Yaradıcılığı. 1926-cı ildə Süleyman Rüstəmin və Almas İldırımın «Dün-bu gün» adlı balaca kitabçası Oktyabr inqilabı ilə bağlı hadisələrin tərənnümünə həsr edilmişdi. S.Rüstəmin yaşadığı Bakıdan min kilometrlərlə uzaq məsafədə baş vermiş hadisələri tərənnüm edən misralar sönük, soyuq səslənir, ərəb və fars kəlmələri ilə doludur.
Lakin cavan proletar kadrları bolşevik məfkurəsi yolunda çətinliklərə rast gəlsələr də, tez-tez büdrəsələr də, bu yoldan dönmürdülər: bunun səbəbi bolşevik rəhbərlərin yeni proletar kadrları üçün güzəştli maddi şərait yaratması və onları ədəbi və mətbuat mühitində yaxşı əməkhaqqı olan vəzifələrə qoyması idi. Süleyman Rüstəm ilk addımlarından diqqəti cəlb edən istedadlı şair idi: lakin o, 20-ci illərdə bilmədiyi, duymadığı inqilabi mövzulara, yeni rejimin sifarişlərinə şeirlər həsr edəndə uğursuzluğa uğrayır, yazdığı şeirlər ritorik, süni səslənirdi. Lakin S.Rüstəm də ədəbi mühitdə digər proletar şairləri ilə rəqabət şəraitində yazıb-yaradır, partiya rəhbərliyinin və bolşevik siyasətinin tələb etdiyi mövzulardan imtina etmirdi. S.Rüstəm 20-ci illərin ortalarından başlayaraq proletar şairləri içərisində birinci mövqeyini saxlamış, rəsmi bolşevik ədəbiyyatının rəhbəri sayılmışdır.
O, Azərbaycan ədəbiyyatında ilk proletar “Qızıl qələmlər” qrupunun rəhbəri olmuş, 1934-cü ildə Yazıçılar İttifaqı yarananda da bu mövqeyini saxlamışdı. Şair müharibə ərəfəsində Akademik Dram Teatrının direktoru vəzifəsində çalışırdı. Bolşevik rejimi teatra böyük əhəmiyyət verirdi: bunu görən S.Rüstəm 20-ci illərdən səhnə üçün pyeslər yazmağa başlamışdı. Hələ 1922-ci ildə Tənqid-Təbliğ Teatrında şairin «Çimnaz xanım yuxudadır» adlı birpərdəli pyesi tamaşaya qoyulmuşdu. 1930-cu ildə isə şair H.B.Nəzərli ilə birgə «Yanğın» adlı pyes yazmışdı. Bu, əksinqilabçıların sosializm quruculuğuna qarşı təxribatı mövzusu idi və kolxoz quruculuğundakı çətinlikləri göstərirdi.
Sonralar şair teatrın direktoru olarkən «Qaçaq Nəbi» (1940) pyesini yazdı. Bu əsər şairin yaradıcılığında mühüm hadisə idi. Şübhəsiz ki, bu pyesin yazılmasında C.Cabbarlı ənənələrini davam etdirən Səməd Vurğunun «Vaqif», «Fərhad və Şirin», «Xanlar» kimi əsərlərinin təsiri vardı. S.Rüstəm ayıq bir insan kimi Səməd Vurğun poeziyasının xalq tərəfindən sevilməsinin səbəblərini bilirdi. Bu səbəblər S.Vurğunun Azərbaycan xalqının tarixi, taleyi, milli varlığı ilə bağlı mövzulara böyük əhəmiyyət verməsi və məhəbbətlə qarşılanması idi. Ona görə S.Rüstəm də «Qaçaq Nəbi»də xalq qəhrəmanlıq mövzusuna müraciət etdi. Müharibə ərəfəsində əsər uğur qazandı və dava illərində teatrın repertuarından düşmədi. «Qaçaq Nəbi» S.Rüstəmin vətən, xalq, milli zəmin kimi məsələlərə ümumilikdə milli cərəyana doğru bir addımı idi. Əsərin sonunda Nəbiyə Təbriz üsyanı barədə xəbər gələndə o, öz silahdaşlarına üz tutur. Pyesin sonluğu belə mənalı çağırışla qurtarır:
Atlanın dostlarım, Təbrizə birbaş,
Köməyə çağırır qardaşı qardaş!
Lakin şair şəxsiyyət baxımından qətiyyətli olmamış və rəsmi ədəbiyyatın lideri olmaq şərəfini həmişə daha üstün tutmuşdur.
Böyük Vətən Müharibəsinin başlanması bütün ədəbiyyatla birgə S.Rüstəmin də şair taleyində mühüm hadisə oldu: faşizmə qarşı mübarizə, vətənin müdafiəsi mövzuları süni deyildi, S.Rüstəm də vətənpərvər bir qələm sahibi kimi bu mövzularda öz istedadını, şair səmimiyyətini tam büruzə verdi. Bu, şairin istedadının xilası idi, bu istedadın həqiqətən xalqa gərəkli mövzulara keçməsi idi. Bu keçid nəticəsində S.Rüstəm xalqa bağlı, onun dərd-sərini duyan bir şair kimi diqqəti cəlb etməyə başladı.
S.Rüstəm sovet rejiminin ağır böhran çağında Pribaltikada, Dağlıq Qarabağda sovetlərin dağılmasını göstərən hadisələrin qızğın çağında – 1989-cu il iyulun 10-da vəfat etdi. Şair sovet rejiminin Azərbaycandakı 70 illik hökmranlığının ancaq sonuncu ilini görmədi.
Cənub mövzusu. İranda yaşayan əhalinin yarıdan çoxunu təşkil edən o taylı qardaşlarımızın taleyi Demokratik Cümhuriyyət dövrünün mətbuatında da geniş müzakirə olunurdu. Belə müzakirələri canlandıran səbəblərdən biri də rəsmi İran hökumətinin müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinə qarşı düşmən siyasət yeritməsi idi. Çürük şahlıq rejimi Bakıda qurulan azad dövlətin o taydakı soydaşlarımıza təsirindən qorxurdu.
Azərbaycan Cümhuriyyəti 1920-ci ilin aprelində dağılandan sonra da Azərbaycanın uzaqgörən ziyalıları İran rejiminin düşmən münasibətini unutmadılar. Üstəlik 1928-ci ildə İran hökuməti 1920-ci ilin aprelindən sonra İrana pənah aparmış qaçqınları və mühacirləri 1927-ci ildə ölkədən qovdu. 1924–1940-cı illərdə hökmran olan qanlı Rza şah rejimi İngiltərə ilə müttəfiqlik edərək Sovet Rusiyasına düşmən siyasət yeridirdi. Bütün bunlar Bakı mətbuatında öz əksini tapır, xüsusilə poeziyada böyük azadlıq ənənələri olan Təbrizin ağır taleyi və vəziyyəti barədə əsərlər çap olunurdu.
Sovet dövründə 30-cu illərdən başlayaraq Cənubi Azərbaycanın taleyi və faciəli vəziyyəti mövzusu, ilk növbədə Süleyman Rüstəmin adı ilə bağlıdır. Şair 30-cu illərdə bu mövzunu açıq siyasi şəkildə deyil, ilk növbədə Cənub həsrəti, sərhədlərin bağlı olması kimi motivlər üzərində qururdu. Cənubun, Təbrizin vəziyyəti Sovet Azərbaycanı ilə müqayisə edilir, əlbəttə ki, üstünlük bu taya verilirdi. Burada ana dili azad idi, bu dildə orta və ali təhsil vardı, İranla müqayisədə işsizlik və yoxsulluq az idi. Belə cəhətləri ön plana çəkən şair, Təbrizin dərdlərini lirik şəkildə qələmə alırdı. SSRİ və İran dövlətləri bir xalqı iki yerə bölmüşdü və sərhədlərə kilid vurmaqla iki qardaşı bir-birini unutmağa vadar etmək istəyirdi. Bakıda yaşayan ailələrin çoxunun o tayda qohum-əqrəbası, qardaş-bacısı olduğu halda, İrana məktub yazmaq qadağan edilmişdi. Siyasi orqanlar öz qohumlarından xəbər tutmaq istəyən, məlumat, xəbər-ətər axtaran adamları təqib edirdi. İnsanlar İranda qohumu olduğunu danmağa məcbur olurdular.
1941-ci ildə Sovet qoşunları İrana girəndə bu tilsimlər qırıldı. Süleyman Rüstəm də ordu zabiti kimi Təbrizə gəldi, orada qızıl əsgərlər üçün buraxılan «Vətən yolunda» qəzetində şeir və məqalələrlə çıxış etdi, o taylı şairlərin böyük məhəbbətini qazandı. Təbrizdə qurulan Milli Hökumət qan içində məhv ediləndən sonra S.Rüstəm uzun illər Təbriz təəssüratları əsasında Cənubun azadlıq arzuları barədə şeirimizin parlaq inciləri olan əsərlər yaratdı. «Bəli, cənubluyam», «Yad gül dərə bilməz», «Həsrət çəkirəm», «Könlümə Təbriz düşdü», «Ürəyimi verərəm», «Mənə qalsa», «Uzun yol», «Yenə Araz qırağında» və onlarla digər cənub mövzulu şeirləri lirikamızın həm vətənpərvərlik, həm də şeiriyyət inciləridir.
O dövrdə sovet senzurası Cənub mövzusuna qadağa qoymuşdu. Bu barədə yazılan hər bir şeir, poema uzun çəkişmələr nəticəsində çap oluna bilirdi. Bu cəhətdən ancaq Süleyman Rüstəm üçün yaşıl işıq var idi: o, Ali Sovetin sədri, AKP MK üzvü, sovet məfkurəli ədəbiyyatın yaradıcısı idi. Ona görə senzura məmurları və MK aparatında işləyən qeyri-rəsmi senzorlar onun qarşısında heç nə deyə bilmirdilər: şair bu sahədəki xidmətini və rolunu bilir və bunu belə ifadə edirdi:
Kitabımı Arazdan körpü üstdən assınlar,
Gənc nəsillər unutmasın bu şairin şərtini:
Tez köçərsəm bu dünyadan baş daşıma yazsınlar,
İki yerə parçalanmış ürəyimin dərdini.
Şair «tez köçərsəm» ifadəsi ilə o zaman mətbuatda yazılması mümkün olmayan idealı Cənubun həqiqi azadlığını nəzərdə tutur. Şair vaxtaşırı bu mövzuya qayıdır, Təbrizdə Milli Hökumətin məğlubiyyətindən sonra başlanan qanlı divanları gənclərin yadına salır, o taydakı qardaşlarımızın hər növbəti inqilabda verdikləri qurbanları xatırladır. Şair üçün hər şeydən uca Təbrizin azadlıq idealları, azadlıq mübarizələrinin ənənələridir. Onun bir çox şeirlərində Səttar xan «sərdari-milli», azadlıq bayrağının timsalı kimi xatırlanır:
Səttar xan, o böyük sərdari-milli,
O atəş ürəkli, o atəş dilli.
Etdi azadlığı ellərə bəlli,
Gəl onun yolundan dönmə, Təbrizim,
Dalğalan, alovlan, sönmə, Təbrizim!
Süleyman Rüstəm Azərbaycanın ikiyə bölünməsini misilsiz milli və tarixi faciə sayırdı. Şair özü də bundan xəcalət çəkdiyini yazır. O, demək istəyir ki, sovet senzuralarının qadağalarına baxmayaraq, biz Təbriz dərdi barədə yeni nəsillərə və bütün dünyaya məlumat verməliyik, bütün bəşəriyyəti ayağa qaldırmalıyıq. Şair bu alovlu sözləri Təbrizə üz tutub öz payına deyir:
Vəslinə mən hələ yol tapmadığımçün deyirəm:
Millətimdən də, özümdən də xəcalət çəkirəm.
Milli hökumətin yıxılmasından sonrakı müsibətləri şair obrazlı şəkildə «Təbrizdə qış» poemasında böyük bədii qüvvə ilə ifadə edə bilmişdir. Qan donduran qış əsərdə Təbriz mücahidlərini qıran İran irticasının rəmzi kimi verilir. Burada amansız siyasi zülm misilsiz bir yoxsulluğa və aclığa qarışmışdır. Xaricilərin nökəri olan şah rejimi terror və qırğınlarla, xiyabanlarda qurulan dar ağacları ilə, həbs və işgəncələrlə azadxahların kökünü kəsmək istəyirlər. Qəhrəman şəhərin faciəli halı təsirli və tragik misralarda öz əksini tapır:
Yoxsulların daxmasında nə odun var, nə ocaq,
Sızım-sızım sızıldayır hər beşikdə bir uşaq.
Ölüm gəzir qapı-qapı, küçə-küçə şəhri.
İran irticasının bütün tədbirlərinə, tökdüyü saysız qanlara, qətllərə baxmayaraq, Cənubi Azərbaycanın azadlıq əzmi qırılmadı, azadxahların yeni nəsli ərsəyə gəldi.
Böyük şair Şəhriyar xalq ruhunu tərənnüm edən «Heydərbabaya salam» poemasını 1954-cü ildə çap etdirdi. Əsər Bakıda çap olunandan sonra Şəhriyar Cənubda ana dilinin azadlığı rəmzinə çevrildi. «Heydərbaba»ya onlarla nəzirələr yazıldı.
Şəhriyar S.Rüstəm, M.Rahim kimi şairlərlə məktublaşırdı. Bu məktubların hər biri Cənubi Azərbaycanın azadlıq quşu olub əllərdə və ürəklərdə gəzirdi. S.Rüstəm İran hökuməti tərəfindən Bakıya buraxılmayan Şəhriyara parlaq bir poetik məktub yazdı. Xalqımızın birlik ideallarını əks edən bu şeir həm də Cənub mövzusunun şah əsəri idi. Bu məktubda şairin poeziyasında və ədəbiyyatımızda görünməmiş bir şeiriyyət, şirinlik, yüksək bədii təsir var idi:
Gəl Bakıya bağım, bağçam güləndə,
Bircə ovuc torpaq gətir gələndə.
Dostlar qatsın torpağıma öləndə,
Bəlkə onda kama çatım, Şəhriyar,
Son mənzildə rahat yatım, Şəhriyar!
Cənub poeziyası Süleyman Rüstəmin poetik üslubuna da köklü təsir etmiş, onu ritorikadan, saxta ehtirasdan təmizləmişdir. Bu da təsadüfi deyil: Süleyman Rüstəmin İkinci Dünya Müharibəsindən sonrakı poeziyası milli cərəyanla sosialist realizminin arasında duran böyük, coşqun istedadlı bir sənətkar kimi diqqəti cəlb edir.
Sosialist realizmi mövzuları. Şairin poeziyasında milli və vətənpərvərlik motivlərinə baxmayaraq, onun irsinin əsas hissəsini sosialist realizmi məcrasında yazdığı şeirlər təşkil edir. Həm də bu şeirlər təkcə say çoxluğu ilə seçilmir. S.Rüstəm sosialist realizmi poeziyası yolunun, onun nümunəvi şablon və sxemlərinin yaradıcısıdır. O, poeziyada sosialist realizmi cərəyanını yaratmış bir şəxsdir və bu səbəbdən onun milli cərəyana aid edilməsi mümkün deyildir.
Onun 1927-ci ildə çıxmış «Ələmdən nəşəyə» kitabının həm adı, həm də bütün məzmunu buna sübutdur. O, özünü köhnə, inqilabdan əvvəlki «ələmli» - tragik, bədbəxt həyatdan yeni «nəşəli» sovet həyatına keçidin tərənnümçüsü elan edir. Bu şairin könüllü seçimi, bəxt ulduzu idi. Proletar ədəbiyyatına xidmət sayəsində şair kasıb bir dəmirçi oğlundan ölkənin ən görkəmli adamlarından birinə, dövlət, siyasət və ədəbiyyat xadiminə çevrildi.
30-cu illərdən başlayaraq, S.Rüstəmin poeziyasında qürur hissləri var idi: lakin bu hisslər S.Vurğun şeirində gördüyümüz azərbaycançılıq qədər aydın və birmənalı deyildir. Bu məsələnin izaha ehtiyacı var.
Sovet vətəni, onun uğurları, qələbələri ilə fəxr etmək şeirimiz üçün gərəksiz bir motiv deyildi. Formal olsa belə, Azərbaycan Sovet Sosialist Respublikası xalqımızın tarixində yeni səhifə idi çoxəsrlik milli dövlət arzularının formal olsa belə, reallaşması idi. Ona görə də Azərbaycan xalqının öz dövləti ilə fəxr etmək hisslərinin ədəbiyyata gəlməsi milli dövlətçilik şüuru formalaşdırmaq baxımından çox əhəmiyyətli idi. Süleyman Rüstəm şeirində 30-cu illərdən özünü göstərən sosialist rejimli vətənlə fəxr etmək hissləri ana dilində təhsil alan yeni nəslin tərbiyəsi üçün gərəkli bir motiv idi.
Bu məsələnin əhəmiyyəti tarixi səbəblərlə bağlıdır. Xalqımız sabit və davamlı milli dövlət qura bilmədiyindən milli şüurun, vətənpərvərlik hissinin formalaşması da ləng getmişdir. Ona görə də 30-cu illər xalqımızın vahid vətən hissinin yenidən formalaşma dövrü idi. Bu proses poeziyada özünü göstərir, S.Vurğun, S.Rüstəm kimi qabaqcıl şairlərimizin əsərlərində öz əksini tapırdı. Sosialist vətəni ilə fəxr etmək hissləri artıq «Ələmdən nəşəyə» şeirində var idi:
Artıq indi sağalmışdır ürəyimin yarası,
Budur, sazım yorulmadan çalır şənlik havası.
Yeni həyat başlayırkən üzümüzə gülməyə,
Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə!
Şeirlərindən birində «Şairə kommunist adı çox böyük bir şərəfdir» deyərək irili-xırdalı hər əsərdə özünün partiya əqidəsini əks etdirməyə çalışır. Eyni zamanda o, bütün əsas əsərlərində ağ günə çıxan xalqın şairi kimi görünməyə çalışır. Ümumilikdə, şair 30-cu illərdə sosialist Azərbaycanının mədəni və iqtisadi quruculuqdakı, xüsusilə sənayedəki uğurları ilə fəxr etməkdə haqlı idi. Bu hisslər S.Vurğunun, M.Müşfiqin o dövrki yaradıcılığında da güclü idi. Ona görə dövrün poeziyasındakı qürur hisslərini, fərəh hissini, nikbinliyi əsassız saymaq olmaz. Lakin bu nikbinlik, çox vaxt dotələb, qısqanc qürur hissi çox məqamda mübaliğəli olurdu: ilk növbədə ona görə ki, 30-cu illər gerçəkliyində mənfi, faciəli hallar, əsassız siyasi repressiya və qətllər də vardı və onların fonunda S.Rüstəmin nikbinliyi və qalibiyyət əhval-ruhiyyəsi mübaliğəli, faciələrə münasibətdə isə insafsız görünürdü. Əksər hallarda şairin vətənpərvər misraları siyasi çağırışlarla yanaşı gəlir:
Nə qədər ömrümüz qalıbsa gərək,
Onu da anamız vətənə verək…
Əmək cəbhəsindən gəlsin səsimiz,
Düşmənin bağrını dəlsin səsimiz.
Əlbəttə, ömrü vətənə vermək çağırışı sağlam bir şeydir, lakin sonrakı misralarda vətənpərvərlik mənaca «əmək cəbhəsində» çalışmaq kimi məhdudlaşdırılır. Sonuncu misrada «düşmənin bağrını dəlmək» çağırışı isə şairin yaradıcılığındakı qızğın siyasi patetikanın bəzən lovğalığa keçən bir nikbinliyin ifadəsi idi. Düşmənə və rəqibə meydan oxumaq, əsassız bir qalibiyyət sevinci şairin müasir oxucusu üçün anlaşılmazdır. Lakin bu, sosialist realizminin mühüm əlaməti, guya yeniliyin yüksək pafosla təsdiqi adlanırdı. Həm də bütün hallarda bu pafos bütün xalqın ovqatı kimi təqdim olunurdu ki, bu da doğru deyildi. Əslində 30-cu illərdə Azərbaycan əhalisinin əksəriyyətinin yaşadığı kənd rayonlarında əhali sovet quruluşuna müqavimət göstərir və kolxozlara daxil olmaq istəmirdi. Ona görə sosialist realizmi şeirinin S.Rüstəm yaradıcılığında gördüyümüz qələbə və bayram ovqatları ölkə əhalisinin çox az bir hissəsinin durumu idi, lakin əksər insanlar çox kasıb və ağır terror şəraitində yaşayırdılar və sosialist realizmi cərəyanı bunları görmürdü. Görəndə isə bu, düşmən sinfə qarşı mübarizə kimi təqdim edilirdi: əslində isə düşmən kimi qələmə verilən xalqın əksər çoxluğu idi.
Ona görə də S.Rüstəmin və başqa proletar şairlərinin milli qürur hissləri bəzən ziddiyyətli və tarixi həqiqətə uyğun deyildi. Sosialist Azərbaycanının uğurlarını göstərən şair bunu əsassız olaraq Demokratik Cümhuriyyət hökumətinə qarşı qoyur, Müsavat partiyasının tarixi xidmətlərini inkar etməyi sovet yeniliyini təsdiqin bir şəklinə çevirir. «Müsavatçıya cavab» şeiri belədir:
Qara qəlbinizlə durmadan bir an,
Daşları sümükdən, palçığı qandan.
Hökumət qurdunuz adı «Müsavat»,
Bir qara pərdəyə büründü həyat.
Əlbəttə, milli hökumət dövrünü pisləmək şairin öz əqidəsi deyildi: bunu o dövrdə ədəbiyyatı və mətbuatı idarə edən bolşevik rəhbərliyi tələb edirdi. Onlar ölkədə yaratdıqları fasiləsiz siyasi terror rejiminə bəraət qazandırmaq üçün düşmən axtarmalı, bu hadisələrdə başqalarının günahkar olduğunu əsaslandırmalı idilər. Amma şairin, xüsusilə S.Rüstəm kimi böyük istedad sahibi olan şəxslərin belə kampaniyalarda iştirakı, ilk növbədə onların öz nüfuzuna xələl gətirirdi və bu günə qədər də bu mənfi nəticə davam edir.
Müharibə mövzusu. S.Rüstəmin fikir cəhətdən ziddiyyətli olan poeziyasında müharibə mövzusu xüsusi yer tutur və öz poetik və fikir əhəmiyyətini bu gün də saxlayır. Bunun əsas səbəbi müharibə mövzusunda sosialist realizminin saxta prinsiplərinin olmaması idi. Şairin coşqun ilhamı, üslubundakı mübariz intonasiya onun müharibə haqda şeirlərinə xüsusi təsir qüvvəsi verir. Bundan başqa, şairin dilindəki xəlqilik, sadəlik də müharibə mövzusunun işlənməsi üçün əlverişli idi: müharibə sınaqlarına dözən sadə insanlar barədə sadə, doğma sözlərlə, emosional ifadələrlə danışmaq şairin əsərlərində uğurlu alınırdı. Şair müharibə illərində gərgin ədəbi fəaliyyət göstərmiş, öz qələm dostları ilə hərbi hissələrdə, əmək kollektivlərində olmuş, orada insanları faşizmə qarşı mübarizəyə səsləyən əsərlərini oxumuş, çıxışlar etmişdi. Şair bir müddət Şimali Qafqaz cəbhəsində (1942) batalyon komissarı olmuş və əsgər həyatı ilə bağlı müşahidələr aparmışdır.
Sonralar şair bu müşahidələr əsasında Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədova həsr olunmuş «Qafurun qəlbi» poemasını yazmışdı. O zamanlar Qafur Məmmədov öz canı bahasına komandirini xilas edən fədakar əsgər kimi məşhur idi. Poemada Qafurun cəbhəyə qədər olan həyatı da geniş əksini tapmışdır. Onun Volodya ilə dostluq etməsini göstərməklə şair sosialist realizminin beynəlmiləlçilik prinsipini ifadə etməyə çalışmış, əsərin həcminin xeyli hissəsini bu mövzuya həsr etmişdi. Təsadüfi deyil ki, Qafurun öz canı bahasına xilas etdiyi zabit də rusdur. Onun familiyası Sinetskidir. Müharibədən sonra Qafurun anası oğlunun məzarını ziyarət edir. Ana öz oğlunun ölümü sayəsində yaşayan Sinetski ilə görüşür, ağlayıb göz yaşı tökür və ona aşağıdakı süni və mənasız sözləri deyir:
«Ürəyin qəmlənməsin gözlərimin yaşından».
Bu sözlər ürəyi yaralı ananı təhqir edən, alçaldan sözlərdir. Əslində, Sinetski Qafurun anasına yanaşıb ondan üzr istəməli və xəcalət çəkdiyini deməli idi. S.Rüstəm isə vəziyyəti əksinə təsvir edir və üzrxahlıq edən rolunda qəhrəmanın anasını qoyur. Belə səhnə sosialist realizminin insanı alçaldan, alət səviyyəsinə endirən müsbət qəhrəman prinsiplərinin eybəcər təzahürü idi. Bu prinsipə görə, insanın qiyməti onun özündə yox, daşıdığı əxlaqi və siyasi əqidədədir. Bəlkə də şair bu səhnə ilə xalqlar dostluğunu göstərmək istəyir, amma bütün hallarda Qafurun anasının poemada verilən sözləri heç bir anaya yaraşmaz.
Süleyman Rüstəmin yaradıcılığı sosialist realizminə xas olan mövzular və digər ziddiyyətlərlə aşılanmışdır. Lakin onun Vətən, məhəbbət, Cənub mövzusu ilə bağlı yüksək poetik keyfiyyətli əsərləri öz poetik dəyərini saxlayır və gələcəkdə də saxlayacaqdır. Sosialist realizmi məcralı 70 illik poeziyanın tarixində Süleyman Rüstəm ən siyasi, eyni zamanda ən parlaq və ən bədii şair olmuşdur. Onun sosialist əqidəsi ilə bağlı olmayan şeirləri irsinin az bir qismini təşkil edir, lakin kiçik bir şeir kitabına sığışacaq bu şeirlər poeziyamızda həmişə yaşayacaq.
Ədəbiyyat:
Zeynallı A. Keçilməmiş yollarda, B., 1970.
İKİNCİ HİSSƏ
XX ƏSRİN 60-70-ci
İLLƏRİNDƏ ƏDƏBİYYAT
(1958-1986)
I FЯSИL
1960-1970-Cİ İLLƏRDƏ ƏDƏBİ PROSES
Dövrün tarixi xüsusiyyətləri
1956-cı ildə N.S.Xruşşov qəddar İosif Stalini rəsmi surətdə ifşa edəndən sonra ideoloji nəzarət aparatı sarsıldı. Yazıçılar və ədəbiyyat məmurları da N.Xruşşovun və İ.Stalinin tərəfdarları kimi iki cəbhəyə bölündülər. Rəsmi partiya və dövlət sənədlərində bu bölgü qəbul olunmurdu, onun haqqında danışmaq da qadağan idi. Lakin real həyatda stalinistlərlə Xruşşov reformalarının tərəfdarları arasında amansız mübarizə gedirdi. Stalini müdafiə edənlər ən çox qoca, az savadlı, rabfak qurtarmış məhdud dünyagörüşlü, İ.Stalinin kultuna fanatikcəsinə bağlı olan adamlar idi. Onların əksəriyyəti 1937-ci il terrorundan canlarını güclə qurtarmış və rejimdən qorxurdular. Qoca kadrlar N.Xruşşovun çıxışlarına şübhə ilə yanaşır, çox yaxşı bələd olduqları Sovet hökumətinin qəddar təbiətinin dəyişdiyinə inanmırdılar. Onlar əmin idilər ki, N.Xruşşov kimi adamlar sovet cəza aparatı yanında heçdirlər və bu amansız aparat tez-gec işə düşəcək, partiya xəttinə zidd adamları qırıb məhv edəcəkdir. Bir çox yaşlı kadrlar elə Stalinin siyasəti nəticəsində böyük rütbələrə ucalmışdılar və «rəhbərə» sadiq qalmaqda davam edirdilər. Stalinizm 2-3 sinif savadı olan rəhbər kadrlar üçün çox ədalətli quruluş idi.
N.Xruşşov stalinizmə qarşı mübarizədə cavan kadrlara əsaslanırdı: rəsmən onun siyasəti gənc, istedadlı adamların, savadlı adamların irəli çəkilməsi kimi qələmə verilirdi. O zamanlar stalinizmə qarşı mübarizədə ən çox onun repressiyalarının məhv etdiyi kadrların yaxınlarından, keçmiş siyasi dustaqlardan, ədalətsiz olaraq vəzifələrdən qovulmuş adamlardan istifadə olunurdu. Yaradıcı və elmi ziyalılar arasından da geniş dünyagörüşlü, mədəni səviyyəli adamlar böyük partiya və dövlət vəzifələrinə irəli çəkilir və onlar haqqında antistalinist kimi yox, «yeni gənc kadrlar» kimi söhbət gedirdi.
Lakin N.Xruşşov stalinizmi ifşa etsə də, siyasi islahatları davam etdirmədi. SSRİ böyük və çoxmillətli ölkə idi, ən kiçik siyasi liberallaşma respublikalarda milli hisslərin güclənməsi ilə nəticələnirdi. N.Xruşşovun müttəfiq respublikalarda milli dillərin dövlət dili kimi işlənməsi barədə islahatı məhz millətçilik dalğası yaratdığı üçün dayandırıldı. Partiya və dövlət aparatında hələ əksəriyyət təşkil edən mühafizəkarlar belə hallarda N.Xruşşov islahatlarını və onun özünü gözdən salmaq üçün istifadə edirdilər. O biri tərəfdən, sovet quruluşu birpartiyali siyasi sistemə əsaslanırdı. Bu sistem isə aşağıların fəallığına, fikir və vicdan azadlığına zidd idi, belə halların ortaya gəlməsi bütün idarəçilik sistemini sarsıdırdı.
Belə səbəblərə görə N.Xruşşov islahatları boğuldu və yarımçıq qaldı. Ölkəni idarə edən bu şəxsin özü də az savadlı, sovet tərbiyəsi görmüş volyuntarist bir adam idi. Artıq 50-ci illərin sonlarında onunla irəli çəkdiyi yeni tipli kadrlar arasında ziddiyyətlər aşkar şəkildə meydana çixdı. Ədəbiyyat və incəsənət, elm sahəsində aparılan demokratikləşmə meylləri dayandırıldı. Mühafizəkarlar da revanş almaq üçün hər imkandan istifadə edirdi. Ölkəni idarə edən kadrlar arasında əksəriyyət təşkil edən cəza orqanlarının keçmiş işçiləri, hərbçilər, keçmiş fəhlələr ölkədə sərt xətt tərəfdarı idilər, onlar ziyalılara şübhə ilə, bəzən də nifrətlə baxırdılar. Marksizmə görə, ziyalılar maddi istehsalda birbaşa iştirak etmədikləri üçün onlar zəhmətkeş təbəqə sayılmırdılar.
Hüdudsuz hakimiyyət on il ərzində N.Xruşşovun özünü də pozub şıltaq bir adama çevirmişdi: onun kənd təsərrüfatı ilə bağlı verdiyi volyuntarist qərarlar 1960-cı ildə ölkədə ərzaq qıtlığı və aclıq yaratdı. Bütün mətbuatı və siyasi proqramları kommunizmdən danışan bir ölkə üçün bu, rüsvayçılıq idi. N.Xruşşov vətəndaşların həyətyanı təsərrüfatlarını qadağan etmişdi, ölkə sakinləri öz həyətlərindəki heyvanları kolxozlara təhvil verməyə məcbur edilmişdi. SSRİ əhalisinin 70 faizi ölkədəki daim təkaralanan aclıq hallarını bildiyi üçün həyətyanı sahələrində müəyyən meyvə və tərəvəz məhsulları əkirdilər. Bunlar qadağan ediləndən sonra ölkədə ərzaq qıtlığı yarandı.
N.Xruşşov xarici siyasət sahəsində də səhvlərə yol verir, ən mürəkkəb məsələlər barədə özü qərarlar qəbul edirdi. Nəticədə 60-cı illlərin əvvəllərində ölkədə siyasi böhran əlamətləri özünü göstərməyə başladı. Xüsusilə ərzaq çatışmazlığı ölkənin kənd təsərrüfatında islahatlar aparmağı tələb edirdi. Bunların nəticəsi olaraq, N.Xruşşov 1964-cü ilin oktyabrında bütün partiya və dövlət vəzifələrindən azad edildi.
Ölkənin yeni rəhbəri seçilən Leonid Brejnev də az savadlı bir adam idi. Lakin o, sağlam düçüncəli, qəddarlıqdan uzaq, böyük ölkədə qərarlar qəbul etməyin məsuliyyətini başa düşən bir adam idi. O, N.Xruşşovun kənd təsərrüfatı ilə bağlı bütün səhv qərarlarını ləğv etdi, ölkədə siyasi idarəetməni demokratikləşdirməsə də, onu müasirləşdirdi. L.Brejnevin şəxsi məziyyətlərindən biri də onun kommunist asketizminə mənfi münasibəti idi. Onun dövründə ölkədə ilk dəfə olaraq əhali üçün fərdi avtomobillər istehsalı barədə qərar qəbul edildi. L.Brejnevin dövründə ölkə əhalisinin yarısı yeni dövlət mənzilləri ilə təmin edildi.
L.Brejnev ədəbiyyatla maraqlanmasa da, onun dövründə ədəbi siyasət liberallaşdı. Partiyanın qərarlarında ədəbiyyatın bədii səviyyəsi də bir keyfiyyət kimi irəli sürüldü. Yazıçı və ziyalılara qarşı kobud siyasətə, açıq siyasi ittihamlara son qoyuldu. L.Brejnevin dövründə dünya ədəbiyyatından, xüsusilə XX əsr klassikasından tərcümələr geniş miqyas aldı və ədəbi inkişafa böyük təsir göstərdi. Sovet yazıçıları kapitalist ölkələrində ədəbiiyyatın inkişafı və nailiyyətləri haqqında müəyyən təsəvvürlərə malik olmaq üçün imkanlar qazandılar. Bu tərcümələrin 60-70-ci illər ədəbiyyatının yeni istiqamətlərdə inkişafı üçün mühüm əhəmiyyəti oldu.
L.Brejnevin dövründə əqidəsinə görə yazıçı və ziyalıları həbs etmək praktikasına, tək-tək istisnalar sayılmamaqla, son qoyuldu. İlk dəfə olaraq antisovet istiqamətli yazıçıları və sənət adamlarını SSRİ-dən çıxarmaq praktikasının həyata keçirilməsinə başlandı. A. Soljenitsın kimi yazıçılar xaricdə fəaliyyət göstərməklə sovet ədəbiyyatına müxalif meylləri himayə etməyə başladılar. Kapitalist ölkələrinin xüsusi xidmət orqanları isə əksinə, SSRİ-dən qovulanları himayə etməyə, əks təbliğatda onlardan istifadə etməyə başladılar. Son nəticədə bu təbliğat SSRİ-nin dağılmasında mühüm ideoloji amil oldu.
L.Brejnev epoxası 18 il davam etdi, sovet quruluşunun bütün baxımlardan qızıl dövrü oldu. Lakin Brejnevin səhhəti pisləşən kimi onun ətrafı yaltaq və simasız adamlarla doldu. Bir şəxsin hakimiyyəti üçün formalaşmış sovet siyasi sistemi 70-ci illərin sonlarından əvvəlki effektivliyini itirdi. Bu, ilk növbədə ölkədə lazımi qərarların qəbul olunma prosesinin dayanması idi: ölkənin problemləri həll olunmadan yığılıb qalmağa, iqtisadiyyatda böhranlı hallar özünü göstərməyə başladı.
1982-ci ildə L.Brejnev öldü. Lakin siyasi səhnə qoca və xəstə siyasətçilərin əlində dörd il də qaldı: Y.Andropov və K.Ustinov öz hakimiyyət müddətlərini müalicədən ayrılmadan keçirdilər. 1976-1986-cı illər SSRİ-də faktiki hakimiyyətsizlik illəri oldu: ölkəniin inkişafı üçün köklü qərarlar qəbul etmək baxımından bu, belə idi. Partiya aparatının effektiv idarə olunması dövrü geridə qaldı: başsız qalmış məmurlar eyş-işrətə, kütləvi rüşvətxorluğa və korrupsiyaya qurşandılar. SSRİ dövləti dağılmağa başladı.
Dostları ilə paylaş: |