AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə9/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

İLYAS ƏFƏNDİYEV

(1914-1996)

Həyatı və fəaliyyəti. İlyas Əfəndiyev XX əsrin 50-60-cı illərində Azərbaycan dramaturgiya və nəsrinin ən istedadlı yaradıcılarından biri olmuşdur. Onun lirik-psixoloji üslublu dramaturgiyası teatrımızın tarixində yeni mərhələ açmışdır. Həyatdakı dəyişiklikləri həssaslıqla duymaq, ən yeni insan tiplərini müşahidə edib ədəbiyyata gətirmək onun istedadının ən qiymətli keyfiyyətləri idi.

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ilin 28 mayında Füzuli rayonunda dünyaya gəlmişdir. On altı yaşında orta məktəbi başa vuraraq ana dili müəllimi kimi çalışmağa başlamış, üç illik fəaliyyətdən sonra Bakıya gələrək Ali Pedaqoji İnstitutun Coğrafiya fakültəsinə daxil olmuşdur. Lakin atasının vəfatı və eyni zamanda, «kulak oğlu» olması səbəbindən ona qarşı başlayan təzyiqlər gənc İlyasa burada əyani təhsilini bir ildən artıq davam etdirməyə imkan verməmişdir. O, doğma yurduna qayıdaraq məktəbdə coğrafiya müəllimi kimi çalışmağa başlamış və Ali Pedaqoji İnstitutun qiyabi şöbəsini 1938-ci ildə bitirmişdir.

1940-cı ildən başlayaraq o, «Ədəbiyyat qəzeti» redak­siyasında ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Radio Komitəsində ədəbiyyat şöbəsinin müdiri, Bakı kinostudiyasında ssenari şöbəsinin müdiri, «İnqilab və mədəniyyət» jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri, habelə Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmaqla bərabər, bir-birindən maraqlı hekayə, povest və romanlar qələmə almışdır. İstedadlı yazıçı öz yaradıcılıq gücünə inanan bir sənətkar idi. O, 1962-ci ildə Yazıçılar İttifaqının katibi vəzifəsindən könüllü getmiş və qalan ömrünü peşəkar yazıçı əməyinə həsr etmişdir.

Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə İlyas Əfəndiyev bir sıra mükafatlarla təltif edilmiş, Azərbaycanın Dövlət Mükafatına, Respublikanın Əməkdar İncə­sənət xadimi və Xalq yazıçısı fəxri adlarına layiq görülmüşdür. İlyas Əfəndiyev 1996-cı ildə Bakıda vəfat etmiş və Fəxri xiya­banda dəfn olunmuşdur.



Yaradıcılığı. İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu heka­yələrlə başlamışdır. 1939-cu ildə onun “Kənddən məktublar” adlı beş hekayədən ibarət ilk kitabı çıxmışdır. Bu kiçik kitab ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş və İlyas Əfəndiyevin ya­zıçılıq istedadı barədə yüksək rəylər söylənmişdir. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkirdi. Onun hekayələrinin süjetləri, bir qayda olaraq sadə, həyati və konkretdir, uydurmaçılıqdan uzaqdır.

İlk kitabının çap olunduğu 1939-cu ildə gənc yazıçının cə­mi 25 yaşı vardı və Azərbaycan nəsrinin tarixi üçün bu çox ca­van yaş idi: ədəbiyyatımızda nasirlər nisbətən gec ərsəyə gəlirlər. İ.Əfəndiyev isə ilk addımlarından yazıçılıq istedadını büruzə vermiş və yaşlı yazıçıların xeyirxah münasibəti ilə qarşılaşmışdır. O vaxtdan etibarən ədibin həyatında yeni bir mərhələ başlamışdır.

İlyas Əfəndiyevin qələmə aldığı «Söyüdlü arx», «Körpüsalanlar», «Sarıköynəklə Valehin nağılı», «Geriyə baxma, qoca», «Üçatılan» və digər bu kimi roman və povestləri müasir Azərbaycan nəsrinin maraqlı nümunələri kimi oxucular tərəfindən öz yüksək qiymətini almışdır. Yazıçı heç kəsə bənzəməyən cazibədar və oxunaqlı bir üsluba malik idi və bu səbəbdən oxucular tərəfindən çox sevilirdi.

Ədibin dramaturgiya sahəsində ərsəyə gətirdiyi ilk əsər isə XX əsrin 40-cı illərinə aiddir. Böyük Vətən Müharibəsi başladıqdan bir qədər sonra İlyas Əfəndiyev yazıçı Mehdi Hüseynlə birgə «İntizar» pyesini yazmış, bu əsər Azərbaycan Dövlət Dram Teatrının səhnəsində böyük uğur qazanmışdır. Arxa cəbhədə çalışan insanların fədakar əməyini, sarsılmaz əhval-ruhiyyəsini əks etdirən bu pyeslə ədib bədii yaradıcılığın yeni bir sahəsində tükənməz enerji ilə fəaliyyətə başlayaraq, bir-birinin ardınca dəyərli səhnə əsərləri yaratmışdır.

Bu sırada İlyas Əfəndiyev qələmindən çıxan «Bahar suları», «Atayevlər ailəsi», «Unuda bilmirəm», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Mənim günahım», «Mahnı dağlarda qaldı», «Qəribə oğlan», «Xurşidbanu Natəvan», «Büllur sarayda», «Tənha iydə ağacı» və s. pyeslər xüsusi uğurla səhnəyə qoyulmuş və rəğbətlə qarşılanmışdır. Bu əsərlər Azərbaycan teatrı tarixində əsl hadisəyə çevrilmiş, əsl sənət nümunələri kimi oxucu və tamaşaçı yaddaşında həmişəyaşarlıq qazanmışdır.

İlyas Əfəndiyevin yazdığı pyeslər arasında xarici ölkələrin teatrında səhnələşdirilən dramaturgiya nümunələri də az deyildir. Ədibin ayrı-ayrı əsərləri türk, fars, rus, alman, ingilis, fransız, bolqar, çex və digər dillərə çevrilmişdir. Onun yaradıcılığı təkcə nəsr və dramaturgiya nümunələri ilə məhdudlaşmır. O, bədii yaradıcılığın mühüm sənətkarlıq məsələlərinə, yazıçı fərdiyyətinə, dil, üslub problemlərinə, dram əsərlərinin səhnə təcəssümünə dair qiymətli məqalələrin, onlarla publisistik yazının müəllifidir.



Hekayələri. Onun ilk kitabındakı hekayələrin çoxu məişət və mənəviyyat mövzusundadır: həyatdan geri qalan, ətalət basmış əyalət adamları əsas tənqid hədəfidir. Bu hekayələrin əksəriyyəti bədii tiplərə - yazıçının həyatda müşahidə etdiyi səciyyəvi eybəcərlikləri təmsil edən insanlara həsr edilmişdir.

Hekayələr içərisində ən irisi və maraqlısı «Kənddən məktublar»dır. Bu məktubları yazan Qambay on dörd il ayrılıqdan sonra öz kəndinə qayıtmışdır və burada gördüklərini öz dostuna yazır. Məktub formasının seçilməsi yazıçıya kənd haqqında yazmaqda müəyyən sərbəstlik verir və onu süjet uydurmaqdan azad edir. Hekayənin formasında belə orijinallıq olsa da, onun mövzusu 30-cu illər sovet nəsri üçün səciyyəvi idi. Yazıçı kənddə gedən dəyişiklikləri qələmə almaq istəmişdir. Bu yeniliklərin mərkəzində isə şəhərdən kəndə gəlib özü ilə yeni quruluşa xas təzəliklər gətirən obrazdır. Hekayədə bu surət aqronom kimi kəndə gələn Zərifədir. O bir tərəfdən qadın azadlığı problemi baxımından müsbət qəhrəmandır. O biri tərəfdən isə rəsmi ideologiyada kəndin sosialistcəsinə yenidən qurucusu adlandırılan qəhrəman tipidir. Zərifə həm də keçmiş bəy qızıdır. Cavan yazıçının orijinallığı bir də bundadır, çünki o zaman müsbət qəhrəmanların hamısı «işçi» sinfindən olmalı idi.

Cavan yazıçı isə öz sinfindən üz döndərmiş bir bəy qızını yeni həyat qurucusu timsalı kimi təqdim edir. Lakin hekayəni maraqlı edən Zərifənin aqronomluğu ilə, kənddə gördüyü işlərlə bağlı faktlar yox, onun kasıb kəndli oğlu olan Qambayla məhəbbət macərasıdır. Məhz bu xətti qələmə almaqla İ.Əfəndiyev öz yaradıcılıq fərdiyyətinin qüvvətli xüsusiyyətlərini büruzə vermiş olur. Bu xüsusiyyət isə qəhrəmanların şəxsi həyatına, hisslərinə və mənəvi aləminə işıq salmaq istəyidir. Burada müəllif hələ bu məhəbbətin özünə yox, bu barədə Zərifənin bəzi etiraflarına və ətrafdakı adamların bu barədə məlumatlarına daha çox əsaslanır.

Yazıçının «Aydınlıq gecələr» adlı ikinci kitabı 1945-ci ildə çapdan çıxmış və onun yazıçı qələminin püxtələşdiyini nümayiş etdirmişdir. Kitaba 1941-1944-cü illərdə yazılan «Durnanın günahı», «Kiçik bir poema», «Qəhrəman ilə bülbülün nağılı», «Sən, ey qadir məhəbbət», «Qoca tarını çaldı», «Qarı dağı» kimi hekayələr daxil edilmişdir. Adlarından da göründüyü kimi, yazıçı nağıl və dastan poetikasından istifadə edir: qəhrəmanların yuxuları, toy mərasimi, məhəbbət macəraları nağıllarımızda olduğu kimi verilir. Xalq yaradıcılığındakı romantika, yüksək və təmiz insan duyğuları yazıçının yaradıcılıq ruhuna yaxın idi. Elə buna görə də, bu xüsusiyyət ədibin bütün yaradıcılığı boyu davam etmişdir.

«Aydınlıq gecələr»də müharibə mövzusuna toxunan bir neçə hekayə olsa da, döyüşçü obrazı, hərbi əməliyyatların təsviri yoxdur. Yazıçı bunları görmədiyi üçün qələmə ala bilməzdi. Amma döyüşən ordu ilə arxa cəbhənin birliyi mövzusunu, xüsusən azərbaycan qadınlarının müharibə illərində özünü büruzə verən yüksək mənəvi keyfiyyətlərini, çox zaman kişi əziyyətinə qatlaşmalarını, müharibənin aclıq, qıtlıq, ailə başçılarını itirmə kimi nəticələrini mətanətlə qarşılamalarını yazıçı isti və çox zaman poetik bir nəsr dili ilə qələmə almışdır.

İ.Əfəndiyevin müharibə ilə bağlı hekayələrinin mərkəzində arxa cəbhənin əsas qəhrəmanları sayılan qadınlar durur. Onların əksəriyyəti müharibəyə getmiş ərlərini saf və poetik məhəbbətlə sevən, həssas qəlbli, xəyalpərvər qadınlardır. İradəcə zəif və zərifdirlər, ayrılıq və sevgi iztirabları onların varlığına hakim kəsilir. Məsələn, «Durnanın günahı» (1941) hekayəsinin qəhrəmanı belədir. Durnanın cəmi iyirmi yaşı vardır, əri Eldarı ürəkdən sevir. Dava başlanan kimi müharibəyə gedən ərindən Durna bir neçə ay məktub almır. Peşəcə kinoaktrisa olan Durna ərini gözləyə-gözləyə iztirab çəkir, nigaranlıq onun qəlbini üzür. Yazıçı obrazın mənəvi iztirablarını lirik və şairanə bir dillə qələmə alır.

Durna ərini sevsə də, zəif iradəlidir: şux, özünə inamlı və iradəli bir gənc olan Soltanın ona bir qadın kimi yanaşması qızın mənəvi aləmini sarsıdır, bütün xəyalını və fantaziyasını özünə cəlb edir. Durna təcrübəsiz bir qadın kimi rahatlığını, mənəvi müvazinətini itirir, Soltana uyaraq daxili iztirab və şübhələrindən qaçmağa çalışır. Durna Soltanla sevişir. Lakin onun daxili aləmindəki şübhə və tərəddüdlər yox olmur: onun varlığını günahına görə qorxu və iztirablar bürüyür. Əri Eldar cəbhədən sağ salamat qayıdarsa, Durna nə edəcəkdir, onun üzünə necə baxacaqdır?

Durna zəif təbiətli olsa da, daxilən təmiz və səmimidir və belə qalmaq istəyir. Ona görə öz aləmində qərara gəlir ki, Eldar qayıtsa, onun qarşısında etiraf edəcək, onun ayaq izlərini öpəcək və bağışlanmasını istəyəcəkdir. Yazıçı üçün Durnanın bağışlanıb-bağışlanmayacağı vacib deyildir. Onun səmimiyyəti, etiraf etmək, lakin riyakarlıq etməmək qətiyyəti nə qədər faciəvi olsa da, humanist yazıçı üçün daha qiymətlidir.

Ədib müharibədən sonra iri nəsr formalarına və dramaturgiyaya əsas diqqət yetirsə də, «Gülaçar», «Su dəyirmanı», «Yaylaq qonşumuz», «Yun şal», «Qırçı və qızıl çiçək» kimi maraqlı və qiymətli hekayələr çap etdirmişdir.

«Söyüdlü arx» adlı ilk romanı İlyas Əfəndiyev yaradıcılığa başladıqdan iyirmi il sonra, 1958-ci ildə ədəbi ictimaiyyətə təqdim etdi. Bu romanın da əsas qəhrəmanı şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə - gənc aktrisadır. Lakin romanın süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, mədəni quruculuq fədaisidir, kənddə dram və musiqi dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konflikt Söyüdlü arxın uzadılması məsələsi ilə bağlıdır və kəndin rəhbər işçiləri arasında gedir.

Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir. Roman birinci şəxsin - Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Yazıçının digər qadın qəhrəmanları kimi Nuriyyə də emosional xarakterli, sentimental, daxilən həssas, böyük sevgisini axtaran qadındır. Romanın oxunaqlı çıxmasını və uğurunu da ən çox bu cəhət təmin edir, əsər oxucu tərəfindən maraqla izlənir və sevilir.

30-cu illərdə ədəbiyyatda kəndə gedən qadın obrazları mübarizliyi və qətiyyəti ilə seçilirdisə, İ.Əfəndiyevin Nuriyyəsi həssaslığı və həqiqi qadın zərifliyi ilə fərqlənirdi. Bununla yazıçı dövrün şablonlarından qaçmağa, həyata münasibətdə öz orijinal yolunu formalaşdırmağa çalışırdı. Romanda Nuriyyənin məhəbbət macərasına böyük yer ayrılır. Məhz məhəbbət xətti romanın təhkiyəsini lirik və istiqanlı edir, oxucunu asanlıqla ələ alır. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə, nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir.

Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir. Təsadüfi də olsa, onun aktrisalıq istedadı tanınır və Bakıya gəlib böyük sənət aləmində addımlamaq üçün imkanlar tapır.



«Körpüsalanlar» (1960) romanının qəhrəmanları da sovet vaxtı vacib sayılan ictimai əməklə məşğuldurlar. Onlar dörd nəfərlik körpüsalanlar briqadasıdır. Romanın qəhrəmanı Səriyyə ali təhsilli mühəndisdir, ailəlidir, bu briqadada buldozerçi işləyən Qəribə xüsusi münasibət bəsləyir, əslində onu sevir. Lakin Səriyyənin o zaman üçün yüksək vəzifə sayılan trest müdiri işləyən əri vardır. Adil öz arvadını sevir və onun sərbəstliyinə də dözür. Lakin Səriyyə üçün bu azdır: onun Qəriblə münasibətləri inkişaf edir, dedi-qodulara səbəb olur. Nəhayət o, qətiyyətlə ərindən ayrılır və buldozerçi ilə həyat qurur. Bu sadə süjetdə yazıçı sovet ədəbiyyat terminologiyasında az işlənən şəxsiyyət azadlığı, hər kəsin seçim hüququ kimi məsələyə toxunmuşdu və bunlar müsbət-mənfi qəhrəman sxeminə sığmasa da, ədəbiyyatımız üçün bir yenilik idi.

Səriyyə yazıçının bütün əvvəlki qadın qəhrəmanlarından fərqlənirdi və elə buna görə böyük mübahisələrə səbəb oldu. Xoşbəxtlikdən bu mübahisələr ancaq yazıçının xeyrinə oldu, onun şöhrətini, populyarlığını artırdı, pərəstişkarlarının sayını çoxaltdı. «Körpüsalanlar» İlyas Əfəndiyevin həcmcə ən kiçik romanı olsa da, həm yazıçının yaradıcılığında, həm də 60-cı illər ədəbiyyatında yüksək bir yer tutur. Bu əsər yazıçının və nəsrimizin müasirlik gücünü saxlayan ən qiymətli və geniş oxunan romanlarından biridir.

Səriyyənin bir şəxsiyyət kimi ədəbiyyatımızda yeniliyi onda idi ki, o milli qadın idealına bənzəmək istəmirdi, bunun əksinə olaraq, ancaq öz qəlbinin azad səsinə qulaq asıb yaşamağa meylli idi. Şübhəsiz ki, romanın yazıldığı dövrdə belə qadınlar çox deyildi. Lakin onlar var idi və onların sayı da artırdı. Yazıçının müdrikliyi onda özünü göstərdi ki, o, həyatdakı bu meyli görüb ədəbiyyata gətirdi. O zamanın ədəbi qəhrəmanları mütləq iki qütbdən birinə - ya müsbət, ya da mənfiyə aid edilməli idilər. Lakin Səriyyə bu bölgünün heç birinə uyğun gəlmirdi. Bu, yazıçının və romanın qüsuru yox, aşkar məziyyəti idi. Əslində, ədib adi bir qadın obrazı yaratmaq istəmişdi: bu qadın öz qəlbinin daxili səsini boğa bilmir və bunu istəmirdi. Hətta bu qadında yazıçının əvvəlki qadın qəhrəmanlarındakı emosionallıq, sentimentallıq kimi xüsusiyyətləri də vardı. Həm də bunlardan əlavə, onda daxili bir sərbəstlik də vardı və bu sərbəstliyin köməyi ilə Səriyyə əxlaqi və dədə-baba şərtiliklərinə, normalarına baxmadan sərbəst hərəkətlərə yol verirdi. O, Azərbaycan cəmiyyətində şəxsiyyətin azad inkişafının irəliyə doğru bir addımını təmsil edirdi.

Bu, yazıçının yaradıcılığı və bizim ədəbiyyatımız üçün yeni qadın tipi idi. Səriyyə ətrafdakıların onun barəsində nə düşünməsindən asılı olmayaraq, daxilən azaddır, sərbəst addımlar atıb qərarlar qəbul edir, istədiyi kimi yaşayır. Məhz buna görə, o illərdə yazıçının bu qəhrəmanına müsbət qadın kimi baxmaq istəmirdilər. Lakin əslində, buna ehtiyac da yox idi. Səriyyənin - birinci şəxsin dilindən yazılmış bu roman şirin təhkiyəsi, maraqlı məhəbbət süjeti ilə görünməmiş bir uğur qazandı.

Bu uğurdan ruhlanan yazıçı 1963-cü ildə yeni roman - «Dağlar arxasında üç dost» əsərini çap etdirdi. Bu əsər kənd həyatına həsr olunmuşdu və yazıçının nəsr dilinin və üslubunun bütün yaxşı xüsusiyyətlərini özündə əks etdirirdi. Ailə, məhəbbət problemləri ilə yanaşı, müsbət qəhrəman yaratmaq istəyi də bu romanın əsasında dururdu. Görünür, Səriyyə barədə tənqidlər yazıçıya təsir etmişdi.

«Valehlə Sarıköynəyin nağılı» (1976-1978) müəllifin üslub və forma axtarışları ilə də diqqəti cəlb etmişdi. Adından bəlli olduğu kimi, yazıçı burada yenidən folklor poetikasına və ifadə vasitələrinə müraciət edir: əsərin fəsilləri nağıl adlanır, təhkiyədə nağıl üslubundan və ifadələrindən istifadə edilir, müsbət və mənfi qəhrəmanlar nağıllarda olduğu kimi ağ-qara və birmənalı verilir. Romanda yazıçını narahat edən əsas məsələ sovet cəmiyyətində 70-80-ci illərdə gedən aşkar bir təbəqələşmə idi. Bu illərdə partiya və dövlət məmurlarının yuxarı hissəsi, böyük dövlət təsərrüfatlarının rəhbərləri korrupsiyaya uğramışdı və ziyankar bir sinfə çevrilmişdi. Onlar sözdə sinifsiz adlandırılan cəmiyyətdə ayrıca sinif olmuşdular, öz vəzifələrinə xüsusi mülkiyyət kimi baxır, bu vəzifələri alıb-satırdılar. Valeh və Sarıköynək bu hallara qarşı əsil nağıl romantikası ilə mübarizə etmək istəyirlər. Lakin yazıçı görürdü ki, sovetlər cəmiyyəti içində formalaşan hakim sinfə qarşı həyatda uğurlu və nəticəli mübarizə mümkün deyildir və əsərin adındakı nağıl sözü həm də buradan irəli gəlirdi. Əsərin əhəmiyyəti onda idi ki, müəllif sovet cəmiyyəti daxilində yetişmiş ağır sosial böhranı ürək ağrısı ilə, nağılvari şəkildə ortaya qoyurdu. Harınlamış, özünü cəmiyyətin ağası kimi hiss edən hakim sinif öz maddi maraqlarından başqa heç nə ilə hesablaşmaq istəmirdi və sovet dövlətini dağılmağa doğru aparırdı.

İlyas Əfəndiyev kənddən çıxmış bir yazıçı olsa da, ədəbiyyatda ilk addımlarından ziyalı mühitinə və psixologiyasına, ən yeni və müasir insan tiplərinə daha artıq maraq göstərirdi. O, kənddən yazdığı əsərlərdə belə, bir növ şəhər yazıçısı idi. Ədib əsil kənd mövzusuna yaradıcılığının ən yetkin çağlarında müraciət etdi və «Geriyə baxma, qoca» (1980) romanını və «Üçatılan» (1981) povestini yazdı.

Hər iki əsər avtobioqrafik xarakter daşıyır, bir sıra qəhrəmanlar hər iki əsərdə iştirak edir və yazıçının indiyə qədər qələmə almadığı uşaqlıq xatirələrinə əsaslanırdı. Bu nümunələr təcrübəli ədibin nasir qələminin uğurlu bəhrələri idi. İ.Əfəndiyev ilk dəfə olaraq içindən çıxdığı kənd mühitini və adamlarını, yaxından tanıdığı və sevdiyi ən yaxın qohumlarını, nəsil şəcərəsini ədəbiyyata gətirirdi.

«Geriyə baxma, qoca»nın mərkəzində duran balaca Murad yazıçının özüdür. Həssas qəlbli, hər şeydən təsirlənən, fitrətən mənəvi işığa və insan xoşbəxtliyinə pərəstiş edən bu uşağın ətrafdakı adamlara, hadisələrə, tərəkəmələrin ağır həyatına münasibəti gələcək yazıçının ilkin dərin humanizmini və mənəvi keyfiyyətlərini əks etdirirdi. Yazıçının bütün yaradıcılığından qır­mızı xətt kimi keçən xeyirxah bir nağıl romantikası, lirizm, gözəl­liyə məhəbbət, eybəcərliyə, qəddarlığa nifrət hissləri Muradın simasında öz əksini tapır. Bunlar yazıçının yaradıcılığının mənəvi bünövrəsi idi.

Yazıçı təhkiyəni qəhrəmanların dilindən aparmaq tərzini bu əsərlərdə də qoruyub saxlayır, son nəsr əsərlərində yaradı­cı­lığının ilk illərində istifadə etdiyi bir sıra süjetləri də yenidən işləyirdi.



Dramaturgiyası. İlyas Əfəndiyev ədəbiyyata gəldiyi ilk illərdən dramaturgiyaya meyl etmişdir. O teatr mühitinə 1943-cü ildə Mehdi Hüseynlə birgə yazdığı «İntizar» pyesinin tamaşası zamanı daxil olmuş və ömrünün sonuna qədər teatr və səhnədən ayrıla bilməmişdir. Onun nəsr əsərlərinin bir sıra qəhrəmanları aktrisalardır və bu baxımdan İ.Əfəndiyev böyük C.Cabbarlı ənənələrinin parlaq davamçısı idi. İlyas Əfəndiyev öz məqalələrində də dramaturgiya və teatr məsələlərindən geniş bəhs etmiş, Azərbaycan səhnəsini böyük məhəbbətlə sevmiş və onun inkişafının müxtəlif problemlərini öz məqalələrində qaldırmışdır.

Müasir və mədəni bir Azərbaycan yazıçısı kimi İ.Əfən­diyev xalqımızın müasir dünya mədəniyyəti yolu ilə sürətli tərəqqisini arzulayırdı və bu tərəqqinin əsas göstəricilərindən bir­ini - C.Cabbarlı kimi Azərbaycan teatr səhnəsinin vəziyyətində və səviyyəsində görürdü. Azərbaycanda qadın azadlığı və müstə­qilliyi, onun tərəqqisi və özünütəsdiqi məsələsi yazıçının dramaturgiyasının əsas leytmotivlərindən biridir.

Nəcib təbiətli, kövrək, sevmək və xoşbəxt olmaq ehtirası ilə yaşayan qadın obrazları yazıçının dramaturgiyasında bir silsilə təşkil edir və onun pyeslərinə xüsusi cazibədarlıq və maraq bəxş edirdi. Belə qadın surətləri dramaturqun müharibədən sonra yazdığı «İşıqlı yollar» (1947) və «Bahar suları» (1948) pyeslərində də diqqəti cəlb edir və cavan dramaturqa nüfuz qazandırırdı. Hər iki əsərdə konfliktsizlik nəzəriyyəsinin prinsipləri özünü göstərirdi. Lakin yazıçının istedadı insan xarakterləri yaratmaq, insan münasibətlərini qısa dramatik replikalarda ifadə etmək baxımından özünü qabarıq büruzə verirdi.

«Atayevlər ailəsi» (1954) pyesində artıq konflikt vardır, lakin hələ sosial xarakter daşımır, orta bir ailənin üzvləri arasında özünü göstərir. Pyesin konfliktinin tərəfləri - ər Xosrov Atayev və onun arvadı Dilşad Atayevadır. Sonuncu obraz meşşan qadın obrazı kimi yaradılmışdır. 1950-ci illərdə sovet əxlaqına görə meşşan ictimai həyatla maraqlanmayan, öz şəxsi problemləri çərçivəsində yaşayan insan tiplərinə deyirdilər. Dilşad hər şeydən maddi fayda götürməyə çalışır, mənəvi dəyərləri mənasız sayır. Öz tamahkar məqsədlərinə nail olmaq üçün o, asanlıqla yalan danışır, adamların arasını vurur, hətta onları asanlıqla şərləyə də bilir. O, dövlətin və xalqın malını talayanların himayədarı və şərikidir.

Əri Xosrov arvadının tam əksidir və onun əməllərindən bixəbərdir. O, balaca əyalətdə şəhər sovetinin sədridir. Dilşad ərinin vəzifəsindən, adından daim sui-istifadə edir, adamların pulunu alıb onlar üçün müxtəlif işlər düzəldir. Əri bunlardan ancaq əsərin finalında xəbər tutur və dərin mənəvi sarsıntı keçirir.

Pyesin mənfi tərəfində Dilşad xanımdan başqa milis rəisi olan Ziyad Şahsuvarov kimi mənfi insanlar da vardır. Özü milis işçisi olsa da, o, rüşvət müqabilində qanunları pozur, cinayət­kar­ları məsuliyyətdən azad edir. Amma rəsmi məqamlarda öz həqiqi sifətini gizlədir, ən təmiz adam kimi danışır, başqalarını asanlıqla əxlaqi eybəcərliklərdə ittiham edir.

«Sən həmişə mənimləsən» (1964) pyesini yazıçı on illik fasilədən sonra teatra təqdim etdi. Əsərin tamaşası qeyri-adi bir müvəffəqiyyət qazandı və dramaturgiyamızda yeni bir üslubi istiqamətin başlanğıcı kimi qəbul edildi. Bu lirik-psixoloji dramaturgiya üslubu idi. Əlbəttə, lirika bu əsərə qədər də dramaturgiyada var idi, lakin yazıçı böyük istedadla bu lirikanı dərin məzmunlu bir psixologizmlə birləşdirdi. Bu üslub teatr üçün də təzə oldu və orada saxta monumentalizm ənənələrinin öz yerini müasir və sadə bir üsluba verməsinə imkan yaratdı.

Əslində lirik-psixoloji üslubun «Sən həmişə mənim­ləsən» pyesi ilə yarandığını söyləmək dəqiq deyildir. Bu üslubun əlamətləri yazıçının bütün əsərlərində, xüsusilə səhnə əsərlərində özünü büruzə verirdi. Amma «Sən həmişə mənimləsən» pyesi yazıçının digər pyeslərindən prinsipial şəkildə fərqlənirdi. Dramaturqun əvvəlki pyeslərində o zamanın tələbləri olan əmək cəbhəsinin təsviri, müsbət qəhrəmanı və yeni insanı göstərmək, surətləri sinfi baxımdan bölmək kimi sosialist realizmi şablonları bu və ya digər dərəcədə əksini tapırdı. Lakin «Sən həmişə mənimləsən» pyesi bunların hamısından azad və təmiz bir pyesdir və Azərbaycan ədəbiyyatı üçün çox əhəmiyyətli bir tarixi tendensiyanı ifadə edirdi. Bu tendensiya isə ədəbiyyatın partiya ideologiyası ilə qoyulmuş şablonlardan yaxa qurtarması, təmizlən­məsi meyli idi. İ.Əfəndiyev bu meyli bütün müasirlərin­dən daha cəsarətlə və daha böyük istedadla ifadə etmişdi.

Pyesin əsas qəhrəmanları Nargilə və Həsənzadədir. Əsər başlıca olaraq onların dialoqları, münasibətlərinin inkişafı, həya­tın müxtəlif məsələləri barədə mülahizələri kimi qurulmuşdur. Nargilənin 19, Həsənzadənin isə 46 yaşı vardır. Lakin onlar bir-birinə dərin və səmimi bir məhəbbətlə bağlanırlar. Ancaq onlar qovuşa bilmirlər, çünki bunu, ilk növbədə Həsənzadə istəmir, Nargilənin xoşbəxt olmasını bir ata kimi arzulayır.

Pyesin uğuru ən çox Nargilə obrazı və ona yazıçının münasibəti ilə bağlıdır. İnsani keyfiyyətlər baxımından onda dramaturqun əvvəlki qadın qəhrəmanlarına bənzər xüsusiyyətlər vardır. Lakin sosial həyata münasibətdə yazıçı Nargiləni qabaqcıl müasirimiz və ya nə uğrunda isə mübarizə aparan bir qadın kimi yox, adi bir fərd, yetimlik taleyi yaşamış bir qız kimi qələmə alır. Nargilə tipik yox, adi bir insandır. O, mənəvi gözəllik və təmənnasız məhəbbət timsalıdır .Uşaq ikən atasını itirmiş, anası isə ikinci dəfə ərə getmişdir. Atalığı Fərəc əsəbi, qəddar, eqoist bir insandır. Nargilənin bu kobud və eybəcər insanla bir dam altında keçən həyatı faciədir, mənəvi və fiziki zülm silsiləsidir. Onu faktiki olaraq ev qulluqçusu vəziyyətinə salıblar. Anası Nəzakət iradəcə zəif bir qadındır və Fərəcin iradəsinin kor bir icraçısına çevrilmişdir.

Nargilə Həsənzadə ilə tanış olanda sanki qaranlıq dünyadan işıqlı bir aləmə düşür. Həsənzadə qızın qonşusu və ziyalı bir insandır. Onun mənzili də, səsi də, qızla rəftarı da, söhbətləri də qız üçün uca və təmiz hava kimidir. Nargilə Həsənzadə ilə ünsiyyətdən sanki mənəvi güc toplayır, iradəsi bərkiyir, nikbinləşir və gözəlləşir. Onların münasibətlərinin bö­yük dramaturji ustalıqla inkişaf etdirilən müəyyən mərhələsində Nargilə özü Həsənzadəyə onu sevdiyini elan edir. Yazıçı bu dramatik vəziyyətləri yüksək ölçü hissi, təbii və lirik dialoqlar vasitəsi açıqlayır. Onların münasibətlərində məhəbbətin gözəlliyinə xələl gətirə bilən bircə ifadə və söz yoxdur. Ona görə oxucu və tamaşaçı Nargiləni bu hərəkətinə görə qınamır, çünki qızın saf, nəcib sevgisi ancaq hörmət və qibtə doğurur, insan mənəviyyatının, insan gözəlliyinin təntənəsi kimi səslənir. Bu, yazıçının yüksək sənətkarlığının və dramaturji ustalığının ifadəsi idi.

Çox cavan yaşında həyat yoldaşını itirmiş Həsənzadə bircə oğluna görə yenidən ailə həyatı qurmamışdır. Nə qədər yüksək mənəvi keyfiyyətlərə malik bir insandırsa, bir o qədər tənhadır, təkdir. Təklik mövzusu pyesin ikinci aparıcı problemidir. Bu mövzunu Həsənzadənin taleyi və Nargiləyə qarşı seçimi ifadə edir. Həsənzadədə qıza qarşı dərin məhəbbət hissi yaranır. Lakin Həsənzadə təkliyi seçir. Çünki onun üçün təklikdən çıxmaq ehtiyacından daha yüksək bir dəyər vardır: bu, öz daxili bütövlüyünə, daxili məninə və vicdan səsinə sədaqətdir. Bu cəhətlə hesablaşmadan yaşamaq, Nargilə ilə həyat qurmaq Həsənzadə üçün zülm olar, əzab olar. Məhz buna görə o, uca bir məhəbbətlə sevdiyi Nargilənin məhəbbətini qəbul etmir, son nəticədə qıza münasibətdə müqəddəs bir ata mövqeyinə keçir.

Həsənzadə insan münasibətlərində mənəvi və əxlaqi ucalığın timsalıdır: bu ucalıq Həsənzadəyə ətrafdakı adamlara göstərmək üçün yox, öz daxili rahatlığı, müvazinəti, ali mənəvi meyarlarla yaşamaq istəyi ilə bağlıdır. O, ucalıq rəmzidir, nağılvari romantik bir seçimin daşıyıcısıdır. Yazıçı şüurlu surətdə romantik başlanğıca üstünlük verir, bununla dövrün təmənnalı ideologiyasına və əxlaq kodekslərinə etirazını bildirir. Çünki cəmiyyət üçün hazırlanan, insanlara nümunə kimi göstərilən əxlaq hələ əsil təmiz əxlaq deyildir, o, sosial bir borcdur. Həqiqi ali və insani, gözəl və səmimi əxlaq insanın öz daxili prinsipləri ilə bağlıdır, bu əxlaq hər kəsin özü üçündür.

«Sən həmişə mənimləsən» pyesi sənətkarlıq baxımından da yazıçının ən parlaq əsərlərindən biri idi. Dramatik replikanın gözəlliyi, ən incə insan münasibətlərini sözlə, vəziyyətlərlə ifadə etmək, səhnə şərtiliyindən ustalıqla istifadə pyesin bədii dəyərini daha da artırır. Həsənzadənin öz mərhum arvadı və onun xəyalı ilə söhbətləri, Sarısaç qızla bağlı yığcam epizodlar, Fərəcin eybəcər despotizmini göstərən xırda səhnələr əsərdəki əsas süjeti gözəl şəkildə tamamlayır və pyesin bədii bütövlüyünü, fikir miqyasını genişləndirir. Bu əsər İlyas Əfəndiyevin dramaturq ustalığının ən gözəl nümunəsidir.

«Sən həmişə mənimləsən» 1960-cı illər ədəbiyyatında yeni mərhələ açan bir əsər oldu və ədəbiyyatdakı axtarışlara və ədibin öz dramatik yaradıcılığına da təkan verdi. İ.Əfəndiyev bir-birinin ardınca «Mənim günahım»(1967), «Unuda bilmirəm» (1968), «Məhv olmuş gündəliklər» (1969) kimi pyeslərini yazdı. Bunlar sosialist realizmi şablonlarını dağıdan, ədəbiyyata və səhnəyə həqiqi və canlı həyat konfliktləri, insan taleləri gətirən silsilə əsərlər idi. Bu əsərlər müasir teatrımızın da təzələnməsinə imkan yaratdı.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin