AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2.78 Mb.
səhifə3/40
tarix02.12.2016
ölçüsü2.78 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

SƏMƏD VURĞUN

(1906–1956)
Həyatı və fəaliyyəti. Səməd Vurğun Azərbaycanın ən böyük milli şairidir. O, azərbaycanlılıq qürurunu şeirə gətirən, xalqımızın milli hisslərini və milli varlığını öz poeziyasının leytmotivi edən ilk sənətkardır. Səməd Vurğun poeziyası ana dilimizin şah əsəridir, onun doğmalığının və şirinliyinin parlaq abidəsidir.

Səməd Vurğun Azərbaycanın Qa­zax bölgəsindən çıxmış qədim və qollu-budaqlı bəy nəslindən – Vəkilovlardandır. Şairin atası Yusif ağa Vəkilov yoxsullaşmış bəy olsa da, bölgənin tanınmış və hörmətli şəxslərindən, öz dövrünün savadlı ziyalılarından sayılırdı. Onun gözəl saz çalıb oxumaq qabiliyyəti var­dı. Səməd 1906-cı ildə, mart ayının 21-də Yusif kişinin Yux­a­rı Salahlı kəndindəki evində anadan olmuşdur.

Səməd 12 yaşınacan Yuxarı Salahlıda yaşamış, yaxın­lıq­dakı Göyəzən dağının, ətraf oylaqların misilsiz gözəlliyini burada se­vib duymuşdu. Anası Məhbubə xanımı şair altı yaşında itir­mişdi. Onun sonrakı tərbiyəsi ilə diribaş, sağlam düşüncəli qadın olan nənəsi Ayişə məşğul olmuşdur.

Yuxarı Salahlı dövrünə görə iri bir kənd idi, burada 1874-cü ildən beş illik rus-tatar məktəbi də vardı. Həmin məktəb bütün Gəncə quberniyasında qabaqcıl məktəb sayılırdı. Səməd ilk təhsilini bu məktəbdə aldı. Belə məktəblərdə təhsil rusca olsa da, burada ana dili dərsləri də keçilirdi. Gələcək şairin uşaqlıq və gənclik illəri Azərbaycanda milli şüurun və hərəkatın yüksəlişi, Demokratik Cümhuriyyətın yaranması və iflası, burulğanlı siyasi dəyişikliklər dövrü idi.

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi görkəmli maarifçi və ədəbiyyatşünas Firudin bəy Köçərlinin rəhbərliyi altında Qazaxa köçdü. Beləliklə, əsas təhsil dili ana dilində olan ilk Azərbaycan Müəllimlər Seminariyası fəaliyyətə başladı. 1918-ci ilin sentyabrında nənəsi Ayişə Səmədi seminariyaya, Firudin bəy Köçərlinin yanına gətirir. Səməd uğurla imtahan verir və seminariyaya daxil olur.

Müəllimlər Seminariyası pansion tipli təhsil ocağı idi, seminaristlərin yemək və yaşayışla bağlı bütün xərcləri dövlətin hesabına idi. Buradakı ciddi daxili qaydalar, pedaqoji intizam sərbəst təbiətli Səmədin tərbiyəsinə və inkişafına müsbət təsir göstərdi. Seminariyada dram dərnəyi vardı, burada musiqi dərsləri də keçilirdi. Səməd skripka qrupunda məşğul olur, dram dərnəyində Məcnun rolunda çıxış edir, daxili tədbirlərdə gözəl şeir deklamasiya etməsi ilə fərqlənirdi.

Səmədin ən çox sevdiyi şairlər sırasında ilk növbədə Vidadi, Vaqif, Zakir kimi xalq poeziyası üslubunda şeirlər yazmış sənətkarlar vardı. Bundan başqa, o klassik şairləri də oxuyur, xü­su­silə M.Ə.Sabiri, o zaman populyar olan türk romantiklərindən To­fiq Fikrəti, Rza Tofiqi, Namiq Kamalı həvəslə mütaliə edirdi. Rus dilini gözəl bildiyindən A.S Puşkin və M.Lermontov kimi rus klassiklərini orijinaldan oxuyurdu.

Səməd seminariya illərində imkanlı ailədən çıxmış Dürrə adlı bir qızı bütün varlığı ilə sevmişdir. Lakin gənc şairin bu çılğın məhəbbəti cavabsız qalmış və onun mənəvi aləminə sarsıdıcı təsir göstərmişdi. Onun məhəbbəti dillərə düşmüşdü, adını da bəzən «Dəli şair» çağırırdılar.

Şair sevgi iztirablarını soyutmaq üçün bir müddət Dilicandakı Qaraqoyunlu rayonuna gedir. Bu yerlər Səmədin uşaqlıqdan yaxşı tanıdığı yaylaq obaları idi, burada çoxlu uşaqlıq dostları və tanışları vardı. 1920-ci illərdən komsomola daxil olmuş Səməd Qaraqoyunluda ictimai həyata qoşulur, kəndsayağı komsomol hərəkatında iştirak edir. Sonralar bu dövr həyatını «Komsomol poeması»nda təsvir etmişdir.

Seminariyada təhsilini bitirdikdən sonra Səməd İkinci Şıxlı kəndinə ədəbiyyat müəllimi, bir qədər sonra isə direktor yerinə təyinat alır. Bu illərdə Səməd romantik və sərt bir ovqat içində idi. 1926-ci ilin qışında müəllimlərin rayon konfransında o, raykom katibini və RİK sədrini çox sərt tənqid edir və baş götürüb Qazaxdan çıxır, Qubaya gəlir. Şair burada 1926–1927-ci illərdə müəllimlik edir.

1925-ci ildə Səməd o zaman mədəniyyət mərkəzi olan Gəncəyə gəlir. Burada şair bibisi qızı və himayədarı olmuş Xanqızı Vəkilovanın evində qalır. 1928-ci ilin sentyabrından 1929-cu ilin iyun ayına qədər Gəncədə partiya məktəbində və orta mək­təbdə müəllimlik edir. Mədəni İnqilabın dalğasında ədə­biy­yata gələn Mir Cəlal, Seyfulla Şamilov, Həmid Araslı, Əh­məd Cəmil kimi cavan ədiblərlə şair Gəncədə tanış olmuşdu. Burada çıxan «Qızıl Gəncə» jurnalında onun şeirləri çap olunurdu.

1927–1929-cu illərdə Səməd Vurğun artıq ədəbi aləmdə iste­dadlı bir şair kimi tanınır. Şeirləri Bakı mətbuatında çap olun­mağa başlayır. 1929-cu ildə uğurla imtahan verərək İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Şair böyük həvəslə rus və dünya ədəbiyyatını daha yaxşı öyrənməyə çalışır.

1931-ci ilin yayında Bakıya qayıdan şair Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ədəbiyyat üzrə aspiranturasına daxil olur. Lakin ədəbi istedadının hamılıqla etiraf edilməsi onu elmdən soyudur və şair özünü bütünlüklə yaradıcılığa həsr etməyi qərara alır. «Şairin andı» (1930), «Fənər», (1932), «Könül dəftəri» (1934) kimi ilk şeir kitabları ona şöhrət qazandırır.

1934-cü ildə Səməd Vurğun Azərbaycan Sovet Yazıçılar İttifa­qının məsul katibi, 1935-ci ildə isə ZSFSR İcraiyyə Ko­mitəsinin üzvü seçildi. 1936-cı ildə Sovet hakimiyyətinin 15-ci ildönümü münasibətilə Moskvada, Kremldə başqa nümayəndələrlə birlikdə İ.V.Stalinin qəbulunda oldu, ona həsr etdiyi «Rəhbərə salam» şeirini oxudu. Şeir Stalinin xoşuna gəldi.

Bakıya qayıdan otuz yaşlı Səməd Vurğunun o zaman Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovla da isti münasibətləri yarandı. Dövrünün ən qüdrətli və istedadlı şairi olan Vurğun hamının qorxub ehtiyat etdiyi Mircəfər Bağırovun böyük etimad və rəğbət bəslədiyi, yaxından ünsiyyət saxladığı bir neçə şəxsdən biri olmuşdur.

Səməd Vurğun öz ədəbi uğurlarının ən yaxşı çağında, 1934-cü ildə görkəmli yazıçı Abdulla Şaiqin baldızı Xavər Mirzəbəyova ilə evləndi. Böyük şairin Yusif, Vaqif və Aybəniz adlı üç övladı dünyaya gəldi.

Böyük Vətən müharibəsi başlanan kimi şair müharibənin ilk günlərində qələbə inamını ifadə edən parlaq şeirlərini yazdı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis ediləndə Səməd Vurğun bu elm məbədinin ilk üç akademikindən biri oldu. Burada ictimai elmlər üzrə vitse-prezident vəzifəsində çalışarkən Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı tarixlərinin ilk layihələrinin yaradılmasında yaxından iştirak etdi, onların redaksiya heyətinin üzvü oldu. Səməd Vurğun Azərbaycanın keçmişinə münasibətdə həm elmi, həm də milli mövqedən çıxış edirdi.

1955-ci ilin noyabrında Pekində səfərdə olarkən böyük şair xəstələnib yatağa düşdü. O, sağalmaz xəstəliyə – ağciyər xərçən­ginə düçar olmuşdu. 50 yaşının tamam olması münasibətilə ona ilk olaraq «Xalq şairi» adı verildi. Mayın 12-də şairin 50 illik yubileyi böyük təntənə ilə Opera Teatrında qeyd edildi. Ona Lenin ordeni verilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı oxundu. Amma ağır xəstəliyi ucbatından S.Vurğun bu məclisdə iştirak edə bilmir, ancaq radio-reportaja qulaq asırdı.

Səməd Vurğun 1956-cı il mayın 27-də vəfat etdi. Şairi bütün xalq - on minlərlə insan son mənzilə yola saldı. S.Vurğunun məzarı Fəxri xiyabandadır.

Yaradıcılığının ilk dövrü. Milli şeir üslubu uğrunda mübarizə. Böyük şairin yaradıcılığının ilk çağları 1920-ci illərin əvvəllərinə təsadüf edir. Bu illər poeziyamızda həm klassik, həm də xalq şeiri üslubunun işlənməsi ilə səciyyələnirdi. Klassik üslubun qədim tarixi vardı və əruz vəzninə, ərəb və fars dillərindən alınmış sözlərin üstün olduğu bir leksikona əsaslanırdı. Xalq şeiri üslubu isə heca vəzninə, canlı danışıq dilinə və aşıqsayağı poeziya ənənəsinə söykənirdi.

20-ci illərdə hələ ədəbi fikir klassik şeir üslubuna, əruza üstünlük verirdi və bu yöndə, romantik türk şairləri ruhunda yazılan poeziya nümunələri əsl mədəni və savadlı ədəbiyyat sayılırdı. Gənc Səməd də bu üslubda bir sıra romantik ruhlu lirik şeirlər yazmışdı. Onun 1926-cı ildə Dürrəyə həsr olunmuş şeirlərindən biri bu qəbildəndir:


Fikrim düşünür o əski anı,

Dürrə! Səni sevdiyim zamanı...

Röyamı, nədir bu gördüyüm, ah?!

Xülyamı, nədir bu aləm, ey vah?!
Lakin Səmədin yaradıcılığında əruz vəzni keçici bir hal oldu. Tezliklə o bu üslubun öz istedadına yad olduğunu anladı və həmişəlik heca vəzninə, doğma xalq şeiri üslubuna qayıtdı. Lakin Bakı ədəbi mühitində Səməd Vurğunun öz fərdi üslubunun sabitləşməsinə mane olan bir cərəyan da vardı: bu, yeni proletar üslubu kimi qələmə verilən qafiyəsiz şeir idi. Əslində isə Fransa modernist poeziyasından gələn, elitar və eksperimental bir mahiyyət daşıyan sərbəst şeirin proletar ədəbiyyatına heç bir dəxli yox idi. Qafiyəsiz olduğundan belə şeiri az savadlı fəhlə kadrları da yaza bilirdi. S.Vurğun böyük bir sənətkar fəhmi ilə həm əruzun, həm də sərbəst şeirin müasir Azərbaycan milli şeir təfəkkürünə və öz şair təbiətinə yad olduğunu anladı. Sovet gerçəkliyini öz şair dəsti-xətti ilə tərənnüm etməyi qərara aldı. Bu, əsl milli şeir köklərimizə qayıdış idi. S.Vurğun üçün həmin köklərin poeziya tarixində ən parlaq təzahürü Molla Pənah Vaqifin yaradıcılığı idi. Ona həsr etdiyi «Şairin ölümü» (1935) şeirində Vaqifin xalq şeirinə münasibəti barədə Vurğun yazırdı:

Dedin ki, el dili, el şeiri, gərək,

Böyük bir ölkəyə qanad gərərək,

Üfüqdən-üfüqə çapsın atını.

Əziz bir ölkənin xatiratını

Verməyək dağıdan, vuran əllərə,

Doğma sənət gərək bizim ellərə.

Bu dönüşün həm Səməd Vurğunun öz yaradıcılığı baxımından, həm də Azərbaycan şeir dilinin tarixi üçün çox böyük əhəmiyyəti var idi. Heca vəzni Azərbaycan xalqının öz doğ­ma dilinə əsaslanırdı və min illik tarixi olan xalq şeirinin vəz­ni idi. Ona görə Səməd Vurğunun şeir dilinin və üslubunun mi­sil­siz gözəlliyi sayəsində heca vəzninin və onunla birgə for­ma­laşmış poeziya dilinin alternativsiz olduğu bir daha aydınlaşdı.

Heca vəzni şəriksiz olaraq və həmişəlik Azərbaycan poe­ziyasının əsas vəzni kimi öz təsdiqini tapdı və ədəbi fikirdə onun ikinci dərəcəli olması barədə təsəvvürlər aradan çıxdı. Əlbəttə, S.Vurğuna qədər də heca vəznində böyük poeziya irsimiz var idi. Lakin məhz S.Vurğunun poetik üslubu və onun yazdığı əsərlər sayəsində hecanın milli şeir düşüncəmizin ən gözəl və ən qüdrətli ifadə tərzi olduğu aydınlaşdı. Bu həqiqətin sübutu Səməd Vurğunun öz yaradıcılıq şöhrəti idi.

Bu, həm də dünya xalqlarının təcrübəsinə uyğun idi: bütün xalqların poeziyası xalqın öz dilinə söykənir və folklor şeirinin əsasını təşkil edən vəzn əsasında tərəqqi edib yüksəlir. Səməd Vurğun da müasir şeir dilini, bir növ, yenidən yaratmış oldu. Ötən əsrin 20-30-cu illərinin mürəkkəb ədəbi axtarışları dövründə Azərbaycan poeziyasına düzgün yol tapmaqda kömək etdi, ədəbiyyatımıza misilsiz xidmət göstərdi. Bunlar böyük şairin milli şeir üslubu uğrunda böyük mübarizəsi idi. O öz şair missiyasını gözəl dərk edir və üslubu haqqında uzaqgörənliklə yazırdı:


Bu odlar yurdunun şeir bayrağı,

Mənim sənətimlə yüksələcəkdir.

Belə də oldu: Böyük Vətən müharibəsindən sonra Bəxtiyar Vahabzadə, Adil Babayev, Atif Zeynallı, İslam Səfərli, Qasım Qasımzadə və başqa şairlər nəsli ədəbiyyata Vurğun üslubuna məhəbbət və pərəstiş hissləri ilə gəldilər.



İkinci Azərbaycan Sovet Respublikasının tərənnümü. 1920-ci ilin 27 aprelində Milli hökuməti təhvil alan Azərbaycan bolşevikləri qanlı bir daxili siyasət aparsalar da, özlərini Azərbaycanın təəssübkeşi və dövlətçisi sayırdılar. N. Nərimanov, M.C.Bağırov, R.Axundov, Ç.İldırım və başqaları belələrindən idi. Sovet Azərbaycanı 1920-ci ildən 1990-cı ilədək 70 il yaşadı, müasir dövlətçilik ənənələrini formalaşdırdı, böyük iqtisadi və mədəni nailiyyətlər qazandı.

Lakin Demokratik Cümhuriyyətlə Azərbaycan Sovet respublikasının ideoloqları və tərəfdarları arasında həmişə ziddiyyətli polemika, hətta qarşılıqlı düşmənçilik hissləri olmuşdur. Buna baxmayaraq, hər iki cəbhənin içində xalqımızı sevən, ona böyük xidmətlər göstərən insanlar var idi. Ona görə də bu gün, müstəqil Azərbaycan dövləti qurulduqdan sonra biz hər iki tərəfə xalqımızın və milli taleyimizin, tariximizin doğma, ayrılmaz dəyərləri və parçaları kimi baxmalıyıq. Çünki həmin dövrlərin dövlətçilik tarixi Azərbaycanın tarixidir. Bu baxımdan Səməd Vurğunun (o cümlədən digər şairlərin) Sovet Azərbaycanının nailiyyətləri haqqında yazdığı qiymətli əsərlərin üzərindən xətt çəkmək olmaz. Bir də ona görə ki, Vurğunun bu qəbildən olan əsərləri yüksək bədii-estetik dəyərə və keyfiyyətə malikdir, onlar Azərbaycan ədəbiyyatının zəngin milli sərvətidir.

Şairin gəncliyində rəğbət bəslədiyi Hüseyn Cavid, Əhməd Cavad kimi görkəmli ədiblərin ünvanına söylədiyi iradlar da bu mübarizə ilə bağlı idi. Biz bunlara ədəbi keçmişimizin faktları kimi yanaşmalı, hər iki tərəfi anlamağa çalışmalıyıq. Lakin bunları qarşı-qarşıya qoymaq səmərəsiz və yanlış bir mövqe olardı.

Poetik azərbaycançılığın yaradılması. 1932-ci ildə bolşevik partiyasının ədəbi təşkilatları yenidən qurmağı tələb edən qərarı çıxmışdı. Bu qərarda burjua millətçiliyi və kosmopolitizm meylləri tənqid olunurdu. O zaman burjua millətçiliyi deyəndə əsasən müsavatçılıq nəzərdə tutulurdu. Digər tərəfdən, Azərbaycanda əruz vəzninin nüfuzu həm də romantik və millətçi türk inqilabi poeziyasının təsiri ilə bağlı idi. Azərbaycan şeirində milli hisslərin güclənməsində böyük xidmətləri olan həmin şairlərə bolşeviklər düşmən kəsilmişdilər. Bu siyasi kampaniyadan Səməd Vurğun ustalıqla istifadə etdi; türk millətçiliyinin əvəzinə Azərbaycan millətçiliyinin poeziya bayrağını qaldırdı. Bu, azərbaycançılıq, vətənpərvərlik məfkurəsi idi. Şair Azərbaycan xalqının böyük qəhrəmanlıq və mədəniyyət tarixini vəsf edib ucaltmağa başladı. Azərbaycanın öz milli şeir üslubu uğrunda mübarizəsi də bu tarixi missiyanın bir hissəsi idi.

Səməd Vurğun o zamanlar çoxlarına məlum və aydın olmayan Azərbaycan sevgisinə, azərbaycanlının milli qürur hisslərinə müraciət etdi və öz poeziyasında bunlara geniş meydan verdi. Millətçiliyi mahiyyətcə ondan az fərqlənən xalqçılıqla, el sevgisi, xalqın varlığına, sadə, köçəri həyat ukladına, el ruhuna pərəstiş hissləri ilə əvəz etdi. Xalqçılıq ideyaları bolşevizmə zidd deyildi və Səməd Vurğun bundan da istifadə etdi. Azərbaycanın öz varlığını axtarmaq və poeziyanın əsas tərənnüm obyektinə çevir­mək o zaman çoxlarının ciddi əhəmiyyət vermədiyi, lakin tari­xi mənaca böyük bir məfkurə idi. Şair «Komsomol poe­ması»nda yazırdı:


Nədən şeirimizin baş qəhrəmanı,

Gah Turandan gəlir, gah da İrandan?

Bəs mənim ölkəmin varlığı hanı?

Budur mən açdığım yarış meydanı,

Gəlsin Verxarnı yamsılayanlar,

Çoxdan danışmayan sevgilim hanı?

Belə bir sualın qoyuluşu təkcə ədəbiyyat tarixi üçün yox, xalqımızın milli və dövlətçilik düşüncəsinin tarixi baxımından da mühüm hadisə idi. Artıq 30-cu illərdə S.Vurğun azərbaycanlı kommunistlərin qurduğu ikinci Azərbaycan Sovet Respublikasını bütün mənfi cəhətlərinə baxmayaraq, xalqın milli nailiyyəti, onun varlığının təsdiqi, dünya xəritəsində öz yerini tutması kimi qəbul edirdi. Tarixi gedişat göstərdi ki, Səməd Vurğun bu qənaət və hissiyyatlarında haqlı idi. Çünki himni, bayrağı, sərhədləri, qanunları olan Azərbaycan Sovet Respublikası bir çox faciəli məqamlara baxmayaraq, xalqımızın müasir dövlətçilik şüurunun formalaşmasında mühüm rol oynadı. Şairin bu dövləti tərənnüm edən əsərlərinin əhəmiyyəti böyükdür və onları şübhə altına almaq səhv olardı. Həm də bu səhv 30-cu illərdə Səməd Vurğun xəlqiliyinə mənfi münasibət bəsləyən xırda görüşlü nihilistlərin səhvlərinin təkrarı olardı.



«Azərbaycan» şeiri. Səməd Vurğuna qədər bizim poeziyamızda azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqının öz varlığı ilə fəxarət hissləri, demək olar ki, yox idi. Poeziyada Azərbaycan çox zaman Qafqazın bir parçası kimi təsəvvür edilirdi. Bu da rus şairlərindən gəlmə idi. Hətta Səməd Vurğun özü də əruz vəznində Qafqaz adlı bir şeir yazmışdı: burada hələ üç xalqın yurdu olan Qafqaz obrazı vətən anlayışına yaxındır:

İndi üç qardaşın olmuş vətəni.

Üçü bir yerdə düşündükcə, məni

Anacaqlar, sevəcəklər, bilirəm.

Şair tezliklə anlayır ki, azərbaycanlıların heç kəslə müştə­rək vətəni yoxdur, bizim vətənimiz Azərbaycandır. Şairin bu nə­ti­cəsi Azərbaycan ədəbi və milli düşüncəsi üçün misilsiz əhəmiyyəti olan bir məfkurə idi. Bu məfkurənin əsasını isə böyük azərbaycançılar – A.A.Bakıxanov, M.F.Axundov, N.Nərimanov, C. Məmmədquluzadə, M.Ə. Sabir, M.Ə.Rəsulzadə, C.Cabbarlı qoymuşdu. Bu böyük şəxsiyyətlərin əsl xələfi kimi çıxış edən Səməd Vurğun 1935-ci ildə azərbaycançılığın poetik manifestini – «Azərbaycan» şeirini yazdı.

Azərbaycan vətənpərvərliyinin pasportu olan bu əsər çox sadə bir hissin tərənnümü üzərində qurulub: bu, Səməd Vurğunun azərbaycanlı olması ilə fəxarət hissləridir. Hər bir xalqın poeziyasında bu hissləri qələmə alan ilk şair ən böyük milli şair sayılır. Rus poeziyasında bu şəxs A.S.Puşkindir. Azərbaycanın ən böyük milli şairi isə Səməd Vurğundur.

«Azərbaycan» şeirinin misilsiz ədəbi əhəmiyyəti vardı. Bu, Azərbaycan vətənpərvərliyinin poetik zirvəsidir. Ən ali vətənpərvərlik hissi doğma vətənin varlığı – onun torpağı, suyu, havası, duzu, çörəyi, bir sözlə, hər şeyi ilə səmimi bir fəxarət hissidir, öz xalqına mənsubluqdan qürur hissi keçirməkdir:


El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!
Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır,

Böyük bir keçmişin vardır,

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

«Azərbaycan» şeirindəki milli iftixar hissləri təsadüfi bir hal deyildi. Səməd Vurğun özünü xalqımızın əvəzsiz milli şairi kimi dərk edirdi və bunu öz şeirlərində də dəfələrlə ifadə etmişdi. O, hələ 30-cu illərin əvvəllərində otuz poemadan ibarət bir «Azərbaycan» epopeyası yazmaq istəmişdir. Şair bu niyyətlə bir neçə poema yazsa da, layihəsini həyata keçirə bilməmişdir, amma cəsarətlə demək olar ki, Səməd Vurğunun poeziyası bütövlükdə milli qürur hisslərimizi tərənnüm edən epopeyadır.



«Ölən şeirlərim». «Komsomol poeması». Ədəbi dil və sənətkarlıq məsələləri ilə bağlı Səməd Vurğun doğru mövqe tutsa da, proletar poeziyasının fikir platformasına münasibətdə şairin hakim ideologiyadan doğan bəzi səhvləri olmuşdur. Mədəni İnqilab dövründə bütün qədim ədəbiyyat «əski ədəbiyyat» deyə mənfi bir rənglə damğalanmışdı. Proletkultçular yeni proletar mə­dəniyyəti yaratmağa çağırır, bədii keyfiyyətindən asılı olma­ya­raq həmin çağırışlara səs verənləri öz qəzet və jurnallarında sə­xa­vət­lə çap edirdilər. Bu, ədəbiyyatın mahiyyətinə zidd bir yol idi.

Qısa bir dövrdə şair belə ifrat fikirlərin təsirinə düşmüş, 1923–1927-ci illərdə Dürrəyə məhəbbəti ilə əlaqədar yazdığı şeirlərin, yaradıcılığının bu dövründəki kədər, məyusluq, bədbinlik motivlərinin poeziyaya yad olması barədə yanlış qənaətə gəlmişdi. Halbuki bu hisslər hər bir həqiqi poeziyanın mayasını təşkil edir, bunlarsız heç bir böyük şair və poeziya yoxdur. Təəssüf ki, səhv qənaətlərin təsiri ilə şair özünün həmin dövr şeirlərinin böyük əksəriyyətini yandırmış və nəticədə bu, ədəbiyyatımızın böyük itkisi olmuşdur. Bu, həm də böyük şairin öz yaradıcılıq təbiətinə qarşı qəddarlığı, öz yaradıcılıq fərdiyyətini zamanın sifarişinə görə inkar etməsi cəhdi idi.

