətənpərvərlik, təmənnasız xidmət nümunəsidir.


Ədəbiyyat:

Azərbaycan Sovet ədəbiyyatı, B., 1988.




SÜLEYMAN VƏLİYEV

(1916-1996)
Həyatı və fəaliyyəti. Süley­man Vəliyev müasir nəsrimizdə mü­haribə möv­zusunun ən görkəmli nüma­yəndəsidir. O, həm də stalinçi rep­res­siyaya məruz qalmış istedadlı yazı­çı­­­lardandır. Onun yara­dıcılı­ğında Stalin repressiyaları, mü­haribə mövzusu, azərbaycanlı döyüşçülərin Av­ropa müqavimət hərəkatında iştirakı möv­zuları əsas yer tutur.

Vəliyev Süleyman Məşədi Vəli oğlu 1916-cı il dekabrın 21-də Bakı yaxın­lı­ğındakı Ramana qəsə­bə­sin­də fəhlə ailəsində anadan olmuşdur. Mə­şədi Vəli kişi Ramana kəndinin iradəli və qətiyyətli xarakteri ilə seçilən maşılılar tayfasından idi. Sovetlərə qədər kəndin imkanlı evlərinə aid olan Vəli kişinin ailəsi sovetləşmədən sonra tamam kasıblamışdı. İnqilabdan əvvəl bolşevik Həmid Sultanov Ramana neft mədənlərində işlərkən onların həyətində kirayədə yaşamışdı. Sovet vaxtı o, yeni hökumətin rəhbərlərindən birinə çevriləndən sonra da Vəli kişi ilə mehriban münasibətlərini saxlamış, ailənin ona göstərdiyi hörmət və qayğını unutmamışdı.

Süleymanın uşaqlığı fərəhsiz keçsə də, Ramana məktəbində sək­kiz illiyi yüksək qiymətlərlə bitirmişdi. Qaradinməz, orta boy Sü­ley­man uşaqlıqdan oturaq işlərə, yazıb-oxumağa, xəyalpərəst­li­yə meylli olmuşdur. Səkkizillikdən sonrakı təhsilini məşhur «Qulam şqolası»nda almışdır. Dövrün aparıcı məktəblərindən olan bu təhsil ocağında bilik toplamaq Süleymana ədəbi yaradıcılıqla məşğul olmaq üçün kifayət etmişdir. 30-cu illərdə neft mərkəzi olan Sabunçu rayonunun məktəbləri Mədəni İnqilabın əsas ocaqları idi. Burada ədəbiyyat, dram və musiqi dərnəkləri var idi. Sonralar Süleyman Vəliyev ona yaradıcılıq vəsiqəsi vermiş bu məktəbin müdiri haqqında «Qulam müəllim» oçerkində səmimiyyətlə bəhs etmişdir.

Süleyman Vəliyevin «Əmanət kassası» adlı ilk hekayəsi 1932-ci ildə «Hücum» jurnalında çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kadrı kimi daxil olan Süleyman Vəliyev 1937-ci ildə hərbi qulluğa çağırılana qədər Lökbatanda çıxan az tirajlı «Neft uğrunda» qəzetində jurnalistlik fəaliyyətinə başlamışdır.

O zaman Bakı neftçiləri inqilabın dayağı, onların həyatı isə inqilabi nəsrin hörmətli mövzusu sayılırdı. Yazıçının 21 yaşında - 1937-ci ildə yazıb çap etdirdiyi «Bığlı ağa» povesti həmin ildə «Azərnəşr»də ayrıca kitabça şəklində çapdan çıxdı. Bu Süleymanı həmişəlik ədəbiyyata bağladı, ədəbi mühitdə tanıtdı. O, bir müddət «Azərbaycan gəncləri», «Kommunist» qəzetlərinin müxbiri oldu, «İnqilab və mədəniyyət» jurnalında ədəbi işçi oldu.

1937-ci ilin payızında Süleyman hərbi xidmətə çağırıldı. 1939-cu ilin oktyabrınacan Ukraynada hərbi xidmətdə oldu. O, xidmətə başladıqdan az sonra Sovet qoşunları əvvəllər Polşa ərazisinə daxil olan Qərbi Ukrayna vilayətlərinə, Lvov şəhərinə daxil olmuşdu. Polşalılar bunu işğal, Sovetlər isə «azad edilmə» adlandırırdılar. Bu zaman sovetsayağı «dostluq» təbliğ etmək üçün tanınmış yazıçı və ziyalılar Lvova ezam olunurdular. Cavan yazıçı məhz bu dövrdə görkəmli rus yazıçısı Aleksey Tolstoyla Lvov Yazıçılar İttifaqında əsgər geyimində tanış olmuş, ondan xeyir-dua almışdır. Məhz hərbi xidmət dövründə N.Ostrovskinin ev muzeyində olmuş, Oleksa Desiyak, Paiç Petro, Vanda Vasilevskaya ilə tanış olmuşdur.

Yazıçının hərbi xidmətdən qayıtdığı 1940-cı ilin oktyabrında Süleyman Vəliyev xalq şairi S.Vurğunun xeyir-duası ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri oldu.

Əsgər taleyi. Dava başlanan günün səhəri, 1941-ci il iyul ayının 23-də Süleyman Vəliyev hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Bundan əvvəl Səməd Vurğun ona bron təklif edib arxada qalmağı və vətənpərvərlik təbliğatı ilə məşğul olmağı tövsiyə etmişdi. Lakin 25 yaşlı çılğın gənc cəbhəni seçdi. O zaman hamı davanın qısa bir vaxt davam edəcəyi qənaətində idi. 1941-ci il iyunun 29-da «Ədəbiyyat qəzeti»də yazıçıların xalqa ünvanlanmış «Qəhrəman ordu sıralarına» adlı müraciəti dərc olunmuşdu. Müraciətin altında Mir Cəlal, Əli Vəliyevlə yanaşı, Süleyman Vəliyevin də adı var idi. Çağırışda deyilirdi: «Qızıl qələmlərin odlu süngülərə çevrilməsi vaxtı çat­mışdır. Qudurğan faşizmin qəti ölüm dəqiqələri yaxınlaş­mışdır». Lakin müharibə dəqiqələr yox, illərlə çəkdi.

Müharibə başlananda digər müttəfiq respublikalar kimi, azərbaycanlıların da bir Milli Diviziyası var idi. Süleyman Vəliyev bu məşhur 416-cı diviziyanın alaylarından birinə düşdü və onun tərkibində 1941-ci ilin avqustunda İran ərazisinə daxil oldu. 1941-ci ilin sonlarında Şimali Qafqazda vəziyyət pisləşəndə S.Vəliyevin xidmət etdiyi alayı ora göndərdilər. Onun xidmət keçdiyi hissə Şimali Qafqaz cəbhəsinə verildi. 1942-ci ilin baharında Kerç yarımadası uğrunda ağır döyüşlər gedirdi. Bu ərazi iki dəfə faşistlərə verilib təzədən geri alınmışdı. 1942-ci il Sovet ordusu üçün hələ çətin vaxtlar idi. Orduda müasir atıcı silahlar belə çatmırdı, bəzən müdafiə döyüşlərində 2-3 əsgərə bir tüfəng verilirdi. Kerç strateji əhəmiyyətli yer idi: Sovet Hərbi Dəniz donanmasının əsas limanları və böyük müdafiə qurğuları burda idi. Yarımada əldən getdikdən sonra Qara dənizdə gəmiçilik də faşistlərin nəzarətinə keçə bilərdi.

Cəbhəyə romantik qəhrəmanlıq göstərmək arzuları ilə getmiş Süleyman Krım yaxınlığında kontuziya olub əsir düşür. Yazıçıya sonsuz iztirablar vermiş bu hadisə 1942-ci il may ayının 8-də olmuşdu. Ümumilikdə Kerç uğrunda pis hazırlanmış hücum əməliyyatlarında yarım milyona qədər sovet əsgəri əvvəlcə mühasirəyə, sonra isə əsir düşmüşdü. Fərasətsiz generallar yarımadanı əliyalın əsgərlərin qanı bahasına müdafiə etmək istəyirdilər. Ona görə faşistlər ağır itkilərdən sonra yarımadanı tutub Şimali Qafqaza çıxa bilmişdilər… Yazıçı əsir düşdüyü vaxt 416-cı Azərbaycan diviziyasının «Azərbaycan döyüşçüsü» adlı qəzetində hərbi müxbir idi.

Süleyman Vəliyev 1942-ci il Xarkov və Kerç döyüşlərində əsir düşmüş yüz minlərlə əsirlər kimi əsir məntəqələrini görməli oldu. Qankoy adlı ilkin seçmə məntəqəsində sovet əsirlərini sağlamlıq qrupları üzrə bölür, işləmək iqtidarında olanları A­l­maniyanın dərinliklərinə doğru aparırdılar. Süleyman Sloveniya ilə İtaliya sərhədlərində yerləşən, sənaye müəssisələri ilə zəngin olan Triyest vilayətinə, Adriatik dənizi sahillərinə düşmüşdü. Bu ərazilər slovenlərlə italyanlar arasında mübahisəli idi. Əhalisinin əksəriyyəti slovenlər olan bu ərazilərin adları belə diktator Mussolininin əmri ilə dəyişilmişdi.

1944-cu ilin yazında Süleyman çoxdankı planını yerinə yetirir: müttəfiqlərin ağır bombardmanı zamanı düşərgədən qaçıb Triyest vilayətinin dağlarında bina salmış partizan dəstələrinə qoşulur. Yazıçı burada Sila adı ilə cəsur döyüşçü və qisasçı kimi qəhrəm­anlıqlar göstərir. Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseyn­zadə, Mirdaməd Seyidov da həmin partizan diviziy­a­larında vuruşurdular.

1944-cü ilin sonlarında müttəfiq qoşunları Triyest vilayətini azad edəndə bu dəfə Amerika əsir düşərgələrinə düşməmək əsir yazıçı üçün Avstriya, Fransa, Yuqoslaviya, Misir, İraq və nəhayət İran ərazisindən keçərək vətənə qayıdır. Bu məcburi sərgərdanlıq dövrü də yeni sınaqlar və məhrumiyyətlər demək idi. 1944-cü ilin iyul ayında Triyest şəhəri Amerika-ingilis müttəfiq qoşunları tərəfindən azad edildi. Bu döyüşlərdə iştirak etmiş keçmiş sovet əsirləri əməliyyatlar bitəndən sonra çətin vəziyyətdə qaldılar. Sovet-alman cəbhəsində döyüşlər davam etdiyindən əsirləri bu xətdən SSRİ-yə keçirmək mümkün deyildi. Ona görə Sovet və ABŞ komandanlığı arasındakı razılığa əsasən Müqavimət Hərəkatında iştirak etmiş keçmiş əsirləri də faşist düşərgələrindən çıxarılan digər əsirlərə qatdılar və Misirin Ceneyfə şəhərindəki 307 saylı müvəqqəti düşərgəyə yolladılar. Müvəqqəti olsa da, bu, düşərgə idi.

Süleyman Vəliyev burada əsirlərin özlərinin təşkil etdiyi bölmədə Alay qərargahının rəisi seçilmişdi. O zaman İ.Stalin əsir düşənlərin hamısını «satqın» adlandırmışdı. Ona görə ABŞ kəşfiyyat orqanları Misirdəki düşərgədə təbliğat aparırdılar ki, əsirlər vətənə dönməsin: onları Sibirə göndəriləcəkləri ilə qorxudurdular. Lakin Süleyman Vəliyevin alnı açıq idi və heç nədən çəkinmədən vətənə qayıtdı.

İrandan vətənə gəmi ilə 1944-cü il dekabrın 30-da gələn əsirləri Bakıda dustaq kimi avtomatlı adamlar qarşıladılar və çoxlu yoxlamalar aparılması üçün bu dəfə «sovet düşərgəsinə» saldılar. 1945-ci il yanvarın 1-də onları gecə qaranlıq yük vaqonlarına doldurub Moskva yaxınlığındakı Podolsk şəhərində aparıb orada yerləşən 174 saylı düşərgəyə saldılar. Burada günahı olmayan əsirləri xüsusi hücum batalyonlarına yığıb cəbhəyə göndərdilər. Bu «süzgəc» Misirdəkindən dəhşətli idi.

Süleyman Vəliyev isə orda ilişib qaldı: Osman adlı bir azərbaycanlı ondan donos yazmışdı. Hələ Misir düşərgəsində toqquşublarmış. Osman həvəskar artist olub və düşərgə dram dərnəyinin rəhbəri olmaq istəyirmiş. Süleyman isə qərargah rəisi kimi başqasını məsləhət bilmişdi. Böhtan təsdiq olunmayandan sonra Süleyman Vəliyevi də 29 saylı hücum batalyonuna daxil edirlər. Lakin bir neçə gün sonra «Qələbə» xəbəri gəldi.

Süleymanın batalyonu Ufa şəhərinə köçürülür. O zaman 1945-ci il sentyabrın 1-də Yaponiyaya qarşı hücum hazırlandığını əsgərlər bilmirdilər. Onların təlim məşqləri qurtarınca, Yaponiya təslim oldu. Lakin İ.Stalinin rejimi keçmiş əsirlərə normal hüquqlu vətəndaş kimi baxmırdı. Onların «cərimə» batalyonunu Çelyabinsk şəhərindəki Kirov adına sink zavodunda işləməyə yolladılar. Süleyman Vəliyev burada «onbaşı» təyin olunmuşdu. O əqidəli sovet adamı olduğunu sübut etmək üçün yaxşı işləyirdi və hətta şəklini şərəf lövhəsinə də vurmuşdular. Bu da on ay çəkdi. Lakin onları işdən azad etmirdilər.

Süleyman vətənə qayıtmaq həsrətində idi. Ona görə RSFSR Yazıçılar İttifaqı Çelyabinsk vilayət şöbəsinin rəhbəri Lyudmila Tatyaniçevanın yanına gedir. Süleymanın Yazıçılar İttifaqının üzvü olmağı barədə arayış üçün Bakıya müraciət edirlər. Bakıdan şair Əhməd Cəmilin imzası ilə onun üzvlüyünü təsdiq edən, hətta yaradıcılığı barədə də məlumat verən müsbət arayış gəlib çıxır. L.Tatyaniçeva Çelyabinsk vilayət partiya rəhbərliyinin köməyi ilə Süleyman Vəliyevin zavoddan işdən azad edilməsinə və vətənə qayıtmasına icazə alır…

Sürgün taleyi. Süleyman 1946-cı ilin 10 oktyabrında Çelyabinskdən Bakıya qatara bilet alır. Lakin yemək pulu olmadığından o, Moskvada biletini satıb çörək almalı olur. Bakıya isə qatarların tamburunda gecələr biletsiz qayıdır. Beş günə Bakıya çatan Süleyman, Ramanaya - evlərinə gedir. Həmin gün onun ömrünün ən bəd günlərindən biri olur. Öyrənir ki, 1942-ci ildə ondan qara xəbər gəlib. Atası və anası ehtiyacdan və dərddən vəfat ediblər. Kənddəki evlərində başqa adamlar yaşayır…

Süleyman Bakıda Mirzə Fətəli küçəsində 9-cu dalanın ikinci mənzilində balaca bir otaqda yaşayır. «İnqilab və mə­də­niy­yət» jurnalında ədəbi işçi düzəlir. Ev şəraiti barədə Səməd Vur­ğuna ərizə yazandan sonra böyük şair onun «koma»sına şəxsən gəlib tanış olur. O zaman Çaparidze rayon İcraiyyə Komitəsinin səd­ri olan əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Ab­basov böyük şairin xahişi ilə S.Vəliyevə Tolstoy küçəsinin 7-ci da­lanında 3 saylı evi verir.

Lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keç­miş hərbi əsirlərin işlərinə də yenidən baxılma kampaniyası ilə nəticə­lənir. Həmin ildə yazıçı Asya adlı qızla təzəcə evlənmişdi. Göz­lənilmədən onu yeni istintaqa cəlb edirlər və jurnaldakı işin­dən çıxarırlar. Siyasi orqanların məxfi apardığı istintaqda ona məxfi orqanlarla əməkdaşlıq və Səməd Vurğunun «millətçiliyi»nə qarşı gizli işləmək təklif edirlər. Süleyman əməkdaşlıqdan imtina edir; axı Səməd Vurğun onun ən böyük xeyirxahlarından biri olmuşdu; o, əsgərlikdə və müharibədə olanda ədəbiyyat fondu onun ata-anasına yardım verirdi. Ata-anası vəfat edəndən sonra Süleymanın kiçik qardaşı Murtuzu Suvorovçular məktəbinə də Səməd Vurğun düzəltmişdi. Ona mənzil vermişdi… O biri tərəfdən yazıçının ölkədə faktiki ağalıq edən siyasi orqanlardan zəhləsi gedirdi…

Nəticədə Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Badaybo şəhərinə sürgün edilir. Nəticədə 1946-1947-ci illərdə yazılmış «Mübahisəli şəhər» romanının çapını dayandırırlar. Yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıdan yaxşı hiss edirdi. Gizli sorğu-suallar onun qanını içmişdi. Bir neçə ay sonra Asya onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə doğuldular. Sibirdəki xeyirxah adamların köməyi ilə o, yazıçı qələmini atmadı. 1953-cü ildə İ.Stalin öləndən sonra ölkənin həbs və sürgün yerlərindəki çoxmilyonlu «cəza» çəkənlər rahat nəfəs aldı.

Süleyman Vəliyev 1955-ci ildə Bakıya qayıda bildi. Altı illik sürgün dövründə o, sovet ideologiyasına uyğun hekayə və oçerklər yazıb dərc etdirir, sadiq bir sovet adamı olduğunu sübut etmək istəyirdi. Onun şəxsiyyətinin ikiləşməsi taleyin bu zərbələrinin nəticəsi idi. Lakin belə yazıların onun ailəsinin maddi vəziyyətinə, heç olmasa, müsbət təsiri olurdu.

1955-ci ildə Süleyman Vəliyev arvadı və iki övladı ilə Bakıya qayıdır. Stalinizmin ifşasından sonra onun qurbanlarına qayğı göstərmək dəb idi. Gəlişindən 20 gün sonra ona həyatdan getmiş yazıçının indiki Nizami küçəsi, 51 ünvanda yerləşən balaca evini verdilər.

1956-cı ildə Bakıda Mir Cəfər Bağırovun məhkəməsi oldu: bu məhkəmədə ittihamçı kimi çıxış edən SSRİ prokuroru Rudenko haqsız repressiya qurbanlarından biri kimi Süleyman Vəliyevin adını çəkdi, istintaqda Səməd Vurğuna qarşı ifadə vermədiyi üçün sürgün edildiyini qeyd etdi. Amma Süleyman bu açıq məhkəməyə bir dəfə də getməmişdi. Qələm dostları Süleyman Vəliyevə təşəkkür etdilər. Bu, dövlət səviyyəsində bəraət almaq idi, Süleyman Vəliyevin təmiz adının 15 illik ağır zülm və iztirablardan sonra bərpası idi.

1957-ci ildə yazıçının «Mübahisəli şəhər» romanı yazıldıqdan 10 il sonra «Azərbaycan» jurnalında çap olundu. Lakin o zaman Yuqoslaviya-Sovet əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına əxlaqsız məmurlar icazə vermədilər. 1961-ci ildə roman Moskvada rus dilində çıxdı. Yalnız bundan sonra hərbi-vətənpərvərlik ədəbiyyatının incisi olan bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap olundu.



«Düyünlər» romanı. 1966-cı ildə Süleyman Vəliyev «Düyünlər» adlı romanını yazdı. Əsərin qəhrəmanı Vasifin şəxsində yazıçı stalinizmin ədalətsiz repressiyalarına məruz qalmış bir insanın taleyini yazmışdı. Əsər stalinizmin ifşasından cəmi 10 il sonra ortaya gəlmişdi. Nə əsərin yazılıb çap olunduğu 1966-cı ilə qədər, nə də ondan sonra bu mövzuda nəsrimizdə ciddi əsər ortaya çıxmamışdır.

İ.Stalin dövrünün repressiyaları, yüz minlərlə insanların taleyini şikəst etməsi, onların çoxunun yaşamaq hüququnu əlindən alması bu gün də aktual bir mövzudur. Stalinin diktaturasından və yaratdığı cəza maşınından milyonlarla ailələr, o cümlədən azərbaycanlı ailələri əzab çəkmişdir. Neft mühəndisi olan Vasif onların tipik nümayəndəsidir. Yazıçı bu əsəri, əslində, repressiyalarda həlak olanların xatirəsinə həsr etmişdi. O əmin idi ki, bunların təkrarlanmağı üçün gələcək nəsillər stalinizmin cəza tədbirlərinin qeyri-insani üzünü, insansevərlik dəyərlərinə zidd olduğunu, siyasi terrorun xüsusi amansızlığını bilməlidirlər. Bu əsər haqsız olaraq məhv edilmiş minlərlə həmvətənlərimizin xatirəsinə qoyulan söz abidəsi idi.

Əsərdə Vasifə öz qohumu şər atır və onun yazdığı məktub Vasifin taleyini sındırır. Cəzanın ilkin motivini qohuma aid etməklə yazıçı müəyyən güzəştə gedirdi. Lakin mövzunun qələmə alınması və romanın çapı ədəbi fikrimizin və yazıçının qələbəsi idi.

Vasifin ədalətsiz həbsində və istintaqında aşkar görünür ki, o zaman kimin və nəyə görə istintaq edilməsinə əhəmiyyət verilmirdi. Çünki stalinçi dövləti özü böyük cəza aparatına çevrilmişdi. Nəhəng dövlətin az qala bütün qurumları cəzanın qaçılmaz icrası ilə məşğul idi. Amma adamların həbs və sürgün edilməyinin səbəbləri, onların əsaslı olub-olmadığı üçüncü, dördüncü dərəcəli məsələ olmuşdu.

Süleyman Vəliyev gəncliyindən bağlı olduğu qabaqcıl inqilabi ədəbiyyatın təsiri ilə nikbin mübarizlik fəlsəfəsinə meyl etmişdir. Müharibə və döyüş vaxtları bu torpağın, xalqın xoş gələcəyinə inam deməkdir. Dinc dövrün qəhrəmanı olan Vasif isə bu fəlsəfəni həyat strategiyası kimi təqdim edir. Onun üçün mübarizə nəticədən daha əsas və maraqlıdır. Çünki heç nə mübarizə prosesində olduğu kimi insanın daxili qüvvələrini və gözəlliyini üzə çıxara bilmir. Yalnız ardıcıl, mətin, xeyirxah niyyətli mübarizə insanları ucaldır və sevdirir.

Romanın ikinci mövzusu Bakı neftçilərinin həyatı idi. O zaman bu mövzuya dövlət sifarişi kimi xüsusi əhəmiyyət verilirdi. S.Vəliyev yaradıcılığa da bu mövzu ilə başlamışdı və Ramana neft mədənləri ərazisində böyüdüyündən bu mövzunu gözəl bilirdi. Bakı neft fəhlələrinin həyatı inqilabi mövzu sayılırdı. Lakin 50-ci illərin neft mühitini təsvir edən əsərlər artıq müasir mövzu, əməkçi qəhrəmanların surətini yaratmaq təşəbbüsü idi. Bu mənada Vasif surəti də ikili məzmun daşıyır. Onun taleyinin repressiya mövzusu ilə bağlı səhifələri böyük tarixi həqiqətləri əks etdirir, lakin neft istehsalı proseslərinin təsviri publisistik yöndədir.

«Düyünlər» romanında qiymətli motivlərdən biri şəxsiyyət azadlığı və bütöv insan məsələsi idi. Yazıçı ömrü boyu məmur, dəftərxana, xidmətçi həyatına mənfi münasibət bəsləmiş, belə hallardan uzaq olmağa çalışmışdır. Bir çox digər əsərlərində ol­duğu kimi, «Düyünlər»də də yaltaqlıq, qoltuqlarda yaşamaq, bir par­ça çörək üçün əyilmək ən pis əxlaqi qüsur kimi tənqidlə rədd olu­nur. Belə adamlar həyatda da yazıçının əsas rəqibi və düş­mənləri idi.

«Düyünlər» Süleyman Vəliyev yaradıcılığındakı iki xətti gözəl əks etdirir. Bu xətlər tarixi həqiqətlərlə publisist həqiqətlər arasındakı ziddiyyətlər idi. Yazıçı tarixi və bədii həyat həqiqətlərini göstərəndə istedadı, dərin həyat biliyi, keşməkeşli yazıçı bioqrafiyası özünü qabarıq büruzə verirdi.

Lakin dövlət sifarişi ilə, sovet həyatının yaxşı tərəflərini göstərmək meyli ilə yazılan əsərlərində yazıçı öz istedadının və taleyinin məxsusi həqiqətlərindən uzaqlaşırdı. 70-80-ci illərdə yazdığı bəzi nəsr əsərlərində bu meyl güclüdür.

«Mübahisəli şəhər» romanı. Bu romanın ədəbiyyatımızda və yazıçının yaradıcılığındakı böyük uğuru ilk növbədə əsərdə tarixi həqiqətə tam sədaqətindədir. Bunun nəticəsində bu roman Avropa müqavimət hərəkatı haqqında yazılmış ən gözəl əsər­lər­dən biridir və dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.

Müqavimət hərəkatı mövzusunun əhəmiyyətini, onun siyasi və əxlaqi məzmununu nəzərə almaq lazımdır. Avropanın mərkəzi olan Almaniyada, İtaliyada faşizmin hakimiyyət başına gələ bilməsi, 60 milyondan çox insanın ölümü ilə nəticələnən İkinci Dünya Müharibəsinə yol verilməsi Avropanın tarixində qara bir ləkədir. Özünü həqiqi mədəniyyətin və humanizmin daşıyıcısı sayan bu qitədə faşizm nə üçün hökmran oldu? Sonrakı araşdırmalar göstərdi ki, ABŞ-ın, İngiltərənin, Fransanın, İtaliya və İspaniyanın hakim dairələri ilk mərhələdə əxlaqi kompromisə getdilər, ondan kommunizmə, sovetlərə qarşı istifadə etdilər. Nəticədə faşizmin özü onlardan istifadə edib İkinci Dünya Müharibəsini başlaya və bütün Qərbi Avropanı işğal edə bildi.

Lakin Avropa intellektuallarının bir hissəsi hələ müharibə ərəfəsində də faşizmlə əməkdaşlığa qarşı çıxır, ona güzəşt edən siyasətçiləri ifşa edirdilər. Sonradan işğal olunmuş Fransa, İtaliya, Polşa, Yuqoslaviya, Hollandiya, Avstriya kimi ölkələrdə həmin ziyalılar faşizmə qarşı gizli Müqavimət Hərəkatının mənəvi rəhbərləri oldular. Onları həm faşistlər, həm öz ölkələrində hakimiyyətdə olan «sazişçilər» qırırdılar. Amma müharibədən sonra aydın oldu ki, məhz Müqavimət Hərəkatı Avropanın həqiqi əxlaqi tərəfinin təmsilçiləri idi. Bütün Avropa xalqlarının ədəbiy­yatlarında Müqavimət Hərəkatı barədə çoxsaylı roman, povest, pyes və bədii filmlər yarandı.

Faşistlər Bakını işğal etməmişdilər. Lakin hələ müharibə vaxtı Kerç döyüşlərində məhv edilən Zaqafqaziya milli diviziyaları haqqında təhqiramiz şayiələr gəzirdi. «Mübahisəli şəhər» Kerçdə əsir düşən Azərbaycan diviziyası əsgərlərinin Müqavimət Hərəkatında iştirakını göstərməklə həm də 416-cı Azərbaycan diviziyası döyüşçülərinin əsgər şərəfini müdafiə edirdi. Süleyman Vəliyev özü onlardan biri olmuşdu.




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin