Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 68,35 Kb.
səhifə3/3
tarix29.12.2021
ölçüsü68,35 Kb.
#48452
1   2   3
zeynalov mehemmed az er munaqise

Ermənilərin DQMV müddəaları

Bu dövr ərzində respublika rəhbərliyi bölgənin iqtisadi inkişafını təmin edəcək bütün işləri görmüşdü. Vilayətin digər regionlarla kommunikasiya əlaqələri xeyli yaxşılaşdırılmışdı. Eyni zamanda Qarabağda azərbaycanlıların məskunlaşması istiqamətində tədbirlər planı həyat keçirilirdi. Bütün bu görülən işlərin başlıca məqsədi Dağlıq Qarabağ ermənilərinin Ermənistana meyillilik əmsalını mümkün qədər aşağı salmaq, onların Bakıdan asılılığını təmin etməkdən ibarət idi. Heydər Əliyev buna nail olmuşdu və bunun nəticəsi idi ki, ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi "zərurətini" əsaslandırmaq üçün heç bir arqument tapa bilmirdilər. Heydər Əliyev özü həmin dövrü belə xatırlayırdı: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman - bunu açıq demək lazımdır - biz Dağlıq Qarabağa daha çox iqtisadi cəhətdən şərait yaradırdıq, onların iqtisadiyyatının inkişaf etməsinə üstünlük verirdik. Çünki daim məsələ qalxırdı ki, guya Dağlıq Qarabağı Azərbaycanda sıxışdırırlar və ermənilər Dağlıq Qarabağda inkişaf edə bilmir. Azərbaycanın bütövlüyünü saxlamaq, bütün ərazisini qorumaq üçün biz o vaxtlar, yenə də deyirəm, Dağlıq Qarabağa daha da çox diqqət yetirirdik. Doğrudur, sonra bəzi diletant adamlar məni günahlandırırdılar ki, bunu nə üçün edirdim. Mən bu gün də deyirəm, edirdim. Edirdim, ona görə ki, birincisi, Dağlıq Qarabağı azərbaycanlılarla da məskunlaşdırmaq lazım idi, ikincisi, ermənilərə imkan verməyək ki, bu məsələni qaldırmasınlar.

Sonra məsələ tərsinə oldu. Bu münaqişə başlanandan sonra mətbuatda, SSRİ mətbuatında məni yenə də günahlandırırdılar ki, Azərbaycana rəhbərlik etdiyim zaman guya erməniləri sıxışdırmışam, oradakı demoqrafik vəziyyəti dəyişdirmişəm, ermənilərin oradan çıxması üçün müəyyən tədbirlər görmüşəm və ermənilər Dağlıq Qarabağda da azalıblar. Bunu ermənilər deyirdilər və hətta o vaxtlar bu məsələlər SSRİ Ali Sovetinin sessiyasında müzakirə olunanda onların nümayəndələri, hətta Ermənistan Elmlər Akademiyasının prezidenti Ambarsumyan - biz vaxtilə onu Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü seçmişdik, o cümlədən dostluğu möhkəmləndirmək üçün Gürcüstan Elmlər Akademiyasının üzvü seçilmişdi - mənim adımı çəkirdi. O söz indiyə qədər yadımdadır ki, Heydər Əliyev Dağlıq Qarabağı, Azərbaycanı ardıcıl surətdə ermənilərdən təmizləmişdir. Mən buna təəccüb etmirdim, amma ona təəccüb edirdim ki, o vaxt Azərbaycanda çoxları yenə də Əliyevi günahlandırır və həmin o sözlərlə razılaşırdılar: bəli, Heydər Əliyev Dağlıq Qarabağa pis münasibət göstərir. Ona görə də indi ermənilər Dağlıq Qarabağı Ermənistana bağlamaq istəyirlər".

Nəhayət, "böyük Ermənistan" xəyalpərəstləri taktikanı və hədəfləri dəyişmək qərarına gəldilər. Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçyan sonralar bu barədə danışarkən deyirdi: "XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam olmuşdur. Atatürk və Heydər Əliyev. Onlardan biri sağdır. Bilin, nə qədər ki, o sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri". (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası, “Ermenistan – Azərbaycan münaqişəsi”, Bakı – 2017. (səh. 13))

Beləliklə, ermənilər arsenallarında olan bütün mübarizə vasitələrini Heydər Əliyevi aradan götürməyə yönəltdilər. Moskvadakı havadarlarının himayəsi altında öz mənfur məqsədlərinə nail olmaqdan ötrü ermənilər müxtəlif vasitələrə əl atır, SSRİ-nin ən nüfuzlu rəhbərlərini ələ almağa çalışır, bunun üçün hətta kimlərəsə maliyyə dəstəyi verməkdən belə çəkinmirdilər. Bütün təzyiqlərə və müqavimətlərə baxmayaraq, Heydər Əliyev Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll edilməsinin qarşısını almağa müvəffəq oldu. Vilayət iqtisadi və siyasi baxımdan olduqca ciddi şəkildə Bakıdan asılı vəziyyətə salınmışdı. Sonralar, 1988-ci ildə DQMV-nin Ermənistana birləşdirilməsi məsələsi yenidən ictimai gündəmə çıxarılarkən məhz bu addımlarına görə Heydər Əliyev erməni təbliğat şəbəkəsinin və onun Moskvadakı himayədarlarının ittihamlarına məruz qaldı. Onu Qarabağ ərazisini ermənilərdən təmizləməkdə, vilayətdə ayrıseçkilik siyasəti yürütməkdə ittiham etdilər. Ən ağrılısı odur ki, bu çoxşaxəli prosesin iştirakçıları sırasında bəzi azərbaycanlıların da adları var idi.

Heydər Əliyevə qarşı müqavimət göstərə bilməyən və onun həyata keçirdiyi tədbirlərin qarşısını almaqda aciz görünən ermənilər isə öz niyyətlərindən əl çəkmək fikrində deyildilər. 1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə gətirilməsi erməniləri daha mütəşəkkil fəaliyyətə təhrik etdi. Siyasətdə Heydər Əliyev faktorunun mövcudluğu Qarabağın Ermənistana birləşdirilməsi ideyasının iflası demək idi və elə buna görə də ermənilər çox geniş spektrli "antiəliyevçilik" təbliğatına başladılar.

1985-ci ildə Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. M. Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılar və bu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırılması məhz bu cəhdlərin məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Ermənilərin Qarabağ iştahasının qarşısında dayanan əsas maneə aradan götürülmüşdü, planın qalan hissəsinin həyata keçirilməsi texniki xarakter daşıyırdı.

1988-ci ildə ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışan və sonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Proseslər o dərəcədə sürətlə cərəyan edirdi ki, azərbaycanlılar nə ermənilərin brilyant sovqatı müqabilində Qorbaçovun hadisələrə biganəliyinin, böyük bir ərazinin respublikanın nəzarətindən faktiki olaraq çıxarılmasının, nə də hakimiyyətin etinasız və səriştəsiz siyasətinin məntiqini başa düşməyə imkan tapa bildilər. Konfliktin coğrafiyası isə günü-gündən genişlənirdi. 1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, faktiki, Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və bu baxımdan Azərbaycandakı kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində deyildi.

Şübhəsiz ki, ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində məhz kənar qüvvələrin dəstəyi daha böyük rol oynamışdır. Bu mənada o vaxtkı SSRİ rəhbərliyinin səyləri xüsusilə qabarıq şəkildə nəzərə çarpırdı. 1990-cı ildə Sovet ordusunun Bakıda keçirdiyi əməliyyatlar bunu bir daha təsdiqlədi. Dağlıq Qarabağın Ermənistana ilhaqına etiraz əlaməti olaraq keçirilən mitinqlər sovet əsgərlərinin güllələri ilə yatırıldı. Bu hərbi akt zamanı yüzlərlə azərbaycanlı qətlə yetirildi, minə yaxın insan itkin düşdü. Şəhərdə bir neçə ay davam edən fövqəladə vəziyyət rejimi elan olundu. Bütün bunlar Azərbaycan xalqının mübarizlik əzmini qırmaq, onun azadlıq ideyalarına inancını sarsıtmaq və Qarabağın Ermənistana ilhaqı prosesinə yardım göstərmək məqsədi daşıyırdı.

1991-ci ilin fevral ayında Azərbaycan Ali Sovetinin sessiyasında Heydər Əliyev hamını bu adi gerçəkliyi etiraf etməyə çağırırdı: "Hesab edirəm ki, "Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması" - məsələnin dar çərçivədə qoyulması deməkdir. "Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması" - məsələ belə qoyulmalıdır. Biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq". Bu, təkcə parlamentdə aparılan müzakirələrin istiqamətinə etiraz əlaməti deyildi. Heydər Əliyev cəmiyyəti mövcud reallıqlardan xəbərdar etməyə çalışırdı. Həmin reallıq isə bundan ibarət idi ki, Azərbaycan hakimiyyətinin siyasi laqeydliyi ucbatından Qarabağ itirilib və bu reallığı anlamaq, bütün perspektiv fəaliyyəti onun dəyişdirilməsinə hesablamaq lazımdır. Heydər Əliyev həmin sessiyada deyirdi: "Biz gərək təhlil edək: nə cür oldu ki, Dağlıq Qarabağı əldən verdik!" Kifayət qədər maraqlı və haqlı sual idi. Amma şübhəsiz ki, A. Mütəllibovun rəhbərlik etdiyi siyasi komanda bu sualın cavabının araşdırılmasında maraqlı ola bilməzdi.

Cəbhə bölgəsində hərbi əməliyyatların geniş miqyas almağa başladığı bu dövrdə ermənilər Naxçıvanı ələ keçirmək üçün müxtəlif planlar hazırlamağa başladılar. Lakin bu planların həyata keçirilməsi mümkün olmadı. 1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana gəldi. Muxtar respublikada vəziyyət həddindən artıq gərgin idi. İqtisadi blokadanın ağır şərtləri altında yaşamağa məhkum edilmiş naxçıvanlılar bu qayıdışın talelərində böyük dönüş nöqtəsi olduğuna inanırdılar. Çox qısa vaxt ərzində və məhdud imkanlar çərçivəsində Heydər Əliyev Naxçıvanda ciddi dəyişikliklər etməyə müvəffəq oldu. Naxçıvan MSSR Ali Sovetinə deputat seçildikdən dərhal sonra məhz onun təşəbbüsü ilə muxtar respublikanın adındakı SSR sözü götürüldü. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul edildi. 1991-ci il sentyabr ayının 3-də isə Naxçıvan Ali Məclisi Heydər Əlirza oğlu Əliyevin Ali Məclisin sədri seçilməsi haqqında qərar qəbul etdi. Muxtar respublikanın yeni rəhbəri iqtisadi problemlərin həllinə diqqət yetirməklə yanaşı, həm də Ermənistanla sərhəddə gedən qanlı döyüşləri səngitmək missiyasını yerinə yetirdi. Heydər Əliyevin gəlişi ermənilərin Naxçıvan istiqamətində hərbi əməliyyatlara başlamaq planını təxirə salmağa vadar etdi.

1992-ci ildən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişləndi və respublikanın rayonları bir-birinin ardınca işğal edilməyə başlandı. 1992-ci ildə Xocalıda həyata keçirilən dəhşətli soyqırımı aktı erməni vəhşiliyinin miqyasını aydın təsəvvür etməyə imkan verir. Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə reallaşdırılan bu terror əməliyyatında 613 nəfər azərbaycanlı qətlə yetirildi. Xocalı faciəsi zamanı öldürülənlərdən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri qadın olmuşdur. 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür ki, onların da böyük bir hissəsi qocalar, qadınlar və uşaqlar olmuşdur, 8 ailə bütövlükdə məhv edilmişdi. Xocalı ermənilərin azərbaycanlılara qarşı apardığı çoxəsrlik düşmənçilik münasibətinin ən bariz nümunələrindən biri kimi tarixə həkk olundu. Lakin etiraf etmək lazımdır ki, bu faciənin baş verməsində o vaxtkı hakimiyyətin də üzərinə böyük mənəvi və siyasi məsuliyyət düşür. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası, “Ermenistan – Azərbaycan münaqişəsi”, Bakı – 2017. (səh. 19))

1992-ci ilin mayında Şuşa erməni qəsbkarları tərəfindən işğal edildi. Şuşanın işğalı ilə faktiki olaraq bütün Yuxarı Qarabağ ermənilərin nəzarəti altına keçdi. Şəhərin geostrateji əhəmiyyətini nəzərə alsaq, bu hadisə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanın ən böyük məğlubiyyəti idi. Şuşa elə bir mövqedə yerləşirdi ki, onu hətta az qüvvə ilə belə müdafiə etmək mümkün idi. Lakin Azərbaycanda mövcud olan hərc-mərclik və anarxiya, silahlı qüvvələrin vahid mərkəzdən idarə olunmaması, nizami ordunun yoxluğu bu məğlubiyyəti stimullaşdıran əsas faktorlardan biri idi. Şuşa Azərbaycanın həm də qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınırdı. Onun itirilməsi xalqın mənəvi-psixoloji mübarizə ruhunu da sarsıtmış oldu. Erməni işğalçılarının keçirdiyi hərbi əməliyyatların miqyası bu şəhərin işğalından sonra daha da genişləndi və cəmi bir neçə gün sonra, may ayının 17-18-də Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ bölgəsi arasında yerləşən Laçın düşmən əlinə keçdi.

Laçının işğalı bir neçə mühüm məqama görə Azərbaycan üçün ciddi zərbə idi. Birinci məqam bundan ibarətdir ki, sözügedən rayonun işğalı müharibənin Dağlıq Qarabağın sərhədlərindən kənara çıxdığını göstərdi. Bu, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinin "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun təmin olunmasına deyil, məhz "böyük Ermənistan" mifologiyasına xidmət etdiyini təsdiqləyirdi. Qeyd edək ki, ermənilər hərbi əməliyyatların ilkin mərhələsində məqsədlərinin yalnız Dağlıq Qarabağı azad etmək olduğunu iddia edirdilər. Laçının ələ keçirilməsi bu iddiaların heç bir məntiqə əsaslanmadığını və Ermənistanın işğalçılıq niyyətinin daha geniş sərhədləri əhatə etdiyini ortaya qoyurdu.

1992-ci ilin yayında Azərbaycan cəbhə bölgəsində, xüsusilə də Gülüstan və Ağdərə istiqamətlərində uğurlu hərbi əməliyyatlar keçirməyə müvəffəq olsa da, bu proses sona qədər davam etmədi. Ölkə daxilində hakimiyyət çəkişmələri və iqtidarın səriştəsizliyi yeni məğlubiyyətlər üçün stimul yaratmış oldu. 1993-cü ilin aprelində Dağlıq Qarabağın ərazisindən kənarda yerləşən Kəlbəcər işğal edildi. Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ilk qətnaməsini qəbul etdi. Lakin bu qətnamədə nəzərdə tutulan tədbirlər bu günə qədər yerinə yetirilməmiş qalmaqdadır.

1993-cü ilin oktyabrında ermənilər Azərbaycanın Zəngilan rayonunu işğal etdilər və bu, Ermənistan ordusunun cəbhə bölgəsində sonuncu işğalçılıq əməliyyatı oldu. Çünki Heydər Əliyevin hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişmişdi və cəmi bir neçə aydan sonra ölkədə güclü hakimiyyətin mövcudluğu nəzərə çarpmağa başladı. Heydər Əliyevin Zəngilanın işğalından sonra ölkə vətəndaşlarına məşhur müraciəti isə Azərbaycanın ordu quruculuğu tarixinin başlanğıcı oldu. Bu müraciət on minlərlə insanın cəbhəyə könüllü hərbi xidmətə yollanması ilə nəticələndi. Çox qısa vaxt ərzində ordu vahid komandanlığa tabe etdirildi, hərbi sahədə mühüm islahatlar aparıldı və bütün bunlar ictimai-siyasi sabitliyin yaradılması prosesi ilə paralel şəkildə həyata keçirilirdi.

Bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin alovlanması da bütün regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi maneələr yaradırdı. SSRİ-nin süqutu ilə daha gərgin xarakter alan bu problemin beynəlxalq müzakirə mövzusuna çevrilməsi onun həll edilməsi imkanlarını bir qədər də çətinləşdirdi.



Heydər Əliyev müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi ilk növbədə beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini bu işğal faktının əsl səbəblərinə yönəltməyə nail ola bildi. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası, “Ermenistan – Azərbaycan münaqişəsi”, Bakı – 2017. (səh. 20))

Ədəbiyyat siyahısı

  1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası, “Ermenistan – Azərbaycan münaqişəsi”, Bakı – 2017.

  2. https://youthfoundation.az/about-us/az%C9%99rbaycan/erm%C9%99nistan-az%C9%99rbaycan-dagliq-qarabag-munaqis%C9%99si/

  3. https://files.preslib.az/projects/azerbaijan/gl8.pdf

Yüklə 68,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin