Tarixi mövzu 1980-ci illərdə bütün ədəbiyyatda olduğu kimi, İlyas Əfəndiyevin də yaradıcılığında, xüsusilə dramaturgiyasında qabarıq şəkildə özünü büruzə verdi. “Mahnı dağlarda qaldı” (1971), “Xurşidbanu Natəvan”(1980), “Şeyx Xiyabani” (1986) kimi pyesləri yazıçının tarixi mövzuya müraciətdə də novator mövqedə durduğunu və xalqımızın tarixinə yeni, bolşevik şablonlarından azad bir şəkildə yanaşmağa çalışdığını göstərirdi. Sovetlər imperiyasının dağılma ərəfəsində xalqımızın tarixi taleyinə işıq salmaq, onun ən ibrətli səhifələrini gənc nəslə tanıtmaq, bədii fikrimizin ümdə vəzifələrindən idi.
«Xurşidbanu Natəvan». Xalqımızın taleyi və birliyi problemi İ.Əfəndiyevin ən yaxşı tarixi əsərlərindən birinin - Natəvanın həyatına həsr olunmuş əsərinin də mərkəzində durur. Pyes İlyas Əfəndiyevin tarixi dramları sırasında ən qiymətli əsərlərdən biridir. Bu əsər 80-ci illərin əvvəllərində böyük ədəbi hadisəyə çevrildi, geniş tamaşaçı auditoriyasının rəğbətini qazandı. İlyas Əfəndiyev ilk dəfə olaraq qadın surətini tarixi mövzulu dram əsərinin qəhrəmanı kimi seçmişdir. Dramın uğur qazanmasının bir səbəbi tarixi hadisələrin müasir səslənməsidirsə, digəri İlyas Əfəndiyevin yetkin sənətkarlıq məharətidir.
Xurşidbanu Natəvan tarixdə sonuncu Qarabağ xanı İbrahimxəlilin qızı, həm də təmiz və bəşəri hisslərin, müqəddəs qadın duyğularının incə nəğməkarı olan bir şairədir. Onun hüzn və kədərlə aşılanmış qəzəlləri öz ağır taleyinin, həmçinin Qarabağ xanlığının XIX əsrin birinci yarısındakı süqutunun ağrılarını ifadə edirdi. Onun əsərlərində kədər sosial səciyyə daşıyır və yazıçını da Natəvan taleyinin bu baxışları daha artıq cəlb etmişdir:
Düşəydi çərx gərdişdən olaydı dəhri-dün viran,
Bəşər tab eyləməz hərgiz zəminü-asiman ağlar
İlahi, görməsin gözlər, yaman gündür belə günlər
Aman verməz qəmü-möhnət, hamı pirü-cavan ağlar.
Ümumilikdə, dramaturqun əsas niyyəti Natəvanın həm ictimai xadim, həm də elə bağlı şair kimi romantik miqyaslı obrazını yaratmaqdır. Bütün dramaturji material, dramatik konflikt və süjet də ən çox Natəvanın taleyi üzərində qurulur. Əsərdə ondan başqa Knyaz Xasay, Seyid Hüseyn, şair Mamayı, şair Nəvvab, Qafqaz Canişini və başqa obrazlar da yaradılmışdır.
Yazıçı Knyaz Xasay obrazını da tarixdə olduğundan fərqli qələmə almışdır. Tarixdə Natəvanın Knyaz Xasayla evlənməsi Qafqaz canişini tərəfindən qurulmuş plan üzrə baş tutmuşdur. Pyesdə isə Natəvanla Xasay Canişinlikdə tanış olurlar və bir-birini səmimi surətdə sevirlər. Onların ailə həyatı da qarşılıqlı hörmət əsasında gedir, Knyaz arvadının maarifçilik fəaliyyətini himayə edir.
O, Çar Rusiyasının müstəmləkə orqanları ilə toqquşur, qadın olsa da, təslim olmur, üstəlik bacardıqca xalqın vəziyyətini yüngülləşdirən islahatlar üzərində düşünür. Natəvan 80-ci illərin əvvəllərində tarixi şəxsiyyəti təmsil edən ilk əsər qəhrəmanı idi ki, bu əsərdə xalqın ikiyə parçalanmasına etiraz edilir, Güney və Quzey Azərbaycan anlayışlarının qəbuledilməzliyi irəli sürülür. Yazıçının ustalıqla yaratdığı bu obrazın həm azadlıq tərəfdarı, həm də ictimai reformator kimi çıxış etməsi Qarabağ xanlığının tarixinə münasibətdə böyük yenilik idi və yazıçını özündən əvvəl bu mövzuya toxunanlardan fərqləndirdi.
Azərbaycanın birliyi ideyasını daha qabarıq səsləndirmək üçün yazıçı tarixdən şuşalı kimi tanıdığımız Seyid Hüseyni Təbrizli kimi vermişdir. O, İranda şahın despotizmindən qaçıb Qarabağa pənah gətirən, Natəvanın yanında qulluğa götürülən bir şəxsdir. Knyaz Xasay Natəvanın xeyir-duası ilə Dağıstana qayıtdıqdan sonra Seyid Hüseyn ağıllı, mərd bir şəxs kimi Xan Qızının dayağı olur. Seyid Hüseyn vətənpərvər bir Azərbaycanlı ziyalıdır, xalqın azadlığı və birliyi onun da həyat idealıdır.
Ümumiyyətlə, 80-ci illər sovet sisteminin böhranı dövrü idi. Bu illərdə tarixi mövzuda çoxlu əsərlər meydana çıxır və bu əsərlərdə sovet tarixşünaslığının milli keçmişə təhrifedici münasibəti yenidən saf-çürük edilir, bəzən isə açıq-aşkar təftiş edilirdi. Lakin buna da ancaq İlyas Əfəndiyev kimi böyük ədəbi nüfuzu olan qüdrətli yazıçılar nail ola bilirdilər. Bu baxımdan “Xurşidbanu Natəvan” tarixi dramında yazıçı əslində sovet dövlətinin dağılma ərəfəsində cəmiyyəti düşündürən əsas məsələ – xalqımızın azadlığı və gələcək taleyi məsələsi barədə düşünürdü. Məhz bu məsələləri “Xurşidbanu Natəvan” pyesinin əsasına qoymaqla, onun fikir leytmotivinə çevirməklə İlyas Əfəndiyev xalqımızın tarixi keçmişinə münasibət baxımından yenilikçi və cəsarətli vətəndaş kimi çıxış edirdi.
Pyesdə Natəvanın təşkil etdiyi “Məclisi-üns” və onun üzvləri də xeyli yer tutur. Bu məclis ədəbiyyat və mədəniyyət tariximizdə şərəfli bir yer tutur: onun Nəvvab, Mamayı kimi görkəmli üzvləri istedadlı şair və alim olmaqdan başqa, həm də azərbaycanın vətənpərvər ziyalıları olmuşlar. Yazıçı bu məclislərdən dövrün mütərəqqi qüvvələrini daha qabarıq vermək, xüsusilə xalqın taleyi ilə bağlı məsələləri müzakirəyə çıxarmaq üçün istifadə etmişdir.
İlyas Əfəndiyev pyesdə özünəməxsus uzaqgörənliklə Qarabağda yuva salmış mənfur erməni millətçiliyinin fitnəkar təbiətini, xalqımız üçün tarixi təhlükə olmasını göstərə bilmişdir. Sovet ideologiyası şəraitində yazıçı bu mövzunu genişləndirib çılpaq verə bilməzdi. Lakin əsərin indiki halında da buradakı Ter-Vahan surəti torpaqlarımıza göz dikən, Xristian dünyasına özünü qurban kimi qələmə verən erməni fitnəkarlığının sərrast obrazıdır. Onun yaltaqlığı, riyakarlığı, hər dəqiqə min cildə girib ağı qara kimi qələmə vermək xüsusiyyəti erməni millətçiliyinin əsas cizgiləri kimi ümumiləşir.
Natəvan surəti alovlu vətənpərvərdir, milli azadlıq və milli birlik ideyalarının carçısıdır. İlyas Əfəndiyev Natəvanın prototipinin şəxsi taleyini, yalnız Qarabağın taleyini əsas götürməmişdir. Onun yaratdığı Xan Qızı şimallı-cənublu Azərbaycanın taleyi və dərdi ilə yaşayır. İmperiyaların süngüsü ilə ikiyə parçalanmış vətəni bütöv görmək istəyir. Bu motiv pyesdə Natəvanın həm Rusiya imperiyası, həm də İran dövləti səfirləri ilə görüşlərində daha dərindən açılır və qüvvətli səslənir. Natəvan bu iki qonşu dövləti Azərbaycanın azadlığı və müstəqilliyi üçün potensial təhlükə sayır və bu təhlükələrin dəf edilməsi üçün böyük diplomatik məharət göstərir.
O öz xalqına dərin tellərlə bağlıdır, sadə kəndlilərin problemləri ona rahatlıq vermir. Qafqaz Canişini ilə görüşdə Qarabağ xanlığının bütün torpaqlarını və mülkünü tələb edəndə Canişin soruşur ki, bu qədər torpaq sənin nəyinə lazımdır? Natəvan buna cavab verir ki, “mənim xalqım var”. Bu ideya əsər boyu Natəvanın fəaliyyətinin əsas qayəsi kimi diqqəti çəkir. Natəvan məhz xalq üçün Şuşaya su çəkdirir, kəndli balaları üçün məktəb açdırır. O, əməlpərvər bir maarifçidir, ümumi təhsilin xalqın gələcəyi üçün köklü əhəmiyyətini dərindən dərk edir. Ona görə də istedadlı kəndli balalarını təhsil almaq üçün Rusiyanın böyük şəhərlərinə göndərir. Mil düzündə suvarılan əkinçiliyi inkişaf etdirmək üçün burada arxlar salmaq istəyir.
Lakin Natəvan qara qüvvələrin güclü olduğu bir mühitdədir: onu təqib edirlər, hər addımına göz qoyurlar, şəxsi həyatına müdaxilə edirlər. Ağlasığmaz şayiələr onun normal həyatını zəhərləyir. Lakin dramaturqun bu sevimli qəhrəmanı iradəcə möhkəmdir: bəzən sarsılsa da, tərəddüdlər keçirsə də, sınmır, cəmiyyətdə Xan Qızı nüfuzundan istifadə edib öz iradəsini yeritməkdə, öz islahatlarını, insanpərvər əməllərini həyata keçirməkdə davam edir. Doğrudur, onun ovqatı tez-tez dəyişir: gah bədbin, gah amiranə, gah emosional, gah da sərt olur. Lakin bu xüsusiyyətlər şairənin obrazını daha da tamamlayıb genişləndirir, ona əhatəli bir siqlət verir.
Dramaturq Natəvanın bioqrafiyasında xalqımızın XIX əsrdəki taleyi ilə bağlı məqamları pyesin fikir leytmotivinə çevirmiş, şairənin milli məzmunlu kədərinə xalqımızın azadlıq arzularını da əlavə etmişdir. Ona görə də əsərdəki Natəvan obrazı öz tarixi prototipini təkrarlamır, orijinal bədii qəhrəman səviyyəsinə qalxır və müəllifin tarixi keçmişə münasibətdə novatorluq bacarığını ifadə edir.
Bunu pyesin ilk epizodlarından müşahidə etmək mümkündür. Pyesin lap başlanğıcındakı monoloqunda Natəvan deyir: «Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsanın gözəl hisslərinin, gözəl fikirlərinin pərvazı üçün, insan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır». Bu sözlər İlyas Əfəndiyevin «Xurşidbanu Natəvan» tarixi dramındakı əsas müəllif qayəsini yığcam şəkildə əks etdirir.
“Şeyx Xiyabani” ədəbiyyatımızda Azərbaycan xalqının birliyi probleminə həsr olunmuş ilk dram əsəri idi. Sovetlər dövründə Xiyabani hərəkatına milli deyil, çox zaman dini hərəkat kimi səciyyə verilirdi, süni olaraq bolşeviklərlə əlaqələndirilirdi. Əslində isə, Xiyabani hərəkatı bu taydakı Demokratik Respublikanın bilavasitə təsiri ilə İranda azərbaycanlıların hüquqları uğrunda mübarizəyə qalxmışdı. Bu mövzu yazıçının “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” pyeslərində də bir motiv kimi vardır.
İlyas Əfəndiyev bu pyesi sovetlərin dağılmasının sürətlə özünü büruzə verdiyi bir vaxtda yazdı. Elə buna görə uzaqgörən yazıçı Şeyx Xiyabanini tarixdə olduğu kimi deyil, 80-ci illərin ikinci yarasında Azərbaycanın birliyi ideyası baxımından müasirləşdirib səhnəyə gətirir. Pyesdə o, Azərbaycanın birliyi ideyasının təbliğatçısı və mətin döyüşçüsüdür. Əsər tamaşaya qoyulduğu zaman bu ideyanın gəncliyin vətənpərvər tərbiyəsi baxımından çox böyük əhəmiyyəti vardı.
Pyesdə səslənən Xiyabani monoloqları milli qeyrət və mübarizə ehtirasları, Azərbaycan sevgisi ilə doludur. O deyir: “Ey qüdrətli Azərbaycan xalqı! Ey azadlıq vuruşlarının cəsur mücahidi! Bu alqışlar, verdiyin qurbanların səsidir. Qoy, bu qüdrətli səslər sənin ürəyində ildırımlar saçan daha güclü bir tufan qoparsın! Mənim əzablar, sitəmlər çəkmiş böyük xalqım! And olsun sənin şərəfinə! Heç bir hədə-qorxu, heç bir xain zərbə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir! Biz şəhid olacayıq, lakin bu yoldan dönməyəcəyik”.
Alovlu sözlərlə xalqa üz tutan Xiyabani oxucu və tamaşaçılar tərəfindən hədsiz bir məhəbbətlə qarşılanırdı. Bu isə yazıçının qələbəsi idi, uzaqgörənliyi idi. Cəmi iki il sonra Ermənistanın Qarabağ torpaqlarına işğalçı hücumu başlananda Şeyx Xiyabaninin bu sözləri gəncliyi torpaq uğrunda döyüşlərə səfərbər edən qüdrətli bir çağırış kimi səsləndi. Xiyabani azadlıq və müstəqillik uğrunda şəhidliyi şərəf kimi qəbul edən misilsiz bir vətənpərvər obrazı idi.
Ədəbiyyat:
İlyas Əfəndiyev, Biblioqrafik göstərici, B., 1985.
İsmaylov Y. İlyas Əfəndiyevin yaradıcılıq yolu, Elm, 1991
Salahova A. İlyas Əfəndiyev yaradıcılığının poetikası, B.,1984.
İSA HÜSEYNOV
(1928)
Həyatı və fəaliyyəti. İsa Hüseynov 1950-60-cı illərdə lirik nəsrin əsas yaradıcılarından biri olmuşdur. Onun tarixi mövzu və kinodramaturgiya sahəsində də əsərləri böyük rəğbətlə oxunur və sevilir.
İsa Mustafa oğlu Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Gələcək yazıçının atası Mustafa kişi ədəbiyyatla, saz və sözlə maraqlanan kənd müəllimi idi. İsa kiçik yaşlarından mütaliəyə meyl etmiş və orta məktəbdə fərqlənən şagirdlərdən olmuşdu. O, ciddi, müstəqil düşüncəsi olan emosional bir gənc kimi böyümüşdür. 1945-ci ildə kənd orta məktəbini bitirdikdən sonra İsa Bakıya gəlir və N.Nərimanov adına Tibb İnstitutuna daxil olur. Bu addımı atmasında onun valideynlərinin əsas rolu olmuşdu. Üç-dörd ay mühazirələri dinlədikdən sonra İsa tibbə heç bir marağı qalmadığını hiss edir. Ürəyincə olmayan təhsil onun əsəblərini də gərginləşdirir. Nəticədə gələcək yazıçı qəti qərar qəbul edib Tibb İnstitutundan çıxır və kəndə qayıdır. Hiss edir ki, kəndsiz yaşamaq onun üçün çətindir: səmimi, istiqanlı bir gənc olan İsa kəndə, oradakı doğma və əzizlərinə, qohum və qonşulara dərindən bağlı idi. Şəhərin soyuqluğu, adamlar arasındakı yadlıq və formalizm onda güclü daxili etiraz yaradırdı.
Kəndə qayıdan İsa daxili rahatlıq tapır və çox sevdiyi ədəbiyyatla məşğul olur, bu dəfə Universitetin filologiya fakültəsinə hazırlaşır, ara-sıra şeirlər yazırdı. Kəndə nə qədər bağlı olsa da o, Bakıya gedib orada təhsil almağın labüdlüyünü hiss edir: onun sinif yoldaşlarının hamısı orada ali məktəblərdə oxuyurdular. İsa da 1946-cı ilin yayında Bakıya gəlib BDU-nun filologiya fakültəsinə daxil olur. Universitetdəki dərnəklərə gedir, şeirlərini uzaq qohumu olan Mehdi Hüseynə göstərir, ədəbi mətbuatı oxumaq barədə ondan tövsiyələr alır.
1946-50-ci illərin əvvəlləri konfliktsizlik nəzəriyyəsinin geniş yayıldığı bir dövr idi. Yuxarıdakı ədəbiyyat məmurları ədəbiyyatdan ancaq tikintilərdə çalışan fəhlələrin əmək «igidliyi»ni göstərməyi tələb edirdi. Qəzetlər tikintilərdən yazılan oçerklərlə dolu idi. İsa bunları oxuyandan sonra oçerk sahəsində qələmini sınamaq qərarına gəlir: mətbuatda çıxan oçerklər ona asan bir şey kimi görünür. O, oçerklər yazmağa başlayır və bu janrda «Anadil oxuyan yerdə» əsəri yazıçı M.Hüseynin köməyi ilə «İnqilab və mədəniyyət» jurnalında işıq üzü görür. İsanın yazıb-yaratmaq həvəsi qat-qat çoxalır.
Mehdi Hüseyn onun qələmindəki səmimiyyəti hiss edir və onu himayə etməyə başlayır: BDU-nun IV kursundan o, təhsilini davam etdirmək üçün Moskvaya M.Qorki adına Ədəbiyyat İnstitutuna köçürülür. Moskva mühiti səmimi kənd uşağı olan İsanın dünyagörüşünə və mütaliəsinə müsbət təsir göstərir. Bakıya qayıdan İsa 1952-1954-cü illərdə «Azərnəşr»də redaktor işləməyə başlayır.
Moskva mühitində daha gərgin işləməyə adət etmiş İsa gecələr yorulmadan hekayə və povestlər yazır. Ədibin yaradıcılığının ilk mərhələsində konfliktsizlik nəzəriyyəsinin təsiri var idi. Hələ Moskvada oxuyarkən yazmağa başladığı «Bizim qızlar», «Dan ulduzu» kimi povestlərin qəhrəmanları onların kəndlərinin sakinləri, onun yaxşı tanıdığı kolxozçu tay-tuşları idi. Bu povestlərdə oçerkçiliyin əlamətləri çox qüvvətlidir, lakin o zaman bu, qüsur sayılmır və istehsalatdan yazmaq, ölkənin bərpası mövzusu bütün ədəbi və hətta siyasi mətbuat üçün də səciyyəvi idi.
Lakin ədəbi mətbuatı dolduran saysız-hesabsız oçerklərin içində İsa Hüseynovun əsərləri iki məziyyəti ilə - lirizmə meyl və səmimiyyəti ilə seçilirdi. Hər iki keyfiyyətin əsasında yazıçının insana, onun hissiyyat və fikir aləminə qarşı həssaslığı idi. Belə psixologizm o zamankı «istehsalat» nəsrində nadir bir hadisə idi. Cavan yazıçının şirin, yığcam, canlı danışığın şirəsi ilə zəngin olan dili həm lirik hissiyyatların, həm də psixoloji detalların bədii ifadəsini dərinləşdirirdi. Lakin mövzu baxımından cavan yazıçının povestlərində o zamankı kənd nəsrindən fərqli bir şey yox idi. Yazıçı öz kəndlərindəki kolxozu, oradakı işçilərin əmək yarışını qələmə alırdı.
«Bizim qızlar» povestinin konflikti sadədir: əmək qabaqcılı olan Minayə uşaqlıqdan deyiklisi olan oğlana ərə getmək istəmir. O, əmək cəbhəsində özünü təsdiq etdikdən sonra dəyişmişdir. Əlbəttə, gənc qızın öz uşaqlıq deyiklisindən imtina etməsi istənilən vəziyyətdə, istənilən mühitdə ola bilərdi. Lakin konfliktsizlik dövrünün təsəvvürünə görə, adi məişət faktını əməyin müsbət təsiri ilə, gənc qızın xarakterini müstəqilləşdirməsi ilə bağlamaq doğru hesab edilirdi. Ona görə yazıçının 1953-cü ildə «Bizim qızlar» adlı povestlər kitabının çıxması adi ədəbi hadisə deyildi. İsa Hüseynovun o zaman cəmi 25 yaşı vardı. İki il sonra yazıçının «Dan ulduzu» adlı ikinci iri kitabı kütləvi tirajla çapdan çıxdı.
İsa Hüseynovun ilk hekayə və povest kitabları onu lirik nəsrin istedadlı nümayəndəsi kimi tanıtdı. Belə nəsrin ilk nümunələrini hələ müharibədən əvvəl İlyas Əfəndiyev və Ənvər Məmmədxanlı yaratmışdı. Onlar adətən lirik, sentimental, gənclik hissləri ilə bağlı süjetləri daha çox qələmə alırdılar. İsa Hüseynovda isə insan hissiyyatlarının əhatəli təsviri kolxoz həyatı və əmək barədə süjetlərdə verilirdi. Bu, nəsrimizdə lirik istiqamətin, ilk növbədə, mövzu və material baxımından zənginləşməsi idi.
1960-cı ildə İsa Hüseynovun «Yanar ürək» povesti onun digər əsərləri ilə birgə kitab şəklində çap olundu və yazıçının ciddi yaradıcılıq inkişafından xəbər verdi. Burada artıq əmək mövzusu yox idi, üstəlik əsərdə lirik nəsr üçün əsas mövzu olan məhəbbət xətti aparıcı idi.
Bu illərdə İsa Hüseynov Azərbaycan yazıçılarının rus dilində əsərlərini çap edən «Literaturnıy Azerbaydjan» jurnalında nəsr şöbəsinin müdiri (1960-1964), Kinostudiyada baş redaktor (1964-1968) vəzifələrində çalışırdı. Yazıçı C.Cabbarlı adına Kinostudiyada ştatdankənar redaktor (1968-1974), 1979-cu ildən isə Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışmışdır.
İsa Hüseynov kino sahəsində çalışaraq milli kinomuzun inkişafına böyük töhfələr vermişdir. Onun ssenariləri Azərbaycan gerçəkliyini kinoya gətirmək baxımından çox uğurlu olmuş və yüksək bədii keyfiyyətləri, kinonun spesifikasına yüksək bələdliyi ilə seçilmişdir. Onun ssenariləri əsasında çəkilmiş «26 Bakı komissarları», «Ulduzlar sönmür», «Nəsimi» kimi filmlər kinomuzun klassik nümunələrinə çevrilmişdir.
Bu sırada onun ilk uğurlu işi Bakı komissarlarına həsr olunmuş ssenarisi idi. Həmin işlə İsa Hüseynovun tarixi-bioqrafik mövzu ustası olduğu meydana çıxdı. Ədib özünə, qələminə tənqidi yanaşan, tələbkar bir insan olduğu üçün 26-lar barədə filmin ssenarisini yazarkən tarixi materialları dərindən öyrənmiş və partiyalı mövzunu xalqın nöqteyi-nəzərindən işləyə bilmişdi. Bu filmin əsas uğuru orada Azərbaycan xalqının 1918-ci ildə yaşadığı faciələrin dərindən, faktlar əsasında açılıb göstərilməsi idi. Erməni-rus təcavüzünə məruz qalan, qırılan, təbii sərvətləri əlindən alınan hüquqsuz, savadsız xalq obrazı filmin əsas qəhrəmanı kimi səslənmişdi. Düzdür, əsərdə o dövrün tələblərinə uyğun olaraq, Bakı Komissarlarının da obrazları var idi. Lakin bunlar yazıçı tərəfindən doğma xalqımızın taleyi prizmasından verilmişdi.
Tarixi mövzu. «26 Bakı Komissarları» filmi İsa Hüseynovun tarixi mövzularda işləmək, sənədlər əsasında bədii filmlərin ssenarisini yaratmaq istedadını ortaya qoydu. Sonralar ona böyük dövlət xadimi N.Nərimanovun həyat və fəaliyyətindən bəhs edən «Ulduzlar sönmür» bədii filminin ssenarisini yazmağı tapşırdılar. Yazıçı artıq həmin dövrü gözəl öyrənmişdi, ona görə N.Nərimanovun bioqrafiyasını əks edən bədii film də onun ssenarisi əsasında uğurlu çıxdı. Filmdə N.Nərimanov obrazının əsas cəhəti onun maarifçi bir xalqçı olması idi. Burada milli tərəqqi ideyası Nərimanın əsas amalı kimi verilir.
Filmdə onun düşmənləri və əleyhdarları da çoxdur. Ermənilər onun xalqı üçün yanan ürəyini ləkələməyə çalışır, onu millətçi kimi qələmə verirlər. Azərbaycan İnqilab Komitəsinin sədri olarkən öz səlahiyyətlərindən, ilk növbədə, maarif və məktəbimizin inkişafı üçün istifadə edən bu böyük xalq adamı millətin savadlanması və müasirləşməsi üçün misilsiz işlər görmüşdür. Məhz bu işlərə yol verməmək üçün N.Nərimanov 1922-ci ilin sonunda Moskvaya böyük vəzifəyə aparılır. Yazıçı böyük dövlət və xalq adamının oradakı həyatının ikili xarakterini, orada da millətçilərlə toqquşmalarını və mənəvi əzablarını konkret detallar əsasında ekran dilində ifadə etmişdir.
İsa Hüseynovun tarixi mövzuda yazdığı üçüncü ssenari böyük şairimiz, mürtəcelər tərəfindən XV əsrdə qətlə yetirilmiş mütəfəkkir Nəsimiyə həsr edilmişdir. XIV əsr hadisələrini əks etdirən bu ssenarini yazmaq üçün yazıçı böyük fədakarlıqla külli miqdarda tarixi faktları və materialları araşdırmışdır. «Nəsimi» ssenarisi iki hissəli idi. Bu monumental əsərin əsas uğuru yazıçının Nəsimi bioqrafiyasında xalqımızın taleyi barədə bəhs açması idi. Ona görə ssenaridə hadisələr XIV əsrin sonu, XV əsrin əvvəllərində Azərbaycanda gedən siyasi hadisələrin - Teymur istilalarının qanlı konteksti fonunda qələmə alınmışdır.
Ssenarini yazarkən topladığı materiallar əsasında sonradan yazıçı Nəsimiyə həsr olunmuş «Məhşər» romanını yazdı. Roman 1979-cu ildə kütləvi tirajla çapdan çıxdı. Bu roman yazıçının yaradıcılığının yeni mərhələsi idi. Burada İsa Hüseynovun lirik üslubundan çox az əlamət qalmışdı. Bunun bir sıra mürəkkəb, yazıçının yaradıcı inkişafı ilə bağlı səbəbləri var idi.
Nəsimi haqda əsərin roman variantında iki yeni cəhət özünü büruzə verirdi. Bunlardan biri Azərbaycan xalqının ictimai və dini fikir tarixi məsələsi idi. Yazıçı bu yöndə ənənəvi elmdən fərqli olan şəxsi konsepsiyasını irəli sürür. Bu konsepsiyaya görə, yazıçı qədim azərbaycanlıların ilk dini kitabların yaradılmasındakı rolunu və iştirakını əsaslandırmaq istəyir.
«Məhşər» romanındakı ikinci motiv yazıçının qədim fəlsəfi məktəblərə, dini fəlsəfəyə dərin marağı idi. Bu maraq əsasında yazıçı çox maraqlı və eyni zamanda, mürəkkəb və ziddiyyətli fəlsəfi görüşlərin şərhinə gəlib çıxmışdı. İsa Hüseynov Nəsiminin mənsub olduğu hürufilik təriqətini dərindən öyrənmiş və onun yaranmasında azərbaycanlı mütəfəkkirlərin rolunu aşkarlamağa çalışmışdır.
1985-ci ildə İsa Hüseynovun tarixi və müasir düşüncələrini vəhdətdə birləşdirən «İdeal» romanı çapdan çıxmışdır. Bu romanı yazıçı özünə götürdüyü yeni təxəllüslə - Muğanna imzası ilə çap etdirmişdir. «İdeal» romanı daha bir cəhəti nümayiş etdirirdi: tarixi mövzulara keçəndən yazıçı lirik-psixoloji nəsrdən tamam uzaqlaşıb. İndi onun nəsr dili 60-cı illərdə olduğundan köklü şəkildə fərqlənirdi.
Lakin yazıçının lirik üslubdan uzaqlaşması təsadüfi deyildi: bu, onun ssenarilər yazarkən sənədli nəsr prinsiplərinə keçməsindən irəli gəlirdi. Belə keçid onun yazı üslubunu da labüd olaraq dəyişməli idi və belə də oldu. Bir cəhət isə mübahisəsizdir: İsa Hüseynov lirik nəsrdən uzaqlaşsa da, 60-cı illər ədəbiyyatında məhz bu nəsr cərəyanının rəhbərlərindən biri olaraq ədəbiyyat tariximizə daxil olmuşdur.
«Yanar ürək» povesti. Yazıçının 1958-ci ildə yazdığı bu povest həm bizim lirik nəsrdə, həm də yazıçının öz yaradıcılığında əsaslı yer tutur. Yazıçı həm «Doğma və yad adamlar» povestində, həm də yaradıcılıq axtarışlarını yekunlaşdıran əsər kimi nəzərdə tutduğu «İdeal» romanında «Yanar ürəy»in süjetinə və əsas qəhrəmanlarına yenidən qayıtmışdır.
«Yanar ürəy»in süjeti və qəhrəmanı o dövr nəsrində maraqlı hadisə və konfliktsizlik nəzəriyyəsindən prinsipial uzaqlaşma idi. Povestin qəhrəmanı Sultan Əmirli Rayon İcraiyyə Komitəsinin sədri, qocaman inqilabçı və kommunistdir. Povestdə ona qarşı qardaşı oğlu Səməd durur. Səməd yetimdir və onu əmisi böyütmüşdür, Bakıda tələbədir. Qış imtahanlarını verəndən sonra evə qayıdan Səməd ilk məhəbbəti olan Gülgəzi əmisi evində onun arvadı kimi görür. Əsər belə həlledilməz ziddiyyət əsasında qurulmuşdur.
Səməd tipik lirik nəsr qəhrəmanıdır: o hissiyyatlı, emosional bir gəncdir. İlk məhəbbəti onun üçün müqəddəsdir. O biri tərəfdən Səməd əmisi Sultan Əmirlini də dünyalar qədər sevir. Beləliklə, Səməd klassik sentimental qəhrəmanları xatırladır: onda borc və sədaqət hissləri sevgi hissləri ilə bərabərdir. Əmisi, rayonun ikinci rəhbər şəxsi onun sevgilisi Gülgəzi zorla özünə arvad etsə də, qızı yerində olan gəncin taleyini sındırsa da, Səməd əmisinə nifrət edə bilmir, o yalnız iztirab çəkir, əmisi arvadı rolunda olan Gülgəzlə görüşməkdən çəkinir.
İsa Hüseynovun yaratdığı lirik qəlbli Səməd obrazı dövrün aparıcı lirik qəhrəmanlarından fərqlidir: İlyas Əfəndiyevin lirik nəsrinin əsas qəhrəmanları xəyalpərvər gənc qızlar idi, yazıçı onların məhəbbət və tale axtarışlarını qələmə alırdı. Amma İsa Hüseynov nəsrində lirik məhəbbət üçbucağında iki rəqib kişi və bir qadın durur, həm də qadınlar bu üçbucaqda aparıcı deyil. Səməd sevən, lakin nifrət etməyi bacarmayan kəndli gəncdir. Onun bütün dəyərləri kənd əxlaqının və tərbiyəsinin təmənnasız sadəliyindən gəlir.
Sultan Əmirli surətində stalinist rəhbərlik üsullarının və psixologiyasının tənqidi aşkar duyulur. Nüfuzlu ağsaqqal kimi onda feodal özündən razılığı çox güclüdür. Səmədin sevdiyi bu əmi öz qəddarlığını bütün hallarda ədalətli sayır. O vəzifədə olmağa, adamları idarə etməyə, onların üstünə qışqırmağa o qədər öyrəşib ki, özünə nəzarət hissini itirib. O, stalinizmin bir uzaq rayonda balaca timsalıdır. Maraqlıdır ki, İsa Hüseynovun gənc qəhrəmanı ilk məhəbbətini oğurlayan bu feodaldan ancaq inciyir, ona qarşı mübarizə niyyəti ilə heç bir addım atmır və ya qərar qəbul etmir.
Öz məhəbbət rəqibinə belə ikili münasibət süjeti «İdeal» romanında da qalmışdır: hətta sonuncu variantda Səmədin öz əmisinə pərəstiş hissləri bir qədər də dərinləşir, yazıçı ona bəraət qazandırmaq dərəcəsinə yaxınlaşır. Burada biz Sultan Əmirlini həm də milli idealların və dəyərlərin daşıyıcısı kimi görürük. O, Azərbaycan dini-fəlsəfi fikri tarixində xüsusi yeri olmuş Ərdəbil şeyxləri ailəsinin davamı kimi təqdim olunur. Əsərdəki bu xətt yazıçının tayfa köklərinə pərəstiş ideyalarına bağlı olduğunu təsdiqləyirdi.
Dostları ilə paylaş: |