Yeni proletar kadrlarının ədəbiyyata gəlişinin xüsusiyyətləri. Cavan proletar şair və yazıçılarının tam əksəriyyəti ədəbiyyata təqlid yolu ilə gəlirdilər. Onlar rus mətbuatındakı proletkultçuların - D.Bednı, V.Mayakovski kimi şairlərin şeirlərini oxuyub onlara təqlid edirdilər. Əsas mövzular fəhlə inqilabı, Leninin tərifi, sovet rejiminin yaxşılığı idi. Poeziyada bu təqlidçilik daha qüvvətli idi.
Bir çoxları rus şairlərini tərcümə edir, bəziləri Mayakovskiyə təbdillər yazırdılar. Nəticədə qafiyə və qafiyəli klassik şeir gözdən salındı və istehza ilə «əski ədəbiyyat» adlandırıldı. 20-ci illərdə yanlış bir təsəvvür yayıldı: yeni proletar poeziyası qafiyəsiz olmalıdır. Belə təsəvvürlər ədəbi savadı olmayan, təsadüfi adamların ədəbiyyatda möhkəmlənməsi üçün əlverişli idi. Kimin və necə yazması mühüm deyildi: əsas o idi ki, nə isə yazılsın və məmurlar Moskvaya hesabat versinlər.
Şairlər və yazıçılar rus sovet şairlərinə təqlid edəndə, adətən bunu rus fəhlə yazıçılarından öyrənmə adlandırırdılar. Belə səbəblərdən cavan proletar kadrları ilk addımlardan təqlid üsulu ilə yazıb-yaratmağa başladılar. Onların oxumaq üçün, öz üzərlərində işləmək üçün, öz üslublarını və mövzularını tapmağa vaxtları yox idi. Mətbuat onları hazır və yeni kadrlar kimi tərifləyirdi. Bundan əlavə onlar bir neçə vəzifə tutur, qəzet və jurnallarda işləyir, müəllimlik edirdilər.
Proletar kadrların ikinci xüsusiyyəti onların üslubdan və qabarıq yaradıcılıq fərdiyyətindən məhrumluğu idi. O zaman bu keyfiyyətləri heç kəs onlardan tələb etmirdi. Amma yaxşı məlumdur ki, həqiqi yazıçının öz üslubu, öz qəhrəmanları, öz mövzuları olmalıdır. Lakin sosialist realizmində bunlar ümumi idi.
Məsələn, qəhrəman məsələsini götürək. O zaman hesab olunurdu ki, kapitalizmi dağıdan və onun əvəzində sosializm quran inqilabçı fəhlədir. İnqilabçı tənqidçilər belə fəhləni “yeni insan” - yəni köhnəni dağıdıb yerində yeni cəmiyyət quran adam adlandırırdılar. Məhz belə insan, belə qəhrəman sosializm realizmi məcrasında yaranan ədəbiyyatın ümumi qəhrəmanı olmalı idi. Bu qəhrəman bütün yazıçılarda təkrarlanırdı və bunda heç bir qüsur görən yox idi.
Yeni dünya quran bir şəxs kimi qələmə verilən bu qəhrəman iki cür idi. Birincisi fəhlə hökumətini (sovet rejimini) quran qabaqcıl fəhlə idi. Belə fəhlə bütün əsərlərdə ya fəhlə uşağı, ya da kəndli balası idi. Bu sadəlövh uşaq inqilaba qoşulub bərkiyir, kasıb siniflərin dostuna, varlı siniflərdən olan insanların qəniminə çevrilir. Belə adamlar qəhrəmanlar bolşeviklərin hakimiyyəti ələ almasını göstərən bədii əsərlərdə əsas rol oynayırdı.
İkinci tip qəhrəman, sovet rejimi qurulandan sonra mübarizəyə atılan fəhlə və kəndlilər idi. Onlar çox vaxt kəndi kollektivləşdirmək üçün kəndə gedirdilər: C.Cabbarlının Alması, S.Rəhimovun Saçlısı, M.İbrahimovun Həyatı belə qəhrəmanlar idi. Onlar yeni insan adlanır, yeni həyatın qurucusu sayılırdılar. Əslində isə, kənddə heç bir quruculuq yox idi. Sovet hökuməti bütün hər şeyi zorakılıqla, silah gücünə edirdi. 30-cu illərin əvvəllərində kolxoz quruculuğu kampaniyasında milyonlarla ortabab və varlı kəndlilər sürgünə və həbsxanalara göndərilirdi. Lakin sosialist realizmi cərəyanı milyonlarla insanın faciəsindən yan keçir, bu halları qeyri-tipik adlandırırdı. Amma şəhərdəki zavodlardan kəndə göndərilən, orada kolxoz quran və sədrlik edən adamlar əsil qəhrəman və tarixi həqiqətin daşıyıcısı sayılırdılar.
30-cu illərdə yeni proletar yazıçı kadrlarının yaratdıqları qəhrəmanlar belə idi. Lakin müharibədən sonra bu qəhrəmanların aktuallığı azaldı. Rəhbər partiya sənədləri isə yazıçılardan ölkədə gedən bərpa işlərini göstərməyi tələb edirdi. Ona görə, yaşlı nəslə məxsus yazıçılar inqilabi-tarixi mövzularda yazmağa başladılar. S.Rəhimov, M.Hüseyn, M.Cəlal yaradıcılığında belə mövzular xeyli yer tuturdu.
İnqilabi mövzu - əslində tarixi mövzu deyildi. İnqilabi tarixi mövzulu əsərlərdə azərbaycanlı bolşeviklərin obrazları yaradılırdı və buna tarixi mövzu adı verilirdi. Əslində isə, belə əsərlərdə Azərbaycan xalqının tarixi deyil, Azərbaycan bolşevik partiyasının tarixi, bu partiyanın fəaliyyəti işıqlandırılırdı. Belə əsərlərin əsas məqsədi Azərbaycan xalqının, guya sosializm yolunu şüurlu olaraq seçdiyini göstərmək idi. Bu isə tarixi həqiqətin təhrifi demək idi: marksizm və kommunist ideyaları Azərbaycan mühitinə yad idi, çünki ölkənin əhalisi savadsız idi, belə şəraitdə isə marksizmin yayılması qeyri-mümkün idi.
Azərbaycanda islamçı və türkçü partiyalara maraq güclü idi və sovetləşməyə qədər iki güclü partiya var idi: Müsavat və İttihad partiyaları. Lakin inqilabi-tarixi mövzuda yazılan əsərlərdə bu partiyaların adı belə yox idi. Səbəb isə o idi ki, bolşeviklər zorla xalqa bu partiyaların mövcud olduğunu unutdurmaq istəyirdilər. Bunun üçün inqilabın tarixi barədə yazılan əsərlərdə ancaq bolşeviklərin surətləri yaradılır və onların siyasi fəaliyyəti göstərilirdi. Belə əsərlər bolşeviklərin uydurma tarix yaratmaq cəhdlərinin bir hissəsi idi.
20-30-cu illərdə mövzu məsələsinə birinci dərəcəli əhəmiyyət verirdilər. Bu səbəbsiz deyildi: bolşeviklər onları tərifləyən, xilaskar və ədalətli tarixi qüvvə kimi qələmə verən əsərlərin yazılmasını istəyirdilər. Üstəlik belə əsərlər mövzuca inqilabi adlanırdı. Mövzuya birinci dərəcəli əhəmiyyət vermək ədəbiyyatı adi təbliğat alətinə çevirmək üsulu idi. Bu halda yazıçının istedadı, yazılan əsərin bədii səviyyəsi, dil və forma gözəlliyi tamam kənarda qalırdı. Deməli, bədiilik qanunları bir kənara atılırdı. Amma bolşevik ədəbiyyat məmurları bunun fərqinə varmırdılar. Onlar üçün ədəbiyyata qarşı əsas tələb onları maraqlandıran fikirlərin bədii formada təbliği idi. Proletar kadrları da bunu edir, sxematik, publisist məzmunlu, ölü süjetləri yazıb uydururdular. Elə bu səbəbdən həmin əsərlərdə nə tarixi həqiqət, nə də bədii həqiqət ifadə oluna bilmirdi. Yeni proletar ədəbiyyatı, sosialist realizmi adına jurnallarda çap olunan əsərlərin əksəriyyəti bolşevik fikirlərini təbliğ edən zəif, sönük publisistik sxemlər idi.
Birpartiyalı totalitar sistemdə yaradıcı adamlar bu vəziyyətin nəticəsi kimi ağır, faciəli vəziyyətdə qalırdılar. Heç bir yazıçı və şair öz ürəyindən gələn mövzu və süjetləri qələmə ala bilmirdi. Qələmə alanlar isə onları çap etdirə bilmirdilər. Bütün qəzet və jurnalların redaktorları və əməkdaşları cavan proletar kadrları idi. Onlar klassik ədəbiyyatın adını belə eşitmək istəmir, onlara yuxarıdan tapşırılmamış mövzuda olan əsərləri yaxına qoymurdular. Həqiqi ədəbi yaradıcılıq azadlığı insanların əlindən alınmışdı. Əgər yazıçı olmaq, çap olunmaq istəyirsənsə, onda sən də bolşevik partiyasının mövzularını işləməlisən, yox əgər işləmək istəməsən, onda yazıçı olmaq, əsər və kitablarını çap etdirmək iddialarından əl çəkməlisən. Sosialist realizmi cərəyanı ölkədəki yaradıcı adamları belə seçimsiz vəziyyətə salmışdı.
1920-30-cu illərdə H.Cavid, C.Cabbarlı, S.Hüseyn, A.Şaiq, M.S.Ordubadi kimi yaşlı yazıçılar toxunduqları mövzulara müstəqil yanaşır və inqilabdan qabaq qazandıqları nüfuzdan istifadə edib əsərlərini ortaya çıxara, çap etdirə bilirdilər. Bolşevik sxemlərinə əməl etmədikləri üçün, müəyyən yaradıcılıq sərbəstliyini saxladıqları üçün onların əsərləri bədii əhəmiyyət kəsb edir və Azərbaycan ədəbiyyatını zənginləşdirirdi. Məhz onların fəaliyyəti 20-30-cu illər ədəbiyyatının milli simasını saxlayır, ədəbi prosesdə xüsusi milli cərəyan kimi fərqlənirdilər. Təsadüfi deyil ki, cavan proletar kadrları inqilabdan əvvəl yaradıcılığa başlamış yazıçıları rişxəndlə «cığırdaş» adlandırırdılar. Bunun mənası bolşevik kadrların yoluna, çağırışına qoşulanlar demək idi.
Yaradıcılığa inqilabdan əvvəl başlayan yazıçılar da bolşeviklərlə əməkdaşlıq edirdilər: lakin onlar əsər yazanda bədiilik tələblərinə, öz yazıçı istedadlarına sadiq qalmağa çalışırdılar. Mövzu baxımından isə yaşlı nəsil bolşevik sxemlərinə demək olar ki, müraciət etmirdilər. Edəndə isə həqiqi bədii əsər yazmağa çalışırdılar. Proletar kadrları üçün bədiilik yox, partiyanın sifarişlərini, aktual sayılan mövzuları işləmək və pul qazanmaq əsas idi. Ona görə proletar kadrlarının 20-30-cu illərdə və sonralar yazdıqları aktual mövzulu əsərlərin çox az bir hissəsi bu gün ədəbi əhəmiyyətini saxlayır.
Sosialist realizmi cərəyanının əsas nümayəndələri. Sovet dövründə yazılan dərsliklərdə və ədəbiyyat tarixlərində fəhlə və kəndli sinfi içərisindən çıxmış, proletar ədəbiyyatının banisi sayılan S.Rəhimov, Ə.Vəliyev, S.Rəhman, Ə.Əbülhəsən, S.Rüstəm, M.Rahim kimi yazıçıların yaradıcılığı daha geniş işıqlandırılırdı. Mövcud ədəbiyyat tarixlərində onlar barədə kifayət qədər məlumat vardır. İndi müstəqillik şəraitində isə sovet vaxtı yaranmış ədəbiyyatın bütün məktəb, cərəyan və üslublarının obyektiv işıqlandırılması zərurəti yaranmışdır. Bunu nəzərə alaraq, aşağıda sosialist realizmi cərəyanının əsas nümayəndələrinin müharibə və bərpa illərindəki yaradıcılığı barədə məlumat veririk.