«Komsomol poeması» göstərdi ki, hər bir şair öz daxili aləminə sadiq qaldıqda, fərdi həyat materialına və müşahidələrinə söykəndikdə daha qüdrətli olur. Bu poema ilə şair «ölən şeirlər»ini, bir növ, bərpa edirdi. Təsadüfi deyil ki, əvvəlcə şair bu əsəri «Dəli şair» adı ilə yazıb Dürrəni sevdiyi vaxtları qələmə almaq istəmişdir. Səməd Vurğun ilhamının ən parlaq əsərlərindən biri olan bu poemada şair Dürrəni sevdiyi 1923-cü ildə Qazaxdan baş götürüb Dilican qəzasına, Qaraqoyunluya getdiyi vaxtların canlı müşahidələrini gözəl bir epik süjetdə birləşdirdi. Əsər komsomol hərəkatının ilk dövrlərində dağ kəndində fəaliyyət göstərən yeddi nəfərlik komsomolçu gəncdən bəhs edir. Şair onların hər birini bitkin xarakter səviyyəsinə qaldırırdı.

Poemadakı Cəlal obrazının prototipi şair özü, sevdiyi Humayın prototipi isə Dürrədir. Bu əsərdə S.Vurğun öz nakam məhəbbətindən bəhs edir: hər iki sevgili köhnəpərəst qüvvələrin qurbanı olaraq öldürülürlər. Faciə, kədər, tənhalıq, bədbinlik motivləri poemada şairin poetik fərdiyyətinin və ilhamının ayrılmaz və qiymətli keyfiyyətləri kimi bir daha təsdiqini tapdı.

Bu poema şeiriyyət baxımından şairin ən gözəl əsəridir, şairin yaradıcı ruhunu ən parlaq əks edən bir abidədir. Burada şair sanki ölən şeirlərinə abidə qoydu, patetik siyasi lirikadan din­cəl­mə­yə çalışdı.

Dramaturgiyası. Səməd Vurğunun pyeslərinə qədər Azərbay­can ədəbiyyatında mənzum pyeslər, H.Cavid yaradıcılı­ğın­da gördüyümüz kimi, əruz vəznində yazılırdı. Böyük xalq şairi bu sahədə də bir novator kimi hərəkət etdi və 30-cu illərin ikinci yarısında bir-birinin ardınca heca vəznində üç mənzum pyes yazdı: «Vaqif» (1937), «Xanlar», (1939), «Fərhad və Şirin» (1941). «İnsan» (1945) dramı isə Böyük Vətən müharibəsindən sonra yazılmışdır.

S.Vurğunun ilk üç pyesi tarixi mövzudadır: bu əsərlərdə biz şairi C. Cabbarlı ənənələrinin davamçısı kimi görürük. Şair öz sələfi kimi, tarixi mövzulardan xalqımızın qədimlərdən gələn taleyi barədə görüşlərini ifadə etmək üçün istifadə edirdi. «Xanlar» pyesində o, Azərbaycan bolşeviklərinin, inqilabçı Xanlar Səfərəliyevin obrazını yaratmışdı. Bu əsərdə İ.V.Stalinin də Koba adı ilə obrazı verilmişdir. Şair başqa əsərlərində olduğu kimi, o dövrdə «xalqlar atası» sayılan Stalini böyük rəğbətlə tərənnüm etmişdir. «Fərhad və Şirin»də S.Vurğun hökmdar və zəmanə, zəhmət, məhəbbət, ideal kimi məsələlərə toxunur.

«İnsan» pyesi şairin müharibə və sülh problemləri barədə fəlsəfi dramı idi. İkinci dünya müharibəsində təkcə SSRİ 30 milyon insan itirmişdi. Bu müharibə bəşəriyyət tarixində ən böyük və dəhşətli fəlakətlərdən biri idi. Müharibənin isti izləri ilə yazılmış romantik və fəlsəfi ruhlu əsərdə şair müharibənin səbəbləri barədə düşünür, insanlığın müharibələr erasından birdəfəlik uzaqlaşmasını arzulayırdı. Çünki dünya müharibələri artıq bəşər sivilizasiyası üçün real bir təhlükə şəklini alırdı.

