Kasıblıq, azar [124, 156]
Çağladı könlümün eşqi, həvəsi [124, 193]
Görkəmli şairimiz N.Xəzri poeziyasından gətirdiyimiz bu nümunələrdə arzu-məhəbbət;qəm-təlaş;söz-ah;boya- riya; isti-rahət; parlamaq-uçmaq; şaxələnmək-yaşatmaq; ulduz-çıraq; kasıblıq-azar; eşq-həvəs sözləri kontekstdən kənarda sinonim deyil. Lakin şair misra daxilində hər hansı bir fikri, vəziyyəti daha dərin, inandırıcı, hərtərəfli, ifadəli şəkildə təsvir etmək üçün bu sözləri sinonimləşdirmişdir. Bu da bədii dildə sinonimlərin situativ sinonimlər sayəsində artmasını bir daha sübut edir.
Bədii dildə sinonimik cərgədən bir neçə sinonim sözün seçilib işlənməsinə də təsadüf edilir. Bu zaman şeirdə ifadəlilik və obrazlılıq yaratmaq funksiyası seçilən tək sinonim sözün üzərinə düşür, lakin qoşa işləndikdə isə bu funksiyanı yerinə yetirmək bir neçə sinonim arasında bölünür. Elə buna görə də sinonimik cərgədən konkret şərait üçün bir sinonimin seçilməsi çətinlik yaradır. Lakin sinonimik cərgədən iki - üç sinonimi seçib işlətməyi də hər sənətkar bacarmır. Çünki şair elə sözləri seçməlidir ki,bunlar həm semantik, həm də üslubi cəhətdən fərqlənən sinonimlər olmaqla yanaşı, eyni zamanda poeziyada birləşərək fikri qüvvətli ekspressiya ilə ifadə etsinlər.
Qeyd edək ki, sinonimlərin qoşa işlənməsi özünü müxtəlif formalarda göstərir: 1) sinonimlər qoşa işlənərək bir söz yaradır; 2) sinonimlər yanaşı işlənir.
1.Məlum olduğu kimi, ümumxalq dilində bir sıra məfhumlar sözlərin qoşa şəkildə işlənməsi ilə ifadə olunur. Bunların bir hissəsi sinonim sözlərin birləşməsi nəticəsində əmələ gəlir. Belə ki, iki yaxın mənalı söz birləşib əvvəlki mənalarından müəyyən qədər fərqlənən yeni sözlər yaradır:
Get el keşiyində dur ayıq - sayıq [123, 90]
Nə sözlü - söhbətli
Tamada vardı [124, 235].
Sən elə tanışdın
Dərd - sərimlə [124, 30]
Sonra da əl tutub dinməz - söyləməz,
Onları evlərə aparan sənsən [124, 107]
Zamanın al - əlvan çəmənlərində
Gəlirsən yuxuma boylu - buxunlu [124, 80]
Mən ehtiyac içindəykən
Var - dövlətə biganəyəm
Mən ad - sana yetişsəm də
Şan - şöhrətə biganəyəm [124, 46].
Elə ki, dost - tanış geyindi qara,
Sındı şeirimizin qolu - qanadı [124, 85].
Nümunələrdən bir daha aydın olur ki, «iki yaxın mənalı sözün – sinonimlərin qoşa işlənməsi nəticəsində bu birləşən sözlərin hər birindən müəyyən qədər fərqlənən yeni söz yaranmış olur. Bu yeni söz əvvəlki sözlərin təklikdə hər birinə nisbətən daha geniş anlayış bildirir. Deməli, sinonimlərin birləşməsi ümumxalq dilinin və ayrıca bir əsərdə yazıçı dilinin lüğətinin zənginləşməsinə gətirib çıxarır» [3, 121].
2.Sinonimlər yanaşı işləndikdə qüvvətli bədii ifadə vasitəsi yaratmaqla sənətkara rəngarəng üslubi məqsədlərə nail olmaqda kömək edir.
1)Sinonimlər poeziyada yanaşı işlənməklə mənanı qüvvətləndirməyə xidmət edir.
Budaq şaxələndi, yaşatdı səni [124, 80].
Ey varlığım, ey həyatım,
Sahildə dalğalar
coşdu, çağladı
Al qandan torpaq da
od tutdu, yandı [124, 107].
Göründüyü kimi, sinonimlərin yanaşı işlənməsi fıkrin ifadəliliyini artırmaqla yanaşı,hər iki sinonim sözdə olan incə məna çalarları birləşərək ümumi anlayışı yüksək ekspressiya ilə ifadə edir. Onu da qeyd edək ki, burada məntiqi vurğu ikinci sinonim sözün üzərinə düşdüyü üçün bu söz semantikasına görə daha mənalı və ifadəli olur.
2) Sinonimlər poeziyada yanaşı işlənməklə eyni zamanda ifadənin dəqiqləşdirilməsinə kömək edir. Məsələn;
O, bir də qalxmadı, əbədi yatdı [124, 38].
Titrətmə, qızdırma qucaqlaşaraq
Çəkib aparırdı qızı harasa
Axşam qayıtdılar pərişan, yorğun,
Onlarda dilənçi xisləti varmı? [124, 132]
Balıqlar oynaşır
Rəngbərəng, xallı... [124, 166]
Dayandım, ayağım qopmadı yerdən,
Sanki dilə gəlib kimsə danışdı [124, 193].
Bu nümunələrdə isə sinonimlər yanaşı, ardıcıl gələrək fikri daha dəqiq və aydın şəkildə ifadə etmişdir. Burada dəqiqləşdirici funksiyanı yerinə yetirən ikinci sinonim söz birincinin mənasını aydınlaşdırmaqla yanaşı, eyni zamanda konkretləşdirmişdir.
3) Bədii dildə səmərəli üslubi vasitələrdən biri də poeziyada sinonimlərin ardıcıl, sadalama yolu ilə həmcinsləşməsidir. Bu halda sənətkar böyük obrazlılıq və ifadəliliyə nail olur. Məsələn;
Dərdə, əzablara, haqsızlıqlara
Nə qəmli baxırsan
sən haqq dünyadan [124, 80]
Elə bil əsrlər dindi, danışdı
Müqəddəs məqbərə önündə yenə,
Ürəklər saflaşır, təmizlənirdi [124, 103].
Cibi boş, rütbəsiz,
Üst-başı cındır [124, 144]
Sözlər büllur kimi,
sözlər tərtəmiz [124, 208].
4) Bəzən sənətkar sinonimləri yanaşı işlədərək ifadənin emosional qüvvəsini artırmaqla bərabər şeirdə fikri yüksək hiss-həyəcanla ifadə edir:
Kəsin, yığışdırın, qurtarın, bəsdir,
Bu dil rüşvətini, söz rüşvətini [124, 120].
Bu nümunədə kəsin,yığışdırın, qurtarın, bəsdir sinonim sözləri ilə şair yaltaqlığa, ikiüzlülüyə, boş-boşuna yalan söz vəd etməyə özünün mənfi münasibətini, kəskin etirazını bildirməklə, bir daha fikrin ekspressiyasını qüvvətləndirmişdir.
5) Poeziyada sinonimlərin yanaşı işlənməsi ahəngdarlığı artırır,şeirə musiqilik və axıcılıq gətirir. Bunu ayrı-ayrı sözlərdəki səs uyuşması-alliterasiya hadisəsi qüvvətləndirir.
Rəhbərlər adıyla
Çağladıq, coşduq [123, 229].
Bu toyda, düyündə
sənsiz deyildik [124, 112].
Dövrəmi almışdı
güllər, çiçəklər [124, 77]
Bağdad üfüqləri çənli, dumanlı,
Ürəklər, diləklər ahlı, amanlı,
Gedirəm sehirli, sirli aləmdə [124, 189]
Beləliklə, müşahidələr göstərir ki, dilin müxtəlif mənbələri – polisemiya,frazeoloji birləşmələr, evfemizmlər, dialektizmlər, köhnəlmiş sözlər və arxaizmlər, alınma sözlər və poetizmlər hesabına artan sinonimik cərgələr,eyni zamanda üslubi, situativ və fərdi sinonimlər sayəsində də artaraq zənginləşir.
Dostları ilə paylaş: |