Xalqçılıq cərəyanının yaranması. Məmməd Cəfər böyük şairimiz Səməd Vurğunun yaradıcılığının misilsiz milli əhəmiyyətini ilk anlayıb şərh edən tənqidçi olmuşdur. Onun Səməd Vurğuna münasibətinin müəyyənləşməsində V.Belinski ənənələrinin təsiri olmuşdur. Belinski A.S.Puşkin haqqında yazdığı kitabında onu rus millətinə mənsub olması ilə fəxr edən ilk rus milli şairi adlandırmışdı. Məmməd Cəfər də «Səməd Vurğun yaradıcılığında xəlqilik» adlı əsərində şairin şeirlərində özünü büruzə verən milli iftixar hisslərinə diqqəti cəlb edir və şairin öz milli mənsubiyyəti - azərbaycanlılığı ilə fəxarət hisslərini əks etdirən əsərlərini, xüsusilə «Azərbaycan» şeirini bu motivin parlaq nümunəsi kimi yüksək qiymətləndirirdi.
Marksistlər «millilik» məfhumunu gerilik hesab edirdilər, milli respublikalarda isə bu sözün işlədilməsi belə qadağan idi. 1937-ci ildə güllələnən ziyalıların əksəriyyətinə verilən ittihamlardan biri «millətçilik» idi. Ona görə sovet şəraitində ancaq «xalqçılıq» məfhumundan istifadə etmək mümkün idi.
Səməd Vurğun yaradıcılığı sovet quruluşunun tələb etdiyi əsas mövzularla yanaşı, xalq həyatının və ukladının tərənnümü ilə zəngin idi. Məhz bu xüsusiyyəti ilə böyük şair müasirlərinin hamısından fərqlənir və şeirimizdə xüsusi mövqe qazanırdı. Alim göstərir ki, Səməd Vurğunun xəlqiliyi onun zəhmətkeş kəndli həyatına və məişətinə hörmət və məhəbbəti kimi meydana çıxırdı. O, xalqçılığı millətlərin dilində, mənəviyyatında, əxlaqında olan ən yaxşı keyfiyyətləri kəndlə, kəndli mənəviyyatı və adət-ənənəsi ilə bağlayırdı.
Paxıl və kosmopolit ədəbiyyatçılar S.Vurğun yaradıcılığında bu xüsusiyyətləri hiss edir, lakin o zamankı rəsmi məfkurəyə zidd olan «millətçilik» kimi qələmə verirdilər. Məmməd Cəfər belə hallarla açıq diskussiyaya girməsə də, onun məqsədi belə səhvləri ortaya qoymaq idi. M.Cəfər Səməd Vurğun xəlqiliyinin, onun «Vaqif», «Fərhad və Şirin» və onlarla digər əsərlərindəki vətənpərvərlik hisslərinin bütün ədəbiyyat tariximiz baxımından qiymətli bir hadisə olduğunu ortaya çıxarırdı. Məmməd Cəfər böyük Səməd Vurğunun xəlqiliyində xalqımızın misilsiz, mərd və qəhrəman milli simasını görürdü, milli mənəvi dəyərlərimizin parlaq poetik ifadəsini axtarırdı. Məhz bunları poetik şəkildə ifadə etməyi bacardığı üçün Səməd Vurğun böyük milli şair idi. Onun yaradıcılığının vətənpərvər məzmunu bununla şərtlənirdi.
A.S.Puşkin kimi Səməd Vurğun da sadə xalq şeiri üslubuna əsaslanan yeni şeir dilinin əsas yaradıcısı və bayraqdarı idi. XVI əsrdən başlanıb gələn xalq şeiri üslubu məhz Səməd Vurğunun təsiri ilə müasir şeir yaradıcılığında şəriksiz hökmran oldu, əruzda yazmaq ənənəsi kənarda qaldı. Məmməd Cəfər göstərirdi ki, Səməd Vurğunun yaradıcılığı və poetik irsi M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı kimi klassiklərimizin davamı və inkişafıdır. Onun irsinin əhəmiyyəti sovet ədəbiyyatı çərçivələrindən çox-çox kənara çıxır. Tənqidçinin «Vaqif», «Fərhad və Şirin», «Qatır Məmməd», «Gələcək gün», «Mir Cəlal» kimi məqalələri ədəbiyyatımızda xalqçılığın bir ədəbi istiqamət səviyyəsində mövcudluğunu ortaya qoyurdu, onu ədəbi prosesin faktı kimi təhlil edib qiymətləndirir və oxucuya təqdim edirdi. M.Cəfərin şəxsi fəaliyyətində vətənpərvərlik, milli tərəqqi ideyalarına xidmət ədəbi tənqidin də prinsipinə çevrildi və tənqiddə milli cərəyanın bərqərar olmasına yol açdı.
O zamanlar xalqçılıq, marksist estetikanın kateqoriyalarından sayılırdı. Marksistlər bu anlayışı ancaq sinfi mübarizə baxımından qiymətləndirir, xalq sözü ilə varlı və kasıb sosial təbəqələri bir-birinə qarşı qoyurdular. Lakin Məmməd Cəfərin əsərlərində xalqçılığın Azərbaycan variantı yaradılırdı.
Xalqçılığın klassik irsə tətbiqi. Məmməd Cəfər cavanlığında, 30-cu illərdə marksist nəzəriyyəsini yaxşı öyrənmişdi. Lakin bolşevik rus millətçiləri xırda xalqların mədəniyyətlərinə düşmən kəsilmişdilər; SSRİ çoxmillətli ölkə idi, ədəbiyyatların milli özəllikləri araşdırılanda isə milli ovqatlar ortaya çıxırdı. Bolşeviklər belə ovqatları xırda millətçilik adlandırırdılar. Böyük Vətən Müharibəsi vaxtı vətənpərvərlik və xalqçılıq ideyalarına geniş meydan verildikdən sonra Azərbaycan xalqının tarixi və ona həsr olunmuş əsərlər geniş təbliğ olundu.
Nəticədə Azərbaycan ədəbiyyatında olan, lakin əvvəllər dilə gətirilməyən milli sima və özəlliklər üzə çıxdı.
Bu özəllikləri, min illik ədəbiyyatımızın milli simasını və xəttini gözəl dərk edən alimlərimizdən biri də Məmməd Cəfər idi. O, 30-cu illərdə evlənəndən sonra övladı olmamışdı, bütün məhəbbətini, həyatının mənasını milli ədəbiyyatımızın öyrənilməsinə vermişdi.
Məmməd Cəfər 40-cı illərin sonlarından başlayaraq, Nizami, Nəsimi, Füzuli, Axundov, Mirzə Cəlil, Zərdabi kimi klassiklərimiz haqqında məqalələr yazmağa başladı. Bu məqalələrdə artıq marksist elmin sinfi mübarizə, xalq üsyanları, allahsızlığın mədhi kimi dəyərlərini axtarmaq yox idi. Məmməd Cəfərin Azərbaycan klassiklərində axtardığı və tapıb üzə çıxardığı əsas dəyərlər ədəbiyyatla xalq taleyinin əlaqələri, klassiklərdə milli simamızın və əxlaqi dəyərlərimizin tərənnümü idi.
Tənqidçinin «Ünvansız məktub», «Bədii ümumiləşdirmə və romantika», «Açıq kitab» kimi məqalələri xalqçılıq cərəyanının manifestləri idi. Tənqidçi ən gözəl əsərlərindən olan «Füzuli sevir» məqaləsində böyük şairin kədəri barədə müxtəlif konsepsiyaları saf-çürük edir və öz konsepsiyasını irəli sürürdü: Füzuli kədəri xalq kədəridir. Dərəbəylikdən, zülmdən, cəhalət qaranlığından bezmiş köməksiz insanların yeri-göyü yandıran ah-naləsidir. Bu tənqidçinin kəşfi idi, Füzuli qəzəliyyatında böyük xalq dəyərinin tapılması idi.
Tənqidçi Nizami kimi səkkiz əsr əvvəl yaşamış klassikdə də xalqın tarixi və intellektual gücünü, onun mənəvi ölçülərinin böyüklüyünü axtarırdı.
Məmməd Cəfərə aydın olmuşdu ki, ədəbiyyatı xalqçılıq dəyərlərindən, millətin taleyindən, ruhundan ayıranda onun mənası ölür və ədəbiyyat qafiyə və söz yığınına çevrilir. Alim ədəbiyyatları xalqların milli ruhunun ifadəsi kimi anlayan Avropa romantik xalqçılarının nəzəri irsi ilə də tanış idi.
Səməd Vurğun «İnsan» dramında bəşəriyyətin gələcəyi ilə bağlı fəlsəfi problemlər qoyur, «Qalib gələcəkmi cahanda kamal?» sualı ilə öz fəlsəfi narahatlığını bildirirdi. Məmməd Cəfər bu drama, mücərrəd romantika kimi irad tutmağa çalışanlara cavab verərək deyirdi: «İnsan» dramındakı dərin fəlsəfi narahatlıq, polemika Azərbaycan xalqının yüksəlmiş milli mənlik düşüncəsinin ifadəsidir, indi xalqımız təkcə öz taleyi barədə deyil, bütün bəşəriyyətin gələcəyi miqyasında düşünür. Bu, xalqın mənəvi qüdrətidir, onun tərəqqisidir, gələcəyə boylanmasıdır.
Məmməd Cəfər üçün tənqid yazıçını tənbeh etmək, ona irad tutmaq üsulu deyildi. Alim belə xırda hisslərdən yüksəkdə idi. Onun üçün hər bir əsər və bütünlükdə ədəbiyyat xalqın ruhunun və mənəvi gücünün ifadəsi üsulu idi.
C.Məmmədquluzadə və M.Ə.Sabir kimi klassiklər Məmməd Cəfər üçün zamanla ayaqlaşmaq istəyən xalq şüurunun ən uca və müasir ifadə forması idi. Onların təhlili zamanı tənqidçi həm də xalqın yaxın tarixi və taleyi barədə öz qiymət və qənaətlərini ifadə edirdi. «Sabir vətəni necə sevirdi» məqaləsində müəllif öz oxucusuna sadə və bədii bir dillə vətənpərvərlik dərsi keçir: özünü vətənə, onun dərdlərinə həsr edən sənətkarlar əbədilik qazanır, milli sərhədləri keçərək bütün azadlıq və ədalət sevən insanların əzizi olurlar.
Məmməd Cəfərin şəxsiyyəti. Məmməd Cəfər dərin fəlsəfi biliyi və mütaliəsi olan bir parlaq şəxsiyyət idi. O, 60-cı illərdə Amerika praqmatik fəlsəfəsini də gözəl mənimsəmişdi. Bu barədə bir şey yazmasa da, 1963-cü ildən praktik və faydalı işlər görmək üçün ədəbi intriqalardan qaçıb Nizami adına Ədəbiyyat İnstitutunda adi şöbə müdiri işləyirdi. Lakin bu müddətdə onun iyirmiyə qədər qiymətli kitabları çıxmışdı. O, danışmaqdansa, konkret və faydalı işlər görməyə üstünlük verirdi.
Alim demək olar ki, danışmır, yanında söylənən ən sərt fikirlərə belə münasibət bildirmirdi. İstedadlı, şəxsiyyətli, uzaqgörən tələbələrinə kömək etməyi xoşlayır və bunu Azərbaycan ədəbiyyatına xidmət forması hesab edirdi. Heç zaman səsini qaldırmır, heç zaman heç kəsə irad tutmurdu. Qədim hind fəlsəfəsindən gələn mənəvi təkmilləşmə nəzəriyyəsinə üstünlük verir, insanların öz əməllərinə özlərinin qiymət verməsini daha doğru hesab edirdi.
Tələbələrinə əsərlər haqqında yox, bu klassik əsərlərin özünü oxumağı tövsiyə edirdi. Nəzəri və fəlsəfi əsərlərin oxunmasını, ağlı zənginləşdirən mütaliəni həmişə təbliğ edirdi. Mühazirə zamanı astadan danışır, səs salan tələbələrə irad belə tutmurdu. İmtahanda isə ancaq bir şeyi soruşurdu: biletə düşən əsəri oxumusan, yoxsa yox! Ədibin heyrətamiz laqeydliyi barədə çoxlu lətifələr vardır.
Qarabağ hərəkatı ərəfəsi fəaliyyəti. M.S.Qorbaçov 1986-cı ildən aşkarlıq və demokratikləşmə siyasəti yeritməyə başlayandan sonra ictimai elmlərdə milli cərəyanın güclənməsi üçün şərait yarandı. Yenidənqurma dövründə milli ovqatların əsas ocağı olan EA-nın Fəlsəfə, Ədəbiyyat, Şərqşünaslıq institutları əsas demokratik fikir ocaqları idi. Məmməd Cəfər hələ 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru təyin edildi. Alim Yenidənqurma ərəfəsində EA-nın İctimai Elmlər Bölməsinin akademik katibi seçildi.
Yenidənqurmaya qədər EA sistemi mühafizəkarlıq ocağı sayılırdı. M.Cəfər akademik katib olandan sonra milli ovqatlı, sərbəst düşüncəli kadrlar rəhbər vəzifələrə təyin olunmağa başladı. Yalnız bundan sonra EA xətti ilə çap olunan məqalə və kitablarda demokratik ideyalar geniş yer tutmağa başladı.
Məmməd Cəfərin rəhbərliyi ilə xalqımızın tarixi, dili, ədəbiyyatı barədə uydurma konsepsiyalara yenidən baxılmağa başladı. Akademik M.Cəfər özü xalqımızın indiki ərazilərə guya X-XII əsrlərdə gəlməsi barədə nəzəriyyəni tənqid etdi. Azərbaycan dili, ədəbiyyatı tarixində ümumtürk və islam dəyərlərinin üzə çıxarılmasında və elmi həqiqətin bərpa edilməsində Məmməd Cəfərin misilsiz elmi və təşkilati rolu oldu. Onun himayəsi və redaktorluğu ilə çıxan kitablarda bu məsələlər milli köklərə qayıtma baxımından qoyulmağa başladı.
Bu illərdə yaşı 75-ə çatmış alim heç kəsdən, o cümlədən partiya rəhbərlərindən də qorxmurdu. Sovetlərin dağılma ərəfəsində böyük alimi yuxarılar akademik-katib vəzifəsindən çıxardılar. Məmməd Cəfər ömrünün sonuna qədər Əlyazmalar İnstitutunda baş elmi işçi işlədi. Bu azad fikirli, idarəolunmaz yenidənqurma adamının sürgün yeri idi. Lakin alimin tələbə və davamçıları 1988-1990-cı il Xalq hərəkatının rəhbərləri və aparıcı adamları oldular.
Akademik Məmməd Cəfər 1992-ci il mayın 11-də Bakıda 83 yaşında vəfat etdi. Məzarı Fəxri Xiyabandadır.
Ədəbiyyat:
Əlioğlu Məsud., Məmməd Cəfər, «Azərbaycan Sovet yazıçıları», B., 1958 kitabında.
Məmməd Cəfər. Biblioqrafiya, B., 1978.
Səni kim unudar: Məmməd Cəfər Cəfərov(Biblioqrafiq göstərici) Bakı, 2003.
III FЯSИL
BƏRPA DÖVRÜNDƏ ƏDƏBİYYATDA
LİRİK CƏRƏYAN
Lirik cərəyanın təşəkkül tarixi
Müharibədən sonra ədəbi inkişafın əsas göstəricilərindən biri ədəbiyyatda lirik cərəyanın yaranması və qüvvətlənməsi idi. Bu cərəyan, hər şeydən əvvəl, ədəbiyyatın sosialist realizmi sxemlərindən uzaqlaşma yollarından biri idi. Yazıçıların çoxu, xüsusilə dünya ədəbiyyatının təcrübəsini bilən və ardıcıl olaraq öyrənənlər sosialist realizmi sxemlərinin həqiqi ədəbiyyatın təbiətinə zidd olduğunu daha dərindən anlayır, ədəbiyyatın həqiqi yoluna çıxmaq üçün yollar axtarırdılar. Sovet rejimi öz qərarları ilə ədəbiyyatın mövzularını da müəyyən edirdi, bu isə yazıçının yaradıcılıq azadlığını və istedadını buxovlayır, onu öz daxilindən gələn mövzuların işlənməsi imkanından məhrum edirdi. Öz həyat biliyindən, həyat təcrübəsindən, fitri maraqlarından gələn mövzuların yazılmasının qeyri-mümkünlüyü müəlliflərin yaradıcılıq inkişafına mənfi təsir göstərirdi.
Davadan sonra lirik cərəyanı qüvvətləndirən digər şərt konfliktsizlik nəzəriyyəsi idi. Müharibə ölkəni böyük bir xarabazarlığa çevirmişdi. 50-ci illərin ortalarına qədər ölkədə aclıq və səfalət hökm sürürdü. Adi məişət malları çatmır, insanlar hərbi paltarlarda gəzirdilər. Dilənçilik edən müharibə əlillərinin sayı-hesabı yox idi. Milyonlarla ailə, ata-analar itkin düşmüş balalarından soraq gözləyirdilər. Müharibənin dəhşətli yaraları hələ sağalmamışdı. Belə bir vaxtda sadalanan sosial məsələlər, müharibənin faciəli nəticələri ədəbiyyatdan qovuldu və onların qələmə alınması qadağan edildi. Bu qadağa sonralar konfliktsizlik nəzəriyyəsi adını aldı. Bu nəzəriyyə yazıçılara əslində gördükləri reallıqları yazmağı qadağan edir, müharibə nəticəsində insanların həyatına daxil olmuş faciəli dağıntıların ədəbiyyata gətirilməsinə imkan vermirdi. Rəsmi dövlət siyasəti yazıçılardan müharibə nəticəsində əldə edilmiş qələbənin sovet adamlarını və cəmiyyəti necə “xoşbəxt” etdiyini qələmə almağı tələb edirdi. Deməli, yazıçılardan həyatı olduğundan yaxşı, gözəl, romantik bir tərzdə qələmə alınmasını tələb edirdi. Məhz bu tələb həmin dövrdə ədəbiyyatda lirik üsluba meylli olan Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsa Hüseynov və onların yolu ilə getməyə çalışan digər cavan yazıçıların üstün mövqeyini müəyyən edirdi.
Sovet adamlarının, guya xoşbəxt həyatını göstərmək tələbi ədəbiyyatda idillik, saxtakar sentimental əsrlərin yaranmasına da şərait yaradırdı. Əslində, bu əsərlərin bir qismi də lirik cərəyanın tərkibində yaranırdı. Lakin həmin əsərlərin müəllifləri istedadsız, həyatı və insanın təbiətini bilməyən adamlar idilər. Onlar öz zəif fantaziyalarını işə salıb uydurma əsərlər yazır, yuxarıların rəsmi tələblərini icra etməklə ədəbiyyatda yer tutmağa çalışırdılar. O zaman rəsmi tənqid ictimai sifariş deyilən dövlət sifarişlərini yazan əsərləri az-çox tərifləsə də, bu əsərlərin müəllifləri indi artıq unudulmuşdur. Bu müəlliflərin fəallığı konfliktsizlik nəzəriyyəsinin özü kimi dövlətin ədəbi siyasətinin nəticəsi idi.
Lakin müharibədən sonrakı illərdə konfliktsizlik nəzəriyyəsinin təsiri M. Hüseyn, S.Rəhman, M.Süleymanov, Ə.Sadıq, Y.Şirsan, Ə.Vəliyev kimi yazıçılarla yanaşı, ədəbiyyatda əsas janra çevrilmiş oçerk janrında və onun əsas yaradıcılarının qələmində, əsərlərində özünü göstərirdi. Sumqayıt və Mingəçevir kimi yeni salınan şəhərlər barədə, əmək qabaqcılları haqqında yazılan əsərlər bu qəbildən idi.
Sovet dövrü nəsrində lirik cərəyanın tarixi 30-cu illərə gedib çıxır. Bu illərdə yeni nəsr dili formalaşırdı və bu prosesə ədəbi dilin daha qədim və zəngin ənənəsi olan şeir üslubu qüvvətli təsir göstərirdi. O biri tərəfdən nəsrin özü bir yaradıcılıq sahəsi kimi təzə idi, 30-cu illərdə yenidən yaranırdı və onun poetikliyi oxucular tərəfindən yüksək qiymət alırdı. Ənənəvi olaraq Azərbaycan ədəbi fikrində poeziyanın nüfuzu da yüksək idi və poeziyaya yaxın olan üslub daha yüksək qiymət alırdı. Nəsr təhkiyəsinin dili, ənənə kimi təşəkkülü və formalaşması bu səbəblərdən 60-cı illərə kimi davam etmişdir.
1950-ci illərdə lirik cərəyanın aparıcı mövqeyə keçməsi göstərilən səbəblərlə bağlı idi: əslində, lirika elementi 30-cu illərdən bütün nəsrin üslub axtarışlarında var idi, xüsusilə təbiət və məhəbbət səhnələri lirik bir dildə yazılırdı. Bundan başqa, 1920-30-cu illərdə yaranan yeni nəsrin və onun dilinin əsas yaradıcılarından biri olan Seyid Hüseynin nəsr dili də lirik üslubun təşəkkülünə müəyyən təsir göstərmişdir. Məlumdur ki, bizdə bədii dilin şeir üslubu həmişə aparıcı olmuş və ədəbi dilin digər üslubları ona nisbətən az inkişaf etmişdi. Bunun özü də müasir nəsr dilinin yaranmasında və inkişafında özünü göstərməyə bilməzdi: yenidən yaranan nəsr dili şeir dilinin folklor üslubundan faydalanır və bu da nəsrdə lirizmin inkişafına və ədəbi təmayül kimi qüvvətlənməsinə səbəb olurdu. M.H.Təhmasib və digər peşəkar folklorçuların nəsr əsərləri bu yöndə idi. Əslində, folklor üslubunun lirizmindən və şirinliyindən nəsr dilində istifadə etmək təşəbbüsləri 1960-1970-ci illərdə Əlibala Hacızadə, Salam Qədirzadə və digər müəlliflərin əsərlərində davam etdi. Bu nəsr təhkiyəsinin ümumi inkişafı ilə bağlı olan axtarış və eksperimentlər idi.
Seyid Hüseyndən sonra lirik cərəyanın inkişafına qüvvətli təsir göstərən yazıçı Ənvər Məmmədxanlı idi. Onun yaradıcılıq fərdiyyətinin özü romantik-lirik məzmunlu idi, ona görə sovet mövzularını yazsa belə, onun təhkiyəsi həmişə lirizmi, hətta sentimentallığa meyli ilə seçilirdi. Bu keyfiyyətlər onun həm də süjetlərində, xarakterlərində, qəhrəmanların taleyinə münasibətində qabarıq idi.
Lirik cərəyanın digər nümayəndəsi İlyas Əfəndiyev idi. O, ədəbiyyata Ə.Məmmədxanlıdan sonra gəlsə də, lirik təhkiyəli bir istedad kimi daha tez şöhrət qazandı və 1950-60-cı illərdə lirik nəsrin aparıcı yaradıcısı oldu. Ənvər Məmmədxanlı kimi İlyas Əfəndiyevin lirik üslubda yazdığı əsərlər içərisində səhnə əsərləri də böyük yer tutur. Bununla bu iki yazıçı lirik cərəyanın nəsr sərhədlərini dağıdır və dram janrında onun gözəl nümunələrini yaradırdılar. İlyas Əfəndiyevin lirik üslublu pyesləri daha uğurlu idi: onlarda yeni məzmunlu və sosialist realizmi sxemlərindən fərqli olan süjetlər, konfliktlər və qəhrəmanlar yaradılırdı.
ƏNVƏR MƏMMƏDXANLI
(1913-1990)
Həyatı və fəaliyyəti. Müharibədən sonrakı ədəbi gedişatda aparıcı xəttə çevrilən lirik nəsrin istedadlı nümayəndəsi olan Ənvər Qafar oğlu Məmmədxanlı Göycayda ziyalı ailəsində doğulmuş və altıncı sinfə qədər orada təhsil almışdır. Gələcək yazıçının on üç yaşı olanda o, ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsilini davam etdirmişdir. O zamankı Bakı mühiti və burada yaşayan savadlı və vəzifəli qohumları onun yazıçı yolu seçməsində mühüm rol oynamışlar. 1926-ci ildən Bakıda yaşayan Ənvər Sənaye Texnikumunu bitirmiş, sonra isə iki il Neft İnstitutunda oxumuşdur. 1936-1938-ci illərdə cavan ədib Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almış və sonralar kino ssenariləri yazmışdır. “Ayna” adlı kinossenarisi 1939-cu ildə ayrıca kitabça şəklində çap olunmuşdur.
Yaradıcılığı. Ədib otuzuncu illərin ortalarından yaradıcılığa başlamış və şirin hekayələri ilə diqqəti cəlb etmişdir. O yığcam, maraqlı süjetlər üzərində qurulan hekayələr müəllifidir. Onun hekayələrində insanın daxili aləmindən daha artıq onun hisslər ələmi, duyğuları, həyəcan və sarsıntıları qələmə alınır. Onun təhkiyəsi mənsur şerə daha yaxındır, yaratdığı qəhrəmanları təkcə göstərmir, həm də onlara romantik bir hissiyyatla valeh olur, onları tərənnüm edir. Yazıçını tapdığı mövzuda həmişə poetik məqamlar, lirik-romantik tərənnüm imkanı yaradan epizodlar və hadisələr maraqlandırır. Ümumilikdə, yazıçının yaradıcılığında sosialist realizmi cərəyanına məxsus ümumu mövzular üstünlük təşkil edir.
Ənvər Məmmədxanlı ədəbiyyata neft mühitini təsvir edən “Burulğan” povesti ilə gəlmişdir. Müəllif bu əsərdə neft sahəsində işlədiyi illərdə topladığı müşahidələrini ümumiləşdirməyə çalışmışdır. Yazıçı sovetləşmədən sonra neft sənayesində gedən işləri, fəhlə sinfinin əməyini tərənnüm edir. Lakin müəllif əsərdə öz doğma atasına qarşı çıxan gənc qızın obrazını yaratmaqla süniliyə, həyat həqiqətinin təhrifinə də yol vermiş və konfliktdə rus ədəbiyyatının təsiri hiss edilirdi. Digər xalqların mühitində ola bilən bir konflikt Azərbaycan mühiti üçün təbii görünmürdü.
Belə qüsurlar yazıçının digər əsərlərində də müşahidə olunurdu. Yazıçı bəzən əslində romantik əlaməti olmayan mövzuları da romantikləşdirir, onlara öz xəyallarını qatırdı. Məsələn, “Bakı gecələri” hekayəsində Yaqut adlı təyyarəçi qadının obrazı göyərçin obrazı ilə paralel yaradılır. Yaqut bir vaxtlar göydə uçan göyərçinlərə həsrət çəkir. Lakin yazıçı onun təyyarəçi peşəsinə yiyələnməsindən sonrakı həyatını onu göyərçinlərə bənzətməklə tərənnüm edir. Belə bir qədər sadəlövh romantika ədibin digər əsərlərində də var idi.
Ənvər Məmmədxanlı hekayə janrında daha artıq uğur qazanmış və iri epik formalara meyl etməmişdir. Böyük Vətən müharibəsi dövründə ədib Sovet ordusu zabiti kimi İranda olmuş, Təbrizdə çıxan “Vətən yolunda” qəzetində əməkdaşlıq etmişdir. Bu dövrdə Azərbaycan xalqının o taydakı demokratik hərəkatı ilə tanış olan yazıçı xalqın ağır vəziyyətini, sosial ziddiyyətləri müşahidə etmiş və özünün bir sıra hekayə və pyeslərində əks etdirmişdir. Cənub mövzusu Ənvər Məmmədxanlı yaradıcılığının ən qiymətli mövzusunu təşkil edir. Vətənpərvər bir unsan olan ədib müharibə dövründə gördüyü dəhşətli sosial səfaləti, milli zülmü, ana dilinin hüquqsuzluğunu əsərlərində bədii şəkildə canlandırmağa çalışmışdır.
Ədibin “Boyunbağı”, “Karvan dayandı”, “Baş xiyabanda”, “Qızıl qönçələr” kimi hekayələri o tayda apardığı konkret müşahidələrin bəhrəsidir. Məsələn, “Baş xiyabanda” hekayəsində əsas qəhrəman Təbrizin mərkəzi küçəsində dilənçilik edən uşağın obrazıdır. O, axşamacan yığdığı bir parça çörəyin bir hissəsini itlərlə bölüşür. Çünki o, şaxtalı günlərdə itlərə qısılıb yatır. Göründüyü kimi, hekayə romantik bir ziddiyyət - itlə istismar cəmiyyəti arasındakı qarşılaşdırma üzərində qurulmuşdur. Yazıçı yetim körpəyə təbii şəkildə həyan çıxan itlərin əxlaqı ilə qəddar cəmiyyətin əxlaqını qarşı-qarşıya qoyur. Romantik səciyyəli belə qarşılaşdırmada bir şişirtmə də vardır, lakin bu şişirtmə yazıçıya sosial ziddiyyətləri daha təsirli verməyə imkan yaradır.
Cənub mövzusunda yazılmış “Qızıl qönçələr” hekayəsi də yazıçının xoşladığı romantik təzad üzərində qurulmuşdur. Babasının himayəsində olan yetim qız Sürəyya xalça karxanasında işləyir. Onun hələ işləmək vaxtı deyil, amma acından ölməmək üçün işləməyə məcburdur. Babası qəza nəticəsində ölən zaman qız karxana qarşısında oturub babasını gözləyir və yerindəcə donur. Hekayənin əsas qayəsi Sürəyyanın şaxta ilə çarpışaraq daldığı xəyallarda üzə çıxır. Bu xəyallar qızın real vəziyyəti ilə ziddiyyət təşkil edir. Hekayə uşağın xəyallarından ad almışdır. Bu əsərdə də yazıçı insan faciələri içərisində romantik ülviyyət axtarır.
Müəllifin ən məşhur əsərlərindən olan “Buz heykəl” hekayəsi də belə qurulmuşdur. Əsərdə faşistlərin hücumundan qorunmaq üçün şərqə tərəf qaçan bir ana təsvir olunur. Onun qucağında ilk məhəbbətinin barı olan körpəsi var. Gecə şaxta gücləndikcə ana öz paltarlarını bir-bir soyunub körpəsinə sarır. Ana öz canı bahasına olsa da, balasının sağ qalmasını istəyir. Belə də olur. Yarıçılpaq qalan ana şaxtadan donur. Səhər əsgərlər donmuş çılpaq qadın heykəli görüb ona yaxınlaşırlar. Lakin onlar qadının qucağındakı qundaqda hələ diri olan uşağın səsini eşitdikdə dəhşətə gəlirlər. Fədakar və əzabkeş ana öz həyatı bahasına uşağını qorumuşdur. Əsgərlər uşağı xilas edirlər.
Yazıçı ana obrazı timsalında romantik fədakarlıq, ülviyyət obrazı yaratmağa nail olur. Əsər oxucuda dərin bir sarsıntı yaradır. Ananın buz heykəli insan ülviyyətinin, insan fədakarlığının rəmzinə çevrilir. Müəllif bilərəkdən əsəri artıq təfərrüatlarla yükləmir, məkan konkretliyi yaratmır: o, romantik və bəşəri ana obrazı yaratmaq istəyir və buna nail olur.
Ənvər Məmmədxanlının Cənub mövzusunda yazdığı ən qiymətli əsəri “Od içində” adlı pyesidir. 1950-ci ildə yaradılmış bu əsərdə yazıçını ədəbiyyatın milli cərəyanına meyl edən, Mirzə İbrahimovun ölməz “Gələcək gün” romanı ilə açdığı yolun davamçısı kimi görürük. Əsərdə 1946-cı ilin 21 dekabrında faciəli surətdə məhv edilmiş Milli Hökumətin tərəfdarlarına qarşı İran irticasının mübarizəsi təsvir edilmişdir. Tarixdən yaxşı məlumdur ki, S.C.Pişəvərinin başçılıq etdiyi hökumət dağılandan sonra Cənubda İran irticası xarici imperialistlərin köməyi ilə tarixdə görünməmiş amansızlıqla cəza tədbirləri aparmış, hətta insanların diri-diri basının kəsilməsi kimi vəhşi cəza növlərindən belə istifadə edilmişdi. Bu tədbirlərin gedişində 30 min azərbaycanlı fədai qətlə yetirilmiş, minlərlə insanlar həbsxanalara salınmışdı. Bu mövzuda səhnə əsri yazmaq müəllifin vətəndaşlıq şüurunun və hisslərinin nəticəsi idi.
Əsər milli azadlıq tərəfdarı olan Azərbaycanlılarla şahpərəst və irticaçı məmur və zabitlər arasındakı ziddiyyət üzərində qurulub. Təəssüf ki, belə adamlar arasında Azərbaycanlılar da olmuşdur. Xalqın milli şüurunun oyanmasından qorxuya düşmüş irticaçılar, xəfiyyələr, şərəfsiz ruhanilər bütün ölkədən Təbrizə doluşmuşlar. Onlar fədailərin təşkilatlarını, özlərini axtarırlar. Milli Hökumət zamanı azca fəallıq göstərmiş vətəndaşlara ən təhlükəli düşmən kimi münasibət bəslənir, onlar həbs edilib zindanlara doldurulur. Əsərdə milli mübarizləri təmsil edən əsas surət Azər, Kürd Demokrat Partiyasının rəhbərlərindən olan Həcar, qoca müəllim Ədalət və başqalarıdır. Azərbaycanın azadlığı uğrunda vuruşan qəhrəmanların hamısında romantik bir mətanət görürük, onlar xalq qarşısında borclarını icra etmək üçün hər şeyə hazırdırlar, qorxu və tərəddüd nə olduğunu bilmirlər. Yazıçı onları dövrün tələbinə uyğun olaraq, şüurlu inqilabçı və beynəlmiləlçi kimi qələmə almışdır. Əsərin kulminasiya nöqtəsi dar ağacı qarşısında Azərlə anasının görüşü səhnəsidir.
Qatı irticaçı və Təbrizin yeni valisi Sərhəg Ehtişami inqilabçılardan, fədailərdən intiqam almaq, onları xalqın gözündən salmaq üçün dar ağacı qarşısında Azərin anası ilə görüşünü təşkil edir. Ana bu görüşə razılıq vermir, bunun siyasi tamaşa olduğunu bilir. Amma şah nökərləri zorla bu görüşü təşkil edirlər. Lakin Azər özünü ləyaqətlə aparır və dar ağacı qarşısında sarsılmır, tərəddüd etmir. O da C.Cabbarlının “Od gəlini” pyesinin qəhrəmanı Elxan kimi vətənin azadlığı yolunda ölümü şərəf kimi qarşılayır. Əsər nikbin sonluqla, fədailərin böyük itkilərə baxmayaraq, yenidən ayağa qalxıb vətənin azadlığı, müstəqilliyi üçün mübarizə aparmaq əzminin tərənnümü ilə bitir. Əsərdə xalq içindən çıxmış Xəlil kişi, tacir Şəms, Zeyni baba və digər mübariz surətlər müəllifin nikbinliyinə haqq qazandırır.
Pyesdə bir neçə şahpərəst, qaniçən və insan sifətini itirmiş zabitlərin obrazı yaradılmışdır. Əlləri insan qanına batmış bu canilər daha artıq qan tökməklə şahın və onun ətrafının xoşuna gəlməyə, yeni-yeni rütbələr almağa can atırlar. Onlar xalqdan uzaq, eyş-işrət əsiri olan bədnam insanlardır. Bu şəxslər hakimiyyəti belə xarici dövlətlərin köməyi və iştirakı olmadan saxlamağa qadir deyillər. Xarici dövlətlərin - ABŞ-ın, İngiltərənin S.C.Pişəvəri hakimiyyətinin dağıdılmasındakı rolunu göstərməyə xüsusi diqqət verən yazıçı şahlıq rejiminin çürüklüyünü, öz xalqına düşmən kəsildiyini göstərir. Xariciləri isə, ilk növbədə, İranın neft sərvətləri maraqlandırır. Onlar ölkədəki siyasi böhranın dərinləşməsini istəyirlər, bu halda şah rejiminin onlardan asılılığı artır və onların ölkədə ağalıq etmələri üçün meydan genişlənir. Pyesdə ABŞ nümayəndələrinin dünya ağalığından, dünya birləşmiş ştatlarından danışmaları bu gün belə aktual səslənir.
Ənvər Məmmədxanlının konfliktsizlik dövründə uzun zaman oynanmış “Şirvan gözəli”(1957) pyesi isə qüsurlu idi. Burada ciddi mətləb və konflikt yoxdur: pyesdə zəif alimlər, elmin həyatdan uzaq düşməsi kimi ciddi sosial mənası və o dövrdə aktuallığı olmayan məsələlər qoyulurdu. Əsərin uğurunu o vaxt şərtləndirmiş əsas cəhətlər isə yazıçının lirik səhnələri ustalıqla yaratması, psixoloji dəqiqliyə fikir verməsi ilə bağlı idi.
Ümumilikdə, yazıçı təəssüf ki, sosialist realizmi prinsiplərinə çox zaman sadiq olmağa çalışmış, ictimai sifarişlə yaxşı əsərlər yazmağın mümkünlüyünə inanmışdır. Bu inamdan doğan qüsurları onun əksər iri əsərlərində görmək olar. Məsələn, 1950-ci illərdə daha çox təriflənən “Şərqin səhəri” (1947) pyesi belə idi. Əsərdə 1919-1920-ci illərin hadisələri bolşevik ideologiyasının inqilabi mövzuya verdiyi bütün tələbləri icra etməklə yazılmışdır. Nəticədə müsavatçılar, milli burjuaziyanın nümayəndələri, bəylər hamısı xalq düşməni kimi qələmə verilir. Amma Bakıya soxulan 11-ci Qızıl Ordu ilə əməkdaşlıq edən, xəlvəti olaraq Azərbaycandan Rusiyaya - Həştərxana neft ötürən Fərhad surəti əsil xalq adamı kimi təsvir edilir. Əlbəttə, tarixi hadisələrə belə münasibət yazıçının öz platforması deyildi. Belə münasibət Şura hakimiyyətinin yaradılması tarixinə həsr olunan bütün əsərlər üçün yuxarıdan hazırlanmış bir daimi tələb idi. Demokratik respublika dövründə Azərbaycan xalqının başına müsibətlər açan, inqilabdan sonra da bu xain işlərini davam etdirən Mikoyanın, Mirzəyanın, S.Kirovun obrazları və tarixi rolları süni olaraq müsbətləşdirilmişdir.
Ənvər Məmmədxanlı öz nəslindən olan digər yazıçılara nisbətən az yazmışdır. Onun əsas əsərləri 1934-1958-ci illər arasında yazılmışdır. Ədib təxminən qırx beş yaşından sonra demək olar ki, yeni əsərlər yazmamışdır. Yazıçının 1960-cı ildə çıxan seçilmiş əsərləri 1985-ci ildə təkrar buraxılmışdır, aradakı iyirmi beş illik fasilədə onun heç bir yeni kitabı çıxmamışdır. 80-ci illərdə yazıçı Babəkin həyatından bəhs edən roman üzərində çalışmış və “Azərbaycan” jurnalında bu romandan parçalar çıxmışdır.
Bitməmiş romanın materialları əsasında yazıçı “Babək” adlı iki hissəlik bədii film üçün ssenari yazmış və bu əsər müvəffəqiyyətlə ekranlaşdırılmışdır. Əsər 80-ci illərin sonlarında ekranlara çıxmış, böyük müvəffəqiyyət qazanmışdır. Qarabağ hadisələri ərəfəsində yazıçı xalqı gözləyən sınaqları sanki hiss etmiş, IX əsrdə xalqımızın ərəb istilasına qarşı mübarizələri ilə bağlı hadisələrin müasir səslənməsinə nail olmuşdu. Əsərin çap olunmuş parçaları da göstərirdi ki, qocaman ədib ömrünün sonlarında ədəbiyyatın milli cərəyanına tərəf gəlmiş və 80-ci illərdə bu cərəyanın aparıcı bir nümunəsini ortaya qoymuşdu. Onun milli azadlıq və müstəqillik ideyaları ilə səsləşən romanı lirik nəsrin digər görkəmli nümayəndəsi İlyas Əfəndiyevin yaradıcılığında gördüyümüz milli azadlıq ideyaları ilə səsləşirdi. Belə yaxınlıq ədəbi prosesin daxili bir qanunauyğunluğu kimi, lirik nəsrin daxili təkamülünün nəticəsi kimi diqqəti cəlb edirdi. Yaxınlaşan tarixi hadisələr bütün qələm adamlarını xalqın taleyi ilə bağlı məsələlər üzərində birləşməyə sövq edirdi.
Əsərdəki Babək obrazı tarixdə olduğu kimi din və əqidə mücahidi deyil, ilk növbədə, milli döyüşçü surəti kimi diqqəti cəlb edirdi. Ənvər Məmmədxanlının Babəki qılınc tutan qəhrəmandır, vətənin, onun torpaqlarının qoruyucusudur. Ədəbiyyatda C.Cabbarlı dövründən sonra milli döyüşçü obrazı heç zaman Babək əsərində olduğu qədər qəhrəmanlıq ruhu, milli fədakarlıq ehtirası ilə səslənməmişdi. Babək üçün torpağın şərəfi hər şeydən üstündür. O, vətən torpağı üzərində yadellilərin gəzməsini özünə və torpağa xəyanət hesab edir. Elə buna görə ərəb qoşunlarının sorağı gələm dəqiqədən o, silah götürür və ancaq düşmənlə vuruşmaq, onu milli torpaqların hüdudundan kənar etmək barədə düşünür.
Romanın ekranlaşması M.Qorbaçovun yenidənqurma siyasəti başlanandan sonra baş tutdu. Həmin vaxta qədər Moskvadakı və Bakıdakı kino məmurları milli azadlıq mövzusunda yazılmış bu əsəri şübhə ilə qarşılayır və ekranlaşdırılmasına min bir bəhanə ilə mane olurdular. Hələ 1927-ci ildə C.Cabbarlı “Od gəlini” əsərində ərəb işğalçılarına qarşı mübarizə problemini səhnəyə gətirəndə kəskin tənqidlərə məruz qalmış və millətçilikdə, hətta antirus meyllərdə günahlandırılmışdı. Çünki hər bir xarici işğal mövzusu Rusiyanı və Azərbaycanın Moskvadan idarə olunmasını yada salırdı.
Ənvər Məmmədxanlı Babəki xalqa bağlı, onun bağrından qopmuş bir vətənpərvər obrazı kimi yaratmışdır. Onun həyatının ilk dövrləri, ilk məhəbbəti, ilk uğurlu döyüşü xalqın iştirakı və köməyi ilə baş verir. Bütün əsər boyu biz Babəki xalqın içində, ondan qüvvət alan, onun sağlam adamlarına söykənən görürük. O, öz ətrafına da xalq adamlarını toplayır, onların ana torpağa məhəbbətinə inanır. Çətin ayaqda bu sadə insanlar əllərində qılınc öz canlarını belə əsirgəmir, torpaq və vətən yolunda, yadelliləri qovmaq yolunda ölməyi şərəf bilirlər.
Əsərdə Babəkin ərəb qoşunlarına qarşı mübarizəsinin parlaq səhnələri göstərilir. Epizodların əksəriyyətində qəhrəmanlıq ruhu, cəngavərlik ruhu hakimdir. Babək ərəb işğalçılarına göz verir, işıq vermir, Xilafətin böyük qüvvələrini özünə cəlb edir. Onun dağlarda yerləşən qoşunu, onun tərəfdarı olan ərazilər müharibənin iqtisadi və mənəvi-əxlaqi ağırlığına çətinliklə dözürlər, amma dözürlər və tərəddüd etmirlər. Lakin ağır döyüşlərin birindən sonra Babək xəyanət nəticəsində əsir alınır.
Ərəb Xilafətini iyirmi il gərginlik içərisində saxlayan, on minlərlə düşmən əsgərini məhv edən xalq sərkərdəsinin əsir düşməsi nəhəng dövlətdə əks-səda yaradır. Xəlifə şəxsən özü Babəki görmək üçün Bağdada gətirilməsini əmr edir. Ərəb tarixçiləri bu cəsur qəhrəmanın həbsindən edam edilməsinə qədər baş verən hadisələri təfərrüatı ilə təsvir etmişlər. İyirmi il Babəkin qarşısında gücsüz və aciz olan Xilafət sərkərdələri və Xəlifə özü onun edamından bir siyasi tamaşa düzəldir, öz düşmənlərini qorxutmaq üçün edam zamanı misilsiz vəhşiliklər edirlər. Lakin Babək bu işgəncələrə mərdliklə dözür. Özünü əsil qəhrəman kimi aparır, öz mənəvi üstünlüyünü edam taxtı üstündə də nümayiş etdirir. Əsərdəki Babək obrazı, o cümlədən böyük sənətkarlıqla canlandırılan edam səhnəsi 80-ci illərin gəncliyinə misilsiz təsir göstərmişdir. Bu təsir Azərbaycan gəncliyinin Qarabağ cəbhəsindəki güclü döyüş ruhu ilə bir daha təsdiq olundu.
Sosialist realizmi sxemlərinin ziyanlı təsirinə baxmayaraq, Ənvər Məmmədxanlının yaradıcılığı müharibədən sonrakı nəsrdə və dramaturgiyada lirik cərəyanın təşəkkülünə, onun dil və üslub sahəsindəki axtarışlarına da ciddi təsir göstərmişdir. Ədib nisbətən az yazsa da, qabarıq, özünə xas romantik-lirik üslub, həyata ülviyyət zirvəsindən baxmaq istəyi, insan fədakarlığının və əqidəsinin tərənnümü Ənvər Məmmədxanlı yaradıcılığının qiymətli keyfiyyətləri idi.
Qocaman ədib 1990-cı il dekabrın 19-da Bakıda ağır xəstəlikdən vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır.
Ədəbiyyat:
Anar. Əsərləri, III cild.“Həyatım ağrıyır” (Ənvər Məmmədxanlı haqqında
xatirə-povest), B.,2004.
Dostları ilə paylaş: |