«Vaqif» pyesi. Əsərin əsas mövzusu Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici qəsbkarlara qarşı mübarizəsidir. Pye­sin süjeti tarixdə həqiqətən olmuş hadisələrdən götürül­müşdür. İstilaçı İran şahı Ağaməhəmməd şah Qacar öz qoşunu ilə Azərbaycana soxulmuş, ölkənin bir çox yerlərini qarət edib dağıtmışdı. Şuşa şəhərini alıb orada qərargah qurmuş Qacar elə oradaca öz xidmətçiləri tərəfindən öldürülmüşdür. Tarixdən məlum olan bu hadisələri Səməd Vurğun öz yaradıcı təxəyyülü ilə yenidən işləmiş, xalq qəhrəmanlığını göstərən monumental bir dram yaratmışdır.

Şair tarixdən məlum olan bəzi hadisələrə sərbəst yanaş­mışdır. Məsələn, Qarabağ xanlığının başçısı İbrahim xanı mənfi planda vermişdir. Vaqif surətinin özü də tarixdə olduğundan fərqlənir. Lakin buna görə şairi tənqid etmiş mütəxəssislərə haqq qazandırmaq mümkün deyil. Hər sənətkar tarixi süjetlərə öz yaradıcılıq niyyətinə uyğun, öz ideyalarını ifadə etmək üçün müraciət edir.

Konfliktin əsasını istilaçı şah Qacar və ona qarşı duran Azərbaycanın vətənpərvər qüvvələri arasında azadlıq və müstəqillik uğrunda mübarizə təşkil edir: vətənpərvərlər Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif, Eldar, Kürd Musa və başqalarıdır. S.Vurğunun müsbət surətlərinin hamısı Azərbaycanı təmsil edirlər, elə buna görə də şair onların tarixdəki mövqelərinin necə olmasına əhəmiyyət verməmiş, hər şeyi vətənpərvərlik ideyalarının bədii təsdiqinə tabe etmişdir.

Vaqif surəti. Azərbaycanın böyük şairi Molla Pənah Va­qi­fə şairin uşaqlıqdan böyük məhəbbəti vardı. Vaqif poeziyamız ta­ri­xində xalq şeiri üslubunda yazmış ən qüdrətli sənətkar kimi Vur­ğun üçün xəlqilik rəmzi idi. Elə buna görə də xalqımızın ta­ri­xi qəhrəmanlığı mövzusunda yazdığı əsərin baş qəhrəmanı kimi Vaqifi seçdi. Əsərdə Vaqif müdrik vəzir, Azərbaycanın şərəfini təmsil edən qorxmaz bir insandır. Eyni zamanda, Vaqif sarayda yaşasa da, xalqa dərindən bağlı olan bir insandır. Onun gücü həm də el mühiti ilə, xalq içində yaşadığı zaman tanıdığı insanlarla əlaqələrindədir. Vidadi, Eldar kimi xalq nümayəndələri İbrahim xanın sarayına ancaq Vaqifin üzünə gəlirlər.

İbrahim xan - Vaqif qütbləşməsində də Vaqif xalqın, İbra­him xansa pozulmuş zadəganlığın nümayəndəsi kimi verilir. Vətə­nin ağır günündə xan ancaq özünü, öz varidatını qorumaq barə­də düşünür. Vaqif isə vətəni, onu istilaçılardan necə qoru­ma­ğı düşünür. Ona qarşı duran ikinci mühüm qüvvə Şeyx və satqın mü­səlman ruhaniyyətidir. Lakin Vaqif onların hamısından yük­səkdir, ilk növbədə öz zəkası, uzaqgörənliyi ilə. O, vətənin ancaq bugünü haqda yox, həm də sabahı barədə düşünür və bununla saray mühitinin fövqündə durur.

Xalqla dərin əlaqələri Vaqifə imkan verir ki, vətəni yadelli Qacar şahın hücumundan xilas etmək üçün qüvvələri səfərbər etsin, birləşdirsin, müqavimət yarada bilsin. Arvadı Xurmanın xəyanəti ona artıq dərd olur. Amma Vaqif sınıb qəzəblənmir, Xuramanın peşman olub özünü öldürdüyünü eşidəndə humanist bir insan kimi ona acıyır, öz məhəbbətini xatırlayır.

Vaqif İran şahı Qacarla görüşəndə ona baş əymir, şahın iradlarına qarşı deyir:


1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə