Partizan hərəkatının təsviri. Romanın azərbaycanlı qəhrəmanı Aslan bombardman zamanı düşərgədən qaçır. Faşistlərdən uzaqlaşan kimi onun aydın məqsədi var: Triyest yaxınlığındakı dağlarda məskən salmış partizanlara qoşulmaq. Bu şəhərdə partizan hərəkatının güclü olduğunu hətta əsirlər də bilir. Şəhər əhalisi slovenlər və italyanlardır. Onlar həm Mussoliniyə, həm də şəhəri işğal etmiş hitlerçilərə eyni dərəcədə nifrət edirdilər. Triyest tarixən mənsubiyyət cəhətdən mübahisəli olub; gah italyan, gah da sloven şəhəri sayılıb. Romanda da bu, mübahisəli ərazidir: burada partizanların, yoxsa faşistlərin daha çox hakimiyyəti olduğu məsələsi mübahisəlidir.
Triyest ətrafındakı bütün qəsəbə və kəndlərin əhalisi partizanlara tərəfdir. Məhz bu, partizan hərəkatına qüvvə verir; yerli əhalinin himayəsi olmadan dağlarda minlərlə partizanı ərzaqla təmin etmək çətindir. Bunu yerli əhali edir; onlar artıq faşizmin məğlub olacağına inanırlar, bu vaxt məsələsidir. Triyestin bütün sənaye müəssisələri faşistlərə işləyir. Fəhlələrin hamısı sovet əsirləridir.
Yazıçı partizan təşkilatlarının quruluşunu və iş prinsiplərini dəqiq və ətraflı təsvir etmişdir. Bu dəstələrdə adi hərbi intizamdan başqa, sərt daxili qaydalar var. Hər bir partizan, ilk növbədə, məxfi rejimdə mübarizə aparan yoldaşlarını qorumağa borcludur. Silah yoldaşları üçün risk yaradan addımlar partizanlar arasında çox sərt, adətən, ölümlə cəzalandırılır. Partizan dəstələrində təşkilatın məxfiliyini qorumaq hərbi intizamın əsas şərtidir.
Partizanlar açıq yox, gizli silahlı mübarizə aparırlar. Onların əməliyyatları faşistlərin nəzarətində olan ərazidə baş verir. Partizanlar çox vaxt diqqəti cəlb etməmək üçün faşist forması geyirlər. Bunların əksəriyyəti ölümdən qorxmayan, hərbi riski peşə etmiş adamlardır. Onları birləşdirən faşizmə nifrət və intiqam hissləridir. Belə maksimalizm partizanlarda əsirlik zamanı formalaşıb. Onların, demək olar ki, hamısı bu cəhənnəm yolunu keçiblər. Azad şəxsiyyət üçün əsirlik, ilk növbədə, iradə azadlığını itirməkdir. Əsirlik insanlıq hüquqlarını itirməkdir. Həm də bu itirmə zorakı baş verir. Faşistlər onlara adi iş heyvanı kimi baxırlar: əsirlər onlar üçün ancaq fiziki qüvvə və sağlamlıq cəhətdən fərqlənir.
Əsirlik həyatında ən dəhşətli faktor insan həyatının dəyərsizləşməsidir. Burada insanlar adi məişət əşyalarından birinə çevrilirlər. Müharibənin ilk ilində əsir düşmüş 5 milyondan artıq əsirin yarıdan çoxu əsirliyin ilk altı ayında ölmüşdülər. Bu, hərbi əməliyyatlarda verilən insan qurbanlarından daha yüksək ölüm faizi idi. Almanlar əsirlərə işçi qüvvəsi kimi baxdığından mühafizə xidmətinə xüsusi göstəriş verilmişdi: zəif və xəstə əsirlərdən mümkün qədər tez can qurtarmaq. Nəticədə nəzarətçi faşistlər əsirləri ən adi ehtiyatsızlığa görə yerində güllələyirdilər. Bu isə hərbi əsirlər barədə beynəlxalq konvensiyalara da zidd idi. Lakin faşistlər heç bir qanun tanımırdı; onlar yeni qanunlar yaratmaq, dünyada öz qayda-qanunlarını qoymaq fikrində idilər.
Partizan taleyinin ayrılmaz cəhəti xəyanət şübhələrinin hamının başı üzərində olmasıdır. Partizanlıq, eyni zamanda, daimi xəyanət axtarışıdır. Bu, mübarizəni fasiləsiz davam etdirmək üçündür. Faşistlər də daim partizanlar arasına xainlər yerləşdirməyə çalışırlar. Kəşfiyyat aparmaq, dəqiq məlumat toplamaq məxfi partizan təşkilatının təhlükəsizliyi üçün əsas şərtdir. Lakin faşistlər də eyni işlə məşğuldurlar. Nəticədə partizan hərəkatı əsəb və ağıl yarışına, ölümdən uca olan iradə nümayişinə çevrilir.
Partizan hərəkatı çoxmillətlidir. Hərbi əsirlərin milli tərkibi kimi. Yazıçı italyan, qaraçı, slovak, yəhudi, Krım tatarı və başqa soylardan olan partizanları eyni rəğbətlə təsvir edir. Onları birləşdirən ümumi cəhət zülmə baş əymək istəməmələri, öz azadlıqlarını qorumaq əzmləridir. Onlar bütün vəzifələrdə mübarizəyə hazırdırlar.
Romanda xüsusi məna ilə səslənən motivlərdən biri qorxu və xəyanət məsələsidir. Əlinə silah alıb vətənin və torpağın müdafiəsinə duran hər bir əsgərin daxili həyatı üçün bu problem aktual olur. Əsgər öz borcunu doğru dərk etməli və qorxunu yaxın buraxmamalıdır. Süleyman Vəliyev qorxunu partizan və əsgər üçün xəyanətlə eyniləşdirir. Çünki bu mənfi əxlaqi sifətlərin hər biri digərini törədir.
Romanda qadın surətləri xüsusi rəğbətlə qələmə alınmışdır. Onların içərisində partizanlara tərəf olan sadə, zəhmətkeş obrazlar xüsusilə diqqəti cəlb edir. Triyest ətrafındakı güclü partizan hərəkatına əsas dayaq yerli qadınlardır. Onlar öz həyatlarını riskə qoyub qapılarını döyən hər bir əsirə kömək edir, onların partizan hərəkatına qoşulmasına yardım edirlər. Qadın surətləri içərisində Zara və Anita xüsusilə yaxşı işlənmişdir. Onlar faşistlərin əlində olan ərazilərdə təbliğat, kəşfiyyat və digər tapşırıqları icra edirlər.
Aslan surəti. Romanda Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı döyüşçülərin ən aparıcı nümayəndəsi Aslandır. Bu surətdə yazıçının öz avtobioqrafik cizgiləri də çoxdur. Aslan məğrur, mərd bir gəncdir, hələ məktəbli olduğu vaxtlardan mübariz, hərbi igidlik göstərən, qorxu bilməyən ədəbi qəhrəmanlara rəğbətlə yetkinləşmişdir. Müharibə başlanan günün səhəri o, könüllü olaraq Hərbi Komissarlığa gəlir və cəbhəyə yola düşür. O, faşizmə qarşı mərdliklə vuruşmaq, cəbhədən bir qəhrəman kimi qayıtmaq fikrindədir. Lakin müharibənin amansız gerçəkliyi onun planlarını alt-üst edir…
Aslan güclü əxlaqi şüuru olan bir insandır. O daim özünə kənardan qiymət verməyə çalışır: o daim qəhrəmanlıq göstərmək niyyətlərinə nə dərəcədə yaxın olduğunu götür-qoy edir və məyus olur. Kerç uğrunda döyüşlərdə faşist aviasiyasının hücumu onun xidmət etdiyi hissəni pərən-pərən salır. Aslan və əsgər dostları özlərinə gəlməmiş mühasirəyə düşür və əsir götürülürlər.
Aslan əsirlər içində çoxlu tanışlar tapır: bunlar 416-cı Azərbaycan diviziyasının əsgərləridir. İlk faşist düşərgəsində əsirlər özlərini müxtəlif cür aparırlar. Bəziləri fiziki və mənəvi cəhətdən sınır, digərləri faşistlərlə əməkdaşlıq üçün süni əsaslar axtarırlar. Zəiflikdən və aclıqdan ölənlərin sayı isə çoxdur. Yazıçı əmindir: ölənlərdən əvvəl onların ümidi, həyat qüvvələri ölür…
Lakin əsirlərin içində elələri də var ki, bütün mənəvi və fiziki qüvvələri ilə əsirlik həqiqətinə müqavimət göstərirlər və iradəsi əlindən alınmış qul olmağı insana layiq bilmirlər. Aslan belələrindəndir. Onun şüurunun dərinliklərində müharibə gerçəkliyinə qarşı dərin bir barışmazlıq vardır. Bu barışmazlıq ona yollar axtarmağa, vəziyyətdən çıxmaq üçün hər gün düşünüb planlar qurmağa qüvvət verir.
Əzmkar və vətənpərvər əsirlər düşərgədə gizli təşkilat düzəldir və dağlardakı partizanlarla əlaqə yaradırlar. Aslan onların arasındadır. Zəif iradəli əsirlərin bir qismi ancaq aclıqla mübarizə barədə düşünür. Bu da əsirliyin mühüm problemidir. Lakin Aslan belələrindən deyil. O, öz mənliyini qoruyan, şəxsi ləyaqətini qorxu, aclıq, müvəqqəti ləzzətlər kimi saxta dəyərlərə təslim edən deyil. Onda nəhəng dözüm vardır. Az danışmağa, konkret işlər görməyə üstünlük verir. Partizan hərəkatındakı və nizamnaməsindəki qəddarlıq daxilən ona yaddır. Lakin o, reallıqla həmişə hesablaşır.
Triyestin azad edilməsi uğrunda sonuncu döyüşdə Aslan ağır yaralanır. Dostları, sevgilisi Anita onun üçün həyəcan keçirirlər. Lakin təbiətin ona bəxş etdiyi sağlamlıq Aslanı xilas edir. O, ağır yaralardan sağalır. Anitanın məhəbbəti və qayğısı da ona həyat qüvvələri və ümid verən bir amildir. Aslan gələcək həyatını bu cəsur, sədaqətli qızla birgə yaşamaq qərarına gəlir.
Romanın bədii xüsusiyyətləri. «Mübahisəli şəhər» Böyük Vətən Müharibəsi haqqında yaranmış əsərlər içərisində yüksək və fəxri bir yer tutur. Heç bir digər əsərimizdə cəsur və qeyrətli Azərbaycan əsgərinin obrazı belə realist qələmlə, həyat həqiqətinə, müharibə gerçəkliyinə belə yazıçı sədaqəti ilə qələmə alınmayıb. Bu müharibədə Azərbaycan xalqının 600 mindən çox oğul və qızı öz canını vətən yolunda qurban vermişdir. Süleyman Vəliyev humanist bir yazıçı, namuslu qələm sahibi kimi bu əsərdə onların rəşadətini əbədiləşdirmişdir. Romanda qorxaq, zəiflik göstərən surətlər də vardır. Lakin yazıçı onların hamısını rəğbətlə, humanistcəsinə qələmə almışdır. Romanın bir neçə yerində yazıçı müharibənin dağıdıcı təbiətini heyrətlə qələmə almışdır. Bir qısa hava bombardmanı nəticəsində insanların əsrlərlə tikib yaratdığı gözəl şəhər və qəsəbələr xarabalığa çevrilir. Müharibənin bu amansız üzü sadə insan talelərinə qarşı da eyni dərəcədə dağıdıcıdır. Adamlar müharibə üçün yox, həyat üçün doğulur. Ona görə yazıçı davanın amansız gerçəkliyinə düşən heç kəsi qınamır. Romanda onların hər birinin obrazına rast gəlmək olar.
«Mübahisəli şəhər» 1946–1947-ci illərdə, stalinizmin hökmran olduğu vaxtlarda qələmə alınıb. Həm o zaman, həm də sonralar Sovet ədəbiyyatında müharibənin çətinliklərdən və qələbədən ibarət obrazı vardı. Süleyman Vəliyev də bu obrazdan çox kənara çıxa bilməzdi. Əslində isə Böyük Vətən müharibəsinin real siması çox-çox faciəli idi: 6-7 milyonluq əsirdən başqa bundan iki dəfə çox aclıqdan və xəstəliklərdən ölənlər olmuşdu. Faciələrin sayı və növləri sadalanmaqla bitən deyil. Lakin bütün bunlar hələ indi də ədəbiyyatda tam əksini tapmayıb.
Dövrdən gələn belə xüsusiyyətlərə baxmayaraq, «Mübahisəli şəhər» romanı yazıldığı dövrdə müharibəni realistcəsinə, bəzəksiz qələmə alan ən namuslu, dolğun əsərlərdən biri idi. Müharibə həqiqətlərini göstərmək baxımından Süleyman Vəliyev bu gün də müharibə nəsrinin əsas yazıçısı olaraq qalır.
1970-80-ci illər yaradıcılığı. «Mübahisəli şəhər» və «Düyünlər» romanları çətinliklə özünə yol açsa da, ədəbi tənqid də bu əsərlərin dəqiq qiymətini verə bilmədi. O zaman bu mümkün də deyildi: ədəbiyyat yazıçıların şəxsi istedadı və həyat biliyi əsasında deyil, yuxarıların sifarişi ilə irəliləyirdi. 60-cı illərin sonlarında ədəbi tənqiddə subyektivizm, yuxarılara yarınmaq və yerliçilik kimi qüsurlar da yol tapmışdı. Rəsmi dövlət vəzifələrində olan yazıçıların əsərləri yaxşı kimi təriflənir, yerdə qalanlar isə diqqətdən kənarda qalırdı.
S.Vəliyev Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyir, öz taleyi ilə birbaşa bağlı olan, xalq taleyini əks etdirən mövzuların işlənməsindən uzaqlaşırdı. Sibir onun nəsrində komsomol tikintisi meydanı kimi təsvir olunurdu. «Daşlı bulaq» romanı belə idi. Yazıçı 60-70-ci illərdə müşahidə etdiyi yerliçilik meyllərini Fələstin müqavimət Hərəkatı timsalında «Qanlı ocaq»da ümumiləşdirməyə çalışırdı. Bu, zamanın zorladığı istedadın faciəsi idi.
80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini «Qanadı qırıq quş da uçarmış» adı ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmışdı. Bu qiymətli xatirələr yazıçının əzab və mübarizə dolu faciəli illərinin ifadəsi kimi qiymətli idi. Əsərdə əksini tapan həyat faktları bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi ədəbi əhəmiyyət kəsb edirdi.
Burada yaradılan müəllif obrazı, bu yığcam xatirə povestin ən qüvvətli yeniliyi idi. Yazıçının şəxsi faciəsi öz inandırıcılığı ilə uydurma və bəzəkli müharibə nəsrinin şablonlarını təkzib edirdi. Bu həm də bədii həqiqətin qələbəsi idi. Bu insan ağlasığmaz faciə və ədalətsizliklərdən sınmır, içi insanlara nifrətlə dolmur. Onu yaşadan, ona həyat qüvvələri, işıq ucu verən budur.
Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı şəhərində 80 yaşında vəfat etmişdir. Məzarı İkinci Fəxri Xiyabandadır.
Ədəbiyyat:
Vəliyev S. Qanadı qırıq quş da uçarmış…, B., 1989.
Mehdi F. Sənətkarın qüdrəti. S.Vəliyevin Seçilmiş əsərlərinin I cildinə müqəddimə. B., 1983.
II FЯSИL
BƏRPA DÖVRÜNDƏ ƏDƏBİYYAT.
MİLLİ CƏRƏYAN
(1945-1958)
Dövrün ədəbi tarixi səciyyəsi.
Ədəbiyyatşünaslıq.
Bərpa dövründə ədəbi mühit. Böyük Vətən Müharibəsində qələbə bəşər tarixində görünməmiş dağıntılar və 30 milyondan çox insanın canı bahasına əldə edildi. SSRİ-nin Qərb sərhədlərindən Moskvaya və Volqa çayına qədər yüzlərlə şəhər hərbi əməliyyatlar nəticəsində yerlə-yeksan olmuşdu. Onların bərpası 50-ci illərin sonlarına qədər davam etdi. Bu illərdə Sovetlər İttifaqında ən sürətli iqtisadi artım müşahidə edildi.
Azərbaycanda müharibə dağıntıları yox idi. Ona görə quruculuq işləri neft kimyası şəhəri kimi nəzərdə tutulan Sumqayıt və energetiklər şəhəri olan Mingəçevirin tikintisinə yönəldildi. Müharibədən sonra ölkəyə çoxlu neft lazım idi, onu əldə etmək üçün Xəzərin dibindən neft çıxaran dəniz şəhəri Neft Daşları yaradıldı və quruda neft hasilatının miqyası genişləndirildi.
1945–1958-ci illər Sovetlər İttifaqının tarixində ən ziddiyyətli dövrdür. Yuxarılarda qatı stalinçilərlə islahat tərəfdarları arasında hakimiyyət uğrunda sərt mübarizə gedirdi. Bunların sonunda islahatçı N.S.Xruşşovun dəstəsi qalib gəldi və o, 1954-cü ildən İ.Stalinin yerində oturdu. O, 1956-cı ildə XX partiya qurultayında İ.Stalinin diktatorluq siyasətini və bu siyasətə pərəstişi tənqid etdi. Bu cəsarətli və tarixi bir addım idi. Lakin N.Xruşşovun islahatları sovet siyasi sistemindəki əsas ziddiyyətə – stalinçilərlə islahatçıların mübarizəsinə son qoymadı.
Qatı stalinçilər N.Xruşşovun İ.Stalini tənqid və ifşa etməsi ilə razılaşmırdılar. Məsələn, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının sədri, İ.Stalinin dostu A.Fadeyev etiraz əlaməti olaraq tapança ilə özünü öldürdü. Başqa belə intihar halları da olmuşdur; ölkədə İ.Stalinə Allah kimi inanan milyonlarla adamlar vardı. 30 illik təbliğat öz bədnam işini görmüşdü.
Stalinçilər Azərbaycan partiya və dövlət aparatında da üstünlük təşkil edirdilər. Moskvanın milli respublikalarda öz kadr siyasəti vardı: sağlam ağlı olmayan, lakin intizamlı və sadiq kadrlara üstünlük verilirdi. Belə adamlar problemsiz idarə olunurlar və partiya aparatında tam üstünlük təşkil edirdilər. Onlar stalinizmi həm də 20-ci illərdən tutduqları siyasi vəzifələri qorumaq üçün müdafiə edirdilər.
1954-cü ildə Mir Cəfər Bağırov həbs edildi. Onun əvəzinə N.Xruşşov əkinçilik üzrə alim olan İmam Daşdəmir oğlu Mustafayevi respublikaya rəhbər seçdirdi. Xalq yazıçısı Mirzə İbrahimov isə Ali Sovetin sədri seçildi.
N.Xruşşov öz demokratikləşdirici tədbirləri çərçivəsində müttəfiq respublikalarda rus dili əvəzinə yerli dillərin dövlət dili kimi işlədilməsi təklifini irəli sürdü. Bu təklifə uyğun olaraq Azərbaycanın Ali Soveti Azərbaycan dilinin dövlət dili kimi tətbiqi barədə tədbirləri qanun kimi qəbul etdi. Lakin qanunun tətbiqi heç kəsin gözləmədiyi siyasi kampaniyaya çevrildi: az savadlı, aşağı səviyyəli adamlar dövlət orqanlarını zəbt etmiş rus və erməni millətindən olan dəftərxana məmurlarına kobudluq etməyə başladılar. O zaman Bakı əhalisinin 25 faizini təşkil edən rus və ermənilər qorxuya düşüb Moskvaya həyəcanlı şikayətlər göndərdilər. Partiya və dövlət orqanlarında hələ güclü mövqeləri olan stalinçilər N.Xruşşovdan intiqam almaq üçün məsələni şişirtdilər və Sovet dövlətinin daxili sabitliyi üçün təhlükə kimi qələmə verdilər.
N.Xruşşov qorxub geri çəkildi, milli dillərin tətbiqi kampaniyası dayandırıldı. Moskvada İmam Mustafayevin və Mirzə İbrahimovun məsələsi müzakirə olundu: onlar millətçilikdə ittiham edilərək 1958-ci ildə vəzifələrindən azad edildilər. Bununla müharibədən sonra başlanan islahatlar prosesi Azərbaycanda bitdi. Lakin vətənimizdə milli hisslərin inkişafı prosesi qeyri-rəsmi şəkildə davam etdi. Dillə bağlı kampaniya, cənubda 1945–1946-cı illərdə fəaliyyət göstərmiş Milli Hökumətin əks-sədası gənclərin qəlbində yaşayıb pöhrələr verdi.
Müasir ədəbiyyat tarixinin yaradılması. Azərbaycan ədəbiyyatı tarixinin ümumi konsepsiyası və prinsipləri 1920–30-cu illərdə cavan marksist tənqidçilər tərəfindən hazırlanırdı. Lakin bütöv, çoxcildli və sistemli Azərbaycan ədəbiyyatı tarixi ancaq müharibədən sonrakı onillikdə yazıldı. Bu özü də müharibə illərində xalqın tarixinə dair materialların böyük sürətlə üzə çıxarıl-masının və saf-çürük edilməsinin nəticəsi idi. 37-ci il repressiyalarından sonra tarix problemlərinə, milli keçmişə müraciət hətta təhlükəli bir iş olmuşdu.
Lakin müharibə illərində, xüsusilə Nizami Gəncəvinin yaradıcılığı dərindən tədqiq edildi, onun haqqında Y.E.Bertelsin, Krımskinin, M.Rəfilinin, H.Araslının, Ə.Ağayevin kitabları çıxdı. Nizaminin ardınca digər farsca yazmış klassiklərimiz Xaqani Şirvani, Qətran Təbrizi, Məhsəti Gəncəvi və digərləri ədəbiyyat tariximizdə layiqli yerlərini tutdular. Üç cildlik Azərbaycan ədəbiyyatı tarixinin birinci cildində ərəbcə yazmış Azərbaycan yazıçıları barədə ümumi məlumat verildi.
Müharibə illərində xüsusilə S.Vurğun, M.İbrahimov, M.Hüseynov, M.Arif ədəbiyyat tarixinin ümumi konsepsiyası ilə məşğul oldular. Onların ümumi düzgün mövqeyi ədəbiyyat tariximizin mübahisəli sayılan problemlərini düzgün qoyub həll etməyə imkan verdi. 1937-ci il repressiyaları zamanı məhv edilmiş Hüseyn Cavid, Y.V.Çəmənzəminli, Tağı Şahbazi, Seyid Hüseyn, Hacıbaba Nəzərli kimi ədiblərin ədəbiyyat tarixində yeri bərpa olundu. Qısa vaxtda onların əsərləri hazırlanıb gənc nəslə çatdırıldı.
N.Nərimanova qarşı ədalətsiz ittihamlar aradan götürüldü, onun əsərləri yenidən çap edildi. Ə.Mirəhmədovun M.Hadi haqqında, V.Məmmədovun N.Nərimanov haqqında, M.Arifin Cəfər Cabbarlı haqqında sağlam mövqedən yazılmış tədqiqatları işıq üzü gördü.
Davadan sonrakı illər XIX əsr ədəbiyyatını öyrənmək sahəsində də mərhələ oldu. M.F.Axundov, A.A.Bakıxanovun haqqında yeni tədqiqatlar ortaya çıxdı. Akademik Feyzulla Qasımzadə XIX əsr Azərbaycan ədəbiyyatı kursunu müstəqil kitab şəklində çap etdirdi. XIX əsr müəlliflərini ilk mənbələr əsasında öyrənmiş bu alim Azərbaycan maarifçiliyinin ideya əsaslarını, onların sonrakı məktəb, mətbuat və ədəbiyyatımızın inkişafındakı fundamental əhəmiyyətini ortaya çıxardı.
Digər akademik Həmid Araslı həm mətnşünas, həm də tədqiqatçı kimi çalışaraq Nəsimi, Füzuli, Vaqif və digər klassikləri-mizin mötəbər mətnlərinin ortaya çıxmasında böyük, misilsiz işlər gördü. M.Füzulinin üç cildliyinin hazırlanıb çap edilməsi ilk növbədə onun zəhməti idi.
Üç cildlik Azərbaycan ədəbiyyatı tarixinin qiymətli cəhəti klassik irsə düzgün mövqelərdən, tarixi şəkildə, obyektiv yanaşılması idi. Burada ilk dəfə olaraq fars-türk ikidilliyi məsələsi düzgün qoyulur və ədəbiyyatların əlaqəsi baxımından həll edilirdi. Böyük müəllif kollektivinin əməyinin bəhrəsi olan bu fundamental iş bu gün də elmi və metodoloji əhəmiyyətini saxlayır.
Bərpa dövrünün ədəbiyyatı bütün ziddiyyətlərinə baxmayaraq, xalqımızın, ədəbiyyatımızın bədii tərəqqisinin əhəmiyyətli bir dövrünü təşkil edir. Bu dövrdə ədəbi prosesdə üç müstəqil ədəbi cərəyan bir-birindən seçilərək formalaşdı və ədəbiyyatımızın yeni inkişaf mərhələsini ifadə etdi:
Ядябиййат:
1. Milli cərəyan
2. Lirik cərəyan
3. Sosialist realizmi cərəyanı
Ədəbiyyatda milli cərəyan
Ədəbi mühitdə milli ovqatların dirçəlişi və stalinizmə qarşı mübarizə. 1920-ci illərdə ədəbiyyatımızda milli cərəyan bir tərəfdən N.Nərimanovun davamçıları olan A.Şaiq, M.S.Ordubadi, S.S.Axundov kimi ziyalıların, o biri tərəfdən isə sovet platformasına keçən müsavatçıların – C.Cabbarlı, S.Hüseyn, Ə.Cavad və digər ziyalıların fəaliyyətində mülayim şəkildə olsa da davam edirdi. 30-cu illərdə, ilk növbədə, C.Cabbarlı ənənələrinin təsiri ilə gənc proletar şairləri içində də milli ovqatlar özünü büruzə verdi: bunlar Mikayıl Müşfiq və Səməd Vurğunun vətənpərvər poeziyası idi.
Müharibə dövrü milli və tarixi qəhrəmanlıq mövzularının geniş işlənməsinə yol açmaqla ədəbiyyatımızda milli ovqatların canlanmasına güclü təkan verdi. Dövrün tələbləri beynəlmiləlçi bolşevik hakimiyyəti şəraitində Azərbaycanın tarixinin tam genişliyi ilə üzə çıxarılması ilə nəticələndi. Dava illərində tariximizin bütün düyün nöqtələri ədəbiyyata gətirildi və bu, milli şüurun sürətli inkişafı ilə nəticələndi.
Lakin müharibədən sonra, xüsusilə İ.Stalinin 1953-cü ildə ölümündən bəri Azərbaycanda milli cərəyan ağır ideoloji və ədəbi vəziyyətə düşdü. N.Xruşşov islahatlarına müqavimət göstərən, onları şantaj və inkar edən stalinistlər proletkultçuluqdan kənar olan hər şeyi hücumla qarşılayırdılar. 1945–1958-ci illərin iki səciyyəvi diskussiyası ilə fikrimizi aydınlaşdıraq.
Onlardan birincisi «Kitabi - Dədə Qorqud» dastanlarına münasibət məsələsi idi. 1937-ci ildə türk folklorçuları güllələndikdən sonra bu qədim dastanların adını çəkmək belə qorxulu və təhlükəli idi. Lakin müharibədən sonra bu dastanların süjetləri əsasında əsərlər meydana çıxdı. Folklorçu alimlər bu dastan barədə, onun Azərbaycanla əlaqələri haqda məqalələr yazırdılar.
Lakin AKP-nin ədəbiyyata dair sənədlərində bu dastanlar feodal məfkurəsi kimi, feodalizmin tərənnümü kimi qələmə verilirdi. Mir Cəfər Bağırov öz çıxışlarının birində dastanları irticaçı əsər adlandıraraq onu millətçilik mənbəyi hesab etmişdi. Proletkultçuluq səviyyəsində qalmış stalinist ədəbiyyatçılar xalqın dastanını tənqid edirdilər. Bu cəhalət nümunəsi idi.
Stalinist ədəbiyyatçılar ölməz xalq şairi Səməd Vurğunun müharibədən sonra yazdığı «İnsan», «Aygün» kimi parlaq və nəhəng əsərlərə qarşı hücuma keçib ikinci böyük diskussiya yaratdılar. S.Vurğun dahi bir şair kimi ədəbiyyatda tərəqqi və yeniləşmə tərəfdarı idi. Ona qarşı kampaniyanı təşkil edən əsas adamlar AKP MK-da işləyən stalinistlər idi. S.Vurğunun Moskvadakı əlaqələri və nüfuzu onları qorxudurdu. Onlar hətta ədəbiyyatdakı yenilikləri də sovet quruluşu üçün təhlükə sayırdılar. Səməd Vurğun onların siyasi ittihamlarına Moskva mətbuatında cavab verdi: bu yerli stalinçiləri daha da qəzəbləndirdi. Moskva mətbuatını təkzib etmək praktikası ümumiyyətlə yox idi. Onda stalinistlər Rəsul Rza, Məmməd Rahim və Süleyman Rüstəmin imzası ilə Sov.İKP MK-ya şikayət göndərdilər. Bu sənəddə əvvəllər «Kommunist» qəzetində Səməd Vurğuna qarşı irəli sürülmüş ittihamların «doğruluğu» əsaslandırılırdı. Səməd Vurğun millətçilikdə və mücərrəd romantizmə meydan verməkdə, müasir mövzudan qaçmaqda ittiham olunurdu. Lakin bu bədnam məktub Moskvadan Bakıya göndərildi və son zamanlarda mətbuatda çap olunub.1 Bu məktubun əsas müəllifi onu imzalayanlar yox, yuxarıda oturub böyük şair haqqında ifşa kampaniyası təşkil edən stalinçi partiya ideoloqları idi.
Azərbaycanın milli ruhlu, vicdanlı ədəbiyyatçıları hələ o zaman Bakı mətbuatında Səməd Vurğunun müdafiəsinə qalxdılar: Mir Cəlal, Məmməd Cəfər belələrindən idi. Böyük şair «İnsan» dramında bəşəriyyətin gələcəyi və taleyi barədə düşünürdü: bu, bədii fikrimizin yetkinliyi və dərinliyi əlaməti idi, ədəbiyyatımızın fəxr etməli olduğu bir əsər idi. Bizim stalinist ədiblərin belə bir əsərə hücumu sifarişli idi. Çünki bizdə ədəbi stalinizm mənşəcə siyasi stalinizmin arsenalından gəlirdi və müstəqil ədəbi hadisə deyildi. Bu mövqesiz, əqidəsiz, xidmətçi rəsmi tənqidin canfəşanlığı idi.
Lakin zaman və xalqın misilsiz məhəbbəti Səməd Vurğunun haqlı olduğunu təsdiqlədi.
Konfliktsizlik nəzəriyyəsi. 1950-ci illərin ədəbi prosesindəki bir çox ziddiyyətlər köhnə bolşevik ədəbi siyasətindən irəli gəlirdi. Bu siyasət «konfliktsizlik» kimi ədəbiyyatın təbiətinə zidd olan nəzəriyyəni müdafiə edir, əslində, ədəbiyyatı bəsit təbliğat formasına çevirməyə təşəbbüs edirdi. Böyük Vətən Müharibəsi sovet həyatında çoxlu ziddiyyət və faciələri, həlli vacib problemləri üzə çıxarmışdı. Bütün bunları ilk növbədə dava alovlarından keçmiş cəbhəçi yazıçılar qələmə almaq istəyirdilər. Lakin bu bolşevik ideoloqlarının, ikiüzlü stalinistlərin xoşuna gəlmirdi. Onlar sovet həyatındakı çoxsaylı problem və ağrılara yaxşı bələd idilər, lakin hesab edirdilər ki, sovet ədəbiyyatında bunlar yazılmamalıdır. İnsanları daha yaxşı işləməyə, daha nikbin olmağa sövq edən təbliğat xarakterli mövzular yazılmalı idi. Kəskin həyat həqiqətlərini ədəbiyyatdan qovmaq üçün konfliktsizlik nəzəriyyəsi ortaya atılmışdı. Guya sovet gerçəkliyində bütün ziddiyyətlər həllini tapıb və deməli, ədəbiyyat da sosial ziddiyyətlərdən yaza bilməz. Yazı ancaq müsbət faktları və adamları qələmə almalıdır. Bu yanlış və ziyanlı nəzəriyyə idi, ədəbiyyatı publisistika səviyyəsinə endirmək idi.
Konfliktsizlik nəzəriyyəsi M.Hüseyn, Ə.Vəliyev, Ə.Əbülhəsən, İ.Əfəndiyev, İ.Hüseynov, İ.Şıxlı, M.Süleymanov kimi yazıçılarımızın yaradıcılığına böyük ziyan vurdu. Partiya sənədləri davadan sonrakı bərpa və tikinti işlərini göstərməyi tələb edirdi. Bu, sovet həyatının üstünlüklərindən, yaxşı tərəflərindən yazmaq demək idi. Nəticədə Azərbaycanda gedən quruculuq işləri, şəhərlərin tikilməsi romanların mövzusu olmağa başladı. Sumqayıt, Mingəçevir, Neft daşları, Daşkəsən haqqında tələsik yazılmış «konfliktsiz» romanlar yarandı. Bu romanlarda publisistika nəsr kimi ortaya çıxır, bədiilik, həyat həqiqəti qeyb olurdu. Bu əsərlərin qəhrəmanı insanlar deyil, böyük tikintilər idi. İndi həmin onlarla roman və povest unudulub. «Konfliktsizlik» nəzəriyyəsi də zorakı ikiüzlüyün və stalinist ovqatların ədəbiyyatda tətbiqi idi.
Bu nəzəriyyə dramaturgiyanın inkişafına xüsusilə mənfi təsir göstərdi. Dram əsəri öz təbiətinə görə konfliktsiz qurula və yazıla bilməz. Ona görə 1946–1956-cı illərdə yazılan onlarla səhnə əsəri ailə üzvləri arasında yüngül anlaşılmazlıq, müsbət qəhrəmanların küsüb-barışması, yaxşı adamlarla daha yaxşıların söz mübahisələri üzərində qurulurdu. Nəticədə ədəbiyyat sovet gerçəkliyini göstərmək adı ilə canlı həyatdan, insanların dərdlərindən və mübarizələrindən uzaq düşürdü.
Dövrün milli cərəyanını, ədəbiyyatın xalq taleyi və həyat həqiqətləri ilə bağlı əsas xəttini Səməd Vurğun, Mirzə İbrahimov, İlyas Əfəndiyev kimi sənətkarların əsərləri təşkil edirdi. Mirzə İbrahimovun «Gələcək gün» və «Böyük dayaq» romanları, İ.Əfəndiyevin «Söyüdlü arx», «Körpüsalanlar» romanları böyük ədəbi əhəmiyyəti və çəkisi olan əsərlər idi. Bu əsərlərdə həyatdan gələn canlı insanlar, onların tale macəraları səmimi həyat həqiqətləri kimi qələmə alınırdı.
1954-cü ildə Şəhriyar Təbrizdə «Heydərbabaya salam» poemasını yazmaqla Azərbaycan ədəbiyyatında milli cərəyana o taydan təkan verdi. Poeziya və nəsrdə Cənub mövzusu, 1941-1946-cı illərin azadlıq mübarizələri fəal şəkildə işlənirdi. S.Rüstəmin bu mövzuda şeirləri, Ə.Məmmədxanlının silsilə hekayələri əhəmiyyətli hadisələr idi. Pənahi Makulunun «Gizli zindan», «Səttar xan» kimi romanları ədəbiyyatımızın xalqın varlığı ilə ayrılmazlığını ifadə edirdi.
Dövrün ədəbi prosesində saxta, konfliktsiz, publisistik - təbliğat xarakterli əsərlər həqiqi ədəbi nümunələrə nisbətən olduqca geniş yer tuturdu. Bunun əsas səbəbi Yazıçılar İttifaqının ədəbi orqanları olan «Azərbaycan» jurnalının və «Ədəbiyyat qəzeti»nin MK-dakı stalinist ideoloqlar tərəfindən istiqamətləndirilməsi idi. Jurnal və nəşriyyatlar məhdud və mühafizəkar stalinistlərin tövsiyə etdiyi mövzuları çap edib yaymalı idi. Əks halda repressiya aparatı işə düşür, redaktorları daha üzüyola adamlarla əvəz edirdilər.
50-ci illərdə ədəbi diskussiyalarda stalinist görüşlərə, proletkultçuluğun qalıqlarına, kosmopolitizmə qarşı mübarizə öz bəhrəsini verdi: 60-cı illər ədəbiyyatının islahatçı fikir platforması ərsəyə gəldi, bu platformanın daşıyıcısı olan ədəbi nəsil söz sənətimizin ön xəttinə çıxdı.
Dostları ilə paylaş: |