SÜLEYMAN RƏHİMOV
(1900-1983)
Həyatı və fəaliyyəti. Sosialist realizmi məcrasında yazan ən məhsuldar və tanınmış nasirlərdən biri Süleyman Rəhimovdur. O, dövrünün yazıçıları içərisində ən çox yazan yazıçı olmuş, sovet dövrü nəsrində epopeya janrının banisi sayılmışdır.
Süleyman Rəhimov Zəngəzur qəzasının (Qubadlı) Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bir qədər mollaxana təhsili almış, sonra isə 1912-ci ildə Qubadlıda rus-tatar məktəbində oxumuşdur. Bu məktəbdə rus dili əsas təhsil dili sayılır və yaxşı tədris edilirdi. Balaca Süleyman təhsil müddətində bu dili az-çox mənimsəyə bilmişdi və bu, gələcəkdə onun proletar yazıçılarına qoşulmasına kömək oldu. Bu dil həm komsomol, həm də partiya işində irəli getmək üçün əsas vasitə idi.
Süleyman Rəhimovun bioqrafiyası proletar kadrları üçün çox səciyyəvi olan xətlə inkişaf etmişdir. Yazıçının 1920-ci ilə qədər olan həyatı haqqında məlumat azdır, bu məlumatlarda onun kənddə həm də mal-heyvan otardığı göstərilir. 1920-ci ildə Sovet hakimiyyəti qurulan zaman o, Qubadlı İnqilab Komitəsində işləmişdir. Onun buraya təyinatında şübhəsiz ki, Bakı neft mədənlərində işləmiş Yuxarı Qarabağlı bolşeviklərin rolu olmuşdur, çünki Qubadlıda o zaman inqilabi hərəkat yox idi. Amma “Azrevkom”un Hərbi-dəniz işləri komissarı Çingiz İldırım əslən Qubadlıdan idi.
Ucqar dağ qəzalarındakı inqilab komitələri əsasən 11-ci Qızıl Ordunun əsgərlərindən, qismən də silahla yeni rejimi müdafiə etməyə çalışan könüllülərdən ibarət olurdu. Onlar Demokratik Cümhuriyyətin dövlət qurumlarını dağıdıb ləğv edir, çox zaman fəalları tutub qalan əhalini qorxutmaq üçün güllələyirdilər.
Yeni yaranmış rejim möhkəmlənən kimi xeyirxahları Süleymana təhsilini davam etdirməyi məsləhət gördülər. Onu xeyirxah himayə və bolşevik partiyasında yüksəliş gözləyirdi. 1921-ci ildə Süleyman yeni rejimin Şuşada açdığı qısa pedaqoji kurslarda təhsil aldı və nəticədə ibtidai sinif müəllimliyi ixtisasına yiyələndi.
1921-1925-ci illərdə Süleyman İndiki Zəngilan, Laçın, Qubadlının kəndlərində müəllimlik etdi, sonra isə məktəb direktoru oldu. O, hər il kənd müəllimləri üçün açılan ixtisasartırma kurslarında savadını artırır, paralel olaraq komsomol hərəkatına qoşulur, çalışdığı kəndlərdə komsomol özəkləri təşkil etməyə çalışırdı. Süleyman Rəhimov 1924-cü ildə bolşeviklərin partiyasına üzv olur və Qəza Maarif şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir. O zaman bolşevik hökuməti savadsızlığın ləğvi üçün kampaniya aparırdı. Müəllim çatışmırdı. Ona görə də Süleyman kursu bitirən kimi Qubadlıya məktəb müdiri təyin olunur. 1929-cu ildə Şuşa Pedaqoji Texnikumuna direktor təyin edilən yazıçı burada bədii ədəbiyyatla, yaradıcılıqla məşğul olmağa başlayır. Bu zaman onun 29 yaşı var idi.
Gələcək yazıçı 1928-ci ildə Bakıya göndərilir və Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almağa başlayır. O, eyni zamanda pul qazanmaq üçün Bakının fəhlə rayonlarında savadsızlığı ləğvetmə kurslarında müəllimlik edir, fəhlə yazıçıların və jurnalistlərin hərəkatına qoşulur. Bu illərdə Bakı ədəbi mühitində, mətbuatında əsas mübarizə bolşeviklərin müsavatçı milli ziyalıları ləğv etməsi uğrunda gedirdi. Süleyman bunu iştirak etdiyi hər yığıncaqda, hər mitinqdə görür, kənddən təzə çıxmasına baxmayaraq, bolşevik partiyasının cavan komsomolçulardan nə tələb etdiyini başa düşürdü. O dövrdə fəhlə mətbuatı müsavat tərəfdarlarının ifşasını işıqlandıran materiallarla dolu idi.
Oxuduğu bu qəzet materiallarının təsiri ilə Süleyman 1930-cu ildə “Şamo” romanının ilk variantını yazdı və bu kitab 1931-cı ildə “Azərnəşr”də 118 səhifəlik nazik cildli bir kitab halında nəşr olundu. Cavan yazıçı bu əsərdə öz iştirakçısı olduğu hadisələri - Qubadlı İnqilab Komitəsinin əsgəri kimi müsavat rejiminin ləğv edilməsi uğrunda qanlı vətəndaş müharibəsini qələmə almışdı. Demokratik Cümhuriyyətin fəalları burada sinfi və milli düşmən kimi, xainlər kimi təsvir edilirdi. Hər iki tərəfdən olan hərbi və silahlı qəddarlığı yazıçı öz gözləri ilə görmüşdü. O zaman Azərbaycanlı kadrlara inanmayan, onlara şübhə ilə baxan erməni-rus bolşevikləri əlində silah müsavat rejiminə qarşı vuruşmuş kadrlara böyük etimad göstərirdilər.
Ona görə keçmiş qızıl əsgər Süleyman Rəhimov mübariz bolşevik kimi diqqət mərkəzində idi. 1932-ci ildə universiteti bitirəndən sonra partiya karyerası üçün onun hər şeyi vardı: qızıl əsgər, komsomol qurucusu, ali təhsil diplomu, zəhmətkeş kəndli sinfinə mənsubluq. 1932-ci ildən sonra Süleyman Rəhimov partiya işinə keçirilir, Şahbuz, Noraşen, Samux və Laçın rayonlarında təbliğat və təşviqat şöbələrində çalışır. Bu etimad onun 1931-ci ildə çap olunmuş “Şamo” romanındakı bolşevik mövqeyinə görə idi. Əsərdə kasıb kəndli sinfi ilə varlı mülkədar və bəy sinfi arasında qanlı mübarizə o zamankı hakim partiyanın sxemlərinə uyğun təsvir edilir, müsavat hərəkatına yaxın adamlar xalqa qarşı qüvvələr kimi qələmə verilirdi.
1930-cu illərdə bolşeviklər əsasən türk millətçiliyinin qalıqları və nümayəndələri ilə mübarizə aparırdılar. Süleyman Rəhimov bu mübarizədə düşmənə qarşı sərt xəttin tərəfdarı idi. Bu ideyaların kökləri 1910-cu illərin milli hərəkatı və Demokratik Cümhuriyyətin aparıcı şəxslərinin fəaliyyəti ilə bağlı idi. Az-çox savadı olan Bakı ziyalılarının hamısı bu hərəkatda iştirak etmiş, bu hərəkata az-çox bağlı olmuşdu. Lakin repressiyalar dövründə onların fəalları həbs edildi. O biri tərəfdən, bolşevik hərəkatında iştirak edənlərin özlərindən də həbs edilənlər bu millətçi hərəkata aid edilir və istintaq zamanı tətbiq olunan fiziki işgəncələrlə onların guya öz günahlarını etiraf etməsinə nail olunurdu.
1937-ci ilin payızında Süleyman Rəhimov da həbs edilir və onun həbsi Laçın Partiya Komitəsi katibinin müavini olduğu dövrə aid epizodlarla əlaqələndirilir. Yazıçının istintaqı bitib məhkəmə gözlədiyi vaxtda nüfuzlu himayədarlardan kimsə ona əl uzadır: nüfuzlu adamların köməyi ilə haqqında olan cinayət işinə yeni bəraətverici ifadələr əlavə edilir və onun işinə xitam verilir. O, zaman bu, nadir hadisə idi, tutulanların tam əksəriyyəti güllələnirdi. Azad ediləndən sonra S.Rəhimov Noraşen rayon Partiya Komitəsinin birinci katibi olur.
1938-ci ildə o, Maarif Komissarlığının repertuar şöbəsinin müdiri, bir qədər sonra Yazıçılar İttifaqının sədri (1939-1940) seçilir, sonra isə Bakı Partiya Komitəsinin Təbliğat şöbəsinin müdiri olur. Süleyman Rəhimov müharibədən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-maarif Müəssisələri Komitəsinin sədri, fasilələrlə daha iki dəfə Yazıçılar İttifaqının sədri olur. Birinci dəfə bu, 1944-1945-ci illərə, ikinci dəfə isə 1954-1958-ci illərə təsadüf edir.
Süleyman Rəhimov 1958-ci ildən sonra N.S.Xruşşov reformalarına uyğun olaraq köhnə stalinçi kadrlara aid edilir və partiya işindən uzaqlaşdırılaraq ancaq yazıçılıq fəaliyyəti ilə məşğul olur.
Yazıçı partiya qarşısındakı xidmətlərinə görə üç dəfə Lenin ordeni ilə təltif edilmiş, 1975-ci ildə anadan olmasının 75 illiyi münasibəti ilə Sosialist Əməyi Qəhrəmanı adını almışdır. Ədib 1983-cü ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Yaradıcılığı. Süleyman Rəhimov böyük bir irs qoyub getmişdir. Onun yaradıcılığının fəal dövrü Böyük Vətən Müharibəsindən sonraya, partiya işindən nisbətən uzaqlaşdığı dövrə təsadüf edir. O zamanlar partiya faktiki olaraq dövlət hakimiyyəti orqanı idi və orada işləməklə yaradıcılıq uyğun gəlmirdi, qələmə sarılmaq üçün az vaxt qalırdı.
Mövzu baxımından yazıçı sosialist realizmi cərəyanına məxsusdur. Onun əsas mövzusu sovet hakimiyyəti uğrunda inqilabi mübarizə və vətəndaş müharibəsinin təsviri ilə bağlıdır. Bu onun yaradıcılığının əsas mövzusudur. Bundan başqa, onun qadın azadlığı, mədəni inqilab və qadınların sosialist həyatına qoşulması mövzusunda əsərləri vardır. Bu, Cəfər Cabbarlıdan, mədəni inqilab hərəkatından gələn bir mövzu idi . Məhz “Almas”, “Yaşar “ pyeslərinin təsiri ilə sonralar Əbülhəsənin “Yoxuşlar”, Əli Vəliyevin “Qəhrəman”, Mehdi Hüseynin “Tərlan”, Mirzə İbrahimovun “Həyat” kimi əsərləri yaranmışdır. Süleyman Rəhimov da bu mövzudan yan keçə bilməmiş, bu barədə iki iri roman yazmışdır. İki kitablıq “Saçlı” romanını yazıçı müharibə illərində ərsəyə gətirmişdi. Romanın birinci kitabı 1944-cü ildə, ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. “Saçlı”nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur.
Süleyman Rəhimov özü mədəni inqilab dövrünün əsgərlərindən və fəal iştirakçılarından biri olmuşdur. Bu inqilabın əsas qərargahı yeni sovet məktəbləri idi. Yazıçı isə bu məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları yazıçı əvvəlcə “Saçlı”da qələmə aldı. Amma bununla kifayətlənməyib 60-cı illərdə təzədən bu mövzuya qayıtdı və iki kitablıq “Ana abidəsi” romanı ilə mövzunu davam etdirdi. “Ana abidəsi”nin birinci kitabı 1967-ci ildə çapdan çıxdı.
Yazıçının yaradıcılığının mövzu baxımından maraqlı bir xətti də Zəngəzur folkloruna, xalq qəhrəmanlıq dastanlarına, el nağıl və əfsanələrinə həsr edilən əsərləridir. Bunlar əsasən 60-cı illərdən sonra yazılmışdır. Bunlara onun Qaçaq Nəbi və başqa xalq qəhrəmanları haqqında süjetlər əsasında yazdığı əsərləri - “Güzgügöl əfsanəsi”, “Kəsilməyən kişnərti”, “Məhtaban” kimi nağıl povestləri misal ola bilər.
Yaradıcılığının yetkin vaxtlarında yazıçı əsasən folklor süjetləri əsasında işlədiyi əsərlərini ortaya qoyurdu. 1981-ci ildə Süleyman Rəhimovun bu mövzuda iki kitabı işıq üzü gördü: biri uşaqlar üçün yazılmış “Bülbül əfsanəsi” kitabçası, o biri isə “Əfsanələr” adlı 160 səhifəlik kitab idi. Qocaman ədibin yaradıcılığına folklor süjetləri ilə yekun vurulması maraqlı bir fakt idi və dövrün ədəbi prosesində bu tendensiya digər yazıçılarda da var idi.
Müasir nəsrin inkişafı baxımından yanaşdıqda, yazıçının xalq ədəbiyyatı süjetləri əsasında yazdığı əsərləri onun yaradıcılığında həm həcm, həm də bədii sanbal baxımından ən qiymətli yeri tutur. Görünür, əlli ildən artıq yaradıcılıq yolu yazıçıda zamanın tələblərinə uyğun yaradıcılıq qənaətləri yaratmış və onu həmişəyaşar mövzulara əl atmağa sövq etmişdir.
Süleyman Rəhimovun əsərlərinin dördüncü mövzu sahəsi də satira və gülüşlə, Molla Nəsrəddin ənənələri ilə bağlıdır. Bu sıraya daxil olan “Uğundu” romanını yazıçı sovet bürokratlarına, kontorlara doluşan tamahkarların tənqidinə həsr etmişdir. Satirik üslublu “Piqulunun kürkü” povesti süjet cəhətdən xalq içərisində gəzən gülməli və ibrətamiz süjetlərə yaxındır.
Yazıçının əsas əsəri “Şamo” romanı sayılır. Beş qalın cilddən ibarət “Şamo” epopeyasını o, 47 il ərzində yazmışdır. Bu əsər iki səbəbə görə ona əziz idi. Birincisi, burada onun yazıçı kimi yaxşı bildiyi və iştirak etdiyi vətəndaş müharibəsi mövzusu vardı. 1930-cu illərdə bu mövzu həm də millətlərin bolşevik partiyasının rəhbərliyi ilə milli azadlığa və sosialist tərəqqisi yoluna çıxmasını əks etdirən bir mövzu sayılırdı. Sovet yazıçılarının ilk nəslinə məxsus ədiblərin hamısı - Mixail Şoloxov, Aleksandr Fadeyev, Muxtar Auezov və başqaları bu mövzu ilə məşhur və hörmətli olmuşdular. Süleyman Rəhimov özünü onların sırasına aid edirdi. İkinci tərəfdən, inqilabçı fəhlə və kəndli surəti yaratmaq tələbi 30-cu illərdə proletar ədəbiyyatı nəzəriyyəsinin əsas tələbi idi. Ona görə demək olar ki, yazıçı bütün ömrü boyu bu romandan ayrılmamış, onun cildlərini dəfələrlə yenidən işləyib genişləndirmiş və bu romanın iri həcmi ilə fəxr etmişdir.
“Şamo”nun birinci variantı 1931-ci ildə üç min tirajla çap olundu. Bu əsər cəmi 118 səhifə idi. Romanın ikinci variantı doqquz il sonra, 1940-cı ildə 502 səhifə həcmində çapdan çıxdı. Yazıçıda mövzuya daha dərindən yanaşmaq qənaəti, görünür ümumittifaq ədəbi prosesi ilə yaxından tanışlıqdan sonra yaranmışdı. Böyük Vətən Müharibəsinə qədər vətəndaş müharibəsi və fəhlə-kəndli inqilabı mövzusu sovet ədəbiyyatında ən qiymətli sayılır, marksist və rəsmi ədəbi tənqid tərəfindən də yüksək qiymətləndirilirdi. Bunları görən yazıçı “Şamo” mövzusunu davam etdirib genişləndirməyə qərar verir.
Romanın ən mükəmməl variantı 1952-ci ildə “Azərnəşr”də çıxan birinci cildin variantı sayıla bilər. 562 səhifə həcmində olan bu variant 1931-ci və 1940-cı ildəki variantlarından fərqlənir və artıq yeni plan əsasında yaradıldığı hiss olunurdu. Burada yazıçı 1931-ci il variantından ancaq müxtəsər plan kimi istifadə edir, oradakı epizodları genişləndirib epik təsvirlərə çevirməyə başlayır. Bu zaman o artıq sovet ədəbiyyatının bu mövzudakı ənənələrini də öyrənmişdi, hansı epizod və obrazlara, süjet budaqlarına üstünlük vermək lazım olduğunu daha yaxşı bilirdi.
1953-cü ildə “Şamo”nun mükəmməl variantının ikinci cildi görünməmiş epik həcmdə - 646 səhifə həcmində çap olundu. Lakin yazıçı bununla kifayətlənmədi. Əsəri əvvəldən axıradək yenidən işlədi. Nəticədə, 1955-ci ildə “Şamo”nun birinci cildi daha iri həcmdə - 748 səhifə həcmində çapdan çıxdı. 1956-cı ildə isə ikinci cildin yeni variantı “Azərnəşr”də 852 səhifə həcmində çapdan çıxdı. Bu, həcm rekordu idi.
Beləliklə, “Şamo” romanının birinci və ikinci cildləri 1959-cu ildə tamamlandı. Epopeyanın üçüncü cildi 1964-cü ildə yenə rekord həcmdə çap edildi: üçüncü cild 827 səhifə həcmində idi. Sonuncu cild isə bundan 24 il sonra - 1978-ci ildə 516 səhifə həcmində çap olundu. Yazıçı artıq qocalmışdı və onun 78 yaşı vardı. Dörd cildlik romanın ümumi səhifə həcmi 3000 səhifədən çox idi. Bəzi nəşrlərdə əsər beş cilddə çap edilir, amma bu şərtidir, romanı dörd cilddən ibarət saymaq lazımdır.
Təxminən sovetləşməyə qədər olan dövrü əhatə edən dörd cildlik əsərin əsas qəhrəmanı Şamo Zəngəzurda böyümüş tərəkəmə kəndlisinin oğludur. Əsərin əvvəlində o, avam, savadsız, dünyadan bixəbər bir çobandır. Sosialist realizminin əsas tələblərindən biri də məhz inqilabi-tarixi mövzuları qələmə alarkən kasıb, sadəlövh kəndlilərin dünyadan və inqilabdan başı çıxan mübariz bir bolşevikə çevrilməsini göstərmək idi. Şamo da məhz belə bir qəhrəmandır. O, əhalisi heyvandarlıqla məşğul olan dağ kəndindən çıxmışdır. Tarixdən də məlumdur ki, məhz belə kəndlər sovetləşməyə, sonra isə kolxozların təşkilinə ən kəskin müqavimət göstərirdilər. Tərəkəmələr çölçü əhali idi, qədim adət-ənənə ilə yaşamağa vərdiş etmiş və tam əksəriyyəti də savadsız idi. Lakin bu dağ camaatı məğrur və döyüşkən idi. Kolxoz qurulan zaman məhz bu dağlarda geniş qaçaqçılıq hərəkatı olmuş, sovet orqanları onlara qarşı Böyük Vətən Müharibəsinə qədər mübarizə aparmalı olmuşlar. Lakin Zəngəzur və Qubadlı dağlarındakı bu hadisələr yazıçının nəsr əsərlərində çox epizodik yer tutur.
Süleyman Rəhimovun yazıçı kimi ən qüvvətli cəhəti onun əsərlərinin canlı, konkret həyat materialı, insan xarakterləri ilə zəngin olması, xalq dilini yaxşı bilməsi idi. Üç cildlik “Saçlı”, “Aynalı”, “Ana abidəsi”, “Uğundu” kimi iri həcmli əsərləri bunu əyani şəkildə sübut edir. Yazıçının əksər iri romanları onun yaxşı bildiyi kənd həyatı materialı əsasında qələmə alınmışdır. Məsələn, “Saçlı” romanı da belədir, əsərin əsasında sosialist realizmi üçün səciyyəvi süjet durur: kəndə müəllimliyə gedən Rüxsarə kəndi dəyişdirən bir qəhrəman kimi təqdim olunur. Halbuki, dağ kəndlərinin əhalisi çölçü idi və qadınlar orada heç zaman inqilabi-dəyişdirici qüvvə olmamışlar. Burada yazıçı sadəcə olaraq ictimai sifarişi icra etmişdi.
Folklor süjetləri əsasında yazdığı əsərlər də yazıçının yaradıcılığında mühüm yer tutur. Zəngəzurun yuxarı dağ kəndləri əhalisinin qədim və zəngin folkloru vardı. Bu folklorda həm türk, həm də kürd tərəkəmə əhalisinin nağıl və əfsanələri, mifik süjetləri qaynayıb qarışmışdı. Çox qədimlərdən burada yaşayan, amma yazılı ənənəsi olmayan bu əhali öz yaddaşını və tarixi təcrübəsini nəsildən-nəslə şifahi keçən süjetlər şəklinə salmışdı. Süleyman Rəhimov bu süjetləri bilir, sevir, yüksək dəyərləndirir və yaradıcılığa başladığı ilk dövrlərdən onlardan istifadə edirdi.
Yazıçı “Şamo”nin ilk iki variantını çap etdirəndən sonra buraxdığı üçüncü kitab el qəhrəmanı Qaçaq Nəbiyə həsr olunmuş “Aynalı” povesti idi. 1942-ci ildə çıxan bu balaca kitabça cəmi 52 səhifə idi. Amma yazıçı qırxıncı illərdə Nəbi ilə bağlı şifahi və yazılı sənədləri toplayıb ayrıca kitabça şəklində dərc etdirmişdi. Lakin Nəbi haqqında müstəqil epopeya olan üç kitablıq “Qafqaz qartalı” romanının birinci cildi 1971-ci, ikinci 1973-cü, üçüncü cildi isə 1975-ci ildə çapdan çıxdı. Süleyman Rəhimov bu əsərə bütün Zaqafqaziyanın siyasi həyatını əhatə edən geniş bir roman xarakteri verdi, burada yaşayan xalqların dostluğunu, bu dostluğun sinfi həmrəyliyə əsaslanmasını tərənnüm etdi.
Qaçaq Nəbi Süleyman Rəhimovun özünün mənsub olduğu Zəngəzur dağlarının oğlu idi və yazıçı onun əfsanəvi igidliyini əbədiləşdirməyə çalışırdı. Əsərdə bir tərəfdən xalq fonu, o biri tərəfdən qaçaqlıq hərəkatı səhnələri, digər tərəfdən isə Qafqaz canişinliyinin dəftərxana həyatı əhatəli şəkildə qələmə alınır. Yazıçının Nəbinin igidliyinə münasibəti daha çox romantik boyalarla verilir və onun xalq kökləri ön plana çəkilir.
1930-cu illərin ortalarından tanınan partiya və ədəbiyyat funksionerinə çevrilən Süleyman Rəhimov öz diqqətini ən çox partiyanın tələb etdiyi inqilabi keçmişə yönəldirdi. Üç cilddən ibarət olan “Qafqaz qartalı” romanı da xalq qəhrəmanı Qaçaq Nəbiyə, onun hərəkatına həsr edilmişdir. Əsərdə inqilab ideologiyasının təsiri hiss olunur. Lakin bütövlükdə “Qafqaz qartalı” romanı yazıçının Nəbi haqqında bildiyi el süjetlərinin romantik sərbəstliyi ilə seçilir.
Nəbi çar müstəmləkə rejiminə qarşı mübarizə aparmış bir şəxsiyyət idi. Lakin Süleyman Rəhimov öz əmisi Allahverdi kişinin dostu olmuş Qaçaq Nəbi barədə topladığı geniş materialı da sərbəst işləmiş, bu hərəkatda hakim siniflərə və istismara qarşı xalq qiyamı xüsusiyyətlərini qabartmağa çalışmışdır. Əsərin bir çox yerlərində Nəbi inqilabçı marksist kimi danışır, bəzən bolşeviki xatırladır. Sovet vaxtında isə belə halları qüsur yox, məziyyət hesab edirdilər. O zamankı rəsmi tənqid hətta inqilabi mövzulu əsərlərdə Azərbaycan Demokratik Cümhuriyyətinə belə sinfi baxımdan yanaşmağı, xalqın qurduğu müstəqil dövləti istismarçı siniflərin sayaraq tənqid etməyi tələb edirdi. “Şamo” romanında da belə meyllər az deyil.
“Məhtaban” povesti Süleyman Rəhimovun folklor süjetləri əsasında yazdığı əsərlərin ən yaxşılarından biridir. Bu əsər yazıçının 1970-ci illərdə sosialist realizmi qəliblərindən çıxmaq, ümumbəşəri mövzulara toxunmaq cəhdlərinin nəticəsi idi. Yazıçı 1920-30-cu illər bolşevikinin həyatını yazmış və yolunu keçmişdi. Amma Stalinin ölümündən sonra SSRİ-də yaradılmış klassik marksist rejim tədricən dəyişmişdi. Yazıçı da şübhəsiz ki, bu dəyişiklikləri görür, müşahidə edirdi. Rəhbər xadimlər, böyük partiya liderləri bolşevik əxlaqını rədd edir, dəbdəbəli yaşayır, şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutur, tamahkarlığa, şəxsi ambisiyalara, dostbazlığa və yerlibazlığa yuvarlanırdılar. Stalinin dövründə isə belə hallar ağlasığmaz idi. Bu proseslər köhnə bolşeviklərə təsir göstərir, onlar dəyişən zəmanəyə reaksiya verməyə çalışırdılar.
Yazıçının “Məhtaban” povesti də belə əsərlərdən biri idi. Əsərdə 70 yaşlı Ərdəhan xanı Məmalik xan yeganə qızı Ərməğanı ərə verəndən, əzazil arvadı Sərəncamı dəfn edəndən sonra tənha qalır və təzədən evlənməyi qərara alır. Xanın gözü pəhləvan Məhəmmədin yetim qızı Məhtabana düşür.
Xan bir gün paltar-palazını göldə yumağa aparan Məhtabanı görür. Məhtaban köhnə əyin-başını yuyub iydə kollarının üstünə atır. Sonra gölə düşərək üzməyə başlayır. Qoca xan pusqudan qıza tamaşa edir, xəyalı qanadlanır və onu özünə gəlin edəcəyinə qəti qərar verir.
Həmin gündən Məhtabanın ağ mərmər heykəli xanın gözləri önündən getmir, xan neçə gün, neçə gecə öz-özü ilə mübarizə aparır, bəzən tərəddüd edir. Amma yoldan dönüb qayıda bilmir. Xan “Bəlkə Xudanın qisməti belədir”- deyə gecənin bir aləmində imarətindən çıxıb pəhləvan Məhəmmədin uçulub-tökülən daxmasına yollanır. Xan qapıya çatıb komanın içini dinləyir. Məhtaban mışıl-mışıl yatırdı. Xan qapını astaca açıb içəri girir. Qoca xan dizləri üstə düşərək başını əyib ağ saqqalını qızın bədirlənən üzünə söykəyir. Bir azdan Məhtaban insan nəfəsi duyur və qalxıb oturur. Hər ikisi heyrət içində dayanır. “Bir Xuda bilir ki, mən eşqimə əsir düşmüşəm” - deyib, yerindən qalxıb Məhtabanın saçlarını tumarlayır, alnından öpür və çıxıb gedir.
Məhtaban kasıb ailədəndir, amma onun atası pəhləvan Məhəmməd on il əvvəl sərdari-milli Səttarxanın dəstələrinə qoşulmuş, bir mücahid, bir azadi kimi Qacar qoşunlarına qarşı döyüşlərdə unudulmaz şöhrət qazanmışdı. O, qızına var-dövlət qoymasa da, vüqarlı bir ad qoyub getmişdi. Qız kasıb, amma dedikcə qürurlu böyümüşdü, öz nəslinə qiymət qoyurdu.
Səhər acılar-açılmaz Məhtaban xanın imarətinə yollanır. Xanı intizarda dayanan görüncə, qızın qəlbində mərhəmət baş qaldırır. Bu təsvirlərində, xüsusilə qocanın təsvirində yazıçı artıq nağıl məntiqinə keçir. Lakin Məhtabanın davranışı daha çox realist məntiqlə verilir. Məhtaban istəmir ki, Qoca xanın onların daxmasına gəlişi barədə qohum-qonşu bir söz bilib eşitsin, pəhləvan Məhəmmədin qızının adına pis şayiələr deyilsin.
Qoca xan Məhtabanın əlindən tutub imarətin həyətinə keçirir. Günlər keçir, Məhtaban cınqırını çıxarmır, imarətdən də getmir, gəldiyi yollara həsrətlə baxır. Qoca Məhtabana toxunmur, onun xidmətində dayanır. Qocanın için-için ağlamağı qızı lap çaşdırır. Qoca xan bir gün Məhtabandan xəbərsiz Axundu evinə çağırıb, Məhtabanın kəbinini kəsdirir.
Bu xəbər tez bir zamanda qoca xanın qızı Ərməğanın əri Həlaku xana çatır. O, bu xəbərə gülür, Ərməğan isə pərt olur. O, atasına namə yazıb ağır xəstələndiyini, yanına gəlməyini təvəqqe edir.
Məmalik xan qızının onu nə üçün çağırdığını anlayır. Məhtaban da istəmirdi ki, ata ilə qızı arasında nifaq olsun. Xan Məhtabanın təkidi ilə atlanaraq on nəfər süvarisi ilə Həlakuların imarətinə yollanır. Məmalik xan qızı ilə görüşəndə Ərməğan hıçqıra-hıçqıra ağlayır. Sonra atasından tələb edir ki, pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanı anasının evindən rədd etsin. Məmalik xan Məhtabanla kəbin kəsdirdiyini desə də, köməyi olmur, qızı təkid edir. Nəticədə Məmalik xan küsür, çörəyə oturmadan Həlakular imarətini tərk edir.
Artıq ikicanlı olan Məhtaban ərini qəzəbli görüb özünü qınayır, qoca isə onun üstündə əsirdi. Məhtabanın oğlu dünyaya gəlir.
Yetmiş yaşlı Məmalikin oğlu barədə xəbər hər yana yayılıb, dədə-baba düşməni olan Həlakulara çatır. Burada əsərin təhkiyəsində yenə nağıl məntiqi ön plana keçir. Qoca Həlaku xan narahat olur, düşünür ki, uşaq babası pəhləvan Məhəmmədə oxşasa, onlardan intiqam alıb nəsillərini kəsər. Burada əsərin süjetinə şərti intiqam intriqası daxil olur. Çünki yaşlı adamların təzə doğulan uşaqdan qorxması mifoloji məntiqə daha yaxındır.
Oğlu olandan sonra qoca xanda mənəvi dəyişikliklər baş verir: onda bivarislərə, köməksizlərə mərhəmət hissləri özünü göstərir. O, oğulsuz qocaları, ərsiz qarıları çoxdan qalan vergilərdən azad etmək üçün fərman verir, zülmkar məmurlardan bir neçəsini isə xidmətdən uzaqlaşdırır. Məmalik xan Ərdahan obalarının abadlıq işinə başlayır. Ərdahanda çox adam körpənin təvəllüdünə şad olur, ağır vergilərdən azad olanlar əllərini göyə qaldırıb körpənin ömrünə dua edirlər.
Həlaku xan isə baş verənlərə yalquzaq kimi kənardan göz qoyur. Öz əlaltılarını xəlvəti Məmalik xanın mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahatlardan xəbərdar olmaq istəyirdi. Həlaku xan bu qərara gəlir ki, öz qohumunun həyatına açıq-açığına müdaxilə etməsin, Məmalikin qızı Ərməğandan istifadə etsin. O, bilirdi ki, Ərməğan atasının əlindən zəncir çeynəyir. Həlaku xan əmr edir ki, gərək hamılıqla qohumumuzgilə gedək, kişinin oğul varisini ziyarət və təbrik edək.
Çapar Məmalik xana xəbər gətirir ki, qohumlar öz əyan-əşrəfi ilə xanzadənin mübarəkdarlığına gəlirlər. Bu xəbər Məmalik xanın ovqatını qarışdırır, amma bu bəd xəbəri xanımından gizlətmir. Məhtaban Ərməğanın gəlişinə razı olmasa da, ərini qınayır, xeyli söz-söhbətdən sonra onlar istər-istəməz həlakuları qarşılamalı olurlar. Bir qədərdən sonra qonaqlar gəlib çıxır. Onlar atlarından düşüncə, Məmalik xan qohumlarının qarşısına çıxır. Hər iki qoca qucaqlaşır. Ərməğan xanım ata bir, ana ayrı qardaşının örtüyünü götürür, onun məsum üzünü süzür. Sonra Ərməğan xanım Məhtabanın boynunu qucaqlayır.
Povestdə xanın doğma qızı əsas mənfi qəhrəmandır. Onun mənfiliyi də nağıl məntiqinə əsaslanır. O barışmaz və kinlidir, başqalarının azadlığına, hüquqlarına məhəl qoymur. Əvvəlcə Ərməğan xanım ustalıqla məkrə keçib özünü möminə xatun kimi göstərməyə başlayır. Qurana and içib, atasının izdivacına, qardaş təvəllüdünə qəlbən şad olduğunu bəyan edir. Amma Ərməğan sərvət düşkünüdür, atasının var-dövlətinin yeganə varisi olmaq üçün hər iyrəncliyə hazırdır.
Ev sahiblərinin qılığına girən ilan Ərməğan Məmalikin sərvətlə dolu imarətində gəzib dolanır, gizlənmir, gündən-günə özünə etibar qazanırdı. Bir gün qoca ata da, cavan ana da körpəni tamam unudur, onu bacısının himayəsinə buraxıb öz işləri ilə məşğul olurlar. Ərməğan fürsətdən istifadə edir. Öz doğma qardaşının əmgəyinə iynə yeridib onu öldürür. Mənfi qəhrəmanın bu hərəkətində qocaman yazıçının siyasi çəkişmələrə və mübarizələrə nifrəti öz əksini tapır. Yazıçı bilir və göstərir ki, dünya nifaqının arxasında mütləq maddi tamahlar və istəklər durur. Məhz dünya malına tamahkarlıq insanları vəhşiyə, qardaş qatilinə çevirən bir səbəbdir. “Məhtaban” povestində yazıçının siyasi həyata, rütbə sahiblərinə mənfi münasibəti öz əksini tapır.
Əsərin məna yükü Məhtaban obrazına bağlıdır. O, gözütox, əxlaqi dəyərlərə söykənən azadlığın rəmzidir. Bu hadisədən sonra atası son gücünü toplayıb qatil qızını öz mülkündən çıxarır. Amma Məhtaban daha sərvət hərisliyinə, qaniçən bir qəddarlığa söykənən bu evdə qalmaq istəmir. O, xanla olan nikah kağızını cırıb atır, qoca xanın evində geydiyi bütün paltarları soyunub atasının daxmasında olanda geydiyi köhnə paltarlarını geyinir və atasından qalma silahla silahlanıb Təbriz inqilabçılarına, Şeyx Məhəmməd Xiyabani hərəkatına qoşulmağa gedir. Yazıçı yenə üsyankar mübarizəni, qiyamçılığı və inqilabçılığı seçir. Məhtaban oğlunun qəbri üstündə bu yoldan dönməməyə and içir.
“Məhtəban” əsərində Süleyman Rəhimov sanki yeni bir inqilabın zəruriliyi ideyasına gəlib çıxır. Müəllif bu inqilabın real yolunu görmür, amma fəhmlə onun vacib və bəlkə də qaçılmaz olduğunu hiss edirdi.
Povestdə yazıçının ustalığı tarixi həqiqətlə nağıl məntiqini əlaqələndirərək faciəli bir süjet əsasında sovet cəmiyyətində, kommunist partiyasının yuxarı dairələrində gedən didişmələrin, rütbə və sərvət davalarının amansızlığını göstərə bilməsindədir. Əsərdə qoca xanın öz ata mülkündə həyata keçirdiyi yeniliklər 1960-cı illərdə Stalin tərəfdarları ilə reforma(islahat) tərəfdarları arasındakı mübarizələri xatırladır.
Dostları ilə paylaş: |